Azərbaycan Elmi Elmi-pedaqoji

Türk hökmdarlarının sözü və qılıncı

Those who possess power of the word control the world and divert it. That’s why from the creation of the world people are captives of the word. Although the word doesn’t change its form it changes its meaning qualities, and the presentation forms from time to time. Presenters of the word placed mysteries to its subconscious deliberately or unintentionally. But,the readers interpreted and tried to prove it as their discretion. Human beings can’t get rid of the word’s magic yet and stay stuck among the meanings that the word express because of the word is the mystery of the God. If we look over our rulers’ life in the history we can see that there isn’t any other peoples that have poet ruler as Turks have. Qazi Burhaneddin, Cahanshah Haqiqi, Shah Ismail Khatai, Sultan Suleyman etc. That’s not random. Because the Turks, who gave the great faith system and culture to the world, believed the word first then the sword. As the prophet Muhammed did. The peak of this is the great poet and sultan of Hurufism Imadeddin Nasimi who lived in XIV-XV centuries and caught wooden sword. We shall speak about the reign of the word and literature in this article. We shall also try to explain how the word was sharper than the sword at Turks’ thoughts and speak about the reasons of the Middle Ages Islamic Turks culture’s peak point. And we’ll try to define one of the main reasons about Turks’ hegemony which was the word – God’s mystery, and to explain that Sufism had a huge amount of influence on more than sixty of the Turkish rulers and those rulers wrote several Sufi poems. Giriş “Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim” (7: s.148) deyən Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin yazdğı bu misra ilə Yuhannadakı “başlanğıcda öncə söz vardı, söz Tanrıyla birlikdəydi və söz Tanrıydı. Hər şey sözlə yaradıldı” (4:s.1124. ) cümləsi mahiyyətcə eynidir. Hətta Qurani Kərimdəki “Tanrı “Ol” dedi, dünya yarandı” fikri də həmin fəlsəfənin davamıdır. Xətainin yuxarıdakı misrasından aydındır ki, ruh və cismdən ibarət olan insanın ruhundan söhbət açılır. O ruh aləmi isə sadəcə ürfanla, təsəvvüflə izah edilə bilər. Tanrının da dünyanı sözlə yaratdığı bütün dini kitablarda öz əksini tapmışdır. Həmçinin də sözlə idarə etdiyi. XI əsr Azərbaycan şairi Qətran Təbrizinin təbirincə desək, “Söz varlığı olmayan, həqiqi aləmdən kənar bir anlayışdır.” Həqiqi aləmdən kənar, bizim dərk edə bilməyəcəyimiz yeganə varlıq isə Tanrıdır. Füzuli fəlsəfəsində deyildiyi kimi, sözün qüdrəti, məğlubedilməz azman ordulardan daha böyükdür. Tanrı haqq və ədalətin bərpası üçün insana iki böyük silah vermişdi: Söz və qılınc. Amma insanlar sözün dəstəyindən tutub onu yüksəklərə qaldırıb, şərin başını kəsə bilmədiyi təqdirdə daha asanını – silahı əlinə alıb və qan töküb. Min illərdir ki, Tanrının sirrinin sözdə olduğunu dərk edənlər onun yarandığı mücərrəd elementləri araşdırıb, bunu əldə etmək üçün institutlar, akademiyalar yaradıblar. Həqiqətin başının zorla kəsilə bilməyəcəyini müəyyənləşdirən əsilsizlər isə qılıncı kənara qoyub, söz oyununa girişmiş, onun sehri ilə bükülməyən dizləri büküb, qırılmayan iradələri qırıb, kəsilməyən başları kəsib. Sözün isə ən təsirlisi haqdan gələn şeirdir. Qədim mifologiyalara, əfsanələrə baxıldığında şeirlə-nəzmlə yazıldığını, yəni ritmik, ahəngdar, olmasının şahidi oluruq. Şeir isə haqqın səsi kimi qəbul edilir şərq ədəbiyyatında. Heç təsadüfi deyil ki, xalq arasında haqq aşığı kimi tanınan ozanlar qeybdən xəbərlər verər, insanlara öyüd və nəsihətləri ilə yol göstərərdilər. Hətta Kaliforniya Universitetinin ilahiyyatçı alimi Reza Aslan “Tanrı yoxdur Allahdan başqa” əsərində bütpərəst kahinləri də şair adlandıraraq yazır: “İslam öncəsi toplumda şairlərin: ozan, qəbilə tarixçisi, əxlaq fəlsəfəsi yayanlar, həm də ədalət uyğulayan şəxslər kimi rola sahib idilər” (6:s.44) Haqq sözünü deyənlər isə Türk mədəniyyətində ya hökmdar olurdu, ya da hökmdarın yanında. Nə vaxta qədər ki, belə idi, türk mədəniyyəti söz və qılınc gücü ilə dünya tarixində öz dəsti-xəttini, izini qoyurdu. O vaxt ki, hökmdarların əlində təkcə qılınc qaldı və ya söz alınıb əllərinə qılınc verildi, onda da türkün dünya hökmranlığına son qoyuldu. Bunun sübutu kimi XV-XVII əsrlərdə dünyanın türk hakimiyyəti ilə idarə edildiyini xatırlasaq, bizcə yetərlidir. Bu türk hökmdarlarının irfan elminə, Tanrı sözünə hakim olduğu çağları əhatə edir. “Bu dövr, həqiqətən də, türk ədəbiyyatının ən vacib mərhələsi olmasıyla yanaşı “Sultanların şeirlərinin” də zirvəsinin yaşandığı bir dövrdür. Bu dövr Hüseyn Bayqara, Fateh Sultan Məhməd, II Bəyazid, Yavuz Sultan Səlim, Qanuni Sultan Süleyman, Cahan Şah Həqiqi, Qazi Bürhanəddin, Cəlayirli Əhməd və Şah İsmayıl Xətai kimi, sadəcə bu dövrün deyil, bütün türk tarixinin ən böyük adlarını yan-yana və eyni səviyyədə yaşatmışdır.” (5:s.3.) XI əsrin əvvələri türk mədəniyyətində və dünya hökmranlığında bir intibah yaşandı. Bu intibahın əsas səbəbi türk təfəkkürünün Bilgə Kağandan sonrakı məişət səviyyəsindən mərifət səviyyəsinə yüksəlişi idi. Səlcuqlar imperiyasının varisi olan Azərbaycan Atabəylər dövlətinin (XI-XII əsr) qısa müddətdə böyük uğur qazanmasının, heç şübhəsiz, əsas fiquru Şeyx rütbəsi qazanmış dövr şairi olan böyük mütəfəkkir, filosof Nizami Gəncəvi idi. Hökmdarın şairə verdiyi dəyər onu bir gücə çevirmişdi. Çünki şair haqqı söyləyər, haqdan çəkinməz heç vaxt. Əlbəttə ki, günümüzün məddah şairlərini nəzərdə tutmuruq bu anlamda. Nizami bu gün şifrələrini itirdiyimiz elmin hökmdarı idi. Hansı ki, əxilik sistemi ilə idarə edilən türk dövlətləri bu gün həmin dünyəvi şifrələri itirmişlər. Nizami dövrünün hökmdarları tərəfindən böyük hörmət sahibi kimi qarşılanan şəxs idi, onun sözü-şeiri rəiyyət içərisində nüfuz sahibi idi, deməli, Nizami Gəncəvinin arxasında haqq şeirinin sehri ilə məftun olmuş xalq var idi. Burada çox maraqlı bir məqam diqqətimizi çəkir. Nə Nizamiyə qədər, nə də Nizamidən sonra müxtəlif şahlar tərəfindən bu qədər rəğbətlə qarşılanan xüsusi bir şair yoxdur ədəbiyyatımızda. Tarixə nəzər yetirdikdə şahid oluruq ki, şahlara qarşı öz əsərləri ilə etirazını bildirən Nizami Gəncəvi heç bir təzyiqə məruz qalmır. Halbuki ona yaxın bir dövrdə, hətta sarayda yaşayan Xaqani Şirvani sürgün olunmuş, əziyyətlər çəkmişdir. Nizaminin məsləhətləri ilə ölkəsini idarə edən Səlcuqilər, Eldəgizlər, Şirvanşahlar dövlətləri, əlbəttə ki, onun hörmətini qazanmaq üçün əllərindən gələni etmişlər. Bu da dövrün hökmdarlarının şeirə − xalqın sevdiyi haqq sözə verdiyi qiymətin bariz nümunəsi idi. Biz bu məqama “Kitabi-Dədə Qorqud” dastanlarında da rast gəlirik. Oğuz hökmdarı hər addımında şair Dədəm Qorquddan məsləhət alması, onun sözü ilə oturub durması fikrimizin təsdiqidir. O həmin şair idi ki, haqdan xəbər verirdi. Şairin nüfuzunun Nizami zirvəsi XII əsrdə istiqamətini dəyişdi. Belə ki, saraylarda kütləvi şəkildə şairlər peyda oldu. Şeir formasını öyrənən bir çox insan şeirə çörək ağacı kimi baxdı ki, sonda məddahlar peyda oldu. Və beləcə, ağ qaradan seçilməz oldu. Məddahlıq çoxaldıqca haqq sirrin daşıyıcıları olan şairlər saraylarda özlərinə yerə tapa bilmədi, hökmdarla xalqın arasında vasitəçi olmaqdan uzaqlaşdılar. Bəlkə də, bunun nəticəsi idi ki, sonralar sufizm, hürufizm kimi təriqətlər yarandı. Bu elmlərin sirrini özündə daşıyanlar isə dərviş libasında xalqın yanında yer aldı. İmadəddin Nəsiminin, Yunis Əmrənin, Şəms Təbrizinin xalq arasındakı nüfuzu bunun bariz nümunəsidir. Şahla şairin vəhdətinin pozulması sonrakı dövrlərdə şairin şah, şahın da şair olmaq arzusunu inkişaf etdirdi. Şərq-türk təfəkkürünə görə xaqanlar Tanrının seçdiyi insanlardır. Tanrının seçdiyi insan haqq sözün nə olduğunu bilməlidir ki, idarəçiliyi də ədalətli olsun. Elə bu səbəbdəndir ki, XII-XIII əsrdən sonra türk hökmdarları arasında bir ənənə başladı. Onlar öz varislərini ürfan elmindən dərs almağa, sözün qüdrətinə vaqif olmağa yönləndirdilər. Beləcə, beş-altı yüz il içində, demək olar ki, bütün türk hökmdarları həm də şair oldular. Hansılar ki, sözün sirrinə agah oldular, ürfan elminə bələd oldular onların uzun sürən hakimiyyəti, daim parlayan qılıncları oldu. “Türk ruhunun ucalığının, türk mədəniyyətinin böyüklüyünü göstərən amillərdən biri də Gündoğandan Günbatana geniş türk coğrafiyasında qurulmuş dövlətlərə başçılıq etmiş sultanların, hökmdarların çoxunun şeir yazmasıdır.” (5:s.3.) Tariximizdə bəlli olan dünya hökmdarlarının həyatına nəzər salsaq, türklərdəki kimi ikinci bir xalq tapa bilmərik ki, onlarda olduğu qədər şair-hökmdar görək. Qazi Bürhanəddin, Çingiz xan, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai, Sultan Süleyman və s. Bu heç də təsadüfi deyil. Çünki dünyaya böyük bir inanc sistemi, mədəniyyət bəxş edən türklər ilk öncə sözə, sonra isə qılınca söykənmişlər. Necə ki, Məhəmməd peyğəmbər etmiş və İslam imperiyasını qurmuşdu. Bunun ən uca zirvəsi isə taxta qılınca sarılan söz sərrafı, hürufi elminin döyüşən qılıncı XIV-XV əsrdə yaşamış İmadəddin Nəsimi idi. Fəlsəfə doktoru Fəxrəddin Salim “Milli yaddaş sistemində ürfan və təsəvvüf” əsərində qeyd edir ki, “Tarixdə Sultan Mahmud Qəznəvi, Qazi Bürhanəddin, Əlaəddin Keyqubadın, Uluğbəyin və nəhayət, Şah İsmayıl Xətainin simasında birbaşa və şəxsən sufi olan, ürfan əhli, ərbabi-təsəvvüf olan hökmdarlar yalnız türklərə məxsusdur. Bu fakt həm tarixi, həm mədəni, həm fəlsəfi, həm də siyasi baxımdan çox böyük əhəmiyyətə malikdir. Nəqşibəndilərin Orta Asiyada, Mövləvilərin Anadoluda, Xəlvətilərin, Nemətullahilərin, Qadirilərin, hürufilərin, Bektaşilərin digər cəmiyyətlərdə yüksək mövqelərə gəlmələri, dövlətin və xalqın məhz aparıcı simalarına çevrilmələri məhz türk hökmdarlarının xidmətidir.” (3:s.86) Bəli, tədqiqatçının da qeyd etdiyi kimi, irfan elminə bələd olan türk hökmdarları bu bəşəri elm sahiblərini ən yüksək vəzifələrə cəlb etdi, haqqın bərqərar olması üçün onların tövsiyələrindən yararlandılar. Biz bu vəhdəti XII-XIII əsrlərdə Azərbaycan torpaqlarında hökmdarlıq etmiş Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan və Axsitanla Nizami Gəncəvinin, Fateh Məhmədlə Ağşəmsəddinin, III Məhmədin, Xəlvəti şeyxi Şəmsəddin Sivasinin, Hüseyn Bayqara ilə Əlişir Nəvainin dostluq münasibətlərində görürük. Bu amil isə birincilərin dövlət idarəçiliyini asanlaşdırmışdır. Hətta Monqol dastanlarında “Qızıl nəslin” ən böyük fatehi adlandırılan Çingiz xanın ən yaxın dostu, sonradan sərkərdəsi olmuş, çobanlıqdan general rütbəsinə yüksəlmiş Bogurdçi Noyana onu incitdiyi üçün ona şeir ithaf etməsi də fikrimizi dəstəkləyən amillərdəndir. XV əsrdə böyük imperiya qurmuş Əmir Teymur kimi fatehlər də Kirmani kimi şairlərin haqq sözünü eşitməkdən çəkinməmiş, eşitməyə daim ehtiyac duymuşdur. Lakin Teymur sarayında həmişə hörmət görmüş şair Kirmani, Osmanlı sarayında təlxək-cücə obrazı səviyyəsinə endiyi zaman Türkün dünya hökmranlığının sonu gəlmişdir deyə bilərik. XIV əsr Qeysəriyyə hökmdarı olmuş Qazi Bürhanəddin şeirlərindən birində deyir: “Ərənlər öz yolunda ər tək gərək, Meydanda erkək kişi nər tək gərək, Yaxşı yaman, qatı yumşaq olsa, xoş Sərvərəm deyən kişi erkək gərək.” Türk şeirinin ən gözəl və özəl janrı olan bu tuyuqda “Şairin həyat səhifələrindən cizgilər işıqlandırılır. Biz burada, sanki hökmdar Bürhanəddinin dövləti idarə işi ilə təmasa girməsini, döyüşçü Bürhanəddinin alp ərənlər kimi müharibə meydanlarında hayqırtısını eşidirik” (2:s.205) Sözünün əri olan istənilən şəxs cəmiyyət tərəfindən sevilmiş, sayılıb seçilmişdir. Əslində, hər sözü haqq kimi qəbul edilən bir hökmdar özünü bir ər kimi, alp kimi, ərdəmli biri kimi aparırsa, haqqı nahaqdan seçə bilirsə, demək ki, onun gücü qılıncda deyil, sözdədir. Necə ki, Əmir Teymurun iti, parlaq qılıncı Nəsiminin sözlə cilalanmış taxta qılıncı qarşısında aciz qaldı. “Bütün kainatı ilahi, mütləq varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla Allahı eyniləşdirən və bu eyniliyi vəhdət gülzarı, özünü isə bu vəhdət və birlik gülzarının bülbülü, şairi adlandıran Xətai özünü “mütləq həqiqət” deyə vəsf etmişdir” (7:s.12) Sufi isən, alıb-satma, Halalına haram qatma, Yolun əyrisinə getmə, Doğru yola nəzər eylə − deyərək insanlığa yol göstərirdi. Bu misraların sahibi, əlbəttə ki, insanı tanıyır və onun idarəçiliyində dediklərinin əridir. Şah İsmayıl Xətainin bir aforizminə diqqət edək: Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: − Ana dilimizi, vicdanımızı, Vətənimizi. Bir insan üçün ən önəmli dəyər onun dili, vətənidir. Bunun dəyər və qiymətini bilməyən isə bəşəri ola bilməz. Şah İsmayıl Xətai üçün babalardan örnək qalan digər bəşəri amil isə “vicdan” idi. Vicdanı özünə hökmdar bilən kimsə nə dini, nə milli, nə də irqi ayrıseçkiliyin əsiri ola bilməz. Vicdan bəşəriyyətə hökmdar ola bilsəydi, bu gün dünya bu vəziyyətdə olmazdı. Məhz bu vicdan sahibi Xətai yazır ki, Sil, süpür qəlbini, süddən bəyaz et, Öldür nəfsini, şeytandan arıt. Doxsan doqquz yerə çıxdı Bəyazid, Halına münasib yeri bulunca.Əgər diqqətlə yanaşsaq, görərik ki, Xətai təkcə həyat və insan barədə real, ağıllı, humanist nəsihətlərlə kifayətlənmir, öz təriqət görüşlərinin təbliğinə də ayrıca diqqət yetirir. Yuxarıda misal gətirdiyimiz parçalardakı işarələr, oxucularına “sufi” deyə müraciət etməsi, məşhur sufi şeyxi Bəyazid Bistamini nümunə göstərməsi fikrimizə ən yaxşı sübutdur.” (7:s..12) Akademik Ramiz Mehdiyev “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsində qeyd edir ki, “Şah İsmayıl fenomeninin ən mühüm əlaməti ondan ibarətdir ki, poeziya, yaradıcılıq dövlət başçısı üçün əyləncə, ikinci dərəcəli məşğuliyyət deyildi, əksinə, siyasi ideyaları daha təsirli, inandırıcı şəkildə təbliğ etmək, öz ideallarını, məqsəd və vəzifələrini yaymaq və izah etmək üsulu idi”. (1.) Tamamilə haqlı yanaşmadır. Bir liderə xas olan birinci əlamət sözdən nə zaman və necə istifadə etmə bacarığıdır. “Söz vardır kəsər savaşı, söz vardır kəsdirər başı” − deyən hökmdar şairin Osmanlı Sultanlarına yazdığı məktublarda da biz bunun şahidi oluruq. “Məndədir yer ilə göyün hikməti, həm qüdrəti, Abü atəş, xaki badü cümlə ərkan məndədir” − deyən Xətainin “öz vəhdəti-vücud fəlsəfəsində hürufiliyə − Nəimi və Nəsimiyə daha çox yaxınlaşdığını görürük. Hürufizmdə olduğu kimi Xətai də içində ilahi nuru gəzdirən maddi, cismani insanda Tanrıya məxsus ucalıq və kamillik görür. Nəsiminin bir çox şeirlərinə nəzirələr yazmış, onun məsləki uğrundakı fədakarlığına qibtə etmişdir” (2.s.372.) İçində Tanrı işığı gəzdirən və bunu duyan bir sənətkarın hökmdarlığı, əlbəttə ki, xalqın ürəyincə olacaqdır. Heç təsadüfi deyil ki, Şah İsmayıl Xətai bir neçə ilin ərzində 2 milyon kvadrat metrlik ərazini öz idarəçiliyi altına salmışdır. Fikrimizcə, bütün bunlar yeniyetmə bir haqq şairinin qılıncının yox, ilahi sözünün qüdrəti idi. Söz qılıncını haqq, polad qılıncını isə nahaqq − şər üzərində şahə qaldıran bir hökmdar idi Şah İsmayıl Xətai. Nəticə “Sultanların şeirləri, şeirlərin sultanları” əsərində dəyərli müəlliflər türk şair hökmdarlarını araşdırmış və 56 şair hökmdarın həyatı və yaradıcılığı haqqında məlumat vermişlər. Bu şairlərdən 29-u Osmanlı sultanı, 8-i Krım xanədanları, 5-i Türkmən-Azərbaycan şahları, 4-ü Məmlük hökmdarları, 6-ı Teymurlu, 4-ü Babur xanədanıdır. Bu şairlərin hökmdarlığına, hökmdarlığının ədalətinə, qurduğu dövlətin gücünə, fəth etdiyi ölkələrdəki nüfuzuna baxdıqda ən böyüklərin ən yaxşı şair hökmdarlar olduğunu görərik. Bu fikrimizi XVI əsrdə hökmdarlıq etmiş Sultan Süleyman Qanunini, Şah İsmayıl Xətaini göstərə bilərik. Hər iki hökmdar həm sözünün, həm də qılıncının gücü ilə bütün hökmdarlardan fərqlənmişdir. Vəhdəti-vücud elminə sahib olan hökmdar insanı Tanrının nişanı bildiyi üçün onunla ədalətli rəftardan başqa bir qaydaya sahib ola bilməzdilər ki, buna da yaxından bələd və sahib olan türk hökmdarları cahan hökmdarlığına haqlı olaraq iddialı idilər. Yalnız qılıncın gücünə sahib olanlar məhvə məhkumdurlar. Sözün gücünə hakim olanlar isə əbədi yaşamağa və yaşatmağa qadirdirlər. Necə ki, Bilgə Kağanın, Sultan Süleymanın, Şah İsmayılın bu gün sözünün gücü öz hökmünü itirməmişdir.

Açar sözlər: şeir, qılınc, hökmdar, şair

Key words: poem, sword, ruler, poet

  1. az.apa.az. 14.08.2015
  2. Azərbaycan ədəbiyyatı tarixi. III cild. Bakı. Elm. 2009. s.205
  3. Fəxrəddin Salim “Milli yaddaş sistemində ürfan və təsəvvüf”. Bakı 2010. Elm və təhsil. S.86)
  4. Kutsal kitap. Korean Bible Society. Yeni Yaşam Yayınları. 2011. Yuhanna. 1. S.1124.
  5. Mustafa İsen, Ali Fuat Bilkan, Tuba İşinsu Durmuş. Sultanların şeirləri, şeirlərin sultanları. Bakı 2013. Qanun. S.3.
  6. Reza Aslan. Tanrı yoxdur Allahdan başqa. İstanbul. Okyanus. 2014. Səh 44.
  7. Şah İsmayıl Xətai. Əsərləri. Bakı-2005.

Çap olundu : IX. Uluslararası Türk Kültürü, Sanatı ve Kültürel Mirası Koruma Sempozyumu. Verona İtalya 2015. S.119-125

Oxşar yazılar