Xəbərlər

Şəmil Sadiq BDU-nun Jurnalistika fakültəsində.

Aprelin 10-da Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

Tədbiri fakültənin dekanı Vüqar Zifəroğlu açaraq Şəmil Sadiqin yaradıcılığına qısa şərh verib, “Odərlər” romanının timsalında müasir ədəbiyyatımızdakı tarixi-roman janrına diqqət çəkib. Tarixi mövzulara az müraciət olunmasına, təkcə ədəbiyyatda deyil, ümumiyyətlə sənətdə bu konseptdə işlənən əsərlərin həddindən az olmasından söz açıb.

Şəmil Sadiq Jurnalistika fakültəsilə bağlı xatirələrini bölüşüb, gənc tələbələrə səmimi tövsiyələr verib:
“Daha çox ədəbiyyatçı, cavidşünasam. Yaxşı, vicdanla işləyən qələm əhlini xalqı üçün çalışan insan hesab edirəm. Jurnalistika da bu yöndə önəmli sənətdir. Sizə gələcək fəaliyyətinizdə xalq üçün işləməyi, yaşadığınız cəmiyyətə səmərəli olmağı hər şeydən üstün tutmağınızı diləyirəm”.
Sonra mövzu ilə bağlı geniş çıxış edən Ş.Sadiq bildirib ki, sənətə dəyər verə bilmirik:
“Kino sənəti dünyada artıq sənaye kimi qəbul olunub, ona görə də onlarda inkişaf qaçılmazdır. Biz də sənət məsələlərindən başqa, kinoya biznes sahəsi kimi yanaşmalıyıq. Üstəlik, mövzu tarixi filmlərdirsə, bu cür filmlərin çəkilməsi üçün böyük maliyyə tələb olunduğunu unutmamalıyıq. Bu cür filmlər ədəbiyyatdan qida alırlar. Deməli, ədəbiyyatımız da tarixi-roman janrı baxımdan xeyli geri qalır. Ədəbiyyatımız doxsanıncı illərdə – sovet rejimindən qurtulandan sonra bəzi milli məsələləri mövzuya çevirən yazıçılarımız yetişdi. Amma inkişaf hələ də ürəkaçan səviyyədə deyil. Hər şeyə tez adaptasiya oluruq, kənar mədəniyyətlərə qucaq açan toplumuq. Belə istiqanlılığımız milli məsələləri arxa plana atmağımıza gətirib çıxarır.
Hesab olunur ki, sənət xalqdan yüksəkdədir. Onu xalqın səviyyəsinə endirincə, xalqı sənətin səviyyəsinə qaldırmaq lazımdır. Bizi tarix boyu aşağılarda görüblər deyə, həmişə oralarda olduğumuzu düşünmüşük. Özümüzü o zirvələrdə görmək istəyirəm. Bu millətin qəhrəmana ehtiyacı var. Ədəbiyyatımız da, ümumilikdə sənətimiz də buna çalışmalıdır. Xalqın şüuraltına özgüvənini aşılamalıdır”.
Daha sonra qonaq tələbələrin müxtəlif suallarını cavablandırıb, tələbələrə imzalı kitablarını hədiyyə edib.

IMG_4701 IMG_4578 IMG_4589 IMG_4595 IMG_4636 IMG_4641 IMG_4681 IMG_4710

Oxşar yazılar