Günlük arxivlər

23/02/2026

Xəbərlər

Şəmil Sadiq: Bizim uşaqlarımızı bizdən çox internet böyüdür

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında bu dəfə “Şagirdlər niyə vahid geyim qaydalarından yayınır?” mövzusu müzakirəyə çıxarılıb. Kifayət qədər aktual olan və cəmiyyətdə geniş rezonans doğuran mövzu ətrafında studiyada qızğın fikir mübadiləsi aparılıb.

Verilişdə ekspert qismində çıxış edən Şəmil Sadiq bildirib ki, bu gün uşaqların formalaşmasında internet mühiti ailə və məktəbdən daha təsirli rol oynayır. Onun sözlərinə görə, sosial şəbəkələr və müxtəlif onlayn platformalar şagirdlərin həm davranışına, həm də geyim seçiminə ciddi təsir göstərir.

Şəmil Sadiq vurğulayıb ki, internet resurslarında uşaqlara xitab edən, onları milli ruhda formalaşdıran, geyim mədəniyyətini təbliğ edən kontentlərin yaradılmasına ciddi ehtiyac var. Bu istiqamətdə aid dövlət orqanlarının müntəzəm və məqsədyönlü fəaliyyət göstərməsinin vacibliyi qeyd edilib.

Ekspert həmçinin bildirib ki, milli dəyərlərə və adət-ənənələrə zidd olan istənilən məqamlara, o cümlədən geyim məsələlərinə zərurət yaranarsa, müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Onun fikrincə, bunun üçün yeni mexanizmlər, o cümlədən ictimai qınaq mexanizmləri işə salınmalıdır.

Veriliş zamanı dünya təcrübəsindən də nümunələr təqdim edilib və müxtəlif ölkələrdə məktəbli geyimi ilə bağlı tətbiq olunan qaydalar barədə məlumat verilib.

Proqramın tam buraxılışını AzTV-nin rəsmi platformaları vasitəsilə izləmək mümkündür.