Aylıq arxivlər

İyun 2025

Xəbərlər

Sertifikasiya dərdi, yoxsa gələcəyin təhsili?!

Düşünürəm ki, gələcəyin təhsili yalnız elm, bilik ötürmək məqsədi daşımayacaq. Əsas hədəf əxlaqi dəyərlərin, davranış qaydalarının və sosial məsuliyyət hissinin formalaşdırılması olacaq. Çünki müasir dövrün reallıqları göstərir ki, informasiya əldə etmək heç vaxt bu qədər asan, əlçatan olmayıb. Artıq bilik üçün məktəb binasına getməyə ehtiyac yoxdur – smartfon, internet bağlantısı kifayətdir. Statistikalara görə 2024-cü ilin sonunda dünya əhalisinin 66 %-i internetə çıxış əldə edib və bu nisbət gənclər arasında 90 %-ə qədər yüksəlib. Bu gün hər ev, hər kafe, hər park öyrənmək üçün sinif otağına çevrilib.

Bu sürətli və nəzarətsiz informasiya axını bilik əldə etmə imkanlarını artırsa belə, insani və əxlaqi dəyərləri təhdid də edir. Milyonlarla uşaq internetdə həm müsbət, həm də zərərli məzmuna məruz qalır. UNESCO-nun 2023-cü il hesabatına görə məktəblilərin 56 %-i onlayn məkanda zorakılıq və ya neqativ davranış formaları ilə qarşılaşır. Bu, görünən statsitikadır, indi siz təsəvvür edin, görünməyən, şüuraltıda özünə yer tapan nə qədər zərəli məlumatlar vərdişə çevrilir.

Buna görə də təhsil sisteminin yeni prioriteti texniki, elmi-nəzəri bilikdən çox, insani dəyərlərin qorunması və inkişaf etdirilməsi olmalıdır və olacaq da. Gələcəyin məktəbləri uşaqlara nəyi öyrənməkdən daha çox, necə yaşamağı, necə davranmağı və necə insan olmağı öyrədəcək. Bu dəyişikliyi vaxtında qəbul etməsək, texnologiya ailəmizə müdaxilə edəcək, övladlarımızı bizdən alacaq və onların şəxsiyyətini anonim, dəyərlərsiz virtual məkanlar formalaşdıracaq.

Bunun simptomlarını indidən görürürük, arıq məktəblər uşaqlar üçün də, valideynlər üçün vacib təhsil məkanı olmaqdan çıxıb. Onlar təhsili daha rahat, daha əlçatan mühitdə əldə etməyə yönəliblər.

Yazıya bu qədər geniş girişlə başlamağının səbəbi son zamanlar sosial mediada sertifikasiya ilə bağlı gedən söz-söhbət oldu. Görünən odur ki, müəllimlər bal yarışına girib, sertifikasiya balları, etirazları ilə səhifələr gözlərimizi qabar edib. Bu tendensiya heç bir halda düzgün deyil və bizi çox təhlükəli istiqamətə apara bilər. Dünya təhsil sistemi qiymətləndirməni “at yarışı”na bənzədib bundan uzaqlaşmaq istəyir, amma təəssüf ki, uşaqların qəbul balları ilə müəllimlərin sertifikasiya ballarının eyni formada yarışdığını görürük. Bunu biz müəllimlər edirik. Əminəm ki, sertifikasiya xoş niyyətlə, Azərbaycan təhsilinin illərlə yığılıb qalan problemlərini aradan qaldırılması, inkişaf etdirilməsi üçün atılan addımdır.

Hansısa qüvvələr sertifikasiya ilə bağlı elə imic yaradıb, sanki bununla kimsə kiməsə qarşı düşmənçilik edilirr, müəllimi gözdən salmaq istəyirlər. Bunrada bir müqəssir sualları hazırlayan, təşkilatçılığı edən qurumdursa, digər və əsas müqəssir elə müəllimlərdir. Bir neçə ildir, həyata keçirilən sertifikasiya haqqında ilk illər ciddi etiraz dalğası başladı. Nəticəsiz olduğunu görəndə isə ikinci və başqa dalğa hərəkətə keçdi. İndi də fənlər arasında müqayisələr aparıb, “O fənn çətin olub, bu fənn asan olub. “Niyə bu fəndə maksimum bal yoxdur, o fəndə var?” və sairə fikirlərlə yersiz müzakirələr açılır. Onsuz da, valideynlərin təhsilə, məktəbə, müəllimə etibarı yerlə yeksan olub, indi də belə söz-söhbətlər bu etibarsızlığı haqlı çıxarır, od üstünə benzin səpir.

Sertifikasiya vacibdir, lazımlıdır, amma onu belə reklam və antireklam ünsürü kimi istifadə emək tamamilə yanlışdır. Bunu həm aidiyyəti qurumlar, həm də müəllimlər ciddi şəkildə nəzərə almalı, ikrahdoğuran söhbətlərə son qoymalıdırlar.

Bütün bunlarla yanaşı, düşünürəm ki, sertifikasiyanın formatında dəyişiklik edilib, ikinci səviyyəyə keçməyin vaxtıdır. Məncə, bu günə qədər aparılan proses düzgün, faydalı oldu, Elm və Təhsil Nazirliyi öz yanaşması ilə böyük ictimai qüvvə ilə üz-üzə gəlib bu addımı atmaqda haqlı olduğunu sübut edə bildi. Məhz buna görə Elm və Təhsil Nazirinə təşəkkür düşür. Çünki, qınaqdan qorxmadı, bütün dedi-qodulara sinə gərdi və yüksək amallar üçün döyüşdü.

İkinci mərhələyə keçid isə ona görə vacibdir ki, bir müəllimi müəllim edən sadəcə onun biliyi yox, digər səriştə və bacarıqlarıdır. Faktoloji biliyi yaxşı səviyyədə olmayan müəllimlər var ki, həm sevilir, həm ciddi hörmət, həm də yaxşı öyrətmə bacarığına sahibdir. Onun digər bacarıqları biliyinin tam olmamasını pərdələyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək, alim formalaşdırmaq deyil. Bu, bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi-biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Cəmiyyətə robot yox, vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanlar qazandırmaq daha vacibdir.

Yazının əvvəlində də verdiyim giriş məhz bunu ifadə etmək üçün idi. Müəllimin sinifdə sevilməsi, qəbul edilməsi arıq biliyi ilə yox, insani dəyəri ilə ölçülür. Əslində, bu həmişə belə olub, amma XX əsrin bizə bəxş etdiyi müəllim modeli, məktəb formatı hələ də yaxamızdan yapışıb, əziyyət verir. XX əsrə qədər bütün məktəblər, mədrəsələr tədris proqramları əxlaqi və mənəvi dəyərləri aşılamaqda məsul idi. Sonralar bu sadəcə əzbərçiliyə və diplom xəstəliyinə çevrildi.

Təklifim budur ki, müəllimin göstəricilərini dəyərləndirmək üçün məsələyə daha peşəkar yanaşılmalı, birinci mərhələni uğurla baş çatmış hesab edib, ikinci mərhələyə başlamalı, müəllimin biliyi ilə yanaşı, digər səriştə və bacarıqlarını da ölçməliyik. Qiymətləndirməni də bunun əsasında aparmalıyıq. Bu məqamda bir neçə ölkənin serifkasiya ilə bağlı yanaşmasını qeyd etmək istərdim:

– ABŞ və Kanada kimi ölkələr müəllimlərin təlim proqramını bitirdikdən sonra xüsusi testlər vasitəsilə fənn biliyi və pedaqoji bacarıqlarını ölçür.

– Finlandiya, İngiltərə və Sinqapurda isə müəllim hazırlığı o qədər ciddi və keyfiyyətlidir ki, əlavə testlərə, bizim anlayışla desək, sertifikasiyaya ehtiyac qalmır. Bu ölkələrdə təhsil müəssisələrinin özləri ciddi seçim və hazırlıq aparır.

– Ən uğurlu yanaşma İngiltərə və Sinqapurda tətbiq olunur: burada yeni müəllim bir neçə il mentor dəstəyi ilə işləyir, sonda isə qiymətləndirilmə nəticəsinə uyğun şəkildə tamhüquqlu müəllim olur.

– ABŞ və Kanadada müəllim müəyyən illər ərzində yenidən qiymətləndirmədən keçməli, yaxud inkişaf proqramlarında iştirak etməlidir.

– Finlandiya və Sinqapurda isə lisenziya birdəfəlik verilir, çünki müəllim hazırlığı sisteminin özü çox güclüdür.

– Xüsusilə İngiltərə, Kanada və ABŞ-də bu sertifikatın yenilənməsi şərtdir.

– Finlandiyada bu məcburi deyil, amma məktəblər, təhsil idarələri müəllimləri aktiv şəkildə dəstəkləyir və inkişaf mühiti yaradır.

Aşağıdakı cədvəl aydın göstərir ki, dünyanın qabaqcıl təhsil sistemlərində tədrisin keyfiyyətini təmin etməyin müxtəlif yolları var. Bəziləri imtahanlar, rəsmi sertifikatlarla, digərləri isə keyfiyyətli müəllim hazırlığı, güclü praktik təcrübə və etimadla bunu həyata keçirir. Son sütündakı CDP “davamlı peşəkar inkişaf” ifadəsinin abreviaturudur.

Düşünürəm ki, güclü sistem qurub, müəllimlərin göstəricilərinin dəyərləndirilməsini aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə həyata keçirə bilsək, daha uğurlu nəticələr əldə edə bilərik:

1. Şagirdin və valideynin müəllimi dəyərləndirilməsi – 15 bal
2. Şagirdin mənimsəmə faizi – 15 bal
3. Müəllimin özünü qiymətləndirməsi – 10 bal
4. Rəhbərliyin müəllimi qiymətləndirməsi – 10 bal
5.    Müəllimin peşəkar inkişaf portfeli – 20 bal
6. Müəllimin bilik nəticəsi – 30 bal

Hədəf konseptində bu sistemin adını Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi (PKPD) qoymuşuq. Bu sistem düzgün tətbiq edilsə, müəllimi hərtərəfli dəyərləndirmək və haqqı olanı vermək imkanı yaranar. Ətraflı tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: //shamilsadiq.az/pedaqoji-kadrlarin-pergormans-deyerlendirilmesi

Belə hərtərəfli qiymətləndirmə bizə nə verəcək?

1. Müəllimin təkcə biliyini yox, pedaqoji bacarıqlarını da ölçmək;
2. Müəllimlərin yaxşı nəticə toplamaq üçün hazırlıqlara  getməyinin qarşısını almaq və məktəbdəki fəaliyyətini düzgün qurmağa yönləndirmək;
3. Şagirdyönümlü yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi müəllimlərə də tətbiq etmək;
4. Sadəcə yaddaşı yaxşı olan, müəyyən bilikləri əzbərləyib fərqlənən müəllimlərlə fədakarlıqla, gecəsini gündüzünə qatıb insan yetişdirməyə köklənən müəllimlərin fərqini düzgün dəyərləndirmək;
5. Məsuliyyəti sadəcə test hazırlayan qurumun üzərindən götürüb məktəbin, ailənin, şagidin, müəllimin arasında bölüşdürmək.

Bu gün dünya təhsili dönüş nöqtəsindədir. Sadəcə, biliyə əsaslanan sistemlərin iflasa uğradığı, insani və mənəvi dəyərlərin ön plana çıxdığı çağdayıq. Bu çağırışı vaxtında anlamasaq, texnologiya, rəqəmsal dünya uşaqlarımızı bizdən daha tez anlayacaq və onlara öz istədiklərini verəcək. Vaxtında təhsilin ruhunu dəyişsək – sinif otaqlarını mənəvi məktəblərə çevirsək, müəllimi sadəcə bilik ötürücüsü yox, dəyər aşılayan mentor kimi yetişdirsək, gələcək bizim olacaq.

Gələcəyin məktəbi gələcəyin müəllimi ilə qurulacaq. Həm bilikli, həm də dəyərli müəllimlə!

Şəmil SADİQ
Təhsil texnoloqu, dosent

Xəbərlər

“Future of Learning” Forumu: Təhsildə Yenilik və Beynəlxalq Təcrübə Mübadiləsi

“Future of Learning” Forumu: Təhsildə Yenilik və Beynəlxalq Təcrübə Mübadiləsi

21 iyun 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində “Future of Learning” forumu uğurla baş tutdu. Forum Azərbaycan Dillər Universiteti, Hədəf Liseyi – STARS Campus-u, Doğu Akdeniz Universiteti, EDUHEK (Education Technology and Consulting) və ELTA (English Language Teaching Assessment) təşkilatlarının birgə təşkilatçılığı, Hi Languages, e-School və Nəsibə Aydın Yıldızlar Məktəbinin tərəfdaşlığı ilə keçirildi.

Forumda 350-dən çox iştirakçı yer aldı. Təhsil sahəsində baş verən qlobal dəyişikliklər fonunda təşkil olunan bu tədbir müasir təhsil yeniliklərinin təqdimatı və beynəlxalq təcrübələrin paylaşılması baxımından əhəmiyyətli platforma rolunu oynadı.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Himnimizin musiqisini Hədəf Liseyinin balabilgəsi İnci Sadıqzadə ifa etdi. Açılış mərasimində Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıq, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və EDUCO Qrupun rəhbəri Ercüment Özayan salamlama nitqi ilə çıxış etdilər.

Forumun əsas məqsədi iştirakçıları təhsildəki son innovasiyalar, xarici dilin tədrisində tətbiq olunan qabaqcıl metodlar və beynəlxalq proqramlarla bağlı məlumatlandırmaq, eyni zamanda müəllimlərin peşəkar inkişafına dəstək vermək idi. İkidilli tədris yanaşmaları, beynəlxalq imtahanların təşkili və beynəlxalq təhsil standartlarına uyğun metodların tətbiqi mövzularında geniş təcrübə mübadiləsi aparıldı.

Forumun əsas hədəf auditoriyası ingilis dilində dərs deyən müəllimlər olsa da, tədbirdə digər fənn müəllimləri, məktəb rəhbərləri və təhsil sahəsində çalışan mütəxəssislər də fəal iştirak etdilər.

Forum çərçivəsində çıxış edən spikerlər arasında təhsil mütəxəssisi və BMT-nin Qlobal Məktəblər Proqramı üzrə mentor Burcu Önder Gürpınar, Avropa Azərbaycan Məktəbinin icraçı direktoru, Caucasus & Central Asia IB Assosiasiyasının sədri Francesco Banchini , Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov Ed.M., Doğu Akdeniz Universitetinin professoru Cavanşir Şibliyev, Hədəf Stars Campus-un icraçı direktoru və təhsil texnologiyaları üzrə mütəxəssis Şemsettin Beşer, Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Elnarə Tağıyeva, Azərbaycan Dillər Universitetinin baş müəllimi və beynəlxalq sertifikatlı təlimçi Aynur Əsgərzadə və IB təhsili üzrə təlimçi, PYP üzrə mütəxəssis və mentor Ebru Hezen yer aldı.

Forum zamanı “İngilis dilinin tədrisində ikidilli təhsilin sehrli gücü”, “Rethink, Reform, Revolutionise”, “Cambridge Global Perspectives” kurikulumu çərçivəsində mədəniyyətlərarası bacarıqlar”, “Təhsildə süni intellekt”, “Süni intellektin xarici dil öyrənməyə təsiri”, “Beynəlxalq imtahanlar”, “Active Participation as a Catalyst for Effective English Language Acquisition” və “Dünyaya açılan siniflər: IB və beynəlxalq şüur” kimi aktual mövzularda təqdimatlar dinlənildi.
Forum çərçivəsində təlim və təqdimatlar ingilis dilində aparılmış.

Forum çərçivəsində dəyərli spikerlərin və iştirakçıların adından Qarabağ Universitetinin kitabxanasına kitab ianə ediləcəyi elan olundu. Bu mənəvi təşəbbüsə verdikləri töhfəyə görə spikerlərə təşəkkürnamələr təqdim olundu və onlara Qarabağla bağlı xatirə kitabı hədiyyə edildi.

Forum iştirakçılarına Hədəf Nəşrləri və Sinkod tərəfindən ingilis dilinin tədrisinə dair praktik vəsaitlər, metodik materiallar və dərsliklər hədiyyə olundu. Bununla yanaşı, Naxçıvan Universiteti və Qarabağ Universitetinin müəllimləri, həmçinin Qazaxıstan və Qırğızıstandan onlayn formada qoşulan pedaqoji heyətin peşəkar inkişafını dəstəkləmək məqsədilə forumun onlayn iştirak imkanı onlara hədiyyə olaraq təqdim edildi. Bu təşəbbüs, təhsildə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Future of Learning” forumu təhsildə yenilikləri izləmək, beynəlxalq təcrübələri öyrənmək və bu təcrübələri praktikada tətbiq etmək istəyənlər üçün mühüm bir platforma oldu.

Xəbərlər

Hədəf Liseyində 2024/2025-ci tədris ilinə yekun Elmi-Pedaqoji Şura keçirildi

Hədəf Liseyində 2024/2025-ci tədris ilinə yekun Elmi-Pedaqoji Şura keçirildi

 2024/2025-ci tədris ilinə yekun olaraq Hədəf Liseyinin pedaqoji heyəti üçün Elmi-Pedaqoji Şura iclası təşkil olunub. İclasda tədris ilinin ümumi yekunları, görülmüş işlər, əldə olunan nailiyyətlər və qarşıdakı dövr üçün planlar müzakirə edilib.

İclası giriş sözü ilə Hədəf Liseyləri üzrə icraçı direktor Nizami Hüseynov açaraq gündəlik və məruzəçiləri təqdim edib. O, şura iştirakçılarını salamlayıb, Hədəf Konseptinə uyğun şəkildə qurulmuş fəaliyyətin nəticələri, idarəetmədəki dəyişikliklər və strateji hədəflər barədə məlumat verib.

Hədəf Stars Campus-un icraçı direktoru Şəmsəttin Bəşər yeni kampusun fəaliyyəti, təhsil imkanları və inkişaf planları haqqında təqdimatla çıxış edib.

Akademik direktor Püstəxanım Səfərova tərəfindən liseydə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər, dərs formalarının tətbiqi, monitorinq, qiymətləndirmə prosesləri, ELTA qiymətləndirmələrinin nəticələri, KİQ, BİQ və dərs dinləmələri barədə geniş məruzə təqdim olunub.

Azadlıq korpusunun icraçı direktoru Zülfiyyə Sadıqova, Xətai korpusunun icraçı direktoru Elmin Yaqubbəyli IX – XI siniflər üzrə buraxılış və qəbul imtahanlarına hazırlıq mərhələləri, keçirilmiş sınaq imtahanlarının müqayisəli statistik nəticələri və sosial fəaliyyətlərlə bağlı hesabatlarını bölüşüblər.

Qurtuluş korpusunun icraçı direktoru Məmməd Məmmədli və Nəsimi korpusunun icraçı direktoru Vəli Vəlizadə isə il ərzində həyata keçirilmiş layihələr, olimpiadalar, müsabiqələr və sağlam rəqabətin təşkili barədə məlumat verib. Həmçinin balabilgələrin texnologiyadan istifadə bacarığı, istedadların aşkarlanması, sosial işin təşkili və yeni dərsliklərlə aparılan tədris prosesi də vurğulanıb.

İclas çərçivəsində 2024/2025-ci tədris ili üzrə fərqlənən əməkdaşlara təhsil sahəsindəki yüksək nailiyyətlərinə, PKPD (Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi) nəticələrində göstərdikləri uğurlara və ümumi fəaliyyətlərinə görə təşəkkürnamələr təqdim olunub.

Sonda Hədəf Liseylərinin icraçı direktoru Nizami Hüseynov kollektivə işgüzarlığına görə təşəkkür edib, qarşıya qoyulan hədəflərlə bağlı məlumat verərək yeni tədris ilində uğurlar arzulayıb. O həmçinin müəllimlərə PKPD üzrə nəticələri təqdim edib.

Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq çıxış edərək növbəti tədris ili üçün planlaşdırılan yenilikləri və struktur idarəetmədə nəzərdə tutulan dəyişiklikləri müəllim heyətinə təqdim edib, qarşıdan gələn dövr üçün uğurlar diləyib.