“Qızıl Kəlmə” Ədəbi Mükafatının təltifolunma mərasimi keçirilib.
Azərbaycan Milli Kitabxanasında baş tutmuş tədbiri giriş sözü ilə Vaqif Bəhmənli açıb.
O, müsabiqə barəsində tədbir iştirakçılarına məlumat verib: “2008-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” Ədəbi Mükafatı təssis olunub. İki ildən bir keçirilən müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsidir. Bu müsabiqə çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanlarının əməyini stimullaşdırmaq, müasir qələm sahiblərini geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Müsabiqənin bütün proseduru Mədəniyyət və Turizm naziri tərəfindən imzalanmış “Əsasnamə” əsasında tənzimlənir. “Qızıl Kəlmə” Ədəbi Mükafatın qaliblərini Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Çingiz Əlioğlu, Nizaməddin Şəmsizadə, Telman Vəlixanlı, Vaqif Bəhmənli, Rəşad Məcid, Vaqif Yusifli və Elnarə Akimovadan ibarət 11 nəfərlik münsiflər heyəti seçir. Mükafat nəsr, poeziya, ədəbi tənqid və publisistika, orjinaldan bədii tərcümə, uşaq ədəbiyyatı olmaqla 5 nominasiyanı üzrə təqdim olunur.
Cari ildə ənənəyə uyğun olaraq müsabiqə ümumilli lider Heydər Əliyevin 92 illiyi ərəfəsində elan edilmiş, 20 aprel tarixində əsər qəbulu başa çatmışdır. Müsabiqəyə 61 əsər qatılıb”.
Daha sonra çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev “Qızıl Kəlmə” Ədəbi Mükafatı haqqında fikirlərini bölüşüb. O, mükafatın əhəmiyyətindən danışıb: ““Qızıl Kəlmə” mükafatının nominasiyaları o sahələri daha çox əhatə etməlidir ki, ədəbiyyatın həmin sahələrində daha geniş tədqiqata ehtiyac var. Oxucu tələbatı, seçilən əsərlərin sonradan Azərbaycan ədəbiyyatında təsiri nəzərə alınmalıdır. Burada bizim üçün önəmli olan odur ki, ədəbiyyatın bütün istiqamətləri təmsil olunsun və yazarlar arasında maraq yaransın. Bu da yeni-yeni sənət əsərlərinin meydana gəlməsinə təkan yaradır. Son dövrlərdə ədəbi tənqid, araşdırma, mədəni irs nümunələrinin tədqiqi sahəsində az yazılar yer alır. Dramaturgiya sahəsində də yeni əsərlər yaradılmalı, müasir dövr bu əsərlərdə öz əksini tapmalıdır. Bu gün ədəbiyyat sahəsində böyük bir proses yaşanır. Prezidentin sərəncamı ilə latın qrafikasında Azərbaycan və dünya ədəbiyyatı nümunələri çap olunur. Eyni zamanda Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatında öz yerini tutmalıdır: “Ona görə bu məsələlər haqqında ciddi düşünməliyik. Kitaba maraq azalır desələr də, məncə, bu, yanlış fikirdir. Sözsüz ki, gerçəklik odur ki, kitabxanaya gedib kitab oxuyanların sayı azdır. Amma rəqəmsal variantda dünya ədəbiyyatı nümunələrini, bədii əsərləri gün ərzində yüz minlərlə insan oxuyur. Böyük ədəbiyyatsız dünyanı təsəvvür etmək olmaz”.
Sonda mükafatın təqdimetmə mərasimi başlanılıb. 2015-ci il üzrə “Qılız Kəlmə” Ədəbi Mükafatının nəsr nominasiyası üzrə Natiq Məmmədlinin “Körpüdə ümid”, “Şəmil Sadiqin “OdƏrlər” romanları, poeziya nominasiyası üzrə Əhməd Qəşəmoğlunun “Sonsuzluğun ahəngi”, Ramiz Məmmədzadənin “Ümid kitabı” şeirlər kitabı, Ədəbi tənqid və publisistika üzrə “Azər Turanın “Əli bəy Hüseynzadə” , Bədirxan Əhmədovun “XX yüzil Azərbaycan ədəbiyyatı; mərhələləri və problemləri” kitabları, bədii tərcümə nominasiyası üzrə Şıxəli Əliyevin tərcüməsində Nəcib Məhfuzun “Fivin mübarizəsi”, Kazım Səlimovun tərcüməsində “Stiven Kinqin “Yazı sənəti” kitabları , Uşaqlar üçün yazılmış bədii əsərləri nominasiyası üzrə Qəşəm İsabəylinin “Leyləyin intiqamı” , Sevinc Nuruqızının “Qədim Bakıya səyahət” kitabları mükafatlandırılıb.
“Şans” ödülünə Fuad Babanlının “Qırovdan sonra” şeirlər kitabı, Rəşid Faxralının “Ömrümün üç nöqtəsi” layiq görülüb.