Özünüzü “ƏN” şəkildə təqdim edin…
-MƏN bir müəlliməm!
Ən çox sevdiyiniz ədəbi cərəyan?
-Realizm
Çağdaş ədəbiyyatımızda ən çox oxunan yazarlar kimdir?
-Aldığım statistikaya görə Çingiz Abdullayev, Elxan Elatlı, Müşfiq XAN.
Gənc yazarlardan ən çox kimləri oxuyursunuz?
-Xüsusi izlədiyim gənc yazar yoxdur. Ramil Əhmədin, Aqşin Evrenin, Şəhriyar Del Geraninin şeirlərini, Vüqar Zifəroğlunun araşdırmalarını, Dilqəm əhmədin publisistik yazılarını bəyənirəm. Nəsrdə isə mənim sevdiyim gənc yazar hələ də yoxdur… Elmi işim “Müstəqillik dövrü Azərbaycan romanı” olduğu üçün əksəriyyətini iş xətrinə oxuyuram. Bunu isə oxumaq yox, işləmək hesab edirəm.
Ədəbiyyatımızda ən aparıcı qüvvə, fikrinizcə, kimlər olmalıdır-(gənc, orta, yoxsa yaşlı nəsil)?
-Ədəbiyyatda həmişə aparıcı qüvvə gənc nəsil olur. Bütün sahələrdə də belədir. Lakin orta və ya yaşlı nəsil yönverici qüvvə olmalıdır. Təəssülər olsun ki, bizim yaşlı nəsil gənc nəsli yönləndirə bilməkdə çətinlik çəkir. Bəlkə də, bu gün atalar-oğullar probleminin ən pik durumunu yaşayırıq ədəbiyyatımızda.
Ən çox bəyəndiyiniz əsəriniz?
-“OdƏrlər” romanım.
Ən az bəyəndiyiniz əsəriniz (hansı əsərinizi yenidən işləmək istərdiniz)?
-Yenidən işləmək kimi bir həvəsim olmayıb heç vaxt. Hansısa əsərimi yenidən işləməkdənsə, yeni bir əsər yazmağı daha uyğun hesab edirəm. Amma məktəblilər üçün yazdığım “Qana qan qarışdı” ssenarimi, sonrada pyes kimi işlədim və Naxçıvan Dram teatrında səhnələşidirildi.
Ən çox xoşladığınız peşə?
-Müəllimlik mənim özümü ifadə etməyimdə daha yaxşı imkanlar yaratdığı üçün müəllimlik.
Ən çox bəyəndiyiniz insani özəllik?
-Sadəlik
-Ən çox bəyənmədiyiniz insani özəllik?
-Təkəbbür
Ən çox sevdiyiniz yazıçı və ya şair?
Nəsimi, Hüseyn Cavid, İsa Muğanna, Arif Tekin
Ən çox hansı sosial şəbəkədən istifadə edirsiniz?
-feysbuk
Ən çox sevdiyiniz geyim brendi?
-o qədər də önəm vermirəm.
Ən çox sevdiyiniz telefon markası?
-Markanın önəmi yoxdur. Düzgün işləsin, yetər.
Ən çox sevdininiz maşın markası?
-Mersedes ola bilər.
Ən yaxşı dostunuz kimdir?
-Dostlarım çoxdur. Saymaq və sıralamaq çətin olar mənim üçün.
Ən sevimli idman növünüz?
-Futbol, voleybol, şahmat
Ən çox hansı vacibdir? İş, sevgi yoxsa istirahət?
-Sevgi ilə görülən iş mənim üçün istirahətdir.
Ən çox sevdiyiniz rəqəm və nə üçün?
-Yeddi. Çünki onun tərkibində bütün müqəddəs rəqəmlər var.
Ən çox sevdiyiniz rəssam?
-Klassiklərimizdən Səttar Bəhlulzadə, çağdaş rəssamlarımızdan Vaqif ucatay və Pəri Minatür.
Ən çox sevdiyiniz kinofilim?
-”Nəsimi”, “Yaşıl mil”.
Ən çox sevdiyiniz telekanal?
-Bu gün ən çox bəyəndiyim kanal Mədəniyyət tv.
Ən çox sevdiyiniz mahnı?
-“Qara tellər”, “Kor ərəbin mahnısı”, Esed Kabaklnın “Bil oğlum” mahnıları.
Ən çox sevdiyiniz ədəbi janr?
-Novella və roman.
Ən çox sevdiyiniz azərbaycanlı aktyor?
-Rasim Balayev
Ən çox sevdiyiniz teatr tamaşası?
-“Şeyx Sənan”. Əgər yaxşı səhnələşdirilə bilsə. Bu yaxınlarda səhnələşdirilmişdi, amma bəyənmədim.
Müasir qızlar və oğlanlarda ən xoşlamadığınız keyfiyyət?
-Gənclik iddialı olmalıdır. Amma indiki gəncliyin iddiası çox-çox böyükdür. Bu da eqoya gətirib çıxarır. Digər tərəfdən bu iddialar bəzən ədəb qaydalarını pozur.
Ən çox xoşladığınız şer parçası?
-Cəfər Cabbarlı “Ana”
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.
-Yəhya Kamal “Səssiz gəmi”
Artıq dəmir almaq günü gəlmişsə zamandan
Məhçula gedən bir gəmi qalxar bu limandan.
Heç yolçusu yoxmuş kimi səssizcə alar yol;
Sallanmaz o qalxışda nə məndil nə də bir qol.
Sahildə qalanlar bu səyahətdən ələmli
Günlərcə siyah üfüqə baxar gözləri nəmli
Biçarə könüllər, nə gedən son gəmidir bu
Hicranlı həyatın nə də son matəmidir bu.
Dünyada sevilmiş və sevənlər boşa gözlər,
Bilməz ki, gedən sevgililər dönməyəcəklər.
Bir çox gedənin hər biri məmnun ki, yerindən
Gör neçə illər keçdi, dönən yox səfərindən.
Ən çox xoşladığınız atalar sözü?
-Hamı getdi quş gətirdi, bizimkisə bayquş… Hərdən yadıma düşür və xeyli gülürəm.
Ən çox həyatda nə ilə qarşılaşmısınız –məhəbbətlə, yoxsa nifrətlə?
-İnsan həyatda bütün işlərində özünün əksi ilə qarşılaşır, inancındayam. Nifrətlə qarşılaşdığımı xatırlamıram.
“ƏN” olmaq üçün nə etmək lazımdır.
-ƏN olmaq üçün mübarizə aparmağa ehtiyac yoxdur. Vicdan və iş məsuliyyəti həyat prinsipi olduqda nisbi anlayış olan ƏN ola bilərsən. Bu da kimlərəsə görər…
Sizin üçün “ƏN” rubrikasında ən maraqlı sual hansı oldu?
-ƏN sözünü eqonun ifadəsi hesab etdiyimdən, Ən sözünün nisbi anlayış kimi qəbul etdiyimdən ƏN kəliməsi ilə başlayan sualları eşidəndə özümü bir təhər hiss edirəm. Cavab vermək məcburiyyətində qaldığım üçünsə sanki əziyyət çəkirəm.
Ən çox hansı sualın sizə verilməsini istərdiniz?
-İnsanın yür üzündəki missiyası nədir? Çünki həmişə cavabını tapmağa çalışdığım sualdır.
İdeya müəllifi: Yeqzar Cəfərli