Köşə

Yaradanamı inanaq, Allahamı?

İnsan gərək o qədər axmaq olsun ki, bir insanın fətvasına gedəcək duruma düşsün! Elmli insan heç bir zaman kiminsə fətvasını qeyri-insani varlığın çağırışı kimi qəbul edə bilməz. Ona görə qeyri-insani deyirəm ki, hamımız insanıqsa, şüurumuz varsa, ağıllı sözə xub, amma kiminsə sükan olub birini təkər kimi döndərməsi qəbul edilməz və başa düşülməzdir. Lakin qeybdən səs gələrsə, onun qaynağın, yaranma səbəbin, kimə aid olduğunu bilmirik. Ona görə də bilmədiyimizin əsiri ola bilərik, amma bildiyimizin yox.

Bir insan bir insanın mənəvi cəhətdən əsirinə çevrilibsə, demək biri digərindən savadsız və biliksizdir. Və üstəgəl məntiqsizdir. Amma bilik səviyyələri yaxın olan insanlar bir-birilərinə sadəcə hörmət bəsləyə bilər və sayğılı olar. Demək, elmimizi artırmalıyıq ki, Tanrı alverçilərinin yanında ala dana kimi ağzımızı açıb heyran-heyran baxmayaq. Əgər bunu edə bilmiriksə, özündən nağıllar uydurub, fantastik əhvalatlar danışan bir insanın mənəvi quluna çevrilmək, sadəcə dini kəsimin çox sevib işlətdiyi “cahillik” kəlməsi ilə ifadə edilə bilər. İnsan insana heç vaxt Allah ola bilməz.

Tanrıya inan, çünki onun yoxluğunu sübut etmək varlığını sübut etməkdən daha çətindir. Çünki ən axmaq insan belə bu dünyanın kiminsə tərəfindən yaradıldığını qəbul edir. Bu Kimsəyə kimlərsə Boq, Allah, Rəbb, Tanrı deyə bilər. Sən öz dilində feildən düzəlmiş isimlə ifadə et: Yaradan! Əgər o biri sözlərin mənşəyini bilmədiyindən qorxa, vahiməyə gələ bilərsən. Amma Yaradan kəlməsi yanlış deyil. Yanlış ondadır ki, sənin mənasını bildiyin, məzmununa bələd olduğun “Yaradan” sözünü mənasını bilmədiyin və buna görə də qorxduğun Allah, Boq, Qad kəlimələri ilə səni sehirləyirlər.

Hətta bu da qəbuldur ki, Tanrı ilə bərabər onun Elçisi adlanan Peyğəmbərə də inanmaq olar. Çünki əksəriyyət tərəfindən qəbul edilir. Ən zalım müsəlman belə İsanı qəbul edir, ən zalım Xristian da Məhəmməd peyğəmbəri qəbul edir. Amma, amma ki onlardan sonra gələn istənilən insana Allah kimi gözüyumulu inanmaq axmaqlığın ən yüksək mərtəbəsidir.

Yadınızdadırsa, Tövratda da deyilir ki, insan öz Tanrısına da şübhə etmək iqtidarındadır. Hətta üsyan da edir bəzən. Çünki insanın bu quruluşunu insana Yaradan verib. Verib ki, görsün, eşitsin, düşünsün qərar versin. Bu, Yaradanın böyüklüyü və gücüdür.

Sözüm odur ki, kimlərinsə arxasınca gedib, təfsirlərini oxuyub aşiqi olmayın. Əgər bir zaman siz kiməsə bu dərəcədə inanmırdınızsa, indi isə inanırsınızsa, əmin olun ki, bir gün yenə inanmayacaq, ya da tamam başqasına inanacaqsınız. Demək ki, düşüncə dəyişkəndir. Bu gün sahib olduğunuz düşüncə hələ də tam ideal deyil! Ömrünüzün sonuna qədər dəfələrlə dəyişə bilər. Amma qanınız və ruhunuz sizə qalan mirasdır.

Məntiq və vicdanınızla yaşamağı bacarsanız, əmin olun ki, ən sağlam müsəlman, ən sağlam xristian, ən sağlam buddist sizsiniz.

Təfəkkürünüzü inkişaf etdirin ki, kimlərsə orda boşluq tapıb özlərinə yer etməsinlər.

P.S. Bizim ulularımız, ağsaqqallarımız Allaha Yaradan, Nura İşıq, Eşqə Sevgi, Elmə Bilik demişdir, hər bir halda ikincilərin mənasını başa düşmək üçün kiminsə yozumuna, izahına ehtiyac yoxdur. Birmənalı şəkildə hamımız başa düşür, anlayırıq. Birinciləri isə anlamaq üçün lüğət lazımdır…

Anladığınıza inanmaq, anlamadığınıza inanmaqdan daha əfzəldir!

Oxşar yazılar