Haqqında yazılanlar

“Oxu Günü”nün təəssüratı VƏ YA AKADEMİKİN BAŞLADIĞI FİKRİ MƏKTƏBLİ TAMAMLADI

Şəmil SADİQ

Gündüzlər topladığımız işıq enerjisi yaradıcı adamlarda gecələri aydınladır. İdeyalar, arzular üst-üstə adama hücum edir.

Nə yatmağa, nə dincəlməyə imkan verir. İlin çox az günləri var ki, mən şüursuz məxluqlar kimi yata bilirəm. Yerimin içində bir-iki saat fırlanandan, arzularımın reallaşmasını tam xəyal edəndən sonra yatıram ancaq. Bu hisslərlə tanış olanlar çoxdur, hərədə bir cür olsa da, ümumilikdə çox oxşardırlar.

Mənim yuxumun qaçdığı gecələrə üç ildir ki, “Oxu Günü” də qonaqdır… Nə qədər yorğun olsam da, dilimdə deyinsəm də, bu “qonağ”a qulluq etmək, qayğısına qalmaq zövq verir. Necə ki, gecənin bu saatında (01:43) bu yazını yazmaq keçdi içimdən. Halbuki ən vacib olan iki iş var iş planımda: doktorluq işim və “Odərlər” romanının ikinci hissəsi… Amma mən yenə “Oxu Günü”nün yaşatdığı həzzin qoynundayam…

Mənim də hamıya məxsus bir xasiyyətim var – yaxşı iş görəndə, kimlərinsə sevincinə səbəb olmağı bacaranda, könüllər oxşayanda çox şad oluram… Uzun sürən mübarizədən, keşməkeşli durumlardan, enişli-yoxuşlu yollardan keçsək də, 2015-ci ildə “Gəlin birgə oxuyaq” şüarı ilə başlatdığım bu aksiya 29 aprel 2017-ci ildə 3-cü dəfə Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, AMEA-nın və “Hədəf” nəşrlərinin təşkilatçılığı ilə baş tutdu.

Layihəyə başladığım ilk ildən könlümdə iki məkan var idi: biri Dədə Qorqud, biri də Heydər Əliyev Mərkəzinin parkı. Hər dəfə də o parkların qarşısından keçəndə “burda necə də gözəl alınar” – deyə xeyli düşünərdim. Birinci il bizə Binəqədi rayonu, ikinci il isə Nəsimi rayonu qucağını açdı. Amma mənim arzum tədbiri bu möhtəşəm Mərkəzin parkında keçirmək idi. Çünki bura ən əlverişli məkan idi ki, minlərlə insan bir məkanda eyni anda kitab oxusun…

Bu cür layihələri xarici ölklərdə görən vətəndaşlarımız həsədlə baxır, “niyə bizdə yoxdur” – deyir həmişə. Birinci il biz, sadəcə böyük bir kütlənin otuz dəqiqə eyni anda kitab oxumasını təşkil edib və həmin gün hər kəsin bir-birinə kitab hədiyyə etməsini görmək arzusu ilə yola çıxmışdıq. Sonradan kitab sərgisi, müxtəlif əyləncəli tədbirlər də işin içinə girib daha da zənginləşdirdi.

İkinci il isə teleaparıcı Orxan Cabbarovun anında etdiyi yaradıcılıq manevrləri “Oxu Günü”nə başqa dad qatmışdı. Hamını eyni anda ucadan kitab oxumağa dəvət etmişdi. Və beləcə iki-üç minlik insanın eyni anda əlində olan minlərlə kitabın vərəqlərindən gələn müxtəlif xaotik səs bir metafizik bir küy yaratmışdı… Məhz bu cür yaradıcı yanaşmalar “Oxu Günü”nü gözləyənlərin sayını artırdı. “Oxu Günü-2”də ən önəmli addım isə “Əsgərə kitab” stendi oldu. Gətirdikləri kitablara öz ürək sözlərini yazan oxucular kitabları bu stendə verərək əsgərlərimizə göndərdilər.

Bu il, yəni “Oxu Günü-3” isə artıq zənginliyi, genişliyi, rəngarəngliyi ilə bir başqa cür fərqləndi. Düzünü deyim ki, “Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!!!” – deyən böyük Cavidin məzarını min bir əzabla Vətəninə gətirdən Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu mərkəzin rəhbərliyinin layihənin əsas təşkilatçısı olandan sonra ortaya qoyduğu tələbkarlıq məni bir az qorxutsa da, gördüyüm möhtəşəm səhnədən sonra dərindən nəfəs aldırıb çox da məmnun etdi. Mərkəzin bu iş həvalə edilmiş əməkdaşlarının tədbirin daha möhtəşəm keçirilməsi üçün səylə çalışması, hər xırda detalı izləməsi gələn qonaqların rahatlığına və zövq almasına xidmət edirdi və bu ən yüksək səviyyədə baş tutdu.

Mən bu layihənin həyata keçməsini bir şirkət rəhbəri olaraq yox, müəllim, yazıçı və ən əsası vətəndaşlıq hissi ilə başlamışdım. Kimlərsə düşünür və düşünə bilər ki, “Hədəf” nəşrləri öz reklamını etmək arzusu ilə atılıb meydana. Bu, əsla belə deyil və olmayacaq da. Əlbəttə, hər bir kəs gördüyü işdə adının çəkilməsini istər, eləcə də mən. Çünki komandamız bu işə çox böyük səylə atıldı, çalışdı, təşkilatçılardan biri kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi.

Layihənin başlamasının ilham mənbəyi 2014-cü ildə Təhsil nazirinin mütaliəyə diqqətin artırılması ilə bağlı verdiyi göstərişləri idi və indiyə qədərki hər üç ildə məktubuma sayğı və ciddiyyətlə cavab verilmişdi. Bu isə onun göstəricisidir ki, Təhsil Nazirliyi öz missiyasına uyğun olaraq intellektual gəncliyin yetişməsinə çox maraqlıdır. Bu cür addımlar birbaşa Təhsil Nazirliyinin tabeliyində olmayan bizim kimi qurumları həmişə həvəsləndirir və ədəbiyyat və mədəniyyət naminə yeni işlərin görülməsinə zəmin yaradır.

Builki “Oxu Günü” əsl bir kitab festivalını xatırlatdı. Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan məktəb və liseylərin bədii ədəbiyyat nümunələri əsasında hazırladıqları bədii kompozisiyalar bir başqa aləm idi. Etiraf edim ki, çox zövqlə və həvəslə hazırlanmışdı. Təsəvvür edin, Cavidin “İblis” pyesi ilə Bulqakovun “Master və Marqarita” əsərinin sintez şəkildə təqdim olunması, Dədə Qorqudun, Nizaminin, Nəsiminin, Vaqifin, Axundzadənin, Sabirin prototiplərini əks etdirən animatorların çıxışı, bir çox əsərlərin səhnələşdirilməsi, kitabla bağlı dekorasiyaların, aforizmlərin hazırlanması, hətta nənə və baba obrazlarının nəvələrinə nağıl oxuma səhnəcikləri, ən əsası onların masasına yaxınlaşan hər bir kəslə dialoqa girməsini seyr etmək sadəcə xoş duyğular yaratmağa qadir idi. Hətta festivalı gəzərkən qabağımı kəsərək iki uşağın Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin” şeirini ifadəli şəkildə təqdim etməsi adamın ruhunu göylərə uçurdurdu. Mütaliəyə marağın artmasını müxtəlif yollarla etmək olar, amma bu yol, bu üslub da çox vacibdir. Heç kim deyə bilməz ki, altmış məktəbin bu səhnələri hazırlayan şagirdlərinin hərəsindən ən az səkkiz-on nəfərin heç də hamısı yalnız bizim yaxşı oxuyan adı ilə tanıdığımız uşaqlardır. Bu, kitabla təmas idi, bu, kitabla tanışlıq idi, bu, kitabın önəmi idi ki, beş minə yaxın insanı öz başına topladı.

Tanınmış yazarlar, ziyalılar, məmurların uşaqlarla söhbət etmə imkanı yarandı, onlara öz tövsiyələrini verdilər.

Akademik İsa Həbibbəylinin öz nəvəsi ilə tədbirdə çıxış edib, ona kitablar alması, bəzən də stendlərin qarşısında nəvəsi ilə hansı kitabı almaq lazımdır deyə mübahisə etməsi, Təhsil nazirinin müavini Firudin müəllimin Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət xanımla birgə nəşriyyat və məktəblilərin stendlərini gəzməsi, onları dinləməsi, AYB-nin katibi Çingiz Abdullayevin səmimi çıxışı, uşaqlarla şəkil çəkdirməsi, millət vəkili Qənirə Paşayevanın məktəblilərə onlarla kitab hədiyyə etməsi, səbrlə imzalaması, AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin, yazıçılardan Pərvinin, Varisin məktəblilərlə birgə otlar üzərində oturub kitab vərəqləməsi, hətta Pərvinin kitablarının imzalanıb bitməsindən sonra satıcının anbara yeni kitablar dalınca getdiyini görmək kimi məqamlar səmimi ortam yaratmaqla bərabər, uşaqlara, gənclərə stimul verdi. Bu uşaqların arasından çoxlu sayda ziyalı, cəsur insanlar çıxacaq və onlar bu günü hər zaman xatırlayacaq, bəlkə də hansısa oxucu ilk dəfə kitabla “müqaviləsini” bu məkanda bağladığını dəfələrlə deyəcək, hətta baba olanda o zaman üçün tarixə çevrilmiş yazarlardan biri haqqında “dostum olub” da deyəcək.

Tədbirdə gördüyüm bir neçə hadisə məni daha çox təsirləndirdi. Öncədən sosial şəbəkələrdə elan etmişdik ki, özünüzlə bir kitab gətirin, tanımadığınız bir insana hədiyyə edin. Balaca məktəblinin əlindəki kitablardan birini yaşlı bir adama uzatması, məktəblərdən birinin stendində mənə bir zərfin verilməsi (İçində “Oxu Günü” Azərbaycanda ilk dəfə 2015-ci ildə Şəmil Sadiqin “Gəlin birgə oxuyaq” ideyası ilə keçirilmişdir” yazılaraq mahiyyəti izah edən bir buklet var idi), “Leyli və Məcnun” poemasında Leylinin ölüm səhnəsində Məcnunun qızın əlini necə də məhəbbətlə tutması məni nə qədər kövrəltdisə, məktəblilərin bir neçəsinin mənimlə şəkil çəkdirdiyini görən bir uşaq da şəkil çəkdirmək istəyəndə, müəlliminin “a bala, tanıyırsan ki, o kimdir, gedib şəkil çəkdirirsən də” – deməsinə uşağın “deyəsən, tanınmış adamdır, şəkil çəkdirim, sonra internetdə baxaram” – cavabı bir o qədər güldürdü. Məhz bu uşağın gələcəyinin parlaq olacağına şəxsən mən zəmanət verərdim…

“Hədəf oxucu klubu” üzvlərinin tədbir boyunca “Bir nağıl yazaq” adlı dəftərini hər kəsə təqdim edərək yazdırması, qrup halında bir kənara çəkilib kitab oxumaları isə başqa gözəllik idi. Təsəvvür edin, Xalq yazıçısı Çingiz Abdullayevin, akademik İsa Həbibbəylinin yazdığı fikri, bir məktəbli tamamlayır… Bundan gözəl nə ola bilərdi ki?! Oldu və yaşandı… Görənlər də görməyənlərə danışdı və beləcə kitab marafonunun başlanmasının şahidi olduq.

Tez-tez internetdə kitabla bağlı şəkillər görür və həsəd aparırıq, bu tədbirin keçirilmə ərəfəsində dostlardan bir neçəsi mənə bir şəkil göndərdi. Belə ki, Gürcüstanda ictimai nəqliyyata minən hər kəsə hədiyyə kitab qoyulmuşdu masaların üstünə. Gülümsündüm, çünki bizim gördüyümüz iş də bunun başqa bir forması idi. Bir neçə min insanın özü ilə kitab götürüb kiməsə hədiyyə verməsi, milli birliyin, sosiallığın simvoludur. Beş-altı yüz gəncin bir kənara çəkilib eyni anda kitab vərəqləməsi ayrı bir sevdanın işi idi.

Bütün bu gözəl işlərlə yanaşı, bu festivalın daha yaxşı keçirilməsi, daha yaxşı işlər görülməsi üçün daha çox düşünməli və çalışmalı olduğumuza da şübhəm yoxdur. “Oxu Günü-4” üçün vacib bildiyim bir neçə təklifimi artıq özlüyümdə düşünüb dəqiqləşdirmişəm.

P.S. Tez-tez deyilən bir arzu var: gələn il daha möhtəşəm olması ümidi ilə… Mənimsə yeganə arzum rəsmi təqvimimizə “Oxu Günü” adlı bir günün daxil olması, həmin gündə hər birimizin özünə “Bu il mən nələr oxudum” məzmunlu hesabatı verdiyi anı yaşamaqdır.

08.05.17. 525-ci qəzet.
http://525.az/site/?name=xeber&duzelis=0&news_id=78796

Oxşar yazılar