Azərbaycan Elmi Elmi-pedaqoji

Quran, yoxsa GurÜn

Azərbaycan ədəbiyyatının böyük yazıçılarının olan İsa Muğannanın ömrünün sonlarında yazdığı əsərlərindən biri də “GurÜn” romanıdır. Bu roman üç hissədən: dil, din, elmdən ibarətdir.

GurÜn ədəbiyyatımızdakı magik əsərlərdən biridir. Hətta deyərdim ki, bu magiklik əsərin adından başlayır. Müəllif bütün əsərlərdə olduğu kimi, burda da dinlərin insanlara təhrif edilərək çatdırılması qənaətindədir. Çünki GurÜn ifadəsi səslənmə baxımından Quranla eyniyyət təşkil edir. Və ilk olaraq forma baxımından Quranın adının da təhrif ifadə olduğu qənaətinə gəlirik. Lakin daxili mənaya varanda əsl həqiəti anlamış oluruq. GurÜn sözünün mənası Uca səs, ilahi səs deməkdir. Quran da Tanrının səsi, sözüdür. “Zuxruf” surəsinin 3-4-cü ayələrinə diqqət yetirsək, GurÜn sözü ilə Quran sözlərinin mənasının eyni olduğunu görərik: “Biz bu kitabı bəlkə siz düşünəsiniz deyə ərəbcə olan bir Quran etdik”. “Həqiqətən, bu (Quran) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir”.
“”Quran” sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər səslənir:
  1. “Quran” söz heç bir sözdən alınmamışdır. Əvvələr istifadə olunmamışdır. Allah onu ilk dəfə olaraq bu asimani kitaba ad kimi nazil etmişdir. Necə ki, həzrət İsa (ə) və Musanın (ə) kitabının adını “Tövrat” və “İncil” qoymuşdur
    2. “Quran” sözü alınma sözdür və həmzəsizdir.
    a) “Quran” sözü “qarn” sözündən əmələ gəlmişdir və mənası “surələrin, ayələrin və hərflərin bir-birinə yaxın olmasıdır”.
    b) “Quran” “qarain” sözündən alınıb və mənası belədir: “Quranın ayələri bir-birinə bənzərdir, ayələr bir-birini təsdiqləyir və yozur”.
    3. “Quran” sözü alınma sözdür və həmzəlidir.
    a) “Quran” sözü “qar” sözünün cəm mənasını daşıyır. Ərəblər məsələn: “suyu hovuza yığdım” demək istədikdə bu sözdən istifadə edirdilər. “Quran” sözü cəm mənasını daşıyır. Yəni “Quran” bütün asimani kitabların səmərəsidir və onları özündə cəm edib.
    b) “Quran” tilavət mənasını daşıyır. “Quran” sözü əslində məsdər şəklindədir, burada “oxunulmuş, oxunulan” mənasındadır. Bu məna “kitab” sözünə bənzəyir. “Kitab” məsdərdir, lakin “yazılmış” mənasını daşıyır. ” (http://quranevi.az/)
Bəzi tədqiqqatçılar fikrincə isə “Quran” sözü Suryanicədəki, yəni Suriyanilərin istifadə etdikləri “kilsədə keçirilən dərs” mənası daşıyan karyənə sözündən meydana gəlmişdir.
Bu məqalədə məqsədimiz Quran kəliməsini hardan gəlməsini araşdırmaq deyil əlbəttə. Məqsədimiz İsa Muğannanın söz simvolikasının sistemsiz olmadığını nəzərə çatdırmaqdır. Müəllifin GurÜnü Uca Səs kimi izah etməsi də bunun sübutudur.
İstər İsa Muğanna yozumu ilə təqdim edilən GurÜn, istərsə də Quran ifadələrinin batini mənası eynidir. Hər iki ad İlahi sözü, ilahi səsi ifadə edir. Sadəcə bədii ədəbiyyatın daxili həqiqəti və magik realizmin yaratdığı imkanlar müəllifə şərait yaradır ki, öz yozumu ilə yanaşsın.
Professor Tahirə Məmmədin təbirincə desək, “GurÜn”lə İsa Muğanna Quranın, işığın, işıq övladlarının təliminin mahiyyətini açmağa və çatdırmağa çalışır. Yadda onun yozumlarından çox, yandırdığı çıraq qalır”. Həmin çıraq ki, bu gün qaranlığıa qərq olmuş dünyanın xilasını elmdə görür və həqiqətin, ədalətin elmin dərki ilə bərpa olunacağı qənaətindədir.

Oxşar yazılar