Aylıq arxivlər

Dekabr 2025

Xəbərlər

Dünən Türküstan şəhərində Xoca Əhməd Yəsəvinin türbəsini və ətrafdakı muzey kompleksini gəzdik.

Dünən Türküstan şəhərində Xoca Əhməd Yəsəvinin türbəsini və ətrafdakı muzey kompleksini gəzdik. Açığı, mənim üçün bu, sadəcə tarixi bir məkan ziyarəti deyildi, həm də türkün mənəvi yaddaşına doğru edilən bir səfər idi. Muzeyin rəhbərliyi bizi böyük hörmət və nəzakətlə qarşıladı, hər otağı, hər detalı izah edərək, sanki yüzillərin o üzündən bu günə uzanan hekayəni danışdılar.
Xoca Əhməd Yəsəvinin ölümündən bir neçə yüz il sonra Əmir Teymur onun məqbərəsini tikdirmək, ora xüsusi hədiyyələr göndərmək qərarına gəlib. Bu faktın özü belə göstərir ki, Yəsəvi təkcə dini şəxsiyyət deyil, həm də türk dünyasının yaddaşında dərin iz buraxmış bir mədəni, mənəvi simadır. Türbənin içində Əmir Teymur tərəfindən göndərilən metal bir tamğa var; üzərində Peyğəmbərin, əhli-beytin, 12 imamın və hətta Mehdinin də adları yazılıb. Deyirlər, iranlılar bunu görəndə “elə şiə olub” deyiblər. Amma nə onun yazılarında, nə də yaşam tərzində şiəlik üslubu görünür. O, daha çox sufi, irfan adamıdır; insanı daxilə, Tanrı ilə rabitənin mahiyyətinə dəvət edən bir yolçu…
Min ilə yaxındır ki, ucalan bu möhtəşəm türbə adamı valeh edir. Həm memarlıq xüsusiyyətləri, həm də ab-havası ilə bizə Səlcuqi dövrünün abidələrini xatırladır. Geniş tağlar, qübbələr, mavi-turkuaz kaşılar, daşın və rəngin dili ilə danışan naxışlar – hamısı birlikdə türkün həm zahiri, həm batini aləmini ifadə edir. İçəri daxil olanda qəribə bir sükutla qarşılaşırsan; elə bil səsin bir az ucalanda, yüzillərin o üzündən gələn zikrləri pozacaqsan.
Ümumiyyətlə, Türküstan şəhərinin özü də maraqlı təəssürat yaradır. Şəhər sanki yenidən qurulur və bu yenilənmədə milliliklə müasirliyin çox gözəl sintezi hiss olunur. Açıq, fərah, aydın bir şəhərdir. Geniş və təmiz küçələr, ağ, qızılı və turkuaz rənglərin birlikdə yaratdığı vizual harmoniya adamı ilk baxışdan cəlb edir. Bir tərəfdə qədim Türküstanın nəfəsi, o biri tərəfdə müasir Qazaxıstanın dinamizmi görünür. Kiçik şəhərdir, 3–4 saata rahatlıqla gəzə bilirsən, amma bu bir neçə saatda həm tarix, həm mədəniyyət, həm də gələcəyə dair bir ümid görürsən.
Mənə elə gəlir ki, Türküstan təkcə Qazaxıstan üçün deyil, bütün türk dünyası üçün simvolik bir məkandır. Burda dərk edirsən ki, bizim ortaq tariximiz, ortaq mənəviyyatımız var və bu mərkəzdən qopan işıq yüz illərdir ki, Türküstanın sərhədlərini aşaraq hər tərəfə yayılır. Ona görə də yolunuz Mərkəzi Asiyaya düşsə, Türküstana mütləq zaman ayırın. Bu şəhər həm gözlə görüləsi, həm də könüllə hiss ediləsi bir məkandır.