Haqqında yazılanlar

“Onda özümə yazığım gəldi” – MÜSAHİBƏ

“Haqqın “verilməsinin” tərəfində olsam da, yalnız “alınmaqla” mümkün olduğunu düşünürəm”

Tanıtım: Sadıqov Şəmil Kamil oğlu 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Orta təhsili doğma kəndində alan Şəmil Sadiq BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA-nın ədəbiyyat institutunun aspirantı olmuş, Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası adlı dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.


Müxtəlif zamanlarda Bakı şəhər 20 nömrəli məktəbdə müəllim, “Vətən övladı” qəzetində redaktor, AMEA-nın ədəbiyyat institutunda kiçik elmi işçi, BPKİYİ-da baş müəllim vəzifələrində çalışmışdır. Hazırda BPKİYİ-nun dosenti olmaqla yanaşı, Hədəf Kursları MMC-nin baş direktoru vəzifəsində çalışır.
2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur.
Metodik vəsait, dərs vəsaiti, elmi monoqrafiya və 2 bədii kitab olmaqla, ümumilikdə, 20 kitabın, 30-dan çox elmi və elmi-publisistik məqalənin müəllifidir.
“Ədəbiyyat” metodiki vəsaiti 2010-cu ildə və “Azərbaycan dili” dərs vəsaiti 2011-ci ildə YYSQ tərəfindən “İlin ən yaxşı dərs vəsaiti” nominasiyası ilə təltif edilmişdir.
Bədii yaradıcılığına hələ məktəb illərində başlamış müəllifin ilk mətbu əsəri “Yeni Azərbaycan” qəzetində çap edilmişdir. İlk lirik və satirik şeirlər toplusu “Qəlbin fəryadı” kitabı 2003-cü ildə nəşr edilmişdir. 2005-ci ildə çap olunan “Qana qan qarışdı” kitabında həm lirik, həm publisistik, həm də dram əsərlər yer almışdır. “Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış “Qana qan qarışdı” dramı 2010-cu ildə C.Məmmədquluzadə adına Naxçıvan dram teatrında səhnəyə qoyulmuşdur.
Ailəlidir, iki qızı, bir oğlu var.

– Son dövrlər yazmağa meyl kütləvi sürətdə çoxalıb, kimi danışdırırsan, deyir ki, yazaram, bir naşir kimi bilməmiş olmassınız bunun səbəbi nədi?

– Məncə, bundan qorxmaq lazım deyil. Çünki hər hansı bir sahə dəbdədirsə, deməli o sahədə də olmaq istəyənlərin sayı çoxalmalıdır. Necə ki bir zamanlar müğənnilərin, aktyorların sayı çoxalmağa doğru gedirdisə (təəssüflər olsun ki, hələ də davam edir) və hər kəs müğənni olmaq arzusunda idisə, indi də yazıçı, şair arzusunda olmaq istəyənlərin sayının çoxalması pis hal deyil. Əgər belədirsə… Biri var beş nəfərdən birini seçəsən, biri də var, yüz nəfərədən birini. Əlbəttə ki, yüz nəfərdən seçilən daha istedadlıdır. Azərbaycan çağdaş ədəbiyyatının, çağdaş oxucunun intibahının qığılcımlarını görürəm. Həmişəki kimi zaman hər şeyin ən yaxşı loğmanı və nizamlayıcısıdır. Ələkdən keçirərək kimlərin diplomunu verəcəksə, onlar da yazıçı və şair kimi yaşayacaqlar. Sadəcə qorxulu tərəf odur ki, yeni yaranmaqda olan bu yazıçı və şair ordusunu düzgün istiqamətləndirmək üçün ədəbi cərəyənlar və ya məktəblər qənaətbəxş deyil. Çünki indi əvvəlki kimi nə ədəbi məclislər var, nə də ədəbi rəqabət. Yazıçılar birliyi isə bu sahədə bugünkü ədəbi mühitdən çox geridə qalır. Nə düzgün müzakirələr təşkil edilir, nə ədəbi gecələr olur ki, yetişməkdə olan gənc nəsil sözü düzgün cilovlamağın yolların öyrənsinlər. Bəzi saytların və bəzi QHT-lərin bu sahədə cəhdi sevindiricidir. Bir neçə ədəbi mükafatdan başqa əksəriyyəti öz nüfuzunu itirib və heç bir reytinqə sahib deyillər. Yazıçılar birliyi isə sanki gəncliyin arxasınca baxa-baxa qalıb. Nə edəcəyini, necə edəcəyini belə bilmir. Məncə ab-ahava dəyişməli, düzgün istiqamət üçün qələm əhlinə demokratik şərait yaradılmalıdır. Özbaşına qalarsa, şou-biznesdəki kimi mahiyyətini itirə və böyük idiaların üstündən xətt çəkə bilər.

– Necə oldu ki, yazıçı oldunuz, yazmasanız Azərbaycan ədəbiyyatında nə dəyişəcək?

– İkinci hissədən başlayım. Məncə mən yazmasam, əlbəttə ki, Azərbaycan ədəbiyyatında heç nə dəyişməyəcək. Dəyişsə, dəyişsə mənim yaradıcılığımda dəyişəcək. Bu da sadəcə şəxsən mənə təsir edər. Bir də ilk oxucum olan həyat yoldaşıma. Çünki bir az başı dincələr. (J) Necə yazıçı olmağım haqqında indiyə qədər dərindən düşünməmişəm. Amma lap uşaqlıqdan nəsə cızma-qara edirdim. İlk şeirimi də 20 yanvar faciəsinə həsr etmişdim 1990-cı ildə. Məktəb illərində də elə bilirdim ki, şeir yazıram. Bəlkə də, filologiya fakültəsinə qəbul olmağım yaradıcılığımda bir təkan oldu. Rəhmətlik müəllimim Zülfəli Zülfəliyevdən əruz elmini öyrənərkən vəznin dərinliklərini mənimsəmək üçün hərdən şeir yazmağımı tapşırırdı. Və mən onda hiss etdim ki, şeiri necə yazarlar. Elmi işim Hüseyn Cavid yaradıcılığı olduğu üçün bu gün də müəyyən mənada onun fəlsəfi ideyalarının təsirindən çıxa bilmirəm. Yaradıcılığımda ən önəmli hadisə “Qana qan qarışdı” dram əsərimin Naxçıvan Dram Teatrında səhnələşdirilməsi oldu. Bu bir təsadüf idi. Sanki mənə stimul vermək üçün fövqəl-təbii bir varlığın yardımı idi. Çünki ilk şeirlər kitabım 2003-cü ildə nəşr edilsə də, sonradan müəllimliyə yönəldiyim üçün yavaş-yavaş bədii yaradıcılıqdan uzaqlaşırdım. Amma o əsərin tamaşaya qoyulacağı təklifini eşidəndə bir az da ruhlandım. Nəsrə isə dostum Müşfiq XAN-nın ciddi təklifindən sonra başladım. Ədəbi müzakirələrimizin birində dedi ki, bəlkə, qələmlərimizi yarışdıraq. Açığı yaman qıcıqlandırdı məni. Əvvəllər bir neçə felyoton və hekayə yazmağıma baxmayaraq XAN-la birgə yazdığım “Ümidlərin izi ilə” romanı nəsrə müraciət etməyim üçün sanki yeni nəfəs oldu. Nəsrdə ilk böyük uğurum məncə elə bu əsərlə oldu. Yaxşı alındığını söylədilər dostlar.

Bütün yazılarımda ictimai fikir, vətənpərvərlik, mənəviyyat öndə olduğu üçün deyə bilərəm ki, mənim yazdıqlarımın ədəbiyyatımıza ziyanı yoxdur. Xeyrini isə oxucular müəyyənləşdirə bilər.

– Sizin haqqınızda məlumatlarla tanış olanda həyat fəlsəfənizin bu misra üzərində qurulduğunu oxuduq: “Haqq dilədim vermədilər, Sadiqə mən susma dedim, varsa əgər haqq onu mən diz çökərək yad edərəm”. Siz haqq deyəndə nəyi nəzərdə tutursuz?

– Mən birmənalı səslənən ilahi ədalətin olmağına şübhə edirəm. Çünki bizim tanıdığımız cəmiyyətin yaradılışından bu günə bütün insanları məhz ilahi ədalət düşündürür. Mən də düşünmədən dura bilmirım. Bir şeirim var: “Düşünməz başlarda yaman gözüm var”. Çünki insanlıq daima haqqa-ədalətə möhtacdır. Bütün dinlərdə də bu məsələ açıqdır. Xristianlar İsa peyğəmbərin qayıdaraq ədaləti bərpa edəcəyini, Müsəlmanlar, daha doğrusu, şiələr 12-ci imamın zühur edib ədaləti bərpa edəcəyini gözləyir. Hətta hind fəlsəfəsində də bu ideya öz əksini tapır. Adəmə edilən haqsızlıqdan bu günə hər kəs haqq axtarışındadır.

Məncə hər bir varlığın bu dünyada haqq axtarmağa və tapmağa haqqı var. O haqq isə yaşam tərzimizdə qarşımıza çıxan bütün nemətlərin ədalətsiz paylanıb-paylanmamasıdır. Hərdən düşünürəm ki, Yaradan bu qədər adildirsə, niyə yeni doğulan bir körpənin hər hansı əzasını qüsurlu, əngəlli yaradıb onu bədbəxt edir? Burda kimsə deyə bilər ki, onun ata və ya anasına dərs olsun deyə edilib, onlar imtahana çəkilir və s. Bax mən bu zaman o ilahi ədalətin varlığına şübhə edirəm. Axı bu bir yaradılmışın haqqının əlindən alınmasıdır. Hə, burda mən haqqın olmasına şübhə edəndə məhz Tanrının varlığına şübhə kimi başa düşülməməlidir. Sözsüz ki, bütün yaradılışların bir yaradanı, Tanrısı var. Amma bu yaradanın bütün yaratdıqlarına ədalətli şəkildə haqq verib vermədiyi insanda şübhə doğurur. Ona görə də mütləq haqq və ədalət ya yoxdur, ya da hələ mən dərk etmirəm.

– Sonuncu dəfə hansı haqsız hadisə ilə qarşılaşmısınız.

– Mənə görə bu haqsızlıq məsələsi iki cürdür: biri ilahi haqsızlıq, biri isə məişətdəki haqsızlıq. İlahi haqq axtarışında olan bir adam üçün məişətdəki haqsızlıqlar o qədər də önəmli deyil. Haqqın “verilməsinin” tərəfində olsam da, yalnız “alınmaqla” mümkün olduğunu düşünürəm.

– Azərbaycanda yazmağın avantajı və dezavantajı nədən ibarətdir?

-Açığı mən nə avantaj və ya dezavantaj üçün yazmıram. Heç Yazıçılar Birliyinə üzv olmaq üçün ərizə də verməmişəm. Sadəcə, məni narahat edən mətləbləri ətrafımla, oxucularla bölüşürəm. Bir dəfə bir yol polisi məni saxladı. Süruculuk vəsiqəm də üstümdə deyildi. Protokol tərtib edəcəyini və maşını cərimə meydançasına aparacağını dedi. Çünki vəsiqəmin olduğuna inanmırdı. Dözə bilmədim dedim ki, məni heç tanımadın, heç televiziyada görməmisən, heç dərsliklərimdə şəklimlə rastlaşmamısan? Dedi yox. Dedim daha sənə sözüm yoxdur. Nə edirsən et. İndi burda bir müğənni olsaydı, yaxşı tanıyardın. İlin ən yaxşı müəllimi müsabiqəsinin qalibini, dərs vəsaitlərinin müəllifini, şeirlərin, romanların müəllifini tanımaq nəyinə lazımdır. Dorğrudan daxilən incidim və o zaman özümə yazığım da gəldi. Bu dezavantaj ola bilər. Amma bu yaxınlarda Ukraynadakı səfirimiz Eynulla Mədətlidən, Tağı Əhmədovdan “Ümidlərin izi ilə” romanına görə aldığım təşəkkür məktubunu avantaj hesab etmək olar. Pafoslu görünməsin, məncə, bir iş millətin xeyrinə və maariflənməsinə xidmət edirsə, elə bu mənim üçün avantajdır.

– Naşirsiz, qazancınız kitab satmaqdan çıxır, kitab yazanlar isə alıcı qıtlığından şikayətlənir, bəs belə şəraitdə necə qazanırsız?

– J Mən, adətən, vurğulayıram, mən yazıçı, şair olmaqdan öncə müəllim-pedaqoqam. Cəmi beş bədii kitabım olsa da, 20-dən çox dərs vəsaitinin və metodik vəsaitin müəllifiyəm. Demək olar ki, gəlirimin əsas hissəsi sizin də qeyd etdiyiniz kimi kitablarımdan – abituriyentlər üçün yazdığım vəsaitlərdən gəlir. Çünki bu kitablar onların ehtiyacını ödəyir. Mən və həmmüəlliflər o kitabların üstündə hər il işləyib təkmilləşdiririk. Əminliklə deyə bilərəm ki, abituriyentlər üçün yazdığımız Azərbaycan dili və Ədəbiyyat dərs vəsaitləri və test bankları Azərbaycanda satış rekordu vurur və bazarda bu sahədə rəqib tanımır.

– Özünüzün ən çox bəyəndiyiniz əsəriniz hansıdır?

– Elmi-metodik əsərlərimdən ən çox bəyəndiyim “Hüseyn Cavid yaradılıcılığında qəhrəman konsepsiyeası” mononoqrafiyam və abituriyentlər üçün hazrıladığım Ədəbiyyat metodik vəsaitim. Bədi əsərlərimdən də yenicə bitirdiyim “OdƏrlər” romanım.

– Bəs oxucularınızın ən çox bəyəndiyi əsəriniz hansıdır sizcə?

– Oxucular hələ ki, Muşfiq XANla birgə yazdığımız “Ümidlərin izi ilə” romanını bəyənir, deyəsən. Bu əsərdə Aytəkinin gündəliyini mən, məxfi şöbənin mayoru Qüdrətovun əməliyyatlarını və Ramilin yaşantılarını isə Müşfiq XAN yazıb. Xocalı faciəsi mövzusunda kriminal-detektiv romandır.

– Mayın 4-də kitab bayramı keçiriləcək. Həmin gun Sizin “Qana qan qarışdı” kitabınızın təqdimat mərasimidir, bu əsəri hansı zərurətdən yazdız?

– Bu kitab iki pyesdən (“Qana qan qarışdı”, “Axı mən də vətəndaşıyam”) və hekayə, felyeton, köşə yazılarımdan ibarətdir. Adından da göründüyü kimi, kitabdakı birinci pyes mənim üçün önəmlidir. Əsər “Dədər Qorqud” dastanlarının motivləri əsasında yazılıb. 2003-cü ildə 20 nömrəli məktəbdə işləyəndə bir səhnəcik kimi yazmışdım. Sonra 2005-ci ildə üstündə yenidən işlədim və 2010-cu ildə səhnələşdirildi.

Məni daha çox narahat edən aramızda dayısı başqa millətdən, xüsusən də ermənilərdən olan insanlardır. Düzdür, özümü heç bir zaman qatı millətçi hesab etməmişəm və xislətimdə də bu yoxdur. Amma bir şeyə inanıram ki, qan qarışıqlığı daima türkün bəlası olub. Elə əsər də bu mövzudadır. Xatırlayırsınıza, Təpəgözün də anası yad qızı idi. Dədəmiz bunu bir rəmz olaraq bizə miras qoymuşdur. Axı Təpəgöz türk elinin qənimi kəsildi. Məncə Qorqud Ata onun zatındakı problemi qabartmağa çalışmış və türk kişilərini bu əməllərdən yayınmağa çağırmışdır. Qan saflığı mənə görə çox önəmlidir. Qarışıqlıq heç nədə xoş görünmədiyi kimi qanda da özünü göstərir. Düşmənimiz erməni isə həmişə türklə qohum olmağa meyilli olub. Qızlarını bizim kişilərin yatağına salmaqla, bundan həmişə yararlanıblar. Bu variantdan qədim çinlilərin də istifadə etdiyini bilirik. Murad Adjı “Qıpçaq çölünün yovşanı” əsərində geniş izah edib bu məsələni. Atilla da bunun qurbanı oldu. O böyüklükdə Osmanlı sultanlığını da dağıdan anası başqa millət olan sultanlar oldu. Analarının və ya həyat yoldaşlarının səyi nəticəsində.

Bu məsələ həmişə düşündürüb məni. Və son əsərim olan “OdƏrlər” romanında da bu ideyanı geniş işləmişəm. Qarışıq qan heç vaxt şəffaf ola bilməz. Bulanıqlıq isə heç də xoş görüntü deyil.

– “Hədəf” kurslarının həmtəsisçisisiz, gələcəyimizi quracaq insanlar gözləriniz qarşısından keçir. Necə düşünürsüz, qura biləcəklər?

Mənim üçün orta məktəbin ilk işinin adam yetişdirmək olmasıdır. Elmi, peşəni isə həmişə öyrənmək olar. Biz orta məktəbdə şagirdlərə bunları əldə etməyin yollarını, yaşamağı bacarmağı öyrətməliyik. “Alim yetişdirmək asandır, nəinki adam yetişdirmək” adlı bir məqaləm var. Orda qeyd etmişəm biz balalarımıza insanlığı, sevgini, düzgünlüyü, qabiliyyəti, bacarığı öyrədə və aşılaya bilsək, o nəinki Azərbaycana, o cümlədən də bəşəriyyətə yararlı bir adam ola bilərlər. Azərbaycan dili və ədəbiyyat müəllimi kimi mən sinifdə sintaktik əlaqənin növlərini, “kitab” sözünü “b” və “p” ilə yazmaq bacarığını, əruz vəzninin prinsiplərini öyrətməkdənsə, mədəni və rəvan danışmağı, fikir yürütməyi, başa sala və başa düşə bilməyi, düşündürə bilməyi, dərk edə bilməyi, inandıra bilməyi, əlində olanları istifadə etmək bacarığını öyrətməyin daha önəmli hesab edirəm. Xarici universitetlərin qəbul proqramına baxsaq, görərik ki, universitetlər qəbulda mükəmməl dil bilgisi və məntiq tələb edirlər. Prinsip odur ki, bir insanın anlama qabiliyyəti varsa, məntiqi təfəkkürü düzgün çalışırsa, deməli, bunu istənilən ixtisasa və peşəyə yönləndirmək olar. Düzdür, Hədəf Kurslarının işi abituriyentlərə TQDK-nın tələb etdiyi biliyi vermək və ya möhkəmləndirməkdir. Amma mən Kurikulum üzrə milli məsləhətçi olduğuma görə bu sahəyə daha meyilliyəm. Elə buna görə də, təhsil də sosial fəaliyyət və şəxsiyyət yönümlü iş prinsipinə söykənirik. Mən optimistəm. Çünki gəncliyimiz nə istədiyini bilmək yolunda hər gün bir addım irəliləyir. Keçirdiyimiz tədbirlərdə, kurs daxilindəkə ailə ortamında onların istedadına bəzən heyran qalıram. Elə şagirdlərimiz olur ki, bir tənqidçi kimi çağdaş ədəbiyyatı izləyir, oxuyur, hətta bizə də tövsiyyə edir. Elə şagirdlərimiz olur ki, kompyuter texnologiyasını az qala mütəxəssislər qədər bilir və yararlanır. Elə şagirdlərimiz olur ki, müəyyən QHT-lərdə fəaliyyət göstərir və bizdən müəyyən yardım istəyir, ödənişsiz təhsil almaq üçün imkansız ailələrdən olan uşaqları təklif edir, uşaq evlərinə gedəndə nəşriyyatdan kitab istəyir və s. İstənilən sahədə düzgün yönləndirmə olarsa, onda mükəmməl uğur əldə olunacağına əminəm. Məncə onlar gələcəyimizi heç də bizdən pis qurmayacaqlar. Buna imkanları və potensialları var. Mən ümidliyəm.

Oxşar yazılar