Köşə

Onlar və bunlar

Onlar çoxdan var idi. Onlar elə bilirdilər ki, onlardan başqa heç kim yoxdur və olmayacaq da. Bir gün bunlar gəldilər. Çox da uzaqdan yox, elə onların yanından. Onların şinelindən çıxan bunlar başladılar onlara daş atmağa, onları tənqid etməyə, onlardan üz döndərməyə. Onlar əvvəllər bunların səslərini civ-civ kimi başa düşüb önəm vermədilər. Kreslolarından, şanlarından, şöhrətlərindən, uğurlarından, titullarından, nüfuzularından elə möhkəm yapışmışdılar və ya asılmışdılar ki, Bunları – dimdiyi sarıları görmürdülər. Bunlar – dimdiyi sarılar da dayanmadan Onların qabırğasına döşəyirdilər. Onları tərifbazlıqda, məddahlıqda, çərçivələrdə olmaqda, nüfuzlarından sui istifadə etməkdə, kimlərinsə hesabına yazıb yaratmaqda, şablonçuluqda, bir tikə çörək üçün onun-bunun qoltuğunda gəzməkdə, 50 qrama palaz-palaz məqalələr yazmaqda qınayırdılar.

Bu civiltilər haqqın pak səsi kimi eşidilsə də, Onlar bunu ya eşitmir, ya da eşitməzlikdən gəlirdilər. Buna baxmayaraq, bunlar boğazları yırtılana qədər civildədilər, sonra beçə xoruzlar kimi banladılar, sonra da cəh-cəh vurdular. Bu səsi eşidənlərin əksəriyyəti diqqətlə dinləməyə başladılar. Az qaldılar desinlər ki, Bunlar Allahın elçisidilər və onları başa salmağa gəliblər. Sonra Onları bəyənməyən öz içlərindən bir neçəsi öz dəstəsindən ayrılıb başladı Bunlara dəstək verməyə. Əlinə dönüm, Onların bu asilərinin, çünki Bunlara o qədər dən tökdü ki, Bunlar da başladılar onun olmağa. Başına yığışıb dəndən yedilər, yedilər, o qədər yedilər içdilər ki, çinədanları partlamağa başladı.

Elə iş də burdan başladı. Ac qalan Bunlar o qədər səslər çıxarırdılar ki, adamlar az qaldı valeh olsun. Amma qarınları doyandan sonra bir başqa səs çıxarmağa başladılar. Çünki Bunlar artıq böyümüş, Onlara oxşamağa başlamışdılar. Bunlar artıq kimlər üçünsə Onlar idi. Camaat artıq Bunları dinləyir, Bunları eşidirdilər. Bu zaman Onların yadına düşdü ki, vay dədəm vay, sən demə Bunlar o qədər də balaca deyillərmiş. Bunların böyüdüyünü və təhlükəli olduqlarını görən kimi, başladılar onları ciddi qəbul etməyə. O qədər ciddi qəbul etdilər ki, Bunlara ağır artileriya ilə atəş də açmağa başladılar. Kimi şeir yazdı, kimi hekayə, kimi də məqalə. Həcv həcv dalınca. Amma bir söz var idi ki, Onlar hələ də Bunları ciddi hesab etmirdilər. Ciddi-ciddi danışsalar da, Bunları ciddi işlərdə görmürdülər.

Gün keçdi, ay keçdi, Bunlar Onların içində asi olanların bəzilərindən aldıqları dəstək nəticəsində qəşəngcə böyüdülər. Və başladılar prosesi özləri yönləndirməyə. Və həm də Onlara bənzəməyə. Onlarda bəyənmədiklərini Bunlar modern, postmodern, nyupostmodern, ən nyupostmodern kimi metodlarla özləri həyata keçirməyə başladılar. İlk öncə yalançı şöhrətlərinə büründülər, sonra özlərindən ibarət dəstə yaratdılar, sonra 150 qrama məqalələr yazmağa, sonra Bunlardan sonra gələnləri bəyənməməyə, araya-bərəyə qoymamağa başladılar. Sonra özləri –özlərini tərfilədilər, sonra da onlar nə etmişdilər, ana gəzən ağacı budaq-budaq gəzən bala kimi Bunlar daha qəşəng, dünya və Avropa standartlarına uyğun, texnologiyalardan bəhrələnərək Bunlar Onların etdiklərini daha təmtəraqlı etdilər. Və beləcə Onlar qocalmış şir kimi sadəcə uzanıb Bunlara baxdılar. İş o yerə çatdı ki, Onlar başladılar, Bunların cəh-cəhindən, Onların nəriltisindən danışmağa. Hətta iş o yerə də çatdı ki, Onlar bəyənib araya bərəyə qoymadıqları Bunlara müsahibə falan vermək üçün növbəyə durdular. Amma öz aramızdır, Onların da verdikləri müsahibələr zadlar Bunların hesabına yaxşıca oxundu da.

Bunu görənlər isə dərk etdilər ki, Onlar və Bunlar əslində bir hərf qədər fərqlənirlər. Sadəcə, Onlarla, Bunların əsri fərqləndiyi üçün “B” əlavə edilmişdir.

P.S. Nə demək istədiyimi kimsə başa düşəcək, başa düşən kimi də cəsarətsizlikdə günahlandıracaq ki, gərək adların yazardın. Əvvəlcədən deyim ki, bəli qorxdum. Ona görə qorxdum ki, Bunlar qurşaqdan aşağı, Onlar isə arxadan zərbə vura bilərlər. Onsuz da bilən bilir nə deyirəm.

Oxşar yazılar