Xəbərlər

Sevgilisi üçün yaradılan muzey

Dünən Meksikada çox maraqlı bir muzeyi – Soumaya Muzeyini ziyarət etdik. Latın Amerikasının ən qeyri-adi sənət muzeylərindən biri hesab edilən bu muzey həm memarlığı, həm də zəngin kolleksiyası ilə insanı heyrətləndirir.

Muzey dünyanın ən varlı iş adamlarından biri olan meksikalı Karlos Slim tərəfindən 1994-cü ildə yaradılıb və həyat yoldaşı Soumaya Domitin adını daşıyır. 1999-cu ildə dünyasını dəyişən həyat yoldaşının xatirəsini yaşadan bu muzeyin hazırkı möhtəşəm binası isə 2011-ci ildə istifadəyə verilib.

46 metr hündürlüyündə olan binanın xarici səthi 16 mindən çox altıbucaqlı alüminium lövhə ilə örtülüb. Altı mərtəbəli, futuristik üslubda inşa edilmiş binanın özü elə ayrıca bir sənət əsəridir. Hələ içəri girmədən memarlığın insana verdiyi estetik zövqü yaşayırsan.

Muzeyin kolleksiyasında 66 minə yaxın sənət əsəri və tarixi əşya qorunur. Burada Avropa rəssamlığının müxtəlif dövrlərinə aid əsərlər, portretlər, heykəltəraşlıq nümunələri, qədim məişət əşyaları, sikkələr və Meksikanın mədəni irsini əks etdirən eksponatlar yer alır.

Məni ən çox heyrətləndirən isə əsrlər əvvəl yaradılmış orijinal sənət nümunələrinin bu qədər mükəmməl qorunması oldu. Bəzən 500–600 il əvvəl çəkilmiş bir tablonun qarşısında dayanıb düşünürsən ki, yəqin, bu, əsərin surətidir. Amma sən demə, qarşında dayanan elə həmin əsərin özüdür. Yüz illər əvvəl bir rəssamın toxunduğu, rənglədiyi, duyğularını köçürdüyü kətana baxırsan.

Qəribə hissdir. Rəssam yüz illərdir həyatda yoxdur, amma onun duyğuları ilə üz-üzə dayanmısan. Bəlkə də sənətin ölümsüzlüyü dediyimiz elə budur.

Muzeydə Roden, Rubens, El Qreko, Renoir, Mone, Salvador Dali kimi dünya şöhrətli sənətkarların əsərləri ilə qarşılaşmaq mümkündür. Xüsusilə fransız heykəltəraşı Oqyüst Rodenin zəngin əsərlər kolleksiyası diqqət çəkir.

Amma mənim üçün muzeyin ən maraqlı eksponatlarından biri girişdə, xüsusi bir yerdə sərgilənən möhtəşəm tarixi piano oldu. Verilən məlumata görə, bu piano Osmanlı sultanı II Əbdülhəmidin nəvəsinə məxsus olub.

Dünyanın o başında, Meksikada Osmanlı tarixindən bir yadigarla qarşılaşmaq da ayrı bir duyğu idi. Görəsən, bu pianonun dillərinə kimlərin barmaqları toxunub? Hansı musiqilər səslənib? Hansı sevinclərə, hansı kədərlərə şahidlik edib? İstanbuldan bu coğrafiyaya qədər hansı yolları keçib?

Bəzən bir eksponatın özündən daha çox onun keçdiyi yol maraqlı olur. Əşyaların da insanlar kimi tərcümeyi-halı var axı…

Xeyli gəzdik, rəsm əsərlərinə, heykəllərə, tarixi əşyalara baxdıq. Bir növ, ruhumuzu dincəltdik, estetik zövqümüzü arındırdıq.

Ümumiyyətlə, Meksikada sənətə, xüsusilə rəssamlığa və heykəltəraşlığa münasibət diqqətimi çox çəkir. Bunu təkcə muzeylərdə deyil, şəhərin küçələrində, meydanlarında, binaların divarlarında da görmək mümkündür. Dieqo Rivera, Frida Kalo, David Alfaro Sikeyros kimi dünya şöhrətli rəssamların bu ölkədə yetişməsi də təsadüfi deyil.

Meksika sənəti muzeylərin divarları arasına həbs etməyib, onu küçələrə, insanların gündəlik həyatına da daşıyıb.

Soumaya Muzeyinin daha bir təqdirəlayiq xüsusiyyəti isə girişin hər kəs üçün ödənişsiz olmasıdır.

Dünyanın ən varlı adamlarından biri öz sərvətinin bir hissəsini bəşəriyyətin sənət irsini toplamağa, qorumağa və onu insanların istifadəsinə verməyə sərf edib.

Məncə, sərvəti dəyərə çevirməyin ən gözəl yollarından biri də budur. Çünki varlı olmaqla zəngin bir mədəni irs yaratmaq eyni şey deyil.

İnsan dünyadan köçəndə nə qədər sərvətə sahib olduğu deyil, o sərvətlə dünyaya nə bəxş etdiyi daha çox əhəmiyyət daşıyır.

Dedim, bu gözəllikləri sizinlə də bölüşüm. Bir az da sənətlə baş-başa qalaq. Gündəlik qayğılarımızın, işlərimizin, problemlərimizin arasında ruhumuzun da qidalanmağa ehtiyacı var.

Sənət isə ruhun ən gözəl qidalarından biridir.

Mexiko, 24 noyabr 2026-cı il.

Oxşar yazılar