Xocalı soyqırımına aid dəyərli roman: “Ümidlərin izi ilə”…
İstedadlı ədəbiyyatşünas və dilçi alim kimi tanıdığımız, kafedramızın ən perspektivli gənc müəllimi kimi böyük ümidlər bəslədiyimiz Şamil Sadıqov eyni zamanda şair, nasir və dramaturq kimi də şöhrətlənmişdir. Onun “Qana qan qarışdı” dramı Naxçıvan Dövlət Dram Teatrında uğurla tamaşaya qoyulmuşdur. Ş.Sadıqov detektiv yazar Müşfiq XANla birlikdə qələmə aldığı “Ümidlərin izi ilə” adlı kriminal-detektiv romanı isə Xocalı soyqırımı zamanı Azərbaycan vətəndaşlarının başına gətirilən müsibətlərin təsvirinə həsr olunmuşdur.
Bu vaxta qədər 26 fevral 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilən Xocalı faciəsi, doğrudan da, bəşəriyyət tarixində törədilən ən qanlı, çox insan tələfatı olan faciələrdən biridir. Buna görə də bu mövzuda çox yazılmış və hələ bundan sonra da yazlacaqdır. “Ümidlərin izi ilə” romanında isə Xocalıda baş verən hadisələrin geniş təfərrüfatının təsviri ilə yanaşı, düşmənlərimizin girovların başına gətirdikləri müsibətlərin işıqlandırılmasına daha çox üstünlik vermişdir.
Bununla yanaşı, girovların onlara verilən işkəncələr zamanı və girovluq dövründə keçirdikləri daxili-psixoloji sarsıntılar, müxtəlif Azərbaycan vətəndaşlarının düşmənlərlə apardığı ölüm-dirim mübarizəsi inandırıcı şəkildə təsvir olunmuşdur. Roman BDU-nun tələbə və müəllimləri haqqında verilən məlumatlarla başlayır. BDU-da Xocalı faciəsinin 19 illik anım günündə Ramil müəllimin çıxış zamanı əhvalının pisləşməsinin təsviri ilə əsas hadisələrə keçilir.
Romanda öz əksini tapan hadisələrin təsviri girovluq həyatı keçirən Aytəkinin yazdığı gündəlik əsasında qurulmuşdur. Buna görə də romanda təsvir olunan bütün hadisələr əsasən Aytəkinlə əlaqədardır. Lakin Xocalı faciəsi və girovların başlarına gətirilən işkəncələr Aytəkinin gördükləri ilə məhdudlaşdırılmamışdır. Lakin oxucu inanır ki, Aytəkin və digər həmvətənlərimizə verilən işkəncələr başqa girovlara da verilmişdir. Çünki bütün girovlara Azərbaycan xalqının qanına susayan erməni Albert Vaskanyanın rəhbərliyi altında eyni əzab verilir. Bu baxımdan Aytəkin ermənilər tərəfindən girov götürülən qadın əsirlərimizin ümumiləşdirilmiş surətidir.
Xocalıda anadan olan, BDU-nun Tarix fakültəsinin birinci kursunda oxuyarkən üçüncü kurs tələbəsi Ramillə sevişən, onunla əhd-peyman bağlayan, böyük ümidlərlə yaşayan Aytəkin Xocalı erməni və rus hərbi birləşmələri tərəfindən yerlə-yeksan edilərkən anasının, onun sonbeşiyinin cinsiyyət orqanından güllələnməsinin, 16 yaşlı bacısının özünü yandırmasının, atasının ölümünün şahidi oldu.
Adətən, insan öz əzizlərini itirəndə göz yaşı axıdır, fəryad qoparır. Lakin bu ailə və xalq faciələrini görmədiyinə görə Aytəkin anasının ölümünə sevinmişdi. Aytəkin bundan sonra anaların gözləri qarşısında zorlanan qızların fəryadını eşidən, onlara heç bir yardım edə bilməyən neçə-neçə anaların iniltilə yandığının şahidi olmuşdur, sırğaları çıxarılarkən qulaqları kəsilən qızların ah-naləsini eşitmişdi.
İşkəncələrə dözə bilməyən, intiqam hissi ilə yanıb-yıxılan və müqavimət göstərənlərin aqibəti isə daha acınacaqlı olardı. 14-15 yaşlı Elşən erməni əsgərini vurur-yıxır və onun avtomatını alır. Ermənilərin “əgər avtomatı verməsən, bütün əsirləri güllələyəcəyik” sözlərindən sonra avtomatı yerə atan Elşənin bədən üzvünü kəsirlər, ölüncəyə qədər döyürlər, anasını güllələyirlər.
Müxtəlif erməni dığaları ilə ünsiyyətdə olmağa məcbur edilən Samirə axırda fürsət düşəndə erməninin bədən üzvünü kəsir, tapancasını götürür, onu da, iki nəfər başqasını də öldürür. Bundan sonra isə Vaskanyanın əmri ilə onunla ünsiyyətdə olan ermənilər onun bədəninə öz adlarını, “Böyük Ermənistan” sözlərini yazırlar və s.
Erməni əsgərləri əsir qızlarla əylənməzdən əvvəl onlara fiziki cəza verməkdən həzz alardılar. Onları boğazlarından asır, ayaqları altına qızdırılmış dəmir qoyardılar. Əsgəran Polis İdarəsinin qaranlıq və rütubətli zirzəmisində saxlanan 200-ə qədər əsirin vəziyyəti çox acınacaqlı idi. 2-3 gün ac saxlanan qadının körpəsini susdurmaq üçün ananın döşlərini kəsib iki aylıq körpənin ağzına verirlər. Körpəyə süd əvəzinə qan verməklə kifayətlənməyən ermənilər o körpənin ayaqlarından tutub iki hissəyə şaqqalayırlar. Belə cəza üsulundan ancaq erməni cəlladları istifadə edə bilərlər.
Neçə-neçə qadının saçından asıldığının, başının dərisinin soyulmasının, əsirlərin maşının arxasına bağlanıb sürüdüldüyünün, Qədim kişinin dərmansız operasiya edilib mədəsindən qəlpənin çıxarılmasının, ata-anası, həyat yoldaşı gözü qarşısında öldürülən Rənanın şüşə ilə özünü öldürməsinin və s. şahidi olan Aytəkin bacısı Gülcahandan ayrılır, ayrılıqda Vaskanyanın quluna çevrilirlər. Lakin heç vaxt Ramili yadından çıxarmır. Həyata oğul gətirsə də, heç vaxt onun üzünü görməyən Aytəkin Kəlbəcərdə əslən fransız olan, lakin Kanadaya məxsus şirkətdə qızıl çıxarmaqla məşğul olan Fabianın quluna çevrilir. Lakin Fabian onunla çox mədəni davranır, hətta Aytəkini onun xahişi ilə Xocalıya-evlərinə də aparır. Aytəkin uçulmuş evin daşları altından Ramilin ona yazdığı son məktubu da tapır.
Fabian hətta onu özü ilə Fransaya aparır. Casus kimi Azərbaycana gəlmədiyi üçün bacısı Gülcahanın ayaqları, qolları kəsilir, sonra odda yandırılır. Aytəkini isə Vaskanyan on il əvvəl güllələmişdi.
Əsir surətlərindən biri də Qədim kişidir. O, öz səbirli, təmkinliliyi, müdrikliyi, uzaqgörənliyi ilə yadda qalır. Vaxtilə ermənilər arasında özünə dostlar qazanan Qədim kişi etdiyi yaxşılıqlar müqabilində məhv olmur, qardaşlarının ödədikləri pul müqabilində əsirlikdən xilas olur. Həm Ramil, həm də Qüdrətov ondan Aytəkin və digər əsirlər haqqında çox şey öyrənirlər.
Romanın əsas surətlərindən biri məhz Ramildir. BDU-nun tarix müəllimi Ramil üçüncü kursda oxuyanda Aytəkinlə sevişir. Xocalı faciəsindən sonra Qədim kişidən Aytəkinin əsir düşdüyünü öyrənir. Könüllü döyüşə gedir. Dəfələrlə ağır yaralansa da, sağalıb yenidən vuruşur. Döyüşlərin birində böyük fədakarlıqlar göstərir, Aytəkinin Əsgəranda saxlandığı binaya qədər gedib çıxır. Yaralandığı və gülləsi qurtardığına görə əsir düşür…
O, Aytəkini ölmüş bildiyi üçün Nərminə ilə evlənir və yeganə qızına da Aytəkin adı qoyur. Qaçqınlar Komitəsində məsul şəxslərdən biri olan Ramil Aytəkini itirdikdən 19 il sonra onunla Bakıda rastlaşanda onun gəlişinə şübhə ilə baxır, çantasına səsyazan aparat yerləşdirir. Qüdrətov müəyyənləşdirir ki, o, doğrudan da, Aytəkin yox, cərrahiyyə yolu ilə üzü Aytəkinə bənzədilmiş erməni casusu Ayanyan Milana Petrovnadır.
Ramilin silah yoldaşlarından olan Səlim də onun kimi igid və qəhrəmandır. Döyüşlərin birində tağım komandiri geri çəkilmək əmri vermişdi. Səlimin dəstəsi isə artıq mühasirəyə düşmüşdü. Yoldaşlarını mühasırədən çıxaran Səlim özü döyüşə-döyüşə irəliləyir. Oğlunu, qardaşlarını öldürən Səlimi Baqdasaryan diri tutmağı tapşırmşdı. Son gülləsinə qədər vuruşan Səlim yaralanır, yıxılır. Ermənilər ona yaxınlaşanda Səlim qarnına bağladığı qumbaranın üzüyünü çəkir… Erməni mayoru Baqdasaryan Səlimi cəsur əsgər kimi dəfn etdirdi və məzarı üstündə yaylım atəşi açdırdı. Azərbaycanlıların qanını tökməkdən xüsusi zövq alan və əslən amerikalı olan, “Avo” adı ilə şöhrətlənən Monte Melkonyan da milli ordu kəşfiyyatçısı İbad tərəfindən qəhrəmanlıqla qətlə yetirilir.
“Ümidlərin izi ilə” romanında yadda qalan əsas surətlərdən biri də məhz məxfi şöbənin agenti “Tənha canavar” ləqəbli mayor Mikayıl Qüdrətovdur. O, Akademiyanı qurtarandan sonra rayon sərhəd zastavasında fəaliyyət göstərir. Eşidir ki, ilk sevgisi Sevda başqası ilə ailə həyatı qurmuş və tezliklə vəfat etmişdir. Qüdrətov sonradan öyrənir ki, Sevda sağalmaz xəstəliyə tutulduğu üçün bu dərdini sevgilisindən gizləmiş və “başqası ilə ailə həyatı qurması” xəbərini ona çatdırmaqla özündən uzaqlaşdırmaq istəmişdir. İndi Qüdrətov onun məzarını gül-çiçəklə ziyarət edəndə həmişə mənəvi rahatlıq duyurdu.
Qüdrətov öz vəzifəsinin öhdəsindən məharətlə gələn ən bacarıqlı əməliyyatçıdır. O, qısa bir vaxtda Gəncədə erməni əsiri Qaribin müəmmalı ölümünün səbəbini üzə çıxarır, günahkarlar Aleksey və Həsəni həbs edir. Aleksey etiraf edir ki, sifarişi Komarovdan almış, ona isə bu tapşırığı Tatyana Qribkova vermişdir. Qarib Jorun erməni komandirlərindən biri Safaryandan olan oğludur. O, zindan yoldaşı Tivandan Ermənistan hakimiyyətinə lazım olan bir sənədin yerini öyrənib Safaryana çatdırmalı idi. Aleksey və Həsən sünii qəza şəraiti yaradırlar və Qarib həlak olur. Ermənistanda yaşayan Jor isə Safaryana beş min dollar da vermişdi ki, Qaribi evində çox yaxşı saxladığı 14 yaşlı azərbaycanlı Əli Qurbanovla dəyişdirə bilsin. Qaribin meyidini aldığı üçün o da Əlini öldürüb meyidini təhvil verir.
Rusiyaya gedən Qüdrətov Qafqaz şəhərlərindən birində yaşayan Komarov və Tatyana Qribkovanı tapıb aradan götürür. O, Xocalı faciəsindən 19 il keçəndən sonra Fransada olarkən təsadüfən Aytəkinin gündəliyini əldə edir. Anası fransız, atası rus olan və müharibədən sonra Fransada yaşayan Vasya müharibə illərində dostluq etdiyi azərbaycanlı Məhəmmədhüseyn ilə dostluğundan və ondan Azərbaycan sözlərini öyrənməsindən həvəslə danışır. Epizodik surət olsa da, öz mehribanlığı və xeyirxahlığı ilə yadda qalır. O, on il qoruyub saxladığı Aytəkinin gündəliyini-əmanəti Qüdrətova çatdırır.
Bu gündəliyi ətraflı öyrənən Qüdrətov həm Aytəkin, həm də digər girovlar haqqında bir çox mətləblərin üzə çıxarılmasında o gündəlikdən səmərəli bəhrələnir. Aytəkin adı ilə Bakıya gələn Ayanyanı ifşa etdikdən sonra Qüdrətov təcili yenə Rusiyaya gedir. Vaxtilə Aytəkinə kömək edən və onun oğlu Kolyanı saxlayan, hazırda Rusiyada yaşayan Sonyanı, onun əri azərbaycanlı Məhəmmədi, oğlu Romanı (O, ermənilərə kömək edən “Qolos Kavkaza” təşkilatına rəhbərlik edirdi) Vaskanyandan qorumaq üçün Rusiyaya qayıdır. Lakin gec olur, çünki Vaskanyan oğlu Kolyadan başqa onların hamısını öldürmüşdü.
Qüdrətov Rusiyada olan köməkçilərinin yardımı ilə Vaskanyanı və onun oğlu Kolyanı tutur. Kolya atasının kim olduğunu biləndən sonra özünü öldürür. Qüdrətov Ramili Saratova dəvət edir. Görünür, o, Azərbaycan xalqının qanına susayan Vaskanyanın öldürülməsini məhz Ramilə həvalə edir.
“Ümidlərin izi ilə” romanı erməni faşistləri tərəfindən törədilən 20 Yanvar faciəsi, girovların və ümumiyyətlə azərbaycanlıların başına gətirilən işkəncələrin təsvirinə həsr olunduğu üçün çox ağır oxunur, lakin əsər çox sadə, anlaşıqlı, ən daş ürəkli insanların da ürəyini kövrəldə bilən bir dildə yazılmışdır. Əminik ki, roman beynəlxalq aləmə erməni vəhşiliklərinin çatdırılmasında, gənclərimizin düşmənə nifrət, doğma torpaqlarımıza, xalqımıza məhəbbət ruhunda tərbiyə olunmasında, onların qorxmaz, mübariz və vətənpərvər vətəndaşlar kimi yetişdirilməsində müstəsna rol oynayacaqdır. Bu baxımdan romanın başqa dillərə tərcümə olunması, bu mövzuda filim çəkilməsi çox faydalı olardı.
Aydın Paşayev
BPKİYİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor.