Aylıq arxivlər

İyun 2023

Xəbərlər

Hədəf STEAM Liseyində IV Məzun Günü

                                   Hədəf STEAM Liseyində IV Məzun Günü keçirilib.

Liseydən  verilən məlumata görə, tədbir Heydər Əliyevin 100, Hədəf Liseyinin isə 5 illik yubileyinə həsr olunub.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında baş tutan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, deputatlar Musa Quliyev, Vüqar İsgəndərov, Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov, AMEA Folklor İnstitutunun baş direktoru Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli, Mətbuat Şurasının sədri Rəşad Məcid, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, Azərbaycan Respublikası KOBİA İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev, elm və mədəniyyət xadimləri, iş adamları, valideynlər iştirak ediblər.

 

Əvvəlcə qonaqlara “Heydər Əliyev – 100” rəsm sərgisi və “Heydər Əliyev – 100” STEAM sərgisi təqdim edilib. Hər iki sərgi liseydə təhsil alan balabilgələrin müəllimlərin dəstəyi ilə hazırladığı əl işləri və STEAM layihələrindən ibarət olub.
Tədbirin açılışı lisey balabilgələrinin və Xalq artisti Natiq Şirinovun ifasında “Azərbaycan” kompozisiyası ilə baş tutub. Kompozisiyada milli ruhda musiqilər, rəqslər, idman nömrələri göstərilib, Natiq Şirinovun qaval daşında ifası isə səhnəyə xüsusi rəng qatıb.
Ardınca quruluşçu rejissoru və ssenari müəllifi Hədəf Liseyinin dram müəllimi Cavad Nur olan və lisey balabilgələrinin ifasında hazırlanan “Hədəf məzunları Saturnda” adlı tamaşa təqdim olunub. Balabilgələrin səhnə bacarıqları və ifaçılıq qabiliyyətləri qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Daha sonra məzunların təltifetmə mərasimi baş tutub. Təhsil aldıqları müddətdə fərqləndiyi istiqamətlər üzrə məzunlara diplomlar təqdim edilib, milli geyim və milli papaq hədiyyə olunub.

Məzunları təbrik edən Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiq bildirib ki, “Hədəf” balabilgələri Məzun Günü üçün nəzərdə tutulan ənənəvi mantiyadan imtina edərək milli ornamentli bilgə geyimindən istifadə edirlər. Məzun baş geyimi isə milli papaq və araqçınla əvəz olunur. Sonda papaq və araqçınlar Məzun Günü ənənəsinə uyğun şəkildə göyə atılmaq əvəzinə qol üstünə qoyulur.

Daha sonra məzunlar Hədəf Liseyinin marşını səsləndirib, ardınca balabilgə andını içiblər. Bu andla onlar milli duyğularını itirməyən, vətəninə, millətinə sədaqətli, təbiəti və insanlığı sevən, dəyərlərə hörmət edən bilgə insan olacaqlarına söz veriblər.
Tədbirdə çıxış edən İsa Həbibbəyli Hədəf Liseyinin keçdiyi yolu yüksək dəyərləndirib. O, səhnədə təqdim olunan hər bir kompozisiya və çıxışı ayrı-ayrılıqda təhlil edib. İsa Həbibbəyli balabilgələrin hazırladığı tamaşanı istər ssenari və quruluş, istər bədii həll, istərsə də aktyorluq xüsusiyyətinə görə yüksək qiymətləndirib, Hədəf Liseyinin özünəməxsus bilgə andı və “Hədəf” marşını isə digər təhsil müəssisələri üçün nümunə olduğunu qeyd edib. O, tədris ilində fərqləndiyi üçün lisey bilgəsinə verilən “Bilgə papağı”nı liseyin məzunu Emin Məcidliyə təqdim edib.
İdris İsayev məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qulu Novruzov məzunların hazırladığı kompozisiyaları yüksək qiymətləndirib, Hədəf Liseyinin özünəməxsus xüsusiyyətləri haqqında danışıb.
Daha sonra lisey məzunları çıxış edərək lisey xatirələrini bölüşüb, müəllimlərə və valideynlərə təşəkkür ediblər.
Məzun Günü balabilgələrin və müəllimlərin ifasında “Ey vətən” kompozisiyası ilə başa çatıb.

Xəbərlər

Dürmək, işıq, dəyirman daşı və HƏDƏF

Elmlə məşğul olan adamlar iki cür olur. Bir qismi çox sakit, işində gücündə, digər qisim isə səs-küylü, amma yenə də işində gücündə. Nəticə etibarı ilə, istər sakitcənə, istərsə də hay-küynən edilən kəşflər həmişə bəşəriyyətə xidmət edib. Biz insanları yox, onların etdiklərini, elmə verdiyi töhfələri görmüşük həmişə. Di gəl, şəxsi həyatları da az maraqlı olmayıb.
Konkret misallar verək deyirsizsə, buyurun.
Həcm qanununu tapan Arximed, sevindiyindən hamam vannasından çılpaq çıxıb koridorlarda “Evrika” deyə, bağıra-bağıra qaçırmış. Deyəcəksiz ki, kişi evdə tək imiş, əsla. Tək olsa, biz bu hadisəni haradan bilərdik? Yerin cazibə qanununu kəşf edən Nyuton isə təbiətcə çox sakit adam imiş. Kişini min zülümlə senata seçibmişlər, di gəl, üzv olduğu bütün müddət boyunca bircə dəfə ağzını açıb, müzakirələrdə iştirak etməyib. Dediyi tək bir cümlə olub, o da nəzarətçiyə “pəncərəni bağla, hava cərəyan etməsin” cümləsi imiş. (Yazının bu yerində, şeytan gəlir gəlib deyir ki, yazım və mən də öz təklifimi verim ki, bəlkə Nyutona bizim Milli Məclisin qarşısında heykəl qoyulsun. İllərdir Milli Məclisdə oturub susan xeyli deputatımız var, hər işə gələndə qarşısında təzim edib gül qoyarlar. Amma mövzumuz bu deyil, kənara çıxmayaq.)
Hətta deyilənə görə, o alma ağacdan Nyutonun başına düşəndə, ağacın altında neçə saat imiş ki, oturubmuş, tənbəlliyindən!
Mənim qəhramanımda Arximeddən də, Nyutondan da parçalar var. Bəzən susar, bəzən hay-küy salar. İllərlə sakitcə öz işi ilə məşğul ikən, bir anda səsindən qulaq tutular. “Alması oğurlananda” (yenə də alma!) Məlikməmmədə dönər, divlərlə döyüşər. Quyulara girər, ağ qoçdan, qara qoça, qara qoçdan simurq quşuna… Bir də görərsən yenə işıqlı dünyadadı!
Arada bütün dostlara dürmək paylayar. Yağa bərabər, “Nehrəm pendiri” dürməyi. Bax buna şəxsən şahid olmuşam. Birlikdə Naxçıvana, kitab bayramına uçuruq. Təyyarənin yarısı “bizimkilər”di, hələ əvvəldən gedənlər də var. Enər-enməz hamı bir yerə yığışır. Bir çay içib qafiə ilə “Əshabi-Kəhf” ziyarətinə yollanırıq. Sıldırımlı dağlarda gəzib yorulan dostları aşağıda çox dadlı bir sürpriz gözləyir. Pendir-pomidor dürməyi! Üstəgəl, ana əlləri ilə, obaşdan qalxılıb xüsusi sevgiylə, qayğıyla hazırlanan dürməklər. Yeyənlərin demək olar ki, hamısı pendirin də pomidorun da dadından doya bilmədiyni deyir. Qəhramanımız məmnuniyyətlə gülür, gözlərindən “Mən sizə demişdim axı…” oxunur.
O anda Arximed, Nyuton, Məlikməmməd obrazları ikinci plana keçir, ağlıma nağıl tariximizin ən müsbət qəhramanı Cırtdan gəlir. Dostlarını divdən qurtarıb zülmətdən işığa doğru aparan qəhraman! İndilik bu nağılın sadəcə “dürmək” hissəsində qəhramanlarımız üst-üstə düşür. Üç günlük səfərimiz boyunca bütün şəkillərdə onu mərkəzdə durmağa dəvət edirəm. Yarı zarafat, yarı ciddi. Hadisələrəin tam mərkəzində olan adamlar, fotolarda kənarda qalmamalıdır məncə. Üstəlik, axı o bizə “pendir-pomidor dürməyi” verib.
İllərdir ki, zəm ilə, zəhmət ilə “dağ yarır.” Əlindəki külüng təsis etdiyi şirkətidir. Biz onu gah kitab nəşr edən naşir görürük, gah kitab mağazası açan sahibkar, gah da elə o nəşriyyatda nəşr edilib, o mağazada satılacaq kitabı yazan müəllif. Adına “Hədəf” deyib, hədəfini də məramını da açıqca ortaya qoyub. Hədəf illər öncədən həm nəşriyyat, həm də hazırlıq kursu idi. Və artıq neçə ildir ki, həm də liseydir. Naxçıvan səfərimizdə mənim “hədəfçilər”i daha yaxından tanımaq imkanım oldu. Kurs rəhbərləri ilə yığışdığımız gözəl bir axşam məclisində, onları bir -bir dinləmək, eşitmək imkanım oldu. Burda artıq sevimli nağılımızın bir hissəsi də tamamlandı. Bu adamlar “it hürən tərəfin” yox, işıq gələn tərəfin adamları idi. Ziyalı sözünün birbaşa mənasındakı işığı “Hədəf kursları”nın müəllimlərinin üzündə də, nitqində də aydınca görmək olurdu. Və mənim yazımın qəhramanı hər dəfə söz deməkçün qalxan müəllimlərdən hansı bölgədən olduğunu deməyini də xahiş edirdi. Müəllimlər öz bölgələrini dedikcə, mənim gözüm önündə bu gözəl ölkəmiz bölgə-bölgə, yer-yer işıqlanırdı. “İt hürən tərəflərin sayı azaldıqca, işıq gələn tərəflər” artırdı.
Dünən “Hədəf” liseyinin məzun günü ilə bağlı tədbiri idi. “Hədəf” dostu olaraq mən də dəvətliydim. Törən boyunca edilən çıxışlar, hazırlanan səhnəciklər bütün tamaşaçılar tərəfindən maraqla qarşılanır, zaman-zaman duyğulandırırdı. Bəzən zala çökən qaranlıq, bəzənsə gur işıqlar yenə mənim yadıma dostlarını divdən qurtaran sevimli nağıl qəhrəmanımızı salırdı. Və öz-özümə düşünürdüm. O nağıldakı div əslində qaranlıq dünyadı, cəhalətdi, elmsizlik, savadsızlıqdı. Nağılın qəhramanı cəhaləti məhv edib, ətrafındakı adamları işığa, elmə qovuşdurur. Divi, yəni cəhaləti məhv eləməkçünsə, onun boynuna dəyirman daşı salır.
Mənim qəhrəmanım da illərdir belə edir. Minlərlə övladımızı cəhalətdən, qaranlıqdan, “divdən” xilas etməkçün öz “dəyirman daşını” yəni “Hədəf” şirkətlər qrupunu divin boynundan asıb neçə illərdir ki. Divlər öldükcə, dostlar qurtulur, dünya gözəlləşir. Arada zal işıqlandıqca, “balabilgələr” adlandırdığı şagirdlərin nur tökülən üzləri səhnədən göründükcə mən bir daha əmin olurdum- divlərin hamısı gec-tez zəbun olacaq!
Elm-təhsil adamları iki cür olmur, min cür olur, bəlkə də çox. Amma hamısının bir amalı, bir fikri olur. Cəhalətə qalib gəlmək! Mənim qəhramanımın da, amalı, hədəfi məhz budur. O öz hədəfinə doğru, “Hədəf”lə gedir! Yolu uğurlu olsun!
Sizə hələ də mənim qəhrəmanımın adı maraqlı gəlirsə, qoy deyim. Əslində mənim qəhrəmanım bir şəxs deyil, böyük bir komandadır. Rəhbərindən- mühafizəçisinə, təsisçilərindən birinci sinif balabilgələrinə qədər, böyük bir komanda! Və əlbəttə ki, bu komandanın “kapitanı”, dəyərli, əziz və sevimli Şəmil müəllim- Şəmil Sadiq!
Çingiz Özgür
Xəbərlər

Naxçıvanda bağlı qapılar açılır

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə giririk. Bakıdan “I Naxçıvan Kitab Sərgisi” üçün gəlmiş heyətin bəzi üzvlərini Prezidentin Səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli qəbul edəcək. Bu binada ilk və son dəfə, yəni cəmi bircə dəfə, illər öncə olmuşam. Qapıdan girər- girməz, qarışıq hisslər içində olmağıma baxmayaraq, beynim xatirələr səhifəsini açıb 29 il əvvəli, 1994-cü ilin martını səhifələyir.

 

 

Birinci kursda oxuyan tələbə, bir məsələ ilə bağlı Ali Məclisə görüşə gəlmiş kəndçilərinin içində, sıxıla-sıxıla elə məhz bu qapıdan içəri girir. Eyni qapıdır, eyni girişdir, eyni dəhlizlərdir. O vaxt bizi bu uzun dəhlizlərdən içəri keçirib, bir zala yığmışdılar. Ali Məclisin o vaxtkı sədri gəlmişdi. Əvvəl camaatı dinləmişdi, sonra uzun uzadı çıxış eləmişdi, sonra çəkiliş kameralarını çıxarıb görüşə gələnləri xeyli “danlamışdı”… Amma əsas olan o idi ki, girmişdik binaya. Binanın qapıları açılmışdı, bizi içəri buraxmışdılar.

 

Sonra qara yellər əsdi, qara buludlardan qırmızı ildırımlar çaxdı, rəngli dolular, rəngsiz yağışlar yağdı. Və o binanın qapısı bir dəfəlik bağlandı. Xalq o qapının açıq olduğunu bir daha görmədi. Bircə nəfər sadə insan o qapıdan içəri girmədi. İllərlə Naxçıvan şəhərində, Ordubadda kənddə yaşadım, bircə dəfə o qapını açıq görmədim, açıq olduğunu eşitmədim. Heç o qapıdan içəri girməyə cəhd edəni də eşidib görmədim. İndi isə qapı taybatay açıq idi. Biz də bu taybatay açıq qapıdan içəri girib, yuxarıya, görüş otağına qalxırdıq…

Əziz oxucular, dostlar, həmvətənlər! Başlığın ikinci hissəsini əbəs yerə yazmamışam. Bu yazıda mən sadəcə gördüklərimi yazıram. Bir görüşün məndə buraxdığı təəssüratı qələmə almağa çalışıram. Bir az da çəkinə- çəkinə. Ətrafımda, sosial şəbəkələrdə  məndən tənqid gözləyən, şikayət gözləyən xeyli tanıdığım var. Səmimi danışırıqsa, qoy deyim. Əvvəl düşündüm ki, görüş olmayacaq, heç bizi qəbul etməyəcəklər. Di gəl, elə sərginin ilk günü xəbər gəldi ki, şənbə günü olmasına baxmayaraq, görüşə razılıq verilib. Bir ara düşündüm ki, mənim adım görüş üçün verilmiş siyahıdan silinər, o da olmadı. Görüş üçün verilən tam siyahı təsdiq olundu. Dedim, bəlkə Ali Məclisin qapılarından girəndə tək-tək yoxlanarıq, girişdə binanı mühafizə edən polislərin hərbi salam verib dayandığını görəndə bu “arzu”mun da baş tutmadığına əmin oldum. Ən son iclas otağında bir neçə dəqiqə gözlədiləcəyimizi, handan-gecdən Səlahiyyətli Nümayəndənin gələcəyini, hamımızın ayağa qalxıb salamlaşacağımızı “xəyal edirdim”, xeyr, Fuad Nəcəfli bizi qapıda qarşıladı. Bir-bir hamımızla mehribanlıqla görüşdü və bizi içəri dəvət etdi. Donub qalmışdım. Mənim yuxarıdakı “arzularım”  illərlə Naxçıvanda şahid olduğum rejimin  yaşatdıqlarından irəli gəlirdi. Amma bir fərqlə. Mən bu hallar olacaq təqdirdə şikayət statusları yazacağımı, tənqid edəcəyimi düşünürdüm. Amma bundan əvvəl bir şikayət etməyi, tənqidi heç yuxumuzda belə görə bilmirdik. Demək ki, hər şey bir yana, şikayət və tənqidi düşünə biliriksə, çox şey dəyişib…

 

 

 

Qayıdaq görüşə. Otağa girər-girməz protokol qaydalarını pozmağı təklif edir, Fuad Nəcəfli: “O tərəf- bu tərəf yoxdur. Keçin əyləşin, tərəfləri birləşdirmişik daha”.

İlk kəlmədən yumor hissini nitqinə qatıb, vəziyyəti bir kəlmə ilə izah edir. Daha sonra aram-aram, rəvan nitqlə xoşgəldin edib, bəzilərimizi tanıdığını, tanımadıqlarını da tanımaqdan şad olacağını söyləyir. Heyətin başçısı Şəmil Sadiq bizi bir-bir tanış edir və görüşün əsas hissəsi başlayır.

Səmimidir. Vəziyyəti izah edir, olan-keçənlərə ekskurs edir. Naxçıvana təyinatından, ilk gəlişindən danışır. Naxçıvandan lap çoxdan, orta məktəbi bitirdikdən çıxdığını deyəndə Rəşad Məcid təəccübünü gizlətmir:

– Siz orta məktəbi burada oxumusunuz?

– Bəli, kənddə bitirmişəm. Kolanıda.

– Bunu çox adam bilmir, demək-yazmaq lazımdı, bilinsin.

“- Əksinə, hamı bilir”, – deyib gülümsünür. Davam edir: “Qohumlarıma, məktəb yoldaşlarıma hamısına xəbər vermişəm ki, qətiyyən başqa fikirlərə düşməsinlər. Mənim üçün qohumluq, tanışlıq amili yoxdur. Üç müavinim var, heç biri naxçıvanlı deyil”.

Problemləri sadalayır, çoxluğunu və miqyasını bircə kəlməylə çatdırır: “Üzərimizə buraxılan “miras” o qədər böyükdür ki, qısa zamanda həll mümkün deyil” deyir. Problemlərin həlli yolunda görüləcək işlərdən, Naxçıvan üçün nəzərdə tutulan layihələrdən danışır.

Məlumatlıdır. Rəşad Məcidin İstanbuldakı “Naxçıvan məhəlləsi” haqqındakı dediklərinə tam ayrıntılı cavab verir, insanları vətənlərinə qaytarmaq yolunda görüləcək işlərdən, məsələnin həlli yolunda görünən və görünməyən xeyli problemdən danışır. Rüstəm Behrudinin “Vaxti ilə Azərbaycanda ikinci ən böyük kitab mağazası Naxçıvan şəhərindəydi…” fikirlərinə kitab satışındakı problemlərdən, gəncliyin kitab oxumağa təşviqindən danışaraq cavab verir. “Kitab mağazası üç ay sonra zərərə görə bağlanacaqsa, indidən açmağın nə adı var? Əvvəl kitabı oxuyanları yetişdirək, sonra mağazanı açarıq” deyir. Yazıçı Varis Yolçuyevin tarixi serial olan “Atabəylər”in ssenari qrupunun rəhbəri olduğunu eşidəndə, filmlərlə bağlı məlumatları, film sənayesinin vəziyyətini və seriallarımızdakı “copy-past xəstəliyini” əks elətdirən fikirlər səsləndirir. Əhməd Qəşəmoğlu məktub göndərdiyini deyəndə, yazdığı məktubçün, təkliflər üçün təşəkkür edir, məktubu oxuduğunu bildirir.

Naxçıvanın tarixi abidələrindən söz düşür, heyfslənərək “Tarixi abidələrimizin vəziyyəti heç yaxşı deyil” deyir.

Pozitiv və ümidlidir. Dövlət başçısının tapşırıqlarını yerinə yetirdiyini və sona qədər də yerinə yetirəcəyini deyir. Mərkəzi hökumət ilə inteqrasiyadan, struktur yeniləşmələrinin labüdlüyündən danışır. İş adamlarına yaradılan imkanlardan, “azad iqtisadi zona” yolunda görülən işlərdən söhbət açır. Gələcəklə bağlı planlardan ağızdolusu söhbət edir. Bunları danışarkən üzündə əminlik ifadəsi və ümid hiss olunur.

Beləcə qarşılıqlı söhbət və dinləmə şəraitində keçən görüş yekunlaşır, hamımız bərabər aşağı düşürük. Gözüm o məşhur qapıdadır. Taybatay açıqdır yenə. O qapını bağlayanlar minlərlə adamı bu torpaqlardan didərgin salmışdılar. Gedin, bir daha gəlməyin demişdilər. Bura qonaq kimi gəlmək istəyən minlərlə insana “Naxçıvana gəlməyin” demişdilər.

Qapıdan çıxıb pilləkənlərdə dayanırıq, xatirə şəkli çəkdirməkçün. Şəklin ardından sağollaşarkən yoldaşlardan kimsə Naxçıvan üçün bizim nə edə biləcəyimizi soruşur. Bir kəlmə ilə cavab verir:

–  Naxçıvana tez-tez gəlin!

Günün sonunda bir daha rastlaşırıq Fuad Nəcəfli ilə. Naxçıvan Dram teatrı tamaşaya dəvət edib. Günün yorğunluğu ilə teatra son dəqiqədə çatırıq. Sən demə Səlahiyyətli Nümayəndə də teatra dəvətlilər arasındadır. Və yenə də, əvvəllər belə hallarda yüz yerdən kilidlənən qapılar ardına qədər açıqdır. İçəri girərkən tələskənlikdən “protokol cərgəsi”nə yaxınlaşırıq, səhv etdiyimizi gördükdə başqa sıraya keçmək istəyirik, başı ilə “əyləşin” işarəsi verir. Beləcə gün ərzində ikinci dəfə protokolu pozur, hörmətli Fuad müəllim.

Açıq qapılar, protokoldan uzaq, səmimi söhbətlər, gələcəyə inam, işıqlı və gözəl bir Naxçıvan uğrunda görülən, görüləcək işlər. Mənim görüş təssüratlarım bunlardır.

Mən bunları gördüm!

Ümidliyəm!

 

Ustad Dərgisi

Bacarıqlı şagird mütləq bir gün ustad olacaq

 

(“Ustad” dərgisi, 1-ci say)

Ədəbiyyat və mədəniyyətimizin qarmaqarışıq bir durumunda dərgi çıxarmaq arzumuz axır ki, gerçəkliklə görüşdü. Əgər bu görüşdən zövq alan mədəniyyət olarsa, gerçəkliyin övladları arzuların övladları kimi daha böyük, daha yaraşıqlı, daha kamil olarlar.

Həsən bəy Zərdabi ilə bir daha işıqlanan mətbuatımızın oğul-uşaqları: Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə XX əsrin əvvəllərində elə bir toy-düyün qurmuşdu ki, dünya durduqca onun sədaları qulaqlarımızda cingildəyəcək. Cingildədikcə də ürəyimiz riqqətə gələcək, sevinc göz yaşlarından feyziyab olacağıq.

Dərgimizin adını “Ustad” qoyduq. Ünlərə inananları əmin edə bilərəm ki, adı biz qoymadıq, Ustad İsa Muğanna demiş, sanki “Göydən özləri dedi”.

Ustad sözünün izahlı lüğətdə verilmiş mənası elm və ya sənət sahəsində geniş, dərin biliyi və qabiliyyəti olan şəxsdir. Əlbəttə, bu ad çox böyükdür, çox ağırdır, çox zəngindir. Hətta o dərəcədə ki, müridlər kimi əllərimiz dizimizin üstündə saatlarla qarşısında oturub nəfəsimizi dərmədən dinləmək, razılığımızı ancaq baxışlarımızla bildirmək boynumuzun borcudur. Əgər dərginin də adqoyma mərasimi, taleyi insanlardakı kimi olsaydı, yəqin ki “Şagird” qoyacaqdıq. Böyüdükcə, özümüzü göstərdikcə, sevgiləri qazandıqca, bacarıqlarımızı sübut etdikcə oxucu özü bizə “Ustad” adı versin deyə. Amma “adı da elə Ustadlar qoyar”, – deyib ortaq bir qənaətlə “Ustad”la razılaşdıq.

Ustadlardan biri olan Əziz Nesin öz soyadı ilə bağlı deyirdi ki, 1934-cü ildə soyad qanunu çıxanda insanların xarakteri açılmağa başladı: “Dünyanın ən xəsisləri özlərinə “Əliaçıq”, ən qorxaqları “Ürəkli”, ən tənbəlləri “Çalışqan” soyadını götürdülər. Hər yağmalamada həmişə sona qaldığım üçün soyad yağmasında da sona qaldım. Özümə uyğun soyad tapa bilmədiyim üçün “Nəsin” (Nesin) soyadını seçdim. Seçdim ki, “Nəsin” deyə çağırıldıqca nə olduğumu hər addımda düşünüb özümə gəlim”.

Əziz Nesinin bu təvazökarlıq priyomu çox maraqlıdır. Bu anlamda hər dəfə “Ustad” adı çəkildikcə qulaqlarımızda ustadlarımızın pıçıltısı səslənəcək, bu ada layiq olmamız üçün bizə yol göstərəcək, ruhlandıracaq və əminəm ki, biz də bu adın haqqını verəcəyik.

“Ustad” gəlməmişdən əvvəl qarşımıza bir sıra şərtlər qoydu:

Sağçı və solçuların birliyini və barışığını təmin edib onları səhifələrimizdə qonaq etmək;

Milli başları namilli başlardan fərqləndirərək gözləri, şüurları sadəcə milli başlara yönləndirmək

Yolunu yanlış gedənlərə yol göstərmək;

Gəncliyi ağsaqqalların səhvindən nəticə çıxarmağa, düzündən yararlanmağa yönləndirmək;

Sabahları dünənin cahil, mövhumatçı qoynundan alıb, bu günün həqiqətləri ilə tanış etmək;

Ədəbi həqiqətlə əbədi həqiqəti təcəssüm etdirmək;

Bacarıqlı şagirdləri Ustad etmək…

Ustad ulu və amiranə səslə bir də onu dedi ki, əgər bunlara əməl etməyi bacaracaqsınızsa, adımı tutub işə başlayın, yox bacarmayacaqsınızsa, gedin özünüzə başqa ustad tapın.

Ustad Ustaddır, onun bütün fikirləri birmənalı qəbul edilməli, şərtləri yerinə yetirilməlidir. Biz də and içdik ki, Ustadımızın yolundan zərrə qədər də olsun yayınmayıb, Bilgə Kağandan, Dədəm Qorquddan, Şeyx Nizamidən, Nəimidən, Nəsimidən, Xətayidən, Axundzadədən, Zərdabidən, Mirzə Cəlildən, Hüseyn Caviddən, Üzeyir Hacıbəyovdan, Şəhriyardan, Muğannadan bu günə ötürülən ışığı özümüzlə gələcəyə daşıyacağıq. Hədəfimiz budur!