STEM Liseyinin rəhbəri Şəmil Sadiq “Facebook” hesabında qəbul imtahanlarına münasibətdə yeni yanaşma irəli sürüb.
Həmin fikirləri təqdim edirik:
“Əziz valideyn dostlarım!
Məktəb və təhsil mövzusunda hamımızın nələrdənsə narahat, narazı olduğunu bilirik. Amma unutmayın ki, təhsilin, məktəbin düzəlməsi üçün ilk addımı valideynlər atmalıdırlar. Ya da hamımız oturub gözləmələyik, məktəblər elə vətəndaş yetişdirsin ki, onlar valideyn olanda problemlərimiz həll edilsin. Bunun mümkün olmadığını da yaxşı bilirsiniz. “Sabah düzələrik” ümidilə yaşamaq yanlışdır, biz düzəlməliyik, elə indi, bu saat, bu an. Onun üçün də məktəblərdən, müəllimlərdən öncə özümüz başlamalıyıq. Övladlarımıza qiymət, diplom arzulamaq, onun üçün çalışmaq, vuruşmaq məqsədyönlü yox, nəticə yönümlü təhsilin arzusudur. Universitetlərə qəbul imtahanları ərəfəsindəyik. Əslində, buna qədər görüləcək işlərdən birincisi, onların hansısa peşəyə yönləndirməyimiz olmalı idi.
Bilirsinizmi, PİSA adlı beynəlxalq qiymətləndirmədə iştirak edən Azərbaycan son sıralarda olub! Ordakı suallardan xəbəriniz olsa, heç biriniz nə məktəbi, nə də təhsili təndiq edərdiniz. 80-90 faiz sual bir insanın həyatda necə yaşamalı, nəyi bacarmalı olduğunu soruşur. Nə tarixi faktlar, nə elmi məsələ və misallar var, nə də hansısa düsturları əzbər bilmək. Gündəlik həyatımızda qarşımıza çıxan problemlərə yanaşmamız, necə anlamağımız soruşulur. Məsələn, şagirdin qarşısına metro sxemi qoyub, ondan necə istifadə etməli olduğu, hardan hara necə getməli olduğu soruşulur və ya bir telefon dəftəri verib, Orxandan Londondan Azərbaycanın Şəki şəhərinə necə zəng edə biləcəyi yoxlanılır. Xaricə, tanımadığımız yerə gedəndə heç vaxt xəritədən istifadə etmirik, qabağımıza çıxandan filan yerə necə getməli olduğumuzu soruşuruq, amma başımızın üstündəki tabloya baxmırıq, əlimizdə telefon, “Google”dan istifadə imkanı ola-ola kimdənsə filan sözün yazılışı necədir, tərcüməsi necədir, deyə, soruşduğumuz kimi”.
XXI əsrin təhsil tələblərinə işarə vuran Ş.Sadiq stereotiplərin dəyişilməsi tərəfdarı olduğunu bildirib:
“Müasir təhsil insana hansısa tarixi, elmi məlumatı necə bilməyi yox, onu necə əldə etməyi öyrədir. Yəni bacarıq, bacarıq, bacarıq! Amma biz zənn edirik ki, övladımız yüksək bal toplayaraq universitetə qəbul olsa, hər şey bitib. Amma düşünmürük, evlənəndə ailəsini necə idarə edəcək, əlindən ev işləri ilə bağlı nələr gələcək.
Sözüm ondadır ki, ixtisas seçimlərində diqqətli olun, populyar ixtisasları seçmək yox, onların həyatda seçdiyi ixtisasdan necə bəhrələnəcəyinə, həyat tərzini necə quracağına köklənin. Məsələn, dördüncü qrupda hamı həkim olmaq istəyir, amma heç kim fərqinə varmır ki, bu gün Azərbaycanda aqronom ixtisasına daha böyük ehtiyac var burda daha tez uğur əldə etmək olar və s.
Əgər uşaqlarımız orta məktəbi bitirəndə müəyyən iş bacarığına sahib olsa, tələbə olanda da çox uğurlu olacaq. Fikir verirsinizmi, əksəriyyət 25-30 yaşından sonra həyat yolunu, nəyi istədiyini daha yaxşı anlayır, bəzən oxuduğu diplomu kənara tullayıb, bacardığı və sevdiyi işlə məşğul olur. Amma jurnalistikanın balı yüksəkdir deyə, hamının ora üz tutmasına ehtiyac yoxdur. Normal kitabxanaçı olsa belə, bu gün özünü təsdiqləyə bilər. Heç kim işini yaxşı bilmədən, istədiyi maaşı ala bilməz. Gəlin, övladlarımızı bilik yarışına yox, bacarıq yarışına yönləndirək, deyirəm! Bacarıqlı insan hökmən lazım olan biliyi əldə edəcək, düşüncəsindəyəm!”