Günlük arxivlər

25/11/2026

Xəbərlər

Şəmil Sadiq Meksikadakı Yunus Əmrə İnstitutunu ziyarət edib

Şəmil Sadiq Meksikadakı Yunus Əmrə İnstitutunu ziyarət edib

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) İdarə Heyətinin sədri, yazıçı Şəmil Sadiqin Meksika səfəri davam edir. Səfər çərçivəsində əvvəlcədən müəyyənləşdirilmiş proqrama uyğun olaraq bir sıra rəsmi və işgüzar görüşlər keçirilir.

Noyabrın 23-də Şəmil Sadiq Azərbaycanın Meksikadakı Səfirliyinin təşkilatçılığı ilə Türkiyənin Meksikada fəaliyyət göstərən Yunus Əmrə İnstitutunun qonağı olub, institutun rəhbəri Sinan Dorukla görüşüb.

Görüş zamanı Azərbaycan –Türkiyə mədəni əlaqələri, türk dünyasının beynəlxalq miqyasda tanıdılması, ədəbi-mədəni irsimizin təbliği, nəşriyyat sahəsində əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

İnstitutun rəhbəri Sinan bəy Yunus Əmrə İnstitutunun Meksikadakı fəaliyyəti, həyata keçirdiyi layihələr və tədris proqramları haqqında ətraflı məlumat verib. Bildirib ki, institutda türk dili ilə yanaşı, türk mədəniyyəti, incəsənəti və hətta türk mətbəxi ilə bağlı kurslar təşkil olunur. Meksikalıların türk dilinə və mədəniyyətinə göstərdikləri maraq institutun fəaliyyətinin genişlənməsinə zəmin yaradır.

Şəmil Sadiq Yunus Əmrə İnstitutunun fəaliyyətini türk dünyasının beynəlxalq miqyasda tanıdılması baxımından yüksək qiymətləndirərək bu qurumun mədəni diplomatiyanın mühüm vasitələrindən biri olduğunu vurğulayıb. Türk dünyasının ortaq ədəbi-mədəni irsinin təbliğində bu cür mərkəzlərin imkanlarından daha geniş istifadə edilməsinin vacibliyini qeyd edib.

Görüş çərçivəsində Şəmil Sadiq institutun kitabxanasına kitabları hədiyyə edib. Məqsəd türk  dili, ədəbiyyatı, tarixi və mədəniyyəti ilə maraqlanan meksikalıların Azərbaycan nəşrlərindən də faydalanmasına şərait yaratmaq, Azərbaycan ədəbiyyatının və mədəni irsinin Meksikada tanıdılmasına töhfə verməkdir.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə gələcək əməkdaşlıq perspektivləri, ortaq mədəni və ədəbi layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, görüşün təşkili Azərbaycanın Meksikadakı Səfirliyi tərəfindən edilmişdir.

Xəbərlər

Meksikada Vətənlə üz-üzə

Bu gün Meksika səfərimin ən önəmli anlarından birini yaşadım. Bilənlər bilir, bilməyənlər də bilsin ki, Meksikanın paytaxtında Azərbaycan–Meksika Dostluq-Amistad parkı var. Bu gün həmin parkı gəzdik.

Ağ mərmər üzərində Azərbaycanın xəritəsi ucaldılıb, Qız qalasının abidəsi var. Dünyanın bir başından o biri başına gələsən, bir parkda qarşına öz ölkənin xəritəsi çıxa… Bu xəritəni ömrüm boyu neçə dəfə görmüşəm, kim bilir? Amma etiraf edim ki, Meksikada ona tamam başqa gözlə baxdım. Adam az qalır qucaqlayıb bağrına bassın, Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim, hayqırsın!

Sonra Xocalı meydanına getdik, Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdik. Dostluq Parkında xəritəmizi, Qız qalamızı görəndə sevinmişdim. Burada isə baxıb düşündüm ki, gör ölkəmizdən nə qədər uzaqda Xocalının adı yaşayır. Bəlkə də bu meydandan keçən bir meksikalı ömründə ilk dəfə burada eşidir Xocalının adını. Ayaq saxlayıb “Xocalıda nə baş verib?” deyə soruşmağının özü də mənim üçün çox şey deməkdir.

Müstəqil, suveren dövlətimiz var deyə səfirliyimizin qapısından içəri girir, Meksikanın paytaxtında dalğalanan bayrağımızı görürük. Adama elə gəlir ki, bunlar təbiidir, elə belə də olmalıdır. Amma bir anlıq düşünürsən ki, bəs dövlətin olmasaydı? Qürbətdə hansı qapını “bura mənim ölkəmdir” deyib açardın? O zaman “Dövlətimiz var olsun!” sözünün də mənasını başqa cür anlaylrsab.

Mən xalqımın başıucalığını həmişə onun insanlara münasibətində də görmüşəm. Başqa dildə danışana, başqa dinə inanana süfrəmizdə yer açmaq bizim evimizdə, obamızda görüb-götürdüyümüz bir adətdir. Bu gün Meksikada bizim tariximizə, sevincimizə, ağrımıza da yer ayrıldığını görmək mənə doğma gəldi.

Dövlətimiz var olsun! Müstəqilliyimiz əbədi, millətimizin başı uca olsun!

Xəbərlər

Sevgilisi üçün yaradılan muzey

Dünən Meksikada çox maraqlı bir muzeyi – Soumaya Muzeyini ziyarət etdik. Latın Amerikasının ən qeyri-adi sənət muzeylərindən biri hesab edilən bu muzey həm memarlığı, həm də zəngin kolleksiyası ilə insanı heyrətləndirir.

Muzey dünyanın ən varlı iş adamlarından biri olan meksikalı Karlos Slim tərəfindən 1994-cü ildə yaradılıb və həyat yoldaşı Soumaya Domitin adını daşıyır. 1999-cu ildə dünyasını dəyişən həyat yoldaşının xatirəsini yaşadan bu muzeyin hazırkı möhtəşəm binası isə 2011-ci ildə istifadəyə verilib.

46 metr hündürlüyündə olan binanın xarici səthi 16 mindən çox altıbucaqlı alüminium lövhə ilə örtülüb. Altı mərtəbəli, futuristik üslubda inşa edilmiş binanın özü elə ayrıca bir sənət əsəridir. Hələ içəri girmədən memarlığın insana verdiyi estetik zövqü yaşayırsan.

Muzeyin kolleksiyasında 66 minə yaxın sənət əsəri və tarixi əşya qorunur. Burada Avropa rəssamlığının müxtəlif dövrlərinə aid əsərlər, portretlər, heykəltəraşlıq nümunələri, qədim məişət əşyaları, sikkələr və Meksikanın mədəni irsini əks etdirən eksponatlar yer alır.

Məni ən çox heyrətləndirən isə əsrlər əvvəl yaradılmış orijinal sənət nümunələrinin bu qədər mükəmməl qorunması oldu. Bəzən 500–600 il əvvəl çəkilmiş bir tablonun qarşısında dayanıb düşünürsən ki, yəqin, bu, əsərin surətidir. Amma sən demə, qarşında dayanan elə həmin əsərin özüdür. Yüz illər əvvəl bir rəssamın toxunduğu, rənglədiyi, duyğularını köçürdüyü kətana baxırsan.

Qəribə hissdir. Rəssam yüz illərdir həyatda yoxdur, amma onun duyğuları ilə üz-üzə dayanmısan. Bəlkə də sənətin ölümsüzlüyü dediyimiz elə budur.

Muzeydə Roden, Rubens, El Qreko, Renoir, Mone, Salvador Dali kimi dünya şöhrətli sənətkarların əsərləri ilə qarşılaşmaq mümkündür. Xüsusilə fransız heykəltəraşı Oqyüst Rodenin zəngin əsərlər kolleksiyası diqqət çəkir.

Amma mənim üçün muzeyin ən maraqlı eksponatlarından biri girişdə, xüsusi bir yerdə sərgilənən möhtəşəm tarixi piano oldu. Verilən məlumata görə, bu piano Osmanlı sultanı II Əbdülhəmidin nəvəsinə məxsus olub.

Dünyanın o başında, Meksikada Osmanlı tarixindən bir yadigarla qarşılaşmaq da ayrı bir duyğu idi. Görəsən, bu pianonun dillərinə kimlərin barmaqları toxunub? Hansı musiqilər səslənib? Hansı sevinclərə, hansı kədərlərə şahidlik edib? İstanbuldan bu coğrafiyaya qədər hansı yolları keçib?

Bəzən bir eksponatın özündən daha çox onun keçdiyi yol maraqlı olur. Əşyaların da insanlar kimi tərcümeyi-halı var axı…

Xeyli gəzdik, rəsm əsərlərinə, heykəllərə, tarixi əşyalara baxdıq. Bir növ, ruhumuzu dincəltdik, estetik zövqümüzü arındırdıq.

Ümumiyyətlə, Meksikada sənətə, xüsusilə rəssamlığa və heykəltəraşlığa münasibət diqqətimi çox çəkir. Bunu təkcə muzeylərdə deyil, şəhərin küçələrində, meydanlarında, binaların divarlarında da görmək mümkündür. Dieqo Rivera, Frida Kalo, David Alfaro Sikeyros kimi dünya şöhrətli rəssamların bu ölkədə yetişməsi də təsadüfi deyil.

Meksika sənəti muzeylərin divarları arasına həbs etməyib, onu küçələrə, insanların gündəlik həyatına da daşıyıb.

Soumaya Muzeyinin daha bir təqdirəlayiq xüsusiyyəti isə girişin hər kəs üçün ödənişsiz olmasıdır.

Dünyanın ən varlı adamlarından biri öz sərvətinin bir hissəsini bəşəriyyətin sənət irsini toplamağa, qorumağa və onu insanların istifadəsinə verməyə sərf edib.

Məncə, sərvəti dəyərə çevirməyin ən gözəl yollarından biri də budur. Çünki varlı olmaqla zəngin bir mədəni irs yaratmaq eyni şey deyil.

İnsan dünyadan köçəndə nə qədər sərvətə sahib olduğu deyil, o sərvətlə dünyaya nə bəxş etdiyi daha çox əhəmiyyət daşıyır.

Dedim, bu gözəllikləri sizinlə də bölüşüm. Bir az da sənətlə baş-başa qalaq. Gündəlik qayğılarımızın, işlərimizin, problemlərimizin arasında ruhumuzun da qidalanmağa ehtiyacı var.

Sənət isə ruhun ən gözəl qidalarından biridir.

Mexiko, 24 noyabr 2026-cı il.

Xəbərlər

Meksikada Vaskonselos kitabxanasında Azərbaycan guşəsi

Azərbaycan ədəbiyyatının və mədəni irsinin Latın Amerikasında tanıdılması istiqamətində yeni əməkdaşlıq təşəbbüsü irəli sürülüb.

24 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev və Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) İdarə Heyətinin sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, yazıçı Şəmil Sadiq Latın Amerikasının ən böyük və nüfuzlu kitabxanalarından biri olan Vaskonselos Kitabxanasını (Biblioteca Vasconcelos) ziyarət edərək kitabxanın direktoru Silvia Alejandre Prado ilə görüşüblər.

Görüşün əsas mövzusu Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevin təşəbbüsü ilə kitabxanada Azərbaycan guşəsinin yaradılması, Azərbaycan ədəbiyyatının, tarixinin və mədəniyyətinin yerli oxuculara tanıdılması, eləcə də iki ölkə arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi olub.

Bu təşəbbüs çərçivəsində Azərbaycan Respublikasının Meksikadakı səfirliyi və Azərbaycan Nəşriyyatları Assosiasiyası tərəfindən əvvəlcədən hazırlanmış 50-yə yaxın kitab Vaskonselos Kitabxanasına hədiyyə edilib.

Heydər Əliyev Fondunun Azərbaycan Ədəbiyyatı, mədəniyyəti ilə bağlı nəşrləri, həmçinin Azərbaycan yazıçılarının əsərləri kitabxanaya hədiyyə edilib.

Kitabxana rəhbərliyi qonaqları müəssisənin fəaliyyəti, zəngin kitab fondu, müasir infrastrukturu və oxuculara təqdim etdiyi xidmətlərlə yaxından tanış edib. 2006-cı ildə istifadəyə verilmiş və 20 illik fəaliyyət tarixinə malik olan Vaskonselos Kitabxanası 700 mindən çox kitabı əhatə edən zəngin fondu, özünəməxsus memarlığı və geniş mədəni-maarifçilik imkanları ilə seçilir.

Görüş zamanı Azərbaycanın Meksikadakı səfirliyi ilə kitabxana arasında davamlı əməkdaşlığın qurulması, Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunmuş tədbirlərin, kitab təqdimatlarının, sərgilərin və digər birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Azərbaycan Nəşriyyatları Assosiasiyasının İdarə Heyətinin sədri Şəmil Sadiq Azərbaycan guşəsinin kitab fondunun mütəmadi olaraq zənginləşdirilməsi, Azərbaycan yazıçılarının əsərlərinin, milli ədəbi irsimizin Azərbaycan, ingilis və ispan dillərində nəşrlərinin kitabxanaya təqdim edilməsi istiqamətində Azərbaycan Nəşriyyatları Assosiasiyasının lazımı dəstəyi verəcəyini bildirib.

Eyni zamanda, Azərbaycan ədəbiyyatının ispan dilinə tərcüməsi və Latın Amerikası oxucularına çatdırılması, Azərbaycan və Meksikanın nəşriyyat və kitabxana qurumları arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Vaskonselos Kitabxanasında Azərbaycan guşəsinin yaradılması ölkəmizin zəngin ədəbi-mədəni irsinin ispandilli dünyada tanıdılması, Azərbaycan–Meksika mədəni əlaqələrinin inkişaf etdirilməsi və mədəni diplomatiyanın imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli təşəbbüsdür.

Görüş işgüzar və səmimi şəraitdə keçib, sonda xatirə şəkilləri çəkdirilib.

Xəbərlər

Dünyanın bu başında bir şagirdim…

Həyat çox qəribədir. Dünya da düşündüyümüzdən xeyli balacadır. Bəzən yolların elə bir yerdə kəsişir ki, adam bunun təsadüf olduğuna inanmaq istəmir.

Azərbaycanın Meksikadakı səfirliyinin əməkdaşı Namiq bəylə elə burada tanış olduq. İlk görüşümüzdə mənə dedi ki, sizi tanıyıram.

Öz-özümə düşündüm ki, yəqin, bir az məşhur adamam, sosial şəbəkələrdən, televiziyadan, haradansa tanıyır məni. Adamın özündən xoşu gəlir də…))

Amma söhbət etdikcə məlum oldu ki, sən demə, Namiq mənim uzun illər çalışdığım məktəbin şagirdi olub. Birbaşa müəllimi olmasam da, məktəbin dəhlizlərində qarşılaşmışıq, zaman-zaman siniflərində olmuşam, ünsiyyətimiz olub.

İndi isə dünyanın o başında yollarımız yenidən kəsişib.

Son üç günün təxminən iki gününü Namiqlə keçirmişəm. Yol söhbətlərimiz, xatirələrimiz, müzakirələrimiz… Bəzən müəllim-şagird, bəzən iki dost, bəzən də iki yol yoldaşı kimi.

Mən qürurla deyirəm ki, Namiq mənim şagirdim olub, Namiq də qürurla deyir ki, Şəmil müəllim mənim müəllimim olub.

Azərbaycanın belə dəyərli oğullarını görəndə adamın ürəyi açılır. İnsanın əxlaqı, mədəniyyəti, davranışı, el-obasına bağlılığı, ailəsinə münasibəti, işinə sevgisi onun haqqında vəzifəsindən, titulundan daha çox şey deyir.

Namiq məni Meksikanın müxtəlif turistik məkanları ilə tanış edir, bələdçilik edir, dostluq edir, hərdən də şagirdlik edir.)) Amma bütün bunlarla yanaşı, öz işindən də qalmır. Dəfələrlə şahidi olmuşam ki, yolboyu işgüzar telefon danışıqları aparır, bəzən maşını saxlayıb hansısa hesabatı hazırlayır, tapşırıq alır, tapşırıq verir. İşinə olan sevgisini, məsuliyyətini hiss etməmək mümkün deyil.

Bu gün təsadüfən ailəsi ilə də tanış olduq. İki şirin balası var – Zeynəb və Heydər. Həyat yoldaşı ilə tanış olanda bir daha anladım ki, Namiqi Namiq edən dəyərlərin mühüm bir hissəsi də onun ailəsində yaşayır.

Bu gün maşına minəndə ön oturacağın üstündə kiçik bir çanta gördüm. Arxaya qoymaq istəyəndə Namiq dedi:

– Müəllim, o mənim günorta yeməyimdir. Hər gün yoldaşım hazırlayır, evdən götürürəm.

Bəlkə də çoxları üçün adi bir məqamdır. Amma mən belə kiçik detallara həmişə böyük məna yükləyirəm. O balaca çantanın içində sadəcə günorta yeməyi yox idi. Orada ailə sevgisi, qayğı, diqqət, bir-birinə bağlılıq vardı.

İnsanların bir-birinə olan sevgisi həmişə böyük sözlərlə, bahalı hədiyyələrlə ifadə olunmur. Bəzən hər səhər hazırlanıb işə yola salınan bir çanta yemək bütöv bir ailənin fəlsəfəsini ifadə edir.

Namiq yolboyu atasından, anasından, ailəsindən, arzularından, iş həyatından danışırdı. Mən isə onu dinlədikcə müəllimlik peşəsinin insana bəxş etdiyi qəribə bir xoşbəxtliyi yaşayırdım.

Hətta sinif yoldaşlarından bir neçəsinə zəng etdik, görüntülü danışdıq, köhnə xatirələrimizi bölüşdük. İllər keçib, hərəsi bir peşənin sahibi olub, hərəsinin öz həyatı, öz dünyası var. Amma o illərdən qalan münasibət hələ də yaşayır.

Müəllimlər bəlkə də hər gün bunun fərqində olmurlar. Biz məktəbdə təkcə dərs demirik, təkcə bilik vermirik. Bəzən bir uşağın yaddaşında bir sözümüzlə, bir davranışımızla, bir münasibətimizlə ömürlük yer tuturuq. İllər sonra həmin uşaq dünyanın harasındasa qarşımıza çıxır və sənə müəllim olduğunu yenidən xatırladır.

Müəllimliyin ən böyük mükafatı bəzən illər sonra, dünyanın heç gözləmədiyin bir yerində qarşına çıxır.

Bu münasibətin formalaşmasında səfirliyimizin rəhbərliyinin və bütün əməkdaşlarının Azərbaycandan gələn qonaqlara göstərdikləri diqqətin, qayğının da xüsusi rolu var. Vətənindən gələn bir insana doğmalıq göstərmək, ona dəstək olmaq, məncə, diplomatik fəaliyyətin həm də insani tərəfidir.

Əziz Namiq, bu günlərdə xeyli zəhmətimi çəkmisən. Yəqin ki, qarşıdakı günlərdə də görüşəcəyik, yenə xahişlərim olacaq, yenə bir yerdə harasa gedəcəyik. Amma indidən bilirəm ki, Meksika səfərimin ən silinməz xatirələrindən biri səninlə yollarımızın yenidən kəsişməsi olacaq.

Var ol, əziz şagirdim, dəyərli dostum!

Mən Meksikaya qədim sivilizasiyaların izlərini, minilliklərin yaddaşını axtarmağa gəlmişdim. Sən demə, burada öz keçmişimin də gözəl bir parçası məni gözləyirmiş.

Yaşasın Azərbaycanın belə dəyərli oğulları!

Yaşasın müəllimlik!

Xəbərlər

Məktəblər və “Kölgə təhsili”: Hansı qalib gələcək?

Bir valideyn övladını məktəbdən sonra riyaziyyat müəlliminin yanına göndərir ki, uşaq kəsrləri yaxşı başa düşsün. Başqa bir valideyn də övladını həmin müəllimin yanına göndərir. Onun uşağı kəsrləri də bilir, tənlikləri də həll edir, məktəbdə qiymətləri də yaxşıdır. Sadəcə, oxumaq istədiyi ixtisasın keçid balı yüksəkdir. Bu iki uşaq dərsdən çıxanda müəllimin jurnalında yanaşı görünəcək. Qeyri-rəsmi təhsil statistikasında da hər ikisi haqqında eyni qeyd aparılır – repetitor yanına gedir. Halbuki birinin hekayəsi məktəbdə, o birininki qəbul müsabiqəsində başlayır. Ən maraqlısı isə odur ki, həmin müəllimlər də məhz məktəbin müəllimləridir.

Repetitorluq haqqında mübahisələrimizdə bu iki uşağı tez-tez qarışdırırıq. Bir tərəf hazırlığa gedən hər şagirdi məktəbin uğursuzluğuna dəlil sayır. O biri tərəf bunu valideynin öz övladına daha yaxşı gələcək qurmaq istəyi ilə izah edir. Məncə, hər iki tərəfin haqlı olduğu yer var. Ancaq əvvəlcə valideynin pulunu nəyə verdiyini anlamaq lazımdır. Övladının məktəbdə almalı olduğu təhsiləmi? Müəllimin ona ayıra bilmədiyi vaxtamı? Yoxsa eyni yerə iddia edən başqa bir şagirddən bir neçə bal artıq toplamaq imkanınamı?

Məktəblərlə paralel böyüyən “kölgə təhsili”

Beynəlxalq təhsil tədqiqatçısı Mark Bray məktəbdənkənar ödənişli akademik hazırlığı “kölgə təhsili” anlayışı ilə izah edir. Sözsüz ki, bənzətmənin öz məntiqi var. Məktəbdə riyaziyyatın proqramı dəyişəndə hazırlıq müəlliminin dərsi də dəyişir. Qəbul imtahanında hansı bacarıq daha çox bal gətirirsə, hazırlıq bazarı da vaxtını ora yönəldir. UNESCO-nun istinad etdiyi qiymətləndirməyə görə, 2023-cü ildə dünyada özəl əlavə hazırlıq bazarının həcmi təxminən 159 milyard ABŞ dollarına çatıb. Sözsüz ki, bu tam rəsmi rəqəm deyil, çünki repetitorluq əksər ölkələrdə qeyri-rəsmi fəaliyyətdir və bunun statistikası düzgün deyil. Mənə görə ən azı 2-3 dəfə bu rəqəmdən çoxdur. Vaxtilə məhəllədə bir müəllimin evində bir neçə şagirdlə keçdiyi dərs bu gün bir çox ölkədə ailə büdcəsinə və uşağın gündəlik həyatına təsir edən bütöv bir təhsil sahəsidir. www.unesco.org

Bu sahənin miqyasını görmək üçün inkişaf etmiş ölkələrə baxmaq kifayətdir. Cənubi Koreyada 2025-ci ildə məktəblilərin 56,5 faizi akademik fənlər üzrə özəl əlavə təhsil alıb. Təkcə riyaziyyat üzrə göstərici 47,4 faiz, ingilis dili üzrə 46,8 faiz olub. Yaponiya ilə bağlı OECD-nin təqdim etdiyi məlumatda isə 2018-ci ildə ibtidai sinif şagirdlərinin təxminən üçdəbirinin, orta məktəbin aşağı pilləsində oxuyanların yarısının “juku” adlanan özəl hazırlıq mərkəzlərinə getdiyi göstərilir. Bu mərkəzlərin bir qismi uşağa məktəb proqramını mənimsəməkdə kömək edir, bir qismi isə onu növbəti təhsil pilləsinin qəbul imtahanına hazırlayır. www.nypi.re.kr

Avropanın təcrübəsi də maraqlıdır. İngiltərə və Uelsdə 2025-ci ildə sorğuya qatılan 11–16 yaşlıların 29 faizi məktəb həyatı ərzində nə vaxtsa özəl hazırlıq aldığını bildirib. İyirmi il əvvəl bu göstərici 18 faiz idi. Amma həmin uşaqlardan məhz cari tədris ilində hazırlığa gedib-getmədikləri soruşulanda rəqəm 11 faizə enir. İrlandiyada isə 2016-cı ildə dərc olunmuş tədqiqatda buraxılış imtahanı ilində olan 17–18 yaşlıların 49 faizi artıq ödənişli əlavə dərs alırdı. Rəqəmləri yanaşı oxuyanda uşağın hansı yaşda olduğunu və qarşıda hansı imtahanın dayandığını bilmək ölkənin adını bilmək qədər vacibdir.

Valideyn nə vaxt eyni dərsin pulunu ikinci dəfə ödəyir?

Dövlət məktəb saxlayır, müəllimə əməkhaqqı verir, dərslik hazırladır, binalar tikir. Valideynin “Bəs mən niyə axşam həmin fənnə bir də pul verməliyəm?” sualında ciddi ictimai məna var. Xüsusilə də övladı əlavə dərsə məktəb proqramının adi tələblərini yerinə yetirmək üçün gedirsə.

Avstriyada 2026-cı ildə keçirilmiş sorğunun bir nəticəsi bu sualı daha yaxşı izah edir. Valideynlər ödənişli hazırlıq hallarının 28 faizini mövzunun məktəbdə kifayət qədər öyrədilməməsi və ya dərsin baş tutmaması ilə əlaqələndiriblər. Avstriya Əmək Palatasının hesablamasına görə, ailələrin il ərzində əlavə dərslərə xərclədiyi 144 milyon avronun təxminən 40 milyonu valideynlərin məhz bu səbəblərlə izah etdiyi hazırlığın payına düşüb. Bu, valideynlərin qiymətləndirməsidir. Hər bir halda müəllimin işinə ayrıca verilmiş ekspert rəyi sayıla bilməz. Bununla belə, ailənin öz xərcini necə gördüyünü kifayət qədər aydın göstərir. wien.arbeiterkammer.at

Biz müəllimlərin yaxşı bildiyi bir vəziyyət var. Uşaq kəsrləri tam mənimsəməyib, sinif isə artıq tənliklərə keçib. Müəllim tənliyi lövhədə nə qədər aydın izah etsə də, şagird həllin ortasında ilişir. Onun çətinliyi bugünkü dərsdən bir neçə həftə əvvəl başlayıb. Repetitor uşağın yanında oturub “Buraya qədər necə gəldin?” deyə soruşanda səhvin yerini tapa bilir. Bəzən valideynin satın aldığı ən qiymətli şey elə bu suala ayrılmış on beş dəqiqədir.

“Dərsi dərsdə öyrətmək” fikrinin mənim üçün mənası burada açılır. Müəllim mövzunu izah edib proqram üzrə irəliləyir. Məktəbin isə daha bir məsuliyyəti qalır – hansı uşağın həmin mövzunu öyrənə bilmədiyini vaxtında görmək və ona geri qayıtmaq imkanı yaratmaq. Əgər bu iş bütövlükdə axşama, evə və ailənin pul kisəsinə qalırsa, valideynin iradı əsaslıdır.

Yaxşı oxuyan uşağın repetitorla nə işi var?

Cənubi Koreyanın bir göstəricisi repetitorluğu yalnız məktəbdəki boşluqlarla izah etməyin çətinliyini göstərir. 2025-ci ildə yuxarı siniflərdə nəticəsinə görə ən yaxşı 10 faizə daxil olan şagirdlərin 73,8 faizi özəl əlavə təhsil alıb. Ən aşağı nəticə göstərən 20 faizlik qrupda isə bu göstərici 50,1 faiz olub. Bu məlumatdan yüksək balı repetitorun qazandırdığı nəticəsini çıxara bilmərik. Amma bir fakt aydındır – ən yaxşı oxuyanların da əlavə hazırlığa böyük tələbi var. mods.go.kr

Tutaq ki, bir liseyin yüz boş yeri, həmin yerlərdə oxumağa hazır beş yüz namizədi var. Məktəblər beş yüz uşağın hamısına yaxşı təhsil verə bilər. Bununla belə, qəbul günü dörd yüz uşaq kənarda qalacaq. Çünki məktəbin qarşısında duran məsələ hər bir şagirdə öyrətməkdir, müsabiqənin qarşısında duran məsələ isə yerlərin sayı qədər namizəd seçməkdir. Məktəb “Bu uşaq nə bilir?” sualına cavab axtarır. Valideyni imtahan ərəfəsində başqa sual da düşündürür – “Bildikləri onu ilk yüzlüyə salacaqmı?” Elə buna görə məktəbindən və müəllimindən razı olan valideyn də repetitor axtarır. Övladının mövzunu bilməsi ilə imtahan vaxtını düzgün bölməsi, sualın şərtini dəqiq oxuması və həyəcan içində səhvə yol verməməsi arasında məsafə var. İngiltərə və Uelsdə özəl hazırlıq almış şagirdlər arasında aparılan sorğuda 37 faiz konkret buraxılış imtahanında yaxşı nəticə göstərməyi, 35 faiz məktəb dərslərində ümumi kömək almağı, 24 faiz isə məktəbə qəbul imtahanını hazırlığa getmək səbəbləri sırasında göstərib. Bir şagirdin bir neçə səbəb seçmək imkanı da olub. Deməli, bəzən hər iki ehtiyac elə eyni uşağın həyatında birləşir. dera.ioe.ac.uk

“Hamı gedirsə, mənim uşağım necə?”

Valideyn qərarını həmişə uşağın dəftərinə baxıb vermir. Bəzən başqa valideynlə beş dəqiqəlik söhbət kifayət edir. Dünənədək övladının nəticəsindən razı olan adam bu gün sinif yoldaşlarının bir neçəsinin hazırlığa başladığını eşidir və tərəddüd edir. Qarşıda vacib imtahan varsa, sonradan “kaş mən də müəllim tutaydım” demək ehtimalı ona bu gün ödəyəcəyi puldan ağır görünə bilər. Mark Bray bu davranışın arxasında sosial rəqabəti görür. Hazırlığa gedənlərin sayı çoxaldıqca başqalarının da ona qoşulmaq üçün səbəbi artır. www.unesco.org

Sözsüz ki, bu yarışda bütün ailələrin imkanı eyni deyil. İrlandiya tədqiqatında eyni buraxılış imtahanına hazırlaşan şagirdlər arasında ən yüksək gəlirli ailələrin övladlarının 63 faizi, ən aşağı gəlirli ailələrin övladlarının isə 33 faizi pullu dərs alırdı. İki uşaq eyni gün eyni imtahan zalına daxil olur, eyni sualları cavablandırır, eyni meyarla qiymətləndirilir. Lakin onlardan birinin son bir ildə neçə saat fərdi izah aldığı, digərinin isə anlamadığı sualla neçə axşam tək qaldığı cavab vərəqində görünmür. www.esri.ie

Məktəbin görməli olduğu uşaq

Bütün bunları deyərkən fərdi hazırlığın pedaqoji dəyərini də nəzərə almaq lazımdır. Böyük Britaniyanın Education Endowment Foundation təşkilatının araşdırmalar icmalına görə, məqsədyönlü fərdi tədris alan şagirdlər oxşar müqayisə qrupundakı yaşıdlarına nisbətən orta hesabla təxminən beş aylıq əlavə öyrənmə irəliləyişi göstəriblər. Bu nəticə araşdırılmış fərdi tədris proqramlarına aiddir. Gündəlik həyatda isə nəticə müəllimin bacarığından, uşağın konkret ehtiyacından və görülən işin keyfiyyətindən asılıdır. Eyni mövzunu səhər məktəbdə, axşam kursda bir də dinləmək uşağın çətinliyini öz-özünə həll etmir. educationendowmentfoundation.org.uk

Maraqlıdır ki, əlavə dəstəyi məktəbin özü təşkil edəndə mənzərə dəyişə bilir. İngiltərə və Uelsdə Sutton Trust-ın sorğusuna əsasən, məktəb daxilində fərdi və ya kiçik qrupla dəstək alanların payı dərslərində geri qalan şagirdlər arasında 27 faiz, yaxşı oxuyanlar arasında 18 faiz olub. Məktəbin əlində mühüm bir imkan var – o, əlavə dərsə ehtiyacı olan uşağı valideyn müəllim axtarmağa başlamamışdan əvvəl görə bilər. www.suttontrust.com

Məncə, Azərbaycanda da bu mövzunu araşdıranda ilk sualımız “Neçə uşaq repetitora gedir?” olmalıdır, amma söhbəti orada bitirmək olmaz. Məktəb proqramını mənimsəmək üçün əlavə dərs alanlarla yüksək bal uğrunda hazırlaşanları ayrıca görməliyik. Sonra isə statistikada ən asan gözdən qaçan uşağı axtarmalıyıq – köməyə ehtiyacı olduğu halda ailəsinin imkanı çatmadığı üçün heç bir müəllimin qapısını döyə bilməyən uşağı.

Bir valideyn övladının daha irəli getməsi üçün əlavə müəllim seçə bilər. Başqa bir valideynin isə belə seçim etmək imkanı olmaya bilər. Dövlətin məktəbə ayırdığı vəsaitin mənası ən aydın ikinci uşağın taleyində görünür. O, dərsdə anlamadığı məsələni sabah məktəbə gətirəndə qarşısında ona vaxt ayıracaq bir müəllim tapacaqmı? Mənim üçün məktəbin gücünü göstərən ən dürüst sual budur.

Kölgə təhsili böyüyürsə, məktəbi necə bir gələcək gözləyir?

Biz Azərbaycanda repetitorluqdan danışanda bəzən elə düşünürük ki, uşaq səhər məktəbə, günortadan sonra hazırlığa yalnız bizdə gedir. Halbuki Tokioda övladını hazırlıq mərkəzinə yazdıran, Londonda riyaziyyat müəllimi axtaran, Vyanada isə məktəbdə başa düşülməyən mövzu üçün yenidən pul ödəyən valideynin qayğısı Bakıdakı valideynə çox tanış gələr. Ölkələrin təhsil ənənələri, imtahanları, hətta valideynin müəllimdən gözləntisi də fərqlidir. Bununla belə, kölgə təhsili dünya miqyasında genişlənməkdə davam edir. Deməli, məsələni təkcə Azərbaycan məktəbinin nöqsanları ilə izah etmək bizi yanlış qənaətə gətirər. www.unesco.org

Mənim qənaətim budur ki, orta məktəbin bu gün tanıdığımız forması öz dövrünü başa vuracaq. Eyni yaşda uşaqları bir sinfə toplayır, onlara eyni mövzunu öyrənmək üçün eyni vaxtı verir, sonra da hamısını eyni gündə yoxlayırıq. Halbuki bir şagirdə mövzunu qavramaq üçün daha bir izah, o birinə isə artıq qavradığı mövzuda daha çətin bir məsələ lazımdır. Hər ikisi özünə lazım olan dərsi məktəbdən sonra axtarırsa, məktəbin quruluşuna kökündən baxmağın vaxtıdır. Axı uşağın gününü iki yerə bölən bu qaydanı nə qədər davam etdirə bilərik? Səhər məktəbin cədvəli ilə oxusun, axşam isə öz ehtiyacına uyğun öyrənməyə başlasın?

İvan İlliçin hələ 1971-ci ildə “Məktəbsiz cəmiyyət” əsərində qaldırdığı sual bu mənzərə qarşısında yenidən aktuallaşır. İlliç insanın dərsdə iştirak etməsi ilə öyrənməsini, sinifdən-sinfə keçməsi ilə təhsil almasını, diplomu ilə bacarığını eyniləşdirməyimizi tənqid edirdi. O, öyrənmək istəyən insanın ehtiyac duyduğu biliyə, həmin biliyi bölüşə bilən adama və onunla birlikdə öyrənmək istəyən başqalarına sərbəst çıxışını nəzərdə tuturdu. Burada qəribə bir ziddiyyət də var. Uşaq məktəbdən çıxıb axşam eyni proqramı, eyni imtahan naminə başqa bir otaqda təkrar edirsə, məktəbin qaydaları onun ardınca ora da gedib. İlliçin düşüncəsi bizi daha dərinə baxmağa çağırır. Uşağa harada, kimdən və hansı yolla daha yaxşı öyrəndiyini müəyyənləşdirmək üçün nə qədər imkan veririk? learning.media.mit.edu

Mən məktəbin gələcəyini düşünəndə ilk növbədə onun vaxt bölgüsünü dəyişərdim. Müəllimin həftəlik işində mövzunu çatdırmaqla yanaşı, uşağın harada çətinlik çəkdiyini müəyyənləşdirmək və onunla ayrıca işləmək üçün də vaxt olmalıdır. Şagird günün bir hissəsində sinif yoldaşları ilə, başqa bir hissəsində ehtiyacına uyğun kiçik qrupda çalışa bilməlidir. Mövzunu tez qavrayan uşağın da növbəti dərsi gözləmədən irəliləmək imkanı olmalıdır. Bir də qəbul sisteminə baxmalıyıq. İmtahanın tələb etdiyi hazırlıqla məktəbin verdiyi təhsil arasındakı məsafə böyüdükcə ailələr o məsafəni öz hesablarına qət edəcəklər.

Məktəbdənkənar təhsil uşağın gələcəyində bu qədər mühüm yer tutursa, qarşımızda ciddi qərarlar var. Onlardan ən vacibi fərdi öyrənmə imkanını ailənin gəlirindən nə dərəcədə asılı saxlayacağımızdır. Mən müəllim kimi istəyirəm ki, dərsin sonunda “başa düşmədim” deyən uşaq da, “bunu öyrəndim, bəs sonra?” deyə soruşan uşaq da cavabını elə məktəbdə tapa bilsin. Orta məktəbin indiki formasından sonra gələcək modeli qurmağa bu iki uşağı dinləməklə başlamaq olar.

(Məqalənin araşdırma hissələrində ChatGPT-dən istifadə edilmişdir)

Şəmil Sadiq