Aylıq arxivlər

Mart 2026

Xəbərlər

Türk Dünyası Naşirlər Birliyi qurulmalıdır

Ankarada keçirilən “Türk Dünyası Yayıncılıq Konqresi”ndə üç gün davam edən müzakirələrdən sonra mənim üçün bir məqam tam aydın oldu: biz artıq ideyaları deyil, sistemləri müzakirə etməliyik. Çünki Türk dünyasında nəşriyyat sahəsi uzun illərdir niyyətlər, təşəbbüslər və fərdi uğurlar üzərində dayanır. Amma bu yanaşmanın artıq yetərli olmadığı açıq şəkildə görünür.

Əslində bu istiqamətdə ilk addımlar daha əvvəl atılmışdı. 2022-ci ilin oktyabrında mənim və Türkiyəli naşir dostum Mustafa Karagüllüoğlunun təşəbbüsü ilə Turan Naşirlər Birliyi qurulmuş, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan naşirlərinin iştirakı ilə təsis konfransı keçirilmişdi. Hətta birliyə sədr olaraq Rafiq İsmayılov seçilmişdi. Düzdür, bu təşəbbüs sonradan tam institusionallaşa bilmədi, lakin müəyyən fəaliyyətlər həyata keçirildi və bu ideyanın real ehtiyacdan doğduğu artıq o zaman da hiss olunurdu.

Bu gün isə proses yeni və daha ciddi mərhələyə qədəm qoyur. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 27–29 mart tarixlərində Ankarada keçirilən I Türk Dünyası Yayıncılıq Konqresi bu istiqamətdə ciddi dönüş nöqtəsi oldu. Üç gün davam edən konqresdə idarəetmə, ortaq dil və əlifba, tərcümə, müəllif hüquqları və ədəbi əlaqələr üzrə komissiyalarda geniş müzakirələr aparıldı. Türk dövlətlərinin həm rəsmi nümayəndələri, həm də qeyri-hökumət təşkilatları bu prosesdə aktiv iştirak etdi. Qəbul olunan qərarların yazılı şəkildə sistemləşdirilməsi isə bu təşəbbüsün artıq ideya səviyyəsindən çıxaraq strukturlaşma mərhələsinə keçdiyini göstərir.

Bu gün nəşriyyatçılıq sadəcə kitab çap etmək deyil. Bu, ortaq yaddaşın qorunması, dilin yaşadılması, mədəniyyətin gələcəyə ötürülməsi və eyni zamanda ciddi iqtisadi sektorun formalaşdırılması deməkdir. Lakin reallıq budur ki, Türk dünyasında bu sahə hələ də parçalanmış vəziyyətdədir. Əlaqələr epizodik xarakter daşıyır, əməkdaşlıqlar isə çox vaxt şəxsi təşəbbüslərdən asılıdır. Türkiyə istisna olmaqla, bir çox türk dövlətlərində nəşriyyat sektoru hələ də istənilən səviyyəyə çatmayıb, bəzi ölkələrdə isə hətta beynəlxalq kitab sərgiləri belə müntəzəm keçirilmir.

Müzakirələr zamanı ortaya çıxan əsas problemlərdən biri koordinasiyasızlıq idi. Aydın oldu ki, Türk dünyasında nəşriyyatları sadəcə təmsil edən deyil, onları koordinasiya edən və istiqamətləndirən bir struktur qurulmalıdır. Bu struktur formal birlik deyil, işləyən mexanizm olmalıdır, real layihələr həyata keçirməli, məlumatları toplamalı və təhlil etməli, ölkələr arasında davamlı əlaqəni təmin etməlidir.

Digər kritik məsələ müəllif hüquqlarıdır. Açıq demək lazımdır ki, bu sahədə sistemlilik zəifdir. Türkiyə müəyyən təcrübə toplasa da, digər ölkələr ciddi geridədir. Halbuki dünya nəşriyyat bazarında əsas gəlir mənbələrindən biri müəllif hüquqlarının beynəlxalq dövriyyəsidir. Bu gün isə çox nadir hallarda bir Azərbaycan müəllifinin əsəri xarici nəşriyyata satılır və bundan sistemli gəlir əldə olunur.

Konqresdə bu problemlərin həlli üçün bir sıra konkret təkliflər irəli sürüldü:

• Türk dövlətləri naşirlərinin B2B formatlı görüşlərinin təşkili,

• müəllif hüquqlarının qorunması üçün beynəlxalq konvensiyalara uyğun sistemin qurulması,

• hər ölkədə TEDA modelinə bənzər tərcümə dəstək fondlarının yaradılması,

• naşirlər arasında kitab mübadiləsini stimullaşdıran ortaq ədəbiyyat fondunun təsis edilməsi.

Bu addımlar atılmasa, biz kitab istehsal edən, amma dəyər yaratmayan bir sektor olaraq qalacağıq. Bu gün türk xalqları bir-birinin ədəbiyyatını əsasən klassiklər vasitəsilə tanıyır. Məsələn, Qırğız ədəbiyyatı deyəndə ilk yada düşən ad Çingiz Aytmatovdur. Bu isə müasir ədəbi dövriyyənin zəifliyinin açıq göstəricisidir.

Digər tərəfdən, nəşriyyat sahəsi yalnız yazıçılardan ibarət deyil. Bu sahənin arxasında redaktorlar, tərcüməçilər, illüstratorlar, dizaynerlər kimi görünməyən peşə sahibləri dayanır. Müasir dövrdə isə buna kitab marketoloqları, rəqəmsal nəşriyyat mütəxəssisləri və satış menecerləri də əlavə olunur. Bu baxımdan ortaq mütəxəssis şəbəkəsinin qurulması, rəqəmsal platformalar vasitəsilə resurs mübadiləsi və birgə təlim proqramlarının təşkili olduqca vacibdir.

Praktiki problemlərdən biri də logistika və gömrük baryerləridir. Bu gün bir kitabı bir ölkədən digərinə göndərmək bəzən onun dəyərindən daha baha başa gəlir. Bu isə vahid kitab bazarının formalaşmasına ciddi maneə yaradır. Ona görə də:

• kitab məhsulları üçün xüsusi logistika və tarif güzəştləri tətbiq olunmalı,

• gömrük prosedurları sadələşdirilməli,

• ortaq e-ticarət platforması qurulmalıdır.

Bununla yanaşı, nəşriyyatçılığın qarşısında yeni çağırış, süni intellekt dayanır. Bu texnologiya imkanlar açsa da, dilin səthiləşməsi riskini də artırır. Ona görə də əsas prinsip aydın olmalıdır: dil qorunmalı, ortaq məzmun bazası formalaşdırılmalı və texnologiya bu bazaya əsaslanaraq inkişaf etməlidir. Yəni texnologiya dili yox, dil texnologiyanı yönləndirməlidir.

Bütün bu reallıqlar bir həqiqəti göstərir: Türk dünyası nəşriyyatçılığı artıq romantik çağırışlar mərhələsini keçməlidir. “Birlik yaradaq”, “əməkdaşlıq edək” kimi ifadələr kifayət deyil. Bu ideyaların arxasında konkret institutlar, mexanizmlər və davamlı sistemlər dayanmalıdır.

Məhz bu səbəbdən Türk Dünyası Naşirlər Birliyinin yaradılması arzu yox, zərurətdir. Bu birlik ortaq mədəni məkanın formalaşmasının institusional dayağına çevrilməlidir. Dövlət və özəl sektor bu təşəbbüsü strateji prioritet kimi dəstəkləməlidir.

Çünki ortaq dil və əlifba ideyasının real inkişaf sahəsi məhz kitabdır. Dilin standartlaşması, terminologiyanın formalaşması və düşüncə birliyinin yaranması yazılı mədəniyyət üzərindən baş verir. Kitab yalnız informasiya vasitəsi deyil – o, ortaq yaddaşın qurucusudur.

Bu gün biz eyni mədəniyyətin daşıyıcıları olsaq da, bir-birimizi yetərincə oxumuruq. Bu isə sadəcə mədəni boşluq deyil, strateji boşluqdur. Türk Dünyası Naşirlər Birliyi bu boşluğu doldura bilər:

• ortaq tərcümə proqramları ilə ədəbiyyatların qarşılıqlı dövriyyəsini təmin edər,

• vahid kitab bazarı formalaşdırar,

• müəllif, nəşriyyat və oxucu arasında sərhədləri aradan qaldırar,

• ortaq terminoloji və dil standartlarının inkişafına töhfə verər,

• gənc yazarların və düşüncə adamlarının Türk dünyası miqyasında tanınmasına imkan yaradar.

• Türk dünyası ədəbiyyatk mukafatları yazarlara stimul olar,

Tarix də göstərir ki, mədəni inteqrasiya olmadan nə iqtisadi, nə də siyasi birliklər davamlı ola bilər. Əvvəl mədəniyyətlər qovuşur, sonra sistemlər qurulur.

Əgər biz sabah ortaq iqtisadi məkan və güclü əməkdaşlıq istəyiriksə, bu gün kitab üzərindən ortaq düşüncə məkanı qurmalıyıq.

Ankara görüşü bir daha göstərdi ki, bu ehtiyac artıq yetişib. Bu, sadəcə ideya deyil, zamanın tələbidir. Və əminəm ki, bu birlik qurulduğu gün, İsmayıl Qaspıralının, Ziya Göyalpın, Hüseyn Cavidin, Əlibəy Hüseynzadənin ruhu bir daha şad olacaq.

Şəmil Sadiq,

ANAİB idarə heyəti Sədri dos.

Xəbərlər

İlyas Bozkurt Şəmil Sadiqlə görüşüb

Türkiyənin tanınmış qeyri-hökumət platformalarından olan TESİAD (Tüm Etkin Sanayici İşadamları ve İşkadınları Federasyonu) və TESAM-ın (Türkiye Ekonomik, Siyasal ve Stratejik Araştırmalar Merkezi) qurucu başqanı İlyas Bozkurt Hədəf Şirkətlətlər Qrupunun qurucu rəhbəri, dosent Şəmil Sadiqlə görüşüb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və müxtəlif məsələlər müzakirə olunub. Xüsusilə Türk dünyasına yönəlmiş təhsil fəaliyyəti, TESAM və TESİAD-ın xaricdə həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlıq imkanları və ortaq təşəbbüslər barədə geniş müzakirələr aparılıb.

Söhbət zamanı qurumlararası əməkdaşlığın gücləndirilməsi, yeni dövr layihələrində birgə fəaliyyət göstərilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir birliyi əldə olunub. Vurğulanıb ki, hazırda Hədəf Liseyinin və Hədəf kurslarının müəllimləri TESAM-da keçirilən seminar-treninqlərdə iştirak edirlər. Görüşdə TESAM-ın Hədəf Şirkətlər Qrupunun layihəsi olan Türk İnteqrasiya Olimpiadasına (TİO) tərəfdaş olaraq qoşulması məsələsi də müzakirə edilib.

Səmimi atmosferdə keçən görüşdə İlyas Bozkurt ötən il Bakıya səfərini məmnunluqla xatılayıb, səfər çərçivəsində Hədəf Şirkətlər Qrupu ilə tanışlıq və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Ziyarətə görə təşəkkürünü bildirən İlyas Bozkurt dosent Şamil Sadiqə fəaliyyətində uğurlar arzulayıb.

Xəbərlər

Türk dünyasının naşirləri Ankarada bir araya gəlib

Türk dövlətlərindən olan naşirlər və nəşriyyat sahəsinin nümayəndələri Ankarada keçirilən Türk Dünyası Yayıncılıq Konqresi çərçivəsində bir araya gəliblər.

Xatırladaq ki, 2022-ci ilin oktyabr ayında Bakı Kitab Sərgisi çərçivəsində türk ölkələrindən olan naşirlərin iştirakı ilə Türk Dünyası Naşirləri Birliyinin yaradılmasının vacibliyi vurğulanmış və bu istiqamətdə ilkin, qeyri-rəsmi addımlar atılmışdı.

Həmin təşəbbüsün davamı olaraq, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 27–29 mart tarixlərində Ankarada Türk Dünyası Yayıncılıq Konqresi keçirilir. Konqres türk dövlətlərindən olan naşirləri, nəşriyyat rəhbərlərini və sahə üzrə mütəxəssisləri bir platformada birləşdirir.

Tədbirdə Azərbaycandan da 10 nəfər naşir və rəsmi nümayəndə iştirak edir. Nümayəndə heyətinin tərkibində Azərbaycan Mədəniyyət Nazirliyinin Azərbaycan dili və Ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, ANAİB – Azərbaycan Nəşriyyatlar Assosiasiyasının sədri Şəmil Sadiq də yer alırlar.

Konqres çərçivəsində nəşriyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi, kitab mübadiləsi və türk dünyasında vahid nəşriyyat platformasının formalaşdırılması kimi məsələlər müzakirə olunur. Tədbirin əsas məqsədi türk dövlətləri arasında nəşriyyat sahəsində əlaqələrin möhkəmləndirilməsi və ortaq mədəni layihələrin təşviq edilməsidir.

Xəbərlər

Şəmil Sadiq Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevlə görüşüb

Görüşdə Hədəf Şirkətlər Qrupu ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq məsələləri, eləcə də tərəflərin birgə təşkilatçılığı ilə keçiriləcək “II Təlimdən Bacarığa Forumu”nun detalları müzakirə olunub.

Bildirilib ki, artıq bir neçə ildir təşkil olunan forum əsasən məktəbəqədər təhsil və bağça müəllimlərinin peşəkar inkişafına yönəlmiş platformadır. Beş gün davam edən tədbir çərçivəsində müəllimlərin pedaqoji bacarıqlarının artırılması, müasir təlim metodlarının paylaşılması və təhsildə yeni yanaşmaların müzakirəsi nəzərdə tutulur. Görüşdə builki forumun mövzuları və proqramı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin gələcək əməkdaşlıq imkanları və ölkədə təhsilin inkişafı istiqamətində mümkün birgə layihələri də müzakirə ediblər.

Görüş çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq Bakı Slavyan Universitetinin infrastrukturu ilə də yaxından tanış olub. Universitetdə həyata keçirilən yeniliklər, yaradılan mühit və inkişaf istiqamətləri barədə məlumat verən rektor Anar Nağıyev qeyd edib ki, ali təhsil müəssisəsində beynəlxalq akademik mühitin formalaşdırılması və müasir təhsil standartlarının tətbiqi istiqamətində ardıcıl işlər aparılır.

Şəmil Sadiq universitetdəki müasir və dinamik mühiti yüksək qiymətləndirərək bildirib ki, burada formalaşdırılmış məkanlar dünya xalqları universiteti ideyasını əks etdirir, eyni zamanda Azərbaycançılıq dəyərlərinin xüsusi vurğulanması diqqət çəkir.

O, Bakı Slavyan Universitetinin
ölkədə ali təhsilin inkişafına mühüm töhfə verdiyini qeyd edib və səmimi görüşə görə rektora təşəkkürünü bildirib.

Tərəflər gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə və bu əməkdaşlığın Azərbaycanda özəl–dövlət tərəfdaşlığının inkişafına töhfə verəcəyinə inamlarını ifadə ediblər.
Hədəf MEDİA

Xəbərlər

İmthanlar məqsədli şəkildə çətin təşkil edilir

Təhsil niyə imtahana xidmət etməlidir?

Məktəbdə təhsil ona görə verilir ki, gənc nəsil nəsə öyrənsin, bilik əldə etsin, düşünmə bacarıqları formalaşsın, savadlı və mədəni insan kimi yetişsin. Lakin bu gün ölkəmizdə elə bir vəziyyət yaranıb ki, sanki məktəbdə təhsil ona görə verilir ki, şagird 11 ilin sonunda Dövlət İmtahan Mərkəzinin qəbul imtahanından keçə bilsin. Başqa sözlə, biz həyati bacarıqlar qazanan, biliyi əldə edən, özümüzü ifadə edən, dünyaya faydalı olan insan yetişdirmək üçün yox, imtahan etmək üçün dərs keçirik.

Bu yanaşma nəticəsində müasir kurikulumun əsas fəlsəfəsi olan təfəkkür yönümlü, yəni bacarıq və səriştə əsaslı təhsil modeli faktiki olaraq arxa plana keçir və onun yerini yenidən informasiya yüklü, yaddaş yönümlü təhsil alır. Beləliklə, təhsilin məqsədi şagirdin intellektual inkişafı deyil, 700 ballıq qəbul yarışında nəticə göstərmək olur. Nəticədə bir məktəbin, bir müəllimin fəaliyyətinin əsas göstəricisi də məhz bu bal sistemi ilə ölçülməyə başlayır.

Kurikulum fəlsəfəsi və 700 ballıq yarış

Əslində isə institusional baxımdan funksiyalar aydındır. Elm və Təhsil Nazirliyinin əsas vəzifəsi “Təhsil haqqında” qanuna və təsdiqlənmiş kurikulum sənədlərinə əsaslanaraq ümumi təhsilin məzmununu formalaşdırmaq və məktəblərdə tədrisin həyata keçirilməsini təmin etməkdir. Dövlət İmtahan Mərkəzinin funksiyası isə ali məktəblərə və dövlət qurumlarına qəbul üçün zəruri olan akademik bilik və kompetensiyaların ölçülməsi, yəni qiymətləndirmə prosesinin təşkili, imtahan verənlərin bilik və bacarıqlarına uyğun olaraq ədalətli qəbul prosesinin təşkili olmalıdır.

Lakin müşahidə olunan odur ki, Dövlət İmtahan Mərkəzi yalnız qiymətləndirmə institutu kimi fəaliyyət göstərməklə kifayətlənmir. İmtahanlara hazırlaşan abituriyentlər üçün müxtəlif dərs vəsaitləri, test topluları, siniflər üzrə iş dəftərləri və qiymətləndirmə materialları hazırlayıb çap edir və faktiki olaraq bu sahədə təhsil siyasətinə təsir edən yeni bir təhsilverən struktur kimi çıxış edir, həmçinin nəşriyyat fəaliyyəti də həyata keçirir. Bu isə təhsil sistemində funksional sərhədlərin qarışmasına və institusional ikitirəliyin yaranmasına səbəb olur. Bu da DİM-in uzun illər qazandığı nüfuza xələl gətirir, çünki DİM öz maraqlarını güdən tərəf kimi görünməyə başlayır.

Təhsildə funksional sərhədlərin qarışması

Belə bir şəraitdə məktəbdə çalışan müəllim də kurikulumda əsas istiqamət kimi müəyyən edilən həyati bacarıqlara və kompetensiyalara yönəlmiş dərs modelindən uzaqlaşaraq daha çox qəbul imtahanında istifadə olunan ölçmə formatına uyğun dərs keçməyə məcbur qalır. Sinifdə analitik düşüncə və problem həlli bacarıqlarını inkişaf etdirən fəaliyyətlər əvəzinə test tapşırıqları yazdırmaq və imtahan modellərini məşq etdirmək prioritetə çevrilir.

Digər tərəfdən, Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklər, dərsliklərdəki tapşırıqlar bu imtahan formatına tam uyğun gəlmir. Çünki qəbul imtahanlarını keçirən qurum, yəni Dövlət İmtahan Mərkəzi hər il müxtəlif metodik jurnallar, proqramlar nəşr edir və həmin sənədlərdə imtahana düşəcək mövzular və sual modelləri elan edilir. Müəllimlər də dərslikləri kənara qoyub bu prosesi izləməli olur. Bu praktika hələ 1990-cı illərdən formalaşıb və bu gün də faktiki olaraq qəbul imtahanı təhsilin istiqamətini müəyyən edən əsas faktora çevrilib. Ki bu çox yanlışdır, təhsilin istiqamətini qiymətləndirmə yox, məzmun formalaşdırmalıdır!

Burada xüsusi qeyd etmək lazımdır ki, imtahan suallarının məzmunu dərsliklərdən kənar deyil, suallarda soruşulan faktların hər biri tədris olunur, sadəcə suala yanaşma, problem həll etmə forması, analitik düşünmə, mətn təhlili və s. kimi proseslər təhsildə bir cür, imtahanda başqa cür qarşımıza çıxır.

Repetitorluğun genişlənməsinin səbəbi

Məhz buna görə də ölkədə əlavə hazırlıq sistemi, repetitorluq bu qədər geniş yayılıb. Çünki kimsə hər il DİM-in proqramlarını izləməli, hansı mövzuların əlavə edildiyini və ya çıxarıldığını bilməli, hansı tip sualların düşəcəyini təhlil etməli və bunu şagirdə öyrətməlidir. Məktəbdə çalışan müəllimin isə buna əlavə vaxt ayırmaq imkanı məhduddur. Onun onsuz da ağır tədris proqramı, qiymətləndirmə öhdəlikləri və gündəlik pedaqoji fəaliyyəti var. Bu səbəbdən müəllim əlavə sərf etdiyi vaxtı ayrıca xidmət kimi təqdim edir ki, bu gün biz buna repetitorluq deyirik. Bunun nəticəsi isə cəmiyyət üçün əlavə maliyyə yükü, şagird və valideynlər üçün isə stress və psixoloji gərginlik yaradır.

Bu vəziyyət dövlət üçün də müəyyən mənada ikiqat maliyyə yükü yaradır və həmçinin dövlətin vətəndaş üçün gördüyü işlərin effektivliyinə kölgə sala bilir. Xüsusən, 10-11-ci sinif dərslikləri təəssüf ki, “hər zaman təzə kimi görünür”, yəni bu dərsliklər hazırlıq proqramının ağırlığı altında istifadədən kənar qalır. Dövlətimiz öz vətəndaşına ödənişsiz təhsil və dərslik təqdim edir, lakin sonda həmin dərsliklər qəbul imtahanına tam uyğun gəlmədiyi üçün şagird yenidən vəsait xərcləyərək Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi kitabları alır və məktəblərdən yayınıb əlavə hazırlıq kurslarına, repetitorlara müraciət edir. Bu da belə bir mənzərə yaradır ki, dövlət bir qurumunda ödənişsiz yaratdığı şəraiti digər qurumunun əli ilə ödənişli hala gətirir. Yaxşı olardı ki, DİM-in abituriyentlər üçün vəsaitləri 10-11-ci sinif dərslikləri kimi nəşr edilib hazırkı dərsliklər əvəzinə məktəblilərə ödənişsiz verilsin. Burda dövlət də qazanır, vətəndaş da!

Digər tərəfdən, universitetlərə qəbul imtahanlarının yüksək çətinlik səviyyəsi bəzən belə bir təsəvvür yaradır ki, guya məktəblərdə verilən təhsil yetərli deyil. Buna görə də universitetlərə qəbul balı aşağı salınır və nəticədə 2-dən də aşağı qiymət səviyyəsinə uyğun nəticə göstərən şagirdlər (150 bal toplayanlar) universitetə qəbul edilir. Bu isə vətəndaşlarda təhsil sisteminin ümumi məntiqi ilə bağlı suallar doğurur və dövlətin səmimi niyyətinə kölgə salmış olur.

Təhsil sistemi gənclər üçünmü, imtahan üçünmü?

Əgər məqsəd yalnız obyektiv seçimdirsə, o zaman haqlı olaraq belə suallar yaranır: niyə hər il yeni sual modelləri elan olunur? Niyə qəbul proqramlarında tez-tez dəyişikliklər edilir və yeni jurnallar dərc olunur? Niyə qiymətləndirmə materiallarının nəşri qapalı bir institutun inhisarında olur? Dünyada belə bir praktikanın geniş yayılmış nümunəsini tapmaq çətindir ki, bu qədər önəmli funksiyanı həyata keçirən dövlət qurumu eyni zamanda bu sahənin nəşr biznesi ilə məşğul olsun. Bilmirəm, bəlkə də bu DİM-in publik hüquqi şəxs olmasından irəli gəlir, amma hər bir halda, yanlışdır. DİM üçün lazımi büdcə ayrılmalı, orada çalışan müəllimlər belə cəmiyyətlə bu qədər təmasda olmamalı, maraqlı tərəfə çevrilməməlidir.

Bu nəşrlər sistemi elə bir vəziyyət yaradıb ki, bir şagird ötən il istifadə etdiyi qəbul vəsaitlərini növbəti ilin məzunu olan bacı və ya qardaşına ötürə bilmir. Çünki hər il dəyişiklik edilir və “təkmilləşdirilmiş nəşr” adı ilə yeni kitablar çap olunur, valideyn də bunu almaq məcburiyyətində olur. Bütün bunlar isə bəzən qəbul imtahanının sanki təhsil sisteminin yeganə xilaskarı olduğu kimi təqdim edilməsinə gətirib çıxarır. Guya bu sistem olmasa, təhsil sistemi çökər, rüşvət və korrupsiya artar. Halbuki bu gün artıq 1990-cı illərin reallığında yaşamırıq. O dövr üçün bu model müəyyən mənada effektiv idi. Bu gün isə daha balanslı və təhsilin məntiqinə uyğun yeni modellər üzərində düşünməyə ehtiyac var.

Məncə, məktəbə bir qədər nəfəs almaq imkanı verilməlidir. Təhsil sistemi sadə, anlaşılan və funksional olmalıdır. Hazırkı model o qədər mürəkkəbləşib ki, bəzən onu izah etmək üçün belə əlavə izaha ehtiyac yaranır. Hətta bəzən belə bir təsəvvür yaranır ki, təhsil sistemində “izahsız variantı” Elm və Təhsil Nazirliyi, “izahlı variantı” isə Dövlət İmtahan Mərkəzi təqdim edir. Filmdə deyildiyi kimi, izahsız iki manat, izahlı üç manat…

Ən əsası isə bu sistemin əsas subyekti olan gəncləri düşünmək lazımdır. Onlar bu ölkənin gələcəyidir. Qəbul imtahanı ilə biz fövqəladə istedadlı “vunderkindlər” seçmirik. Biz sadəcə müəyyən peşələri öyrənmək istəyən gəncləri seçirik ki, onlar universitetdə oxusun, peşə qazansın və gələcəkdə həkim, müəllim, mühəndis kimi cəmiyyətə xidmət etsinlər. Bu gün isə bəzən elə bir vəziyyət yaranıb ki, tibb fakültəsinə hazırlaşan bir şagird kəllə sümüklərinin sayını travmatoloqdan daha dəqiq bilir, Azərbaycan dili üzrə hazırlaşan şagird isə bəzi hallarda qrammatik detalları müəllimdən daha dərindən əzbərləyir. Bu isə real bilik deyil, imtahan yönümlü memorativ öyrənmənin nəticəsidir.

Elə son buraxılış imtahandan sonra gənclərin narazılığı da müəyyən mənada bununla bağlıdır. Həyatın sürəti artır, insanlar daha rahat və stresssiz yaşamağa ehtiyac duyur. Bunun üzərinə təhsilin də əlavə stress mənbəyinə çevrilməsi həm şagirdləri, həm də valideynləri yorur.

Əslində isə məsələnin həlli o qədər də mürəkkəb deyil

Əgər bir şagird oxuyub-anlama bacarığına malikdirsə, məntiqi düşünə bilir və əsas akademik bilikləri ibtidai səviyyədə mənimsəyibsə, o zaman çox mürəkkəb və ağır imtahan mexanizminə ehtiyac qalmadan da şagirdləri fərqləndirib universitetlərə qəbul etmək mümkündür.

Məsələn, sualları sadələşdirib sistemi 3–5 il sabit saxlasaq və keçid balı 150 deyil, 300–400 olsa, nə dəyişər? Otuz ildir ki, bu sahədə çalışıram, abituriyentlər üçün ən çox oxunan kitabların müəlliflərindən biriyəm. Çox yaxşı bilirəm ki, istənilən sualı elə hazırlamaq olar ki, ən güclü şagird belə 3–5 sualı yaza bilməsin və ya əksəriyyət 50 faizdən yuxarı nəticə göstərsin. Kitabı qaza-qaza ən xırda detala qədər mübahisəli suallar hazırlamaqla biz gənclərin real potensialını ortaya çıxara bilmərik.

Şəmil Sadiq

filologiya üzrə fəlsəfə doktoru, dosent

Xəbərlər

İranbazlara cavabım var!

İsraili də, Amerikanı da tənqid etmək olar. Onları imperialist güclər adlandırmaq da olar, lap elə lənətləmək də… Günahsız insanların öldüyü bütün müharibələri qınamaq, buna sərt və radikal münasibət bildirmək də təbiidir. Mən də günahsız insan ölümünü qınayıram və buna qarşıyam!

Amma bir məsələ var. Bu qınağın içində təriqət sevdası hiss olunanda, İranın, heç vaxt Azərbaycana dost olmayan molla rejiminin məhv olmasına kədərlənəndə məsələ dəyişir, qardaş, həm də çox dəyişir. O zaman sən artıq Azərbaycan dövlətçiliyinin, millətinin yanında dayanmırsan. Əksinə, onun qarşısında dayanmış olursan. Çünki başqalarının Azərbaycana qarşı düşmənçiliyinin əllə tutulacaq heç nəyi yoxdur, amma İran, molla rejiminin var! Hətta bu İran Turan ədavəti qədər qədimdir!

Xomeyninin qurduğu radikal, təriqətçi bir dövlətin liderlərinin ölümü özünü milli ruhlu adlandıran heç kimi kədərləndirə bilməz. Əgər kədərləndirirsə, əsəbiləşdirirsə, içini yandırırsa, deməli, o adam ağasının sadiq quludur, yolunun yolçusudur!

Mən heç vaxt din adı altında hansısa üləmanın, şeyxin, mollanın əsirinə çevrilənləri başa düşməmişəm, bundan sonra da başa düşməyəcəyəm. Hələ bu adamlar ziyalı ola, mənə görə ən cahili onlardır, nəinki nəsə oxumadan, bilmədən, bu yolun yolçusu olan sadə insanlar!
Özünü İslama inanan sayıb, amma Sistaninin, Fətullah Gülənin, Nursinin, Xomeyninin, Vahhabın fərq etməz, hansısa allah əlverçisinin yolçusuna çevrilənlərin etdiyi şey, məncə, Allaha şərik qoşmaqdan başqa bir şey deyil.

Get kitabını oxu, namazını qıl, ibadətini et, dinini yaşa da… Əl çək bu ümmət sevdasından, elə bu ümmət sevdasını ümmət deyənlər parçalamadımı? Bir sünni, biri şiə, biri sələfi, biri şafi, hənəfi və sairə deyərək yox etmədilərmi bu ideyanı. Elə onların da birincisi İranın siyasiləşdirdiyi şiəçilik deyilmi ki, bu gün qonşuluğunda olan bütün müsəlman dövlətlərə düşməndir! Sən bunu İmam Hüseyn yolu, Xamanenini də onun davamçısı adlandıranda, bitmisən!

Bir tərəfdən “mən milliyəm” deyirsən, o biri tərəfdən 30 milyon azərbaycanlıya gün verməyən, işıq verməyən fars molla rejiminin fanatı kimi görünürsən. Bu nə məntiqdir? Buna qarşı olanların reaksiyasından da özündən çıxıb, aqressivləşirsən!

Mən belə şəxslərə bir sual verim, heç olmasa özlərinə etiraf etsinlər: sabah Amerika ilə Çin arasında müharibə çıxsa, oradakı uyğurların taleyini düşünərək Çin rejiminin məhv olmasına razı olmayacaqlarmı? Olacaqlar. Çünki onlara görə uyğurlar müsəlmandır. İran isə radikal şiə ideologiyası dövlətidir. O zaman onlar bu mövqeyində müharibəyə qarşı çıxanlardır, yoxsa, aftafanın yuya bilmədiyini yumağa çalışanlar?

Bir şeyi də açıq deyim: mən də şiəyəm. Amma mənim şiəliyim Pəhləviçiliyin, Xumeyniçiliyin siyasi ideologiyasının üfunəti deyil. Mənim şiəliyim dədəmın, babamın saf və sadə inancı kimidir. Dinimi yaşayıram, siyasətin, təriqətin və molla hakimiyyətinin alətinə çevirmədən.
Dövlətimin də siyasətini dəstəkləyərək! Azərbaycan şiələri iranlaşmamış, siyasiləşməmiş, xumeyniləşməmiş vətəninə, dövlətinə bağlı insanlardır! Sən də çalış onların düşüncəsini qarışdırma, dövlətmi, dinmi qarşısında qoyma!
Hardan baxırsan bax, İran Azərbaycana dost dövlət olmayıb, olmayacaq da! Bəlkə, düşmən bildiyiniz İsrail Molla rejimini darmadağın etsə, yerində normal bir dövlət qurula, o zaman həm öz insanalarına, həm də qonşularına hörmət edən bir dövlətə çevrilə!
Şəmil Sadiq