“Vətəndaş A” – Azərbaycan serial tarixində və müəllimlik sənətində yeni era!
“Vətəndaş A” serialını rəsmi və qeyri-rəsmi tənqid edənlər var. Sözsüz ki, bunu məqsədli hesab edirəm. Məhz bu seriala görə İTV rəhbərliyinə, filmin ssenari müəllifinə, rejissoruna, ümumiyyətlə, heyətə böyük təşəkkür düşür.
Mənə görə, bu serialı Azərbaycan serial istehsalı tarixində bir dönüş nöqtəsi hesab etmək olar. Həm texniki, həm mövzu, həm də aktyor işi baxımından xeyli irəliləyiş var. Filmin texniki, aktyor işi və sairə məsələləri qoy kinoşünaslar qiymətləndirsin, amma məni düşündürəm mövzu və ona yeni yanaşmadır.
Film Cəfər Cabbarlının “Almaz” pyesi əsasında müasir tələblərə uyğunlaşırılaraq çəkilib. Filmdə günümüzün reallıqları o qədər incəliklə və sevgi ilə yaradılıb ki, əmin olursan ki, film heyəti Azərbaycan sevgisi ilə alışıb yanır. Rüşvətxor, yaltaq məmur, bunun qarşısında əzilən və alçaldılan cəmiyyət, 21-ci əsr olmasına baxmayaraq, geridə qalmış təfəkkür, avamlıq, qorxaqlıq çox qəşəng ifadə edilib və ikrah doğura bilir insanda. Həmçinin günümüzün məktəblərindəki durum, ucqar kəndlərimizdə təhsilin vəziyyətin açıq və çılpaq “tərənnümü” möhtəşəmdir!
Bütün bunlar böyük cəsarət tələb edir ki, bu mesajı da film çox rahat verə bilib.
Müəllim obrazı da yüksək səviyyədə işlənib. Kimlərəsə görə dikbaş, qıcıqlandıran, özündən razı, replikalarından geri qalmayan, hər şeyə etirazçı olan bir obrazdır və bəzən bunu günümüzün müəllim obrazına yaraşdırmırlar. Qətiyyən razı deyiləm, bütün işini gücünü atıb, şəhərin komfortuna yox deyən, ziyalı və intellektual müəllim ucqar bir kəndə maarifçilik arxasınca gedirsə, elə belə də olmalı idi. Bu bizim təfəkkürümüzdə formalaşan qorxaq, ürkək, ehtiyacdan boynubükük gəzən, yalançı təvazökar müəllim kompleksini darmadağın edir, yeni: etirazçı, cəsarətli, qorxmaz, eqoist, mübariz müəllim obrazı yaradır. Əminəm ki, məhz bu obrazdan çoxlu müəllimimiz ilham alacaq. Ona qarşı duran cəmiyyətlə döyüşməkdən qorxmayacaq, mübarizəsindən əl çəkməyəcəkdir.
Ən önəmlisi isə qadın obrazı olması və bunu bir qadın kimi aparmasıdır. Cəbiş müəllim obrazından fərqli olaraq yeni müəllim orbazı yaradır. Hə, bəzilərinin xoşuna həm də müəllimin inancı gəlmir, deyəsən. Halbuki bu cür xarakterlərə məxsus şəxslər gavurun cibini bol edən hacılara qarşı da böyük bir nümunədir. Yeni ideallar açır, qanı yeniləyir. Hələ ki, filmin beş seriyasına baxmışam və baxımlılıq baxımından çox bəyənirəm. O cür cəmiyyətə qarşı elə bu cür müəllim lazımdır ki, prosesi dəyişsin, təsir edə bilsin! Həm də ona görə bəyəndim ki, axır ki, özündənrazı müəllimimiz də oldu )).
Bura qədərki fikrimdə deyə bilərəm ki, film həm də “Ölülər” əsərini də xatırladır, sadəcə müəllim obrazı İskəndərdən fərqli olaraq cəmiyyətin taleyi ilə razılaşmır və döyüşür. Digər obrazlarda demək olar ki, işıq yoxdur. Qonşu – şorgöz şair, iş adamı – fırıldaqçı Hacı, bələdiyyə sədri və direktor – qorxaq rüşvətxor, digərləri isə elə Məşədi Cəfər kimi məzlumlar…
İTV-ni və bütün yaradıcı heyəti təbrik edirəm!