Azərbaycan Elmi Elmi-pedaqoji

“Türfə” romanı və çapı zamanı ortaya çıxan problemlər

Böyük ustad sənətkar İsa Muğannanın əlyazma variantının sonunda öz əli ilə yazdığı tarix 20.02.2009 yazdığı, lakin hələ də nə mətbuatda, nə də kitab kimi çap olunan ƏsƏrini-“Türfə”ni çapa hazırlayıb oxuculara təqdim etmək mənim qismətimə düşməsinin misilsiz sevinci içindəyəm. Bir zamanlar müsahibələrinin birində ömür-gün yoldaşı Firuzə xanımın “bəlkə də, bu romanın çapını görməyə İsa Hüseynovun ömrü çatmayacaq”[1] fikrinə yazıçının “Mənim sağlığımda çap olunmalıdır” deməsi ilk baxışda baş tutmamış görünə bilər, lakin söhbətlərimizin birində Firuzə xanımın “kaş Allah mənə o qədər ömür verə idi ki, İsa ölənə qədər ona özüm qulluq edərdim”[2] fikrinə “o, mümkün deyil, çünki mən əbədi yaşayacağam”,– deyib gülümsəməsi onu ifadə edir ki, bəli, Muğanna ölməyib, əbədi yaşayır və bu gün də ƏsƏrinin çapını görüb sevinir.

“Ədəbiyyat gözü ilə baxanda “İdeal” mücərrəd görünür. Lakin “İdeal” romanı çap olunduqdan sonrakı şəxsi həyatı və yaradıcılığı göstərdi ki, İsa Hüseynov bu qəbildən olan əsərlərində inandığı və hətta yaşadığı dünyanı təsvir edir”.[3] Akademik İsa Həbibbəylinin İsa Muğanna haqqındakı onun “Türfə” romanına da aid edə bilərik. Çünki bütün əsərlərində olduğu kimi çap olunma problemi yaşayan bu əsər “İdeal”dan sonrakı yaradıcılığında ideyalarının təqdimatı baxımından çox önəmlidir.

“Türfə” ƏsƏrinin Muğannanın cismani sağlığında çap edə bilməməyimin yeganə səbəbi ƏsƏrin əlyazmasının özündə də qalmaması idi. Bir gün mənə dedi ki, İntiqam Qasımzadəyə (“Azərbaycan” Jurnalının baş redaktoru) veridiyim nüsxə Nizamidədir (AMEA-nın müxbir üzvü Nizami Cəfərovu nəzərdə tuturdu.). Nizami müəllimlə görüşüb romanı istədim. İsa Muğannaya olan rəğbətimi bilən Nizami müəllim sorğu-sualsız verdi. Nadir bir tapıntı əldə etdiyimi düşünürdüm. Onun bütün oxucuları kimi, onun SafAğ elmi konsepsiyasında yazılan yeganə əsəri idi ki, oxumamışdım. Ətrafında o qədər söz-söhbət gəzirdi ki, sanki bunu tapıb oxumaq bir həyatı məsələyə çevrilmişdi. Müsahibələrinin birində “Amma əsərlərimin hamısı çap olunmayıb. Bir povestim çap edilməyib. Orda çox ciddi məsələlər qaldırmışam. O povest çap olunsa, bizim həyatımızda böyük dəyişiklik ola bilər. “Azərbaycan” jurnalına təqdim etdim, İntiqam Qasımzadə bildirdi ki, sən bu əsərlə inqilab edirsən, bunu çap etsək, başım bəla çəkər. Bu əsəri bir alimə oxumaq üçün verdim. O alim də Dövlət Təhlükəsizlik orqanında işləyirmiş, aparıb verib ora. Onlar da mənə deyirlər ki, əsərin çap olunacaq. Nə vaxt çap olunacaq, bilmirəm. Ancaq özlərinin işçiləri var ki, ədəbiyyatla maraqlanırlar, elmli adamlar kimi tanınırlar, onlar hamısı bunu oxuyublar” deməsi Xalq şairi Zəlimxan Yaqub demiş, “sirr qoxuyan” kişinin sirr qoxuyan əsərinin dəyərini bir daha artırırdı.

Sonra əlbəttə ki, həyat yoldaşı Firuzə xanımla, qızı Sevinc Muğanna ilə məsləhətləşdim. Firuzə xanımın sevinclə qarşılaması və bunu hökmən etməli olduğumuzu deməsi ilə əsəri oxuculara təqdim etdik.

Roman ətrafında çoxlu söz-söhbət gəzir indiyə qədər. Çap edilməməsində də səbəb cəmiyyətimizin həssaslığını nəzərə almaq idi. İntiqam Qasımzadə romanın üzərində çap olunmama səbəbini sayğı ilə bu cür ifadə etmişdir: Qocaman yazıçımız İsa Muğannanın bu əsəri redaksiyamızda mübahisə doğurduğuna görə, olduğu kimi çap edib oxucuların müzakirəsinə verməyi lazım bildik. (Azərbaycan jurnalının Baş redaktoru İntiqam Qasımzadə)

Romanı oxudum və “İdeal” kimi bir roman müəllifinin ikinci bir dalğa yaradacaq əsəri hesab etdim. Əzizə Cəfərzadə hələ 1978-ci ildə “Məşhər” romanına yazdığı ön sözdə dediyi kimi “Oxucu özü üçün romanın səhifələrində böyük bir ziddiyyətlər aləmi kəşf edəcək, ictimai fikir və mübarizə tariximizin ən gərgin anları, görkəmli şəxsiyyətləri ilə tanış olacaq”[4] İsa Muğanna bir yazar idi. Heç bir zaman birbaşa tarixçi, araşdırmaçı olması iddiasına düşməmişdi. Ədəbiyyat nümayəndəsi isə öz fikirlərini deməkdə azad və və sərbəstdir. Qulu Ağsəsin dili ilə desək: “Muğannanın SafAğ və OdAğÜz planetlərinə səfərindən arxayınam; o, gedir və qayıdır. Hətta bəzən gündə 2-3 dəfə. Ancaq geri qayıdanda Muğannanın ayaqları YERƏ DƏYMİR. Yəqin ona görə dedikləri havadan asılı qalır”.[5] Düşüncə inqilabını da, məhz bu cür böyük sənətkarlar yaradırlar. Əminəm ki, oxucular intellektual şəkildə ƏsƏrə yanaşacaq və müəllifin subyektiv (düşünürəm ki, yazarın böyüklüyü məhz onun subyektivliyindədir) fikirlərinə hörmət edəcəklər. İsa Muğannanın dinin batininə enməsi, onu cahil “mollalar”ın əlindən alması və Saf Ağ bir elm kimi təqdim etməsi maraqla qarşılanacaqdır.

“Türfə” romanının çap olunması…

2015-ci il Aprelin biri Azərbaycan ədəbiyyatının özünəməxsusluğu ilə seçilən sənətkarı, magik realizm məktəbinin yaradıcısı İsa Muğannanın dünyasını dəyişməsinin bir ili tamam olurdu. Ən böyük, ən yaşlı, ən müdrik, ən sehrli, ən səmimi dostumdan ayrılmaq mənə çətin olmuşdu həmin gün. Əruz elmini mənə öyrədən ustadım Zülfəli Zülfəliyev rəhmətə gedəndən sonra İsa Muğanna ilə tanışlıq həyatımın ədəbiyyatına, fəlsəfəsinə, gündəminə sehrli bir rəng qatmışdı. Bu elə bir sehrli rəng idi ki, dünyanı o rənglə boyasa idilər, gözlərimiz yalnız Ağ görərdi. Həm də Saf Ağ işığı. Elə İsa Muğannanı da mənə bir yazıçı kimi Zülfəli müəllim tanıtmış, “İdeal” əsərini oxumamışdan öncə o danışmışdı İsa Muğannanın sehrli gerçəkliyindən. Sanki onunla bir gün tanış olacağımı da bilirdi.

İsa Muğannasız keçirdiyimiz bir neçə il ərzində müxtəlif səviyyələrdə yazıçı haqqında yazılar yazıldı, müzakirələr edildi. Muğannadan danışanlar ya onu anlamayıb, sadəcə böyüklüyünü etiraf edə bildilər, anlayanlar da bu böyüklüyü ifadə edəcək söz və cümlələr tapmaqda çətinlik çəkdilər. Zənn edirəm ki, Muğanna yaradıcılığı üçün ən böyük hadisə “Türfə” romanının çapı idi ki, ona da nail ola bildik.

Onunla tanış olduğum bir neçə il müddətində ən az ayda bir dəfə görüşər, dərdləşər, kefin soruşar, yanında olmağa çalışardım. Bütün bu məqamlarda isə İsa-Firuzə bötüvlüyü ilə bir yerdə olurduq. Lakin İsa Muğannanın gedişindən sonra o evə getmək mənim üçün çox çətin oldu. Düzdür, Firuzə xanım, da sanki İsa müəllimin missiyasını üzərinə götürmüşdü, o da mənimlə maraqlanırdı. Bu da o müqəddəs ocağa gedib-gəlməyimi asanlaşdırırdı. Amma hər dəfə Firuzə xanımı görməyə gedəndə sözlərin xirtdəyimdə asılıb qaldığını, tıxandığını hiss edirdim. Bu müdrik Azərbaycan qadınının böyüklüyünü gördüyüm halda, onun İsa Muğanna üçün necə darıxdığının şahidi olub ona necə təsəlliedici nəsə deyərdim?! 60 ildən çox ömrü bir başa vuran bütövun yarısına necə dəstək ola bilərdim. Tək gücüm dinməz, söyləməz, hər dəfə də gözlərinin içinə baxıb yeni çap etdiyimiz kitabı verib, tez də sağollaşıb getmək olurdu vəzifəm. Əvvəlki vaxtlardakı kimi daha yeni nəşrlərə həvəslə baxmadığını, sadəcə “sağ ol, bala” deyib kitabı kənara qoymasını, sonra da əlini çənəsinə qoyub gözünün görə bilmədiyi, beyninin isə çox uzaqlara qədər baxdığı ənginliklərə zilləndiyini hiss edirdim.

Firuzə xanım Əhməd Cavadın Şükriyyəsi, Hüseyn Cavidin Müşkünazı kimi İsa Muğannanın Muğanna olmasında sevgi ilə fədakarlıq göstərmişdir. İsa Muğannanın bəşəri mübarizəsində yanında olan bu böyük insanın Muğannaya olan sevgisini bircə kəlmə “İsa” sözünü eşidənlər daha yaxşı anlayar, məncə.

60 ildən çox bir zamanda bir evi, bir açarı, bir işığı, bir havanı, bir təbəssümü, bir kədəri bölüşən bu ailə insanlıq tarixi üçün bir örnəkdir. Çünki İsa Muğannanın Muğanna olmasında Firuzə xanımın rolu, əməyi, səyi, səbri danılmazdır. Əslində, bu saydıqlarım birtərəfli olmayıb. Firuzə xanımın son illərin ən böyük arzusu İsa Muğannadan sonra vəfat etməsi idi. Belə də oldu. Deyirdi, ay Allah, sən məni İsadan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq edim. Bu sözləri deyəndə, bəlkə, Firuzə xanım fərqində deyildi ki, onsuz yastığa baş qoymaq, divanda tək-tənha oturub ağı qaradan çətinliklə seçən gözlərini gah bir nöqtəyə zilləmək, gah da xatirələr yağmurunda islanan gözlərini silmək dünyanın ən çətin zindanı olacaqdı ona. Firuzə xanım böyük məhəbbətini ifadə edirdi “ay Allah, sən məni İsadan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq edim” cümləsi. Atası, əri, qardaşı, oğlu kimi sevib əzizlədiyi İsaya kiminsə qulluq etməsinə razı ola bilmirdi. Amma onsuz yaşamağın bu qədər çətin olduğunu bilsəydi, bəlkə də, o, həyata keçmiş duasını geri çağırardı. Elə Muğannasını da. “Şəmil…. İsa üçün darıxıram” deyib qəhərlənmələrini görərək deyə biləyəcəyin bir tikə sözün belə tapılmaması nə qədər soyuq və qan donduran imiş, ay Allah!

Muğannası haqqında xatirələrinin səs yazısını yazmağı təklif etdim, razılaşsaq da, bacarmadı. Ürək getdi, gəldi dəfələrlə. Bir gün zəng edib dedi ki, “Şəmil, bacarmayacağam”.

Bu yaxınlarda arxivimə göz gəzdirəndə Firuzə xanımın “Türfə” romanının çap olunması üçün AMEA-nın Müxbir üzvü Nizami Cəfərova yazdığı bir məktubu gördüm. Oxudum və heyrətə gəldim. Çünki Firuzə xanım həyat yoldaşına nə qədər rəğbətlə və heyranlıqla inanırdı. Məhz bu olmalı idi İsa Hüseynovu Muğannana edən böyük amillərdən biri də.

Firuzə xanımın həmin məktubunu oxuculara təqdim etməyin böyük faydası olacağına inanıram.

İsa Muğannaya aid qeydlər

İsa nə qədər böyük yazıçıdırsa, bir o qədər də böyük insandır. Altmış illik birgə həyatımızda ondan bir kəlmə də acı söz eşitməmişəm.

Atalarımız dünyalarını çox erkən dəyişdilər. Altı uşaq İsanın anası Xədicənin, altı uşaq da mənim anam İnşanın yanında qaldı. Böyük məhrumiyyətlər, dəhşətli kasıblıq içində on iki uşaq böyütdük. Təhsil verdik, evli-eşikli elədik.

Uşaqlar haqqında danışmağımın səbəbi var.

1968-ci ildə alihəzrət Dəmirəlin zamanının başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi: “Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir)

Hotelə qayıtdıq. Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Sonra isə birdən-birə ruhi xəstəliyə bənzər bir cür anlaşılmaz xəstəliyə tutuldu. Daha sonra xəstəlik qurtaranda yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Bu Od – Həqiqət qədim türk dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan. “Türfə” əsəri də bu qəbildəndir.

Bu əsərdə “axırıncı peyğəmbər”, “Muhamməd – Məhəmməd”, İslam peyğəmbəri adlandırılan, OdƏrcə rütbəsi BağHəmOd (Vahid həqiqət bağı) olan nadir insan haqqında həqiqət verilib. İsa şahiddir ki, EySar İşıq gəmisində Yer planetinin üzərində gəzib müşahidələr aparır. Tezliklə vaxt yetişəcək, EySar, BağHəmOdla və rütbəli OdƏrlərlə birlikdə Yerə enəcək. Mən o günün gələcəyinə inanıram və həyat yoldaşım İsa Muğannanın yazdığı əsərləri təqdir edirəm.

Firuzə Muğanna. 03.VII.2009.

Məktubdan da görünür ki, İsa Muğanna əsəri 2009-cu il fevralın 20-də bitirib və həmişəki kimi Firuzə Xanım oxuyandan sonra aprelin 7-də çapa təqdim edilmişdir. Bu məktub bir də onu sübut edir ki, Firuzə xanım Muğanna yaradıcılığını izləyir, oxuyur və tövsiyələrini həmişə verirdi. Bir çox təqdiqatçılar, oxuculardan fərqli olaraq həyat yoldaşı olan Firuzə xanımın da Ustad sənətkarı İsa Muğanna kimi qəbul etmiş, “Hüseynov” təxəllüsündən imtinasını da anlayışla qarşılamışdır.

Romanın çap olunması ailəsinin sevincinə səbəb oldu. Ustad sənətkarın qızı Sevinc Muğanna romanın ön sözündə sevincini bu cür izhar edir: “ Sənin də gözün aydın, Göylərdən bizə baxıb gülümsəyən canım Muğannam” “Türfə”n mübarək!”[6]

Onu da qeyd edim ki, “Türfə” romanı müəllifin yeganə əsəridir ki, Muğanna ikinci dəfə üstündə işləməyə vaxt və imkan tapmamışdır. Muğannanın əsərlərinə yenidən qayıdaraq düzəlişlər etməsi və ya ümumiyyətlə dəyişdirməsi hamımıza məlumdur. Sadəcə bir variantının qalması və o da əlində olmaması üçün heç nə edə bilməmişdi. Əminəm ki, roman əlində olsa idi, biz yenidən çapa verəndə hökmən yeni əlavələr edəcək və ya nələrisə dəyişdirəcəkdi.

“Türfə” romanı Muğannanın ölümündən iki il sonra 2015-ci ildə redaktorluğumla Hədəf Nəşrləri tərəfindən çap olunmasına baxmayaraq, dostluq və qruplaşmalara başı qarışmış ədəbi tənqidimiz tərəfindən öz layiqli qiymətini almamış, indiyə qədər heç bir tənqidi yazı yazılmamışdır. Sanki heç nə baş verməmiş kimi susur ədəbi tənqid və ədəbiyyatsevərlər.

Bu laqeydliyin səbəbini anlamaq çox çətindir. Bir səbəbi hər kəsin Muğanna meydanına girə bilməməsidirsə, digər bir səbəbi cəsarətsizlikdir. Məhz bu səbəbdən də “Türfə” romanını təhlilə cəlb etməkdənsə, məzmununu yazmağı lazım bilirik.

“Türfə” romanı əsərin qəhrəmanı, Muğanna nəslinin varisi Astan bəyin dilindən xatirə şəklində danışılır. “Əsərdə yazıçının xatirələr vasitəsi ilə keçmişə nüfuz etməsinin şahidi oluruq. … Daha çox qəhrəman düşüncəsində, xatirələrin bədii ifadəsində əksini tapır”[7] Astan bəy GEPO nümayəndəsi Zalımoğlu tərəfindən öldürülməmişdən əvvəl xatirəsini bu cür tamamlayır:Stolun kənarında üstünə “Türfə” yazdığım qalın dəftər bo­zarırdı. Gücümü toplayıb dəftəri qabağıma çəkdim. Pen­cə­yimin döş cibindən karandaşımı çıxarıb, axırıncı səhifəni açıb bu dediyim sözləri yazdım, sonra gözlərim qarala-qarala, əlim titrəyə-titrəyə əlavə etdim: “Əlvida, əziz anam! Əlvida, əziz Callam. Əminəm ki, arxamca gələcəksən və əbə­diy­yətdə yenidən xoşbəxt olacayıq. Hələlik, əzizim. Allah­dan qorxun! Allahdan qorxun, – deyən müfti xislətli GEPO[8] cəlladlarına lənət yağdırıram.! Astan”.[9]

“Türfə” Qazadakı İncə dərəsinin Astanbəyli kəndinin qəbiristanlığındakı nəqşibəndilik türbəsidir. Muğannaya görə, “mənası gözəl deməkdir”. Ərəbcədən gələn bu ifadənin hərfi mənası: “Tapılmayan, nadir, misli-bərabəri olmayan, qəribə, əcaib”[10] deməkdir.

Romandakı hadisələr Sovet dövrünün quruculuq illərindən, represiya dövründən bəhs edir. Bütün hadisələr “Türfə” ətrafında cərəyan edir: “Hacı Mahmud əfəndi son illərdə Qarabağın Zəngəzur qəzasının Cejimli kəndində yaşayan Şair Şeyx Seyid Nigarinin şagirdi olub, Nəqşibəndi elmini öyrənib qəbul edib, Qarabağda, Qazax, Borçalı, Qaraçöp mahallarında çoxlu mürid-dərviş yetirib, Qazağın İncə dərəsindəki Astanbəyli kəndinin qəbiristanında Türfə – ziyarətgah yaradıb”. [11]

İsa Muğannaya görə, “Nəqşibəndi”lik Yer, İnsan elminin başlanğıcının-SafAğ elminin davamıdır. “Yer”də elmin düşmənlərinin təzyiqi nəticəsində eramızın on dördüncü əsrində «Hürufi» adı altında gizlədilib, sonrakı əsrlərdə “Sufi”, “Səfi”, “Səfa” sözləri altında gizlədilib, nəhayət, “Nəqşibəndi”liyə gəlib çıxıb”.[12]

Əsərin qəhrəmanı Astan Nəqşibəndilik elminin davamçısı olmuş üç böyük övliyadan biri olan Kiçik Mahmud Əfəndinin oğludur. Həmin bu üç alimdən biri Əsəd bəydir ki, Hacı Mahmud Əfəndi rəhmətə getdikdən sonra Ələs kənd natamam orta məktəbdə direktor işləyib, kiçik Mahmud əfəndi isə bir müddət Qazax məscidində molla adı altında nəqşibəndiliyi tədris edib və sonradan xəstələnərək vəfat edib. Türfəni işlətmək isə İsmeyil əfəndiyə qalıb. İsmeyil əfəndi Qazax mahalının sayılıb seçilən müdriklərindən olub. Düzdür, əsər boyu heç bir möcüzəsini görmədiyimiz İsmeyil Əfəndi KQB tərəfindən həbs ediləndən sonra təcridxanasının qapılarını istədiyi zaman açması bir möcüzədir. Lakin ismeyil Əfəndidən bunu kim edir soruşanda da, onu Yerin sahibi bilər deyərək yalançı peyğəmbərlik iddiasında olmur heç bir zaman. İsmeyil əfəndi Türfəyə gələn insanlara SafAğ elmindən, bu elmə agah olan Nəsimidən, Yunis İmrədən, Seyid Nigaridən möizələr oxuyur, gizlin və təhrif edilmiş elmin şifrələrini açır camaata. Türfənin Məsciddən fərqi onda idi ki, burda qətiyyən ölülərlə məşğul olunmur, Qəbiristanlıqda olsa belə. İnsanlara elmdən, fəlsəfədən, əxlaqdan dərslər verir, müşkküllərini bir müdrik kimi həll etməyə çalışır. Məhz elə bu səbəbdəndir ki, Astan bəy təhsilini bitirib evlərinə dönəndə ilk olaraq onunla görüşür, nə edəcəyi tapşırığını ondan alır, hətta sevdiyi qızı ona vermək istəməyəndə belə ilk olaraq onun yanına gedir. İsmeyil Əfəndinin Astana tapşırığı bu olur ki, məktəbdə müəllim işləsin və Türfənin gələcəyi üçün, vərəsənin yaşaması naminə tez-tez ora da gəlməsini istəyir.

İsa Muğannanın “İdeal”dan sonrakı bütün əsərlərində bu xətt davam etdirilir. Vərəsinin ağsaqqalı və gənc davamçı… “İdeal” romanında Sultan və Mədəd Əmirli ustad dərslərini alan Səməd, “Cəhənnəm” romanındakı mistik obraz Səməd Muğanna ilə gənc Bünyad bəy, “Qəbiristan romanındakı Səməd Əmirlinin oğlu polis geyimli Səmiyə gizlin elmi izah edən Pünhan Əmirli obrazı kimi, “Türfə” romanında da Astan bəy İsmeyil əfəndinin nəzarəti və ustadlığı ilə əsərin qəhrəmanı, vərəsənin nümayəndəsi, İsa Muğannanın prototipidir.

1929-cu ildə Qazax Pedaqoji Məktəbini-Seminariyanı bitirəndən sonra kəndlərinə dönən Astanın gördükləri və yaşadıqları əsərin süjet xəttini təşkil edir. Əsəd müəllimin yanında məktəbdə dərs deməyə başlayan Astana camaat “Türfə”yə getdiyinə görə birtəhər baxır, bəzən ironiya ilə “Molla” da deyir. Amma əsərdə İsmeyil Əfəndinin dilindən dəfələrlə eşidirik Türfə mollalığı qəbul etmir. Hətta o Astana deyir ki, oğul, mən istəmirəm, Türfəyə mollalar ayaq açsın, Türfəmiz molla düşüncəsi ilə idarə edilsin.

Astan elə ilk gündən dərs dediyi şagirdlərdən Callaya vurulur. Qarşılıq aldıqda isə bu məhəbbət daha güclənir. Düzdür, müəllifin məqsədi bir aşiq obrazı yaratmadığından əsərdə Astanı çox tərəddüdlü, eşqi yolunda çox az mübarizə aparan, hətta bir az qorxaq da görürük. Buna baxmayaraq, müəllif ara sıra əsərdəki məhbbət süjetinə dönür, bir-iki epizodla mövzunu bağlayır. Hətta Callanın atası Zaloğlu onu qamçılayanda da ciddi bir etiraz etmir, taleyi ilə barışır sanki. Və bir müddət sevgilisindən uzaq da durur. Qızın ondan daha cəsarətli olması toyunda belə elin qabağına çıxıb Astanı sevdiyini etiraf etməsi, evi tərk edib Astana gəlməsində açıq aydın görünür. Astan bir elm daşıyıcısı idi. Bu elm daşıyıcısını sanki bir qadın, sevgi uğruna qurban verməyə qıymayan müəllif sonda taleyin axışının, reallığın qarşısını ala bilmir. Zaloğlu həm şəxsi qisasını, həm də Sovet ideologiyasının qisasını nəqşibəndilik elminin son nümayəndəsini öldürür. Tarixdə də görürük ki, Nəqşibəndiliyin bir çox nümayəndələri, dərvişləri, tərəfdarları 30-cu illər represiyasında tariximizdən silinir.

Aslan obrazı əsərdə üç böyük sarsıntı xətti ilə yaşayır. Sevgilisinə qovuşa bilmək, Anasının ona xəyanəti və Saf Ağ elminin üzə çıxardığı tarix.

Astan anasını çox istəyir. Ananın yetim oğlunu böyütdüyü zaman çəkdiyi əzab-əziyyət, təhsil verməsi Ananın oğula olan məhəbbətinin göstəricisidir. Lakin Astan biləndə ki, Molla Əhəd gizlincə anası ilə görüşür və hətta heç kimə demədən evləniblər də, bunun ağırlığından bir müddət qurtula bilmir. Bu süjet “Tütək səsi” əsərini andırır. Sadəcə burda məsələ bir az başqadır. Molla Əhəd əsərin mənfi obrazlarından biridir. Özünü Muğanna nəslinin nümayəndəsi kimi göstərən Molla Əhədin iç üzünü Sovet kəşfiyyatında vəzifə sahibi olan General Məhərrəmov açır.

Molla Əhəd tez-tez Sənəmin, Astanın anasının evinə gələrək meyxana məclisi qurur, oxuyaraq qadınları özündən keçəcək hala gətirir və sonda da cəzb olmuş Sənəmlə yatır. Biz bu meyxanə adətini İsmayıl Şıxlının “Dəli Kür” romanında daha geniş təsvir edilmiş görürük.

Astan bu cür məclislərdən birinin sonunda evə girir və anasını Molla Əhədin qoynunda görür. Onu döyüb qovmaq istəyəndə də Astanın zəifliyinin şahidi oluruq. Burda da Astanın çılğın və gözü dönmüş bir oğul yox, sanki daxilində gerçəkliklə barışan, amma etiraz etməsi də vacib olan bir insan görürük. Molla Əhəd cibində bükülmüş kəbin kağızını Astana göstərib qeyri-qanuni heç nə olmadığını deyəndə Astan bir az sakitləşir. Əslində, bu kəbin kağızını görən Astan heç bir zaman onun Muğannalardan olduğuna inanmamalı idi. Çünki Muğannalar Quranın təhrif olunduğunu deyir. Onu GurÜn adlandırır, hətta əslini qaytarmaq üçün yenidən tərcümə də etmişdilər. İsmeyil Əfəndinin Quranı “GurÜn” olaraq tərcümə etmişdir. Molla Əhəd sonra Astana danışır ki, onun oxuması üçün bütün pulları o, göndərib, o olmayanda anasına dəstək olub, ona görə ki, o da Muğannadır. Özü gizlənir ki, heç bilməsin. Halbuki İsmeyil Əfəndi də ona Türfədə üz vermirdi. Buna baxmayaraq sadəlövh Astan onu bağışlayır və onların evində qalmasına belə razılıq verir. Hətta barışdıqları üçün Şir Abbasın Molla Əhədə verdiyi erkəyi də evdə kəsib kabab edirlər.

“Türfə” romanının çap olunmama səbəbi “Quran”a münasibət idi. İsa Muğanna “Türfə” romanında “İdeal” əsərində tezislər şəklində qoyduğu mətləbləri daha geniş şəkildə aydınlaşdırır. “İdeal” romanında təhrif edilmiş faktların adını çəkir, əslini deyəcəklər və ya gizlədilib deyə hayqıran Muğanna “Qırx kisə qızıl” povestində “Aşıq Qərib” dastanının əslini təqdim etdiyini iddia edirdisə, bu romanda “Quran”ın heç də Allah kəlməsi olmadığını, onun batininə yad əllərin dəydiyini faktlarla sübut etməyə çalışdığı üçün onlarla ayəyə şərh vermədən seçib təqdim edir və bunu “Allah deməz, Allah bu cür düşünə bilməz” deyə fəryad edir. Amma bu əsərdə də əvvəlkilərdə olduğu kimi Məhəmməd peyğəmbərə qarşı simpatiyasını gizlətmir, Bağ Atanın 4 oğlundan biri kimi BağHəmOd deyə təqdim edir. Ümumiyyətlə, onu qeyd etməliyik ki, kimlərinsə Muğannanı dinsiz, inancsız kimi qəbul etməsi və təqdim etməsi böyük yanlışdır. Muğanna Yerin idarəçilyinin Bağ Atanın oğlanlarında olması iddiası və bu oğulların məhz müqəddəs kitabların təqdim etdiyi peyğəmbər olması onun Mirzə Cəlil yolunda gedərək Hüseyn Cavid fəlsəfəsindən çıxış etməsinin tərənnümüdür. Rezlizmi romantik və fantastik yolla təbliğ etməklə magik realizmin carçısı kimi çıxış edir. Allah və Peyğəmbərləri öz yozumu ilə bu cür təqdim edir: “Bu, ərəbcə “Allah” deyilən, OdƏrcə Odu – həqiqəti, adı ƏlAğ olan “Allah”ımızın ünü imiş. ƏlAğ tək deyil, Kainatda ƏlAğlarımız çoxdur. ƏlAğların bir adı da Bağdır. İnsanı insana, bəşəriyyətimizi Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağlar həm də SafAğ insan adlanırlar. Kainatda Bağ Atamızın dörd Əli – Oğlu var. Oğul OdƏrcə AğƏldir. Bağ Atanın dörd oğlundan – AğƏlindən birincisinin adı Ulu Bağ ƏsƏlməndir. OdƏrcə Əs – yarat, yaradan deməkdir, Əl həm də Oğul və yaradan deməkdir. ƏsƏlmənə Yerdəki təhrif dillərdə “Solomon”, “Süleyman” da deyilir. Bağ Atanın özü kimi Oğlu ƏsƏlmən də ƏlAğdır və Bağdır.

Bağ Atanın ikinci Oğlunun Odu – həqiqəti, adı, rütbəsi SarÜnEydir. Sar OdƏrcə hökmdar deməkdir, Ün, dedim, səs deməkdir, Ey – uca deməkdir. Sar ÜnEy – uca Ün hökmdarı deməkdir. SarÜnEy Yerdəki təhrif dillərdə “Nuh”, “Noy” adlanır.

Bağ Atanın üçüncü Oğlunun OdƏrcə Odu – həqiqəti, rütbəsi, dedim, EvƏrimdir.

Yerdəki təhrif dillərdə EvƏrimin adı “İbrahim”di, “Avram”dı. Biz Ərəbin “İslam” dinini qəbul eləyəndən sonra EvƏrimə Ərəbcə “İbrahim” deyirik.

Bağ Atanın dördüncü Oğlunun Odu – həqiqəti, adı, rütbəsi ƏlAğ EySardır. Yerdəki təhrif dillərdə ƏlAğ EySara “Allah” EySar – “Allah” uca hökmdar, “İsa” peyğəmbər, “İsayi Məsih”, “İisus” deyilir, “İsa” peyğəmbər vaxtilə, otuz yaşı ilə otuz dörd yaşı arasında Yeri – “Kürreyi ərzi” gəzib təhrif dillərin hamısını öyrənə-öyrənə, SafAğ elmi haqqında moizələr oxuya-oxuya millətlərə ən çox bələd olan ƏlAğ – “Allah” olduğuna görə Bağ Atamız onu Yer üzünün “Allah”ı – ƏlAğı təyin eləyib”.[13] Göründüyü kimi Süleyman peyğəmbər, Nuh peyğəmbər, İbrahim peyğəmbər və İsa peyğəmbər müxtəlif dini kitablarda da məhz müqəddəs kimi təqdim edilir.

Birmənalı olaraq Nəsimi kimi qanın, şiddətin, radikalizmin əleyhdarı olan Muğanna bu əsərdə Allahın dilindən “Quran”da səslənən “Bəqərə” surəsinin 40-cı ayəsində deyilir: “Qorxun məndən”. 67-ci ayədə deyilir: “Allah sizə əmr eləyir…” 131-ci ayədə deyilir: “İslam ol (təslim ol)”. 150-ci ayədə deyilir: “Zalımlardan qorxmayın, məndən qorxun ki, tamamlayım sizə nemətimi”. 154-cü ayədə: “Allah yolunda öldürənlərə “ölülər” deməyin, diridir onlar, siz bunu duymazsınız”. 155-ci ayədə: “Sizi mütləq sınağa çəkirik, bir az qorxu, bir az da aclıq ilə”. 179-cu ayədə: “Ey ağıl yiyələri, qisas alırsınızsa, deməli, yaşayırsınız, deməli qorxursunuz Allahın əzabından.” 189-da: “O adam yaxşıdır ki, Allahdan qorxur, Allahdan qorxun ki, qəzəbinə düçar olmayasınız”. 194-də: “Qorxun Allahdan”” tipli fikirlərə etirazını bildirir, bunları Uca Tanrının deyə bilməyəcəyi fikirlər kimi qəbul etdiyini ehtimal edir”.[14]Əsəri müəllif özü povest[15] janrı kimi təqdim etsə də, romanın bütün tələblərinə cavab verdiyi üçün biz də “Türfə”ni roman kimi qəbul edib bu cür də təqdim etdik. Bütün magik romanlardakı mistika və gerçəklik olduğu kimi “Türfə”də də mistika və gerçəklik var. Lakin bu mistika və gerçəkliklə bərabər romana tarixi roman kimi də yanaşmaq mümkündür. Çünki əsərdə yetərincə tarixi şəxsiyyətlər var və onların həyatı müxtəlif məqamlarda izah edilir. Nəqşibəndilik təriqətinin XX əsrdəki vəziyyətini siyasi və məişət məsələləri fonunda təqdimatın özü birbaşa tarixiliklə müasirliyin vəhdətini göstərməkdədir.

Açar sözlər: Türfə, roman, İsa Muğanna, din, təhrif

Ключевые слова: Тюрфа, роман, Иса Муганна,религия,искажение.

Key word: Turfa, novel, Isa Muganna, religion, distortion

 

Rezyume

“Türfə” romanı və çapı zamanı ortaya çıxan problemlər” adlı məqalədə Azərbaycan ədəbiyyatının böyük yazıçısı İsa Muğannanın sağlığında çap olunmamış romanı “Türfə”nin çap olunmasında qarşıya çıxan səbəblər tarixi faktlarla izah edilir, romanın ədəbiyyatşünaslıq tərəfindən yetərincə dəyərləndirilməməsinin haqlı və haqsız problemləri ortaya qoyulur. Roman yazıldığı gündən 6 il sonra çap olunsa da, tənqidin ona olan münasibəti izah edilir. Romanın “İdeal” silsiləsindən olan bir əsər kimi təhlili və məzmunu təqdim edilir, digər əsərləri ilə silsilə olduğu sübut edilir.

 

Резюме

В статье «Проблемы с которыми столкнулись во время напечатания романа

«Тюрфа» произведение великого писателя Азербайджанской литературы Исы Муганны

неизданный при жизни встретившийся причины объяснены историческими фактами,

неоценённые по достоинству в литератураведении ставит в центр угла справедливые и

несправидливые проблемы.Несмотря на то что роман не издавался в течении 6 лет после

написания ,объясняет критику по отношению к нему.Это произведение из ряда романа

«Идеал» представляет анализ и содержание доказывает что находится в одном ряду с

другимипроизведениями.

 

Resume

In the article called ““Turfa” and the problems that arose during the publishing process” the reasons of the problems in the publishing process of “Turfa” were explained by historical facts, the reasonable and unreasonable excuses of not being sufficiently appreciated by Study of Literature were discussed. According to the fact , the novel was published after the death of the writer. The analysis and the plot of the novel was presented in the article and proved to be one of the novels included in “Ideal” series.

 

Ədəbiyyat

  1. http://kulis.az
  2. http://senet.az
  3. Ölümdən sonrakı həyat. Bakı. Hədəf nəşrləri. Bakı 2014. S.5
  4. İsa Hüseynov. “Məhşər” Bakı, Gənclik 1978. S. 6
  5. İsa Muğanna. Seçilmiş əsərləri 6. Avrasiya nəşrləri. Bakı 2009. S.330
  6. İsa Muğanna “Türfə” romanı. Hədəf nəşrlər. Bakı. 2015. S.4.
  7. AMEA. Humanitar elmlər. Xəbərlər. Salidə Şərifova. Azərbaycan postmodern romanları və onların bədii xüsusiyyətləri. Bakı, Elm. 2016. S. 167
  8. Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb-fars sözləri lüğəti. II. Şərq-Qərb. Bakı 2015. S.411

 

 

[1]http://kulis.az

[2]http://senet.az

[3]Ölümdən sonrakı həyat. Bakı. Hədəf nəşrləri. Bakı 2014. S.5

[4]İsa Hüseynov. “Məhşər” Bakı, Gənclik 1978. S. 6

[5]İsa Muğanna. Seçilmiş əsərləri 6. Avrasiya nəşrləri. Bakı 2009. S.330

[6]İsa Muğanna “Türfə” romanı. Hədəf nəşrlər. Bakı. 2015. S.4.

 

[7]AMEA. Humanitar elmlər. Xəbərlər. Salidə Şərifova. Azərbaycan postmodern romanları və onların bədii xüsusiyyətləri. Bakı, Elm. 2016. S. 167

[8] 6 fevral 1922 -ci ildə ÜFK ləğv edilib, əvəzində RSFSR Xalq Daxili İşlər Komissarlığı (НКВД) nəzdində Dövlət Siyasi İdarəsinin (Государственное политическое управление-ГПУ) əsası qoyuldu. “QPU” adı “KQB” adından əvvəl yaranmış və onun kimi geniş yayılıb, Qərb ölkələrinin antisovet təbliğatında geniş istifadə edilmişdir. Alman dilində “GPU” kimi səslənən sözün abreviaturası “Grauen, Panik, Untergang” (Qorxu, Təlatüm, Ölüm) formasında açılırdı

[9] “Türfə” romanı. Hədəf nəşrlər. Bakı. 2015. S.126

 

[10]Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb-fars sözləri lüğəti. II. Şərq-Qərb. Bakı 2015. S.411

[11]İsa Muğanna “Türfə” romanı. Bakı. Hədəf nəşrlər. 2015. S.5.

[12]İsa Muğanna “Türfə” romanı. Hədəf nəşrlər. Bakı. 2015. S.7.

 

[13]İsa Muğanna “Türfə” romanı. Hədəf nəşrləri. Bakı. 2015. S.11.

 

[14]İsa Muğanna “Türfə” romanı. Hədəf nəşrləri. Bakı. 2015. S.73.

[15]http://www.anl.az

Oxşar yazılar