Manşet Xəbərlər

Azərbaycanda ilk: Təhsil Menecerləri Forumu keçirilib.

təhsil menecerləri forumu

Noyabrın 19-da yerli və xarici təhsil müəssisəsi rəhbərlərinin iştirakı ilə Təhsil Menecerləri Forumu keçirilib.

senet.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq tədbirin məqsədi, perspektivləri barədə məlumat verib, bu sahədə atılan addımlar və problemlərdən söz açıb, onların həlli yollarına diqqət çəkib.

Deputatlar Fazil Mustafa, Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov Təhsil Menecerləri Forumunun Azərbaycanda ilk dəfə keçirildiyindən, belə tədbirlərin təhsil sahəsi üçün açdığı imkanlardan söz açıblar. Bundan başqa çıxışçılar istər məktəblər, istər kollec və universitetlərdə təhsil sisteminin çatışmazlıqlarından, mövcud problemlərin həlli yollarından danışıb, bunun üçün əlverişli şərait yaradılmasının vacibliyindən bəhs ediblər.

təhsil menecerləri forumu

Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı isə “Təhsildə idarəetmə və keyfiyyət” mövzusunda çıxış edib. Keyfiyyətli təhsilin keyfiyyətli gələcəyə yol açacağından, əvvəl bilmək istəyən, daha sonra öyrənməyə can atan nəsil yetişdirməyin vacibliyindən danışıb.

“Azərbaycanda təhsil idarəçiliyi: reallıqlar və perspektivlər” adlı mövzu qoyan Ceyhun Məmmədov Azərbaycan təhsilinin hazırkı vəziyyəti ilə bağlı qayğılarından, perspektivləri dəyərləndirmənin mümkünlüyündən, təhsil işçilərinin vahid nəticə üçün ortaq qənaətdə birləşməli olduqlarından söz açıb.

təhsil menecerləri forumu

Biznes və karyera məsləhətçisi Fəxri Ağayev “Şirkət nəticələrində rəhbərin rolu və məsuliyyəti”ndən danışıb. O qeyd edib ki, işə götürülən işçinin potensialı və gördüyü işin keyfiyyəti rəhbərin məsuliyyəti deyil. Amma bir il sonra da nəticə dəyişmirsə, bu, təkcə işçi ilə yox, rəhbərlə də bağlı problemdir.

Hədəf Şirkətlər Qrupunun təsisçisi Şəmil Sadiq “Təhsildə Hədəf konsepti”ndən söz açıb, yeni tipli məktəbin yaradılmasının, milliliyi qorumaqla bəşəri yeniliklərin tətbiqinin mümkünlüyündən danışıb.

 

təhsil menecerləri forumu

təhsil menecerləri forumu

“CIBS Europe” təlim mərkəzinin təsisçisi Təbriz Hacınski “Təhsil menecerliyində NLP” mövzusu ilə danışıqların idarə olunmasının, bunun üçün strategiyanın, səs tonunun, sözlərin düzgün seçilməyinin vacibliyini dilə gətirib.

“Azərbaycan İnsan Resursları Assosiasiyası” İctimai Birliyinin təsisçisi Nərgiz Seyidzadə “Ofis başlarında dəyişim”dən danışıb, işçilərin və rəhbərliyin bölündüyü qruplardan, iş yerində düzgün hesab olunan yanlışlardan, işçilərə fərdi yanaşmanın əhəmiyyətindən bəhs edib.

təhsil menecerləri forumu

Forumda jurnalist Orxan Cabbarlının moderatorluğu ilə panel də baş tutub. Bakı Şəhər Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev və təlimçi-psixoloq Fərid Seyfullayevin iştirakı ilə reallaşan paneldə uğurlu təhsil konsepsiyaları, təhsildə idarəetmə strategiyası, məktəb idarəetməsindəki yanlışlıqlar, yeni nəslə yeni təhsil, təhsilin onlayn idarəedilməsi və rəqəmsallaşma, eləcə də metamən mövzuları ətrafında bir-birindən maraqlı fikirlər səsləndirilib.

Forum iştirakçıları da tədbirə interaktivlik qatıb, sözügedən mövzularla bağlı məruzəçilərə bir-birindən maraqlı suallar verib, dolğun cavablar alıblar.

təhsil menecerləri forumu

Əlavə məlumat üçün bildirək ki, yüzlərlə təhsil işçisinin qatıldığı forumda Təhsilin İnkişafı Fondu idarə heyətinin sədri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü İlqar Orucov, Mədəniyyət Nazirliyi yanında ictimai şuranın üzvü Əkbər Qoşalı, təhsil eksperti Kamran Əsədov, müxtəlif universitetlərin rektorları, təhsil sahəsində çalışan mütəxəssislər, media, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

təhsil menecerləri forumu

təhsil menecerləri forumu

təhsil menecerləri forumu

təhsil menecerləri forumu

Forum Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə 20 nömrəli məktəbdə keçirilib.

Sonda bütün iştirakçılara sertifikat verilib.

Tərəfdaşlar: “Hedef Group”, “Hədəf Global”, Hədəf STEAM Liseyi, Dünya Məktəbi, “SİNKOD” yayın və dağıtım şirkəti, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kipr Elm Universiteti, AzTV, EduPress, SİA, Hədəf Təlim və Karyera Mərkəzi, Təhsil Forumu Platforması.
#Tehsilmenecerleriforumu #TMF #TəhsilMenecerləriForumu

Oxşar yazılar