Xəbərlər

Dünyanın bu başında bir şagirdim…

Həyat çox qəribədir. Dünya da düşündüyümüzdən xeyli balacadır. Bəzən yolların elə bir yerdə kəsişir ki, adam bunun təsadüf olduğuna inanmaq istəmir.

Azərbaycanın Meksikadakı səfirliyinin əməkdaşı Namiq bəylə elə burada tanış olduq. İlk görüşümüzdə mənə dedi ki, sizi tanıyıram.

Öz-özümə düşündüm ki, yəqin, bir az məşhur adamam, sosial şəbəkələrdən, televiziyadan, haradansa tanıyır məni. Adamın özündən xoşu gəlir də…))

Amma söhbət etdikcə məlum oldu ki, sən demə, Namiq mənim uzun illər çalışdığım məktəbin şagirdi olub. Birbaşa müəllimi olmasam da, məktəbin dəhlizlərində qarşılaşmışıq, zaman-zaman siniflərində olmuşam, ünsiyyətimiz olub.

İndi isə dünyanın o başında yollarımız yenidən kəsişib.

Son üç günün təxminən iki gününü Namiqlə keçirmişəm. Yol söhbətlərimiz, xatirələrimiz, müzakirələrimiz… Bəzən müəllim-şagird, bəzən iki dost, bəzən də iki yol yoldaşı kimi.

Mən qürurla deyirəm ki, Namiq mənim şagirdim olub, Namiq də qürurla deyir ki, Şəmil müəllim mənim müəllimim olub.

Azərbaycanın belə dəyərli oğullarını görəndə adamın ürəyi açılır. İnsanın əxlaqı, mədəniyyəti, davranışı, el-obasına bağlılığı, ailəsinə münasibəti, işinə sevgisi onun haqqında vəzifəsindən, titulundan daha çox şey deyir.

Namiq məni Meksikanın müxtəlif turistik məkanları ilə tanış edir, bələdçilik edir, dostluq edir, hərdən də şagirdlik edir.)) Amma bütün bunlarla yanaşı, öz işindən də qalmır. Dəfələrlə şahidi olmuşam ki, yolboyu işgüzar telefon danışıqları aparır, bəzən maşını saxlayıb hansısa hesabatı hazırlayır, tapşırıq alır, tapşırıq verir. İşinə olan sevgisini, məsuliyyətini hiss etməmək mümkün deyil.

Bu gün təsadüfən ailəsi ilə də tanış olduq. İki şirin balası var – Zeynəb və Heydər. Həyat yoldaşı ilə tanış olanda bir daha anladım ki, Namiqi Namiq edən dəyərlərin mühüm bir hissəsi də onun ailəsində yaşayır.

Bu gün maşına minəndə ön oturacağın üstündə kiçik bir çanta gördüm. Arxaya qoymaq istəyəndə Namiq dedi:

– Müəllim, o mənim günorta yeməyimdir. Hər gün yoldaşım hazırlayır, evdən götürürəm.

Bəlkə də çoxları üçün adi bir məqamdır. Amma mən belə kiçik detallara həmişə böyük məna yükləyirəm. O balaca çantanın içində sadəcə günorta yeməyi yox idi. Orada ailə sevgisi, qayğı, diqqət, bir-birinə bağlılıq vardı.

İnsanların bir-birinə olan sevgisi həmişə böyük sözlərlə, bahalı hədiyyələrlə ifadə olunmur. Bəzən hər səhər hazırlanıb işə yola salınan bir çanta yemək bütöv bir ailənin fəlsəfəsini ifadə edir.

Namiq yolboyu atasından, anasından, ailəsindən, arzularından, iş həyatından danışırdı. Mən isə onu dinlədikcə müəllimlik peşəsinin insana bəxş etdiyi qəribə bir xoşbəxtliyi yaşayırdım.

Hətta sinif yoldaşlarından bir neçəsinə zəng etdik, görüntülü danışdıq, köhnə xatirələrimizi bölüşdük. İllər keçib, hərəsi bir peşənin sahibi olub, hərəsinin öz həyatı, öz dünyası var. Amma o illərdən qalan münasibət hələ də yaşayır.

Müəllimlər bəlkə də hər gün bunun fərqində olmurlar. Biz məktəbdə təkcə dərs demirik, təkcə bilik vermirik. Bəzən bir uşağın yaddaşında bir sözümüzlə, bir davranışımızla, bir münasibətimizlə ömürlük yer tuturuq. İllər sonra həmin uşaq dünyanın harasındasa qarşımıza çıxır və sənə müəllim olduğunu yenidən xatırladır.

Müəllimliyin ən böyük mükafatı bəzən illər sonra, dünyanın heç gözləmədiyin bir yerində qarşına çıxır.

Bu münasibətin formalaşmasında səfirliyimizin rəhbərliyinin və bütün əməkdaşlarının Azərbaycandan gələn qonaqlara göstərdikləri diqqətin, qayğının da xüsusi rolu var. Vətənindən gələn bir insana doğmalıq göstərmək, ona dəstək olmaq, məncə, diplomatik fəaliyyətin həm də insani tərəfidir.

Əziz Namiq, bu günlərdə xeyli zəhmətimi çəkmisən. Yəqin ki, qarşıdakı günlərdə də görüşəcəyik, yenə xahişlərim olacaq, yenə bir yerdə harasa gedəcəyik. Amma indidən bilirəm ki, Meksika səfərimin ən silinməz xatirələrindən biri səninlə yollarımızın yenidən kəsişməsi olacaq.

Var ol, əziz şagirdim, dəyərli dostum!

Mən Meksikaya qədim sivilizasiyaların izlərini, minilliklərin yaddaşını axtarmağa gəlmişdim. Sən demə, burada öz keçmişimin də gözəl bir parçası məni gözləyirmiş.

Yaşasın Azərbaycanın belə dəyərli oğulları!

Yaşasın müəllimlik!

Oxşar yazılar