Haqqında yazılanlar

Zaman və Reallıq Həqiqəti

Şəmil Sadiq adı ədəbi kuluarlarda ardıcıl olaraq görünməkdədir. Düşüncəsinin məntiqi yetərincə davamlı olan bu ədəbi sima orijinal ədəbi layihələri və bir-birinin ardınca işıq üzü görməkdə olan əsərləri ilə “ciddi ədəbiyyatın” (Elçin Mehrəliyev) milli ruh daşıyıcısı kimi özünü təsdiq etməkdədir. Biz milli ruh dedikdə etnosun daxili-mənəvi hərəkətverici gücünü düşünürük. Milli ruh daşıyıcısı da o sənətkarlar ola bilir ki, onlar etnosun daxili hərəkətverici qüvvəsini, gücünü mənimsəmiş olur və ədəbi mübarizələrinin mahiyyətində etnosun gələcəyə doğru yolundakı qaranlıqları qovmaq amalı dayanır.

Hər halda Şəmil Sadiq İsa Muğanna ədəbi konsepsiyasının – Elçin Mehrəliyevin qeyd etdiyi kimi bəzən bu konsepsiya ilə formal ziddiyyət təşkil edən məqamlar olsa da – davamçısı bir növ İsa Muğannada örtülü qalan məqamların yeni söz və yeni obrazlarla ifadəçisidir.

Şuşada qalmış və OdƏr dilində yazılmış kitabı gətirmək fikrini ifadə üçün yazıçının təxəyyülündəki mahiyyətini aşkarlamaq vasitəsi də ola bilər. Ancaq bu, təsadüfi vasitə deyil. Bununla, əslində, işğaldan yaxa qurtarmağın, işğalı özünü yenməyin yolu göstərilir. Əsl həqiqət o kitabdadır. O kitabı gətirmək mümkün olsa, Azərbaycan xalqı – türk etnosu öz gücünü diktə etmiş olur, öz həqiqətinə tapınmış olur və qanuni haqqı olan torpaqlarını da işğaldan xilas edə bilir.

Müəllif obrazın mahiyyətinə – mənəvi mühitinə yol açmaq üçün açar kimi oxucunun gözlərindən nüfuz edir. Bu gözlər həm oxucunun gözləridir, həm müəllifin özləridir, həm də ədəbi obrazın gözləridir: “Gözlərinin içinə diqqətlə baxan olsa idi, sanki dünyanın yaradıldığı günü görərdi. Tarixin lap qədim çağlarını özündə gəzdirən bu kişi OdƏrlərin ağsaqqalı idi. Dədə Qorqudun qoyub getdiklərini, tövsiyələrini əsrlərdən bu günə daşıyan əsil ruh adamı idi. Hərəkətlərində bir ağalıq vardı. Sİnəsində ədəbiyyat rəmzi olan naxış vardı. Bu qədim türk naxışı ölümsüzlüyü əks etdirirdi özündə. Cismani ölümsüzlüyü yox, ruhun, bilginin, ilahi nurun ölümsüzlüyünə işarə idi”. Göründüyü kimi, burada tam müstəqil yanaşma var. Sanki o, mühitdən də təcrid olunub, tarixdən də təcrid olunub, qapalı bir adadadır və oradan çıxış yolu Dədə Əfəndinin buyurduğu kimi, gözlərdən keçir. Bu kod – milli-mənəvi genetik kod üçün əsas şifrə yaddaşıdır. Əldə başqa heç bir vasitə yoxdur. Demək, yalnız yaddaşa güvənməklə yolu tapmaq olar. OdƏr axtarılan milli tarixdir. İndiyə qədər bizə öyrədilən tarix deyil. Bu, elə bir tarixdir ki, təhrifdən xilas olmağın və təhrifə məruz qalmağın mahiyyəti onun öz içindədir.

Ümumiyyətlə, son dövrlər ədəbiyyata gələn yeni nəsildə – gənclərdə milli tarixi bərpa etməyin və taleyimizin bizə bəxş edəcəkləri üçün məsuliyyəti üzərinə götürmək meyilləri onların psixoloji durumlarının təzahürü olan yaradıcılıqlarında daha çox hiss olunur. Və heç şübhəsiz, Şəmil Sadiq də onlardan biridir. Bu sıradakı gənclərin arasından onu fərqləndirən bir keyfiyyəti də qeyd etmək yerinə düşərdi. O, təkcə istedadına güvənmir, kifayət qədər hazırlığa malikdir və şübhəsiz istedadı ilə hazırlığını, zəhməti ilə yeni zaman müstəvisində reallıq həqiqətinə çevirə bilir.

OdƏrlik təhrif olunmamış tarixi yazmaqdır.

OdƏrlik etnosun tarixi həqiqəti uğrunda mübarizədir.

Sevinməyə dəyər. SafAğ elmini yaşadacaq OdƏrliyi böyük həqiqətə çevirəcək gənclər gəlir. Sabahın işığı, sabahın adamları… Etnosun özünüqoruma instinktindən doğulan OdƏrliyin mahiyyəti budur. Zənnimcə, Şəmil Sadiq də bədii yaradıcılığı ilə bunu demək istəyir.

 

Bəlkə də axtardığımız elə budur.

(Əli Rza Xələfli. (Kredo qəzeti, № 40, 3 oktyabr, 2014-cü il)

Oxşar yazılar