Bölmə baxışı

Xəbərlər

Xəbərlər

IB məsləhətçisi Lidija Grkovic Stars Campus-da olub

6 noyabr 2026-cı il — Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq Hədəf Liseyinin Stars Campus-una səfər edən Beynəlxalq Bakalavriat (IB) məsləhətçisi Lidija Grkovici qəbul edib. Görüşdə IB proqramının tətbiqi istiqamətində görülən işlər və növbəti inkişaf addımları müzakirə olunub.

 

İkigünlük səfər çərçivəsində məktəbin təhsil təcrübələri dəyərləndirilib, tədris və öyrənmə prosesləri birbaşa müşahidə edilib, rəhbər heyət və müəllimlərlə peşəkar fikir mübadiləsi aparılıb. Araşdırma və sorğuya əsaslanan öyrənmə, şagirdlərin müstəqilliyinin və təşəbbüskarlığının inkişafı, beynəlxalq düşüncə tərzinin formalaşdırılması əsas müzakirə mövzuları sırasında olub.

 

Lidija Grkovic IB fəlsəfəsinin məktəbdə daha effektiv tətbiqi ilə bağlı rəy və tövsiyələrini bölüşüb. Səfər mövcud təcrübələrin təhlili, əldə olunan nəticələrin dəyərləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyıb.

 

Məktəb rəhbərliyi peşəkar dəstəyi və konstruktiv tövsiyələri üçün Lidija Grkovicə, prosesdə fəal iştirak edən müəllimlərə, şagirdlərə və bütün məktəb icmasına təşəkkürünü bildirib.

Xəbərlər

Böyüyən kitab sərgimizin haqqını verə bilirikmi?!

XII Bakı Beynəlxalq Kitab Sərgisi başa çatmaq üzrədir. Ümumilikdə bir naşir və yazıçı kimi builki sərgidən razıyam. Hər il sərgimizin böyüdüyünü, genişləndiyini, təşkilati baxımdan inkişaf etdiyini görmək sevindiricidir. Bu inkişaf həm tərtibat, dizaynda, həm iştirakçıların fəallığında, həm yazıçı və naşirlərin aktivliyində, həm də ziyarətçilərin marağında ciddi şəkildə hiss olunur.
Bu il əvvəlki illərdən fərqli olaraq ikinci salonun istifadəyə verilməsi sərgiyə əlavə genişlik və rəng qatdı. Uşaqlar üçün arenanın ayrıca təşkil olunması və bu sahənin genişləndirilməsi isə xüsusilə təqdirəlayiqdir. Kitabla ilk ünsiyyətini burada quran uşağın sərgidən hansı təəssüratla ayrılması gələcək oxu vərdişləri üçün də əhəmiyyətlidir.
Digər mühim yenilik B2B görüşləri üçün ayrıca məkanın ayrılmasıdır. Bu, sərginin peşəkar əməkdaşlıq imkanlarını genişləndirən addımdır. Kitab sərgisi həm də nəşriyyatların tanış olduğu, müəllif hüquqlarının müzakirə edildiyi, tərcümə və birgə nəşr layihələrinin yarandığı məkan olmalıdır. Düzdür, etiraf edək ki, hələ də bizim naşirlər də bu məkanın haqqını tam verə bilmir, amma adam görüb, götürər, deyərək ümidimizi üzmürük.
Nəşriyyatlar üçün yaradılan şərait stendlərin görünüşünə də təsir göstərib. İştirakçılar tərtibata daha çox diqqət ayırır, öz kitablarını və nəşriyyat kimliklərini maraqlı şəkildə təqdim etməyə çalışırlar. Bir-birləri ilə pozitiv rəqabət açıq aydın görünür. Nəticədə sərginin ümumi görünüşü zənginləşir. Xarici qonaqların və nəşriyyatların artması da beynəlxalq əlaqələrin genişlənməsi baxımından dəyərlidir.
Builki təqdimatlar, imza mərasimləri, ədəbi görüşlər və müzakirələr də fəallığı ilə seçilirdi. Üç təqdimat zalında hər gün çoxsaylı tədbirlər keçirilir, müxtəlif mövzular öz auditoriyasını bir araya gətirirdi. Ziyalıların, ailələrin, məktəblilərin iştirakı sərgiyə canlılıq gətirirdi. Müşahidəmə görə, insanlarımızın kitab sərgisinə münasibəti də dəyişir: sərgiyə gəlmək, müəlliflə görüşmək, ailəlikcə kitab seçmək tədricən də olsa mədəni vərdişə çevrilməkdədir.
Builki yeniliklərdən “Öz yazarını seç” layihəsini də diqqətçəkən təşəbbüslərdən hesab edirəm. Seçimin meyarları və obyektivliyi ayrıca müzakirə mövzusudur. Hətta qalibin reallığı əks etdirməsi də. Amma layihənin müəlliflərə və kitaba ictimai diqqəti artırmaq, sərginin tanıtımını gücləndirmək baxımından böyük əhəmiyyəti oldu. Seçilən yazarın mükafatlandırılması, eləcə də fəxri yazar, aktiv nəşriyyat və ən kreativ nəşriyyat kimi nominasiyalar iştirakçılar üçün əlavə stimul yaradır. Bu təşəbbüslərin dəyərini daha da artıran amil isə aydın meyarlar və şəffaf seçim olacaq.
Bütün bunlarda təşkilatçıların əməyini, Mədəniyyət Nazirliyinin sərgiyə ayırdığı diqqəti görməmək mümkün deyil. Ölkənin kitab adına ən böyük tədbirinin ildən-ilə inkişaf etməsi hər birimizin marağındadır və hər kəsi sevindirməkdədir.
Elə buna görə də uğurları qeyd etməklə yanaşı, növbəti illər üçün vacib bildiyim məqamları da bölüşmək istəyirəm.
1. İlk məsələ sözsüz ki, məkandır. Bu sərgi bir daha göstərdi ki, sərginin indiki sahədən ən azı iki dəfə böyük məkana ehtiyacı var. Ziyarətçi sayı artan kimi ciddi sıxlıq müşahidə edilir. İnsanların rahat hərəkəti, stendlərə yaxınlaşması, kitab seçməsi və tədbirlərə qatılması çətinləşir. Böyümək, hazırda olduğu kimi regionun ən böyük sərgisini davamlı daşımaq istəyiriksə, artan marağı qarşılaya biləcək şərait də yaratmalıyıq.
2. İkinci və ən vacib məsələ nəqliyyatdır. Bu il avtobusların sadəcə “Koroğlu” metrostansiyasından hərəkət etməsi ziyarətçilər üçün xeyli çətinlik yaratdı. Gələcəkdə bir neçə metrostansiyadan müntəzəm, əvvəlcədən elan edilmiş cədvəl üzrə avtobusların təşkili sərgiyə gəlişi daha da asanlaşdıra bilər. Ancaq bu addım məkanın genişləndirilməsi ilə birlikdə düşünülməlidir. İndiki sahədə daha böyük insan axını əlavə sıxlıq yaradacaq. Bunun həlli yollarından biri də sərgini metrolara yaxın ərazidə keçirməkdir, bunun üçünsə əlimizdə iki imkan var, Kristal Holl və Gimnastika arenası. Bu məkanlarda olarsa, bu qədər nəqliyyata ehtiyac da yaranmaz.
3. Hər il diqqət çəkən məsələlərdən biri də tanıtımın gec başlamasıdır. Düşünürəm ki, əsas reklam fəallığını son bir-iki həftəyə saxlamaq sərginin imkanlarını məhdudlaşdırır. Oktyabrın sonunda keçirilən tədbirin tanıtımına Bakıda ən azı iki ay əvvəl başlamaq olar. Sosial şəbəkələrdə ardıcıl kampaniyalar, şəhərdə reklam lövhələri, sərgiyə aparan yollarda bayraqlar və istiqamətləndirici materiallar tədbirin görünürlüyünü xeyli artıra bilər. Əgər Beynəlxalq sərgi deyiriksə, adına layiq təbliğatını da qurmalıyıq. Adətən, sərgidən sadəcə kitabla əlaqəsi olan, sərgini gözləyən müəyyən kütlə xəbərdar olur. Niyə bir neçə ay öncədən Aeroprta böyük bir reklamı vurulmasın. Axı sərginin təşkili bunu tələb edir. Niyə bu möhtəşəmlikdə tədbirdən ölkə ictimaiyyəti, xarici qonaqlar xəbərdar olmasın. Həm ciddi xərc, həm də zəhmət var. Yəqin ki, kütləvilik baxımından ölkəmizin ən böyük sərgisidir. Bu tədbirə vəsait, əmək və diqqət ayrılırsa, onun haqqında daha çox insanın vaxtında xəbər tutması da təmin edilməlidir. Kitab sərgisi şəhərin gündəlik həyatında hiss olunmalıdır. Məktəblərlə əməkdaşlığı da sentyabrdan qurmaq mümkündür. Şagirdlərə sərgi haqqında məlumatların çatdırılması, iştirakçı nəşriyyatlarla razılaşdırılmış xüsusi endirim kartlarının və kuponların hazırlanması, ailəvi ziyarətlərin təşviqi həm oxucu marağını, həm də sərginin nüfuzunu artırar. Məktəb və ailə bu prosesə vaxtında qoşulanda sərgi uşağın gözlədiyi bir hadisəyə çevrilir.
4. Beynəlxalq istiqamətdə isə növbəti mərhələyə keçməyin vaxtıdır. Ədəbiyyatımızın tanıtım fondu yaradılarsa və bu məqsədlə büdcə ayrılarsa, Azərbaycan nəşriyyatları ilə xarici nəşriyyatların görüşlərini ayrıca proqram əsasında təşkil etmək olar. B2B məkanının ayrılması yaxşı başlanğıcdır. İndi həmin məkanı əvvəlcədən planlaşdırılmış görüşlərlə, tərcümə təklifləri və müəllif hüquqları müzakirələri ilə daha səmərəli işlətmək lazımdır. Sərgi çərçivəsində ayrıca peşəkar proqramın olması ədəbiyyatımızın xaricə çıxışına real töhfə verə bilər. Buna görə də, gələn sərgilərdə Qafqaz və Orta Asiya ölkələrinin naşirlərinin B2B görüşlərini belə məhz bu sərgi çərçivəsində təşkil etmək və birmənalı olaraq regionun ən böyük sərgisi adını təsdiqləmək olar. Əgər onları cəlb edə biləriksə, dünyanın önəmli naşirləri, ölkələri də sərgimizə qatılmağa maraqlı olar. Hətta çox yox 100000 dollarlıq büdcə ayrılsa ki, məhz bu sərgidə müəllif hüququ alışlarını qarşılayırıq, qısa zamanda səs gətirər ki, buna da ölkə olaraq haqqımız çatır.
5. Daha qlobal təkliflər vermək olar, amma göründüyü kimi hələ də xırda texniki problemlər bizimlə davam edir. Ziyarətçilərin və iştirakçıların narazılığına səbəb olan digər məsələ dayanacaqdır. Xüsusilə şənbə və bazar günləri avtomobil saxlamağa yer tapmaq çətinləşir. Üstəlik, dayanacağın ödənişli olması da əlavə narazılıq yaradır. İnsan sərgiyə münasib qiymətə kitab almaq üçün gəlir, çıxanda isə dayanacağa üç-dörd manat ödəyir. Kitab büdcəsinin məhdud olduğu şəraitdə bu məbləğ də əhəmiyyətsiz deyil.
Bakı Ekspo Mərkəzində müxtəlif kommersiya sərgiləri keçirilə bilər, amma kitab sərgisinin sosial və mədəni mahiyyəti ayrıca nəzərə alınmalıdır. Gələcəkdə dayanacağın genişləndirilməsi, sərgi günlərində ödənişsiz istifadənin mümkünlüyü təşkilatçılarla məkan rəhbərliyi arasında müzakirə olunsa, ziyarətçilər üçün ciddi rahatlıq yaranar. Ümumiyyətlə, Expo Mərkəz məhz kitab sərgisinə qarşı münasibətini dəyişməldir. Neçə ildir ki, bu tip xırda məsələlərlə naşirlər və nazirlik arasında problem yaranır və sonda nazirliyin müdaxilə etməsi və dəstəyi ilə həll edilir. Məsələn, bu il deyildi ki, əgər stendlər kənar şirkətlər tərəfindən hazırlanırsa, 1kv metrinə 18 manat ödənməlidir. Halbuki, naşirlər bunu 13-15 manat etdirir, məkanın təklif etdiyi şirkət isə çox bahalıdır. Və ya içəridə hər hansı bir yükdaşıma avadanlığına icazə verilmir, məkanın təklif etdiyi də çox bahadır. Məncə, böyük və mötəbər beynəlxalq sərgilərə, forumlara ev sahibliyi edən mərkəz rəhbərliyi kitabın durumu ilə tanış olmalı, hər hansı bir nəşriyyatı bir inşaat şirkəti ilə müqayisə etməməlidir. Bura gələn ziyarətçilər də o ziyarətçi deyil. Tələbə, şagird, məktəblidir. Onların maddi durumu hökmən nəzərə alınmalıdır.
Sonda əməyi keçən hər kəsi təbrik edirəm. İllər ərzində səsləndirilən təkliflərin nəzərə alındığını görmək ayrıca məmnunluq yaradır. Bu qeydləri də sərginin iştirakçısı, uğuruna sevinən və daha böyük imkanlarına inanan bir insan kimi bölüşürəm.
Bakı Beynəlxalq Kitab Sərgisini regionun ən böyük və ən nüfuzlu kitab tədbirlərindən birinə çevirmək imkanımız var. Oxucu marağı da var, nəşriyyatların həvəsi də, müəlliflərin sözü də, ölkəmizin həm iqtisadi, həm də siyasi gücü də. İndi bu marağa daha geniş məkan, daha erkən tanıtım və daha güclü beynəlxalq əməkdaşlıqla cavab vermək lazımdır.
ANAİB İdarə heyəti sədri dos. Şəmil Sadiq

Xəbərlər

“Ədəbiyyat və incəsənət”


Bizim ailələrdə öz uşaqlarımızdan başqa, bir uşaq da böyüyür, xalqın uşağı. Süfrəmizdə oturmur, çörəyimizi bölüşmürük, evimizdə yaşamır, amma adı dilimizdən düşmür. Dərslərini yaxşı oxuyur, yarışlarda qalib gəlir, valideyninin sözündən çıxmır. Hələ bir neçə dil də bilir. Nədənsə, bu uşağın nə tənbəlliyini görürük, nə səhvini, nə də qapını çırpıb otağına çəkildiyini. Çünki biz sadəcə onun-xalqın uşağının uğurunu görürük.  

Başqasının övladını bizə təqdim edilən bir nəticə ilə tanıyırıq. Öz övladımızın yorğunluğunu da görürük, həvəssizliyini də, uğursuzluğunu da. Sonra həmin bu nəticə ilə bütöv bir uşağı müqayisə edirik: – Gör filankəsin uşağı nələr eləyir! Bəs sən? Bu “bəs sən?” sualının içində valideynin arzusu da var, narahatlığı da, bəzən özünün həyata keçirə bilmədiyi istəklər də. Ancaq uşaq həmin sualda başqa bir məna eşidə bilər: “Sən olduğun kimi məni qane etmirsən”.

Düzdür, burada valideyni anlamaq çətin deyil. Kim istəməz ki, övladı bacarıqlı, çalışqan, uğurlu olsun? Başqa bir uşağın nailiyyətini görəndə öz övladının da bunu bacarmasını arzulamaq təbiidir. Sözsüz ki, problem arzunun özündə yox, onun uşağa necə çatdırılmasındadır. Övladımızı həvəsləndirmək istəyərkən bəzən ona özündən narazı qalmağı aşılayırıq.

Məncə, burada nümunə göstərməklə müqayisə edib kiçiltməyin sərhədini ayırmaq lazımdır. Başqasından öyrənmək həyatın təbii bir hissəsidir. Bir uşağın zəhməti, məşq üsulu, başladığı işi sona çatdırması başqa uşağa da yol göstərə bilər. “Bax, o, hər gün məşq edərək bu nəticəni qazanıb. Sən də istəyirsənsə, necə edəcəyimizi düşünək” deməklə “O bacarır, sən niyə bacarmırsan?” demək eyni deyil. Birinci cümlə yol göstərə, İkinci cümlə uşağı özünü müdafiə etməyə məcbur edə bilər.

Xüsusilə yeniyetməlikdə bu söhbətlər asanlıqla qarşıdurmaya çevrilir: – Bəsdir məni başqaları ilə müqayisə etdiniz! Mən buyam! Niyə kiməsə oxşamalıyam? Valideynsə bunu ərköyünlük, tərslik, sözə baxmamaq kimi qəbul edir. Bəzən bu etirazın içində məsuliyyətdən yayınmaq da olur. Amma hər etirazı ərköyünlük saymaq düzgün deyil. Çünki Uşaq sadəcə öz yerini qorumağa çalışır: “Məni də görün. Mənim də nə istədiyimi soruşun”.

Kiçik yaşlı uşaq isə narazılığını bu qədər açıq ifadə etməyə bilər. O, valideyninin kimə, nəyə sevindiyini çox yaxşı müşahidə edə bilir.  “Bunu etsəm, məni də tərifləyərlər” düşüncəsi ilə davranmağa başlayır. Valideyninin rəğbətini qazanmaq istəyi təbiidir. Ancaq hər addımını yalnız bu rəğbətə görə atmağa başlayanda öz maraqlarına yer qalmır. Nəyi sevdiyini anlamaq əvəzinə, nə etsə bəyəniləcəyini hesablamağa alışır. Bu isə insanı özü olmaqdan çıxarır, ətraf mühitə görə yaşamaq çərçivəsinə salır.

Düşünün, evdə gözəl rəsm çəkən uşağımız var, biz qonşunun riyaziyyat nəticəsindən danışırıq. Futbol oynamağı sevən övladımıza “topun dalınca qaçmaqla nə olacaq?” deyirik, sonra xaricdə bir uşağın futbol bacarığını göstərən videonu heyranlıqla paylaşırıq. Öz uşağımızın nəzakətini, qayğıkeşliyini adi hal sayır, başqa bir uşağın eyni davranışını uzun-uzadı tərifləyirik.

Bəzən uzaqdakı istedada heyran olmaq, yaxınımızdakı istedada şərait yaratmaqdan daha asandır. Birincisi üçün videonu paylaşmaq kifayətdir. İkincisi vaxt, səbir və zəhmət istəyir.

Məncə, bu münasibətin yalnız uşaq tərbiyəsi ilə bağlı olmayan bir tərəfi də var. Biz bəzən özümüzə aid olanın dəyərini görməkdə çətinlik çəkirik. Yaxınımızda olduğu üçün adiləşdirir, başqasına məxsus olduğu üçün böyüdürük.

Bir dəfə Türkiyədən olan bir dostum mənə zarafatla demişdi: – Şamil, para qazanmaq istəyirsənsə, şirkət aç, bir də üstünə “gavur ismi” qoy, pul tıkır-tıkır gələcək. Zarafat idi, amma düşündürücü tərəfi çoxdu. Bəzən eyni xidmət yerli adla təqdim olunanda sadə, xarici adla təqdim olunanda daha səviyyəli görünür. “Çayxana” sözündə köhnəlik axtarır, eyni məkanın lövhəsində ingiliscə ad görəndə müasirlik tapırıq. Sanki keyfiyyət əvvəlcə xidmətin özündə yox, adının hansı dildə yazılmasındadır. Bunu bütöv bir millətin dəyişməz xüsusiyyəti və ya “milli sindrom” adlandırmaq, yəqin ki, həddindən artıq ümumiləşdirmə olar. Məncə özümüzdə gördüyümüz bu vərdiş haqqında dərindən düşünməliyik: niyə bəzən bir şeyin qiymətini bilmək üçün əvvəlcə başqasının ona dəyər verməsini gözləyirik?

Eyni sualı övladlarımız haqqında da verə bilərik. Uşağımızın bacarığını görmək üçün mütləq kimsə onu alqışlamalıdırmı? Müəllimi tərifləmədən, yarışda yer tutmadan, sosial şəbəkədə videosu yayılmadan da onun zəhməti bizim üçün qiymətli ola bilməzmi?

Əlbəttə, öz övladına dəyər vermək onun hər hərəkətinə “əla”, hər cızığına “möhtəşəm”, hər cavabına “dahiyanə” demək deyil. Mən səbəbsiz və ölçüsüz tərifi də doğru saymıram. Uşaq nəyi yaxşı etdiyini, harada çətinlik çəkdiyini bilməlidir. Hər işinə eyni heyranlıqla cavab veririksə, tərifimiz də bir müddət sonra mənasını itirir.  “Sən dahisən” deməkdənsə, “Bu işə vaxt ayırdın, əvvəlkindən daha yaxşı alındı” demək daha dürüstdür. “Səndən heç nə olmaz” deməkdənsə, “Bu dəfə hazırlaşmadın, nəticədə də bunu görürük. Nəyi dəyişə bilərsən?” soruşmaq daha faydalı deyilmi?

Dəyər vermək həm uğuru görməkdir, həm də nöqsanı uşağın şəxsiyyətini alçaltmadan demək. Övladımız bilməlidir ki, səhvini düzəltməsini istəyirik, amma sevgimizi hər dəfə yaxşı nəticə göstərməklə qazanmağa məcbur deyil. Bu, tələbkarlıqdan imtina etmək də deyil. “Mən beləyəm” cümləsi bütün məsuliyyətlərdən azad edən vəsiqəyə çevrilməməlidir. Hər uşağın yerinə yetirməli olduğu öhdəliklər, öyrənməli olduğu davranışlar var. Fərdiliyinə hörmət etmək onun zəhmətdən yayınmasına göz yummaq demək deyil. Sadəcə, tələbi başqa uşağın həyatına görə yox, öz övladımızın yaşına, imkanlarına və ehtiyaclarına görə müəyyənləşdirməliyik.

Uşağımızı tanımaq üçün onun qiymətlərindən başqa mövzularla da maraqlanmalıyıq: nəyi sevə-sevə edir, nədə çətinlik çəkir, hansı işə başlayanda vaxtı unudur, harada köməyə ehtiyacı var? Bu sualların cavabını bilmədən ondan uğur gözləmək, tanımadığımız bir yolun sonunda bizi qarşılamasını istəməyə bənzəyir.

Müqayisəyə ehtiyac duyuruqsa, onun öz inkişafına baxaq: dünən nəyi bacarmırdı, bu gün nəyi öyrənib? Harada daha səbirli, daha məsuliyyətli olub? Nəticəsi hələ görünməsə də, hansı zəhməti çəkib? Bunlar gurultulu nailiyyətlər deyil, amma böyüməyin mühim hissəsidir.

Xalqın uşağının uğuruna sevinək. Onu təbrik edək, zəhmətindən öyrənək. Ancaq həmin uğuru öz övladımızın başına qaxmayaq. Başqasını alqışlamaq üçün öz uşağımızı kiçiltməyə ehtiyac yoxdur.

Gəlin bu dəfə “Gör xalqın uşağı nə edir!” demək istəyəndə bir anlıq dayanaq və özümüzdən soruşaq: Bəs mən uşağımın nə etdiyinin nə qədər görürəm?

Xəbərlər

Şəmil Sadiqdən türk dünyasına rəqəmsal təkliflər

Şəmil Sadiq türk dünyasının rəqəmsal əməkdaşlığına dair təkliflər səsləndirib
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bir əsrlik yolun davamı: Türkologiyanın yeni istiqamətləri (1926–2026)” adlı konfrans keçirilib.
Konfransda publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq “Rəqəmsal İpək Yolu: Türk dünyasında turizm və texnologiyanın vəhdəti” mövzusunda çıxış edib. O, 1926-cı il qurultayında müzakirə olunan dil, əlifba, terminologiya və tədris məsələlərini müasir rəqəmsal imkanlarla əlaqələndirib, Azərbaycanın türk dünyasında birləşdirici rolunu vurğulayıb.
Şəmil Sadiq ortaq rəqəmsal terminologiya platformasının, türk dünyasının rəqəmsal mədəniyyət xəritəsinin, ortaq təhsil proqramlarının və “Rəqəmsal karvansara” mərkəzlərinin yaradılmasını təklif edib. Həmçinin Birinci Türkoloji Qurultayın materiallarını birləşdirən rəqəmsal platformanın elmi araşdırmalar, təhsil və mədəni turizm üçün əhəmiyyətini diqqətə çatdırıb.
“Əlifbadan alqoritmə keçərkən sözümüzü, yaddaşımızı və bir-birimizi itirməyək”, – deyə Şəmil Sadiq bildirib.

Xəbərlər

Müəllim təkbaşına dövlət olmalıdır!

Müəllim sinfə girəndə elə bilirik ki, qapıdan bir nəfər gəlir. Əslində, onunla birlikdə savadı, xarakteri, evdə yaşadığı qayğılar, dünyagörüşü, inandıqları və inanmadıqları da onunla bərabər içəri daxil olur. Sözsüz ki, uşaqlar bunların hamısını adlandıra bilməzlər. Amma hiss edirlər, alt şüurlarına yazarlar. Uşaqlar Bəzən müəllimin bir baxışını, bir hərəkətini dediyi yüz cümlədən daha yaxşı yadda saxlayırlar. Elə buna görə də müəllimlik dərslə yanaşı, fərqində olmadan verdiyin dərslərə də cavabdeh olmaqdır.

Biz cəmiyyət olaraq müəllimdən çox şey gözləyirik. O həm savadlı olsun, həm səbirli olsun, həm ədalətli olsun, həm vicdanlı olsun. Nitqi ilə dilimizi, davranışı ilə münasibətlərimizi, geyimi ilə səliqəni və nizami öyrətsin. Əsəbiləşəndə belə sözünü seçsin, yorulanda belə qarşısındakı uşağın ümidini qırmasın. Öz həyatında cavabını tapa bilmədiyi suallar varkən başqasının övladına yol göstərə bilsin. Etiraf edək ki, bu gözləntilər müəllimi yorur, və bəzən də incidir. Axı müəllim də insandır; onun da qayğısı, ağrısı, səbri tükənən günü var. Müəllimdən nümunə olmağı gözləyən cəmiyyət ona ləyaqətlə yaşamaq və rahat mühitdə işləmək imkanı yaratmaq məsuliyyətini də unutmamalıdır. Müəllimin vətəndaşlığını, insanlığını görmədən ondan insan yetişdirməsini gözləmək ağılsızlıqdır!

Amma bu peşənin başqa peşələrdən fərqlənən bir məsuliyyəti də var: müəllimin qarşısında hələ özünü tanımağa çalışan insan oturur. Onun sözü həmin insanın yaddaşında illərlə qala bilər. Bəzən bir uşağın özünə inamı müəllimin adi hesab etdiyi bir cümlə ilə ölür. Bəzən də bir cümlə ilə yenidən ayağa qalxır, dirçəlir, özünü tanıyır.

Müəllimə “insan mühəndisi” deyirik. Bu ifadənin ağırlığını isə həmişə duymuruq. Əyri qoyulmuş bir daş sonradan divarda da əyri görünür. Uşağın formalaşmasında yanlış qoyulmuş təməlin çatları bəzən illər sonra üzə çıxır və başımıza yıxılır! Üstəlik, qarşımızdakı cansız material deyil: öz təbiəti, ailəsi, sualları, qorxuları olan bir insandır. Onu özümüzə bənzətmək həvəsi ilə yetişdirmək məsuliyyətini qarışdıranda səhvimiz də buradan başlayır. Əgər hər bir uşağın atası, anası kimi olmasını arzu etsə idik, onları məktəbə göndərməz, müəllimlərdən dərs almağını istəməzdik. Biz uşaqlarımızı ona görə məktəbə, tanımadığımız insanların-müəllimlərin ümidinə buraxırıq ki, o bizə intellektual, mədəni, savadlı, ətrafı dərk edən, özünü tanıyan bir insan yetişdirsin. Əksi olanda isə əlbəttə ki, bu bizi narahat edir, müəllimə qarşı münasibətimizi dəyişir!
Buna görə müəllim dünyagörüşü sağlam olmalıdır. Oxumalı, düşünməli, hadisələrə münasibət bildirməyi bacarmalı, sahib olduğu milli və bəşəri dəyərləri dorğu-düzgün və tərəfsiz çatdırmalı, dövlətin onun qarşısında qoyduğu tələblərə cavab verməlidir. Heç bir halda peşəkarlıq öz qənaətlərini nə qədər qəti söyləməsi ilə ölçülmür, yanlış düşünən, yanlış yolda olan uşağa necə yön verməsi görünür. Öz doğrularından şübhələnməyi bacarmayan adamın bir uşağa sual vermək cəsarəti aşılaması çətin məsələdir.

Sinifdə müxtəlif ailələrdən gələn övladlarımız oturur. Evində başqa cür danışılan, başqa adətlərə əməl edilən, həyata başqa pəncərədən baxılan uşaqlar… Müəllim onların hamısına eyni yaxınlıqda dayanmağı bacarmalıdır. Heç bir uşaq müəllimin rəğbətini qazanmaq üçün ona bənzəməli olduğunu düşünməməlidir. Axı müəllim “rol model”dir. Uşaqlar ondan dərs alır, ondan öyrənir.

Bunun üçün bəzən müəllim bir addım geri çəkilməyi bacarmalı, şəxsi həyatında önə çıxardığı bir mənsubiyyəti, bir mübahisəni, bir mövqeyi dərsin mərkəzinə gətirməməlidir. Çünki müəllimin mövqeyi sinifdə adi bir şəxsi fikir kimi eşidilmir. Onu deyən, qiymət verən, yol göstərən, uşağın gözündə nüfuzu olan adamdır. Bunun üçün də bəzən uşaq razılaşmadığı fikrə etiraz etməyi də həmişə bacarmır; bəzən sadəcə susur.

Elə buna görə müəllimin sözündə də, davranışında da, zahiri görünüşündə də peşəsinin təmkinini görmək istəyirik. Onunla qarşılaşan uşaq ilk növbədə yanında rahat sual verə biləcəyi bir müəllim görməlidir. Müəllimin hansı tərəfə aid olduğunu anlamağa yox, özünün nəyi anlamadığını deməyə çalışmalıdır.

Bu, müəllimin özündən imtina etməsi deyil. Qarşısındakı uşağın hələ formalaşmaqda olan dünyasına həssas yanaşmasıdır. Bəzən insanın inandığı dəyərə sədaqəti onu nümayiş etdirməyində yox, həmin dəyərin tələb etdiyi ədaləti və mərhəməti yaşatmağında görünür.

Biz deyirik ki, müəllim ana olsun, ata olsun, dost olsun, psixoloq olsun, həkim olsun, təcili yardım olsun. Bir insana nə qədər çox yük yığırıq… Əslində, hər dəfə başqa bir ad çəkərkən ondan eyni şeyi istəyirik: uşağı görsün. Dərsini bilməyən uşağın tənbəlliyindən əvvəl çətinliyini, susanın sakitliyindən əvvəl qorxusunu, etiraz edənin kobudluğundan əvvəl eşidilmək ehtiyacını duysun. Uşağı bəzən yanlış olda ailəsindən belə qorumağı bacarmalıdır. Hansısa bir uşaq atasını kumir kimi seçib şiddətə meyillidirsə, hansısa bir uşaq anasının təsiri ilə fərqli xarakterdə böyüyürsə, hansısa bir uşaq ailəsinin qorxusundən və ya təşviqindən asılı olaraq hansısa siyasi, ideoloji təbliğatı sinifdə təqdim edirsə, müəllim dövlətin yumşaq gücü olaraq bunun qarşısını almalı, ona izah etməli, anltamalıdır! Müəllimlik təkbaşına bir dövlət olmağı bacarmaqdır! Müəllimlik mənim üçün bu diqqətin və məsuliyyətin adıdır. Özünü göstərmək həvəsindən daha vacibi qarşısındakı uşağı görməyə mane olmadığı bir peşədir.

İllər sonra şagird müəllimin hansı mövzunu hansı gün keçdiyini unuda bilər. Amma onun yanında özünü necə hiss etdiyini asanlıqla unutmur. Düşüncəsini söyləməyə cəsarəti çatırdımı? Səhv edəndə alçaldılırdımı?
Təhsil texnoloqu, dos. Şəmil Sadiq

Xəbərlər

Şəmil Sadiq yenidən ANAİB-in sədri seçilib

ANAİB-in ümumi yığıncağı keçirilib, Şəmil Sadiq yenidən sədr seçilib!
Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) ümumi yığıncağı keçirilib. Yığıncaqda Assosiasiyanın ikiillik fəaliyyət hesabatı dinlənilib və İdarə Heyətinin yenidən seçilməsi ilə bağlı hesabat-seçki iclası keçirilib.
İclasda əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
ANAİB-in İdarə Heyətinin sədri Şəmil Sadiq ikiillik fəaliyyət hesabatını təqdim edərək həyata keçirilən layihələr, görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Nəşriyyatlar Assosiasiyası 2024-cü ildən rəsmi olaraq qeydiyyata alınıb və hazırda 32 üzvü var. Altı illik fəaliyyəti ərzində Assosiasiya Azərbaycanda kitab və nəşriyyat sektorunun inkişafına mühüm töhfələr verib. Bu müddətdə Bakı, bölgələr və xarici ölkələrdə 30-dan çox kitab sərgisi təşkil olunub, yeni nəşrlərin çapı və satışına hərtərəfli dəstək göstərilib. Görülən işlər nəticəsində Assosiasiyanın fəaliyyəti və həyata keçirdiyi layihələr vasitəsilə 200 minə yaxın insana çatmaq, onların ANAİB haqqında məlumatlılığını artırmaq mümkün olub.
Daha sonra Nəzarət-Təftiş Komitəsinin hesabatı dinlənilib və İdarə Heyətinə seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, Şəmil Sadiq yenidən ANAİB-in İdarə Heyətinin sədri seçilib. Nurman Şahmərdanov katib, Veysəl Məmmədov, Fatimə Alxaz, Səbuhi Şahmursoy, Şöhlət İxtiyaroğlu və Mübariz Həsənov isə İdarə Heyətinin üzvləri seçiliblər.
İclasda Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, professor Qulu Məhərrəmli, deputat Elçin Mirzəbəyli, Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə və sektor müdiri Xəyal Məmmədov, eləcə də naşirlər və yazarlar iştirak ediblər.
Tədbirdə ANAİB-in gələcək fəaliyyət istiqamətləri, nəşriyyat sektorunun inkişafı, kitab nəşrinin və satışının genişləndirilməsi, oxu mədəniyyətinin təşviqi ilə bağlı məsələlər də müzakirə olunub.

Xəbərlər

Təhsilin bu qədər problemi var, siz bundan danışırsınız?

Təhsilin bu qədər problemi var, siz bundan danışırsınız?
Uzun illərdir təhsillə bağlı yazılarımı, düşüncələrimi, tövsiyələrimi bölüşürəm. Amma nədən yazıramsa yazım, altında mütləq bu məzmunda bir şərh olur: “Təhsilin bu qədər problemi var, siz bundan danışırsınız?”
Məktəblə valideynin münasibətindən yazırsan: “Təhsilin problemləri qurtardı, qaldı valideyn?” Müəllimə hansısa tövsiyəni verirsən: “Başqa problem yoxdur, ancaq müəllimdir günahkar?” Məktəbli formasından, məktəbin qaydalarına əməl etməkdən danışırsan: “Təhsilin dərdi qurtardı, qaldı uşağın geyimi?”
Ay qardaşlar, ay bacılar, bəs bunlar nəyin problemidir? Müəllim, şagird, valideyn, məktəb mühiti, nizam-intizam, təlim-tərbiyə təhsilin mövzusu deyilsə, onda təhsil deyəndə nəyi nəzərdə tuturuq?
Təhsil yalnız dərslik, imtahan və qəbul balından ibarət deyil. Uşağın məktəbdə özünü necə aparması da, müəllimin şagirdlə necə danışması da, valideynin məktəblə necə münasibət qurması da təhsilin içindədir. Bunlardan birini müzakirə etmək digərlərini unutmaq demək deyil. Bir statusda bütün təhsil sisteminin problemlərini həll etmək mümkün olsaydı, indiyə çoxdan həll etmişdik!
Bəzən illərdir yazdıqlarımı izləməyən biri qarşısına çıxan tək bir cümlədən belə qənaətə gəlir ki, mən təhsilin bütün problemlərini unudub yalnız həmin məsələyə ilişib qalmışam. Halbuki bu gün müəllimdən danışıram, sabah valideyndən, o biri gün dərsliyin məzmunundan, idarəetmədən, qiymətləndirmədən. Hər yazının öz mövzusu, hər müzakirənin öz sualı var.
Məktəbdə sağlam təhsil mühitinin əsas şərtlərindən biri nizam-intizamdır. Qarşılıqlı hörmətin, məsuliyyətin, davranış qaydalarının olmadığı yerdə təlim-tərbiyəni necə təşkil edək? Nizam-intizam deyəndə uşağı susdurmağı, qorxutmağı nəzərdə tutmuram. Söhbət şagirdin də, müəllimin də, valideynin də hüququnu və məsuliyyətini bildiyi, qaydaların aydın və ədalətli olduğu mühitdən gedir.
Məktəbin geyim qaydasına əməl olunmasını müzakirə etmək də bu mövzunun bir hissəsidir. Əlbəttə, geyimə baxıb uşağın ağlını, xarakterini, gələcəyini qiymətləndirmək olmaz. Amma ortaq qaydalara münasibəti də əhəmiyyətsiz saya bilmərik. Qaydanın özünü müzakirə etmək, dəyişməsini təklif etmək mümkündür. Bunun yolu “başqa problem yoxdurmu?” deyib söhbətin üstündən xətt çəkmək deyil.
Məktəb siyasi və dini təzyiqdən, ayrı-seçkilikdən uzaq, təhlükəsiz bir mühit olmalıdır. Təhsil haqqında danışanda bu mühiti yaradan və ya pozan bütün amillərdən danışmalıyıq.
Müəllimin peşə hazırlığındakı çatışmazlıqdan da danışmalıyıq. Etiraf edək ki, məktəblərimizdə işini lazımi səviyyədə bilməyən müəllimlər də var. Müəllimin sertifikasiya və işə qəbul məsələlərini, iş şəraitini, qarşılaşdığı çətinlikləri müzakirə etdiyimiz kimi, onun peşə məsuliyyətini də müzakirə etməliyik.
Valideynin məktəb həyatında iştirakını vacib saydığımız kimi, pedaqoji prosesə əsassız müdaxiləsini də sorğulamalıyıq. Övladının təhsili ilə maraqlanmaq, sual vermək, izahat istəmək valideynin haqqıdır. Amma müəllimin metodunu, qiymətləndirməsini, məktəbin hər qərarını şəxsi istəyinə uyğunlaşdırmağa çalışmaq əməkdaşlığı çətinləşdirir. Məktəb də öz növbəsində “müdaxilə etməyin” deyib valideyn qarşısında qapını bağlaya bilməz.
Bunların hər biri təhsilin problemidir. Birinin mövcudluğu o birini əhəmiyyətsiz etmir.
Təhsil hamımızın həyatından keçir. Birimizin övladı, birimizin nəvəsi məktəbdə oxuyur, birimiz dərs deyirik, birimizin yaxını bu sahədə çalışır. Məktəbdə baş verən hadisənin cəmiyyətdə bu qədər geniş müzakirə olunması da təsadüfi deyil. Hamımız bu prosesin bir yerindəyik.
Məktəb cəmiyyətin aynasıdır, eyni zamanda onun gələcəyini formalaşdıran yerdir. Ailədə, küçədə, ictimai münasibətlərdə gördüyümüz davranışlar məktəbə də gəlir. Məktəbdə qazanılan vərdişlər isə yenidən cəmiyyətə qayıdır. Ona görə məktəbi cəmiyyətdən ayırıb bütün məsuliyyəti təkcə müəllimin, valideynin və ya direktorun üzərinə qoymaqla irəli gedə bilmərik.

Uşaq gününün mühüm hissəsini məktəbdə keçirir. Orada yalnız riyaziyyat, dil, tarix öyrənmir; ünsiyyət qurmağı, birgə yaşamağı, məsuliyyət daşımağı, başqasının haqqına hörmət etməyi də öyrənir. Məktəbin işi akademik bilik verməklə bitmir. Ailə ilə məktəbin təlim-tərbiyə məsuliyyəti bir-birini tamamlayır.
Təhsildə problemlər olacaq. Çünki cəmiyyət dəyişir, uşaqların ehtiyacları dəyişir, yeni suallar yaranır. Əsas məsələ problemlərin mövcudluğu qədər, bizim onlara necə yanaşmağımızdır.
Mən də gördüyüm, düşündüyüm, məni narahat edən məsələlər haqqında yazıram. Fikrimlə razılaşmaya bilərsiniz, arqument gətirə bilərsiniz, yanlışımı göstərə bilərsiniz. Belə müzakirənin faydası var. Amma hər mövzunun qarşısına “daha böyük problemlər var” səddini çəksək, heç bir məsələni axıradək danışa bilməyəcəyik.

Xəbərlər

Şəmil Sadiq IAC 2026-da: kosmos və təhsil

Şəmil Sadiq Beynəlxalq Astronavtika Konqresində: kosmik texnologiyalardan məktəb təhsilinə
Hədəf Şirkətlər Qrupun qurucu direktoru, dosent Şəmil Sadiq Türkiyənin Antalya şəhərində 5–9 oktyabr 2026-cı il tarixlərində keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresində – IAC 2026-da iştirak edir.
Beynəlxalq Astronavtika Federasiyasının təşkilatçılığı, Türkiyə Kosmik Agentliyinin ev sahibliyi və SAHA İstanbulun birgə ev sahibliyi ilə keçirilən konqres kosmik agentliklərin, elmi-tədqiqat müəssisələrinin, universitetlərin və texnologiya şirkətlərinin nümayəndələrini bir araya gətirir. “The World Needs More Space” şüarı altında təşkil olunan tədbir kosmik tədqiqatların, texnoloji yeniliklərin və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirəsinə həsr edilib.
Şəmil Sadiqin konqresdə Azərikosmasun dəvəti və təşkilatçılığı ilə iştirak edur və əsas məqsədi kosmos sahəsindəki elmi və texnoloji yenilikləri təhsil müstəvisində araşdırmaq, beynəlxalq təcrübənin ümumtəhsil məktəblərinə inteqrasiyası imkanlarını öyrənməkdir. Bu baxımdan səfər Hədəf təhsil müəssisələrində şagirdlərin tədqiqatçılıq, mühəndislik və yaradıcı düşünmə bacarıqlarının inkişafına xidmət edə biləcək yanaşmaların öyrənilməsi xarakteri daşıyır.
Konqresin proqramına elmi-texniki sessiyalar, plenar müzakirələr, texnologiya sərgisi və peşəkar əlaqələrin qurulmasına yönəlmiş görüş formatları daxildir. Bu platformalar elm, sənaye və təhsil nümayəndələri arasında təcrübə mübadiləsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır.
İştirak çərçivəsində diqqət yönəldilən əsas məsələ kosmik texnologiyaların məktəblilər üçün anlaşıqlı, maraqlı və praktik təlim məzmununa çevrilməsidir. Astronomiya müşahidələrinin təşkili, peyk təsvirləri əsasında coğrafiya və ekoloji araşdırmaların aparılması, robototexnika və proqramlaşdırmanın kosmik missiya modelləri ilə əlaqələndirilməsi bu istiqamətdə nəzərdən keçirilə biləcək tətbiqlərdəndir. Belə layihələr fizika, riyaziyyat, informatika və coğrafiya fənləri arasında əlaqəni gücləndirərək şagirdlərə öyrəndikləri biliklərin real istifadə sahələrini göstərmək potensialına malikdir.
Şəmil Sadiqin yanaşmasına görə, bu istiqamətdə araşdırmanın mərkəzində konkret sual dayanır: kosmos sahəsində əldə olunan bilik və təcrübəni məktəbə necə gətirmək, şagirdin marağını öyrənmə və yaratma bacarığına necə çevirmək olar?

Xəbərlər

Uğura aparan yol: zəhmət, səbir və həyat dərsləri

Mən bu sətirləri yazarkən içimdə 11 illik məktəb şagirdini, 9 illik universitet tələbəsini, 25 ilin müəllimini, 15 ildən artıq təcrübəsi olan sahibkarı daşıyıram. Hər addımda bir dərs, hər dərsdə bir xatirə, hər xatirədə bir nəticə var. Mən isə bu dərsləri, xatirələri və aldığım nəticələrin hər birini yazmağı özümə borc hesab edirəm – həm özüm, həm gələcək nəsillər üçün.
Dediyim kimi, mən bu kitabı “uğur hekayəsi” yazmaq üçün yox, gerçək həyat məktəbini təqdim etmək üçün yazıram. İllərdir müşahidə edirəm ki, gənclər uğura daha çox nəticə kimi baxırlar, proses kimi yox. Uğur onların gözündə sadəcə zirvənin özüdür. Amma reallıqda o zirvəyə qalxmaq illərlə davam edən səbr, səhvetmə cəsarəti, daxili intizam və doğru insanlarla yol yoldaşlığı tələb edir. Və inanın, insana ən çox zövq verən tərəf o uğura gedən yoldadır. 50 yaşınıza çatanda nə qədər şirkətiniz, pulunuz olduğunu düşünüb zövq almayacaqsız. Amma onu əldə etmək üçün çəkdiyiniz əziyyəti, bu yolda qazandığınız və bəzən itirməyə məcbur olduğunuz insanları, onların xüsusiyyətlərini xatırlayacaqsınız.
Məsələnin digər tərəfi isə uğurun ya bəxtlə, ya da başqa adamlar sayəsində qazanıldığı düşüncəsidir. Ona görə də bir çox hallarda hər kəsin uğurunda arxa planda kimlərisə axtarırlar.
Əgər sən bacardığın işi düzgün və davamlı görürsənsə, həyat səni gec-tez mükafatlandıracaq.
Bu kitabdan nə əldə edəcəksiniz?
Əgər bu kitabı oxuyursunuzsa, artıq başlanğıc nöqtəsindəsiniz.
“Başlamaq üçün mükəmməl olmaq lazım deyil, amma mükəmməl olmaq üçün başlamaq lazımdır”.
Bu kitab sizə riskin arxasında duran məntiqi, zəhmətin mənəvi tərəfini, insan idarəetməsinin səmimiyyətini, dəyişikliyin labüdlüyünü göstərəcək.
Xəbərlər

Antalya Akdeniz Universitetinin professoru İlham Əliyevə Turan Balabilgə Akademiyasının üzvlük plaketi təqdim olunub

6 sentyabr 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində Turan Balabilgə Akademiyasının prezidenti Şəmil Sadiq və vitse-prezidenti Mirkan Aydın Akdeniz Universitetinin professoru, riyaziyyatçı alim İlham Əliyevə Turan Balabilgə Akademiyasının Fəxri üzv plaketini təqdim ediblər.

Turan Balabilgə Akademiyasının Fəxri üzv plaketinin təqdim edilməsi elmi əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının ortaq elmi və mənəvi dəyərlərinin qorunması, eləcə də ziyalılar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təqdimat professor İlham Əliyevin elm sahəsindəki fəaliyyətinə göstərilən ehtiramın və onun şəxsiyyətinə verilən dəyərin ifadəsi kimi əlamətdar hadisədir.

Xatırladaq ki, 5 dekabr 2025-ci il tarixində Bakıda, Hədəf Liseyinin insiativində təsis edilən Turan Balabilgə Akademiyası – Türk dünyasının ortaq tarixi, dili, mədəniyyəti və elmi irsinin qorunması, həmçinin məktəblilər arasında akademik və mədəni əlaqələrin gücləndirilməsi məqsədilə yaradılmış bir mərkəzdir. Turan Balabilgə Akademiyasının Fəxri üzvlər və Qurucu üzvlərdən ibarət təqribən 40 nəfərə yaxın üzvü var.

Xəbərlər

Azərbaycanın ilk VR sinfi qurulur

Hədəf Liseyi tədrisdə müasir texnologiyaların tətbiqi istiqamətində yeni layihəyə başlayıb. Liseydə şagirdlərin dərsləri virtual reallıq mühitində öyrənməsinə imkan verəcək VR (Virtual Reality – virtual reallıq) sinfi qurulur.

Tədrisdə yeni imkanlar

Yeni VR sinfinin əsas məqsədi tədris prosesini daha əyani, interaktiv və təcrübəyönümlü etməkdir. Virtual reallıq texnologiyalarının köməyi ilə şagirdlər müxtəlif fənlər üzrə öyrəndikləri mövzuları yalnız dərslik və digər ənənəvi vasitələrlə deyil, üçölçülü virtual mühitdə müşahidə və tədqiq etmək imkanı əldə edəcəklər.

Müxtəlif fənlər üzrə VR təcrübəsi

VR texnologiyasından tarix, coğrafiya, biologiya, fizika, astronomiya və digər fənlərin tədrisində istifadə edilməsi nəzərdə tutulur. Belə ki, şagirdlər tarix dərslərində qədim şəhər və abidələri virtual şəkildə ziyarət edə, coğrafiyada dünyanın müxtəlif bölgələrini araşdıra, biologiyada insan orqanizminin quruluşunu üçölçülü modellər üzərində öyrənə, astronomiya dərslərində isə Günəş sistemi və kosmik məkanla daha yaxından tanış ola biləcəklər.

Texnologiya pedaqoji vasitəyə çevrilir

Hədəf Liseyinin qurucusu, dosent Şəmil Sadiq bildirib ki, layihənin məqsədi texnologiyanı sadəcə məktəb mühitinə gətirmək deyil, onu tədrisin səmərəliliyini artıran real pedaqoji vasitəyə çevirməkdir.

“Bugünkü uşaqlar tamam fərqli texnoloji mühitdə böyüyürlər. Məktəb də bu dəyişiklikdən kənarda qala bilməz. İstəyirik ki, şagird öyrəndiyini yalnız oxumasın və dinləməsin, eyni zamanda görsün, araşdırsın və mümkün qədər yaşasın. VR texnologiyası bizə sinif otağının fiziki sərhədlərini aşmaq imkanı verir. Biz gələcəyin məktəbini gözləmək yox, onu bu gündən qurmaq istəyirik”.

Layihə çərçivəsində VR avadanlıqlarının tədris proqramlarına uyğunlaşdırılması, müxtəlif fənlər üzrə virtual dərs məzmunlarının seçilməsi və müəllimlərin bu texnologiyadan səmərəli istifadəsi istiqamətində işlərin aparılması planlaşdırılır.

Hədəf Liseyi olaraq inanırıq ki, VR sinfinin tətbiqi şagirdlərin dərsə marağının artmasına, vizual qavrama imkanlarının genişlənməsinə və tədqiqatçılıq bacarıqlarının inkişafına töhfə verəcək.      “Hədəf Liseyi – hədəfi böyük olanların liseyi!”

Xəbərlər

Təyyarədə beşcə dəqiqə

Çoxdan idi Naxçıvana gəlmirdim. Yenə ailəmlə birlikdə yola düşmüşdük. Yoldaşım və uşaqlar arxa sıralarda oturmuşdular, mən isə tək idim. Yanımdakı yerə uzunboylu, yekəpər, qara eynək taxmış bir adam oturmuşdu. Elə geniş yayılmışdı ki, qolumu qoymağa belə yer tapmırdım.
Salam verdim. Eşitdi, eşitmədi, bilmədim, amma üzündə heç bir ifadə dəyişmədi. Sakit, soyuqqanlı, bir az da sirli adam təsiri bağışlayırdı. Sanki səsinin eşidilməsindən, üzünün görülməsindən narahat idi.
Təyyarə uçuşa hazırlaşanda bələdçi yaxınlaşıb kəmərləri bağlamağı xahiş etdi. Mən dərhal bağladım. Sonra yanımdakı sərnişinə müraciət etdi. Reaksiya vermədi. Xanım ikinci dəfə dedi, yenə tərpənmədi. Mən də kömək məqsədilə yavaşca:
– Qardaş, kəməri bağlayın, – dedim.
Yenə heç nə… Reaksiya olmadı…
Nəhayət, üçüncü xəbərdarlıqdan sonra eynəyini bir az aşağı endirdi, sakit və aram səslə dedi:
– Hələ qırmızı işıq yanmayıb. Qırmızı işıq yananda bağlayacağam.
Bələdçi izah etməyə çalışdı ki, qayda budur, təyyarə hərəkətə başlamazdan əvvəl kəmər bağlanmalıdır. O isə heç nə demədən yenə əvvəlki ciddi görkəmi ilə oturdu. Bir az sonra işıq yananda kəmərini elə aram-aram bağladı ki, sanki bütün proses onun nəzarəti altında gedirdi. Bax bu an hara uçduğumun fərqində oldum. Axı biz göylə gedirik…
Təyyarə havaya qalxdıqdan təxminən on beş dəqiqə sonra mürgüləməyə başladım. Maraqlıdır, mən rahat çarpayıda çətin yatıram, amma maşında, avtobusda, təyyarədə yuxu məni tez tutur.
Birdən qolumda yumşaq bir toxunuş hiss etdim.
Gözümü açanda gördüm ki, gülərüz, pozitiv stüardessa idi. Gülümsəyərək yavaş səslə dedi:
– Müəllim, beş dəqiqədən sonra pilot kabinəsinin arxasındakı pərdənin yanına gələ bilərsiniz?
Elə həmin an qalxmaq istəyəndə, yenə əlini ehtiyatla biləyimin üstünə qoyub:
– Yox, tələsməyin. Beş dəqiqə sonra gəlsəniz kifayətdir, -deyib, uzaqlaşdı.
İndi siz mənim vəziyyətimi təsəvvür edin siz…
“Niyə məhz məni çağırırlar?”
Başladım beynimdə min cür ssenari qurmağa. Ağlıma nələr gəlmədi… Amma inanmıram ki, hazırda sizin düşündüyünüzlə mənim düşündüklərim eyni olsun. Görəsən, təyyarədə problem var? Mənim köməyim necə ola bilər? Bəlkə, təhlükəli sərnişin elə yanımda oturan bu qara eynəkli adamdır? Arxaya baxdım, ətrafda əsasən qadınlar və uşaqlar oturmuşdu. Öz-özümə artıq qəhrəmanlıq planları da cızırdım. “Lazım gəlsə bunu belə tutaram, ordan keçərəm, bunu edərəm, onu edərəm.”
Bu düşüncəyə gəlməyimin bir səbəbi də girişdə bileti kəsdirəndə baş verən hadisə oldu həm də. Çünki əməliyyatı aparan yoldaş yanındakından nəsə soruşdu, o da baxdı mənə, dedi, hə kişidir, ora yaz. O anda ağlımdan keçən əlbəttə ki, o idi ki, sağ olsunlar, deməli, elə planlayırlar ki, qadın olanda yanında tanımadığı kişi olmasın, heç olmasa qadın olsun. Bu bizim ənənəmizə uyğun addım idi. Amma hadisə baş verəndə düşündüm ki, yəqin ona görə məni bura salıblar.
Nəsə, saat da elə bil dayanmışdı. Bir dəqiqə… İki dəqiqə… Üç dəqiqə… Nəhayət, dördüncü dəqiqə bitən kimi sakitcə ayağa qalxıb pərdənin yanına keçdim.
Stüardessa məni gülümsəyərək qarşıladı. Elə bil çoxdanın tanışı, dostu idik. İri qara gözlərinin içi gülürdü sevincdən. Çox maraqlıdır ki, mənim bayaqdan həyəcanım, planlarım, düşüncələrim elə bil yoxa çıxmış və məni bura çağırılmağımın səbəbini bilirdim. Bütün o qəhrəmanlıq ssenarilərim, təhlükə ehtimalları, beynimdə qurduğum əməliyyat planları bir anda yoxa çıxdı.
Bəli, Məlum oldu ki, heç nə… Səbəb tamam başqa imiş…
Xanım: – Mən sizi tanıyıram, deyib, telefonunda qəşəng bir qız şəkli göstərdi. Bunu tanıyırsınız? Tez eynəyimi taxıb, diqqətlə baxdım və bizim şirkətin əməkdaşı olduğunu gördüm. Bəli, dedim, niyə tanımıram.
-Xalamın qızıdır, siz də onun müdirisiniz. Sizin haqqınızda o qədər danışır ki, elə bil mənim müdirimsiniz, dostumsunuz. Heç dilindən düşmürsünüz. Şəklinizi də görmüşəm. Sizi tanıyandan sonra düşündüm ki, sizə kiçik bir qonaqpərvərlik edim. Nəsə etməliyəm. Təşəkkür etdim, xoş olduğunu bildirdim, amma əl çəkmədi.
Bilirsiniz, Naxçıvan reysində uçuş vaxtı qısa olduğundan, adətən, yalnız su verilir. Düzdür, əvvəllər bir meyvə şirəsi, bulka verilirdi, amma indi sadəcə 250 qramlıq su. Mənə bir fincan kofe hazırladı, yanında da çərəz. Bir az söhbət etdik, oğlunun təhsilindən danışdı, şəkillərini göstərdi, xalası qızını təriflədi. hardasa beş dəqiqəyə yaxın səmimi bir söhbət etdik.
Yerimə qayıtmaq istəyəndə soruşdu:
– Oğlunuz da sizinlə idi deyəsən?
– Bəli, anasının yanında oturub, dedim.
Bir anlıq duruxdu. Təəccüblü bir görkəm aldı…
– Mən ona da su aparım? Birdən yanlış başa düşərlər…
Gülümsədim:
– Narahat olmayın. Mən ictimai adamam, belə şeyləri normal qarşılayırlar, deyib, təşəkkür edərək yerimə qayıtdım.
Amma etiraf edim ki, o beş dəqiqə ərzində beynimdə qurduğum bütün qəhrəmanlıq planları elə təyyarənin qanadından havaya sovruldu.
Bəzən insanın xəyalında yazdığı ssenarilər həyatın özündən qat-qat dramatik olur. Həyat isə sonda sadəcə bir fincan kofe ilə gülümsəyib keçir.
P.S. Mən xanıma nə hesabat verdim, necə izah etdim, orasını da özünüz təsəvvür edin))
Xəbərlər

Hər yaxşı müəllim yaxşı direktor ola bilərmi?

Təhsil sistemində ən bahalı səhvlərdən biri yaxşı müəllimi mükafatlandırmaq adı ilə onu sinifdən çıxarmaqdır.

Məktəbdə öz işinin peşəkarı olan, şagird və valideynlərin rəğbətini qazanan, nəticələri ilə seçilən bir müəllim görən kimi düşünürük: bu müəllim mütləq direktor, direktor müavini və ya hansısa bölmə rəhbəri olmalıdır.

Bəzən bunu yuxarı qurumlar istəyir, bəzən məktəb rəhbərliyi, bəzən də müəllimin özü. Çünki bizim düşüncəmizdə vəzifə hələ də peşəkar yüksəlişin əsas göstəricisi sayılır. Halbuki yaxşı müəllim olmaqla yaxşı direktor olmaq eyni şey deyil.

Müəllim bir günün içində sinifdən çıxıb tamam fərqli bir dünyanın içinə düşür. Dünən dərs planı hazırlayan, şagirdlə işləyən, pedaqoji üsullar haqqında düşünən insan bu gün rəsmi sənədləşmə, hesabatlar, yoxlamalar, valideyn müraciətləri, əməkdaşlar arasındakı mübahisələr, maliyyə məsələləri, təhlükəsizlik, qəbul prosesi və saysız-hesabsız inzibati problemlərlə üz-üzə qalır. Dünənə qədər gördüyü işə görə təşəkkür alan müəllim artıq hər problemin cavabdehinə çevrilir.

Məktəbdə bir qapı sınırsa, direktor cavabdehdir. Müəllimlə valideyn arasında problem yaranırsa, direktor cavabdehdir. Tədrisin keyfiyyəti aşağı düşürsə, direktor cavabdehdir. Maliyyə, təhlükəsizlik, intizam, qəbul, insan resursları, sənədləşmə – hamısı onun üzərinə gəlir. Bir müddət sonra həmin insanın illərlə qazandığı müəllim nüfuzu idarəetmədə buraxdığı səhvlərin kölgəsində qalmağa başlayır.

Sonra nə baş verir? Rəhbərlik ondan hesabat istəyir, problemlərin həllini tələb edir. O isə bu yükün altından qalxa bilmədikcə gərginlik artır. Münasibətlər pozulur. Sonda ya müəllim inciyib gedir, ya da işəgötürən tərəf onunla yollarını ayırmalı olur. Beləcə, bir zamanlar uğurları ilə fəxr etdiyimiz müəllimi itiririk. Ən acınacaqlısı isə budur ki, həmin insan sonradan yenidən müəllimliyə qayıtmaq istəmir. Qayıtsa belə, əvvəlki motivasiyası, həvəsi və enerjisi qalmır. Çünki bizim cəmiyyətdə vəzifədən əvvəlki işə qayıtmaq hələ də geriləmə kimi qəbul edilir.

Direktor olmuş bir insan yenidən müəllim olmağı özünə yaraşdırmır. Halbuki peşəkarlığın vəzifə ilə heç bir əlaqəsi yoxdur. Təhsil idarəçiliyi ilə məşğul olduğum müxtəlif dövrlərdə bu vəziyyətlə dəfələrlə qarşılaşmışam. Yaxşı müəllimimizi dəyərləndirmək istəmişik. Onu rəhbər vəzifəyə təyin etmişik. Düşünmüşük ki, sinifdə göstərdiyi yüksək performansı idarəetmədə də göstərəcək. Bəzən belə də olub. Yaxşı müəllimdən yaxşı direktor, bacarıqlı müavin və güclü komanda rəhbəri yetişib. Amma hər zaman yox. Bəzən sinifdə möhtəşəm nəticə göstərən müəllimin idarəetmədə eyni uğuru göstərə bilmədiyini görmüşük. Qarşısına qoyulan tapşırıqları yerinə yetirməkdə çətinlik çəkib, hesabat verə bilməyib, əməkdaşlarla münasibəti idarə edə bilməyib, qərar qəbul etməkdən çəkinib və ya qərarlarının məsuliyyətini daşımaq istəməyib. Problemləri dedikdə isə bunu tənqid kimi qəbul edib. Halbuki müəllim kimi təqdir edilən insan rəhbər olanda artıq yalnız alqış yox, tələb və hesabatla da üzləşməlidir. Bu prosesdə bəzən münasibətlər də pozulub. Bir vaxtlar peşəkarlığına güvəndiyimiz, işinə yüksək qiymət verdiyimiz müəllimlə yollarımız ayrılıb. Bu, həm məktəb, həm də müəllim üçün itki olub.

Ona görə də məsələnin uğurlu tərəfini deyil, məhz uğursuz tərəfini qabartmaq istəyirəm. Çünki uğur özünü onsuz da göstərir. Uğursuzluğun səbəbləri isə təhlil edilməzsə, eyni səhv təkrar-təkrar yaşanır.

Məncə, Müəllimi vəzifə ilə qiymətləndirmək yanlışdır Bu problemdə hər iki tərəfin məsuliyyəti var. Birinci tərəf məktəb rəhbərliyi və ya işəgötürəndir. Biz müəllimi qiymətləndirmək istəyirik, amma bunun ən asan yolunu seçirik: ona vəzifə veririk. Sanki müəllimliyə davam etmək yerində saymaq, direktor olmaq isə yüksəlməkdir. Əslində isə müəllimi qiymətləndirməyin vəzifədən başqa çoxlu yolları var. Onun əməkhaqqı artırıla, əlavə sosial imkanlar yaradıla, metodist, mentor, aparıcı müəllim və ya təlimçi kimi inkişafı təmin edilə bilər. Elmi-pedaqoji fəaliyyətinə dəstək göstərilə, nüfuzu və peşəkarlığı məktəb daxilində daha görünən hala gətirilə bilər.

Yəni müəllimi dəyərləndirmək üçün onu mütləq sinifdən çıxarmaq lazım deyil.

İkinci məsuliyyət isə müəllimin öz üzərinə düşür. Müəllim də özünü düzgün qiymətləndirməlidir. Vəzifəni şöhrət, kreslo, status və ya yalnız maddi imkanların artması kimi görməməlidir. Özündən soruşmalıdır: mən insanları idarə edə bilərəmmi? Çətin qərarlar verməyə hazırammı? Konfliktlərdən qaçmayacağammı? Hesabat vermək, tənqid eşitmək, məsuliyyət daşımaq qabiliyyətim varmı? Çünki rəhbərlik üstünlük deyil, yükdür, məsuliyyətdir!  O kresloda oturan insanın səlahiyyəti artdığı qədər məsuliyyəti də artır.

Öyrətmək başqa, idarə etmək başqadır. Bu gün dünyanın aparıcı universitetlərində və təhsil sistemlərində təhsil menecerliyinin ayrıca ixtisas kimi tədris olunması təsadüfi deyil. Çünki öyrətmək ayrı peşədir, idarə etmək ayrı. Azərbaycanda da son illərdə bir sıra universitetlərdə təhsil menecerliyi ilə bağlı ixtisas və proqramların yaradılması bunu göstərir. Deməli, sovet dövründən qalan “ən təcrübəli müəllimi direktor təyin edək” prinsipi artıq müasir məktəbin tələblərinə cavab vermir.

Bu gün özəl tibb müəssisələrində baş həkimlə icraçı direktorun funksiyaları çox zaman ayrılır. Biri tibbi və peşəkar məsələlərə, digəri isə inzibati idarəetməyə cavabdeh olur. Məktəbdə də buna bənzər model üzərində düşünmək lazımdır. Akademik direktor təhsilin məzmunu, müəllim hazırlığı, metodika və şagird nailiyyətləri ilə məşğul ola bilər. İnzibati direktor isə maliyyə, təhlükəsizlik, insan resursları, sənədləşmə, texniki təminat və təşkilati məsələləri idarə edə bilər. Necə ki, beynəlxalq məktəblərdə bu gün belədir.

Çünki bu gün məktəb direktoru yalnız təhsilin keyfiyyətinə nəzarət etmir. O, eyni zamanda təhlükəsizliyə, maliyyəyə, qəbul prosesinə, əmək münasibətlərinə, valideynlərlə ünsiyyətə, məktəbin reputasiyasına, hüquqi sənədlərə, təsərrüfat işlərinə və fövqəladə vəziyyətlərdə qərarverməyə cavabdehdir. Kim düşünürsə ki, hər yaxşı müəllim bütün bu vəzifələri daşıya bilər, yanılır. Bunların hər biri üçün ayrıca idarəetmə bacarığı lazımdır. Pedaqoji fakültələrdə isə bu bacarıqlar ya ümumiyyətlə öyrədilmir, ya da çox məhdud şəkildə təqdim olunur.

Müəllim öz fənninin məzmununu, metodikasını və həmin sahəyə aid texnoloji vasitələri bilməlidir. Direktor isə bütün fənlərin ümumi tədris prinsiplərindən, məktəbin idarəetmə alətlərindən, maliyyə savadlılığından, əmək qanunvericiliyindən, insan resurslarından və təşkilati davranışdan xəbərdar olmalıdır. Bunlar eyni kompetensiyalar deyil.

Müəllim şagirdi, direktor sistemi yetişdirir Müəllimin əsas vəzifəsi öyrətməkdir. Direktorun əsas vəzifəsi isə insanların işləyə biləcəyi sistem qurmaqdır. Yaxşı müəllim dərsini planlaşdırır, sinfi motivasiya edir, şagirdi qiymətləndirir, valideynlə işləyir və insan yetişdirir. Yaxşı direktor isə məktəbin strateji inkişafını planlaşdırmalı, resursları düzgün bölüşdürməli, hüquqi və normativ sənədləri bilməli, müəllim kollektivini formalaşdırmalı, konfliktləri idarə etməli, böhran vəziyyətlərində qərar verməli və məktəbdə ortaq məqsəd yaratmalıdır.

Bir sözlə, biri öyrətmə mütəxəssisidir, digəri idarəetmə mütəxəssisi. Bu iki bacarıq bir insanda birləşə bilər. Amma hər yaxşı müəllimdə mütləq birləşməlidir deyə bir qayda yoxdur.

OECD-nin məktəb rəhbərliyi ilə bağlı yanaşmalarında da direktorun əsas missiyası müəllimlərin yerinə işləmək deyil, onların peşəkar inkişafını təmin edən mühit yaratmaq kimi göstərilir. Effektiv direktor məktəbdə əməkdaşlıq mədəniyyəti, ortaq məqsəd və davamlı inkişaf sistemi qurmalıdır. Məktəb rəhbərliyi şagird nailiyyətlərinə çox zaman birbaşa deyil, müəllimlərin fəaliyyətini gücləndirməklə təsir edir. Yəni yaxşı direktorun özü məktəbin ən yaxşı müəllimi olmaq məcburiyyətində deyil. Onun əsas vəzifəsi yaxşı müəllimlərin daha yaxşı işləməsinə şərait yaratmaqdır. Bu fərqi anlamadıqca müəllimlə direktorun rolunu bir-birinə qarışdıracağıq.

Vəzifə mükafat deyil. Bizdə isə vəzifə çox zaman mükafat kimi təqdim olunur.  Bu yanaşmanın arxasında xoş niyyət dayanır. Amma xoş niyyət həmişə düzgün nəticə yaratmır. Çünki həmin müəllim bəlkə də məktəbin, hətta ölkənin ən yaxşı müəllimlərindən biridir. Biz onu sinifdən çıxarırıq. Əvəzində isə idarəetməyə hələ hazır olmayan bir rəhbər qazanırıq. Beləliklə, iki risk yaranır. Məktəb ən güclü müəllimlərindən birini itirir, idarəetmədə isə yeni problemlərlə üzləşir. Əgər həmin şəxs rəhbər kimi uğur qazana bilmirsə, artıq insanlar onun müəllimlik bacarığını deyil, idarəetmə səhvlərini müzakirə etməyə başlayırlar. İllərlə formalaşmış müəllim nüfuzu bir neçə ayın içində zədələnə bilir.

İdarəetmə ədəbiyyatında məşhur olan Peter prinsipi bu vəziyyəti kifayət qədər sərt şəkildə ifadə edir: insanlar iyerarxiyada səriştəsizlik səviyyəsinə qədər yüksələ bilirlər. Yəni bir insan əvvəlki işində uğurlu olduğuna görə yüksəldilir. Lakin yeni vəzifədə tamam fərqli bacarıqlar tələb olunur. Əgər həmin bacarıqlar onda yoxdursa və ya inkişaf etdirilməyibsə, insan yeni vəzifədə uğursuz ola bilər.

Bu prinsip təhsil sahəsində xüsusilə ciddi düşünülməlidir. Çünki yaxşı müəllimlik direktor olmaq üçün başlanğıc üstünlükdür, amma yetərli şərt deyil. Rəhbər təyin edilmir, yetişdirilir. İnkişaf etmiş təhsil sistemlərində müəllimlərin karyera yolu əvvəlcədən planlaşdırılır.

Məsələn, Sinqapur təhsil modelində müəllimlər üçün fərqli inkişaf istiqamətləri mövcuddur. Bəzi müəllimlər yüksək səviyyəli pedaqoq kimi yetişir, bəziləri metodist və təlimçi olur, bəziləri isə mərhələli şəkildə məktəb rəhbərliyinə hazırlanır.

Azərbaycanda da müəllim işə qəbul olunarkən yalnız onun bugünkü biliyinə baxmaq kifayət deyil. Gələcək potensialı da qiymətləndirilməlidir. Onun liderlik xüsusiyyətləri, təşkilatçılığı, ünsiyyət qabiliyyəti, analitik düşüncəsi, qərarvermə bacarığı, təzyiq altında davranışı və məsuliyyət hissi müşahidə edilməlidir. Sonra həmin müəllim üçün fərdi inkişaf xətti müəyyənləşdirilməlidir.

Kimsə gələcəkdə rəhbər kimi yetişdirilə bilər. Kimsə metodist ola bilər. Kimsə elmi-pedaqoji fəaliyyətə yönəldilə bilər. Kimsə isə ömrü boyu sinifdə qalaraq yüzlərlə, minlərlə şagirdin həyatına təsir edən böyük müəllimə çevrilə bilər. Bunların heç biri digərindən aşağı deyil.

Problem ondadır ki, biz yalnız rəhbərliyi yüksəliş sayırıq. Kreslodan düşmək niyə çətindir? Cəmiyyətimizin başqa bir problemi də var. Biz vəzifəyə qalxmağı uğur, əvvəlki işə qayıtmağı isə məğlubiyyət hesab edirik. İnsan direktor olubsa, yenidən müəllimliyə qayıtmaq istəmir. Sanki əvvəlki peşəsi birdən-birə dəyərini itirib. Halbuki ağıllı və peşəkar insan üçün vəzifə məqsəd deyil.  Məqsəd fayda verməkdir. Əgər bir insan ən böyük faydanı sinifdə verirsə, onun müəllim olması direktor olmasından daha qiymətlidir. Əgər məktəbi idarə etməklə daha çox fayda yaradırsa, rəhbər olmalıdır. Əsas məsələ kreslo deyil. Əsas məsələ insanın ən güclü olduğu yerdə işləməsidir. Bəzən vəzifədən müəllimliyə qayıtmaq geriləmə yox, düzgün yerə qayıdışdır. Bunu qəbul etmək üçün isə həm təşkilati mədəniyyət, həm də şəxsi yetkinlik lazımdır.

Yaxşı müəllimi qorumaq lazımdır. Təhsil sistemi yalnız müəllim yetişdirməklə inkişaf etmir. O, rəhbər, metodist, təlimçi, tədqiqatçı və təhsil meneceri də yetişdirməlidir. Ancaq bunların heç biri təsadüfən formalaşmır. Yaxşı müəllim illərlə yetişir. Yaxşı direktor da eləcə. Yaxşı metodist və ya tədqiqatçı da bir neçə seminarla yaranmır. Bunların hər biri planlı inkişaf, uzunmüddətli hazırlıq və düzgün karyera xətti tələb edir. Yaxşı müəllim hər zaman yaxşı direktor olmaya bilər. Amma yaxşı müəllim hər zaman məktəbin ən böyük sərvətlərindən biridir. Onu qiymətləndirmək üçün mütləq vəzifəyə qaldırmaq lazım deyil. Bəzən ən böyük qiymət onu sinifdə saxlamaq, daha yaxşı şərait yaratmaq, əməyini maddi və mənəvi baxımdan dəyərləndirmək, təcrübəsini digər müəllimlərlə bölüşməsinə imkan verməkdir. Çünki məktəb yaxşı direktor tapa bilər. Amma itirdiyi böyük müəllimi yenidən yetişdirmək üçün bəzən illər kifayət etmir.

Şəmil Sadiq

Xəbərlər

Bir belgesel yolçuluğu

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Monqolustanda – Ötükəndə çəkilən “Bir belgesel yolçuluğu” adlı proqramda iştirak edib.
Sizinlə Ötükən xatirələrini paylaşırıq!
Ötükən sənədli filmi və ya ayaqlar altında qalan tariximiz…
Əziz dostum, dəyərli türk sevdalısı, yazar və yayınçı Suat Turqutun dəvəti, Serkan Koçun təşkilatçılığı ilə “Bir belgesel yolçuluğu” adlı proqramda iştirak etdim. Təxminən 8 günlük Monqolustan səfəri baş tutdu. Açığı, yanvar ayından bu səfərə hazırlaşırdım. Çünki bu mənə görə sadəcə turistik gəzinti deyildi; həm elmi, həm mənəvi, həm də şəxsi baxımdan çox önəmli yolçuluq idi.
Bu səfər mənim üçün kökündən başqa məna, başqa yük daşıyırdı. Kitablarda oxuduğum, dərslərdə danışdığım, xəritələrdə yerini göstərdiyim, amma ruhumda həmişə uzaq çağırış kimi qalan yerlərə gedirdim; Ötükənə, Orxon vadisinə, Kül Tiginin, Bilgə xaqanın, Tonyukukun daş yaddaşına… Türkün ilk yazılı sözünün ucaldığı torpaqlara…
28 nəfərlik qrup idik. Türkiyədən, Avropadan gələn dostlarımız vardı, Azərbaycandan isə mən dəvət edilmişdim. Amma bir an belə özümü tək hiss etmədim. Çünki hamımızın amalı, qayəsi, sevdası eyni idi: Türk dünyasının qədim izlərini görmək, Orxon yazılarımızın, daş abidələrimizin, balbalların, kurqanların, müqəddəs yaddaş məkanlarının izinə düşmək…
Bu səfərin ən önəmli tərəfi də məhz bu idi: Türk tarixinin daş yaddaşına toxunmaq, Kül Tigin, Bilgə xaqan, Tonyukuk, Şiveet Ulaan, Külçur və adını saymaqla bitməyən onlarla abidə… Kitablarda oxuduğumuz, xəritələrdə gördüyümüz, dərslərdə danışdığımız o yerlərin qarşısında dayanmaq tamam başqa hissdir. İnsan orada sadəcə baxmır ki, sanki min il əvvəlki yaddaşı ilə üz-üzə gəlir.
Orxon yazılarının qarşısında dayananda bir daha anlayırsan ki, daşlar bir tarixdir. O daşların üstündə sadəcə hərflər yox, bir millətin ağlı, dövlət düşüncəsi, kədəri, xəbərdarlığı, qüruru və gələcəyə ünvanladığı səsi var. Bilgə xaqanın, Tonyukukun sözü bu gün də bozqırın küləyində yaşayır. Sanki daş susmur, sadəcə bizim onu eşidəcək qədər sakitləşməyimizi gözləyir.
Kül Tigin kompleksində, Bilgə xaqanın abidəsi önündə, Tonyukukun daşları arasında, balbalların sıralandığı o geniş çöllərdə insan istər-istəməz öz içində başqa bir sualla qarşılaşır: “Biz bu yaddaşa nə qədər sahib çıxmışıq? Bu daşlar yalnız keçmişdirmi, yoxsa hələ də sabaha baxan bir gözmü?” Amma təəssüflə qeyd edim ki, Monqolustan dövləti bu tarixə nəinki sahib çıxmır, heç dəyər də vermir. O qədim yazılar hələ də heyvanların oylağı olaraq qalır, yağışın, küləyin altında məhv olub gedir. Bu mənzərə, sözsüz ki, adamı mənən ağrıdır.
Monqolustan çölləri qəribədir. İlk baxışda boşluq kimi görünür. Amma o boşluğun içində böyük bir səs var. Bozqırın sakitliyi insanın içindəki səs-küyü azaldır. Günlərlə yol getdikcə anlayırsan ki, bu torpaqlar insana sadəcə mənzərə göstərmir, həm də onu “soyun”durur: tələskənlikdən, gündəlik qayğılardan, şəhər səsindən, süni təntənədən… Bir sən olursan, bir də göylər. Elə aydın, elə sonsuz bir göy ki, sanki Tanrının qapısından boylanırsan!
Qrupumuz çox maraqlı idi. Kiçiyimizin 15 yaşı, böyüklərimizin isə 83-84 yaşı vardı. Amma nə gənclər “yoruldum” dedi, nə də yaşlı professorlarımız, müəllimlərimiz, ziyalılarımız. Gecə-gündüz yol getdik. Bəzən saatlarla asfalt, bəzən torpaq yolda, bəzən də kilometrlərlə piyada irəlilədik. Elə gün olurdu ki, günümüzün 8-10 saatı yolda keçirdi. Bəzən bir balbalı, bir məzar daşını, bir kurqanın qalıqlarını görmək üçün saatlarla yol qət edirdik. Kənardan baxana, bəlkə, qəribə gələr: “Bir daş üçün bu qədər yol gedilərmi?” Amma o daş sənə kim olduğunu xatırladırsa, niyə də yox!
Yol boyu maraqlı söhbətlər, rəvayətlər, xatirələr, bilgi paylaşımları oldu. Mədəniyyətimizdən, tariximizdən, inanclarımızdan, Türk dünyasının bu günü və sabahından danışdıq. Bəzən “Çırpınırdı Qara dəniz” oxuduq, bəzən Turan marşı səsləndi, bəzən “Ayrılıq” mahnısı ilə kövrəldik. Açığı, belə səfərlərdə yolun özü də bir məktəbə çevrilir. Hətta bəzən avtobus sinif otağı olur, bozqır ağıllı lövhə, daşlar isə dərsliyin özü.

Bu səfərdə məni düşündürən məqamlardan biri də qədim mərasim yerləri, sunak daşları, qurban və törən məkanları oldu. Bəzi abidə komplekslərinin arxasında gördüyümüz, ortası deşik daşlar, balballar sadəcə “maraqlı arxeoloji detal” deyil. Onlar qədim türklərin ölüm, xatirə, ruh, qurban, mərasim və göylə əlaqə düşüncəsi haqqında danışır. İnsan həmin daşlara baxanda anlayır ki, qədim türk üçün məzar yalnız ölüm yeri yox, həm də mərasim yeri, yaddaş mərkəzi, ruhla toplumun görüş nöqtəsi idi.
Balballar isə ayrıca dünyadır. Səssiz dayanırlar, sanki hərəsi bir igidin, savaşın, andın, keçidin xatirəsini daşıyır. Daşlaşmış insan fiqurları kimi görünsələr də, əslində, daşlaşmış yaddaşlardır. Onların yanında dayananda insan təkcə keçmişi düşünmür, həm də öz dövrünü sorğulayır: Biz bu gün nəyin balbalını ucaldırıq? Hansı dəyəri sabaha daşıyırıq?
Bu yolçuluqda monqollarla, Tuva türkləri ilə, Avropada yaşayan türklərlə, Türkiyənin müxtəlif bölgələrindən gəlmiş insanlarla tanış oldum. Yeni dostluqlar qazandıq, bir-birimizdən çox şey öyrəndik. Sevdik, sevildik, paylaşdıq, danışdıq, düşündük. Sosial şəbəkələrdə başlayan tanışlıqlar artıq gerçək dostluqlara çevrildi.
Qrupun içində yol getmək də ayrıca təcrübədir. İnsan bəzən özünü də başqasının aynasında görür. Kimisi səssizliyi ilə öyrədir, kimisi zarafatı ilə yorğunluğu azaldır, kimisi bilgisi ilə söhbətə dərinlik qatır. Bu səfərdə yaş, ölkə, peşə fərqi aradan qalxdı. Hamımız bir yolun yolçusuna, dərvişinə çevrildik. Hərdən yorulduq, güldük, kövrəldik, bəzən də susduq. Amma o susqunluğun içində də böyük anlaşma vardı. Serkan bəy, Aşkın Koray bəy qrup rəhbəri kimi böyük səbir və məsuliyyət göstərdilər. Belə səfərlərdə hər kəs yorulur, kaprizlər, problemlər, kiçik narazılıqlar olur. Amma bütün bunların içində hamıya sayğı ilə, sevgi ilə yanaşmağa çalışdılar. Serkan bəyin bu işi sənədli filmə çevirməsi isə ayrıca önəmlidir. Ümid edirəm ki, bu film Türk dünyasının gənclərinə, xüsusilə də Orxon abidələrini, qədim Türk yaddaşını tanıtmaq baxımından böyük fayda verəcək.
Səfər bitdi. İstanbul Hava Limanında hər kəs öz yoluna ayrıldı. İnsan səfərin bitdiyini hava limanlarında daha yaxşı anlayır. Bir az əvvəl eyni avtobusda, eyni süfrədə, eyni yolda olan insanlar birdən-birə müxtəlif qapılara, müxtəlif şəhərlərə, müxtəlif həyatlara dağılır. Amma bəzi səfərlər insanın içində yox olmur. Monqolustan mənim üçün elə səfərlərdən oldu.
Mən də vətənə qayıtdım. Amma içimdə qəribə rahatlıq var. Sanki ruhum bir az saflaşıb, dünyagörüşümə yeni qatlar əlavə olunub, yaddaşım yeni bilgilərlə zənginləşib. Bu səfərdə təkcə yeni yerlər görmədim, həm də öz içimdə bəzi köhnə suallara qayıtdım. Türk olmaq nədir? Yaddaşa sahib çıxmaq nədir? Tarixlə fəxr etmək kifayətdirmi, yoxsa onu anlamaq, öyrətmək və yaşatmaq da lazımdır?
Bu səfər mənim üçün bir missiya idi. Bir ədəbiyyatçı, millətini sevən yazıçı, dilçi və təhsil adamı olaraq gördüklərimi, öyrəndiklərimi imkanım daxilində paylaşmağa çalışdım. Sosial şəbəkələrdə yazdım, danışdım, göstərdim, izah etdim. Nə qədər bacardım, onu siz bilirsiniz, əziz dostlar. Amma gücüm çatdığı qədər bu borcu yerinə yetirməyə çalışdım.
Çünki məncə, belə səfərlərin əsas mənası yalnız gedib görmək deyil. Əsas məsələ gördüyünü öz millətinin yaddaşına daşımaqdır. Bir gənc bu yazılardan sonra Orxon abidələri ilə maraqlanacaqsa, bir müəllim dərsində Bilgə xaqandan danışacaqsa, bir oxucu Tonyukukun adını ilk dəfə eşidib araşdıracaqsa, deməli, bu yolun mənası var.
İnşallah, belə yolçuluqlar davam edər. İndi könlümdə Altayları, Sibir türklərini görmək arzusu var. Bir gün Meksikanı da ziyarət etmək, oranın yerli xalqları ilə, qədim mədəniyyət izləri ilə tanış olmaq istəyirəm. Çünki insan dünyanı gəzdikcə yalnız başqalarını tanımır, həm də özünü daha yaxşı anlayır.
Bu adi səfər olmadı. Bu, daş yaddaşa doğru yol oldu.
Bozqırın nəfəsini içinə çəkmək oldu. Min il əvvəlki sözümüzlə bugünkü ruhumuzun görüşü oldu.
Bir az da özümüzə qayıdış idi.
Bir sözlə, unudulmaz oldu.
Yolumuz ağ olsun!

Xəbərlər

Ötükənin ürəyində

Ötükənin ürəyindəyəm…
Qarşımda əski türk əlifbası ilə oyulmuş ilk yazılı qayalar, tikili daşlar, balballar… Yanımda atın məğrur duruşu… Üzümdə bozkırın nəfəsi… Bunları kitablardan oxuyardım, amma indi hiss edirəm. Başımın üstündə isə elə aydın, elə sonsuz bir göy var ki, sanki Tanrı göyün qapısını bu torpağın üstündə hələ də açıq saxlayıb.
Mən sanki min il əvvəlki özümə baxıram, özümü arayıram…
Ötükən… Bu adın özündə sirli bir çağırış var. Bu sözün etimolpgiyasını indicə araşdırdım. Sən demə bilirmişəm. Qədim türkcə mətnlərdə “Ötükən yış” – Ötükən meşəsi, müqəddəs dağ-meşə yurdu kimi keçir. Amma Ötükən yalnız coğrafiya deyil. Ötükən türkün dövlət ağlının doğulduğu, xaqanlıq düşüncəsinin kök saldığı, Tanrıdan gələn “kut”un yurd tutduğu müqəddəs yerdir.
Bu adın mənşəyi haqqında müxtəlif fikirlər söylənir. Bəziləri onu qədim türkcədəki “öt-” kökü ilə “keçmək”, “aşmaq”, bir yerdən o biri yerə varmaq mənaları ilə bağlayır. Mənsə indi bunu daha dərindən hiss edirəm. Çünki Ötükən doğrudan da bir keçiddir: torpaqdan ruha, bugündən dünənə, oğuldan əcdada, sükutdan yaddaşa açılan gizli bir qapı…
Daşların üzərindıku işarələrə baxıram. Hər bir hərf daşın üzərinə yazılmış bir səs deyil, sanki zamanın içindən gələn bir pıçıltdlr.
Atın duruşunda Ötükənin ənginliyi vardı. sanki Bozkırın bütün yolları onun dırnaqlarında gizlənmişdi. Türk atın belində yalnız torpaq keçməyib; zaman keçib, tarix keçib, taleyini keçib. At burada minik deyil, azadlığın bədəni, yolun ruhu, türkün nəfəsidir. Sonsuz çəmənliklərdə hər addımda at ilxıları, dayçaların oynaşması…
Yövşan ətri hər yerdən yağış kimi yağır. Bu an yadıma Murad Adcının, qara atın belində şahə qalxmayanlar, yovşan ətrindən məst olmayanlar özünə türkəm deyə bilməz, sözləri düşür.
Səma açıq və aydın… O qədər aydın ki, insan göylə yer arasındakı sirrin bir anlıq görünən tərəfinə şahid olduğunu düşünür. Bozkır susur, amma bu susqunluq adi sükut deyil. Bu, Tanrıya yaxın yerlərin sükutudur. Burada külək də danışır, daş da xatırlayır, ot da nəsə pıçıldayır.
Adam burada danışa, fikrini ifadə edə bilmir, istəyir ki, sadəcə susub sonu görünməyən yaşılıqlara baxsın!
Amma bu baxış sadəcə bir səyyah baxışı yox, Bu, öz kökünü axtaran bir adamın baxışı kimi. Bu, daşın yaddaşında öz adını eşitmək istəyən bir türkün baxışıdır. Bu, göyə baxıb “mən haradan gəlirəm?” sualına “torpaqdan” cavabı alan bir insanın baxışıdır. Torpaq-Ana kut…
Ötükənin ürəyində bir daha anladım ki, türkçülük yalnız tarix oxumaq deyil. Türkçülük yalnız soy, bayraq, dil, dövlət demək də deyil.
Türkçülük bəzən min illik bir daşın qarşısında susmaq, amma içində bütöv bir millətin səsini eşitməkdir.
Türkçülük öz ruhunun dərinliyində hələ də at kişnərtisi, qopuz səsi, bozqır küləyi daşıdığını, yovşan ətrini hiss etməkdir.
Burada insan əcdadını xatırlamır, əcdadı ilə görüşür, təbiətlə insanın necə vəhdətdə olduğunu hiss edir. Bu gün də insanının torpaqdan gələn hər şeyə necə də sayğı ilə yaşamasıdlr. Bubtorpaqların insanı Ağac kəsəndə belə dua edir, tanrıdan izn istəyir. Qanın torpağa tökülməsinə günah kimi baxır.
Nə qədər də sonsuz düzənliklər görsəm də, anlayıram ku, Bu torpaqlarda tarix bitməyib. Sadəcə daşlara çəkilib. Küləyə qarışıb. Atların yerişində gizlənib. Bizim içimizdəki sükuta hopub. Bəli, Ötükən hələ də yaşayır. Türkün yaddaşında. Göyün altında. Daşın üzündə. Və mənim ruhumda…
Burda dağların bəzəyi qartallar, düzlərin bəzəyi atlardı…
Burda dualar uca dağlar başında oxunur…
Burda buludlar göylərdən asılı qalır…
Burda türk qızıl almanı görə bilib həmişə, çünki göz işlədikcə sonsuzu görə bilirsən sanki…
Burda uca səslə hayqırmaq istəsən də olmur, çünki söz düşüncələrini heç cürə ifadə edə bilmir! Bəlkə də elə ona görədir, mahnılarlnda sözdən daha çox səs var, küləyin, yağışın, göylərin, heyvanların səsi.
Əlimi Bilgə Xaqan abidəsindəki Türk sözünə qoyuram, içimdə ifadə edə bilmədiyim bir sevinc var… daçda yaşayan ruhu hiss edirəm! Xoş gıldon, budunum deyir…
Mən özümü göylərin haqq səsi kimi hiss edirəm, qürur, sevinc, eşq, təslimiyyət, cəsarət və bilgəlik var! Düşüncələrim çağlayır, hayqırmaq istəyirəm, səsim çıxmır, ünüm yetmir!
Və mən Ötükəndə bunu hiss etdim: bəzən insan bir yerə səfər etmir, öz içində basdırılmış qədim bir yurda qayıdır. Bəzən bir qayanın qarşısında dayanırsan, amma qarşında daş yox, min illik yaddaş dayanır. Bəzən göyə baxırsan, amma səma deyil, Tanrının türkün alnına yazdığı tale görünür! Həmin o, şərəfli tale!!!