Xəbərlər

Şəmil Sadiq Nazarbayev İnternasional Məktəbində

Aprelin 24-27-i tarixlərində Astana Beynəlxalq Kitab Sərgisində iştirak etsəm də, təhsil həmişə məni özünə daha çox cəlb edir. Əslində, kitab və təhsil eyni anlayışlardır. Hər ikisinin ana sütunu maarifçilikdir. Qazaxlarının dili ilə desək, Astanadakı Görmə Ortalığında (elə başa düşdüyünüz kimi, görmə ortalığı. Qazax dili ərəb və fars dilindən az söz aldığından Sərgi Mərkəzini Görmə Ortalığı adlandırır) təşkil edilən sərgidə Azərbaycan adına özəl nəşriyyatlardan “Hədəf Nəşrləri”, “Xan” və “Altun” nəşriyyatı təmsil edirdi. Amma stendi Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli Səfirliyi ilə birgə paylaşırdıq. Müxtəlif ölkələrdə bir-iki dəfə səfirliyimizin soyuq davranışı burdakı səfirliyimizdən çox şey gözləməməyə yönləndirmişdi. Amma Səfirimiz Rəşad Məmmədovun səmimi, mehriban münasibətini görəndən sonra bütün komplekslərimiz alt-üst oldu. Həm özü, həm komandasının vətənpərvərliyi, həm də bizə olan qayğısı unudulmaz oldu. Təşkil etdikləri “Əbədi Ezamiyyət” filminin təqdimatında birgə iştirak etdik, cənab səfir Cümhuriyyətimizin 100 illiyi münasibəti ilə maraqlı çıxış edib, diqqətləri cəlb etdi. Söhbət zamanı Nazarbayev İnternasional Məktəbilə tanış olmaq, Hədəf Liseyi ilə müəyyən əlaqələr yaratmaq istədiyimi dedim, bir gün sonra Səfirliyimizin nümayəndəsi görüşün alındığını və səhər gedəcəyimizi dedi.

Səhər getdik. Bizi məktəblər şəbəkəsinin baş ofisinin menecer direktoru Aygül Mirzəyeva qarşıladı. Düzü, direktorun o olduğunu zənn etsəm də, kiçik tanışlıqdan sonrda uşaqların arasından görünən jilet geyinmiş, sadə görünüşlü Mieram beyi göstərib, “Bu insan məktəbin direktorudur” – dedi. Nəzərinizə onu da çatdırım ki, Nazarbayev Beynəlxalq məktəblərinin hamısının təmayülü fizik-riyaziyyatdır. İlk getdiyimiz sinif “Fizika kabineti” oldu. Sinfə girəndə uşaqların heç nə olmamış kimi dərslərini etməsi ilk diqqət çəkən amil idi. Fizika müəllimi ilə tanış olandan sonra sinfin yüksək səviyyədə təmin edilən avadanlıqları ilə tanış olduq. Dil ilə deyiləsi deyil, inanın. Avadanlıqlar tam bir möcüzə idi. Sinifdən çıxanda geniş koridorda açıq laboratoriya ilə rastlaşdıq. İzahatdan məlum oldu ki, müxtəlif dəhlizlərdə bu cür sərbəst iş masaları var və uşaqlar mütəmadi olaraq nəsə işləyir, hazırlayır labarantların köməyi ilə. Bu, bizim Hədəf Liseyinin İnteqrativ Elm Muzeyinin kiçik variantı idi. Direktor Mieram Zəkanov məktəbi o qədər səmimi, o qədər həvəslə izah edirdi ki, adamın ağzı açaq qalmaya bilmirdi. Beləcə məktəblə tanış olduq, diqqətimi çəkən bir-iki məqamı da sizinlə bölüşmək istəyirəm. Deməli, məktəbin içində parnik var idi, daha doğrusu, qapalı botanika bağı. Uşaqların biologiya fənnindən müxtəlif təcrübələri burda aparması göz qabağında idi. Məktəbin kitabxanası isə bir başqa aləm idi. Xüsusi layihələri olan 100 kitab diqqətimi cəlb etdi. Hər şagirdin oxumalı olduğu 100 kitab seçilmiş və oxumağa təşviq edilirdi. Məktəbdə musiqi dərsi yoxdur, amma dombra otağı var idi. Məlum oldu ki, hər bir qazağın dombra çalmasını vacib hesab edir və məhz buna görə dombra dərsini keçirlər. Ayrıca Şahmat mərkəzinin olması və bu mərkəzin hansısa qapalı məkanda yox, dəhlizdə təşkil edilməsi uşaqlar üçün mükəmməl bir mativasiya idi. Ümumiyyətlə, məktəbi tam gəzdik, kitabxanaya kitab hədiyəmizi verdik.

Biz ayrılmağa hazırlaşırdıq ki, direktorun otağına dəvət edilib açılan Qazax süfrəsində oturduq. Mieram müəllimin təhsil adamı olması, Qazaxların inkişafının yeganə yolunun texnologiya və mühəndislikdə görməsi düşüncələrimizin nə qədər yaxın olduğunu sübut edirdi. Ümumiyyətlə, Nazarbayev adına bir məktəbin ödənişsiz təhsillə qazax balalarını elm və texnologiya mənimsətməsi qürurverici addımdır.

Çox maraqlıdır, məktəbdəki şagirdlər özlərini lap universitet tələbələri kimi aparır – sakit, təmkinli, hay-küysüz. Hiss edilir ki, tədrislə bərabər, təlim-tərbiyəyə böyük önəm verilir.

Hədəf Liseyi haqqında danışdım, bu möhtəşəm binanın, ən bahalı avadanlıqların yanında bizim kiçik liseyimizi təqdim etmək məni zərrə qədər qorxutmadı. Çünki bizim də dilimizə görə dilçəyimizin olduğunu bilirdim. Kataloqumuzda Elmi İnteraktiv Muzeyini, Linqafon otağı, Dədə Qorqud otağını görüb, koseptimizi eşitdikcə münasibətlərimizin dərinləşməsi üçün hər iki tərəfin maraqlı olduğu göz qabağında idi. Liseylər arasında qardaşlaşmanın vacibliyini vurğuladıq, yazışmalara başlamaq qərarına gəldik. Sonra isə protokol qaydasına görə bir-birimizə hədiyyələrimizi verdik və vidalaşdıq.

Çıxışda mənim də Hədəf Lsieyinin girişində hazırlamaq istədiyim planetləri gördüm.

Gəzinti boyunca Səfirliyin nümayəndəsi Musa bəyin və Ağa bəyin müşayiəti, əlbəttə ki, məmnun etdi məni.

Məktəb rəhbərliyinin bu cür qonaqpərvərliklə bizi qarşılaması, sözsüz ki, Səfirə olan hörmətdən irəli gəlirdi.

Bir daha əminəm ki, türk xalqları yaxın gələcəkdə öz alim gəncləri ilə dünya elmində ciddi yeniliklərə imza atacaq.

Oxşar yazılar