Bədii yaradıcılıq
Qabırğa Sindromu və Türk Qadınına Baxış
Son zamanlar bəzi sosial şəbəkə “qəhrəmanları” qadın mövzusunda danışarkən ərəb mədəniyyətindən miras qalmış patriarxal təfəkkürün təsiri ilə hər cür təhqiredici və köhnəlmiş fikirləri tirajlamağa başlayıblar. Qadını ikinci dərəcəli varlıq kimi görmək, ona yuxarıdan aşağı baxmaq və onun həyatdakı yerini yalnız kişinin kölgəsində təsəvvür etmək — bu, sadəcə “qabırğa sindromu”nun təzahürüdür. Bu sindromun kökləri isə bəzi dinlərin və ideologiyaların qadını kişi üçün “yaradılmış” bir varlıq kimi təqdim etməsində axtarılmalıdır.
Halbuki Türk təfəkkürü qadına yanaşmada tam fərqli, daha yüksək mənəvi və fəlsəfi bir mərtəbədə dayanır. Biz elə bir millətik ki, mifik düşüncəmizdə qadını – Umay Ananı – Tanrının anası, qoruyucu ruh və yaradıcı qüvvə kimi təqdim etmişik. Umay obrazı təkcə analığı deyil, eyni zamanda müdrikliyi, gücü və bərəkəti təmsil edir.
Tarixə nəzər salaq: Ərəb yarımadasında qız uşaqları diri-diri basdırıldığı dövrdə, biz qadını xaqanın yoldaşı, obanın ağlı və ruhu kimi qəbul edirdik. Bizim toplumda evlənmək istəyən gənclərə bir-birini tanımaq, görüşmək imkanı tanınırdı. Bu, həm qadının iradəsinə, həm də insan münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına verilən dəyərin göstəricisidir.
Avropada qadınlar “cadugər” damğası ilə tonqallarda yandırıldığı zamanlarda, Nizami Gəncəvi “Leyli” obrazı ilə qadın zəkasını, Yunus Əmrə və Hacı Bektaş Vəli isə qadını ilahi eşqə qovuşan bir varlıq kimi ucaldırdı. Qadın bizim fəlsəfəmizdə ilham qaynağı, yoldaş və həyatın bərabər tərəfdaşı kimi dəyərləndirilib. Tarix boyu çoxlu misallarımız var ki, Şahın xatunu onunla birgə at çapıb, qılınc çalıb, dövlət məsələlərində söz sahibi olub.
Bu gün isə bəzi zəif təfəkkürlü kişilər “əgər qadın işləyərsə, pul qazanarsa, öz yolundan çıxar, ərinə tabe olmaz” kimi düşüncələrlə cəmiyyətə təzyiq göstərməyə çalışırlar. Halbuki bu, qadının deyil, həmin kişilərin güvənsizliyini və zəifliyini göstərir. Güclü kişi öz güvənini qadını basqı altında saxlamaqda deyil, onunla bərabər addımlamaqda tapır. Edirsə, demək ki, İbni Səlamın yolçusudur!
Qadını xəyanətə meyilli, iradəsiz və idarə olunmalı varlıq kimi təqdim etmək — seksist və təhlükəli bir düşüncədir. Bu yanaşma nə dinin ruhuna, nə insan haqlarına, nə də çağdaş cəmiyyətin ədalət və bərabərlik prinsiplərinə uyğundur.
Bu gün bizə düşən vəzifə qadını tarix boyu olduğu kimi, yenə də dəyərli, ağıllı, güclü və yaradıcı bir tərəfdaş kimi tanımaq və tanıtmaqdır. Türk təfəkküründə qadının yeri yüksəkdə olub — və bu, dəyişməməlidir.
Ana haqqı, Tanrı haqqı!
İçki düşkünü və seyid
Şəmil SADİQ
Bizim kənddə bir seyid vardı…
Dayanın görək, niyə bizim kənddə olur ki? Elə sizin kənddə olsun. Yəni bu yazını oxuyan hər kəsin… Belə baxanda bütün kəndlərdə haqqında danışacağım bu seyiddən olub, elə indi də var. Hekayənin xarakterinə uyğun deyim ki, bizim kənddə bir seyid vardı və belə elədi, elə elədi, siz də elə başa düşəsiniz ki, sizin kənd bu mövzudan xalidir. Elə şey yoxdur.
Elə sizin kənddə bir seyid vardı…
Sizin kəndliniz olan dostum danışıb əhvalatı. Gülüb qurtarandan sonra dedim ki, nə hekayəlik mövzudur… Dostum and-aman elədi ki, bəs ayıbdır, seyid sağdır, tanıyan-bilən olar, yaxşı çıxmaz. İzah edə bilmədim ki, adlar şərti olacaq, kəndinizin adını yazmayacağam. Dostum qəbul etmədi ki, etmədi. Ona görə də nə yaza bilirəm, nə unuda. Nə edim, yazmaq mənim peşəmdir axı, neçə gündür, mövzu məni girinc qoyub. Lap təmsildəki əqrəb kimi bu da mənim peşəmdir, ay dost, dözə bilmərəm, keç günahımdan.. Yaza bilməməyimin birinci səbəbi bu dediyim olsa da, ikinci səbəbi var: necə yazım ki, günümüzün az oxuyan, kaprizli oxucusuna, yəni sizə maraqlı gəlsin. Qısa və yığcam yazmağa həm vicdanım əl vermir, həm də sizə hörmətim. Deyəcəksiniz ki, nə yekəlikdə kişidir, yazdığı hekayəyə bax. Hanı bunun məcazları, təşbehləri, aforizmləri… Elə quru-quru yazıb yola vermiş kimi olacaq. Uzun yazacağam, deyəcəksiniz ki, müasir dünyada hekayələr yığcam olur. Lazımsız təsvirlərlə uzatmağa gərək yoxdur, keç mətləbə. Qısa cümlələrlə yazılmış əsas fikir önəmlidir. Ay nə bilim, ədəbiyyat belə dəyişib, elə dəyişib-filan.
Ona görə də “Süjeti necə qurum ki, sizə də xoş gəlsin, mənim də ürəyimdən olsun?” düşünə-düşünə qalmışdım. Hə, bir də süni intellekt var ha-a, o da başlayıb hekayə yazmağa. Aylarla düşündüyümüz, yazmağa cəsarət etmədiyim mövzunu bir dəqiqədə qaralayıb atır adamın üstünə, heç vecinə də deyil, kimsə bəyənəcək, ya yox. Duyğusuz rəqib… Amma bəzən yaxşı da yazır, etiraf edim. Ona görə adam yazmağa qorxur ki, kimsə deyəcək, süni intellekt yazıb.
Gələk Seyidə… Adam həyatın ironiyasına heyran qalır; süni intellektdən danışırıq, süni intellektlə əlləşirik, min ilin tör-töküntüsü olan seyidlərin əllaməliyini görürük. Bu seyid ki var, hamımız onu yaxşı tanıyırıq, hamımızın hökmən qonşuluğunda, kəndində, ya da rayonunda var. Bu Seyid toyda, yasda əli cibində fırlanır, hamıya gülümsəyir, dua edir, hal-əhval tutur, atasına rəhmət oxuyur, anasına cansağlığı diləyir. Arada elə qəşəng “Allah ananın canını sağ eləsin, yaxşı arvaddır” deyir ki, adamın, az qala, papağı yerindən oynayır. Amma Seyidi tanıyanlar bilir ki, zərrə qədər pis şey ağlına gətirməz, nə var dilindədir. Kiminin kəndində ələm gəzdirər, kiminin kəndində mollalıq edər, kiminin kəndində müdrik qoca kimi təsərrüfatla məşğul olar, kiminin kəndində qəbirstanlıqda fırlanıb üç-beş manata əşr oxuyar. Amma adamın Allahı var, elə bilərsiniz, bu seyid dilənçi-zaddır ha-a. Qətiyyən yox, əsl seyidlər heç zaman kimdənsə açıq-açığına pul istəməz, amma elə şərait yaradar ki, özün cibinə pul basarsan, evinə sovqat göndərərsən. Düzdür, sovqat işinə qadınlar baxır, amma yenə də görürsən ki, arada kişilər də edir.
Son vaxtlar “donqili” seyidlər peyda olub orijinalları da gözdən salır. Dili ilə nəzir istəyənləri nəzərdə tuturam, biz də seyid deyib yola salırıq.
Bağışlayın, hələ də mətləbə keçə bilmirəm, elə bilməyin, yalandan mətləbi uzadıb özümü yazıçı kimi göstərməyə çalışıram. Yox, vallah. Sadəcə söz-sözü gətirir deyə əsas mövzu qalır sonraya.
Bizim kənddə – bax bu dediyim, həqiqətən, bizim kənddə olub. Hə, bizim kənddə içki düşkünü var. O qədər yaxşı adamdır ki, ona “əyyaş” deməyə dili gəlmir. Siz burada dilimizin gözəlliyinə, təvazökarlığına da fikir verin hökmən. “İçki düşkünü” kəlməsi “əyyaş”dan nə qədər zərif, mədəni, pozitiv kəlmədir. Adam sevdalısına düşkün olar, indi o müqəddəs suya da düşkün olanda olurlar içki düşkünü. “Əyyaş” ağır kəlmədir. Ona görə də qəhrəmanımıza “içki düşkünü” deyək. Hə, sözüm odur ki, bu adam işləmir, ailəsindən ayrılıb, illərdir, uçuq-sökük daxmada tək yaşayır. Günün istənilən vaxtı içkili olur. Çox baməzə adamdır, beş dəqiqəlik söhbəti ilə feyziyab olar, gülər, özünüzü xoşbəxt hiss edərsiniz. Elə bu da Seyid kimidir. Amma bunun artistlik deyil, düzünəquludur. Zarafatını da edər, ürəyi istəsə, içkisinin vaxtı çatsa, “Oradan bir yüz al görüm” də deyər. Sonra vəssalam, “sağ ol” deyib “zakuskasız” içdiyinə görə iki barmağı ilə burnunu tutub iyləyib gedər. Amma kişi adamdır, bilməzsən, onu görəndə çıxarıb cibinə pul qoyarsan, sənə elə xəcalət verər ki, üzünə baxa bilməzsən. Deyər, “Bəyəm mən dilənçiyəm, mənə pul verirsən? Lazım olsa, özüm istəyərəm”. Hətta o yüz qramlıq istəyibsə, sən iki yüz qramlıq verirsənsə, onu da götürməz. Bir dəfə məni də utandırdı. Dedi ki: “İndiyə qədər bu kənddə hər gün içən təkcə mən idim, indi üç-dörd nəfər peyda olub. Arağı gözdən salırlar, içib orada-burada yatırlar, hamıdan pul istəyirlər, biabırçılıq edirlər… Belə olmaz axı, bunun da bir “kulturası” var, ya yox? Ona görə də mən adıma xələl gətirə bilmərəm”.
Yəni deməyim odur ki, seyidlər də belə olur, gənc seyidlər sırtıqlıq edir, lap ağın çıxarırlar. Elmləri yoxdur, ona görə belə görünürlər. Sədəqə almağın da bir ədəbi, ərkanı, necə deyərlər, marketinq üsulu olmalıdır…
Ürəyiniz partlamasın, danışıram, söz verirəm, bu dəfə hekayəyə müdaxilə eləməyəcəm.
Bizim bu dostumuz Ələskər deyir ki, bizim kənddə bir seyid var, bir ara bələdiyyə sədri də qoymuşdular. Açığı, birinci dəfədir ki, bələdiyyə sədri olan seyid eşidirdim deyə tez soruşdum ki, necə yəni, seyiddir, özü də, bələdiyyə sədridir? Dedi, vallah, hə. Sədrdir, amma savadsızın biridir. Sonra da çıxarıb atdılar çölə. Nəsə, di qulaq asın. Bir gün mənə zəng edib ki, Ələskər, necəsən, nə var, nə yox? Açığı, əlimdə işim var, niyə zəng elədiyini də bilirəm, çünki aylığının vaxtıdır. Arada yubananda zəng vurub dua-falan edib xatırladır. Ona görə də başımdan eləmək istəyirdim ki, pulunu göndərəcəyəm, narahat olma. Dedi, “Ələskər, hələ bir dayan gör nə deyirəm, dünən gecə rəhmətlik kişini yuxuda görmüşəm. Rəhmətlik elə nurlu görünürdü, gəl görəsən. Ad günündə aldığın boz kostyum vardı ha, onu geyinmişdi, o məşhur kəmərini də bağlamışdı. Ayaqqabıları par-par yanırdı. Həyatda necə idi, elə görünürdü”. Nəsə hiss etdim ki, bu dəfə vəziyyət ağırdır, çünki mövzu dərindir, sən öl. Deyir: “Ələskər, kişi durmuşdu düz çayın qırağında, amma sən balaca idin. Məni görəndə elə sevindi. Dedi, “Seyid, səni Allah yetirib. Gəl bu uşağı çayın o tərəfinə keçir, mənim üstüm təzədir. Sənə üç yüz manat verəcəyəm”. Soruşdum ki, sən nə elədin, Seyid? “Nə edəsiyəm? – dedi, – Ağsaqqal adamın sözün yerə salacağam? Uşaq vaxtı da sən pota idin axı, yadındadır? Birtəhər aldım dalıma, keçirdim o taya. Qayıdırdım ki, pulu alım, dedi, “Ələskərin özündən alarsan”. Qəfil də yox oldu. Mən də elə bu dəm yuxudan ayıldım. Rəhmətlik gözümün qabağından getmir. İndi istəməsin, səni də çox istəyirdi axı. İndi Əlsəkər, o kişi şüuzümmə qalmasın deyə səhər açılan kimi sənə dedim. Adamın ruhu o dünyada narahat olar. Ömrü boyu heç kimə borclu qalmayan adam idi. “Ələskərin özündən alarsan” demişdi ha-a, yoxsa dilimə də gətirməzdim.
Ələskər danışa-danışa gülməkdən gözlərindən yaş gəlirdi. Dedim, “Məni dolama, kartını at, işim-gücüm var”. “Bu dəqiqə”, – deyib telefonu söndürdü. Xasiyyətini bildiyim üçün tez göndərdim ki, əl çəksin, yoxsa yenə zəng edəcəkdi. Kartına yüz əlli manat atıb təzəcə işə başlamışdım ki, yenə zəng elədi: “Qardaş, bə bu yüz əlli manatdır axı, kişinin borcu üç yüz idi”.
Sizcə, Ələskər nə desə, yaxşıdır? Hazırcavab və şirin zarafatlarından qalmayan dostumuzdan biz də soruşduq ki, nə dedin? Deyir: “Day heç nə da, dedim, “Yüz əlli də özündən alarsan…”
Seyid telefonda bir müddət susdu. Elə bil onun da zarafat üçün söz tapmağa həvəsi yox idi. Sonra səsini bir az qalınlaşdırıb dedi: “Ay Ələskər, bəs o dünyada necə cavab verəcəyəm? Soruşacaqlar ki, Seyid, Ələskərin borcunu niyə yarımçıq alıb keçdin? Qiyamət günündə nə üzlə baxım rəhmətlik kişiyə?”
Ələskər də deyir, “Bunu eşidəndə özümü saxlaya bilmədim, gülməkdən, az qala, boğulurdum. Amma nə etmək olar, belə Seyidi olan kənddə yaşamaq özü nemətdir”.
“Mən ölüm, sən nə dedin?” – soruşdum. Artıq məclisdə hamı gülür, söhbətin axırını gözləyirdi.
Dedim: “Ay Seyid, narahat olma, qiyamətə qədər yüz əllini verə bilməsəm, o dünyada üz-üzə gələndə kişinin özündən istəyərsən. Onsuz, adımı çəkəndə məni də yanınıza çağıracaqlar. Mən də yüz əllini orada verərəm”.
Bu dəfə Seyid də dayana bilməyib qəhqəhə çəkdi: “Ay Ələskər, sən Allah, zarafat etmə. O dünyada işimiz çətin olar. Sən cənnətə gedərsən, yəqin, amma mən cəhənnəmə-zada düşərəm, gözüm qalar dalınca. Gəl elə bu dünyada bir yolunu tapaq da”.
Hamımız gülüşdük. Amma Ələskər deyir ki, o gün Seyidin zəngi mənə ibrət dərsi verdi: kənddə seyid də lazımdır, içki düşkünü də. Yoxsa həyat çox darıxdırıcı olardı.
Deyirlər ki, Qulu Məhərrəmlinin 70 yaşı olur. Düzü, mən inanmıram, siz də inanmayın. Qulu müəllimin sözü də, özü də həmişə cavandır. Uzun illərdir ki, şəxsi tanışlığımız var, amma Azərbaycan mətbuatı, ədəbiyyatı, elmi, mədəniyyəti onu çoxdan tanıyır. Ən azı yarım əsrdir, bunu deyəndə fikirləşirəm ki, axı o gəncdir. Necə olur ki, onun bir əsrə yaxın yaşı var. Elə məsələ də burasındadır ki, ustadlar heç zaman qocalmır. Hər zaman dövrünün gənci olur. Çünki həmişə yeni fikir, yeni ideya, yeni vizyon sərgiləyə bilirlər. İnsanlar iki cür yaşlanır, biri sadəcə təqvimdə, biri də cisimdə, ağılda. Qulu müəllim təqvimdə yaşlananlardır. Çağı heç vaxt bitməyənlərdəndir o…
Həmişə gənclərin yanında görürük, harda gənclik var, orda Qulu müəllim var. Aramızda 25 yaşa qədər fərq var, məhz bundan öncəki cümləni yazanda “Harda gənclik var, orda Qulu var” yazdım, sonradan redaktə etdim. Çünki bu münasibəti özü yaradıb. Onu tanıyanların hamısı elə bilir ki, Qulu müəllim onun sinif yoldaşıdır, məhəllə uşağıdır.
Qulu müəllim fikirləri qocalmayan adamdır. Onunla söhbət edəndə, müzakirələr aparanda heç vaxt heç kim deyə bilməz ki, onun yanında özünü biliksiz, təcrübəsiz hiss edirəm. Çünki o uzun ömrün təcrübəsi və zəngin biliyi ilə qarşısındakını sındırmaz, onun anlayacağı dildə, onun eşidəcəyi tərzdə danışar. Sadə, rəvan, obrazlı, amma baməzə söhbətlərini eşitmək adamı motivasiya edir, həvəsləndirir.
Filososf şairimiz Hüseyn Cavid deyirdi: “Mən fəqət hüsnü-xuda şairiyəm, yerə enməm də səma şairiyəm”, Mikayıl Müşfiq isə deyirdi “Göyə uçmam da zəmin şairiyəm”. Bu iki möhtəşəm fikri birləşdirsək, Qulu müəllimdə ifadəsini görə bilirik. Çünki Qulu müəllim səma düşüncəli, zəmin təcrübəli adamdır. Öz peşəsinin həm ustasıdır, həm də fəhləsi. Məhz buna görə Qulu müəllim sevilir, sayılır, yuxarı başa çəkilir. Çünki buna sonuna qədər layiqdir.
Sadəlik onun həyat tərzidir, amma sadəlövhlük yox. Arada düşünürsən ki, bu adamın işi-gücü yoxdur, bütün gənclərin tədbirlərində, təqdimatlarında iştirak edir, çıxışlar edir, yazılar yazır. Sanki hər kəsə yetməyə çalışır. Amma sonra görürsən ki, Qulu müəllimin əsərləri çap edilir, universitetdə tələbələrlədir, elmi yazılar yazır…
Qulu müəllimin gəncliyini, zəhmətkeşliyini görmək istəsəniz, onun sosial şəbəkədəki fəaliyyəti ilə tanış olun deyərdim.
Təbrik edirəm, ustad, sizə can sağlığı, sevgi dolu uzun ömür arzu edirəm!
SƏRBƏST İNŞA
Şəmil SADİQ
– Salam, uşaqlar, necəsiniz? Açın dəftərlərinizi, hərəniz bir qoşa vərəq çıxarın, – demişdim ki, sinif dəydi bir-birinə.
Uşaqlar bir ağızdan:
– Ay müəllim, vərəqi nə edirik? – soruşdular.
– İnşa yazacağıq, daha doğrusu, sərbəst inşa.
– Axı əvvəlcədən deməmisiniz, hazır deyilik. Necə yazacağıq?
– Elə ona görə deməmişəm ki, hazır olmayasınız. Yoxsa hamınız eyni şeyi yazırsınız.
– Bəs dünən yazdığımız inşa necə olacaq?
– Heç necə. O inşalar ləğv edildi, yenisini yazacağıq, – deyə-deyə səliqəsiz xəttimlə lövhəyə yekə hərflərlə: “Mən nə istəyirəm?” – yazdım.
Uşaqlar isə hələ də etiraz edir, yazmamaqda israrlı görünürdülər:
– Müəllim, düzgün deyil axı. Heç vaxt belə inşa yazmamışıq. Əvvəlki müəllimiz qabaqcadan deyərdi, hazırlaşardıq. İndi heç nədən xəbərsiz inşa yazmaq olar?
Bir-iki uşaqdan başqa hamı eyni fikirdə idi. Amma sinfin liderlərindən olan Tamerlan bir az da irəli gedib pedaqoji qaydalardan söhbət saldı.
– Müəllim, hüquqlarımızı tapdalayırsınız. İnşa əvvəlcə elan olunmalı, sonra yazdırılmalıdır.
– Onda məhkəməyə müraciət edərsiniz, – deyib guya zarafata saldım.
Heç gülən də olmadı. Sinif, az qala, nəzarətdən çıxırdı. Klassik müəllimlər kimi təbaşiri partaya dayayıb bir-neçə saniyəlik üzlərinə baxdım və ciddi tövrlə:
– Cəld olun, vaxt gedir! – dedim.
Çarəsiz qalan uşaqlar başqa sual verməyə başladılar:
– Ay müəllim, bu nə inşadır? Belə də inşa adı olar?
– Heç mövzu da bəlli deyil. “Mən nə istəyirəm?” Ha-ha-ha… Yox bir…
– Ay müəllim, bizim nə istədiyimizin sizə nə dəxli var?
– İstədiyimizi verə biləcəksiniz?
Yaxşı oxuyan qızlardan biri:
– Niyə elə deyirsiniz? Məsələn, mən Qarabağın işğaldan azad olunmasını istəyirəm, – dedi.
Müasir dillə desək, bir bullinq başladı, gəl görəsən…
– Yaxşı görək, sən də az yaltaqlan müəllimə, – deyib qızı top atəşinə tutdular.
Yazıq uşaq dediyinə peşman olmuşdu. Gözlərimə baxıb məndən kömək istəyirdi. Hiss etdim ki, doğrudan da, uşaqlar inşanın mövzusunu başa düşməyiblər. Bir az qəliz imiş. Bu sinfə cəmi üç ay idi, dərs deyirdim. Üstəlik, birinci dəfə idi ki, 10-cu sinif götürmüşdüm. Yaş fərqimiz çox az, üstəlik də, nə onlar məni yaxşı tanıyır, nə mən onları. Həmişə aşağı siniflərə dərs dediyim üçün 10-cu sinfə girmək çox çətin gəlirdi. Aşağı siniflərdə nə deyirsən edirlər, bir az qorxu hissi var. Amma 10-cu sinif olasan, şəhərin mərkəzində yerləşən adlı-sanlı məktəbdə oxuyasan… Orada dərs keçmək olar? Hamısı universitetə hazırlaşır, arabir bizim xətrimizə məktəbə də gəlirlər ki, qaib-filan olmasın. Təcrübəli müəllimlər bu vəziyyətlə çoxdan barışıb. Mən isə cəmi üç ildir, işləyirəm. Bu vəziyyətə də birinci dəfə düşürəm. Adam yeni işə başlayanda elə bilir, dünyanı o düzəldəcək, hər şeyi qaydasına salacaq, Cəbiş müəllim kimi dediyindən dönməyəcək. Amma sonralar öyrəndim ki, yuxarı siniflərdə uşaqlarla sadəcə ortaq bir yol tapmaq lazımdır. Sənin qaydaların işə yaramır; palaza bürün, elnən sürün, iş bitsin. İnşanı da ona görə ləğv etmişdim ki, hamısı haradansa bir yazı tapıb, köçürüb, gətirib, qoyub qabağıma. Yaradıcılıq yox, münasibət yox, eləcə köçürüblər. Dəli olmuşdum. Belə də inşa olar? Heç olmasa, dörd-beş variant olardı, o da yox idi. Yaxşı oxuyanlardan biri tapır, sonra hərə öz dəftərinə köçürür, dəftəri qarşılarına qoyub bir də sinifdə köçürürlər. Ona görə də düşünmüşdüm ki, bunlara elə mövzu deyim ki, təkrarlaya bilməsinlər. Allahdan inşada qrammatik xətalara o qədər fikir verən deyildim. Mənə görə əsas məzmun idi. Şagirdlər öz duyğu və düşüncələrini yazı qaydalarına riyaət etmədən də yazanda qrammatik yazı qiymətini məzmuna uyğunlaşdırırdım. Fikrimi uşaqlara da beləcə dedim. Qəşəng bir çıxış edib başa saldım ki, mənə sizin sözləriniz, fikirləriniz lazımdır, başqalarının yox. Məna yaxşı olacaqsa, qrammatik xətaların hamısını bağışlayacağam. Təki ürəyinizdən keçənləri yaxşı ifadə edin. Kim nə istəyir, kimin hazırda düşüncəsi, arzusu, etirazı nədir, onu yazsın. Amma səmimi, elə düşündüyü kimi. Bir xeyli izahdan sonra uşaqları inandıra bildim və başladılar yazmağa. İki qoşa saatımı buna həsr etdim. Dərsin sonunda hamı vərəqini verdi. O dərsdən sonra “pəncərəm” olduğu üçün vaxtım vardı. Başladım inşaları yoxlamağa. Doğrudan da, hərə öz ürəyindən keçəni yazmışdı. Bir-iki çoxbilmiş müəllimin xoşuna gəlmək üçün mövzunu “vətən”, “şəhidlər”, “ana” seçmişdi. Bu mövzuları uşaqlar birinci sinifdən işləyir, hər dəfə müxtəlif adlarla bunlara toxunurlar. Ona görə də bu mövzuları kənara qoyub oxumadım. Açığı, səmimi gəlmədi. İçində maraqlı olanları da vardı, biri maşınlardan, digəri telefonlardan, başqası sevgidən və sairə yazmışdı. Amma Safuranın yazısı ömür boyu unutmayacağım inşalardan idi. Bəlkə də, məni müəllimliyə bağlayan elə bu inşa oldu. O qədər səmimi idi ki, inşanı oxuyan kimi sinif rəhbərindən atasını məktəbə çağırmağını istədim. Safuranın yazdığı inşanı uzun müddət arxivimdə saxlasam da, kirayə mənzillərə köçhaköçdə itirdim. Gəlin inşadan yadımda qalan bir neçə cümləni sizinlə də bölüşüm:
“Salam, müəllim. Bilirsiniz, nə istəyirəm? İstəyirəm ki, siz məndən əl çəkəsiniz, atam-anam, məktəb əl çəksin! Bezmişəm! Niyə məktəbə gəlməyə məcburam? İstəmirəm də oxumaq! Əl çəkin, siz allah! Mən o-xu-maq is-tə-mi-rəm! İstəmirəm! Qoyun bədbəxt olum, adam olmayım, amma məndən əl çəkin! Universitetə-filan getməyəcəyəm. Niyə bu mənasız dərslərlə vaxtımı alırsınız? Niyə mənim arzularımı baltalayırsınız, ay müəllim? Gedirəm evə, evdəkilər deyirlər, səhər naxıra, axşam axura, gəlirəm bura, müəllimlər deyirlər, səhər naxıra, axşam axura. İnsan yetişdirmək budursa, sizə qalsın, mən istəmirəm. İstəyirsiniz, “iki” yazın, sinifdə saxlayın, mən oxumayacağam. Mən saç ustası olmaq istəyirəm, gec-tez də olacağam. Amma atamın gərəksiz tələbləri, yalançı namus-qeyrət davası imkan vermir. Saç ustası olanda nə olacaq, məni almayacaqlar, adım çıxacaq?! Cəhənnəmə çıxsın! Mən arzuma çatacağamsa, heç vecimə də deyil! İndi bildiniz, nə istəyirəm?! Bildinizsə, əl çəkin! Qoyun adam kimi yaşayım! Guya “üç” yazsanız, nə olacaq ki?! Müəllim, əl çəkin məndən! Kefiniz istəyir, qiymət yazmayın, amma məni heç vaxt buna görə danlamayın! O-xu-ma-ya-ca-ğam! Vəssalam!”
Dəhşətə gəlmişdim, həm yazının səmimiliyi, həm qızın cəsarəti, həm düşdüyü vəziyyət adamı dəli edirdi. Bilmirdim, bunu yazdığına sevinim, yoxsa kədərlənim. Təcili qızın atasını çağırtdırdım ki, onunla söhbət edim, uşağa təzyiqini azaltmaq lazım olduğunu deyim. Düşünürdüm ki, atanı inandıra bilərəm. Axı bu qız evdən qaça, canına qəsd edə bilərdi. Niyə onu buna vadar edək ki?! Çox əmin idim yaxşı iş gördüyümə. Həm də qürurlanırdım. Əsərlərdə oxuduğum, kinolarda gördüyüm müəllim kimi olacağımla fəxr edirdim. Beləcə, qərarımı qətiləşdirib Safuranın atasını məktəbə çağırtdırdım.
Sabahı dedilər ki, bir valideyn gəlib, sizi görmək istəyir. Direktor müavinindən icazə aldım ki, olar valideynlə həyətdə görüşüm? O da “yox” demədi. Aşağı düşdüm, ata ilə görüşdüm, ağlıma gəldi ki, bir çay içək. Məktəbin yaxınlığında bir kafe vardı, ora dəvət etdim. Ata qaş-qabaqlı, ciddi görkəm almışdı. Həm çox rahat idi, həm də gözləri ilə: “İşiniz-gücünüz qurtarıb sizin, məni niyə avara eləmisiniz?!” – deyirdi. Mən isə dünəndən ona nə deyəcəyimi düşünür, götür-qoy edirdim. Oturmağını istədim, çay sifariş verib söhbətə başladım:
– Bilirsiniz, mən qızınızın Azərbaycan dili müəllimiyəm. Dünən qızınız mənə bir məktub yazıb…
Söz ağzımda qaldı, bunu deməyimlə kişinin yaxamdan yapışmağı bir oldu. Aləm dəydi bir-birinə. Çay dağıldı, masa aşdı:
– Sən kimsən?! Sən nə demək istəyirsən?! Sən necə müəllimsən?! Dünənin uşağısan, özünü nə hesab edirsən?! Qızım haqqında necə belə danışa bilərsən?! Hələ bir utanmaz-utanmaz məni görüşə də çağırmısan?!
Kişi ilə əməlli-başlı tutaşdıq. İmkan da tapa bilmirdim ki, fikrimi deyim. Məni elə silkələyirdi, sanki bu dəqiqə öldürəcəkdi. Gözlərindən, az qala, qan damırdı. Uzun sözün qısası, kafeni işlədənlər məni tanıdıqları üçün birtəhər kişinin əlindən alıb:
– Müəllim, sən qaç, biz onu sakitləşdirərik, – deyib yola saldılar. On-on beş metr qaçdım da, nə yalan deyim… Sonra yadıma düşdü ki, məktəbin yanındayam, görən olar.
Üst-başımı düzəldib məktəbə girdim. Hirsimdən boğulurdum. Həm özümə əsəbiləşirdim, həm ona. “Məktub” nə idi?” – deyə yamanlayırdım özümü. Dünəndən o boyda hazırlaşmısan… Elə bu idi əlindən gələn?
Mən gənc adam, Safura da yeniyetmə qız… Mənə məktub yazıbsa, deməli, başqa nəsə var… Ata da mühafizəkar qədeş. Gəl indi başa sal ki, məktub deyil e-e, inşadır. Nəysə, ata dalımca məktəbə gəlir, mühafizəçilər içəri buraxmırlar. Direktor müavinimiz sakitləşdirib yola salır. Məndən: “Nə məsələdir?” – soruşdu. Vəziyyəti izah etdim, niyə çağırdığımı dedim, inşanı da verdim ki, oxusun. Direktor müavini nurani bir kişi idi. Başını buladı.
– Belə şeyi niyə kənarda edirsən? Birinci bizimlə məsləhətləş, yol göstərək. Neçə dəfə yatıb çıxıb, təhlükəli adamdır. Bunu belə etməzlər ki, – fikrimi bəyəndiyini də dedi, – Sabah çağırıb özüm danışaram.
Amma sabah yox, elə həmin gün atanın nömrəsini tapıb onunla danışmış, vəziyyəti izah etmiş: “Səhər gəlin, bir yerdə oxuyaq”, – demişdi.
Ata da: “Ora gəlsəm, o dünənin uşağını öldürəcəyəm. Dayısı ilə anası gələr”, – cavabını vermiş, mənə də bir-iki qəşəng sifariş göndərmişdi.
Səhəri gün gəldilər, kiçik iclas elədik. İsrarla qızdan əl çəkmələrini, ona kömək lazım olduğunu dedim.
– Mən qiymətini yazacağam, amma onu çox sıxmayın. Qoyun istədiyi işlə məşğul olsun, – söylədim.
Bu dəm dayı əsəbiləşdi:
– Siz nə dediyinizi bilirsiniz? Bilirsiniz, kimlər “parixmaxır” olur, kimlər salon işlədir?
Düzünü deyim ki, kənd uşağı olduğumdan bu mövzuda məlumatım yox idi. Sonralar öyrəndim ki, guya ancaq yüngül əxlaqlı qadınlar salon işlədir. Amma bu hadisə mənə ciddi dərs oldu. Xəta ən böyük dərsdir. İnşalarda da yumşaldım, oldum hamı kimi. Valideynlərlə ünsiyyətə də diqqət yetirməyə çalışdım, daha rəhbərlikdən xəbərsiz addım atmadım.
Bu hadisəni, az qala, unutmuşdum. Bu yaxınlarda həmin sinifdə oxuyan uşaqlardan biri ilə rastlaşdım. Xeyli söhbətləşdik. Məni də uzun-uzadı təriflədi, uşaqların məni çox istədiyini dedi. Artıq yeddi-səkkiz il idi ki, məktəbi qurtarmışdılar, hərəsi bir yerdə işləyirdi. Xatırladığım uşaqları soruşdum: nə edirlər, necədirlər?.. Birdən yadıma Safura düşdü:
– O nə edir? – soruşdum.
Cavab verdi ki:
– Müəllim, Safura özünə əməlli-başlı iş qurub. Şəhərin müxtəlif yerlərində VİP salonları var. Özünü tutub.
Bu söz elə məni də tutdu:
– Necə? Salonu var?
– Bəli müəllim. Həm də beş-altı yerdə.
– Axı ailəsi imkan vermirdi. Necə oldu bu?
– Müəllim, o qız çox bilmiş idi. Məqsədinə çatmaq üçün hər şey edərdi. Gördü atası qoymur, hicaba büründü, sonra da icazə verdilər. Heç ərə də getməyib. Təzə işə başlayanda demişdi, “Saç ustası olacağam, ona görə də atamı razı salmaq üçün hicab geyinirəm ki, arxayınlaşıb məndən əl çəksinlər”. Ay müəllim, amma sizi də unutmur ha-a. Deyir, “Bunu Kamil müəllimə borcluyam. O inşanı yazdırmasa, sonra o inşaya görə mənə hamının yanında “5” verməsə, mən də özümdə cəsarət tapmayacaqdım. Həmin inşanı yazanda nə istədiyimi bir daha dərk etdim”.
Kövrəlmişdim… Həqiqətən, “Əkdiyin toxumlar bir gün cücərəcək” deyimi doğru imiş… O vaxt nə qədər səhv etdiyimi fikirləşsəm də, indi nə qədər düz addım atdığımı anlayırdım…
– Salam. Siz niyə köçürsünüz?
– Nə bilim, deyəsən, belə lazımdır.
– Axı prezident dəfələrlə deyib ki, Azərbaycan vətəndaşları olan ermənilər üçün lazımı şərait yaradılacaq…
– Artıq mümkün deyil, – Qarabağdan Ermənistana gedən Aşot kədərli-kədərli uzaqlara baxdı…
– Sizin gedişinizə şərait yaradılıbmı, nədənsə şikayətçi deyilsiniz?
– Yox, hər şey qaydasındadır. Özüm könüllü gedirəm; bizi mehribanlıqla yola salırlar.
– Çoxdan burda yaşayırsınız?
– Bəli, xeyli azərbaycanlı dostum da vardı.
– Onda azərbaycanlıların başına gətirələnləri xatırlayarsınız. İndi siz belə rahat, deyə-gülə gedirsiniz, amma yəqin, azərbaycanlıların Qarabağdan necə çıxarıldığını unutmamısınız.
– Nə deyim, düz deyirsiniz. Bir oyunu idi, başımıza açdılar. Heç xatırlamaq istəmirəm.
– Vicdan əzabı çəkirsiniz heç?
Bayaqdan kədər və üzgün dolu baxışlarla kameradan gözlərini yayındıran Aşot qəfil coşdu:
– Biz insan deyilik, niyə çəkmirəm? Elə ona görə də gedirəm. Bura qayıdan azərbaycanlıların üzünə necə baxaram? Heç nə eləməsəniz, o işgəncələrin qisasını almasanız belə, o qonşularım, dostlarım olmuş türklər deməzlər ki, adam kişi olar? Mən onlarla çörək kəsmişəm. Amma indi qala bilmərəm! Yox!..
– 90-cı illərdə azərbaycanlılara qarşı döyüşmüsünüz?
– Yox, döyüşməmişəm. Heç döyüşənlərə də kömək etməmişəm, – Aşot söhbətdən maksimum şəkildə qaçmaq istəsə də, jurnalist bu fürsəti əldən vermək istəmir, daha çox danışdırmağa, daha çox fikir almağa çalışırdı.
– Onda niyə vicdan əzabı çəkirsiniz? Qalın, yenidən dostlaşın, mehriban olun.
Aşot:
– Burada yaşamağa haqqımız yoxdur! Danışmaq istəmirəm! – deyib əşya dolu maşının şüşəsini qaldırdı.
Yovşan bu videonu Xocalı qaçqını olan babasına göstərdi:
– Baba, gözün aydın! Xocalı qayıtdı, ermənilər Xankəndini boşaltdılar. Daha Azərbaycanda erməni yaşamayacaq; Qarabağdan gedirlər.
2023-cü il… Unudulmaz tarix. 30 ildən çoxdur, düşmən tapdağı altında qalan Qarabağ tam nəzarətə götürülüb. Bunu anlayan ermənilər də Azərbaycanı könüllü tərk edirdilər. Bu görüntülər bütün sosial şəbəkələrdə yayılır, telekanallarda nümayiş olunurdu.
Birinci Qarabağ savaşında qardaşlarını, oğlanlarını şəhid vermiş Əlif kişi də uzun illərdir, bu həsrətlə yaşayırdı..
Yetmiş dörd yaşlı Əlif kişi gözünün yaşını silib nəvəsinə:
– Şükür, Xudaya, şükür! – dedi, – Qızım, bir də qoy baxım, bu adam mənə tanış gəldi, – Əlif kişi bu dəfə baxmadı, sadəcə dinlədi. Qəfil, – Tanıdım, tanıdım, bu yuxarı məhəllədə olan Aşotdur. Şəklini böyüt görüm. Hə-ə odur, bir gözü yoxdur, amma özüdür. Qızım, bu indi hardadır?
– Xocalıdan Laçın postuna gedirlər. Yollar tıxacdır deyə, qalıblar yolda.
Baba tez durub pencəyini götürdü:
– Onu görməliyəm, hökmən görməliyəm! – Dalınca ha səslədilər, gözləmədi. Amma çıxandan sonra bir də qayıtdı, – Qızım, telefonunu mənə ver, lazım olacaq, – deyib nəvəsinin cavabını gözləmədən telefonu əlindən aldı.
On səkkiz yaşlı Yovşan:
– Baba, hara gedirsən? Tək getmə, – deyib onunla bərabər çıxdı.
Baba və nəvə birbaşa üz tutdular rayon icra hakimiyyətinə. Rayonun ağsaqqalı olduğundan hamı onun hörmətini saxlayırdı. Elə gedən kimi: “Başçı ilə görüşəcəyəm”, – deyib içəri girdi.
– Cənab başçı, bu ermənini görməliyəm.
Başçı söhbətin nədən getdiyini bilmədiyi üçün:
– Ay Əlif dayı, bir dayan görək. Kimi görməlisən, niyə görməlisən, ətraflı danış görüm?..
– Oğlum, deməli, bu videoda gördüyün Aşotdur, yuxarı məhəllədən qonşumuz. Biz qaçqın düşəndə oğlum Tuqay yaralanmışdı. Onların evində gizlətdik, amma özümüzlə gətirə bilmədik. Aşot bizə erməni döyüşçülərdən qaçmaq üçün kömək etdi. Amma sonra oğlumdan heç bir xəbər tuta bilmədim. Onun evində qoyub gəldim, sonra… Sonra bütün əlaqələr kəsildi, hara yazdım, əlac olmadı. Xəbər-ətər çıxmadı, – Əlif kişi elə hönkür-hönkür ağladı, otaq silkələndi. Qırışmış dəsmalı ilə yol çəkməkdən sozalan gözlərini sildi. Dodaqları əsə-əsə, – Mən onu görməliyəm e-e, görməliyəm. O bilir oğlumun taleyini, ölübsə də, heç olmasa, qəbrinin yerini deyər. Qurban olum sənə, başçı, kömək elə. O getsə, bir də məlumat ala bilməyəcəyəm, – dedi.
Başçı sarsılmışdı. Nə deyəcəyini, necə edəcəyini bilmirdi. Həm Əlif dayının halına acıyır, həm də kişini Aşotla necə görüşdürəcəyini düşünürdü. Axı çox çətin məsələ idi. Kimə desin, kimdən kömək istəsin, bilmirdi. Amma Əlif kişi qan ağlayan gözlərlə: “Yalvarıram sənə, anası: “Oğlum!” – deyə-deyə köçdü bu dünyadan, heç olmasa, mən sümüklərinə sarıla bilim, o körpə sümüklərinə… Əlləri babbalaca idi. On üç yaşı olsa da, körpə idi oğlum. Bığ yeri təzəcə tərləmişdi. Otuz ildir, o son baxışları unuda bilməmişəm. Dili ilə: “Siz gedin”, – desə də, gözləri, “Məni buraxma, ata!” – deyirdi, başçı. Bilirsən, qızlarımdan, namusumuzdan qorxdum. Dedim: “Dalınca qayıdacağam!” Qayıda bilmədim…” – deyirdi.
Başçı nəmlənmiş gözlərini silib kiməsə zəng vurdu. Vəziyyəti izah etdi. Telefonun o tərəfindən: “Həmin videonu mənə göndər!” – səsi eşidildi. Bir saat keçməmiş gəlib, Əlif kişini götürüb üzü Qarabağa yola çıxdılar.
Əlif kişi o dağınıq yollarda bir dəfə də olsun, gözünü qırpırmır, uzanıb gedən kələ-kötür yollara baxırdı. Yol kənarlarında qalan tək-tük tut ağacları sanki necə var idisə, eləcə yerlərində qurumuşdu. Başına illərdir, daraq dəyməyən, dünyadan uzaq düşən divanə kimi görünürdü ağaclar. Bəzi yerlərdə isə üzüm kolları necə simə vurulmuşdu, elə də qalmışdı; baxımsızlıqdan qurumuşdular. Əlif kişiyə elə gəlirdi, bu yerləri heç vaxt görməyib. Çünki tanınacaq bina, yol, nişanə yox idi. Nə kəndlər, nə qəsəbələr qalmışdı; heç nə yox idi. Bəzən uzaqdan sökülmüş evlərin yeri görünürdü.
“Bəlkə, yaşayır…” – deyə qeyri-ixtiyarı dodaqlarından qopdu. Tez-tələsik əlləri ilə ağzını qapayıb hönkürdü. Çünki özü də inanmırdı. Amma yenə də ölməyən ümidin, həsrətin, dəhşətin səsi idi, – çıxmışdı ağzından: “Bəlkə, yaşayır…”
Heç vaxt siqaret çəkməyən Əlif kişi gözləmə zalının qarşısında əsgərdən aldığı siqareti elə sümürürdü, az qalırdı, ovurdları bir-birinə dəysin. Amma oğlundan gəlməyən xəbər kimi ağzından da tüstü çıxmırdı. Sanki tüstü göz yaşı olub içinə axırdı.
Nəhayət…
Əlif kişi heç nə demədən vicdan əzabından tir-tir əsən erməninin gözlərinə baxırdı. Bu dəqiqə onu boğa bilərdi, amma birinci oğlundan xəbər almalı idi. Düz gözünün içə baxır, nəsə soruşmağa isə cəsarəti çatmırdı. Aşot da bir müddət ona baxdı. Sonra başını aşağı salıb:
– Bağışla, Əlif, bağışla! Bacarmadım. Əmanətinə sahib çıxa bilmədim.
Əlif onun yaxasından tutub silkələdi:
– Necə yəni bacarmadım? necə yəni?.. Haram olsun sənə etdiklərim! Səni mən adam etdim! Qızının müalicəsi üçün o boyda var-dövlətimdən keçdim. Amma sən, sən, alçaq çıxdın. Onu sənə tapşırmışdım! İnanırdım ki, nə olur-olsun, qoruyacaqsan! Oğluma nə etdin? Öldürmüsən, heç olmasa, yerini de… – Bayaqdan qisas hissi ilə alovlanan Əlif kişi birdən-birə günahkar adamlar kimi yalvarmağa başladı, – Xahiş edirəm, de, yerini de…
Aşotun deyəcək sözü olmasa da, dik durmuşdu. İçindən Əlifi qucaqlamaq, ayaqlarına düşüb yalvarmaq, üzr istəmək keçsə də, bacarmırdı. Qaçmağa yer olmadığı kimi üzrxahlığa da üz yox idi. Günahkar idi. Kişiliyi çatsa, elə ordaca özünü öldürərdi, amma onu da bacarmazdı.
– Mən çarəsiz əclafam, Əlif! Mən vidansız, ruhsuzam, Əlif! Məni bağışla, oğlunu mən öldürdüm! Həm də gözünün içinə baxa-baxa. O qürurlu, mərd gözlərdə səni görə-görə öldürdüm. “Əmi” dediyi adam öldürdü oğlunu. Bilirsən niyə? Çünki mən də ata idim. Sizdən sonra Vitali dəstəsi ilə evimə gəldi. Oğlunu gizlətdiyimi bildilər. Bax bu gözüm də sənin oğlunla öldü. Qurban oldu sənin oğluna bu gözüm. Ondan sonra bu dünyaya tay gözlə baxdım. Vitali məni döydü, gözümü çıxardılar. Sonra da onu öldürməyimi istədilər. Etməsəm, gözümün qabağında qızımı, arvadımı zorlayacaqdılar. Tək idim, Əlif, tək idim… Mən də ata idim. Mənim yerimə sən olsan, nə edərdin, deyə bilərsən? Çarəsiz idim… Gücüm çatmazdı onlara…
Əlif kişi bildiyi həqiqəti indi ucadan eşitdi… Oğlu elə indicə öübmüş kimi hayqırdı. Xırıltılı səslə:
– Qəbri haradadır? Haradadır? – bağıra bildi sadəcə…
– Sizin həyətdəki qara tut ağacının yanında dəfn etdim. Bilirsən, Əlif, bütün ağaclar qurudu getdi, bircə o qara tut ağacı hələ də qalıb. Amma o ildən sonra bir də bar vermədi. Eləcə yaşadı qara tut. Bu otuz ildə həmişə qulluq elədim, baxdım, suladım, budadım. Amma bir daha bəhər vermədi. Hər il tut yetişən vədə onu ziyarətə gedirdim, görüm, bu il necədir? Nəfəs almadı, amma yaşadı tut ağacı, – deyib Əlif kişiyə sarıldı. Sonra da onun dizlərini qucaqlayıb ağladı, – Məni bağışla! Bütün millətim adına səndən üzr istəyirəm! Mən erməni olduğum üçün utanıram, Əlif, utanıram!
Nəşriyyat sektoru ilə bağlı beynəlxalq tədbirlərdə iştirak etdikcə adam düşünür ki, biz bu sektorda nə qədər geridəyik, ilahi. Təəssüflər olsun ki, uzun illərdir, nə Mədəniyyət Nazirliyi, nə də bu sahədə olan şəxslər maarifləndirici işlər görməyib, məktəb formalaşdırmayıb. Bizdə kitab deyəndə müəllif və mətbəə xatırlanır, adətən. Amma sektorun o qədər incəlikləri, o qədər dərinlikləri var ki, bu gün bu sahədə mütəxəssislərimiz yoxdur.
Bunu ilk olaraq naşirlər düşünməli, təlimlərə qoşulmalı, özlərini inkişaf etdirməli, sistemli çalışmalıdırlar. Kitab elə bir sektordur ki, orada “mən”, “sən”, “o” yoxdur, orada təkbaşına döyüş vardır. Naşirlik sözün əsl mənasında maarifçilikdir. Maarifçilik edənlər isə heç vaxt “O etmir, niyə mən edim?” deməməlidir. Dövlət dəstəyi oldu, olmadı, işini görməlidir. Amma bu gün dünya elə bir formada inkişaf edir ki, bir çox işi maliyyə həll edir. Böyük siyasi, iqtisadi güclər həll edir.
Bu gün ölkəmizdə əksər nəşriyyat və ya naşir sadəcə xaricdən bir-iki müəlliflik hüququ almaqla işini bitmiş hesab edir. Onunla da müəyyən gəlir əldə edib gününü keçirir. Bizim nəşriyyat sektorunun problemləri o qədər dərindədir ki, yaxın illərdə bunu aradan qaldırmaq belə mümkün deyil. Kitab biznesində kitab marketinqi yox, müəllif hüquqları agentliyi yox, kitab satış meneceri yox, dizayn, qrafika məktəbi yox, yox ki yox.
BƏƏ-də keçirlən Şarja Beynəlxalq Nəşriyyatlar Konfransında iştirak edirəm. Ölkəmizdən də 5 nəşriyyat var. Bu, bizim bildiyimiz kitab sərgisi deyil, bu, nəşriyyat sektorunun problemləri ilə bağlı təcrübəli naşirlərin çıxışlarının dinlənilməsi, masalar ətrafında naşirlərin üz-üzə görüşü, bir-birinə kitab təklifi, müzakirəsidir. Biz sadəcə kitab sərgisi ifadəsi ilə tanışıq ki, adına sərgi dediyimiz tədbir isə sərgidən daha çox yarmarkadır. Çünki ölkəmizdə nəşriyyat çox azdır. Əlini atsan ki, sırf nəşriyyat işi ilə məşğul olan neçə nəşriyyat var, maksimum 15-ə qədər saya bilərsən. Ona görə də bizdə daha çox satışa fokuslanır, satışın təşkilinə maraqlı oluruq.
Ona görə də Şarja Beynəlxalq Nəşriyyat Konfransı naşirlərdən daha çox müəllif hüquqları alıb satan agentliklər və nəşriyyatların satış menecerləri, məsləhətçiləri və ya agentləri üçün daha faydalıdır və dünyanın bir çox ölkəsindən nəşriyyatları təmsil edən agentliklər gəlir. Ağlamalı orasıdır ki, bizim ölkədə müəllif hüquqları alıb-satan bir dənə də agentlik və ya nəşriyyatın o vakansiya üzrə çalışan əməkdaşı yoxdur. Bir iki şəxs var ki, bu mövzuda bir az bilgilidir, vəssalam. Şarja bu sahədə dünyada məşhurdur. Layihənin maraqlı tərəfi həm də odur ki, burada bir-birindən kitab alıb satanlara fond olaraq aldığın kitabı öz ölkəndə çapı üçün maliyyə dəstəyi də verilir. Məhz dünya mədəniyyətini ölkəsinə daşımaq, turizmini inkişaf etdirmək üçün hər il müraciətlərə görə müəyyən qonaqlama xərcləri ayırır. Tam paket, sadəcə bilet və ya otel xərcləri. Yəni konfransın bütün xərclərini BƏƏ dövləti qarşılayır. Ona görə maraq böyükdür.
Naşirlər bir-birindən müəlliflik hüququ alır, onu çap edir. Bir çox ölkənin özünün dəstək proqramı var, yəni öz ölkəsinin ədəbiyyatının təbliği üçün dövlət vəsait ayırır ki, sən mənim ədəbiyyatımı öz ölkəndə nəşr etsən, onun tərcümə və ya digər xərclərini mən qarşılayıram. Bu hər ölkənin öz dövlət proqramıdır. Yəni özəl sektorun işi deyil. Amma və lakin bizim ölkəmizin dəstək proqramı da yoxdur. Əsərlərimizi təqdim edir, təbliğ edirik. Xarici nəşriyyatların ilk sual budur ki, ölkənizdə dəstək proqramı varmı? Utanaraq, kədərli şəkildə “yox” deyirik. Azərbaycanı varlı ölkə kimi tanıyırlar, ona görə də ilk sual bu olur, “riili?”. Başımızı sallayaraq deyirik, bəli “riili’’.
Bu dəstək proqramının mahiyyəti odur ki, hər bir dövlət öz mədəniyyətinin, ədəbiyyatının tanıdılması, təbliği üçün bir növ diaspor xidməti göstərir. Hər dəfə səsləndirirəm, bəzi dostlar küsür, inciyir, elə bilir ki, mənim Tərcümə Məkəzi ilə qərəzim var. Bir daha deyirəm, Tərcümə mərkəzi məhz bu işlə məşğul olmalıdır. İntellektual ədəbiyyatımız xarici dillərə tərcümə edilməli və ya tərcüməsi üçün xarici nəşriyyatlara qrantlar ayırmalıdır ki, etsinlər. Bu haqda çox danışmaq istəmirəm, beynəlxalq hazır formatlar var, birini götürüb üzərində çox rahat işləyər. Təsəvvür edirsinizmi, müharibənin cəngində boğulan Ukrayna belə bu gün ədəbiyyatının çapı, yayımı üçün qrantlar ayırır. Bu layihə olarsa, burda birbaşa qazanan müəlliflər olur, müəlliflər dünyaya çıxır. Nəşriyyatlar sadəcə burada vasitə rolunda çıxış edir.
Düzdür, kitab da bir biznesdir, amma onun biznes olmasından öncəki funksiyası maarifçilikdir. Ona görə də müəyyən təşviqlər olmalıdır, heç bir zaman bizim naşirlərin, müəlliflərin bu cür tədbirlərə qatılmasına dövlət dəstəyi olmadı. Hər kəs öz imkanı ilə gedir. Heç bir zaman naşirləri yığıb QHT-lər qədər dəstək vermədilər ki, iştirak edin, ölkəmizin mədəniyyətini təbliğ edin, kitab satın. Axı kitab bir ideoloji maşındır. Bununla bağlı ciddi təlimlərə, treyninqlərə, seminarlara ehtiyac var. Bizim məmur yazarlar da bu sahədə heç bir iş görməyib, təssüflər olsun ki. Sadəcə öz kitablarını öz siyasi güclərindən istifadə edib tanıdıqları nəşriyyatlarda çap etdiriblər. Bununla da işlərini bitmiş hesab ediblər…
İnanın adamın ürəyi ağrıyır, bu işlərlə bizdən öncəki nəsil yaxından tanış olub, nə AYB-si, nə Tərcümə Mərkəzi, nə Mədəniyyət Nazirliyi niyə bu institutun, bu sistemin yaradılmasına maraqlı olmayıblar? Axı bizlərdən daha ağıllı, daha bacarıqlı, daha imkanlı idilər. Adlarını deməsəm də, hamınız yaxşı tanıyırsınız o şəxsləri, biri sinəsini ortaya verib, bunları dövlətə təklif etmədi, nəinki dövlətə, öz imkanları ilə də edə bilərdilər, amma etmədilər. Səriştəsizcəsinə, boynubükük şəkildə onun-bunun ağzına baxırıq. Amma ANAİB yaranandan bir-birimizi həvəsləndirir, məlumatlandırır, nəsə etməyə çalışırıq. Ümid edirəm, formalaşmaqda olan gənc naşirlər bu proseslərə ciddi şəkildə qol çırmalayıb qoşulacaqlar. Təkcə kitab almağa yox, hazırladıqları layihələrlə, yerli müəlliflərin əsərləri ilə gələcəklər. “Bacarmırıq”, “bizlik deyil” demək yanlışdır. MİMTA yayımları Konfransda iştirak edir. Efiyopiyalı bir naşir onların kitablarının üz qapaqlarını görüb çox bəyənib. Təklif edir ki, biz sizə üz qapağı sifariş etmək istəyirik. Qədim Qala Nəşriyyatı öz menecerlərini göndərib. Qədim Qala nəşriyyatından Elnarə xanım bu işlərin çox yaxşı bilicisidir və ciddi əlaqələri var, hamımıza ətraflı məlumatlar verir, bilgiləndirir. Yəni bacarıqsız deyilik, bilgisizik!
Cırmaq-cırmaq Azərbaycan nəşriyatçılığına yeni hava gətirməyə çalışırıq. Ümid edirəm ki, ANAİB-in gənc komandası birlik olaraq bu prosesi çiyninə götürdüyü kimi, şərəflə də daşıyacaq. Sevindirici haldır ki, 5 il bundan öncəyə qədər bu işləri bir, maksimum iki nəşriyyat edirdisə, artıq hər dəfəsində 5-10 Azərbaycan nəşriyyatı iştirak edir, nələrəsə cəhd edir. Görürük, götürürük, edəcəyik.
Hazırda BƏƏ-nin Şarja şəhərində tədbirin təəəssüratları ilə Azərbaycan Naşirlər forumunun layihəsini hazırlayıram, ümid edirəm ki, fərqli formatı olan bu forum, problemlərimizi bir daha qabardacaq, həlli yollarını tapacaq.
Şəmil Sadiq. Şarja şəhəri. 31.10.2023.
Şəmil Sadiq
Deyirəm, bəlkə, uşaqlara deyim, boş vaxtlarımda məni də özləri ilə aparsınlar? Onsuz da işsizəm. Bekarçılıq yaman darıxdırır məni. Əlindəki köhnə, saralmış, tozlu kitabları rəfə yığan Mətin özü də dəqiq qərar vermədiyi üçün yoldaşının fikrini dinləmək və ondan dəstək almaq istəyirdi.
Üç ildir ki, ailə həyatı quran Mətin müəllim maaşı ilə dolana bilmirdi. Dərs keçdiyi aylarda birtəhər keçinmək mümkün olsaydı da, müəllimin aclıq ayları olan üç yay ayı əsl quraqlıq idi. Əslində, onun üçün bütün aylar belə çətin keçirdi. Həftədə 40-45 saat dərs deyən Mətin iki nəfər uşaq hazırlaşdırırdı. Gənc olduğundan valideynlər hələ ona inana bilmədikləri üçün uşaqların sayı hələ ki, az idi. Yay aylarında isə hazırlığa gələn uşaqlarının olmaması onun işini bir az da çətinləşdirirdi. Həm də bu aylarda maaşlar da gec verilirdi axı. Buna görə də dolanışıq daha çətin olurdu.
Dərsdən çıxıb 157 nömrəli marşrutla birbaşa evə gəlirdi. O, dostları ilə görüşə də gedə bilmirdi. Yorğunluqdan avtobusa minəndən ta Xırdalana qədər mürgüləyirdi. Bir də sonuncu dayanacaqda sürücünün “çatmışıq” səsinə oyanardı. Çünki yeni köçdüyü darvazasız üçotaqlı evinin cəmi bir otağı hazır olduğundan, digər iki otağın hətta pəncərələri belə yox idi. Hazır olan otağın da suvağını ora köçəndən sonra özü vurmuşdu. Əslində fərsiz deyildi. Amma nə qədər çalışsa da, maddi durumunu qaydaya sala bilmirdi ki, bilmirdi. Evi də 3500 dollara almışdı. Bunun 500 dollarını xanımı qəpik-qəpik iki il ərzində yığmışdı. 3000 dollarını isə atası borc-xərc edib ona göndərmişdi ki, birdən aspiranturaya qəbulda pul-zad istəyərlər. Mətin də hazırlaşıb imtahanı vermiş, əlində olan pulu da düzəldib ev almış, oğluna ev almaq həsrəti ilə yaşayan atasını sevindirmişdi.
Yoldaşı da çox ağıllı qadın idi. Yarımçıq evə köçəndə heç bir söz deməmişdi. Şəhərdə, ən yaxşı şəraitdə böyümüş bu gəlin sevgisinin hərarəti ilə yaşayırdı. Balaca oğlunu adyallara büküb qışın soyuğundan qoruyan bu gəlin, hamamda nəinki isti suyun olmamasına, heç hamamın damının qoyulmamasına, içəri düzülmüş tək-tük daşların üstü ilə getməsinə də deyinməzdi. Çox ümidli və qürurlu qız idi. Heç vaxt şəraitsizlikdən gileylənməmiş, yoldaşını mənəvi cəhətdən incitməmişdir. Hətta evə köçəndə onlara köməyə gələn xalasının evin şəraitsizliyinə görə Mətinə qəribə baxmasına çox hirslənmişdi. “Mən onun daxili dünyasını sevmişəm, pulunu yox”, – deyərək, təşəkkür edib yola salmışdı. Qəlbin toxluğu insanı həmişə uca saxlayar. Qəlb tox olanda nə bədən üşüyər, nə də qarın ac qalar. Mətin ömür-gün yoldaşının bu gözütoxluğu qarşısında daha çox mənəvi əzab çəkirdi. Hərdən istəyirdi ki, yoldaşı deyinsin, gileylənsin, o da hirslənib daxili əzabının acığını ona töksün. Amma alınmırdı.
Şəraitsizlikdə xoş günlər yaşayan bu gənc ailə mənəvi qida ilə dolanırdılar. Bir-birinə dəstək olub xoş gələcəyə doğru getmək üçün hər gün üçün Tanrıya şükür edib sabaha böyük inamla yaşayırdılar. Hətta 8 Mart bayramında Mətin yoldaşına hədiyyə olaraq bir maşın daş, bir neçə kisə sement və qum almışdı. Sevincək yoldaşına sürpriz edərək ona gözlərini yumub palçıqlı, yağışlı mart ayında həyətə çıxmasını istəmişdi. “Sənə hədiyyə almışam!” – deyə sevinmişdi. Doğrudan da, yoldaşı üçün ən böyük hədiyyə idi. Utana-utana həyətə çıxan İsmətə bundan qiymətli hədiyyə ola bilməzdi. Sanki dünyaları ona vermişdilər, o qədər sevinmişdi ki! Əslində o, yoldaşından bütün xanımlar kimi gül dəstəsi, ətir gözləyərdi, amma bu hislər ona çoxdan yad idi. Qəlbinin hansısa bir dərinliyində, pünhan bir yerdə gizlətmişdi bu istəyi. Çünki ərinin zəhmətkeş olduğuna inanır, ailəcanlılığını təqdir edirdi.
Digər tərəfdən isə İsmət ərinin bu istəyini bir az yaxşı qarşılamadı: “İndi sən müəllim ola-ola gedib fəhlə işləyəcəksən?” – demişdi. Onu əsas narahat edən ərinin İsmətin qardaşlarının yanında işləməsi idi. Bəlkə də, başqa yer olsaydı, heç tərəddüd etməzdi. Axı kişinin alnıaçıq pul qazanması heç vaxt ayıb sayılmayıb. Təki şərəf və ləyaqəti itməsin.
Əşşi burda nə var ki? Bir də ki kim görəcək axı, bir evin içində təmir işlərində işləməyin nəyi pisdir? Həm də bekar qalmaq, arvadın yemək işlərinə qarışmaq kişi işi deyil, – deyərək, özünə təsəlli verdi.
Qayınları da bu fikri yaxşı qarşılamamışdılar. Usta işləyən qaynı “Mətin gəlməsin, biz onun pulunu hər ay ayırarıq” – deyərək, bacılarına toxtaqlıq vermişdilər. Kürəkənlərinin onlardan yaşca böyük olması da onları sıxırdı. “Biz Mətinı necə işlədək yanımızda, ayıbdı”,– deyib bunu bacıları vasitəsilə ona çatdırmışdılar. Sadəlövh qadın bu fikri həvəslə ərinə danışanda özü də bilmədən onun heysiyyətinə toxunmuşdu. Axı Mətin müftə yeyib yaşamağı vicdanına sığışdırmazdı. “Əgər sənə və mənə hörmət edirlərsə, alnımın təri ilə dolanmaq istəyimi başa düşsünlər” – deyərək, bu söhbətə birdəfəlik nöqtə qoymuşdu. Məcbur qalan uşaqlar Mətinin bu fikri ilə razılaşaraq, onu işə götürmüşdülər.
Ceyranbatandakı təmir işləri aparılan villada işə başlamışdı. Qaynı onu maksimum ötüşdürür, fəhlə işlərini də özü görməyə çalışırdı.
Evin hazır olan otaqlarından birində ev sahibinin ərköyün oğlu hərdən kompüterini quraşdırıb işləyirdi. İxtisasca riyaziyyat müəllimi olan Mətin arada gözucu uşağa baxır, özündən asılı olmayaraq, uşağı söhbətə çəkirdi. Hərdən suallar verir, bilmədiyi məsələləri ona izah etməyə çalışırdı. Mühitin təsirində olan uşaq etinasız və laqeydcəsinə Mətinə qulaq asar, savadlı fəhlənin qabiliyyətinə təəccüblənmirdi də. Mətin müəllimi isə bu münasibət heç narahat etmirdi. Onu narahat edən sadəcə yorğun olduqları zaman bərk ac olsalar da, yeməyin vaxtından gec verilməsi idi. Uşağın bu etinasızlığı və saymazlığı fəhlə həyatına alışmamış Mətin müəllimə çox ağır gəlirdi. Hərdən az qalırdı uşağa öyüd-nəsihət versin, onu tənbeh etsin. Hər gün əlindəgah alma, gah armud, gah da portağalla onların yanına gələn bu uşaq isə evlərində işləyən ustaların onun bu hərəkətlərindən nə qədər narahat olduqlarının fərqində belə deyildi. Amma evin nənəsi evin digər üzvlərinə nisbətən daha səmimi və qayğıkeş idi. Tez-tez uşağı səsləyib, “Ay bala, bu istidə o ustalar yazıqdır axı, gəl, bir çaydan-sudan apar onlara” – deyərdi.
Mətin müəllim gördüyü işdən utanmazdı, əksinə evə üzüağ, alnıaçıq gələr, həyat yoldaşının bu zəhmətkeşliyinə görə onunla fəxr etməsindən qürurlanırdı. Günə 3 şirvan qazanan müəllim 10 gündən sonra alacağı 30 şirvanı hara xərcləyəcəyi haqqında düşünür, hərdən də onu aylara vuraraq daha böyük planlar qururdu. Amma düşünmürdü ki, bu şəraitsiz evdə heç 10 gün keçməmiş xərclənib gedəcək. Həyatın enişli-yoxuşlu yollarında onu hələ çox sınaqlar gözləyirdi. Bu yaşananları kiməsə örnək olaraq danışacağını heç ağlına gətirmirdi. Həyat yolundakı pillələri qalxdıqca, geridə qalmış günlər yuxarıdan baxanda çox cılız görünürdü.
– Ata, bizim evdəki fəhlə var ha, bilirsən, nə savadlıdır?
– Hansını deyirsən, o uzunu, yoxsa balacanı?
– Balacanı deyirəm.
– Nə bilirsən?
– Riyaziyyatdan elə məsələləri həll edir ki, heç müəllimlərimiz belə tez həll edə bilmir.
– Əşşi, yaxşı görək, sən də, o nə qanır riyaziyyat nədir?!
– Yox, ay ata, o gün uşaqlarla bir çətin məsələ tapıb verdik, anında həll etdi.
– Boş-boş işlərlə məşğul eləmə ustaları. Bunlar yemək üçün bilərəkdən işi uzadırlar. Müftə yer tapıblar, qarınlarını otarmaq istəyirlər. Qoy işlərini qurtarıb rədd olsunlar. Usta tayfasına üz versən, adamın başına çıxar. İşlərini qurtarana qədər bir də ora getmə.
Ev sahibi ilə oğlunun bu söhbətini Mətin müəllim təsadüfən vannanı aşağıdakı otaqlardan birində təmizləyərkən eşitdi. Həmin gün həyatının ən alçaldıcı gününü yaşamışdı. “Kişi zəhməti ilə pul qazanar, alnının təri ilə ailəsini dolandırar” fikrini də unudub, özünə nifrət etmişdi. Evə elə gəlmişdi ki, bıçaq vursaydın qanı çıxmazdı. Yoldaşının qəhvəyi rəngli gözlərindəki olan həyat dolu baxışlarından da gizlənmişdi. Dünyanın ən rəzil adamı kimi hiss edirdi özünü. Yemək vaxtı yeməyin gecikməsinə hərdən deyindiyini yadına salıb lap xəcalət çəkirdi. Həmin gecə heç nə danışmadan, yorğunluğunu bəhanə edərək balaca, üç aylıq çəlimsiz oğlunun yanına uzanıb yatmışdı. Həyat yoldaşı ilə həm də dost olan Mətin hər şeyi, həttaişdə baş verənləri evdə danışıb, ürəyini boşaldardı həmişə. Amma bu dəfə bacarmadı. Əgər danışsaydı, ömür-gün yoldaşının qürurlu hesab etdiyi, güvəndiyi ərinin ağladığını görəcəkdi. Bəlkə də, həmişə incə belindən tutub oxşayan, tellərini əlinin dalı ilə yanaqlarından kənar edən, məhəbbət dolu baxışların yerini çarəsiz, alçaldılmış bir adam əvəzləyəcək.
Keçəl, şəkər xəstəliyindən arıqlayaraq əcaib bir görkəm almış, yekəburun, əyninə böyük kostyum geyməyi xoşlayan ev sahibinin oğluna verdiyi məsləhəti eşidən müəllim bilmirdi peşəsinə nifrət etsin, zəmanəni qınasın, yoxsa…
Buna cavab tapmağa çalışan “Qayə” şirkətlər qrupunun sahibi qələmi dəftərin üzərində qoyub düzəlişetmək istəyirdi ki, katibəsi içəri girib: “Bağışlayın, Mətin müəllim, Sumqayıtdakı binanın tikintisində işləyən fəhlələri çağırmışdınız. Müdir müavini dedi ki, onlar artıq yeməkxanada toplaşıblar. Süfrənin açılması üçün sizi gözləyirlər”, – dedi.
Qeyd: Hekayə müəllifin “Mən bir müəlliməm” kitabındandır


Başa vurduğumuz keçən ilin son aylarında Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirildi. Görüşdə danışılan, müzakirə edilən çox ciddi mətləblər var ki, bunlar hər birimizin ürəyincədir. Uzun illərdir, türk dövlətlərinin bu cür səmimi münasibətlərinin yaranması arzusuyla alışıb-yanmışıq. Ürəklərdə gizlincə közərən bu arzunun gerçəkləşdiyini hiss etmək gözəl duyğudur. Düzdür, məsələyə nə qədər ümumtürk, Turan sevdası ilə yanaşsaq da, həmişə Azərbaycanın Turana gedən yolda açar ölkə olduğunu dəqiq bilmişik. Yaddaşlara həkk edilən bir məsələ var – XXI əsr “Türk əsri”dir! Nə qədər idealist səslənsə də, günümüzün reallıqları onu göstərir ki, buna addım-addım gedirik. Hələ əsrin bir qərinəsinin yarısını keçmişik. Amma bu qısa zamanda yaşananlar göstərir ki, böyük işlərin təməli atılmaqdadır. Artıq Türk dövlətləri birliyi heç kimdən, heç nədən çəkinmədən bu birliyi ifadə edə bilir. Əvvəlki illəri nəzər salsaq görərik ki, bu arzu qəlblərdə yaşasa da, siyasi təhlükələrdən dolayı açıq-açığına dilə gətirilmirdi. Xüsusən Orta Asiyada yerləşən türk dövlətləri tərəfindən. Amma son zamanlar bu proses ciddi şəkildə irəliləyir. Özbəkistan, Türkmənistan, Qırğızıstan bu mövzularda daha ehtiyatlı davranırdı. Təkcə 2022-ci ildə Özbəkistanda baş verən türk dövlət başçılarının intensiv görüşləri, müzakirə və əməkdaşlıqlara açıq şəkildə qoşulması doğan günəşin parıltısıdır.
Bütün bu hadisələr gözümüzün önündə baş verir və biz bu məsələdə Azərbaycanın missiyasını daha aydın görürük. Sözsüz ki, burda Azərbaycanın 2020-ci ildəki böyük Zəfəri əsas rol oynayır. 44 günlük Vətən müharibəsi Azərbaycanın güclü bir dövlət olmasını göstərməklə yanaşı Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz olduğunu dünyaya bir daha sübut etdi. Məhz zəfərin elan olunmasından sonra türk dövlətləri arasındakı münasibətlər bir daha gündəmə gəldi, Azərbaycan və Türkiyənin səyi nəticəsində bu münasibətlərə bütün sahələrdə yenidən baxılmağa başlanıldı. Cənab prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi türk dövlətlərinin, türk xalqlarının bütün sahələrdə birlik nümayiş etdirməsinin şərt olduğunu bir daha sübut edir. Bunun bir səbəbi də Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayib Ərdoğanla Azərbaycan Respublikası Prezidentinin sarsılmaz və yenilməz qardaşlığıdır ki, türk dövlətləri birliyini hər gün bir addım önə aparır. Son Macarıstan kimi Avropa ölkəsinin, Şimali Kipr Cümhuriyyətinin də bu birliyə üzv olmaq arzusu və müşahidəçi qəbul edilməsi tarixi bir olan dövlətlərin bəşəriyyət üçün böyük önəm kəsb edən elm və mədəniyyət sahəsində də öz ortaq köklərinə sahib çıxmağın vacibliyini ifadə edir.
Son zirvə toplantısında bütün dövlət başçılarının cənab İlham Əliyevi qələbə münasibətilə təbrik etməsi, Ali Baş Komandan İlham Əliyevin isə daha cəsarətli çıxışı gələcək üçün böyük mətləblərdən xəbər verir: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.
Azərbaycanın böyük zəfəri təkcə Ermənistan üzərində deyildi, uzun illərdi ki, ona dəsətək verən Rusiya, İran kimi dövlətlərə də bir zərbə idi və Dəmir Yumruq digər türk dövlətlərinin üzərindən Rusiya xofunu götürdü, bu da yeni Türk erasının başlanğıcı oldu!
Amma bütün bu açıq mesajlarla yanaşı mənim diqqətimi çəkən prezidentlərin Səmərqəndə əlləri açıq şəkildə çəkdirdikləri rəsm oldu: açıq beş barmaq və əlin içi. Düzü tam olaraq bu şəklin hansı siyasi mesajı verdiyini bilmirəm, araşdırsam da tapa bilmədim. Amma mənim üçün mesaj bəlli idi. Sevinc və qürurla həmin rəsmi böyütdürüb otağımda ən gözəl yerdən asmışam. Niyə doğma idi, onu deyim, sonra öz yozumuma keçərəm. Müəllifi olduğum Hədəf Konseptində məhz bu cür əl işarəsini özümüzə simvol seçmişik. Balabilgələrimizin rəsmlərini görən olsa, hökmən bu beşlik prinsipinə rast gələr. Bizim konseptdə beşliyin öz anlamları var:
Birincisi Kimlik – hər bir insanın bilməli olduğu öz kimliyidir;
İkincisi Sağlamlıq – hər bir insan həm mənəvi, həm də cismani sağlamlığının qeydinə qalmalıdır;
Üçüncüsü Bacarıq – bacarıqlı olmaq istənilən insanın sahib olduğu vacib dəyərdir;
Dördüncüsü Yaradıcılıq – yaradıcı insan günümüzün ən önəmli insanıdır;
Beşinci isə Bilik – bütün bu dörd dəyəri təsnifatlandıran və anlama gətirən nəsnə.
Şagirdlərə aşıladığımız ana fikir budur: həmin beş dəyərə sahib olan insan BİLGƏ İNSANdır ki, bu gün ölkəmizə və millətimizə məhz o gərəkdir. Hər dəfə bu beşi tutub, “Bilgə insan olmaq bizim amalımızdır” – deyirik. Məhz buna görə türk dövlətləri Bilgələrinin Böyük Teymurun yurdundan dünyaya belə bir mesaj verməsi bizim üçün bir başqa gözəllik idi.
Amma maraqlıdır, Türk dövlətləri başçılarının bu açıq əl mesajı nə deməkdir? Niyə Səmaya yönəlik açıq əl?
Niyə Beşlik?
Niyə məhz Səmərqənddə?
Doğrusu, çox maraqlıdır və əminəm ki, şəkli görüb diqqət edən hər kəs üçün də belədir.
Mənim üçün beş rəqəminin yeri bir başqadır, niyəsini bilməsəm də, 5-ə xüsusi sevgi var. Hələ 10 il bundan öncə yazdığım “Odərlər” romanında Dədə Əfəndinin fəlsəfi söhbətlərindən ikincisi məhz beş rəqəminə ayrılıb. Məncə, elə həmin hissədən bəzi məqamları qeyd etsəm, demək istədiklərim daha aydın olar: “Bu kimi həqiqətlər və deyimlər xalqın mifoloji anlayışıyla bağlıdır. Türk dövlətlərindən birinin paytaxtının adı Beşbalıqdı, Bişkek sözü də bununla bağlıdır. Türk dünyasında Beşalma adında bir çox yer adı var. Koroğlu-Qoroğlu dastanında da deyilir:
Göydən uçan beş durnalar
Bizim ellər yerindəmi?
Bir-birindən xoş durnalar
Bizim ellər yerindəmi,
Çənlibellər yerindəmi?
Niyə üç, dörd, on yox, “beş” durnalar sözü işlədilib?
Yuxarıda qeyd etdiyimiz şeirin cavabı mifin özündədir. Bu, xalqın müqəddəs inamlarıyla bağlı olduğunu göstərir. Bunların hamısı əsərlərə edilən düzəlişlərdən sonra ortada qalan sözlərdir. Əminik ki, üst qatı soyundura bilsək, bu beş rəqəminin altında çox sirlərin gizləndiyinin fərqinə vararıq.
Beş həmçinin çin və fars dünyagörüşündə, xristianlıqda, islamda, yəhudilikdə, manixeyizm dinində, Pifaqor Ekolunda, Babildə, Misirdə və Hinduizmdə, Şamanizmdə, Mayya və Şimali Amerika qırmızıdərililərində müqəddəs sayılır. Bunlara təsadüf demək olarmı, oğul?!
Bilirsənmi, kimyaya görə, insan dörd elementdən meydana gəlib? Alimlər müqəddəs beşə çatmaq üçün sirli bir beşinci ünsür əlavə edirdi. Bu beşinci ünsürün həyatın gerçək elementi olduğu düşünülərdi və onun əldə edilməsi orta əsrlər kimyagərlərinin başlıca hədəfi idi.
Buddizmdə ürəyin dörd istiqaməti var və beşinci olaraq bir mərkəzə malikdir. Bu ümum-bəşəriliyin təmsil edilməsidir.
Çin dünyagörüşündə beş element, beş atmosfer, beş şərt, beş planet, beş müqəddəs dağ, beş taxıl, beş rəng, beş dad və beş zəhər olaraq özünü göstərir. Bu dünyada bütün həyat beş rəqəminin üzərində qurulub.
Şimali Amerika qırmızıdərililəri arasında da beş rəqəminin rolu digər xalqlarda olduğu kimidir.
Xristianlıqda beş rəqəmi xüsusi önəm daşıyır. Qədim türk simvolu hesab edilən Xaçın da beş ucu, İsanın beş yarası, Musanın beş kitabı vardır.
Misirdə Nilin beş timsahı vardır. Hindi ənənəsində isə dünyanın beşli qrupları vardır, Şivanın beş üzü və Vişnonun ikimərtəbəli beş inkarnasiyası vardır.
Qədim Hindistanda beş qoruyucu bir say olaraq olduqca böyük əhəmiyyətə malik idi.
Asteklərdə dörd ucunda və ortasında bir günəş olan, beşgünəşli xaç simvolu vardır – bu ulduz pentaqramdır.
Avropa ənənələrində mükəmməllik ilə, sirlərin yolunu açan açarla və ruhu maddəyə asılı olmaqdan qurtaran mələklə əlaqələndirilir.
Şaman türklərdə isə beş sayının dəmir – paya ulduzunu təmsil etdiyi məlumdur. Maya və Şimali Amerika qırmızıdərili ənənəsində bənzər şəkildə müqəddəs bir ulduzu təmsil etdiyi qeyd edilir.
Beş Mayalar üçün də açar bir ədəddir və bu ənənəsində beşinci günün, yağış yağdıran spiral formalı Tanrının günü olduğuna inanılır. Onlarda beş rəqəmi balıq formalı bir əllə təmsil edilir.
Beş sayı ayrıca Manixeyizmdə də əhəmiyyətli rol oynayır: ilk insanın (Bağ Atanın) beş oğlu var, işığın beş elementi (ruh, külək, su, işıq və atəş) qaranlığın beş mənası ilə qarşılaşdırılır. Manixeyistler ayrıca yaşayan Tanrının beş köməkçisinin və ruhları toplayan beş mələyin olduğundan söz açmışlar.
Beş yəhudi ənənələrində gücün və sərtliyin, radikal zəkanın rəmzidir.
Beş sayı eyni zamanda kosmik insana işarədir. İnsan qolları açıq vəziyyətdə bir dairə içinə yerləşdirildiyində sinəsinin ortasına eninə və dikinə çəkilən ox bir xaç meydana gətirir. Dünya insan üçün bir xaçdır, yəni bu dünyanın kosmik insana dar gəldiyi mənasını da verir. Bu insan fiquru astrologiyanın da simvoludur. Kabaladakı qarşılığı Adam Kadmondur. Yəni insanın aşan istiqamətini və bu planeti aşma bacarığını təyin kimi Tanrıya tam mənasıyla təslimiyyəti də ifadə edir. Beş, ümumiyyətlə, canlı təbiətdə ortaya çıxan ədəddir. Bu səbəbdən də onun qalib gəlməsi baharın təbiətdəki tumurcuqlanmalarına ekvivalentdir. Bu, bizim qədim Novruz bayramımızda da özünü göstərir. Dörd çərşənbədən sonra gələn yeni il, yeni doğuş, bayram günü, təbiətin oyanışı beşinci ünsürdür.
Beş sayının, qolları və qıçları açıq haldakı insan forması nəzərə alınaraq mikrokosmos olan insanın simvolu olduğu qəbul edildiyində bu vəziyyətilə bədənin bir beşbucaqlı təmsil etdiyi də deyilə bilər.
Helenistik dövrdə Baalbək şəhərindəki Venera məbədi beşbucaqlı biçimdəydi. Xristianlıq meydana gələndə Məryəm beşbucaqlı simvolunun və İştarın – Veneranın sifətlərini də boynuna götürmüşdü.
Apollo İşıq Tanrısı olaraq beş xüsusiyyətə malikdir: hər şeyə gücü çatma, hər yerdə var olabilmə, hər şeyi bilmə, əbədilik və birlik.
İslam ənənələrində dinin beş dirəyi, beş ilahi varlıq, imanın beş şərti vardır. İslamda gündə beş vaxt namaz imanın və İslamın beş şərti olaraq özünə yer tapır. İslamda beş – Allah sözünün beşinci və əsas hərfi “h”-nın ədədi dəyəridir.
Beşuclu ulduz vəhdəti təşkil edəndə və eyni zamanda yuxarı dönük olanda ruhi həsrəti və təhsili simvollaşdıra bilir. Eynilə dairə kimi beşbucaqlı ulduz da vəhdəti işarə edir, həmçinin dörd küncə və beşinci olaraq bir mərkəzə sahib olan kvadrat mərkəzin, səma ilə yer üzünün birləşmə nöqtəsinin simvoludur. O, eyni zamanda Allahın simvoludur, çünki dörd böyük gücün mərkəzindəki onları yaradanı işarə edir.
Beşbucaqlı ulduz, uclarından biri yuxarıda olduqda müsbət, tərs olduqda isə mənfi qəbul edilməkdədir. Pentaqram – İştarın insanları pis ruhlardan qoruduğuna inanılan Qədim Şərqdə gözmuncuğu kimi istifadə edilərdi. Zaman-zaman Tanrı evinin İblisdən və ya bədənsiz bəzi varlıqlardan qorumaq üçün orta əsr kilsələrinin divarlarına çəkilərdi. Bir dünyagörüşünə görə, pentaqram ruhun elementlər üzərindəki suverenliyini ifadə edir, hava, su ruhları və torpaqla bağlı bədənsiz varlıqları idarə edə bilmək üçündür.
Və ən əsası, Türkiyə bayrağındakı beşgüşəli ulduz. Bunun mənası isə mənbəələrə görə, insanı və türklüyü ifadə edir”.
Bütün qeydlərimizi ümumiləşdirsək deyə bilərik ki, beş güşə vəhdəti təmsil edir. Məncə, türk dövlət başçılarının verməli olduğu bu mesaj bir biləyin bir əli və beş güşəsi də məhz bir kökü ifadə edir. “Biz bütünük, biz birik, biz bir ideyaya, törəyə bağlıyıq” deməkdir. Bu beş barmaq büküləndə isə Dəmir yumurq olur! Amma türk törəsi, “Dəmir Yumruğa qədər ilahi mesajı, insanlığı, sevgini ifadə edən açıq əllə qarşınızdayıq” deyir. Psixologiya, bədən dili elmi də ifadə edir ki, “Qarşınızdakı insanın əlləri açıq vəziyyətdədirsə, yəni ovuclarının içi görünürsə, deməli, onun olduğu kimi görünməkdən xoşu gəlir və heç nəyi gizlətmir. Üstəlik ovuclarının içi görünərkən barmaqları da açıqdırsa, yəni barmaqlar arasında açıqlıq varsa, bu insan son dərəcə mərddir!
Bəli, Türk dövlətlərinin məhz ali mədəniyyəti, ürfanı və ən əsası, gücü simvolizə edən Səmərqənd şəhərindən verilən mesaj – “Biz birlikdə güclüyük, biz insanlığın tərəfindəyik, biz bütünük” deməkdir! “Bir atanın oğullarıyıq, bir qanın, bir ruhun təmsilçisi və qoruyucusuyuq!”
“Şəmil Sadiq Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edildi”
Tarix: 03/11/2021Daş Kitabı yazanların sərgisi – Şəmil Sadiq yazır
Tarix: 17/10/2021VII BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI HAQQINDA TƏƏSSÜRAT
6-10 oktyabr tarixlərində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası baş tutdu. Pandemiyanın gətirdiyi bəlalardan dolayı iki ildir ki, kitabla bağlı bu cür möhtəşəm sərgi keçirilmirdi. Bəli, çətin durumda olan naşirlər bu anı çoxdan gözləyirdi.
Düzü, sərginin keçiriləcəyi yerlə bağlı mənim də tərəddüdlərim vardı. Çünki şəhərimizin lap o başında – Eksposentrdə keçiriləcəkdi. Bu adı eşidəndə hamın ağlına gələn ilk bu cümlələr gəlirdi: “Kimdir kitab oxuyan?”, “Kimdir kitaba görə bu boyda yolu gələn?” Bir də Eksposentr ətrafında belə bir imic formalaşmışdı ki, orda sadəcə texnologiya, inşaat, mebel və sairə bahalı sərgilər keçirilir, kitabın orda nə işi var. Axı kitab varlılardan bir az uzaq görünür. Sanki kitabı sadəcə imkansızlar sevir, oxuyur. Əslində, bir az da elədir, sanki Exposentri kitaba, kitabı Exposentrə yaraşdıra bilmirdik. Amma beş gün davam edən sərgi göstərdi ki, biz yanılmışıq, kitaba görə, oxumağa görə Çinə, Şama gedən bu millət niyə 30 dəqiqəlik yolu gəlməsin ki?! Bəzən özümüzü heç də yaxşı dəyərləndirə bilmirik. Axı bu millətin uluları Orxan-Yeniseydə daşlar üzərində kitab yazıb, hələ XI əsrdə lüğət yazıb, Cəlil Məmmədquluzadə və silahdaşları eşşəklərin üzərində ta Hindistana qədər kitab, jurnal göndərib, gətirib… İndi bizə nə olub ki, yarım saatlıq yolu özünə rəva görməsin!

Bəli, beş gün müddətində gördük ki, oxuyan da var, yazan da. Çünki VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası qısa zamanda çox mütəşəkkil təşkil edildi. Naşirlərə yer seçimindən başlamış, oxuculara şəhərin iki məntəqəsindən ödənişsiz marşrut təşkil edilməsi, Zəfərimizin dostu, qardaşımız Türkiyədən gələn otuza yaxın naşir, tanınmış yazarlar, tərtibat, çıxışlar və tədbirlər üçün ayrılmış panellər, uşaqlar üçün təşkil edilmiş əyləncəli oyunlar, Mədəniyyət Nazirliyinin naşirlərin arzularını daima diqqətdə saxlamaları ürəkaçan mənzərə idi. Əvvəlki sərgilərimizdən çox yanı ilə fərqlənirdi. Çünki kitab üçün ayrılan bu möhtəşəm saray göz qamaşdırırdı. Bir çox kitab sərgilərində iştirak etmişəm – Frankfurt, London, İstanbul, Moskva, Almaatı, Daşkənd və s. Pafoslu səslənməsin, deyim ki, format olaraq sanki TÜYAP kitab sərgisinin kiçik variantı idi. Birinci dəfəydi ki, sərgi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən naşirlərin qrupu yaradılmış, Azərbaycan Nəşriyyatları İctimai Birliyi ilə bir neçə dəfə görüş keçirilib məsləhətlər aparılmış, gedişatla bağlı məlumat verilmişdi.
Önəmli tərəflərindən biri də naşirlərə əlavə yer kirayələmək üçün şərait yaradılması idi. Nazirlik üçün təklif edilən 6 kvadrat metrlik yerdən əlavə, hər kvadrata görə beş gün üçün cəmi 50 manat məbləğ müəyyən edilmişdi. Bu da naşirlərimizin standart yerdən çıxaraq öz stendlərini daha geniş, daha maraqlı dizaynda tərtib etmələrinə şərait yaratdı. Bunu Parlaq İmzalar, Teas-press, Hədəf Nəşrləri, Everest nəşriyyatlarının timsalında görə bildik. Və beləcə, yeni ənənənin başlanğıcı oldu və gələn sərgi üçün daha ciddi rəqabət bizi gözləyir.
Bu sərgidə o da ilk idi ki, yeni yaranan Azərbaycan Nəşriyyatları İctimai Birliyi öz stendi ilə iştirak edirdi… Naşirləri birləşməyə, birgə şəkildə problemləri səsləndirməyə, onlara sinə gərməyə çağırırdı.
Sərginin gedişində Mədəniyyət naziri Anar Kərimov naşirlərlə görüşdü, problemlərini dinlədi. Bəndəniz də söz alaraq cənab nazirə naşirlərin bir neçə problemi haqqında danışdım. Ümid edirik ki, yaxın zamanlarda onlar da həllini tapar. Yaddan çıxmamış bunları da qeyd edim:
1. Şənbə-bazar günləri şəhərimizin müxtəlif yerlərində mütəmadi kitab yarmarkalarının təşkili;
2. Dərsliklər və uşaq ədəbiyyatda olduğu kimi, bədii, elmi və publisistik ədəbiyyatın, ümumiyyətlə, kitabın vergidən azad edilməsi;
3. ANİB Kitab mərkəzinin açılması – bütün nəşriyyatların öz kitablarını oxuculara daha rahat təklif edə biləcəyi, müzakirələrin aparıla biləcəyi salonun olması, kitabla bağlı startap layihələri işləmələri üçün gənclərə masalar və bilgisayarlarla təhcil edilməsinə xidmət edən bir məkan;
4. Nəşriyyatlar üçün güzəştli kreditlərin, subsidiyaların verilməsi;
5. Tərcümə kitablar üçün qrant müsabiqələrinin keçirilməsi;
6. Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması üçün dövlətin təşviq proqramlarının hazırlanması;
7. Kağız üzərindən ƏDV-nin götürülməsi;
8. Naşirlər gününün təsis edilməsi və nəşriyyat sektorunda fəaliyyət göstərən şəxslərin dövlət təltiflərinə salınması və ya mükafatların təsis edilməsi;
9. Rayonlarımızda bu cür mütəşəkkil sərgilərin təşkil edilməsi;
10. Kitaba “daş kitabə” adlı abidənin qoyulması və ya kitabsevərlər üçün parkın salınması.
Açığı, cənab nazirin də bu və digər yoldaşların təkliflərinə səmimi münasibət göstərməsi, dəstəkləməsi uzun illərdir, sahibsiz qalan kitabı sevindirməyə bilməzdi.
Səgrinin son günlərinin adətən sönük keçəcəyini gözləyən naşirlər bu dəfə də yanıldı, şənbə-bazar tarixləri olduğu üçün sərgiyə ciddi axın oldu.
Sərgidə xarici naşirlərlə yerli naşirlər üçün B2B görüşlərinin təşkil edilməsi isə bir ayrı profesionallıqdan xəbər verirdi. Biz də Hədəf Nəşrləri olaraq sərgidə iştirak edən Türkiyəli naşirlərin hər birinə “xoşgəldin” paxlavası, Azərbaycan-Türkiyə bayraqları ilə rənglənmiş Xarı bülbül ikonu hədiyyə etdik, söhbətlər apardıq.
Düzdür, biz bundan da möhtəşəm, regional bir sərgini keçirə biləcək ölkəyik. Bunu başlanğıc hesab etsək, gələn ilki sərginin daha möhtəşəm olacağına ümid artır. Bu il fəxri qonaq ölkə Türkiyə idi, gələn dəfəsə Pakistanın olması arzusu doğdu içimdə. Niyə də yox? Axı Pakistan bu qarışıq dünyada bizə yaxın olan böyük Şərq dövlətidir, niyə mədəniyyətlərimiz inteqrasiya olmasın, tanışlıq yaranmasın?!
Həm də ümid edirik ki, gələnilki sərgiyə daha mütəşəkkil hazırlaşılacaq, xarici yazarlar, hətta nobelçi yazarlar oxucularla görüşə dəvət ediləcək, Eksposentrin daha böyük salonunda, daha geniş imkanlara sahib olan stendlər qurulacaq, mətkəblilərin, tələbələrin gəlişi daha yaxşı təmin ediləcək, onlara kitab almaları üçün güzəştli kart sistemi veriləcək, nəinki iki məntəqədən marşrutlar təşkil ediləcək, hətta qeydiyyatdan keçmiş iştirakçılara bütün marşrutlar ödənişsiz olacaq! Bütün bunlara gördüklərimizdən sonra daha çox inanır, bütün təşkilatçılara təşəkkürümü bildirirəm.
Şəmil SADİQ
ANİB-in sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent



















