Repetitorluğun lisenziyalaşdırılması ideyası kökündən yanlış yanaşmadır.
Bir insan illərlə oxuyur, universitet bitirir, diplom alır, bilik və zəhmətinin qarşılığında öyrətmək hüququ qazanır. Belə olan halda, onun öz evində, öz kabinetində, öz şəxsi bilik və təcrübəsinə əsaslanaraq məşğələlər keçməsi üçün əlavə lisenziya tələb etmək nə hüquqa, nə məntiqə, nə də insanın azad seçim haqqına uyğundur. Bu, həm də müəllimlik peşəsinin mahiyyətinə hörmətsiz yanaşmadır.
Sertifikasiya məsələsinin gündəmə gətirilməsi isə daha da təəccüblüdür. Sertifikasiya işəgötürənin öhdəliyidir – o, öz əməkdaşını inkişaf etdirmək üçün daxili testlər aparır, təlimlər təşkil edir, nəticələrə görə qərarlar verir. Bəs repetitoru kim sertifikasiya edəcək? Məşğələyə gələn uşaqların valideyni? Yoxsa tələbənin özü? Axı bu fəaliyyət bazar münasibətidir: razılıq varsa, ödəniş də var, nəticə də var. Kimin harada və necə müəllimlik etməsini dövlət testlə yoxlaya bilməz. Bu fikir ciddiyyətini itirir, gülüş doğurur.
Unutmayaq ki, repetitorluq könüllü əmək münasibətidir. Heç kim heç kimi məcbur etmir ki, “mənim yanımda hazırlaş”. Tələb var, xidmət var – məsələ bu qədər sadədir. Repetitorluğu lisenziyalaşdırmaq o deməkdir ki, dövlət kölgə təhsilini rəsmiləşdirir, ona hüquqi forma verir. Bu isə nə qanunun, nə də sistemin mahiyyətinə uyğun gəlmir. Kölgə fəaliyyət rəsmiləşərsə, artıq kölgə olmur – bu isə açıq-aşkar paradoksdur.
Amma vergi məsələsi tamam başqa söhbətdir. Vergi nəzarəti gücləndirilə bilər, hətta gücləndirilməlidir də. Çünki repetitorluq, istəsək də, istəməsək də, sahibkarlıq fəaliyyətidir. Adam bilik satır – xidmət göstərir və buna görə də gəlir vergisi verməlidir. Mən tanıdığım neçə-neçə repetitor var ki, onlar illərdir vergi ödəyiciləridir. Bu, həm dövlətə hörmətdir, həm də öz fəaliyyətinə məsuliyyətli yanaşmağın göstəricisi. Əsl düzgün mexanizm də elə budur.
Lakin əsas məsələ tam başqadır. Heç bir lisenziya, heç bir sertifikat repetitorluğu aradan qaldıra bilməz. Çünki repetitorluq boşluqdan doğur. Orta məktəbin zəiflədiyi, qəbul sisteminin mürəkkəbləşdiyi, şagirdlərin müəllimdən daha çox “dəstə ilə” test həll etməyə yönəldiyi məqamda repetitorluq ayaqda duran yeganə dayağa çevrilir. Bu, problem deyil, problemin nəticəsidir. Səbəb içəridədir – məktəbdə, sistemdə, mexanizmdə.
Repetitorluq qəzalı bir binaya vurulan müvəqqəti dirək kimidir. O dirəyi götürməklə bina möhkəmlənmir. O binanı sökmək, əsasından düz tikmək lazımdır. Şagird məktəbdə aldığı dərsdən razı olsa, müəllim sinifdə şagirdi inkişaf etdirə bilsə, məktəb proqramı uşağı yormasa, repetitorluq da öz-özünə yox olacaq. Dayağı deyil, binanı düzəltmək lazımdır.
Və mən inanıram ki, Elm və Təhsil Nazirliyinin son illərdə atdığı addımlar – konsept yenilikləri, proqram dəyişikləri, müəllim əməyinə verilən qiymətin artması – bu “binanı” yenidən tikmək cəhdidir. Uzun illərdən qalan çatlar təkcə bir qərarla aradan qalxmır, amma ən azından niyyət görünür. Sistem dəyişdikcə, məktəb gücləndikcə, qəbul mexanizmi sadələşdikcə repetitorluq da təbii şəkildə azalacaq.
Repetitorluqla mübarizə aparmaq yox, təhsilin özünü sağlamlaşdırmaq lazımdır. Çünki bir ölkənin gələcəyi müəllimin gücündən, məktəbin dayanıqlığından, uşağın aldığı təhsilin keyfiyyətindən başlayır. Dayaqları qırmaq asandır; çətin olan binanı yenidən və möhkəm tikməkdir.


