Faktmedia.az Hədəf STEAM Liseyinin direktoru, dosent Şəmil Sadiqdən müsahibə alıb:
– Bu gün Azərbaycan təhsil sisteminin dünya praktikası ilə uzlaşa bilmədiyi hansı məqamlar var?
– Sovet quruluşunun dağılmasından sonra, bu otuz illik bir dövr ərzində Azərbaycan təhsil sistemində xaotik bir dövr yaşandı. Azərbaycan dinamik ölkədir: istər mədəniyyət, istər təhsil sistemində və ya digər sahələrdə də bu dinamikliyi görmək mümkündür. Amma biz Qərblə Şərqin ortasındayıq. Qərbin və Şərqin düşüncə tərzinin arasında qalmışıq. Bu aralıqda qalma təhsil sistemimizə təsir etməkdədir. Bu baxımdan bizim ən böyük problemimiz öz milli-mənəvi dəyərlərimizi, regional xarakterimizi nəzərə alıb təhsil konsepti hazırlaya bilməməyimizdir. Məncə, hədəflərimizi müəyyənləşdirə bilsək, təhsildə çox şeyi bacarmış olarıq. Təəssüflər olun ki, biz hansısa inkişaf etmiş ölkənin modelini götürüb tətbiq edirik, sonra da bunun fəsadlarını görürük. Xarici ölkələrdən gətirdiyimiz sistem bizə məxsus olmadığı üçün zamanla həmin sistemin oturmadığını anlayırıq. Təməl prinsiplər formalaşmalıdır. Bizim özümüzün xarakterimiz olduğu kimi, bir ölkənin də hər bir sahə üzrə xarakteri olur. Xarakterə uyğun proqram hazırlanmalıdır. Avropa mentaliteti, düşüncəsini biz tam qəbul edə bilmirik. Sırf Şərqli kimi sərt mövqe sərgiləsək, o da alınmayacaq. Bu regionun özünün uyğunlaşdırdığı psixologiya var. Mənə görə bu problemlərimiz var, çox ciddi tədqiqatlara ehtiyyac görünür bu sahədə. Təhsilin məzmun xətti yenilənməlidir. Misal üçün deyim ki, bundan əvvəl dərslik hazırlayanda şəkildə göstərilirdi ki, ana yemək bişirir, ata divanda oturub istirahət edir. Bu tənqid olunurdu. Səbəbə də bu idi ki, bu gender bərabərliyini pozur, alt şüura təsir formalaşdırır. Buni tənqid edirdik ki, kişi də qadına kömək etməlidi. Ancaq bunu dildə deyirdik, əməldə isə göstərə bilmirdik. Amma bu bizim xarakterimizə ziddir. Hər bir ölkənin özünə məxsus dəyərlərinə görə sistem qurulmalıdır. Məşhur filmimiz “Ölsəm Bağışla”da sevən şəxslər Rusiyada kafeyə gedirlər. Bir rus gəlib xanımı rəqsə dəvət edir, dava düşür. Rus ola bilsin fəxr edər ki, mənim xanımımı hansısa bəy rəqsə dəvət etdi, xoş söz dedi. Bu kültür Azərbaycanda yaddır. Biz qəbul etmirik, çünki bizim kültürümüz tamam fərqlidir. Ən çox səslənən Finlandiya modelidir, amma çoxluq onu qəbul etməyəcək. Biz hələ də konkret qərar verə bilməmişik ki, təhsildən nə istəyirik, nə gözləyirik.
– DİM sədri kolleclərdə oxuyanlardan narazıdır, deyir diplom alım deyə qəbul olurlar, oxumurlar. İstərdik ki, universitet və kolleclərdə olan problemlərdən danışaq. Nəyə görə təhsil ocaqlarımız köhnə metodlardan, yanaşmadan çıxa bilmirlər?
– Bu, ən yaralı yerimizdir. Təhsil deyəndə biz adətən məktəbə gedib çıxırıq. Düşünməliyik ki, orta məktəbə qayıdıb gələn də universitet bitirən müəllimlərdi. Etiraf edək ki, universitetlərimizdə vəziyyət ürəkaçan deyil. Yeni fakültə, müasir aüditoriyalar, müasir düşüncəli müəllimlər əksər universitetlərimizdə yoxdur. Bir neçə müəssisə buna doğru addım atır. Ümumilikdə isə ali təhsil müəssisələri, dərs deyən alimlər lazımi kadrlar yetişdirə bilmir. Çünki məktəbin işi insan yetişdirmək, universitetin işi isə mütəxəssis yetişdirməkdi. Bizim universitetlərə də məktəb kimi baxılır. İT sahəsində, tibb sahəsində Azərbaycan təhsili uduzur. Avropanı demirəm heç, qardaş Türkiyə təhsilinə də uduzuruq. Pedeqoji sahəni bitirənlər də məktəbdə işkəmək üçün hansısa prosesləri keçib hazırlanırlar.
– Hardasa 30 ildən artıqdır ki, intensiv şəkildə repetitorluq dəb halını alıb. Standart repetitorluq haçana qədər davam edəcək. Məncə, şagirdlər repetitor yanına getməkdən, müəllim isə bu işdən bezib. Yenilik etməyin vaxtı hələ çatmayıb?
Düzü, bu repetitorluq məsələsi məni də narahat edir. Böyük bir kursun rəhbəriyəm. Kurs da repetitorluğun rəsmi formasıdır. Təhsilimiz də bu repetitorluğa alışıb artıq. Çünki tədris yükünün ağır olması repetitorluğa ehtiyyac yaradır. Dünyanın demək olar bir çox ölkələrində repetitorluq var, Amma Bizdə isə artıq ibtidai sinifdən başlanır. Hamı istəyir övladı universitetə qəbul olsun. Baxın, elə yanlış düşüncə buradan başlayır. Hamı universitet oxumalı deyil. Bu ölkə üçün aşbaz da, qaynaqçı da, motorçu da lazımdır. Məsələ budur ki, universitet qurtaran kadrların 50 faizdən çoxu öz sahəsi üzrə işləmir. Çünki universitet xətrinə qəbul olub, amma onun bacarığı başqa sahə üzrədir. Bütün bu düşüncələr toplanıb repetitorluğa marağı artırır. Pandemiyadan sonra repetitorluq ikiqat artdı. 5 yaşlı uşağı da əlavə müəllim yanına göndərirlər. Magistr, dövlət qulluğu bunlar üçün də müəllim yanına gedilir. Repetitorluq həm də təhsilin işinə müdaxilədir. Dərsə girirsən, ürəklə nəsə keçəsən, şagird deyir, müəllim mənim hazırlığım var, biri deyir mən onsuz da bunu hazırlıqda keçəcəm. Və belə halda dərs keçmək mümkün olmur. Məktəb şagirdlər üçün maraqsızlaşıb. Hazırlığı keçən müəllimlər elə məktəbdə də çalışanlardı. Məktəbdə niyə dərs keçmir hazırlıqda keçir kimi suallar da ortaya çıxır. Valideyn də, Şagird də məktəbdə verilən təhsilə inanmır.
– Repetitorlar, kurs və liseylərə görə hər il qəbul faizi artır. Açıqlanır ki, məktəbləri bitirən şagirdlərin qəbul faizi 90 faiz olub. Təhsil nazirliyi, DİM bilmir ki, məktəb umuduna qalsa 5 faiz şagird universitetə qəbul olmaz? Nəyə görə dövlət səviyyəsində məktəblərə qayıdış həyata keçirilmir?
– Millət mariflənməlidir. Peşə təhsili, məktəbin rolu qabardılmalıdır. Görüləcək iş çoxdur. Tutaq ki, təhsili naziri çıxıb desin ki, repetitorluğu qadağan edirəm, sizcə bitəcək? Əlbəttə ki yox. Nazirlik davamiyyəti yoxlamaqla, tələb etməklə şagirdlərin məktəbə qayıdışını təmin etmək istəyir, amma bununla mümkün deyil. Bu zaman uşaq da gəlib sinifdə başqa-başqa işlərlə məşğul olur. Şagirdi məktəbə bağlamaq üçün iş görülməlidir, onu təmin edib, inandıra bilsək, necə ki könüllü şəkildə repetitor yanına gedilir, eləcə də məktəbə gələcək! Şagirdlər harda hazırlaşmasından asılı olmayaraq, bitirdiyi məktəblə təqdim olunur. Onsuz da repetitorlar da bu ölkənin vətəndaşlarıdır, burada qeyri-adi nəsə yoxdur, qoy məşğul olsunlar. Bir məsələ də var ki, müəllimin maaşı kifayət etmədiyi üçün bu yolu seçir. Azərbaycanda müəllim maaşı kifayət qədər olmayıb. Müəllimlər maaş sıxıntısı yaşayır. Repetitorlar məktəbdən daha çox qazanır. Bəlkə də, maaş kifayət etsə müəllimi də, şagirdi də məktəbə qaytarmaq olar, sevdirmək olar.
– Dərs vəsaitlərindən də danışaq. Dərs vəsaitində səhvlər çox olur, sosial şəbəkələrdə tez-tez tənqid olunur.
– Paylaşılan, tənqid olunanları görürük, onları hərə öz savadına, şüuruna görə tənqid edir. Elə şeyləri tənqid edirlər, görürsən heç bir problem yoxdu. Dərsliklərimiz ideal vəziyyətdə deyil, məlumdur. Amma insan əli olan yerdə fərqli şeylər ola bilər. Nazirlik də haqlı-haqsız iradları görür. Müəllimlər dərsliyi tənqid edir, amma çəkilib qıraqda dururlar. Söz oyunu oynayırlar: dərsliklər bərbad gündədir. Yaxşı, düzəltmək üçün nə təklif edirsən? Görürsən heç nə… Sadəcə özü üçün deyir də, dərslik pis gündədir. İstinad olmalıdır. Mən Sovet dövründə oxumuşam. Mənim ailəm də təhsilsiz idi. Hansısa dərsdə çətinlik olanda qonşuda tibb bacısı var idi, gedirdik o kömək edirdi. Bu həmişə olub, olacaq da. İndi valideyin təhsilsizdi, qarşına nəsə bir şey çıxır, edə bilmir deyir bizim dövrümüzdə belə deyildi, elə deyildi. Mən özüm əlavə dərs vəsaitlərinin müəllifiyəm, bəzən bizdə də səhv olur. Milyonlarla kitab çap olunur, bəzən xəta olur, gözdən yayınır. Könül istər olmasın, amma olur da.
– Siz dediniz kitab müəllifisiniz, həm də alimsiniz. Yəqin ki, elmi işinizi də özünüz yazmısınız. Şübhəylə də yanaşmıram. Sadəcə tez-tez alimlərin elmi işlərini başqalarına yazdırdığı ortaya çıxır. Sizcə, alimlərin sayı çox deyil, akademiyada alim sayı artır, kəşf isə yoxdur.
Mən dissertasiya işimi özüm yazıb, özüm də komputerdə yığmışam. Amma mənlə eyni zamanda bir dostumuz da elmi iş yazmalı idi, amma başqasına yazdırdı. Belə çıxır ki, ikimiz də alimik. Tanışlıq, dostluq məsələsi var. Humanitar sahədə alim, professor çoxdu. Elmi səviyyəmiz isə aşağıdır. Bu təkcə akademiyanın günahı deyil. Burada universitetlərin də günahı var. Ali Attestasiya Komisiyasında da problemlər var idi. Tanışlıqla müdafiə edənlərin sayı kifayət qədərdi. Uzun illərdi icadlar yoxdur, beynəlxalq arenada kəşfimiz yoxdur. Əziyyətə düşmədən alim olanların sayı çoxdur.
– Alimin sayı çoxdursa, niyə dərsliklərə, vəsaitlərə salınmır?
– Həmişə olduğu kimi müasir dövrün aliminə, yazarına qısqanclıq olub. Biz özümüz də qısqanc yanaşmışıq. Bu gün bir gəncin şeiri kitaba düşsə cəmiyyət olaraq qəbul edə bilmirik. Elmdə də monopoliya var. İndi gənc yazardan nəsə salınsa, camaat durub deyəcək ki, bu uşaqları gör kimlərlə eyni dərsliyə salırlar.
– Nəyə görə Azərbaycan cəmiyyəti və məmurlarımız öz dilimizdə qramatik səhvsiz yaza bilmir?
– Bu gün əslində xeyli inkişaf etmişik. Azərbaycandilli məmurlarımızın da sayı artıb. Amma biz yaşadığımlz mühitdə dilimizi 50-60 sözlə ifadə edirik. Zənginliyindən istifadə etmədən məişət səviyyəsində idarə edirik. Ən böyük yanlışlıq da budur. İnsanın söz ehtiyyatı nə qədər çox olarsa, nitq də gözəl səslənər. Dilimizə qarşı münasibətlər haqqında fikir bildirmişəm. Sosial şəbəkələrdə dilimizin türkcəyə dəyişilməsi haqqında açılan müzakirə səmimi deyildi. Kimlərsə ironik yanaşdı, amma mən belə yanaşmıram. O ayrı-seçkilik yarada bilən bir müzakirə idi. Gündəm üçün atılmışdı, 3 gün sonra yaddan çıxdı. Dilimizin inkişafına xidmət etmək borcumuzdur.
– Bəlkə uşaqlarımıza düzgün dilimizi çatdıra bilmirik. Çıxardığımız kitablarla, çəkdiyimiz cizgi filmləri ilə və s…
– Bu gün evimizdə uşaqlar ya rus dilində, ya da türk dilində cizgi filmlərinə baxırlar. O dili çox eşidən uşaq böyüyüb kitabı da o dildə oxumaq istəyir. Bu da dilimizə hörmət etmədiyimizi ortaya qoymuş olur. Bu gün oxucular türk dilində bədii əsərləri oxumaq istəyirlər. Azərbaycan oxucusu uzun müddət keyfiyyətsiz tərcümələrə görə Azərbaycan ədəbiyyatından küsüb. Dilin inkişafı baxımından resurslar olmalıdır. Prezidentin fərmanı ilə kirilcə olan kitablar latın qarafikası ilə çap edildi. Mən özüm də ANAİB-in sədriyəm. Kitabla bağlı addımlar atırıq. İnsanları kitaba qaytarmalıyıq. Uşaq televiziyamız da yoxdur, olanlar da bu problem üçün kifayət edəcək səviyyədə deyil.
– AYB-yə üzvsünüz, yeni əsər yazırsınız?
– Bəli üzvəm. Amma yazmağa vaxtım yoxdu. Yaradıcıllıq davam edir. Yeni hekayə üzərində işləyirəm.”Odərlər”in ikinci variantını işləmək barədə düşünürəm, amma vaxt imkan vermir.
– AYB tənqid olunası qurumdu?
– Yeni baxış olmalıdı. AYB var, ya yox. Mənim yaradıcıllığıma təsiri yoxdur. Bu da birlikdir. Necə balıqçıların birliyi varsa, ədəbiyyatçıların da birliyi var. Bu da yazıçıların mənafeyini müdafiə edir. Bizdə AYB-nin tənqid olunan tərəfi filankəsə ev verdilər, mənə vermədilər. Ona təqaüd verdilər mənə yox. Hər şey maliyyənin üzərinə qoyulur.
– Axı siz dediniz ANAİB yaratmışıq. İşlər görürük. Nazirliklərə müraciət edirik. AYB nə edir?
– Mənim üçün AYB-nin təsiri yoxdur. Qurultayda da iştirak etdim. Şəffaflıq, demokratiya axtarırıqsa, qapalı seçki keçirilməli idi. Hər şey sədrin üzərində formalaşır. Anar müəllim yaxşı yazıçıdı. Dəyişsə nə olar ki, məncə dünya dağılmaz… Bir gün desin ki, postu cavan kadra verirəm.(gülür). Bəlkə yeni gələn kadr nəyisə dəyişəcək. Biz buna acıq. Bəlkə yeni gələn pis işləyəcək. Sadəcə gənclik yeni ümid axtarışındadır.
Söhbətləşdi: Ruzbeh Məmməd
Foto: Hüseyn Verdiyev