Aylıq arxivlər

Mart 2025

Xəbərlər

Məktəblərimiz Təfəkkür, univesitetlərimiz Yaddaş məktəbindədir…

Məktəblərimiz Təfəkkür, univesitetlərimiz Yaddaş məktəbindədir…
2006-cı ildə yeni kurikulum layihəsinin icrasına başlandı. Amma bu iş o qədər yanlış, o qədər sistemsiz, o qədər plansız başladı ki, bunun məktəblərdə həzmi 10 ildən çox çəkdi. Əvvəlki yazılarımda bu mövzuda çox yazmışam, bu yazıda isə fərqli tərəfinə toxunmaq istəyirəm. Belə ki, kurikulumu təqdim edənlər elə assosiasiya yaratdılar ki, sanki müəllimlər kurikuluma qədər, heç müəllimlik edə bilməyib, gördüyü bütün işlər yanlış imiş. Ona görə də bu hadisə müəllimlərin daxilən üsyanına səbəb oldu, ya qəbul etmək istəmədilər, ya da qəbul etməkdə çəinlik çəkdilər. Bu isə yeni layihənin möcüzəvi bir hadisə kimi təqdimatından yarandı. Nəsə, birtəhər qəbul edik. Amma qəbulumuzun özü isə yanlış idi. Yanlışlıq ilk onda idi ki, kadr yetişdirmədən, yeni layihəni dərk etmədən, yeni yanaşmanı doğru-düzgün anlatmadan bu işə başlayın deyildi. Hələ indi-indi ümumtəhsil məktəblərimizin müəllimləri bu prosesi idrak etməkdə, tədris etməkdədir. Amma…
Əslində isə, yeni kurikulum layihəsinin başlanması üçün baza formalaşdırılmalı, universitetlərdə buna uyğun tədris həyata keçirilməli, kadrlar yetişməli, sonra isə icrasına başlanılmalı idi. Belə etmədik, kəllə-mayallaq oldu… Bir neçə formal təlimlərlə tələm-tələsik işə başladıq.
Təsəvvür edirsinizmi, universitetlərin pedaqoji faükltələrinin tədris proqramları son dəfə 2020-ci ildə yenidən işlənib və bu da məktəbdəki mahiyyəti tam ifadə etmir. Yeni kurikulumun tələblərinə cavab verən tədrisi universitetlərimizdə qura bilməmişik. Hələ də köhnənin qalıqları altında toz-torpağa bürünmüşük. Günümüzün müəlliminin bilməli olduğu ən vacib məsələlər bilik deyildi, müəllimlik səriştəsi, bacarıqları idi. Nəzəriyyə yüklü imtahanlarla müəllimliyə qəbul edib, Nəzəriyyə yüklü universitet tədris proqramı ilə kadr yetişdirib, sonra da nəzəriyyə yüklü imtahanlarla işə qəbul edib, dedik ki, get indi məktəbdə yeni kurikuluma, təfəkkür məktəbinə cavab verən müəllim ol!
Sinfə girən müəllim üçün yaxşı psixoloji durum, analitik zəka, ünsiyyət bacarığı, davranış qaydalır, pedaqoji bacarıq biliklə ən azı 50/50 yə bölünməlidi idi. Amma biz məktəbi təfəkkür məktəbinə çevirib, müəllimi yaddaş məktəbinin məzunu kimi yetişdirdik illərdir. Ona görə də gənclərin məktəbdə yaxşı kadr kimi işə başlaması üçün ən az 5 il lazım oldu və bu proses bir-birini əvəzləyə-əvəzləyə davam etdi.
Sözsüz ki, kurikulum vaxtında doğulmayan uşaq kimi ələ-ovuca gətirmək üçün böyük zəhmət hesabına başa gəldi. Yəni təməli o qədər yanlışlıqla, ölçüb biçmədən qoyduq ki, ucaldıqca əyrisi-üyrüsü üzə çıxdı. İndiyə qədər üstümüzə yıxılmayıbsa (bəlkə də yıxılıb altında qalmışıq), şükür etmək lazımdır. Halbuki ovaxtkı başbilənlər vahid təhsil konsepsiyası hazırlayıb, onunla hərəkət etməli, mərhələ-mərəhələ həyata keçirməli idilər. Şərqli psixologiyası ilə “karvan yolda düzələr” dedik. Bu da həmişə düzəlmir, düzələnə qədər də itkilər çox olur.
Birmənalı şəkildə deyim ki, təhsildə birinci görülməli olan məsələ sistemdir, yəni təhsil sisemi… Biz təhsildən nə istəyirik, nə gözləyirik, bu yolla getsək, hansı nəticələr əldə edəcəyik, tipli sualların cavabını öncədən bilib, yola çıxmalıyıq. Şəxslərə yox, sistemə bağlı olmalıyıq. 30-35 illik hədəflər müəyyənləşməli, kiçik mərhələlər bölünüb addım-addım icra olunmalıdır.
P.S. Bir hadisəni danışım, siz təsəvvür edin, durumumuzu. 2005-2006-cı il olardı. Misir müəllimin də iştirakı ilə bir müzakirə keçirilirdi. O zaman alternativ dərsliklər dəbdə idi. Bir-ikisi də bizim Azərbaycan dilinin də bəxtinə düşmüşdü. Eyni siniflər üçün iki fərqli müəllifin kitabı vardı. Mənim də iki 6-cı sinfim vardı. Ona görə də hər sinfə girəndə dərsi bir kitabdan keçirdim. Nəzəriyyə yüklü olduğundan hər müəllifin fərqli yanaşması var idi. Bir sinfə girib, “yüz on bir” mürəkkəb sözdür, bir sinfə girəndə isə söz birləşməsidir, deyidim. Beləcə, vəziyyəti idarə edirdik. Ona görə də qalxdım ayağa, fikrimi izah etdim, bizə çarə qılın, dedim, durumumuz ağırdır. Biz müəllimlər yazığıq, bizi kim düşünəcək? Xeyli də alqış aldım və diqqət çəkdim. Tədbir bitəndə nazirin məmurlarından biri mənə yaxınlaşıb adımı, soyadımı, telefonumu götürdü, bir az söhbətləşdik. İkilikdə dərdimi bir az da izah etdim. Sizcə, mənə nə desə yaxşıdır? Dedi ki, müəllim, nə edək, ağsaqqal adamlardır, birtəhər idarə edin, bu gün sabah biri rəhmətə gedəcək, onda da biri təxirə salınacaq…
Bu, bizim milli xəstəliyimizdir, yəni xətir üçün xəstə yatmaq…
Xəbərlər

Şəmil Sadiq Dövlət Universitetlərinin Sonuncu Kurs Tələbələri ilə Görüş Keçirib

Şəmil Sadiq Dövlət Universitetlərinin Sonuncu Kurs Tələbələri ilə Görüş Keçirib

Hədəf Şirkətlər Qrupunun Baş Direktoru və Hədəf Liseyinin qurucusu Şəmil Sadiq dövlət universitetlərinin sonuncu kurs tələbələri ilə görüş keçirib. Görüşün əsas məqsədi gənclərə gələcək karyera imkanları, iş dünyasının tələbləri və şəxsi inkişaf barədə dəyərli tövsiyələr vermək olub.
Tədbir zamanı Şəmil Sadiq təhsil və iş həyatında uğur qazanmağın yollarından, müasir dövrün tələblərinə uyğun bilik və bacarıqların əhəmiyyətindən bəhs edib. O, tələbələri daim öyrənməyə, yeni çağırışlara hazır olmağa və peşəkar inkişaflarını davam etdirməyə təşviq edib.
Görüş interaktiv formada keçib və tələbələr öz suallarını ünvanlayaraq, Şəmil Sadiqin şəxsi və peşəkar təcrübəsindən faydalana biliblər. O, eyni zamanda Hədəf Şirkətlər Qrupu və Hədəf Liseyinin gənclər üçün yaratdığı imkanlardan danışıb və gələcək əməkdaşlıqların mümkünlüyünü vurğulayıb.
Sonda iştirakçılar görüşün onların gələcək planlarına istiqamət verməkdə mühüm rol oynadığını qeyd ediblər və belə təşəbbüslərin davamlı olmasını arzuladıqlarını bildiriblər.

Xəbərlər

Turan Universiteti və Hədəf Şirkətlər Qrupu arasında əməkdaşlıq genişlənir

Qazaxıstanın Turan Universitetinin prorektoru Gulzahan Tayauova, Hədəf Şirkətlər Qrupunun baş direktoru Dos. Şəmil Sadıqov ilə görüş keçirib. Görüş, Hədəf Şirkətlər Qrupunun baş ofisində baş tutub və iki tərəf arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə həmçinin, Turan Universitetinin II Türk İnteqrasiya Olimpiadasının tərəfdaşı olduğu bildirilib. Bu əməkdaşlıq iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsinə, eləcə də təhsil və biznes sahələrində yeni layihələrin həyata keçirilməsinə geniş imkan yaradır.
Gülzahan Tayauova və Dos. Şəmil Sadıqov arasında olan müzakirələr, həmçinin beynəlxalq təhsil proqramları, elmi tədqiqatlar və tələbə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müsbət nəticə ilə yekunlaşıb. Tərəflər, gələcəkdə daha da sıx əməkdaşlıq etmək və bu əməkdaşlıq çərçivəsində müxtəlif layihələrə imza atmaq barədə razılaşıblar.

Xəbərlər

ANAİB Sədri Şəmil Sadiq Bahar Muradova ilə görüşdü

ANAİB Sədri Şəmil Sadiq Bahar Muradova ilə görüşdü

“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyi (ANAİB) idarə heyətinin sədri Şəmil Sadiq Ailə Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşüb.

Birlikdən verilən məlumata görə, görüşdə ANAİB idarə heyətinin üzvləri – “Ağıllı bala” nəşriyyatının direktoru Fatimə Alxaz, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq, ANAİB-in koordinatoru Səma Məstəliyeva da iştirak ediblər.

Tərəflər cəmiyyətin sosial problemlərinin işıqlandırılması və həlli istiqamətində birgə layihələrin həyata keçirilməsi barədə söhbət edib, hazırda gündəmdə olan kitablarda yaş senzinin göstərilməsi mövzusunda müzakirə aparıblar.

Nəticədə, yaş məhdudiyyətinin daha çox uşaq kitablarına aid olmağı ilə bağlı razılığıa gəlinib. Digər bədii kitablara isə yalnız zəruri olduğu təqdirdə yaş məhdudiyyəti qoyulacağı bildirilib.

Görüş zamanı ANAİB-in təşkil edəcəyi IV Uşaq Kitab Festivalı ilə bağlı da fikir mübadiləsi aparılıb. Festivalın Gənclər və İdman Nazirliyi, Ailə Qadın Uşaq Problemləri Dövlət Komitəsi və ANAİB-in təşkilatçılığı ilə keçirilməsinə qərar verilib.

Bundan başqa, görüşdə ANAİB adından Himayəçilər Birliyinin yaradılması haqqında fikir də səsləndirilib.

Görüş müzakirələrlə davam edib.

Xəbərlər

Şəmil Sadıqov: Təhsildə İnnovasiya və Rəqəmsal Transformasiya

Şəmil Sadıqov: Təhsildə İnnovasiya və Rəqəmsal Transformasiya

XII Təhsil Texnologiyaları Zirvəsində Hədəf Şirkətlər Qrupunun baş direktoru Dos. Şəmil Sadıqov “Təhsildə İntegrasiya” mövzusunda çıxış etdi. Türkiyənin İstanbul şəhərində təşkil olunan zirvə təhsil sahəsindəki ən son texnoloji yenilikləri müzakirə etmək üçün sahə üzrə mütəxəssisləri bir araya gətirdi.
Hədəf Şirkətlər Qrupunun təhsil sahəsindəki innovativ yanaşmalarını təqdim edən Sadıqov, texnologiyanın təhsildəki potensialı, həmçinin rəqəmsal dönüşümün təhsil sisteminə gətirdiyi yeniliklər barədə danışdı. Şəmil Sadıqovun təhsildə inteqrasiya və rəqəmsal transformasiya barədəki fikirləri, tədbir iştirakçılarına geniş perspektivlər təqdim etdi.
Bundan əlavə, zirvə çərçivəsində yerli və xarici stendlərin nümayiş olunduğu sərgi də təşkil olundu. Sərgidə müxtəlif ölkələrdən gələn iştirakçılar təhsil texnologiyaları sahəsindəki son yenilikləri təqdim edərək, yeni əməkdaşlıq imkanlarını müzakirə etdilər.