Bir qıyıq göz sevgilin ola,
Sən onun, o sənin dilin bilməyə…
Bircə kəlmə üçün zülm çəkəsən…
Hər şeyə ‘’good’’ deyib, güləsən ancaq,
Əlinlə-qolunla yorub özünü,
Gözlərin dil aça, durasan ancaq…
Bu dəm yadına ‘’Very Good’’ düşə,
Ya da başqa dildəki ‘’Krasivaya’’…
Deyəsən, o gülə, sən zənn edəsən,
Könlünə gedən yolları fəth eyləmisən… Davamına bax
Sentyabr 2017
Koreya və türk xalqlarının bağları – Şəmil Sadiqin Seul konfransında çıxışı
Tarix: 27/09/2017F.ü.f.d., dos. Şəmil Sadiqin Koreyada Altay Xalqları festifalı çərçivəsində keçirilən Beynəlxalq konfransdakı çıxışını təqdim edirik.
Biz, adətən, dünyamıza yerdən baxmağa çalışırıq və bu zaman Yer gözümüzün görə bilmədiyi qədər böyük görünür. Amma quş baxışı ilə yeri seyr edəndə o qədər də böyük olmadığının, yerdə yaşayanların hamısının vahid vətəni olduğu qərarına çox asan gələ bilirik… Davamına bax
Adətən, insanların həyatını oxuduqları kitab dəyişdirir, mənimsə bəxtimə yazdığım kitab düşdü.
Nizami adına Ədəbiyyat İnstitutunda aspirant idim. Həm 20 nömrəli məktəbdə, həm kurslarda dərs deyir, repetitorluqla məşğul olurdum. Yeni dərsliklər nəşr edildiyindən o vaxt şagirdlərin istifadə etdiyi akademik Möhsün Nağısoylunun Ədəbiyyat vəsaiti artıq fünksiyasını itirmişdi. Dərslikləri özündə əks etdirən yeni bir ədəbiyyat vəsaitinə ehtiyac var idi. Şagirdlərimə vərəq-vərəq yazıb verdiyim hissələr maraqla qarşılanırdı. Elə ideya da ordan gəlmişdi. Yay ayları ən münbit vaxt idi. Oturdum və yazdım. Davamına bax
ŞAİR RÜSTƏM BEHRUDİNİN 60 YAŞINA
Azərbaycan ədəbiyyatı min illərdir müxtəlif söz ustaları ilə birgə yol gəlir.
Bizə məlum olan ilk inancımız tenqriçilikdir. Sonradan şamanizmlə birgə addımlayıb söz sahibləri. Lap sonralarsa xristianlıq və islam dini ilə tanış olub. Əlbəttə ki, hər bir inancın, dinin ədəbiyyata ciddi təsiri olub. Türklər islamla tanışlıqdan sonra onu öz törələrincə yaşamağa başlayıb və hər dəfə alt şüurunda gizlənən türk törəsini islamla çuğlaşdırıb, onu zənginləşdirib. Bütün xalqlar belədir, qəbul etdiyi dini öz ənənəsi ilə yaşayıb. Fars da, ərəb də özü kimi yaşayır dinini, həmçinin də, türklər. Davamına bax
Millətimizin durumunu daha yaxından duyub dərk etmək üçün şəhər və ya kəndlərimizdə olan yas və toy məclislərimizi müşahidə etmək yetərlidir. Bəs edər ki, oturub özümüzə diri-diri ağlayaq, ağı deyib hay çəkək. Toy məclislərimizi bir kənara qoyaq, deyək ki, şad günümüz olur, yeyib-içib şənlənirik, bu zaman hər şey eləmək olar. Burdakı yanlışlarımızı bağışlamaq bu baxımdan çox asandır. Amma yas məclislərimizdə adam özünün kimliyindən utanır, xəcalət çəkir, ölüb yerə girir.
Hamımızın ailəsində kimsə rəhmətə gedir zamanla. Və hamımız məcburuq ki, el adətincə, əslində din adətincə dəfn mərasimi keçirək. Bunun birinci şərti ölünü götürəcək mollanı tapmaqdır. Hələ mən bu dehadehdə hansısa bir yarımağsaqqalın çıxıb ölü sahibinə çadırı harda və necə qurması, heyvanı kimdən alması, yəni evə gələcək qonaqların necə qarşılanması kimi tövsiyə mərasimini demirəm.
Məni daha çox narahat edən bu yas mərasimlərində mollaların nitqi, kəllə-mayallaq nağılları, rəvayətləri adamı dindən də, elindən də diksindirir. Və düşünürsən ki, ilahi niyə neçə yüz illərdir bu gülünc nağıllara qulaq asmışam, eyni şeyi təkrar-təkrar dinləmişəm.
Bir dəfə alim yoldaşlarımızdan birinin anasının yas mərasimində idik. AMEA-da işləyən bir çox alim iştirak edirdi. Təsadüfən məclisdə mənim o vaxtlar böyük hörmət bəslədiyim Vasim Məmmədəliyev də var idi. Molla əmi də İbrahim peyğəmbərdən rəvayət danışırdı. Və deyirdi ki, bilirsinizmi, niyə kişilər bığını və dırnağını kəsir, niyə sünnət olunur? Cavabın da özü verirdi, əlbəttə. Sən demə, İbrahim Peyğəmbərin Həcərdən uşağı olandan sonra Sara bunu həzm edə bilmir və İbrahimi məcbur edir ki, onları uzaq bir yerə aparsın. İbrahim də elə edir. Amma üstündən bir neçə il keçəndən sonra İbrahimin peyğəmbər ürəyi dözmür və kimsəsiz, susuz çöllərdə təkbaşına buraxıb gəlmiş arvadı Həcəri görməyə gedir. Sara xanım isə İbrahimə müəyyən şeyləri qadağan edir, sonra icazə verir. Şərt də bu imiş ki, İbrahimin Həcərə toxunan yerini kəsəcəkmiş. İbrahim qayıdanda Sara soruşur əlin dəyibmi Həcərə? Peyğəmbər necə yalan danışsın, olmaz axı. Ona yaraşmaz, Allahın elçisi yalan deyə bilməz. Ona görə də utana-utana “bəli” deyir. Sara görür ki, vədinə əməl etsə, bu zaman İbrahimin əlini kəsməlidir. Ona görə də şərtini bir az yumşaldıb, peyğəmbərin dırnaqların kəsir, sonra deyir, öpdünmü, peyğəmbər yenə etiraz etmir, axı uzun illərdir görmürdü, necə ola bilərdi ki, öpməsin. Bu zaman Sara yenə güzəştə gedir və peyğəmbərin bığının ucunu kəsir. Hikkədən dözməyən Sara Həcərlə yatağa girib-girmədiyini də soruşur. Peyğəmbər yenə yalan danışa bilmir. Bu dəfə isə durum çox ağır olduğundan, Sara Peyğəmbəri sünnət etməklə onu yenə bağışlayır. Və o gündən də Allah bizə dərs vermiş olur, dırnağın tutulması, bığların kəsilməsi və sünnət hadisəsi yaranır. Ona görə də deyirlər “sünnət İbrahimdən gəlir.” Bu isə Allahın insanlara lütfüdür.
Molla bu rəvayəti danışıb, Allahın və peyğəmbərin böyüklüyünə misal çəkir, yaranışın və ənənələrin ibtidai formasını sübut edirmiş kimi özü ilə fəxr də edirdi. Bəli, siz də, mən də rəvayətin belə olmadığını yaxşı bilirik. Sözüm onda yox, onsuz da orijinalının belə bügünkü insan üçün gərəksiz olduğunu bütün məntiq sahibləri yaxşı bilir. Məni üzən nə bu rəvayət, nə də bunu danışan adamdır. Məni üzən bu nağıla el adətinə görə səsini çıxarmadan, dinləmək məcburiyyətində olan biz ziyalılarıq…
Ən böyük din alimimiz hesab edilən akademikin yanında hansısa gopçu bir molla həvəslə danışır, alimlər də susur. Ona görə susur ki, yas məclisidir, mübahisəyə ehtiyac yoxdur, ölü sahibindən ayıbdır. O nə qədər sərsəmləsə də, biz susub ona və onun kimilərə hörmət etməliyik, səsimizi çıxarmamalıyıq. Beləcə 1500 ildir ki, Şərq insanı gününü yola verir. Heç bir elmi, mənəvi dəyəri olmayan söhbətlərə məcburi şəkildə qulaq asıb, susa-susa da yol gəlirik. Bu da bizim faciəmizin nüvəsini təşkil edir. Sivil cəmiyyətlərdə bu mollanı da, onun sertifikat aldığı qurumu da sivil insanlar şeytanı daşa basdıqları kimi daşa basardı, amma görünməyən şeytanı özü üçün uydurub daşa basan cəmiyyət onu sarsaq yerinə qoyan əbləhi daşa basmır ki basmır. Mənə görə gərək idi ki, Vasim Məmmədəliyev durardı və mollanı məclisdən qovardı. Çünki həmin an mən qarışıq hamının nəzəri onda idi ki, görək reaksiya necə olacaq. Heç nə… Vasim müəllim də dodaqaltı qımışdı, sakitcə “maraqlı nağıldır” deməklə yola verdi. Necə ki, xətir üçün xəstə yatmaqla günlərimizi yola veririk.
Ən böyük faciəmiz də odur ki, bu cür nağıllara inanan kütlə var və günü-gündən böyüməkdədir. Bu cür “həyat eşqi” ilə tərbiyə alanlar cəmiyyətimizin aparıcı qüvvəsinə çevirilir zamanla.
Digər bir məclisdə isə bir molla deyir: Quranda yazılıb ki, İmam Hüseyni sevməyənlərin yeri cənnət ola bilməz. Biz Zeynəbin, Fatimənin balalarıyıq və s. Başqa bir sünni məclisində Ayişə ananın balaları oluruq… Dözə bilməyib deyirəm ki, molla əmi axı mən sünniyəm (sünni falan da deyiləm ha, sadəcə, digər müsəlmanların haqqı üçün sualı belə qoydum) və İmam Hüseyni sevməyə bilərəm, niyə mən cəhənnəmə getməliyəm? Sualıma cavab olmur və kiçik mübahisə edirik, yerdən məni qınayırlar ki, sən cavan uşağın yas məclisini niyə qarışdırırsan, ayıbdır, belə olmaz. Deyirəm axı, mənim anam Sonadır, mən niyə Zeynəbin balası olmalıyam? Niyə imam sevgim olmadığı üçün cəhənnəmə getməliyəm? Hamı başını bulayıb, bura yeri deyil, deyir. Ay qardaşlar bəs yeri haradır?! Mən getmişəm, ölü sahibinə təsəlli verməyə. Vaxtımı bu cəfəng şeylərlə niyə öldürməliyəm. Niyə dözməliyəm bu cəfəng söhbətlərə?! Bəli, məcbur olub, “dəyərli” şəxsiyyətdən üzr istəyib susuram. Mən susuram, sən susursan, o susur, sonra da akademikim çıxıb deyir ki, insanlar cinlə əlaqəyə girib evlənirlər. Sonra da başlayırıq allahsız yaponun, kafir koreyalının, xristian almanın, gavur yəhudinin gətirdiyi yeniliklərə ağzı əyri şəkildə baxmağa. Ağzımızın suyu isə abrımızı yumur ki, yumur.
Bir müddət öncə Naxçıvanda Milli Məclisin sədri Vasif Talıbovun tapşırığı ilə mollalara Qurandan savayı, başqa şey danışmağı şifahi də olsa yasaqlanmışdı. Mollalar məclisdə sadəcə başa düşmədiyimiz allah dilində yazılan kitabı oxuyub gedirlər. Vallah səy-səy danışmalardansa, mən razıyam ki, başa düşmədiyimiz dildə avazla nəsə oxunsun. Heç olmasa əsəblərimiz korlanmaz. Çünki Vasif müəllim çox yaxşı bilir ki, İran ağzı ilə danışan bu adamları susdurmağın ən yaxşı yolu budur. İslam Universiteti bu gün tələbə qəbul edir, etmir bilmirəm. Əslində, bu Universitetin məqsədi Azərbaycan təfəkkürlü molla yetişdirmək idi, təəssüflər olsun ki, on illərdir, rüşvət alıb savadsız insanlara molla diplomu verməkdən başqa heç nə etmədilər. İran ağızlı, suriya düşüncəli savadsız kütlədən başqa heç nə istehsal etmədilər və bu gün həmin mollalar savadsız kütləyə yol göstərib məclis aparırlar.
Bu yaxınlarda bibimin yasında iştirak etdim. Molla başa düşülməyən ləhcəsi ilə yenə nəsə oxuyurdu. Vasif müəllimin canına dua oxuyurdum ki, nə yaxşı edib, bunların Qum iyindən yaxamızı qurtarıb, birdən val dəyişdi. Daha hörmətli bir molla öz səsgücləndiricisi ilə gəlib imam Hüseyn və Zeynəb faciələrini guya ağlaya-ağlaya uca səslə danışdı. Ha fikirləşdim ki, bunun mənim bibimə nə dəxli, yenə bir şey anlaya bilmədim. Bu nağılları doğulan gündən eşidənlər isə bezib öz qayğılarını pıçhapıçla danışanda molla əmi səsini kəsib, uca səslə “Fatihə” deyir, sakitlik təmin olunan kimi özünə xoş gələn səsi, irançı təfəkkürü və üslubu ilə yenə davam edirdi. İnanın imkanım olsaydı, rəhbərliyə xəbər verərdim. Onda imkan olmasa da, bu imkanımdan istifadə etməyi özümə borc bildim.
Bir az da atamdan qorxaraq… Çünki hamı düşünəcək ki, Kamilin oğlu gedib Bakıda bir-iki kitab oxuyub gəlib kəndini bəyənmir. Bir az mübahisə edib haqlı olduğumu sübut etmək istəsəm, atam məni Mirzə Kazım bəyin dədəsi kimi rədd edəcək. Sonra da onun kimi hər şeyi rədd etdiyimi bəyan edib gedib qoşularam gavurlara-zada… El içində adımız batar. Susuram, ya səbr deyib, məclisi sakitcə tərk edib, gedirəm gizlin otaqların birində dincəlim. Və bu zaman məni yuxu aparır. Ayılanda sanki əsəbdən müalicə olmuşdum. Özümdə bayaqkı stresdən əsər-əlamət belə yox idi.
Yuxuda görürəm ki, bir yas məclisindəyəm. Amma bir gözümdə də görürəm ki, mən özüm ölmüşəm. Camaat yığışdı, məni aparıb basdırdılar torpağa. Bir də nurani bir kişi Azərbaycan dilində mənim haqqımda bir-iki cümlə danışdı, o qədər pis adam olmadığımı dedi. Əməllərimin ziyansız olduğu vurğuladı. Sonra da camaat Tanrı evinə yığışdı. Həmin nurani kişi mənim alimliyimdən danışdı və söhbəti apardı elmə, texnikaya. Sonra da dedi ki, bu gün mərhumun bir dostu gəlib bura. O xaricdə işləyir, sözü verək ona. O da başladı, kəndiizdə gördüyü problemlərdən, təsərrüfatdakı yeniliklərdən, susuz torpaqlarda əkib-becərməyin yollarından danışmağa. Hətta dedi ki, Nehrəm pendirini markalaşdırıb dünyaya çıxarmaq lazımdır. Bəyənmədiyiniz bulamanın əhəmiyyətindən məlumat verdi. Necə qiymətli bir şey olduğunu izah etdi. Elə pisimə gəlirdi ki, elə bil burda adam ölməyib, camaat elmi konfransa yığışıb.
Evimizdə anam, bacım və bir-iki də yaxın qohumumuz anamla oturub şəkillərimə baxır, uşaqlığımdan danışırdı. Az qalırdım sevindiyimdən uçum, birdən yadıma düşdü, ilahi gör mən nə gündə adamam ki, nə dana kəsdilər, nə 300 litrlik samovar qaynadıldı, nə də imamlarımızın faciəli tarixinin üstünə beş qat da qoyub car çəkirlər, evimizə dəstə-dəstə qadınlar gəlmir, Əliəsgərdən, qolsuz Əbəlfəzlidən danışıb camaatı ağlatmadı. Bu dəm məni oyatdılar ki, bəs uzaq kənddə olan qonaqların gəlib, gəl otur onların yanında…
Bir ilahi əl arzu edirəm ki, yas mərasimlərimizə əl gəzdirsin, bizi bu günə qoyan saxta adətləri silib süpürsün həyatımızdan. Cinlə, şeytanla oynamağa son qoysun. Çünki biz sadəcə susmağı bacarırıq, cahil mollanın qabağında oturub üzünə püskürdülən yalanları dinləyən və buna eldən ayıbdır deyib susan ziyalı olduqca bizim fövqəlbəşər ələ ehtiyacımız var. Görürsünüzmü, çarəsiz və alt şüuru zəhərlənmiş ziyalı da qeyri-insanı varlıqlara ümid bağlayır. Savadsız kütlə adlandırdığı insanların Həzrət Abbasa yazdığı məktubdan heç bir fərqi olmadan, yenə də ümidsiz göylərə bel bağlayır.
f.ü.f.d., dos. Şəmil Sadiq