Azərbaycan Bölməsiz Elmi

Südabənin xəyanəti, yoxsa Səyavuşun kişiliyi? – SƏNƏT.AZ

Müqəddəs alavdan
Keçənlər qurtulur.
Əyri yоllar gedən
Həp yanar, kül оlur.

Cavid Əfəndinin Səyavuş pyesindəndir bu misralar. Ata ilə oğul arasına girmək istəyən Südabəni yandıran atəşdən danışılır. Keykavusun gənc və gözəl arvadı öz oğulluğuna aşiq olur. Oğlu da mərd bir kişi olduğu üçün şəhvani hislərə yenilmədən bu sevgiyə qarşılıq vermir və rədd edir. Bunu görən Sudabə ona şər atır və ərinə Səyavuşun ona tamah saldığını, Üstəlik yaxasını da cıraraq Səyavuşun elədiyini deyir. Keykavus nə qədər əsəbləşsə də, bu məqamda ağıllı davranıb oğluna qəsd etmir. Deyir, araşdırılsın. Münəccimə də tapşırır ki, bu sirrin üstünü aç. O dövrdə də mesaj arxivləri, video çəkilişlər yox idi ki, axtarıb çıxarsınlar. Ona əsasən haqlını müəyyənləşdirsinlər. Səyavuş da bunun iftira olduğunu söyləyir. Keykavusun oğlunamı, Südabıyəmi inanması çox çətin idi. Həqiqətin yeganə yolu atəş idi. O atəş ki, yalnız həqiqəti yandırmazdı. Atəş qurulur və ənənəyə uyğun olaraq hər ikisi atəşin içindən keçməli idilər. Kim yanmasa idi, haqlı o idi. Südabə atəş əzabından qorxaraq, suçunu etiraf edir. Beləcə məsələ bağlanır. Hökmdarın isə onu edam etdirməsinin qarşısını yenə Səyavuş alır. Onun xahişi ilə hökmdar

Südabəni bağışlayır.

Keykavus Kayan hökmdarı, Südabə Suriyanın vəhşi çiçəyi, Səyavuş da İranla Turanın oğlu idi.
Müzakirə üçün xeyli sual da var, əsərin kiçik bir hissəsini təşkil edən bu parçasında.

1. Südabənin sevməyə haqqı yox idimi?
2. Südabə hökmdar arvadı olaraq hər şeyə sahib ikən Səyavuşa niyə meyl salsın ki?
3. Kişi niyə özündən gənc bir qız alır ki, sonda da bu cür olsun?
4. Səyavuş başqa nə edə bilərdi bu məqamda? Bəlkə, sevgiyə cavab verib şərəfsizlik etsə idi, başqa cür olardı hər şey.
5. Ümumiyyətlə insanda bir əldə iki qarpız tutmaq sevdası nədir belə?
6. Görəsən, atəşdə yanardımı Südabə?
7. Hökmdar o Südabəni bağışlamaqla gələcək nəsillərə faciəmi buraxdı xəyanətkarı?
8. Azad sevgi həmişəmi bu cür cəzalandırılmalıdır?
9. Güc sevgini zorla əldə etməkdimi, ya sevgisinə sahib çıxa bikmək?
10. Burada haqsız olan kim idi?
11. Sevgi daşa dəyəndə çıxış yolu bumu olur? İyrənc qisas hissimi?

P.S. Cavid Əfəndi yaradıcılığı haqqında keçiriləcək iki konfransda çıxışım olacaq. Birini qadın mövzusu edəcəyəm yəqin ki…
P.S. Məncə, əsərdə Südabənin dediyi yeganə həqiqət bu misralardı…

Gücsüz tanrıdansa güclü qəhrəman
Səcdəyə, hürmətə layiq hər zaman.

Oxşar yazılar