Aylıq arxivlər

Avqust 2025

Xəbərlər

Sinif rəhbəri məktəbin sütunudur

Sinif rəhbəri məktəbin sütunudur

           Məktəb sadəcə bir təhsil müəssisəsi deyil, böyük bir həyat məktəbidir. Bu məktəbin hər bir divarının, hər bir otağının öz ruhu, öz yükü var. Amma onun ən möhkəm dayaqlarından biri məhz sinif rəhbəridir. Məktəbdarlıq ümumilikdə bir komanda işi sayılsa da, sinif rəhbərinin rolu çox zaman həlledici və yönverici xarakter daşıyır. Təhsil sosioloqlarının araşdırmalarında da göstərilir ki, şagirdin məktəb həyatında ən böyük təsirə malik olan ikinci şəxs anasından sonra məhz sinif rəhbəridir. Bu fakt əslində təsadüfi deyil, çünki sinif rəhbəri uşaq üçün hər gün qarşısında gördüyü, dərdini, sevincini paylaşa bildiyi ən yaxın müəllim fiqurudur.

Ənənəvi yanaşmalarda da bu fikir tez-tez səslənir: “Yaxşı məktəb direktoru ilə tanınır, yaxşı sinif isə sinif rəhbəri ilə.” Əgər sinif rəhbəri öz işinə peşəkar yanaşan, təcrübəli pedaqoq, bacarıqlı təşkilatçı və eyni zamanda motivasiyaedici liderdirsə, həmin sinif məktəbin ən nümunəvi sinfinə çevrilir. Bu, yalnız nəzəri deyil, həm də beynəlxalq təcrübələrlə təsdiqlənmiş bir həqiqətdir. Finlandiya məktəblərində sinif rəhbəri statusu xüsusi olaraq müəllimlik strukturunda ayrıca bir mövqedədir. Onlar üçün əlavə hazırlıq proqramları, psixoloji dəstək kursları təşkil olunur və müəllimlərin sinif rəhbərliyi bacarıqları davamlı şəkildə inkişaf etdirilir. Məhz buna görə də Finlandiya dünyanın ən yüksək təhsil göstəricilərinə malik ölkələrindən biridir.

Yapon təhsil modelində isə sinif rəhbəri anlayışı tamamilə bir institut səviyyəsinə yüksəldilib. Burada sinif rəhbəri yalnız dərslərin təşkili ilə kifayətlənmir. O, həm də şagirdlərin psixoloji rifahı, sosiallaşması, ailə ilə münasibətlərin sağlam təməldə qurulması və uşağın gələcəkdə cəmiyyətin faydalı üzvünə çevrilməsi üçün məsuliyyət daşıyır. Yapon pedaqoqları hesab edirlər ki, sinif rəhbəri şagirdin sadəcə müəllimi deyil, həm də onun həyat yolunda ilk bələdçisidir. Bu yanaşma sinif rəhbərinin əhəmiyyətini daha da artırır və onu məktəb-valideyn-şagird münasibətlərində strateji fiqura çevirir.

Azərbaycan məktəblərində də sinif rəhbəri faktiki olaraq şagirdin psixoloqu, məsləhətçisi, təşkilatçısı, bəzən isə hətta həkimi funksiyasını belə öz üzərinə götürür. Onun otağı şagirdlərin həm şikayətlərini, həm də sevinclərini paylaşa bildiyi bir ünvan olur. Sinif rəhbəri məktəb daxilində körpü rolunu oynayır – şagirdlərlə müəllimlər, valideynlərlə məktəb arasında əlaqələri möhkəmləndirir. Amma təəssüf ki, bu qədər önəmli bir vəzifənin dəyəri yetərincə qiymətləndirilmədiyindən, əlavə ödəniş çox az, məsuliyyət isə sonsuz dərəcədə çox olur. Bu səbəbdən də bir çox müəllim sinif rəhbəri olmaqdan yayınmağa çalışır. Halbuki, məktəb həyatının uğuru və şagirdin gələcək inkişafı üçün bu vəzifə ən önəmli pillələrdən biridir.

Beynəlxalq pedaqoji ədəbiyyat da bu fikri təsdiqləyir. Kanadalı pedaqoq Maykl Fullanın (Fullan, 2014) vurğuladığı kimi, müəllimin əsas rolu yalnız bilik ötürmək deyil, həm də dəyərləri formalaşdırmaqdır. Sinif rəhbəri isə bu missiyanı daha dərindən və daha intensiv şəkildə həyata keçirir. ABŞ-da aparılan bir sorğuya görə, şagirdlərin 68%-i məktəbdə ən çox güvəndikləri şəxsin məhz sinif rəhbəri olduğunu qeyd etmişdir (National Center for Education Statistics, 2019). Digər ölkələrdə də oxşar nəticələr əldə olunub – sinif rəhbərinin uşağın mənəvi inkişafında, özünəinamında və sosial bacarıqlarında əvəzsiz rol oynadığı vurğulanır.

Bu səbəbdən sinif rəhbərinin seçimi heç vaxt təsadüfi olmamalıdır. Əslində bu seçim məktəb direktorunun təyinatı qədər əhəmiyyətlidir. Çünki uşağın həyatında, onun təhsilli və şəxsiyyət kimi formalaşmasında sinif rəhbərinin təsiri illərlə davam edir. Yaxşı bir sinif rəhbəri yalnız öz sinifinin deyil, bütün məktəbin ab-havasını dəyişdirə, ona yeni ruh və motivasiya gətirə bilər. Bu baxımdan, Azərbaycanda da sinif rəhbərliyi institutunun daha da gücləndirilməsinə böyük ehtiyac var. Bunun üçün xüsusi kursların təşkili, təlimlərin keçirilməsi, pedaqoqların peşəkar inkişafı üçün dəstək mexanizmlərinin hazırlanması və əlavə motivasiya sistemlərinin tətbiqi olduqca vacibdir. Buna nəinki tələbə universiteti bitirəndən sonra, hətta universitet proqramlarımızda xüsusi yer ayrılmalıdır.

Nəticə etibarilə, sinif rəhbəri uşağın həyatında anasından sonra ən mühüm şəxsdir. Əgər biz bu peşənin dəyərini bilsək, ona haqq etdiyi hörməti göstərsək və peşəkar inkişafına dəstək versək, məktəblərimizin keyfiyyəti, şagirdlərin gələcəyi daha parlaq olacaqdır. Unutmayaq ki, yaxşı sinif rəhbəri təkcə bir sinfi deyil, gələcək cəmiyyətin bir parçasını yetişdirir. Ona görə də hər bir məktəbin ən böyük sərvəti məhz yaxşı sinif rəhbərləridir.

Şəmil Sadiq

Xəbərlər

Müəllim sinifdə Müəllim olar

Müəllim sinifdə Müəllim olar

Müəllim  sinifdə müəllim olur! Bu, tarixi həqiqətdir və dünyanın istənilən ölkəsində dəyişməz bir qanunauyğunluqdur. Çünki müəllimlik sadəcə nəzəri biliklərin ötürülməsi deyil, həm də canlı həyatın içində qazanılan təcrübə, pedaqoji bacarıq  və sosial adaptasiya tələb edən bir peşədir. Təhsil fəlsəfəsində tez-tez vurğulanır ki, “Müəllim olmaq üçün oxumaq kifayət deyil, onu yaşamaq lazımdır.”

Bu günün universitetləri gənclərə sadəcə bilik verməklə kifayətlənir. Lakin bu biliklərin əksəriyyəti də sürətlə dəyişən dünyada tez köhnəlir. Dünya İqtisadi Forumu (World Economic Forum) 2020-ci ildə dərc etdiyi hesabatda qeyd edir ki, indiki şagirdlərin 65%-i gələcəkdə bu gün mövcud olmayan peşələrdə çalışacaq. Bu o deməkdir ki, sadəcə bilik ötürmək kifayət deyil, müəllim həm də dəyişən dünyaya adaptasiya olunmağı öyrətməlidir. Yəni dünənin müəllimi, bu günə sabahı öyrədə bilməz. Öyrətdiyi də daha çox dünənə bağlı qalacaq. Biz sabahın uşaqlarına çevik düşünməyi, məntiqi zəkanı, riyazi təfəkkürü verməklə, təfəkkür məktəbinin tələblərini yerinə yetirmiş olarıq.

Lakin nəzəri təhsil çox zaman praktikanı əvəz edə bilmir. Təcrübə göstərir ki, yeni məzun müəllimlərin öz peşələrinə adaptasiya etməsi üçün ən azı 3 il vaxt tələb olunur.
ABŞ-da “National Center for Education Statistics”in məlumatına görə, yeni işə başlayan müəllimlərin 44%-i ilk beş ildə peşəni tərk edir.  Bunun əsas səbəblərindən biri nəzəri hazırlığın real sinif təcrübəsi ilə dəstəklənməməsidir. Digər tərəfdən, McKinsey & Company-nin 2017-ci il hesabatına görə, yüksək nəticə göstərən təhsil sistemlərinin ortaq xüsusiyyəti gənc müəllimlərin ilk illərində güclü dəstək mexanizmlərinə malik olmasıdır.  Bu dəstək olmadıqda isə müəllimlər motivasiyasını itirir və sistemi tərk edirlər. Bizdə isə bu bir az fərqlidir, onlar bu işin ağırlığından və aşağı maaş sisteminə görə ümumiyyətlə bu peşənin ardınca getmirlər. Əslində isə onlar praktikada özlərini kəşf edə, müəllimlik peşəsiniz sevə bilərlər.

Beynəlxalq Təcrübəyə diqqət yetirsək, görərik ki, bu problemin həlli üçün bir çox ölkələr müəllim hazırlığında praktik komponenti gücləndiriblər:
Finlandiya – Pedaqoji fakültələrin son ili məcburi şəkildə məktəblərdə praktikaya həsr olunur. Bu model sayəsində  də Finlandiya müəllimləri məktəbə tam hazır başlayır.
OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ) hesabatına görə, Finlandiya müəllimlərinin 90%-i öz peşəsinə uzunmüddətli bağlı qalır. Bu, ölkənin PISA nəticələrində də özünü göstərir: Finlandiya 2000-ci illərdən bəri dünya üzrə ən yüksək göstəricilərə malik ölkələrdən biridir.

Böyük Britaniya – “Teaching Assistant” adlı sistemi ilə gənc müəllimlərin sinifdə köməkçi kimi fəaliyyət göstərməsinə imkan yaradır.  Sözsüz ki, bu, həm müəllimin, həm də şagirdin inkişafına xidmət edir. 2021-ci ildə Britaniya Təhsil Nazirliyi elan edib ki, məktəblərdə 280 minə yaxın “teaching assistant” fəaliyyət göstərir. Bu isə çox ciddi bir rəqəmdir.
Yaponiya – “Lesson Study” metodu ilə müəllimlər bir-birinin dərslərində iştirak edir, müzakirə aparır və öyrənməyə davam edirlər. Bu, pedaqoji icmanın
dinamik saxlanmasına şərait yaradır və müəllimlər arasında ömürlük öyrənmə mədəniyyəti formalaşdırır.
Sinqapur – Müəllim hazırlığına dövlət sərmayəsi yüksəkdir. Gənc müəllimlər üçün həm universitet təhsili, həm də məktəbdə “mentor müəllim” yanında işləmək məcburidir.
Sinqapurun milli təhsil strategiyasında müəllim “millətin memarı” adlandırılır.
Estoniya – Son illərin nümunəvi təhsil modellərindən biri Estoniyadır. Burada müəllim hazırlığında texnologiyanın tətbiqi və innovativ yanaşmalar ön plandadır.
Estoniya 2018-ci il PISA nəticələrində Avropada birinci yerə çıxmışdır.

UNESCO-nun 2023-cü il hesabatında deyilir: “XXI əsrin müəllimi ənənəvi bilik ötürən deyil, öyrənmə prosesini yönləndirən, şagirdlərlə birgə öyrənən və dəyişən dünyaya adaptasiya edən şəxsdir.” Bəli, birgə şagirdlərlə birgə öyrənən. Bu o deməkdir ki, müəllim daim inkişafda olmalı, biliyi ilə yox, bacarığı ilə fərqlənməlidir.

Azərbaycan təhsil sistemində isə pedaqoji fakültələrdə nəzəri dərslərin üstünlük təşkil etməsi gənc müəllimlərin peşəyə adaptasiyasını çətinləşdirir. Həmçinin də etiraf edək ki, universitetlərimizdə təhsil səviyyəsi çox aşağıdır, müasir tələblərə cavab verən təhsili tələbə ala bilmir.  Hazırda dövlət vakansiyalarında “müəllim köməkçisi” vəzifəsi demək olar ki, mövcud deyil. Halbuki belə bir modelin tətbiqi həm pedaqoji təcrübəni artırar, həm də gənclərin müəllimlik peşəsini daha inamla seçməsinə şərait yaradardı.
Düşünürəm ki, biz pedaqoji fakültələrin son bir ilini məktəblərdə assisent müəllim kimi işləməyə yönləndirə və həmin ilin təhsil büdcəsini tələbəyə maaş kimi verməklə, dediyimiz praktiki bacarığı təmin edə bilərik.  Bu yanaşma tələbəyə həm maddi dəstək olar, həm də təcrübə qazandırar. Bundan əlavə, müəllim köməkçisi sistemi təhsil müəssisələrində əlavə məşğələlərin təşkilinə,  şagirdlərin fərdi dəstəklənməsinə və inklüziv təhsilin inkişafına mühüm töhfə verə bilər. Dünya Bankının 2021-ci ildəki tövsiyələrində də göstərilir ki, “inkulizivlik və fərdiləşdirilmiş dəstək yalnız müəllim-assistent modelləri ilə effektiv şəkildə həyata keçirilə bilər.”

Yuxarıda dediklərimizi bir az ümumiləşdirsək, deyə bilərik ki, müəllimlik peşəsi yalnız nəzəri biliklə deyil, sinifdə qazanılan canlı təcrübə ilə yaşadıqca güclənir. Təhsilin keyfiyyətini yüksəltməyin ən təsirli yolu isə pedaqoji təhsili praktik yönümlə zənginləşdirməkdir.  Bu yanaşma həm də müəllimin peşəyə bağlılığını artıracaq, şagirdlərin nailiyyətlərinə birbaşa təsir göstərəcək.

Böyük türk mütəfəkkiri İsmayıl Qaspıralı demişdir: “Məktəblərimiz necədirsə, gələcəyimiz də elə olacaq.” Bu gün müəllim hazırlığına qoyulan sərmayə əslində sabahın cəmiyyətinə qoyulan sərmayədir. Əgər biz müəllimlərimizi gücləndirə bilsək, gələcəyimizi də gücləndirə biləcəyik.

Şəmil Sadiq

Xəbərlər

Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?

Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
Son günlər Elm və Təhsil Nazirliyi, xüsusilə də nazir Emin Əmirullayev cəmiyyətin ən çox müzakirə olunan fiqurlarından biridir. Haqlı və ya haqsız ard-arda gələn tənqidlər artıq gündəlik xəbərlərin bir parçasına çevrilib. Əslində, tənqid yaxşı anlayışdır, çünki ictimai nəzarətin mühüm vasitəsidir. Amma çox vaxt bu tənqidlər sağlam mübahisədən çıxıb emosional hücum və qaraguruh səviyyəsinə enir. Bunu görəndə qeyri-ixtiyari adamın içində münasibət bildirmək hissi də doğur. Bir dəfə yazılarımdan birinə Emin müəllim münasibət bildirərkən, “Müəllim, təhsilimizə sistemsiz deməyək, bəlkə, sistemin problemləri var, deyək” – demişdi. Göründüyü kimi, bugünkü mənzərə sadəcə kampaniya xarakterlidir, bu kampaniyaya qoşulmaq daha asandır, nəinki əksini etmək. Bu dəfə də mən əksini deməyi seçdim, amma bir az fərqli…
Yadınızdadırsa, əvvəllər təhsil sistemini daha çox valideynlər tənqid edirdi, indi isə meydanı əsasən müəllim və ya eks-müəllimlər tutub. Bu, bir tərəfdən təbiidir: təhsili ən yaxşı bilən elə onun içində olanlardır. Tənqidi də elə mütəxəssislər etməlidir. Digər tərəfdən isə aydın görünür ki, bəzən bu tənqidlər şəxsi maraqlardan qaynaqlanır (məsələn, sertifikasiyadan kəsilənlər, MİQ imtahanında uğursuz olanlar və ya sistemdən kənarda qalan keçmiş kadrlar tərəfindən). Amma burada ümumiləşdirmək də düzgün olmaz: çoxlu peşəkar təhsil işçisi var ki, şəxsi maraqdan deyil, sistemin həqiqi problemlərinə görə səsini qaldırır. Lakin bunların heç bir professional şəkildə, statistik, analiz xarakterli yazılar deyil, sadəcə populist çıxışlar səviyyəsindədir.

Elm və Təhsil Naziri Emin Əmirullayev bu vəzifəyə təyin ediləndən sonra ilk mübarizəsini elə təhsil işçilərinin özləri ilə aparmağa başladı. Mənə görə, bu, cəsarətli addım idi, çünki təhsil sırf insan faktoru ilə bağlıdır. İnsan yeniliklə ayaqlaşmırsa, ya dəyişməli, ya da dəyişdirilməlidir. Nazir dəfələrlə jurnalistlərin qarşısında açıq şəkildə sistemi tənqid edib, problemləri qabardıb. Bu haqlı səmimiyyət isə, əlbətə, müəllim ordusunun bir qismini qıcıqlandırdı. Məncə, bunun səbəbi təkcə nazir deyil, çünki bu gün müəllimlər hər kəs tərəfindən ən çox qınaq obyektinə tuş gələn peşə sahibləridir. Təhsilimizin yığışıb qalan problemlərindən əziyyət çəkən müəllimlər hardansa onları müdafiə edəcək dəstək gözlədiyi təqdirdə bir də öz nazirin səni tənqid edirsə, o zaman elə sənin də birnci küsüb inciyəcəyin adam da odur. Amma nazir bu tənqidlərində haqlıdır, çünki o da cəmiyyətin bir fərdi kimi bəzi müəllimlərin bu sistemə kömək etmədiyini görür, onlara görə də yaşın qurunun oduna yandığının daha yaxşı fərqindədir.
Digər tərəfdən bu, əslində, köhnələrlə yenilərin savaşıdır. Çünki 30 ilin yığılıb-qalan problemlərini dilə gətirmək, əlbəttə ki, əvvəlkilərin xoşuna gəlməyəcəkdi. Tənqidə oxşar bütün söz-söhbətlərin mərkəzində isə sertifikasiya, MİQ imtahanları durur. Digər xırda məsələlər bu mövzuları gücləndirmək üçün istifadə edilir. Düşünün ki, serifikasiya edilib. Müəllimlərin kütləvi şəkildə işdən çıxarılması olmasa idi, bu cür mənzərə olardımı? Əlbətə, yox.
Gəlin son zamanlar təhsil sitemimizdə hansı islahatlar, yeni layihələrin həyata keçirildiyinə, hansı problemlərin olduğuna diqqət edək:
1. Müəllimlərin sertifikatlaşdırılması imtahanları.
Sertifikasiya imtahanları, demək olar ki, bütün dünya ölkələrində təhsilin keyfiyyətini artırmaq məqsədi ilə keçirilir. Bu, həm də ona xidmət edir ki, müəllimlər daima öz üzərlərində işləsin, yeniliklərə açıq olsun. Sertifikatlaşdırma Azərbaycanda ilk dəfə 2022 ci ildən başlayıb. Axırıncı dəfə buna bənzər attestasiya başqa formatda ölkəmizdə 1994-cü ildə keçirilmişdi. Bu isə özlüyündə 20 ildən çox yığılıb-qalan problemin həlli və aşkar edilməsi idi. Sertifikasiya imtahanı nəticəsində müəllimlərin maaşı artır, onların direktordan asılılığını aradan qaldırır, müəllimin öz ixtisasını yenidən gözdən keçirməsinə, formada olmasına şərait yaradır. O zaman biz niyə bundan qorxuruq, niyə bunu bu qədər problemə çeviririk? Məgər yaxşı nəticə toplayanlar şikayətçi olarmı? Əlbətə, yox. Deməli, problemin hardan qaynaqlandığının fərqinə varırıq. Məncə, zaman-zaman bu formatın təkmilləşməsinə də ciddi ehtiyac var. Düşünürəm ki, bu imtahan sadəcə biliyin ölçülməsi ilə kifayətlənməli deyil, daha genişmiqyaslı olmalıdır. Çünki bu günün müəllimi sadəcə biliklə sinifdə lider ola bilməz. Digər tərəfdən müəllimlik üçün bilikdən daha vacib dəyərlər var: nitq, ünsiyyət bacarığı, davranış, psixoloji durum, emosional zəka və s.
Bəzən faktoloji biliyi üst səviyyədə olmayan müəllimlər olur ki, həm sevilir, həm də ciddi hörmət sahibidir. Onun digər bacarıqları biliyinin qismən tam olmamasını əvəzləyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək deyil. Bu, bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Çünki bu gün cəmiyyətə bilikli, eyni zamanda vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanların yetişdirilməsi daha çox vacibdir.
Müəllimin illik performansını qiymətləndirib nəticələri toplamaq daha obyektiv prosesdir.
Belə olduqda sadəcə repetitorluqla məşğul olan müəllimlər yaxşı nəticə əldə edir ki, bu da bugünkü kurikulumun fəlsəfəsinə ziddir. Çünki bizi yenidən və sürətlə yaddaş məktəbinə qaytarır.
2. Müəllim və direktorların işə qəbulu.
Son zamanlar Elm və Təhsil Nazirliyi müəllim və direktorların işə qəbul prosesini mərkzələşdirilmiş qaydada aparır. Düzdür, bu proses 2009-cu ildən başlamışdı, amma 2014-cü ildə Mikayıl Cabbarov təhsil naziri olandan sonra elektron formada keçirilməyə başlanıldı. Orta yaşlı nəsil yaxşı xatırlayar ki, bu prosesisin işə düşməməsindən əvvəl məktəblər işə qəbul harda, necə gəldi aparırdı. Ya adamın olmalı idi, ya pulun, ya da bəxtin. Standart bir qaydanın olmaması isə minlərlə savadsız insanın müəllim kimi işə başlamasını, məktəbi baş qatmaq üçün seçilən bir yer etmişdi. İndi isə üzərində işləyən, potensialı olan hər kəs burda uğur qazana, alnı açıq, üzü ağ şəkildə işə düzələ bilir. Buna görə, bu işi görənlərə səmimi qəlbdən təşəkkür etməli, gələcəyin daha daha yaxşı olacağına ümidli olmalıyıq.
Bu prosesdə qüsur varmı? Əlbəttə, var. Məncə, ilk növbədə vakant yerlər ən azı imtahandan 6 ay qabaq açıqlanmalıdır. Suallar imtahandan sonra cəmiyyətə açıqlanmalı, bu, həm də sertifikasiya imtahanları üçün keçərli olmalıdır. Sual hazırlayan qurum DİM formatını yox, pedaqoji bacarıqların yoxlanmasını əsas götürməlidir, universitetlərin tədris proqramına söykənməli, konkret ali məktəb vəsaitləri olmalıdır, sadəcə məktəb dərslikləri yox. Bunun üçün də vahid ədəbiyyat siyahısı açıqlanmalı və ona əməl edilməlidir. Elə bir sistem qurulmalıdır ki, artıq universitetin diplom və ya dövlət imtahanı məktəbə qəbul prosesi üçün keçərli olsun. Bu da, sözsüz ki, universitetlərimizin inkişafından asılıdır.
3. Təmayüllü liseylərin açılması.
Bu addım Elm və Təhsil Nazirliyinin son zamanlar atdığı çox böyük və uğurlu addımdır. Bilməyənlər üçün deyim ki, bu cür xüsusi liseylərin funksiyası xüsusi istedadlı uşaqların üzə çıxarılması və nəzarətə götürüb inkişaf etdirilməsi funksiyasını daşıyır. Sovet dövründə bu cür məktəblərimiz vardı, amma rejim dağılandan sonra bu məktəblər sıradan çıxmış və ya funksiyasını itirmişdi. 2015-16-cı tədris ilində təhsil nazirliyinin pilot layihəsi əsasında müxtəlif təmayüllü məktəblərin açılmasına start verilmişdi. Son illərdə isə bu proses bir az da genişləndirilərək Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Şəki, Quba kimi şəhərlərimizi də əhatə etdi. Bu kimi digər liseylərimizə qəbul üçün vahid imtahan təşkil olunur, mərkəzləşdirilmiş şəkildə qəbul aparılır. Bu məkəblərin varlığı son illər olimpiadalardakı uğuru şərtləndirir və nəticəsini görməkdəyik. Belə ki, bir zamanlar bu işi özəl liseylər görürdü, indi bu cür dövlət məktəbləri özəl liseylərə rəqib olub, tam ödənişsiz formada yüksək təhsil verir. Həmçinin bu məktəblərə ölkəmizin ən yaxşı müəllimləri toplanır. Əlbəttə ki, bu layihə özlüyündə böyük addımdır. Çoxdan edilməli və bu gün barını dərməli idik, amma elə deyil, təəssüf ki. Qazaxıstandan bu cür məktəblər ən az 20 ildir ki, var. Deyilənə görə, Nazarbayev soruşur ki, niyə həmişə uğurlu nəticəsi olan uşaqlar Türk liseylərindən (O zaman Fətullah Gülən məktəbləri idi) çıxır, deyirlər, onlar uşaqları imtahanla seçir, seçilmişlərə ödənişsiz təhsil verir, ona görə də dövlət məktəbindəki istedadlı şagirdlərimiz ora gedir. O da deyir ki, biz onlardan zəifik bəyəm, gedin, nə qədər maliyyə lazımdırsa, ayırın, dövlət də belə məktəbləri açsın. Bu gün Beynəlxalq Nazarbayev məktəbləri bu işi uğurla həyata keçirir. Artıq bizim də təhsilimizdə belə xüsusi liseylər var və dövlət bunlara lazım olan bütün şəraiti yaradır. Həmin məktəblərin nəzdində olimpiada mərkəzlərinin qurulması da sevindirici haldır.
4. Akreditasiya.
Bir neçə ildir ki, universitetlərimizin akreditasiyası başlanılıb. Hətta bəzi universitetlərimiz bu akreditasiyalardan keçə bilməyib, buna görə də müəyyən vaxt verilib. TKTA-nın bu layihəni uğurla və obyektiv şəkildə həyata keçirdiyinin şahidi olan insan kimi deyə bilərəm ki, universitetlərimizdə təhsilin ciddi şəkildə axsadığının qarşısını almaq və ya inkişaf etdirmək üçün alqışlanılası addımdır. Həmçinin 20 ildən çoxdur ki, sistemsiz şəkildə həyata keçirilən ixtisas proqramlarının hazırlanması üçün nazir səviyyəsində komissiyanın yaradılması, hər komissiyaya özəl sektordan, əmək bazarından rektorlarla bərabər həm sədr təyin edilib, səlahiyyət verilməsi özlüyündə təhsilimizin inkişafına xidmət edir. Bunları cəmiyyət yaxından görə bilmir, amma işin içində və mütəxəssisi olanda ciddi işlərin görüldüyünün şahidi olursan.
5. Tələbələrin universitet, ixtisas yerdəyişməsi, köçürülməsi, diplomların tanınması şəffaf və sistemli şəkildə aparılır. Daha bunun üçün kimlərəsə xahiş etməyə, tapşırmağa, qeyri-qanuni yollara əla atmasına ehtiyac yoxdur. Sənədlər qaydasındadırsa, meyarlara cavab veririsə, kreditlər yerindədirsə, kimlərinsə qapısını yağır etmədən onlayn sistem üzərindən bunu çox sadə yolla həyata keçirmək olur. Amma sən xaricdə təhsil alırsan, amma bir dəfə də olsun, əyani oxuduğun universitetə getməmisənsə, xaricdə təhsil aldığın dili bilmirsənsə, sənə “yox” deyilirsə, burda nazirliyi günahlandırmaq, ən azından cahillikdir. Rusiyanın universitetlərinə rüşvətlə qəbul olub rüşvətlə oxuyursansa, dövlət də bunun qarşısını alırsa, deməli, dövlətə alqış və təşəkkür düşür!
6. Dövlət-özəl əməkdaşlığı.
Son illər özəl bağçalarda təhsil almaq istəyən uşaqlara dövlət 250 manata qədər dəstək verir. “Əgər dövlət bağçasını bəyənmirsənsə, get, özəldə təhsil al, onun müəyyən məbləğini mən qarşılayıram” – deyir. Məlumat üçün deyim ki, dövlət bağçalarında bir uşaq üçün dövlət təqribən hər aya 300-500 manat büdcə ayırır. Bu addım həm dövlət büdcəsinə dəstəkdir, həm də bağçaların rəqabət əsaslı inkişafına şərait yaradır. Bunun başqa formatı özəl universitetlərimizdə dövlət sifarişli yerlərdir. Ümid edirəm, bir gün bu proses orta məktəblərə də şamil edilər, fədi maliyyələşmə sistemi tam formalaşar.
7. 5-6 ildir ki, müəllimlərə təhsilə dəstək layihələr üçün qrant ayırılır. Hər il elan edilən bu layihədə mindən çox müəllim qrant alaraq müəyyən layihəni həyata keçirə bilir. Bu müasir standartlara cavab verən gərəkli bir addımdır. Bir neçə dəfə bu qrant layihələrinin münsiflər heyətində olmuşam. İlk dəfə dəvət ediləndə “yox” dedim, “yox”un izahını da verdim ki, mən qeyri-qanuni pul yeyintisinə qol çəkə bilmərəm. İnandırıldı ki, tam müstəqil və şəffaf şəkildə hərəkət edəcəksiniz. 3 il ard-arda işin içində oldum və obyektivliyi gördüm, sevindim, qürurlandım. Amma müəllimlərimizin də bəzilərinin normal cümlə qura bilməməsinin şahidi oldum: həmin müəllimlərin ki, sonradan sosialda haqsızlıqdan şikayətlənirdilər. Bu qrant layihəsi həm müəllimləri yaradıcılığıa sövq edir, həm də məktəb büdcəsindən əldə edə bilmədikləri maliyyəni alıb təhsilimizə xidmət edirlər.
Bu və bu kimi uğurlu layihələrin siyahısını çoxlatmaq olar. Lakin məqsədim təhsil sistemimizin, bu işlə məşğul olan məmurların hər şeyi ideal etdiklərini bağırmaq deyil. Sadəcə köhnə ilə təzəni müqayisə edib bir az optimist olduğumu demək istəyirəm. Dediklərimin hər birində problem var: təkmilləşməlidir, xətalar olur, olacaq da. Amma istənilən layihə və islahatla bağlı analitik təhlil edib təkliflər verilməli, obyektiv şəkildə tənqid edilməldir. Tənqidi eşidənlər də məsələni şəxsiləşdirməməli, düzgün qiymətləndirməldir. Emin Əmurullayev yeni nazir təyin ediləndə ona 10 bəndlik təkliflər yazmış və görüş istəmişdim. Düz iki saat müzakirə etdik, razı olduğu da, olmadığı da oldu. Bəzilərinin sonradan bu və ya digər mənada həyata keçirildiyini də gördüm.
Beləliklə, Təhsil Nazirliyinə qarşı tənqidlərin bir qismi emosional və şəxsi maraqlardan qaynaqlansa da, sistemdə real problemlərin mövcudluğu da faktdır.
Əgər məqsədimiz, həqiqətən, təhsilin yaxşılaşmasıdırsa, nə qərəzli hücum, nə də kor-koranə müdafiə çıxış yolu deyil. Gərək uğurları da görək, problemləri də açıq deməkdən çəkinməyək. Ancaq bu halda tənqid həm faydalı olar, həm də hədəfə dəyər.
Şəmil Sadiq

Xəbərlər

Sabunçu rayonunda Azərbaycanın ilk açıq hava elm mərkəzi açılır.

Sabunçu rayonunda Azərbaycanın ilk açıq hava elm mərkəzi açılır.
Azərbaycanın təhsil mühitində mühüm bir yenilik reallaşır. Sabunçu rayonunda yerləşən Hədəf Liseyi Stars campus ərazisində ölkəmizin ilk Açıq Hava Kamil İnteraktiv Elm Mərkəzi fəaliyyətə başlayır. Layihənin rəhbəri, Hədəf Liseyinin qurucu direktoru, dosent Şəmil Sadiq bildirib ki, mərkəzdə 20-yə yaxın interaktiv elmi eksponat qurulacaq və əsas məqsəd məktəblilərin elmi toxunaraq, edərək və əylənərək öyrənməsini təmin etməkdir. Elm Mərkəzində fizika, kimya, riyaziyyat, biologiya, informatika kimi fənlərə aid böyüdülmüş, real işlək konstruksiyalar təqdim olunacaq. Mərkəz təkcə liseyin balabilgələri üçün deyil, həftə sonları digər məktəblilər və ziyarətçilər üçün də açıq olacaq. Eksponatlar ziyarətçilərə klassik dərs mühitindən kənarda, açıq havada elmin gözəlliyini və prinsiplərini təcrübə yolu ilə öyrənmək imkanı yaradacaq. Burada təqdim ediləcək bəzi nümunələri sizinlə tanış edirik:
• Şaquli momentum – enerji və hərəkət miqdarının qorunması qanunlarını nümayiş etdirən mexaniki qurğu;
• Nyuton beşiyi – təsir və əks-təsir qanununun vizual izahı;
• Maye dinamikası – girdabların əmələgəlmə prosesini əyani göstərən qurğu;
• Səsli borular – akustikanın əsas prinsiplərini izah edən musiqili təcrübə;
• Səsin səyahəti – səsin havada yayılma sürətini hiss etdirən interaktiv model;
• Pifaqor modeli – məşhur riyazi teoremin vizual təqdimatı;
• Avtomobil qaldırıcı – mexaniki üstünlüyün gündəlik həyatda tətbiqini göstərən eksponat;
• Böyük qulaq – səs dalğalarının fokuslanma prinsiplərini nümayiş etdirən parabolik səth;
• DNT modeli – həyatın genetik kodunun ikili spiral quruluşunun təsviri.
Dosent Şəmil Sadiq layihə barədə bildirib: “Elm yalnız kitab səhifələrində deyil, həyatın özündədir. Biz istəyirik ki, uşaqlar sadəcə oxumasın, görsün, toxunsun, hiss etsin. Bu mərkəz elmin əyləncəli və əlçatan olduğunu göstərmək üçün yaradılıb”.
Yeni mərkəz Azərbaycanın elmi maarifləndirmə sahəsində ilk açıq hava konseptli təcrübə məkanı olmaqla yanaşı, həm də regionda məktəblilər üçün innovativ təhsil modelinə nümunə olacaq. Açılış mərasimi sentyabrın 12-də baş tutacaq və ictimaiyyət üçün açıq olacaq.
Ünvan: Hədəf Liseyi Stars campus / Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 3.

Xəbərlər

Qalibiyyətin Ardınca: Siyasətdə və Sülhdə Türkün Səsi

Böyük türkoloq Murad Adcı “Qıpçaq çölünün yövşanı” əsərində yazır ki, türklər həmişə döyüşdə qalib gəlir, amma siyasətdə uduzur. Buna görə də Çinlilərin siyasəti qarşısında tab gətirə bilmədilər.
XXI əsrin başlanğıcında, Zəfərin 5 illiyində Azərbaycanın yürüdüyü nizamlı və ağıllı beynəlxalq siyasət göstərdi ki, artıq biz siyasəti ən az savaş qədər bacarırıq. Bu qədər qarmaqarışıq və geosiyasi gərginliklərin yaşandığı bir zamanda Azərbaycan dövləti heç zaman büdrəmədi, hər dəfə əmin və düşünülmüş addımlarla irəlilədi. Rusiya, İran, Türkiyə, Amerika, Avropa – hər biri öz müstəqil siyasətini yürüdüb, hadisələrə öz maraqları prizmasından yanaşdı. Yalnız Türkiyə dost və qardaş münasibəti ilə daim yanımızda oldu. Amma Azərbaycan bu prosesdə ölkəsini heç bir zərbə altında qoymadan, ağır sınaqlardan uğurla çıxara bildi. Bu, liderinin güclü iradəsi, zəkası və siyasi bacarığı, ordusunun əzmi, xalqının güvəni ilə mümkün oldu. Bu dəfə “başsız atlı” olmadıq – həm atımız var, həm də başımız!
Tarixi anlara şahidlik edirik! Bizdən sonra gələcək nəsillər bizə görə utanmayacaq – başıuca, alnıaçıq, üzüağ olacaq!
Asta-asta, nəyi, nə zaman, necə edəcəyimizi bilərək yürüdük bu yolda. Mən xoşbəxtəm! Mən şadam, sevincliyəm! Arzum odur ki, heç bir zaman savaş olmasın, nə düşmən, nə də dost qanı tökülsün; insanlıq və sevgi qalib gəlsin!
Dünya duysun bu səsi – bu, türkün səsidir! Bu, ədalətin səsidir! Biz qalib dövlətin qalib vətəndaşlarıyıq!
Mən əminəm ki, “Sülhməramlılar buradan nə vaxt gedəcək?” sualının tərəddüdünü dəf etdiyimiz kimi, bir gün o yol da bizim olacaq! Gedib-gəlməsək də, o yol bizim olacaq, çünki bizimdir!
Şəhid ailəsinin, qazinin, köçkünün, qaçqının nə çəkdiyini tam dərk edə bilmədiyimiz kimi, blokadada yaşayan Naxçıvanlıların dərdini də yaşamayan bilməz! Son 100 ildə Naxçıvan həmişə çətinliklərlə üz-üzə qalıb – Sovetin ən ucqarı idi, müharibədə bədəndən ayrı düşmüş qol idi. İndi isə o qol yenidən bədənlə birləşir, canlanır. Yaxın gələcəkdə bu iqtisadi yol açıldıqdan sonra bizim camaat nə bilet dərdi çəkəcək, nə də məcburiyyət qarşısında qalıb İran yolunda hər an sərhədçilərin alçaldıcı davranışına məruz qalacaq. Çünki İran illərdir bizə “əlimizdə təsbeh, ağzımızda saqqız” verərək süni gərginlik yaşadıb!
Rusiya isə öz “ayı gücü” ilə qorxudub. Ümid edirəm ki, bu da bitdi və bitəcək! Qırılmış Turan xətti birləşəcək!
Gözün aydın, Vətən!
Gözün aydın, Millət!
Xəbərlər

Vikipediya, azad ensiklopediya

Şəmil Sadiq (3 sentyabr 1978NehrəmNaxçıvan rayonu) — Azərbaycanlı alim-filoloq, publisist[1]-naşir[2], filologiya üzrə fəlsəfə doktoru[3]-dosent. Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru; Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktorudur.

2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi” mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “İlin Ən Yaxşı müəllimi” seçilmişdir.

2008-ci ildən şəxsi təşəbbüsü və səyi nəticəsində “Hədəf Kursları”nın həmtəsisçisi və baş direktoru, 2009-cu ildə Hədəf Nəşrlərini təsis etmişdir. Hazırda Hüseyn Cavidin Ev Muzeyində Cavidşünaslıq şöbəsinin müdiri, Hədəf Kursları və Hədəf Liseyinin də baş direktoru vəzifəsində çalışır.

Ustad” aylıq ədəbiyyat və sənət jurnalını, hər il keçirilən təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında inteqrasiyaya fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılayan Fənlərin Dostluğu Olimpiadasının (FDO), ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən “Senet.az” saytının, həmçinin, “Hədəf” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasında nəşr olunan kitabların da ideya rəhbəridir.[4]

“Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanın, orta məktəb şagirdləri üçün “Azərbaycan dili”, “Ədəbiyyat”, xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün “Azərbaycan dilini öyrənirəm” dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün “Dədə Qorqud” və “Azərbaycanımızı tanıyaq” adlı layihələrin ideya müəllifi və redaktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi “Oxu Günü” layihəsinin təsisçisi, Xocalı faciəsinə həsr edilmiş “Ümidlərin izilə” tarixi romanının həmmüəllifidir.

“Qana qan qarışdı” pyesi 2010-cu ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Həmin ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Fənlərin Dostluğu Olimpiadasını, 2014-cü ildə “Anamın kitabı” ədəbi mükafatını təsis etmişdir. 2015-ci ildə “Odərlər” romanına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı ilə təltif edilmişdir.[5][6]

Ədəbiyyat525, Ağ yol, Kaspi kimi mətbu orqanlarda, “AzEdu.az”“muallim.edu.az” kimi saytlarda elmi, bədii və publisistik yazıları dərc edilir, əsərləri haqqında tənqidi məqalələr yazılmışdır. Müəllifin bədii əsərləri türk, rus, alman, fars, türkmən dillərində nəşr edilmişdir.

Bir müddət “Vətən Övladı” qəzetinin redaktoru olmuş 33 elmi-metodik, 5 bədii kitabın, 50-yə qədər isə elmi məqalənin müəllifi və ya həmmüəllifi, onlarla kitabın redaktoru və rəyçisidir.

Hədəf Kursları, Hədəf Liseyi, Hədəf Nəşrləri, XAN Nəşrləri, “Kitabevim.az” mağazalar şəbəkəsi, Hədəf Multimedia və Hədəf Global Xaricdə Təhsil Şirkəti və EDUHEK konsultinq MMC-nin daxil olduğu “Hədəf Şirkətlər Qrupu”nun qurucusu və baş direktorudur.[7]

2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.[8][9]

Ailəlidir, iki oğlu, iki qızı var.

Həyatı

Şəmil Kamil oğlu Sadıqov 1978-ci il sentyabrın 3-də Azərbaycan SSRNaxçıvan MSSRBabək rayonunun Nehrəm kəndində anadan olmuşdur.

2001-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavriaturasını, 2003-cü ildə isə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.

2007-ci il may ayında “Hüseyn Cavid yaradıcılığında qəhramanlıq konsepsiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2017-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl Xətai Komissiyasının sədridir.[10][11][12]

2019-cu ildə XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin Bakıda keçirilən iclasında Şəmil Sadiqin “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” kitabı xüsusi diploma layiq görülüb.[13]

2021-ci ildən Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təsisçisi və sədridir.[14][15][16][16][17]

Elmi və pedaqoji əsərləri

  • “Hüseyn Cavid yaradıcılığında sənətkarlıq məsələləri”, monoqrafiya, 2003,
  • “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyasi”, monoqrfiya, 2011,
  • “İsa Muğanna İdeal işığında”, monoqrafiya, 2017,[18]
  • Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər[19][20]
  • Orta məktəb şagirdləri üçün “Ədəbiyyat”, dərs vəsaiti, 2018,
  • Orta məktəb şagirdləri üçün “Azərbaycan dili”, dərs vəsaiti, 2019,
  • Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycandakı xarici vətəndaşlar üçün “Azərbaycan dilini öyrənirəm”, 2012, 2019, dərs vəsaiti,
  • “İnsan mühəndisi”, monoqrafiya, 2020,
  • “Mən bir müəlliməm”, monoqrafiya, 2018.
  • The concept of a common religion in Isa Mughanna’s novels [21][22]

Bədii yaradıcılığı

Şəmil Sadiq bədii yaradıcılıqla hələ uşaq yaşlarında məşğul olmuşdur. 1990-cı ilin 20 Yanvar hadisələri vaxtı ilk şeirini yazıb.[23] İlk mətbu əsəri 2002-ci ildə Yeni Azərbaycan qəzetinin Ədəbiyyat əlavəsində işıq üzü görmüşdür. Əruzşünas alim Zülfəli Zülfəliyevlə tanışlığı onun əruz vəznində şeirlər yazmasına böyük təsir etmişdir. 2003-cü ildə Ağa Laçınlının ön sözü ilə çap edilən “Qəlbin Fəryadı” şeirlər kitabında əruz və heca vəznli şeirlərlə yanaşı “Türkün faciəsi” adlı bir pərdəli pyesi və Hüseyn Cavidin “Azər” poemasının təsiri ilə “Əsrimizin Azəri” adlı poeması da yer almışdır. Sonralar Dədə Qorqud dastanının motivləri əsasında yazılmış “Türkün faciəsi” bir pərdəli səhnəciyinin üzərində işləyərək 4 pərdəli “Qana qan qarışdı” pyesini yazmış və 2005-ci ildə çap edilən eyni adlı kitaba daxil edib. Həmin pyes isə 2010-cu ildə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında səhnələşdirilib. 2005-2012-ci illər arasında daha təhsillə məşğul olmuş, məktəb və universitetdə dərs dediyi və elmi fəaliyyətlə məşğul olduğu bədii yaradıcılığında bir durğunluq hiss edilir.

Lakin 2013-cü ildə çap edilən “Bu türk daha o türk deyil” şeirlər kitabındakı nümunələr baxanda həmin dövrdə ara-sıra şeirlər yazdığı və mətbuatda çap etdirdiyi məlum olur. 2012-ci ildə Müşfiq Xanla birgə yazdığı Xocalı faciəsinə həsr edilmiş “Ümidlərin izi ilə” tarixi romanı[24] 2016-cı ildə rus dilində çap edilmişdir.[25] 2013-cü ildə müəllifin “Bu türk daha o türk deyil” şeirlər, “Qana qan qarışdı” adı ilə pyesləri və hekayələri çap edilmişdir. Elə həmin ilin sonunda çap edilən “Odərlər” romanı müəllifə ən çox şöhrət gətirən roman olub. İsa Muğanna ilə dostluğu “Odərlər“ romanında “Qana Qan qarışdı” pyesindəki xətti bir daha gücləndirib milli ideologiyanı daha qabarıq sərgiləyib. Sonra Türkiyədə türkcə çap edilən “Odərlər” romanı[26][27] 2016-ci ildə Almaniyada çap edilib. “Odərlər” romanının ön sözünü müəllifin özünə ustad hesab etdiyi İsa Muğanna yazmışdır. 2015-ci ildə müəllifin “Arvadsız kişi” hekayələr kitabı çap edilib. 2016-ci ildə isə “Yuxu maşını” adlı uzun hekayəsi işıq üzü görmüşdür. Bu illərdə Ədəbiyyat525, Ağ yol, Kaspi kimi mətbu orqanlarda elmi, bədii və publisistik yazıları dərc edilir, əsərləri haqqında tənqidi məqalələr yazılmışdır. Müəllifin əsərləri türk[28]rus[29]almanfarstürkmən dillərində nəşr edilmişdir.

Əsərləri

  • Bu Türk daha o türk deyil
  • Ümidlərin izi ilə[30][31]
  • Qana qan qarışdı
  • Odərlər[32]
  • Arvadsız kişi

Dövlət təltifləri, fəxri adlar və mükafatları

  • Yasamal Rayon Təhsil Şöbəsi 2004-2005-ci tədris ilində “Təhsil sistemində müasir yanaşmaların təşəkkül ili” çərçivəsində keçirilən müsabiqələrdə iştirakına görə fəxri fərman.
  • Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti. 2005-ci il. “İlin Ən Yaxşı müəllimi” müsabiqəsinin qalibi sertifikatı.
  • 2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi” mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür.[33]
  • 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurrikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir.
  • Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 24.07.2007-10.08.2007 tarixində Türkcə öyrənmək, Türk mədəniyyəti, Türkiyənin milli eğitim sistemi” seminarında iştirakına görə sertifikata layiq görülmüşdür.
  • İQED 2010 I international conference. Certificate of attendance.
  • Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Elmi Şurasının qərarı ilə 2010-cu ildə “Ən yaxşı müəllim” nominasiyası üzrə diplom verilib.
  • Ukrayna Azərbaycanlıları Konqresi – 2012. Azərbaycan dilinin inkişafı üçün göstərdiyi xidmətə görə Fəxri Fəman.
  • 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turzim Nazirliyinin tərəfindən “Odərlər” romanına görə “Nəsr nominasiyası” üzrə “Qızıl Kəlmə” mükafatının qalibi olub.[34][35]
  • Bakı şəhər üzrə Təhsil İdarəsi və “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyi tərəfindən təşkil olunmuş XV Bakı Karl Popper Debat formatı üzrə keçirilən turnirin debat məşqçisi sertifikatı ilə təltif edilmişdir.
  • 2018-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “İlin Gənc Alimi” adına layiq görülüb.[36]
  • “Yuxu maşını” kitabına görə Rusiya Yazıçılar Birliyinin təşkil etdiyi “İlin yazarı-2018” Ədəbiyyat Mükafatına layiq görülüb. “İlin ən yaxşı hekayəsi” nominasiyasına təqdim edilmiş fantastik-qurğu janrında yazılan “Yuxu maşını” 8 milyona yaxın əsər arasından seçilərək ilk pilləyə yüksələ bilib. Əsər Baş Münsiflərin tərtib etdiyi almanaxa salınıb və rusca çap edilib.[37][38][39]
  • 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.[8][9]

İştirak etdiyi layihə və aldığı sertifikatlar

  • Bakı şəhər üzrə Təhsil idarəsi və “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyi tərəfindən təşkil olunmuş XV Bakı Karl Popper Debat formatı üzrə keçirilən turnirin debat məşqçisi sertifikatı ilə təltif edilmişdir.
  • 2006-2007-ci illərdə AR Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurrikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir.
  • Milli Kurlturoloji Mükafat. “2009-cu ilin dərs kitabı”, Filoloq alim Şəmil Sadiqin “Ədəbiyyat” dərs vəsaiti. X-XI siniflərin tədris materiallarını əhatə etməklə, abituriyentlər və ədəbiyyat həvəskarlarına ünvanlanaraq “Hədəf” hazırlıq kurslarının silsilə dərs vəsaitlərindən biri kimi intellektual ədəbiyyat sahəsindəki populyarlığa, üslubi-metodoloji yeniliklərə görə layiq görülür. Yeni yazarlar və sənətçilər qurumu, Bakı, 27 may, 2010-cu il
  • Sertifikat Sadıqov Şəmil Kamil oğluna ondan ötrü verilir ki, o, “İnsan alveri: Təhlükələr və Qabaqlayıcı Təşəbbüslər” üzrə Təlimçilər üçün Təlim kursunu bitirmişdir. İnternational Organization for Migration (İOM), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), 4.10.2011-6.10.2011
  • Fəxri Fərman. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma Azərbaycan dili və Ədəbiyyat kafedrasının dosenti Sadıqov Şəmil Kamil oğlu 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə və təhsil sahəsində əldə etdiyi uğurlara görə təltif olunur. Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Bakı 2014.
  • Təşəkkürnamə. Azərbaycan Respublikası “HƏMRƏY” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi. “Region gənclərinin ictimai fəallığının artırılması” adlı Seminar-Təlimlərin həyata keçirilməsinə göstərdiyi köməyə görə verilir: Fil.f. d., dos., cənab Şəmil Sadiqə. Qəbələ, 27 sentyabr 2013-cü il
  • Təbriknamə. Hörmətli Şəmil müəllim, sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, sizə can sağlığı, xoşbəxtlik, daimi təbəssüm və gələcək həyatınızda uğurlar arzu edirəm. Vətənimizin inkişafı yolunda gördüyünüz bütün işlərdə müvəffəqiyyətlər diləyirəm!!! Tural Qədirxum, 2011-2012
  • Fəxri Fərman. 20 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sadıqov Şəmil Kamil oğlu “İlin ən yaxşı müəllimi” şəhər müsabiqəsində fərqləndiyinə görə təltif olunur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti, 8 sentyabr 2005-ci il
  • Certificate of Attendance. This is to confirm that Şəmil Sadıqov has attended the İnternational Conference of “The Pathfinders of the Turkic World: Mehmet Akif Ersoy And Huseyn Cavid” between 16-18 May 2013. On behalf of the organizing committee, Prof. Dr. AhmetSanic Rector of Qafqaz University. 16-18 May, 2013.
  • Fəxri Fərman. 20 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sadıqov Şəmil Kamil oğlu 2004-2005-ci dərs ilində “Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili” çərçivəsində keçirilən müsabiqələrdə iştirakına görə təltif olunur. Yasamal Rayonu Təhsil Şöbəsi
  • Bakı Dövlət Universitetinin rektorunun 29.06.2002-ci il tarixli 4/138 saylı qərarı ilə oxuduğu müddətdə yüksək təhsil göstəricilərinə, ictimai fəallığına görə və məzun günü münasibətilə Sadıqov Şəmil Kamil oğlu Fəxri Fərmanla təltif edilir. Rektor, prof. A.M.Məhərrəmov, 29 iyun 2002-ci il
  • Certificate of Attendance. This is to certify that Shamil Sadigov has attended the İnternational Conference “İnnovation, Quality of Education and Development” held in Baku, November 9-11, 2010. İQED 2010. Co-chairman Organizing Committee, Rector of Baku İn Service Teachers Training and Re-training İnstitute professor Asaf Zamanov. 10.11.2010
  • Diplom. Bakı Dövlət Universiteti Filologiya fakültəsinin IV kurs tələbəsi Sadıqov Şəmil Kamil oğlu BDU Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi Tələbə Klubu tərəfindən keçirilən “Şahmat Çempionatı” uğrunda 1-ci yeri tutduğuna görə təltif olunur. BDU-nun ATHİK sədri N.Q.Şıxəliyev
  • Ukaryna Azərbaycanlılar Konqresi tərəfindən “Cümhuriyyət-100” medalı ilə təltif edilmişdir. (ГРАМОТА нагороджуеться Шамиль Садиг за вагомийвнесок у розвиток азербайджанськои диаспори в Украини. Конгрес Азербайджанцив Украини (КАУ), Ukrayna Azərbaycanlılar Konqresi (UAK). Киев-2012.)

Layihələri

Həmçinin bax

İstinadlar

  1.  “Şəmil Sadiq etiketinə aid xəbərlər”2021-04-13 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  2.  “Şəmil Sadiq. Bölgələrə kitabla gəlirik…”2022-10-08 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  3.  Məktəblər lazımsızdır, yaşasın repetitorluq!” – Şəmil Sadiq”2022-10-06 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-01.
  4.  “Öz uğurlarının qəhrəmanı və ya mənim tanıdığım Şəmil Sadiq”2022-10-06 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-01.
  5.  “Azərbaycan Milli Kitabxanasında “Qızıl kəlmə” ədəbi mükafatı təqdim edilib”2022-10-06 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  6.  Qızıl kəlmə” ədəbi mükafatının təqdimolunma mərasimi keçirilib”2022-10-05 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  7.  Kitabların İzində” layihəsi – Şəmil Sadiq ilə görüş”2022-10-06 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  8.  “İlham Əliyev təhsil işçilərini təltif edib”2022-10-18 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-16.
  9.  “Şəmil Sadiq “Tərəqqi” medalı ilə təltif edildi”2022-10-16 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-16.
  10.  “Şah İsmayıl Xətai Komissiyasının ilk iclası keçirilib”2017-08-11 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  11.  “Şah İsmayıl Xətainin kitabı nəşr olundu”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  12.  “Şah İsmayıl Xətai Komissiyasının ilk iclası keçirildi –FOTOLAR”2022-10-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  13.  Hədəf” Nəşrlərinin kitabları Beynəlxalq müsabiqədə mükafat qazandı”2022-09-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 2020-03-26.
  14.  Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  15.  “Azərbaycan Nəşriyyatları Assosiasiyası media nümayəndələri ilə görüş keçirib – FOTO – VİDEO”2022-10-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  16.  Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın illik hesabat iclası keçirildi – FOTOLAR”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  17.  Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  18.  “Məzar başında sazla kitab təqdimatı – FOTOLAR”2022-09-22 tarixində arxivləşdirilibİstifadə tarixi: 2020-03-26.
  19.  Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər” kitabında 22 ədəbi-elmi məqalə yer alıb”2019-05-01 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  20.  Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər” kitabı işıq üzü görüb”2022-10-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  21.  “rus.ucf.edu.cu”2022-10-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  22.  “Revista Universidad y Sociedad”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  23.  “Şəmil Sadiq: “Mənim üçün üç böyük şair və yazıçı var” – Müsahibə”2022-10-04 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-01.
  24.  “Mükəmməl roman haqqında xırda qeydlər – Sabir ŞAHTAXTI”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  25.  “Xocalı soyqırımı ilə bağlı “Ümidlərin İzi ilə” adlı roman rusca çap olunub”2022-10-21 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  26.  Od Erler: Mahşer Yolcuları[ölü keçid]
  27.  “Od Erler: Mahşer Yolcuları Paperback – 3 Nov. 2014”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  28.  “Berfin Bahar Aylık Kültür Sanat ve Edebiyat Dergisi Sayı : 218 Nisan 2016”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  29.  “Машина сна. Рассказ”2022-10-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  30.  Ümidlərin izi ilə” kriminal-detektiv romanının təqdimatı keçirilib”2022-10-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  31.  Ümidlərin İzi ilə” kitabı Qazaxıstanda – FOTO”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  32.  “Şəmil Sadıq və Odərlər”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  33.  Gənc yazarların bir qismini ya fələk aparır, ya kələk, ya leylək, ya da ələk” – MÜSAHİBƏ”2022-10-05 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  34.  Qızıl kəlmə” mükafatının bütün qalibləri – SİYAHI”2022-10-07 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  35.  Qızıl Kəlmə” ədəbi mükafatı təqdim edildi”2022-10-07 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  36.  İlin Gənc Alimi” adına layiq görüldü”2022-10-08 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  37.  Yuxu maşını” kitabına görə Rusiyada “İlin yazarı” seçildi”2022-10-05 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  38.  “Rusiyada “İlin yazarı” seçildi”2022-10-02 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  39.  Yuxu maşını” kitabına görə Rusiyada “İlin yazarı” seçildi”2022-10-02 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  40.  Ustad” ədəbiyyat və sənət dərgisinin ilk sayı çapdan çıxıb”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  41.  Ustad”ın Novruz buraxılışı işıq üzü görüb”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  42.  “Yeni ədəbiyyat jurnalı çıxdı: “Ustad2022-10-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  43.  Ustad” dərgisinin təqdimatı keçiriləcək – Foto”2022-10-16 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  44.  “11-ci “Fənlərin Dostluğu Olimpiadası” keçirildi”2022-10-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  45.  “XI “Fənlərin Dostluğu Olimpiadası”nın mükafatlandırma mərasimi keçirildi”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  46.  “11-ci “Fənlərin Dostluğu Olimpiadası” keçirildi”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  47.  Oxu günü”ndə “Əsgərə kitab” aksiyası keçiriləcək”2019-03-11 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  48.  “BAKIDA “OXU GÜNÜ” KEÇİRİLİB”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  49.  Oxu Günü-8″ sərgi-festivalı keçirildi”2022-10-16 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  50.  “Xırdalanda “Oxu Günü” keçirilib – FOTOLAR”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  51.  “Xırdalanda “Oxu Günü” keçirilib — FOTOLAR”2022-10-18 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  52.  Anamın Kitabı”nın qalibləri mükafatlandırılacaq”2022-10-16 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  53.  Anamın kitabı” pyes müsabiqəsi”2022-10-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  54.  Anamın kitabı”: Ədəbi mükafat”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.

Mənbə

Xarici keçidlər

Xəbərlər

Bakı Slavyan Universitetinin ad və missiyası dəyişməlidir

Bakı Slavyan Universitetinin admissiyası dəyişməlidir

Azərbaycan təhsil sistemi yeni mərhələyə qədəm qoyur. Qloballaşan dünyanın çağırışları, dəyişən nəsil tələbləri və dövlətimizin strateji vizionu bizdən yalnız texniki deyil, həm də ideoloji dəyişikliklər tələb edir. Bu baxımdan, universitetlərimizin yalnız adında və strukturunda deyil, həm də vizion və missiyalarında dərinlikli dəyişikliklərə ehtiyac duyulur.

Bu fikri xüsusilə Bakı Slavyan Universiteti (BSU) kontekstində səsləndirmək istərdim. Tarixə nəzər yetirsək, bu universitet 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu kimi fəaliyyətə başlayıb. Sovet ideoloji sistemində rus dilində müəllim hazırlamaq kimi konkret məqsədlə qurulmuşdu. Bu, həmin dövr üçün rasional və zəruri görünə bilərdi.

Lakin zaman dəyişdi. Dövlət dəyişdi. Cəmiyyət dəyişdi. Müstəqil Azərbaycan dövləti artıq öz milli ideologiyası, dili və mədəniyyət dəyərləri ilə beynəlxalq aləmdə tanınan, hörmət edilən bir ölkədir. Belə olan halda, bir universitetin hələ də “Slavyan” adı ilə fəaliyyət göstərməsi ictimai şüurda təzadlı suallar doğurur.

2000-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə institutun profili genişləndirildi və Bakı Slavyan Universiteti adlandırıldı. O dövr üçün bu addım rus təmayüllülükdən uzaqlaşmaq, milli maraqları qorumaq, amma eyni zamanda mədəni diplomatiyanı pozmamaq baxımından ustalıqla atılmış tarazlaşdırılmış bir qərar idi. “Rus” əvəzinə “Slavyan” ifadəsinin işlənməsi, digər slavyan xalqlarını da daxil etməklə ideoloji yüngülləşdirmə yaratmışdı.

Ancaq bu gün… dünya artıq başqa yerdədir.

Artıq biz Slavyan ideoloji çətiri altında fəaliyyət göstərən universitetə ehtiyac duymuruq. Bu, SSRİ dövründə rus dili və mədəniyyətinin yayılmasını təmin etmək üçün formalaşdırılmış şablonun davamıdır. Slavyan adı ilə fəaliyyət göstərən universitetlər keçmişdə formalaşan ideoloji və yumşaq güc alətlərinin bir parçası idi.

Dünyada bir xalqın adı ilə adlandırılmış ali məktəblər, çox az hallarda və əsasən diaspor, dini təhsil və ya etnik-mədəni qoruma məqsədi ilə yaradılır. Məsələn:

  • Jewish Theological Seminary – yəhudi dini və mədəniyyəti,
  • Minzu University of China – Çindəki etnik azlıqların qorunması və öyrənilməsi,
  • Konfutsi İnstitutları – Çin mədəniyyətinin yumşaq güc vasitəsi kimi tanıdılması.

Bakı Slavyan Universiteti də bir ideologiyanın məhsuludur, açığı sonrakı toxunuşlarımız da köklü deyil, ya adında, ya da hansısa fakültəsində köhnə, hansı ki bizi bizdən alan 70 illik ideologiyanın qalıqlarını görürük.

Yeni ad, yeni istiqamət: Bunu necə edə bilərik?

Məncə, Bu universitetin adı və profili dəyişdirilməlidir. Bu, yalnız kosmetik dəyişiklik deyil — milli təhsil strategiyasının və bəşəri dəyərlərə əsaslanan beynəlxalq imicimizin gücləndirilməsinin bir hissəsi olmalıdır.

Məsələn, universitet bu adlarla fəaliyyət göstərə bilər:

  • Azərbaycan Beynəlxalq Humanitar Universiteti
  • Qafqaz Mədəniyyətləri Universiteti
  • Asiya Humanitar Universiteti
  • Turan Mədəniyyət və Dillər Universiteti və s.

Bu adlar yalnız qlobal arenada daha müasir səslənmir, həm də Azərbaycanın regiondakı tarixi, coğrafi və mədəni mərkəz rolunu vurğulayar.

Yeni istiqamətlər və fakültələr: Humanitar güc mərkəzinə çevrilmək

Bu yeni konsepsiya ilə universitet aşağıdakı sahələr üzrə ixtisaslaşa bilər:

Fakültə, İxtisas, Təsviri

Etnoqrafiya və Antropologiya:       Azərbaycanın və Qafqazın etnik müxtəlifliyini, folklorunu, mədəni kimliyini elmi əsaslarla öyrənmək

Mədəniyyət və İrsin Qorunması:    Tarixi abidələrin və qeyri-maddi irsin qorunması üzrə ixtisaslaşmış mütəxəssis hazırlığı

Fəlsəfə və İnsan Haqları:     Etik, hüquqi və ictimai dəyərlər kontekstində düşüncə formalaşdırmaq

Dinlərarası Dialoq və Teologiya:    Fərqli dini-fəlsəfi dünyagörüşləri arasında empatik körpülər qurmaq

Folklor və Mifologiya Araşdırmaları:       Türk dünyası, Qafqaz və Orta Asiyanın mifoloji sərvətlərini araşdırmaq və yenidən təqdim etmək

Mədəni Diplomatiya və Yumşaq Güc:      Azərbaycanın beynəlxalq nüfuzunu mədəniyyət vasitəsilə təşviq edən kadrlara ehtiyac var

Dil və Tərcüməşünaslıq:      Nadir dillər və strateji region dilləri üzrə mütəxəssislər yetişdirmək

Yaradıcı Yazıçılıq və Sənətşünaslıq:          Ədəbiyyat, dramaturgiya və vizual sənətlərin çağdaş formalarını öyrətmək

Dəyərlərin önə çıxdığı bir dünyada, milli ruhla qidalanan, bəşəri düşüncəyə açıq bir universitet modeli yaratmağımızın zamanıdır.

Bakı Slavyan Universiteti bu gün yeni bir doğuluşun astanasındadır. Bu, sadəcə adın dəyişməsi deyil — bu, təfəkkürün dəyişməsi, yeni ideoloji müstəviyə keçid və Azərbaycanın intellektual diplomatiyasında yerini möhkəmləndirməsi deməkdir.

Tarix dəyişib. Biz dəyişmişik. İndi isə ad və məqsəd də dəyişməlidir.