Azərbaycan Elmi Elmi-pedaqoji

Qarabağ müharibəsi Azərbaycan romanında

 

Ədəbiyyat öncə gözəllikdir. Lakin bəşər övladının dünyanını qan gölünə çevirmək cəhdi ədəbiyyatdan da yan keçmir və bu ədəbiyyatda müharibə kimi mövzuların yaranmasına və inkişafına gətirib çıxarır. Roman janrında bir zamanlar sadəcə tarixi roman anlayışı kimi tanınanan mövzunun içindən artıq müharibə və ya savaş tipli növlər yaranmışdır. Təəssüflər olsun ki, bu gün dünyada gedən müharibələr həyatımızın bir parçasına çevrilmiş və bayrağı gözəlliklə süslənməli olan ədəbiyyat bu mövzuları bədii yolla insanlara çatdırmağa çalışır.

Azərbaycan ədəbiyyatının keçmişindən bu gününə nəzər salsaq, ədəbiyyatın mövzusunun məhəbbət, sevgi, əxlaq, fəlsəfə ağırlıqlı olduğunu görərik. Nə həyatı boyu hökmdarlara məsləhət verən Şeyx Nizami, nə bir ömür insan ruhunun azadlığı üçün mübarizə apamış Nəsimi, nə də böyük bir İmperiyanın – Vahid Azərbaycan türk dövlətini qurucusu olmuş Səfəvilər sülaləsinin banisi Şair Şah İsmayıl Xətai yaradıcılığında müharibəyə xüsusi yer ayırmışdır. Ən yaxşı halda Nizami Gəncəvi bu mövzulara toxunmuşdur ki, o da “Sirlər xəzinəsi”, “İskəndərnamə” kimi poemalarında sadəcə müharibələrin törətdiyi faciələrdən bəhs etmiş, şahları, fatehləri, hökmdarları qan tökməkdən, torpaq işğalından, səltənət davalarından yayındırmaq üçün nəsihətverici tərzdə bu mövzunu işləmişdir.

Böyük Azərbaycan – Türk şairi Məhəmməd Füzuli “Bəngü Badə” alleqorik əsərində iki qardaşın Sultan Səlimlə Şah İsmayılın bir-birinə qarşı döyüşünü işarə etmiş və bir növ bu qanlı savaşı, bu lazımsız mübarizəni tənqid etmişdir.

Uzun müddət bu mövzulara ötəri müraciət edilsə də, müharibə mövzulu əsərlər XX əsrin əvvəllərində daha geniş işlənmişdir. Buna nümunə olaraq Hüseyn Cavidin “Peyğəmbər”, “İblis”, “İblisin intiqamı”, “Səyavuş”, Cəfər Cabbarlının “Trablis müharibəsi”, “Ədirnə fəthi”, “Od gəlini”, Cəlil Məmmədquluzadəninin “Kamança” kimi pyeslərində, Qurban Səidin-Məmməd Əsəd bəyin “Əli və Nino”, Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” kimi romanlarında məhz müahirəbə mövzularına ciddi şəkildə toxunulmuşdur.

Azərbaycan ədəbiyyatında Nizami Gəncəvinin mənzum romanlarını nəzərə almasaq, romanın tarixi Əbdurrəhim bəy Talıbovun “Kitab yüklü eşşək” və Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” adlı farsca yazılmış əsərlərlə başlayır. XIX əsrdə dünya ədəbiyyatının janrlarından yararlanan Azərbaycan yazarları XX əsrin əvvəllərində bu gün də öz aktuallığını saxlayan və dünya ədəbiyyatı örnəklərindən sayılan bir çox maraqlı romanlar qələmə almışlar. Bunlara Sovet çağı repressiyalarının qurbanına çevrilmiş Çəmənzəminlinin “İki od arasında” (1937), “Qızlar bulağı”, “Studentlər”, “1917-ci il” kimi tarixi romanlarını, Məmməd Səid Ordubadinin XII əsrin şair və hökmdarlarından bəhs edən “Qılınc və qələm”(1946-1948), “Döyüşən şəhər” (1938), “Gizli Bakı” (1940) tarixi romanlarını, Qurban Səidin “Əli və Nino” romanını Azərbaycan ədəbiyyatının layiqli nümunələri kimi qeyd edə bilərik.

1950-ci illərdən sonra isə Azərbaycan romanında yeni bir dirçəliş başlandığını deyə bilərik. Çünki XX əsrin əvvəllərində milli düşüncə ilə formalaşan aydınlarımız 1937-ci il repressiyasının qurbanları olmuş, uzun illər Azərbaycan ədəbiyyatı bir növ ziyalı qıtlığı çəkmişdi. Lakin Stalinin ölümündən sonra bəraət alan Azərbaycan milli ədəbiyyatı yeni yazarlar yetirmiş və onların yazdığı əsərlər Azərbaycan ədəbiyyatının nüfuzunu yenidən özünə qaytarmağa başlamışdır. Bu baxımdan Azərbaycanda İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, İsmayıl Şıxlının yazıdığı dəyərli romanları qeyd etmək olar. Azərbaycanda “60-cılar ədəbi nəsli” adı ilə tanınan Elçinin, Anarın, Fərman Kərimzadənin, Sabir Rüstəmxanlının, İsa Hüseynovun-Muğannanın əsərləri isə ədəbiyyatımıza yeni nəfəs gətirmiş, ədəbi-bədii düşüncənin formalaşmasına xidmət etmişdir.

Müharibə romanı

Bu gün Azərbaycan ədəbiyyatında müharibə mövzulu əsərlər daha çox tarixi romanın tərkibində öyrənilir və tədqiq edilir. Əlbəttə bu da ondan xəbər verir ki, Azərbaycan ədəbiyyatşünaslığında “Müharibə ədəbiyyatı” termini hələ yaranmamışdır. Azərbaycan ədəbiyyatı türk təfəkküründən axib gələn əxlaqi-didaktik mövzulara toxunmaqla zərifliyi və incəliyi daima özünə mövzu seçmişdir. İkinci Dünya Müharibəsindən sonra müharibə mövzulu əsərlər sifarişlə də olsa yazılmış və süni şəkildə əsas mövzuya çevrilmişdir. Bu fikrimizi aşağıdakı faktlar sübut edir:

Ə.Bağırzadə Azərbaycanlıların ikinci dünya müharibəsində iştirakının bədii təcəssümunun statistikasını bu cür yazır: “Yazıçı və şairlər Azərbaycan oğullarının cəbhədəki əsgəri rəşadətini, arxa cəbhə qəhrəmanlarının fədakar əməyini tərənnüm edən onlarla əsər yazmışdılar.

Cəbhə üçün Azərbaycan yazıçılarının 12 külliyyatı, cəbhəçi şairlərin xüsusi şeirlər toplusu çap edilmişdi. Müharibənin ilk ilində ordu hissələrinə Azərbaycan dilində 172 adda 247 min nüsxə kitabça, 106 adda 736 min plakat, 66 adda 813 min vərəqə, 213 adda 11898 min şüar göndərilmişdi.” (1.səh.379)

Bu cür statistikalara meyil edilməsi onu göstərir ki, rejim ədəbiyyatı dövlətin ideologiyası üçün bir növ zorlamışdır.

Lakin nə qədər güclü təsirlər və yuxarıdan gələn sifarişlər olsa da, əsil ədəbiyyat heç bir zaman ölmür. Əsil ədəbi mətn nümunəsi üçün bu gün yaddaşlarda qalan İsa Hüseynovun- Muğannanın “Tütək səsi”, “Saz”, İsmayıl Şıxlının “Cəbhə gündəlikləri”, İmran Qasımovla, Həsən Seyidbəylinin birgə qələmə aldıqları “Uzaq sahillərdə” əsərləri bu gün də demokratik Azərbaycan oxucusu üçün maraqlı və təravətlidir. Düşünürəm ki, “Uzaq Sahillərdə” romanı Azərbaycan ədəbiyyatında müharibə və döyüş səhnələrinin qələmə alındığı ilk əsərlərdəndir.

Və 1990-cı illər

Bu dövr Azərbaycan tarixində Azərbaycan xalqının yenidən öz müstəqilliyinə qovuşması ilə ən şanlı səhifələrindən olsa da, qonşu Ermənistanın Sovet hökumətinin yıxılmasından və qarmaqarışıqlıqdan istifadə edərək Sovet-Rus ordusunun köməyi ilə Azərbaycan torpaqlarını işğal etməsi və bu zaman tökülən qanlarla, qırğınlarla, faciələrlə ən ağrılı tariximiz kimi yaddaşımızda həkk olundu.

Azərbaycan torpaqlarını işğal edən Ermənistanla Azərbaycan arasında başlamış Qarabağ müharibəsində atəşkəsin élan edilməsindən iyirmi il keçir. Bu müharibə nəticəsində yüzminlərlə insane yurd-yuvasından didərgin düşdü, faciə yaşadı və hələ də yaşamaqdadır.

Müharibə nəticəsində övladını itirən analar, atasını itirən körpələr, qardaşını itirən bacılarla bərabər uşaqlıq və gənclik duyğusundan məhrum olub, psixoloji zərbələr alan və problemlərlə böyüyən minlərlə gənc var.

Atəşkəsin élan olunmasından illər keçməsinə baxmayaraq Azərbaycan ədəbiyyatında müharibənin fəlsəfi və ideoloji tərəfini əks etdirən sənət əsərləri yaranmış və yaranmaqdadır. İnsan duyğularını birbaşa ifadə edən şeirdə bu mövzu lazımi qədər işlənsə də, romançılıq baxımından vəziyyət o qədər də ürəkaçan deyil. Əsərlərin böyük əksəriyyəti problemi deyil, duyğuları ifadə edir. Azərbaycan xalqı hələ də müharibə şəraitində yaşayır. Torpağımızın iyirmi faizi işğal altındadır. Bu isə o deməkdir ki, ədəbiyyatımızda müharibə mövzusu önəmli olmalıdır.

Ədəbiyyat insan ruhunu tərbiyələndirməyə xidmət etdiyi üçün, millətin mənliyinin, qürurunun, böyüklüyünün və qurulacaq gələcəyinin yönləndirilməsi baxımından ciddi əhəmiyyət kəsb edən peşələrdəndir.

Tarixi həqiqətlər bəzən tarixi əsərlərdən daha çox, sənət əsərlərində gizlənir. Çünki tarixi yazanlar hadisələri hər hansı siyasi quruluşun sifarişi ilə, ya da tərəfdarı olaraq qələmə alır. Fəqət ədəbiyyat insanı öyrəndiyi üçün, hadisələrə obyektiv baxmağa çalışır. Milli təəssüb siyasətini daha üstün tutan yazarlar belə, sətrlər arasında həqiqəti əks etdirməkdən vaz keçə bilmir.

“Siyasi həqiqətin insan ruhunda qurduğu tələni ortaya çıxaran vasitələrdən biri olan ədəbiyyat, müharibənin məhv etdiyi və ya şikəst qoyduğu fərdlərin və toplumların iztirablarını, əziyyətlərini, onların başına gələnləri şeir və roman başda olmaqla müxtəlif janrlarda ələ alar və işləyər. Ədəbiyyatın funksiyası bu olmasa da, mövzu olaraq seçər və maarifçilik cəhdi ilə boynuna çəkdiyi bu vəzifəni müharibəsiz dünya arzusuyla qələmə alar.” (2)

Bu gün Azərbaycan ədəbiyyatında Qarabağ müharibəsi mövzusunda yazılan əsərlər həm kəmiyyət, həm də keyfiyyət baxımından heç də ürək açan deyil. Çünki bir milyondan çox qaçqının olmasını, iyirmi fazidən çox torpağın işğal edilməsinə vəsilə olan bir müharibədən yazmamaq və ya ötəri toxunmaq bir xalqın yazarları üçün heç bir halda xoş ola bilməz. Gərəkdir ki, yazıçılarımız bu mövzuda şah əsərlər yarada, xalqı ruhlandıra, xalqın damarlarındakı qanı coşdura. Yenə də deyirəm təssüf ki, bu belə olmadı. Son dövrlər bu mövzuya qayıdış başlasa da, hələ də ədəbi mənzərə ürək açan deyil. Müharibənin getdiyi dövrlərdə böyük həcmli əsərlərin yazılması mümkün deyildi. Lakin atəşkəs elan olunduğu ildən təqribən 20 il keçir və torpaqlarımız hələ də düşmən işğalı altındadır. Lakin bu dövlrədə Azərbaycan ədəbiyyatının 60-cılar deyilən nəsli bu mövzuya girə bilmədi. Yetişməkdə olan 80-90-cı illər ədəbiyyatın nümayəndələri də ya müharibənin ağrı acısı ilə, ya güzəran çətinliyi ilə üzləşdiyi üçün, ya da müharibənin xaotik abu-havasını yaşadıqları üçün bu mövzularda yazmağı tam istədikləri kimi bacarmadılar. 2000-ci illərdə yetişən gənclik isə Avropada gedən ədəbi proseslərin kor-koranə aşiqi olub özlərini yenilikçi və ya postmodernist adlandıraraq, tamamilə Azərbaycan-türk ənənələrinə yad olan mövzulara toxunur, qələmlərini yad ideologiyalara çalışdırırlar sanki. Bəlkə də, bu ədəbiyyatın azadlığıdır. Lakin heç bir azadlıq milli dəyərləri tapdalamamlıdır.

Bugünkü ədəbiyyatın aparıcı qüvvəsi olan gəncliyin bədii əsərlərini, bədii əsərlərə yazdıqları tənqidi yazıları, müəyyən aiditoriyada etdikləri çıxışları oxuduqda və ya dinlədikdə ilk ağlımdan keçən bu olur ki, bugünkü Azərbaycan ədəbiyyatı atasız bic uşaqlar kimi böyüyür. Bu zaman da bir neçə sual çıxır ortaya: “Bunun günahı kimdədir?”, “Bic uşaqların gic uşaqlardan üstün xüsusiyyətləri həddindən çox deyilmi?” və s.

Məncə günümüzdə ədəbiyyatımız bir lider, bir məktəb, bir cərəyan qıtlığı çəkir. Bunun səbələrindən biri də ədəbiyyatımızda, çağdaş yazıçıların, şairlərin arasında “avtoritet”in olmamasıdır. “Avtoritet”in olmaması isə ədəbiyyatın özbaşına inkişaf etməsinə səbəb olur. Kimlərsə düşünəcək ki, indi mən ədəbiyyatın başında durub yazıçıları idarə edən, yönləndirən axtarıram. Və ya mayası azadlıqla yoğrulmuş ədəbiyyata dictator tapmaq arzusundayam. Qətiyyən, belə fikrim yoxdur. Amma ədəbiyyatı izlədikdə bu cür qənaətə gəlirik. Bəzi tənqidçilər gənclərlə klassiklər arasında qütbləşmə var deyəndə az qalıram sevinim. Amma vallah bu qütbləşmə də nəyinsə ətrafında olur axı. Deməli, qütbləşmə də yoxdur. Qütbləşmə “Mollanəsrəddinçilərlə” “Fyuzatçılar” arasında idi. Həm də bu xeyirli qütbləşmə idi.

Ədəbiyyatı atasız qoyan, atalıq borcunu layiqincə yerinə yetirməyən, ata olmağa layiq olmayanlar bu gün çağdaş ədəbiyyatımızın bic uşaq kimi böyüməsində ən böyük günahkarlardırlar. Çünki qələmlərini gəncliyin haqlı, haqsız ittihamlarına qarşı qalxan edə bilmirlər. Bu yaşlı nəslin, dünya ədəbiyyatından 3-5 yazıçının adını əzbərləyib sağda, solda dahi kimi görünmək üçün istifadə edən gənclərdən zəif olduqları demək deyil. Bunun səbəbi “özü lum-lum udub, batində, amma dediyi mənaya bir bax” fəlsəfəsinin ortadakı təzahürüdür. Hədyan danışan uşağın ağzının üstündən bir sillə vurub: “kəs səsini”, demək üçün Hüseyn Cavid kimi, Mirzə Cəlil kimi, Əhməd Cavad kimi, Xəlil Rza Ulutürk kimi, Bəxtiyar Vahabzadə kimi haqqın olmalıdır ki, sonra da onun əlindən tutub istədiyin yerə aparasan, yönləndirəsən.

Bu mövzuya müraciət edənlərin qıtlığını duyan Azərbaycan mətbuatı konkret olaraq “Yeni Müsavat” qəzeti 2010-cu ildə yazarlar arasında bir soruğu keçirib. Sorğunun sualı isə bu cürdür: “Qarabağ mövzusunda əsərlər yazılsın, ya yox?” Göründüyü kimi sualın qoyuluşu belə bu mövzuya münasibəti ifadə edir. Verilən cavablar isə ondan daha ağırdır.

“Suala cavab verən yazıçı Səlim Babullaoğluya görə “son dövrlərdə Qarabağ mövzusunda qələmə alınan əsərlər “Hərb və sülh” səviyyəsinə çatmayıb. Yazıçının fikrincə, buna səbəb Azərbaycanın hələ qeyri-müəyyən situasiyada olmasıdır. Yəni, “müharibə həm var, həm də yoxdur”: “Əgər yazıçı, şair yaşadığı situasiyanı bilmirsə, o nə yazacaq? Azərbaycanda bir çox əsərlər plakat xarakteri daşıyır və şair kimi məni qane etmir, ürəyimi bulandırır, bu da onu göstərir ki, bizdə müharibəyə münasibət doğru deyil. Sovet dövründə qələmə alınan Süleyman Rüstəmin ”Ana və poçtalyon” və Konstantin Simonovun “Gözlə məni” əsərlərini yadınıza salmaq istəyirəm. Mən bu əsərləri qiymətli hesab edirəm”.

Yazıçı, şair, publisist Rəşad Məcid “Yazarlarda bir depressiya, stress, ruh düşkünlüyü var” deyir. Sonra isə əlavə edir: “ekspertlər Böyük Vətən Müharibəsinə həsr olunan əsərlərlə Qarabağ mövzusunda yazılan(və yazılmayan) əsərləri müqayisə etməyi düzgün saymır. Ümumi rəy belədir ki, birinci müharibə iki ideoloji tərəf arasında baş verib, nəticədə Rusiya və keçmiş qardaş ölkələr qalib duruma düşüb. Hökumət isə bu ideoloji sahəyə böyük sərmayə qoyduğu üçün ortaya güclü bədii nümunələr çıxıb. İndi isə… Hələ ki, müharibə bitməyib…”

Tanınmış yazıçı Seyran Səxavətin isə məsələyə baxışı fərqlidir. “Mən bütün ərkim keçən yaradıcı ziyalıların hamısından əvvəl xahiş, sonra da tələb edirəm, Qarabağ mövzusunda heç nə yazmasınlar. Çünki mən bütün varlığım qədər inanıram ki, bu gün Qarabağ mövzusu yazıçılardan daha çox, dövlətin, müdafiə nazirinin, ümumilikdə bütün xalqın mövzusudur. Mən sabah bir roman yazım, azdan-çoxdan fantaziyam da var, bir azərbaycanlı obrazı yaradım, bir ucdan qırsın erməniləri… Bu, absurd bir şeydir. Biz kimi aldadırıq? Ona görə də mən bütün dostlarımdan xahiş edirəm ki, Qarabağdan heç nə yazmasınlar. ”

Naşir Şahbaz Xuduoğlu isə bir naşir gözü ilə baxır məsələyə: “Hesab edək ki, hökumət bu sahəyə maliyyə ayırdı, yazıçılar da bir-birindən maraqlı əsərlər yazmağa başladılar. Bəs Azərbaycan oxucusu? Onların bu mövzuda yazılan əsərlərə marağı, tələbatı varmı?”
O hesab edir ki, “Qarabağ hadisələrinə qədər bu mövzuda yazılanlar Qarabağ hadisələrinin yanından ötüb. Ədəbiyyat bir nəfərin faciəsini daha ustalıqla yaza bilir, nəinki bir ölkənin. Statistik məlumatlar əsasında yaranmış ədəbi nümunələr var ki, bu, oxucu marağına səbəb olmur. Bu hadisələrdən zərər çəkmiş insanların yazdıqları isə daha çox onların yaxın çevrəsi üçün maraqlı olur. Qaçqın həyatı, Qarabağ ədəbiyyatı özünə yer tapa bilməyib. Oxucu Qarabağ mövzusunda dinamik mətn axtarır.” (3)

Lakin 2005-ci ildən sonra sanki Azərbaycan yazıçılarında bir oyanış hiss olunur. Çünki milli düşüncənin xaotik durumdan çıxaraq yenidən bərqərar olunması, Qarabağ müharibəsi mövzusunun ədəbiyyata gəlişinin işartılarını göstərmiş olur.

2013-cü ildə modern.az saytının apardığı digər bir sorğuda Qarabağ müharibəsi mövzusunda yazılan əsərlərin bədii keyfiyyətindən danışılır. Çünki yazılan romanların dünya ədəbiyyatı ilə ayaqlaşıb-ayaqlaşmaması artıq mövzuya çevrilib. Əslində bu sorğunun aparılması yuxarıda qeyd etdiyim kimi, müharibə mövzusuna ehtiyacın olduğundan xəbər verir və oxucunun tələblərinə cavab verib-verməməsi mövzuya çevrilmişdir.

“Filologiya elmləri doktoru, ədəbi tənqidçi Vaqif Yusiflinin fikrincə “Aqil Abbasın “Dolu “ romanı, Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə” romanı, və s. göstərə bilərik. Amma ümumilikdə 1988-ci ildən bu yana baş verənləri, müharibəni tam, dolğun şəkildə heç bir əsərdə görmürəm”.

“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs isə yazılan əsərlərin ədəbi mətn olmamasından gileylənir: “Bu əsərlər bir qarış işğal altında olan torpağı azad etməyib. Əvəzində ədəbiyyatın ərazilərini işğal edib. Bu cür mövzularla ədəbiyyata gəlib Yazıçılar Birliyinin üzvü olan xeyli adamlar var. Qarabağ barədə yazılan əsərlər öncə ədəbiyyatın, sonra isə Qarabağın, vətənin meyarlarına cavab verməlidir. Amma Qarabağ mövzusunda yazılanlar ədəbiyyat meyarlarına cavab vermir.”

Gənc yazıçı Qan Tural “Yazıçılar qınanır ki, Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunda əsərlər yazılmır. Amma baxıb görürük ki, bu mövzularda yazılmış ədəbiyyat nümunələri digər mövzuda yazılanlardan əhəmiyyətli dərəcədə çoxdur. Lakin bu əsərlərin əksəriyyətini ədəbiyyat aləmində nüfuzu və qabiliyyəti olmayan adamlar tərəfindən yazılır. İki-üç səhifəni vərəqləyərkən hiss olunur ki, bu əsərləri eyni xüsusiyyət birləşdirir. Yəni ilk növbədə humanist yanaşma çatışmır, həddindən artıq pafos, ermənilərin birmənalı şəkildə əclaflığı, Azərbaycanlıların isə ancaq məsumluğu əks olunur. Müharibələrə aparan sosial səbəblər və ictimai nəticələr açılmır.
Şair Qismətin gəldiyi qənaət isə bu cürdür: “90-cı illərdən bu tərəfə Qarabağ mövzusunda yazılan əsərlərdə həddən artıq plakatçılıq, şüarçılıq var. Ağrı-acıdan qismən də olsa, uzaqlaşıb düşüncəli şəkildə məsələnin praktik yönünü ifadə edən məsələlərə toxunmaq lazımdır. Aqressiv şüarçılıq ifadə edən əsərlər bədii cəhətdən o qədər də yüksək keyfiyyətə malik deyil. Amma bəzi yaxşı nümunələr də var. Şərif Ağayarın yazdığı hekayələr və son romanını buna misal göstərmək olar. Aqil Abbasın “Dolu” romanı da çox maraqlıdır.” (4)

Bütün bu deyilənlər Azərbaycan ədəbi mənzərəsinin bir növ göstəricisidir. Gördüyümüz kimi, tənqidçi, yazıçı, oxucularımız bu mövzuda əsərlərin ya olmamasından, ya bədii keyfiyyətlərinin aşağı səviyyədə olmasından narahatdırlar. Sual oluna bilər, doğrudanmı, Azərbaycan ədəbiyyatında Qarabağ müharibəsindən yazılan romanlar bu qədər qıtdır? Doğrudanmı, yazılan əsərlər bu qədər zəifdir? Düşünürəm ki, adlarını sadaladığım tənqidçilər, yazarlar bəzən başlarını öz pənəcərələrindən çıxarmırlar. Və sadəcə yan-yörələrində gedən prosesləri müşahidə etməklə qənaətlənirlər. Çünki yazılan əsərlər var. Düzdür, onların poetikası o qədər zəngin olmasa da, az-çox yazılan əsərlərin təbliği sahəsində də ciddi problemlər var. Azərbaycan ədəbiyyatında yaşanan problemin ən böyüyü qütbləşmlərin olmasıdır. Diqqətinizə yazılan bir neçə əsəri və onların Qarabağ mövzusna münasibətini çatdırmaq istərdim:

İsa Muğannanın “Qəbirstan”, Sabir Əhmədlinin Qarabağ trilogiyası “Axirət sevdası”, “Kef”, “Ömür urası” Aqil Abbasın “Dolu”, Şəmil Sadiq və Müşfiq Xanın “Umidlərin izi ilə”, Hüseynbala Mirələmovun “Yanan qar”, Orxan Fikrətoğlunun “Tək”, Cingiz Abdullayevin “Əclaflarin qanunu”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs”, Sərdar Aminin “Qaratoyuq nəğməsi”, Rasim Qaracanın “Qarabağ Dekameronu”, Seymur Baycanın “Quqark”, Nüşabə xanım Məmmədlinin “Zəngülə”, Yusif Əhmədovun “Torpağa tökülən qan”, Zaur Abdullayevin (Akifoğlu) ilk bədii əsəri olan “Qız və Qurd”, Şəmil Sadiqin “OdƏrlər” kimi romanları ədəbi-tarixi yaddaşımızı özündə əks etdirən, əldə olan bədii nümunələrdir.

Adlarını qeyd etdiyimiz romanların Qarabağ müharibəsinə yanaşmasını ümumiləşdirsək, aşağıdakı mənzərə ilə rastlaşarıq: müharibənin gedişində Azərbaycan xalqının Ermənilər tərəfindən zülmlərə düçar olmasını, müharibədə məğlub tərəf olsaq da, ayrı-ayrılıqda şücaət göstərən əsgərlərimizin igidliklərindən, müharibədən sonra qaçqın və köçünlərin yaşadıqları durumdan, müharibənin hər iki xalqa vurduğu mənəvi, psixoloji ziyandan, girovluq həyatı yaşamış azərbaycanlıların xatirələrindən, Sovet hokumətinin varisi olan Rusiyadan və dünya ictimaiyyətindən Azərbaycana qarşı bir tərəfli münasibətindən…

Adını çəkdiyim romanlardan “Ümidlərin izi ilə” romanının həmmüəllifiyəm. Bu romanda əsirlikdə olan azərbaycanlı qızın Fransa da tapılan bir gündəliyindən bəhs edilir. Əsərin qəhrəmanı -Azərbaycanın əsir düşmüş qadınlarının ümumiləşdirilmiş tipi Aytəkinin dilindən əsirlikdə ermənilər tərəfindən başına olmazın oyunların gətirilməsi, qürurunun tapdalanması, insan oğlunun təsəvvür belə edə bilməyəcəyi işgəncləri yaşadığı, gözünün qabağında anasının, nənəsinin, bacısının zorlanması və körpə qardaşı ilə birgə vəhşicəsinə öldürülməsi danışılır. Əsər MTN-in arxiv materialları və əsrilikdən olan qadınların xatirələri əsasında yazılmışdır. Nə qədər tarixi həqiqətləri əks etdirsə də, bu gün mən o əsərə görə bəzən utanıram. Əslində tarixi materialları toplayanda utandığım üçün əsərin həmmüməllifi Müşfiq Xanla birgə bu gerçəkliyi oxucuya çatdırmaq üçün çılpaqlığı ilə verməyi qərara aldıq. Çünki bundan artıq nə etməlidirlər ki, mənim-türkün əsəblərini tarıma çəksinlər. Lakin əsəri oxuyan ağsaqqallarımızdan biri bizi bu əsərə görə xeyli danladı. Onun fikrincə, bu cür əsərlər bir xalqı özünə güvənməsinə yardım etmir, əksinə onun gözünü qorxaqlığa, həmişə əzilməyə layiq olduğuna, zəif, gücsüz, qürursuz bir gənclik yetişdirməyə xidmət edir. Düzdür, əsərin sonunda sevgilisi, Aytəkini müharibədə itirən mayor Ramilin apardığı gizlin əməliyyat həqiqəti üzə çıxarır. Aytəkinin yaşadığı bəlalara, işgəncələrə baxmayaraq, sonuna qədər vətəninə xəyanət etməməsi, bacısının yaşaması üçün ermənilərin bütün işgəncələrinə dözən qəhrəmanın, sonda vətəninə görə ondan və özündən vaz keçməsi Azərbaycan gəncliyində öz milləti ilə qürur duymasına, əzilsək də, yıpransaq da, vətən namusu və qeyrəti mövzu olduqda yenidən dirçəlib mənliyimizi qurtarmaq kimi hisslərimizin olduğunu anladır. Lakin buna baxmayaraq, torpaqları işğal altında olan bir xalqın ədəbiyyatı sadəcə qəhərəmanlar yaratmalı, onların şücaəti ilə gənclikdə bir ruh yüksəkliyi aşılamalı, qurtluşunun mübarizədən keçdiyini incə, zərif yollarla ifadə etməlidir. Elə buna görə də “Ümidlərin izilə” romanından sonra “OdƏrlər” əsərini qələmə aldım.

“Şöhrət” ordenli yazıçımız Aqil Abbasın 2008-ci ildə yazılmış, “Dolu” romanı (2012-ci ildə eyniadlı ssenari əsasında film çəkilib) ədəbiyyatımızda haqqında ən çox danışılan, yazılan “Qarabağ” müharibəsinin gerçəkliklərini özündə əks etdirən, məhz müharibədən dolğun şəkildə bəhs edən əsərlərimizdəndir.

Yazıçı-publisistin “Evləri köndələn yar”, “Ən xoşbəxt adam”, “Batmanqılınc”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, kimi maraqlı əsərləri olsa da, “Dolu” romanını onun yaradıcılığının zirvəsi hesab etmək olar. Çap olunduğu gündən roman haqqında müxtəlif səpkili fikirlər səsləndirilir, ədəbi-tənqidi yazılar, təhlillər yazılır. Romanı tənqid edənlər çox olsa da, L. Tolstoy kimi nəhəng yazıçının dünyaca ünlü “Hərb və Sülh” romanı ilə müqayisə edənlər də var. Qısacası, Roman müharibə dövrünün gerçəkliklərini əks etdirmək və bu günki gəncliyi qəhrəmanlığa, vətənpərvərliyə səsləmək baxımından çox önəmli əsərlərdən biridir. Mövzu olaraq Qarabağ müharibəsinin seçilməsi, müəllifin vətəndaş olaraq narahatlığının, nigarançılığının göstəricisidir.

“Dolu” romanının uğurlu xüsusiyyətləri kifayət qədər çoxdur. Romandakı ayrı-ayrı səhnələr, süjet keçidləri, obrazlar, əsərin dili, dinamikası, mövzunun aktuallığı yazıçının uğurlu yanaşmasının məhsuludir.

Müəllif Qarabağ müharibəsinin gerçəklərinə özünəməxsus tərzdə işıq tutur.

Əsər iki hissədən ibarətdir. Olduqca dinamik bir dillə qələmə alınmış birinci hissədə “Dünyanın Ən Varlı Şəhəri” – Ağdam və onun ətrafında gedən döyüşlər, Ağdamda təşkil edilmiş özünümüdafiə batalyonu, könüllülərin “Vurğun Vurmuş Cavanlar”ın torpağı uğrunda döyüşmələri və şəhid olmaları, “Dünyanın Ən Varlı Şəhəri”nin Sovet dövründəki vəziyyəti təsvir olunub. Birinci Qarabağ müharibəsinin atəşkəslə başa çatmasından sonrakı dövrü əhatə edən ikinci hissədə isə “Dünyanın Ən Varlı Şəhəri” işğal altında olan ağdamlıların çadır şəhərciklərində yardım ümidinə yaşamaları, Komandirin müharibədən sonrakı keşməkeşli həyatından bəhs edilir.

Müəllifin yaxın tariximizi diqqətlə və peşəkar yazıçı müşahidəsi ilə izlədiyi bütün əsər boyu nəzərə çarpır. Müəllifin “Dolu”nu “Qarabağ haqqında salnamə” adlandırılması kifayət qədər həqiqətə uyğundur. “Dolu”da Qarabağ müharibəsinin həqiqətləri şillə kimi üzümüzə çırpılır.

Aqil Abbas “Dolu” romanında rus riyakarlığını və vicdansızlığını, erməni vəhşiliyini necə ustalıqla qələmə alıbsa, Azərbaycan türklərinin hətta müharibə şəraitində belə insanlıqdan, bəşəri dəyərlərdən uzaqlaşmadığını ustalıqla qələmə ala bilib. Aşağıda verəcəyim nümunə türk əsgərini hətta döyüş şəraitində belə ermənilərə bənzəmək, onlar kimi vəhşi və şərəfsiz olmaq istəmir:

“Döyüşlərin birində əllərinə bir erməni qızı düşmüşdü. İntiqam eşqindən gözlərini qan tutmuş uşaqlar qızı zorlamaq istəmişdilər… Bəlkə də uşaqlar bu qızı güllələsəydilər fərqinə varmazdı, amma zorlanmasını qəbul edə bilməmişdi. Və qızcığazı kolluğa basmaq istəyən uşaqları saxlamışdı:

– Dəyməyin!

Araya mübahisə düşmüşdü.

– Bəs onlar bizimkiləri zorlaya bilər?!

– Biz erməni deyilik!”

Nəzərinizə çatdırım ki, müəllif müharibənin birbaşa iştirkçısı olmuş, bu cür hadisələri öz gözü ilə görmüşdür. Azərbaycan xalqı, ordusu, Xocalı kimi bir faciəni yaşasa, nəin ki, müharibədə, heç bədii əsərində də özünü erməniyə bənzətməkdən uzaq düşüncədədir.

Romanda maraqlı detallardan biri də “Dünyanın Ən Varlı Şəhəri”nin, ağdamlıların Türkiyəyə, türk ordusuna olan sonsuz inamı və bu inamın sarsılmasıdır. Sözsüz ki, Qarabağ müharibəsində Türk insanı bacardıqca xalqımızın yanında olub, ona dəstək verib, öz yardımını göstərib. Ancaq sadə insanlar siyasi şəraiti nəzərə almadan Türkiyədən, öz qardaşlarından daha böyük dəstək gözləyirdi. Çünki Türkiyə bütün türk xalqları kimi, azərbaycanlıların da nicat yeri idi. Hər kəs bu qeyri-bərabər müharibədə 1918-ci ildəki kimi Nuru paşa, Ənvər paşa kimi qəhrəmanların ölkənin dadına çatacağı ümidində idi. Əsərdə müəllif azərbaycanlıların ümidlərinin puça çıxmasını ürək ağrısı ilə qeyd edir. Çarəsiz qalmış ana əsərin qəhrəmanı oğlu Pələngdən soruşur:

– Bala, bəs bu türklər niyə gəlmirlər?

– Gəliblər, ay ana, gəliblər!

– Allah, sənə şükür. Bəs qurban olduqlarım hardadı?

– Bakıda dönərxana tikirlər.

– Dönərxana nədi, a bala?

– Dönərxana?! Avtomat zavodu.

– Ayaqlarının altında ölüm! Onlar olmasa, ermənilər çoxdan bizi qırıb qurtarmışdı.”

Və bir anda bütün şəhərə səs yayıldı:
-Türklər uşaqlara pul göndəriblər…
– Deyirlər özləri də gəlir…
– Di gedin, erməni köpəyoğlu! Elə bilirsiniz qardaşlarımız bizi tək qoyacaqlar…
Və İkinciyə xəbər çatdı ki…
… Batalyonun həyətində Türkiyənin bayrağını qaldırıblar!
… Batalyonun həyətində qaldırılan isə Türkiyənin bayrağı deyildi, Drakonun Pələngin qanına hopmuş köynəyiydi…”

Göründüyü kimi, Azərbaycanın ağır durumunda ölkəyə iş məqsədilə gələn təriqətçilər, işbazlar qınaq obyektinə çevrilir. Sadəlövh azərbaycanlı qadının türk ordusunun köməyə gələcəyinə nə qədər inandığını görürük. Təəssüflər olsun ki, 1992-ci ildə Azərbaycana gələn kiçik alverçilər bu gün böyük holdinqlərin, təhsil şəbəkələrinin sahibləridir. Burda ümumilikdə türk ordusuna olan inam və etibarla yanaşı “uman yerdən küsərlər” prinsipi də öz əksini tapmışdır. Lakin sadə azərbaycanlının qəzəbdən doğan “Bakıda dönərxana tikirlər” ifadəsi belə qardaş münasibətdir. Lakin rəsmi də olmasa Birinci Qarabağ müharibəsində könüllü türk qardaşlarımız bizimlə çiyin-çiyinə döyüşüb və şəhid olublar.

Müəllif Qarabağ müharibəsinin uduzulmasında təkcə dünyanı, qardaş türkiyəni günahlandırmır. Hələ də rusların qayıtmasını gözləyən, ironik şəkildə simvolik olaraq adlandırdığı fırıldaqçı “At Belində Olan Adam”ın müharibədə şücaət göstərən Drakonu şəxsi prinsipləri üçün oldürtmək istədiyi üçün cəsarətli Pələngə bir çanta pul verməsi o dövrdəki tarixi həqiqətləri ortaya qoyur. Siyasi başıpozuqluq Azərbaycan ordusunun vahid əmr altında döyüşməsinə böyük əngəllər yaradır, könüllülər batalyonunda tez-tez düşən çaxnaşmaların da torpaqlarımızın işğal olunması səbəbləri kimi göstəriri. Pələng ona təklif edilən iyrənc təklifi- pulu alsa da məqsədi Drakonu öldürmək deyil, pulla ehtiyacı olanlara kömək etmək, qalan məbləği isə könüllülərə vermək fikrnə düşür. Anası bu pulun hardan alındığını soruşanda o, həqiqəti deyə bilmədiyi üçün sadədil və safqəlbli anasını aldatmağa məcbur olur:

“- Bu nədi, ay bala? Oğurluq eləmisən?- dedi və halsız düşdü çarpayıya.

– Oğurluq nədi, ay ana?! Bakıdan göndəriblər, batalyonun puludu.- amma gördü anası inanmadı, and içdi;- Seyid Lazım ağanın cəddi, batalyonun puludu.

Anası yenə inanmadı:

– Denən Həzrət Abbas haqqı!

– Həzrət Abbas haqqı! İndi inandın? – Sonra “türk” adı gələndə çiçəyi çırtlayan anasını həm rahatlatmaq, həm də sevindirmək üçün dedi; – Türklər göndərib.

Anasının gözləri alacalanıb işıqlandı:

– Buy, onlara qurban olum! Buy, onların başına dolanım!”

Təbii ki, Pələngin anası oğlunun kinayəsini başa düşmür və sadəlövhlüklə türklərin köməyə gələcəyinə inanır. Pələngin ölümündən sonra həmin çantanı Komandirə təqdim edir və türklər tərəfindən göndərildiyini deyir. Bu, bir daha onu göstərir ki, bu gün kimlərinsə bu bir millətin arasına təfriqə salmaq arzusunu məhv edir. Analarımızın, atalarımızın qanında qardaşa inam və etibar heç bir zaman ölməmişdir. Bu indi də davam edir.

Yazıçı Cəlil Cavanşir “Dolu” romanı haqqında yazır: “Əsər bədii cəhətdən də uğursuz hesab oluna bilməz. Obraz və xarakterlər, təhkiyə, dil, üslüb, bədii təsvir, deyimlər, müşahidələr olduqca maraqlıdır. Müəllifin peşəkarlığı, xüsusilə romançı kimi dinamik dili əsəri olduqca oxunaqlı edir. Bəzən məntiqi bağlılıqlar oxucunu heyrətləndirir. Obrazların xarakterini açmaq üçün yazıçının peşəkarlığı kifayət qədər yetərli olduğundan əsər oxucunu təsirləndirir, silkələyir.” (5)

Aqil Abbasın “Dolu” romanı bir çox məziyyətlərinə görə dövrün salnaməsi hesab edilə bilər. Yazıçı əsəri hadisələrin baş verdiyi dövrü hadisələrin canlı şahidi kimi ustalıqla və peşəkarlıqla qələmə alıb. Ən əsası odur ki, döyüş səhnələri ilə bol olan bu əsər, bəlkə də müstəqillik dövrümüzdə savaş, döyüş romanlardan birincisidir.

Yazıçı-jurnalist Zaur Akifoğlunun “Qız və Qurd” romanı öz sujet xətti ilə və hadisələrə fərqli baxışı ilə çox maraqlı əsərlərdədnir. Aqil Abbasın “Dolu” romanı müharibədə əziyyət çəkən insan talelərindən və siyasi proseslərdən bəhs etsə də, “Qız və Qurd” romanı insanla təbiətin vəhdətdə olduğunu və qanlı müharibələrin insanla bərabər təbiətə də vurduğu zərbələrdən danışır. Müharibənin təkcə bir millət üçün yox, bəşəriyyət üçün, kainat üçün təhlükə olduğu fikrini ana xətt kimi götürür. Biz bu əsərdə bir kiçik, kimsəsiz, türk qızın taleyi ilə təbiətin taleyini qarşılaşdırır. Buna baxmayaraq əsərdə təbiət-Qurd əsərin baş qəhrəmanıdır.

Əsərdə Qarabağ müharibəsinin fonunda əsərin əsas obrazı olan Qurdun-təbiətin də işgəncələrə düçar olduğu bəlalarla erməni işğalçılarının başına min bir oyun açdığı, yurdsuz, yuvasız, kimsəsiz buraxdığı azərbaycanlı uşaqların ümumiləşdirilmiş tipi Nigarın qarşılaşdırılması heç də təsadüfi deyil. Əflatun Amaşova görə, “Zaurun yaratdığı dördayaqlı obrazı daha kamildir, indiyədək təqdim olunanlardan kifayət qədər fərqlidir. O, adi obraz deyil, qədim Türk xalqlarına məxsus bəşəri keyfiyyətləri özündə əks etdirən rəmzdir – Boz Qurddur. Nigar ömrünün son anlarını yaşamasına baxmayaraq nicat əlini canavara uzadır, onu buxovlardan azad edir. “Qurd” çağırmaqla tərəf müqabilinə həyat eşqini, mübarizliyi qaytarır. Bir vaxtlar Türk övladına işıqlı dünyaya yol göstərən Boz Qurda indi xeyirxahlığının əvəzi qayıdır. Təsirli səhnənin iştirakçılarının ağıllarına da gəlmir ki, hər ikisi ermənilərin soyqırımı hədəfindədir. Biri Türk soyundan olduğuna, digəri Türkçülük rəmzi kimi qəbul edildiyinə görə. Hökmü kəsən isə Tanrıya, müqəddəs kitablardakı ehkamlara asi çıxan, “böyük pəhriz” dövründəki günahların bu rəmzin məhvi ilə yuyula biləcəyini təlqin edən kilsə keşişi Şmavon, icraçısı dağ batalyonu komissarı, dinc sakinlərin qatili Xaçik və onun buyruğunu yerinə yetirənlərdir. Fikir, məqsəd konkretdir: “Rəmzlər olmayanda problem olmur”. (6)

Əsərdə azərbaycanlı qız kimi, Odlu silahlarla məhv edilən təbiətdən öz sürüsünü xilas etmək istəyən Qurd belə düşmənin hədəfindədir. İnsanlara yalnız türk olduğuna görə işgəncə verən, onları öldürən ermənilər Sibirdən mahir nişançı Frolu məhz Qurdu öldürmək üçün sifarişlə gətirmiş və buna görə muzd ödəmişlər. Gördüyümz kimi, əsərdə problemin qoyuluşu və məqsədə doğru inkişafı yazıçının arzusunun gerçəkləşməsidir. Elə oxucunun da.

Apardığımız tədqiqatın sonunda belə qənaətə gəlirik ki, Azərbaycan ədəbiyyatında, o cümlədən romanında Qarabağ mövzusuna müraciətin ürəkaçan olmamasının bir neçə səbəbi var:

-Birincisi Azərbaycanın Qarabağ müharibəsində məğlub olması,
-İkincisi, rejim dəyişikliyinin olması, yəni bir ictimai quruluşun, digər bir ictimai quruluşa keçid dövrü yaşandığı üçün yazıçılar arasında ədəbi varislik, sələf-xələf prinsipinin pozulması,
-Üçüncüsü, Azərbaycan yazıçısının öz oxucusunu itirməsi və bu gün oxucuların yazarlardan tələbinin olmaması,
-Dördüncüsü, Müstəqil Azərbaycan nəşriyyatlarının tam inkişaf etməməsi,
-Beşincisi, ədəbi tənqidin obyektiv olmaması, sadəcə dəstəbazlığa xidmət etməsi,
-Altıncısı isə dövlətin ədəbiyyatı bir ideoloji maşın kimi istifadə etmək cəhdinin olmaması. Adlarını qeyd etdiyimiz və haqqında danışdığımız romanların Qarabağ müharibəsinə yanaşmasını ümumiləşdirdikdə: müharibənin gedişində Azərbaycan xalqının Ermənilər tərəfindən zülmlərə düçar olmasını, müharibədə məğlub tərəf olsaq da, ayrı-ayrılıqda şücaət göstərən əsgərlərimizin igidliklərini, müharibədən sonra qaçqın və köçünlərin yaşadıqları durumunu, müharibənin hər iki xalqa vurduğu mənəvi, psixoloji ziyanı, girovluq həyatı yaşamış azərbaycanlıların xatirələrini, Sovet hokumətinin varisi olan Rusiyadan və dünya ictimaiyyətindən Azərbaycana qarşı bir tərəfli münasibətinin şahidi oluruq.

 

Açar sözlər:

 

Xülasə

Azərbaycan torpaqlarını işğal edən Ermənistanla Azərbaycan arasında başlamış Qarabağ müharibəsində atəşkəsin elan edilməsindən iyirmi il keçir. Bu müharibə nəticəsində yüzminlərlə insan yurd-yuvasından didərgin düşdü, faciə yaşadı və hələ də yaşamaqdadır.

Atəşkəsin elan olunmasından illər keçməsinə baxmayaraq Azərbaycan ədəbiyyatında müharibənin fəlsəfi və ideoloji tərəfini əks etdirən sənət əsərləri yaranmış və yaranmaqdadır. İnsan duyğularını birbaşa ifadə edən şeirdə bu mövzu lazımi qədər işlənsə də, romançılıq baxımından vəziyyət o qədər də ürəkaçan deyil. Əsərlərin böyük əksəriyyəti problemi deyil, duyğuları ifadə edir. Azərbaycan xalqı hələ də müharibə şəraitində yaşayır. Torpağımızın iyirmi faizi işğal altındadır. Bu isə o deməkdir ki, ədəbiyyatımızda müharibə mövzusu önəmli olmalıdır.

Ədəbiyyat insan ruhunu tərbiyələndirməyə xidmət etdiyi üçün, millətin mənliyinin, qürurunun, böyüklüyünün və qurulacaq gələcəyinin yönləndirilməsi baxımından ciddi əhəmiyyət kəsb edən peşələrdəndir.

“Qarabağ müharibəsi Azərbaycan romanında” adlı məqalədə Qarabağ mövzusunun ədəbiyyatımızdakı yeri araşdırılmış, İkinci Dünya Müharibəsinə ədəbiyyatın münasibətilə Qarabağ mhüaribəsinə münasibət müqayisə edilmişdir.

Summary

Twenty years have passed from the declaration of thecease-fire for Garabagh War between Azerbaijan and invader Armenia. As a result of this war thousands of Azerbaijani people were exiled from their native lands, were in tragedy and those tragedies are still continues.

Some works, that express philosophical and ideological aspects of that war, were created anda are still being created in Azerbaijan literature though some years have passed from the declaration of the cease-fire. In the human feelings directly expressed poetry this theme was mentioned enough but this situation is not heartwarming in prose. Most of the works don’t express problem, they emphasize emotions. Azerbaijani people are still living in war condition. 20 percent of our lands is occupied. That’s why war topic must be important in our literature.

Literature is one of the most important jobs because of cares education of human mind, routes the self-respect of nation, its greatness and creating future.

The position of Garabagh topic in our literature was searched, the attitude of literature to II World War and Garabagh war was compared in the “Garabagh war in Azerbajan Novel” named article.

Резюме

Прошло двадцать лет с момента провозглашения о прекращении огня между Азербайджаном и Арменией, оккупировавшей азербайджанские земли. В результате этой войны сотни тысяч людей были изгнаны из своих домов, они с трудностью пережили и всё ещё переживают эту ужасную трагедию. Несмотря на то, что прошли годы со дня провозглашения о прекращении огня, в Азербайджанской литературе созданы и создаются произведения искусства отражающие философские и идеологические стороны войны. В стихотворениях выражающие человеческие чувства эта тема достаточно использована, но с точки зрения романа состояние является неудовлетворительным. Большинство произведений выражают чувства, нежели проблемы. Азербайджанский народ все ещё живет в условиях войны. Двадцать процентов наших земель находятся под оккупацией. Это означает, что тема войны должна быть важной в нашей литературе. С точки зрения перенаправления величия и гордости, чувства собственного достоинства и будущего нации, литература является одной из важных направлений, которая служит для воспитания человеческого духа. В статье под названием “Карабахская война в Азербайджанском романе” была проанализирована Карабахская тема и её место в нашей литературе, а также были сопоставлены отношения литературы ко Второй Мировой и Карабахской войне.

 

Ədəbiyyat

1. Bağırzadə Ə. Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində. Bakı, 1970, səh. 379

2. Eyüp Azlal. “Savaşta Edebiyat Edebiyatta Savaş” (http://www.ayvakti.net)

3. “YAZIÇILAR “QARABAĞIN QARA BƏXTİ”ndən YAZMAĞA HƏVƏSLİ DEYİL” Sevinc Telmanqızı, “Yeni Müsavat” , 23.10.2010 (http://musavat.com)

4. “Qarabağ haqda yazılan əsərlər torpağı azad etməyib, ədəbiyyatı işğal edib”, Elmin Nuri, 25.01.2013 (http://modern.az)

5. “Dolu” Qarabağ döyüşləri haqqında yazılan ən yaxşı nəsr nümunələrindən biridir”. Cəlil Cavanşir. 01.02.2012 (http://edebiyyat.biz)

6. “Qız və Qurd” – əbədiyyət nəğməsi”, Əflatun Amaşov, “525-ci qəzet”.- 2011.- 1 iyul.- S.2. (http://anl.az)

 

 

 

 

 

 

 

 

 

Oxşar yazılar