Bölmə baxışı

Bədii yaradıcılıq

Köşə Manşet Xəbərlər

Nəşriyyatları böhrandan necə xilas etməli?

PHOTO-2021-03-26-18-50-18jpg-1617050253 (1)
Bu günlərdə çap sektorunda maraqlı yeniliyə imza atıldı. 20-dən çox nəşriyyat birləşərək “Azərbaycan Nəşriyyatları” İctimai Birliyini (ANİB) təsis etdi. İdarə Heyətinin qərarı ilə “Hədəf” Qrupun baş direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq ANİB-nin sədri seçildi.

Bəs belə bir qurumun yaradılması ideyası hansı zərurətdən doğdu? Birliyin qarşısında nə kimi hədəflər durur? Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verməsi üçün hansı işlər görülməlidir? ANİB sədri Şəmil Sadiqlə bu və digər suallar ətrafında söhbət apardıq.

Azərbaycanda nəşriyyat etikası aşağı səviyyədədir

Birlik sədri deyir ki, Azərbaycanda son bir neçə ildə öz layihələri ilə ayaq üstə duran, nəşriyyatçılığı biznes sektoru kimi inkişaf etdirən bir çox nəşriyyat yaranıb. Lakin yalnız kitab satışı ilə yaşaya bilən çox az sayda nəşriyyat var. Buna görə də nəşriyyatlar çox ciddi problemlərlə qarşılaşır. Birincisi, piratçılıq baş alıb gedir. Nəşriyyatların topdansatış mağazalara təsir imkanları yoxdur, bazara onlar diktə edir. Halbuki nəşriyyat kitab istehsal etməsə, mağazalar işləyə bilməz. Amma min bir əziyyətlə yazılan kitabların bazarda surəti çıxarılıb satılır. Düzdür, bu, daha çox metodik vəsaitlərdə baş verir, amma bədii ədəbiyyatda da bu problem var.

Şəmil Sadiqin sözlərinə görə, kitab yarmarkaları da təşkil edilmir, mağazalar azdır, iki ildə bir dəfə kitab sərgisi keçirilir ki, onu da sadəcə nəşriyyatlar və müəlliflər bilir. Tələbələr, məktəblilər bu yarmarkalara doğru-düzgün cəlb edilmirlər. Xarici yazarların Azərbaycan oxucusu ilə tanışlığı, yerli yazarların maliyyə çətinliyi, redaktə işi, korrektə, tərcümə sahəsinin pərakəndə vəziyyəti, Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması ilə bağlı demək olar ki, heç bir iş görülmür: “Bir sözlə, Azərbaycanda nəşriyyat etikası, poliqrafiya mədəniyyəti çox aşağı səviyyədədir. Ümumiyyətlə, ömrünü kitaba həsr edən naşirlər, tərcüməçilər, redaktorlar, korrektorlar, dizaynerlər heç bir yerdə yada salınmır, dinlənilmir. Bütün bunlar azmış kimi, kiçik bir ölkədə üç-beş nəşriyyat öz arasındakı münasibətləri düzgün koordinasiya edə bilmir. Beynəlxalq sərgilərdə nəşriyyatlarımızın nə qədər cılız olduğunun fərqinə varmaq adamı narahat edir. Bu baxımdan nəşriyyatların birgə fəaliyyətini şərtləndirən problemlər çoxdur – daxili bazarda piratçılıqla mübarizə, müxtəlif informasiya platformalarında kitab təbliğinin, respublikanı əhatə edən vahid kitab satış şəbəkəsinin yoxluğu, bölgələrdə yaşayan oxucularla nəşriyyatlar arasında qopuqluq, müstəqil kitab mağazalarının azlığı, kitab sərgiləri, satış yarmarkalarının paytaxt və bölgələrdə vaxtlı-vaxtında təşkil olunmaması, yerli müəlliflərin dünya kitab bazarına çıxmasında yaşanan çətinliklər, tərcümə, redaktə, korrektə sahəsində birgə fəaliyyətin olmaması, eləcə də digər məsələlər nəşriyyatların birgə fəaliyyətini zəruri etməkdədir. Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verən səviyyəyə çatdırılması, yazıçı-naşir-kitab satış şəbəkəsi və oxucu münasibətlərində ardıcıllığa nail olunması, ümumilikdə nəşriyyatçılıq etikasının formalaşması, müəlliflik hüququ məsələləri, habelə beynəlxalq kitab şəbəkəsinə qoşulmaq üçün yerli nəşriyyatların birlikdə fəaliyyət göstərməsinə ehtiyac yaradıb. Məhz bu səbəblər tələb edirdi ki, nəşriyyatların haqq və hüquqlarını, mənafelərini müdafiə edən, onları maarifləndirən, bu sahənin inkişafına dəstək verən ictimai birlik yaradılsın. Onun üçün də uzun sürən görüşmələrdən, müzakirələrdən sonra qərara gəldik ki, bir ictimai birlik ətrafında birləşərək bu sahəyə daha yaxşı xidmət göstərə, problemlərimizi həll edə bilərik. Beləcə, Azərbaycan Nəşriyyatlar İctimai Birliyi yarandı. Hədəfimiz Azərbaycan nəşriyyatının, kitabçılığının inkişafına xidmət etməkdir”.

Bu sahəni stimullaşdırmağın yolu yetərincədir

Naşirin sözlərinə görə, son on ilə qədər ölkəmizdəki nəşriyyatlar daha çox mətbəə kimi, ya da mətbə-nəşriyyat formatında çalışıb. Halbuki mətbəə sektoru ilə nəşriyyat sahəsi nə qədər bir-birindən asılı olsalar da, əslində, tamamilə fərqli sahələrdir. Təəssüf ki, bu sektorlar arasındakı fərqi bilməyən nəinki sadə vətəndaşlar, hətta ziyalılar, kitabçılar da var: “Nəşriyyat işi mətbəə işindən daha ağır və məsuliyyətlidir. Təsəvvür edin, qəzet deyəndə heç kimin ağlına mətbəə gəlmir ki, onun çapı harda olur, necə olur, bunu kim edir. Qəzetin çapa hazırlanması, məqalələrin yazılması, redaktəsi, tərcüməsi qəzeti qəzet edir. Kitab da belədir, yəni onu kitab edən mətbəəyə qədərki üzərindəki işdir. Düzdür, yüksək poliqrafiya da önəmlidir, amma məzmun ondan daha üstündür.

Artıq Azərbaycan inkişaf etməkdə olan ölkədir, istehsalata dövlət xüsusi maraq yaradıb, biznes mühiti yaxşılaşıb. Bunun üçün də belə birliklər zaman-zaman formalaşmaqdadır. Dünyada bu cür praktika çoxdur, yəni eyni sahə ilə məşğul olan biznes strukturları birləşir, yeni layihələr ortaya qoyur, dövlətini xaricdə təmsil edir, ölkənin tanıtımına xidmət edir, öz hüquqlarını rəsmi orqanlar qarşısında müdafiə edir, həmin sahənin inkişafı üçün mütəmadi təkliflər verir. Biz də birlik olaraq bu yöndə fəaliyyətimizi istiqamətləndirəcəyik”.

Maraqlıdır, görəsən ölkəmizdə müəllif və nəşriyyatlar kitab satışından normal qazanc əldə edə bilirmi? Dünya ölkələrində kitabçılıq gəlirli sahələrdən hesab edilsə də, təəssüf ki, istisnaları çıxmaq şərtilə bunu bizim ölkəmiz üçün demək olmaz. İstisnalar isə daha çox tenderlə işləyən mətbəə-nəşriyyatlarla bağlıdır. Ş.Sadiqin fikrincə, Azərbaycanda kitab bazarı ölü vəziyyətdədir. Bakıdan başqa rayon və şəhərlərimizdə kitab mağazaları yox dərəcəsindədir. Nəşriyyatların kitabları kitabxanalar, təhsil müəssisələri üçün alınmır, bunun da nəticəsində yaxşı yazarlar yetişmir, istedadı olanlar da sonradan dolanışıq naminə başqa sahəyə yönəlir. O nəşriyyatlar dolana bilirlər ki, onlar ya dərslik, ya da metodiki test kitabları çap edirlər. Amma kitab sektoru deyiləndə ilk ağla gələn bədii və elmi kütləvi ədəbiyyatdır: “Lakin bu sahəni stimullaşdırmağın yolu var və yetərincədir. Mədəniyyət Nazirliyi hər il kitabxanalara, mədəniyyət mərkəzlərinə ayrılan büdcədən nəşriyyatların uyğun, maraqlı kitablarından heç olmasa 100 ədəd alarsa, nəşriyyatlara təsərrüfat sektoru kimi ciddi güzəştli kreditlər ayrılarsa, müxtəlif layihələrlə mütaliəyə maraq yarada bilərsə, kitab sektorunun inkişafına xidmət edən qrant layihələr həyata keçirərsə, rayon və şəhərlərimizdə dövlətin mülkiyyətində olan binalarda kitab mağazalarının açılması təşviq edilərsə, əlbəttə ki, olar. İstənilən dövlət kitabxanasına da girin, bir ortabab kitab mağazasına da, görəcəksiniz ki, həmin kitabxanada heç bir yeni nəşr tapa bilmirsiniz. Düzdür, dövlət sifarişi ilə böyük nəşrlər var, amma kitab o qədər çoxdur ki, hamısını sifarişlə çap edib kitabxanaya vermək olmaz. O sifarişlərə ayrılan maliyyənin bir qismi məhz bu nəşriyyatlardan doğru-düzgün kitab alışına sərf edilsə, məncə, daha çox uğura nail ola bilərik. Heç eşitmisinizmi hansısa icra hakimiyyəti, ya da bələdiyyə kitabla bağlı nəsə etsin? Mən yox!”

Kitab mağazalarının yerində indi marketlər açılıb

Naşir hesab edir ki, Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verməsi üçün görüləcək işlər çoxdur, bunun üçünsə münbit şərait yaranmalıdır. Nəşriyyatların kitablarını sata, göndərə biləcəyi mağazalar yox dərəcəsindədir. Çünki həmin kitab mağazalarının yerində indi marketlər açılıb: “Düzdür, bu, biznes sektorudur və özü-özünü inkişaf etdirməlidir. Amma söhbət kitabdan, ideologiyadan, mədəniyyətdən, mənəvi dəyərdən gedirsə, deməli, burda dövlətin dəstəyi və marağı daha çox olmalıdır. Onun üçün də bu məsələyə konseptual baxılmalıdır. Məsələn, bir hekayən “Azərbaycan” jurnalında çap edilirsə, ordan alınan qonorarın məbləği heç bir yazıçını stimullaşdıra bilməz. Nə qədər yaradıcı iş olsa da, yazarın dolanışığı, hörməti yüksək olmalıdır. O zaman rəqabət mühiti yaranar. Nəşriyyat da çap etməklə həm xeyir götürə, həm də xeyir verə bilər. Bu çox geniş mövzudur, problemlər çoxşaxəlidir. Yaxında ANİB olaraq kitabçılığın inkişafı üçün Mədəniyyət Nazirliyinə geniş təkliflər paketi göndərəcəyik”.

Bəs Azərbaycanda kitab çapı sahəsində sağlam biznes mühitinin yaradılması üçün nəyə, yaxud kimə ehtiyac var? ANİB sədrinin qənatincə, ilk olaraq oxucuya. Çünki oxucunu zamanında yetişdirmək çox vacibdir. Bu isə məktəbdən, universitetdən başlayır. Məsələn, dünyanın böyük universitetlərində içində geniş kitab mağazaları olur, orda nəşriyyatlar üçün sərgilər keçirilməsi, yazarlarla görüş adi haldır: “Lakin bizim böyük universitetlərimizdən heç birinin həyətində, içində kitab mağazası, kitab-kafe yoxdur. Televiziyalar reytinq olmadığı üçün kitab müzakirələri aparmır, yazarlar ön planda saxlanılmır, naşirlər yada düşmür. Təsəvvür edin, bütün sahələrin peşə bayramı var, naşirlər günü yoxdur. Kitab, kağız ƏDV-dən azad edilməli, dövlət kitabxanaları təkmilləşdirilməli, müasirləşdirilməlidir”.

Kitablarımızın təbliğatını nə ölkəmizdə, nə də xaricdə aparacaq qurum var

Son illər ölkəmizdə nəşr olunan kitabların dizayn və poliqrafiya işləri yüksək standartlara cavab verir. Azərbaycan nəşriyyatı və mətbəələri yüksək texniki göstəricilərə malikdir. Ən yüksək keyfiyyətdə kitabı ölkəmizdə nəşr etdirmək mümkündür və ən böyük müsabiqələrdə yer tuta bilər. Bəs bu göstəricini yaradıcı keyfiyyətə də şamil etmək olarmı? Məzmun necədir? Ş.Sadiq deyir ki, bu artıq nəşriyyatın işidir: “Pulu olan özünün və ya qohum-əqrəbasının kitabını çap etdirir, sonra da dost-tanışa paylayır və bununla iş bitir. Pulun yoxdursa, hansısa nəşriyyat risk edib deyə bilmir ki, nəinki qonorar verim, heç olmasa çap xərclərini biz qarşılayaq. Buna baxmayaraq, bu gün bir çox fədakar iş adamları, yəni nəşriyyat sahibləri var ki, ümidlidir və çətinliklə də olsa kitab çap edir, hətta cüzi də olsa qonorar verir. Amma bu çox azdır. Elə ona görə də rəqabət mühiti yaranmır”.

O ki qaldı kitabın təbliği və satışı ilə kimin məşğul olmasına, naşir bunu böyük problem hesab edir. Onun sözlərinə görə, bu işi nə nəşriyyat, nə də müəllif həyata keçirməlidir. Kitab satışını agentliklər, dağıtım şirkətləri, menecerlər təşkil etməlidirlər ki, bu fəaliyyət də ölkəmizdə yoxdur və yetişmir: “Çünki gəlir yoxdur. Ona görə də formalaşmır. Bizim kitabların təbliğatını nə ölkəmizdə, nə də xaricdə, heç qardaş Türkiyədə, İranda, Rusiyada belə aparacaq özəl, yaxud dövlət qurumu yoxdur. Bir çox ölkələrin öz ədəbiyyatını tanıtmaq üçün layihələri var ki, sən o xalqın hansı kitabını başqa ölkədə çap etmək istəsən, heç olmasa tərcümə xərclərini qarşılayır. Amma təəssüf ki, bizim ölkənin belə bir layihəsi yoxdur. Biz bunun ağrısını Azərbaycanın da qonaq ölkə olduğu sonuncu İstanbul Naşirlər Forumunda da yaşadıq. Xarici naşirlər təklif edir ki, bizim kitabı alın, maliyyəsini dövlətimiz qarşılayacaq, çünki məqsəd həmin dövlətin mədəniyyətini təbliğ etməkdir. Qarşılığında bizdən soruşurlar, “yox” deyirik. Hətta Türkiyənin TEDA qurumu bu il türk əsərlərini xarici ölkələrdə çap edən naşirlərə mükafatlar da verdi. Niyə bu cür sistem bizdə də olmasın?! Halbuki illik çox yox, 2-3 yüz min dollar ayırmaqla, ən azı 100 əsərimizi dünya bazarına çıxara bilərik. Bu da bizim müəllif hüquqları agentliklərinin, kitab prodüserlərinin, menecerlərinin yaranmasına gətirib çıxara bilər. Nəticədə kitab bazarı canlanar”.

Nəşriyyat işi yaradıcılıq işi olmaqla bərabər, həm də biznesdir. Biznes isə maarifçilik missiyasını həyata keçirmək üçün vasitə olmalıdır. Yəni uğurlu biznes olmalıdır ki, bu missiyanı yerinə yetirə, əhaliyə xidmət edə biləsən. Ona görə də kitab nəşrində maarifçilik missiyası və biznes maraqları paralel getməlidir. Azərbaycanda kitab çapı sahəsində sağlam biznes mühitinin yaradılması üçün də ilk olaraq mövcud problemlər aradan qaldırılmalıdır. Bu baxımdan nəşriyyatların təşkilatlanaraq birgə fəaliyyəti xeyli ümidvericidir. Necə deyərlər, tək əldən səs çıxmaz. Birlikdə komanda olaraq çalışmaq isə xeyli irəliləyişə və uğurlara səbəb ola bilər. Hələlik bu sahədə görülməli işlər çoxdur. Lakin əsas komandanın istəkli, həvəsli və çevik olmasıdır. İnanırıq ki, güclü komanda ilə ANİB qısa zamanda çox maraqlı layihələr həyata keçirəcək və Azərbaycan kitabçılığına yeni ab-hava gətirəcək.

Bədii yaradıcılıq Bölməsiz Haqqında yazılanlar Layihələr Mükafatlar Xəbərlər

Şəmil Sadiq Hədəf Liseyi tərəfindən arxa cəbhənin qəhrəmanlarına verilən mukafatlar barədə Mədəniyyət TV SƏHƏR verlişində çıxış edir.

Şəmil Sadiq Hədəf Liseyi tərəfindən arxa cəbhənin qəhrəmanlarına verilən mukafatlar barədə Mədəniyyət TV SƏHƏR verlişində çıxış edir.
Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində tarixi zəfər çaldı. Biz bu 44 gün ərzində Dövlət və xalq birliyinin təntənəsinin şahidi olduq. Hamımız DƏMİR YUMRUQ ətrafında birləşməyi bacardıq, gücümüzə güc qatdıq və şanlı zəfərə nail olduq. Bu müddətdə ön cəbəhədə canları ilə fədakarlıq edən hərbçilərimizlə yanaşı, arxa cəbhənin də rolu az olmadı. Xalqımız istər mənəvi, istərsə də maddi olaraq Ali Baş Komandanın rəhbərliyi ilə aparılan müharibədə əlindən gələni etdi.
Vətən Müharibəsi başlayan ilk günlərdən dövlətin və ordunun yanında olan Hədəf Şirkətlər Qrupu arxa cəbhənin bir sıra ictimai fəalını “Xarıbülbül” simvolik heykəli ilə təltif edib. Şirkətin rəhbəri Şəmil Sadiqin sözlərinə görə, “Xarıbülbül” simvolik heykəli müharibə vaxtı arxa cəbhədə dəstək çağırışları edib orduya sovqat götürənlər, iş adamları, informasiya cəbhəsində uğurla çalışan jurnalistlər və ictimai fəallara təqdim edilir.

Bölməsiz Köşə Manşet Xəbərlər

Şəmil Sadiq – İngilis bölmələrində təhsil alanlara attestat verilmir…

Hazırda ölkəmizdə rəsmi olaraq tədris iki dildə aparılır, Azərbaycan və Rus. Bundan başqa isə Türk, Fransız dövlətlərinin dəstəyi ilə fəaliyyət göstərən bir neçə məktəb var. Amma görünən odur ki, qeyri-rəsmi də olsa ingilis dilli tədrisə ciddi maraq var və bu da özəl təhsil sektorunda özünü aydın şəkildə göstərməkdədir. Belə ki, İngilis dilində tədris də bir neçə formada həyata keçirilir, ya hansısa beynəlxalq məktəblər, ya da Azərbaycan və Rus bölməsi ilə yanaşı, İngilis dili bölməsində də tədris verən məktəblər. Rus bölməsinə münasibət birmənalı deyil, lakin buna baxmayaraq, valideynlərimiz övladlarının gələcəyini rahat etmək baxımından rus bölməsinə müraciət edir, bunu isə bəzən ödənişsiz ingilis bölməsinin ölmaması ilə əlaqələndirənlər də var. Çünki əmindirlər ki, rus dilini bilən insan üçün ən azından MBD ölkələrinə, müəyyən ədəbiyyata bu vasitə ilə daha tez çıxmaq olur ki, bu da savadlı insan kimi yetişməyin yolunu asanlaşdırmış olur. Əminik ki, rus bölməsi ilə bərabər dövlət məktəblərində ingilisdilli bölmələr olsa, rus bölməsinin reytinqi birdən-birə aşağı düşər. Lakin Rus bölmələrinin olması ideoloji baxımdan nə qədər ürəkaçan olmasa da, Rusiya kimi böyük bir dövlətin qonşususansa, iqtisadi əlaqələr baxımından bu dilə münasibət həmişə yaxşı olacaq. İstənilən halda, bir neçə dil bilməyin heç bir ziyanı yoxdur.

Bizi bu yazıda narahat edən tamam başqa mətləb olduğundan “Rus bölməsi, yoxsa ingilis bölməsi?” kimi suala cavab axtarmağa çalışmayacağıq. Günümüzün problemlərini göstərərək valideynlərimizi bilgiləndirməyə çalışacağıq.

Etiraf edək ki, Bəzən valideynlərimiz bu sual qarşısında qalır, seçim etməkdə çətinlik çəkir. Bunun üçün də valideynin ilk qərar verməli olduğu sual budur, biz övladımızı xarici dildə tədrisə niyə yönləndiririk? Bu sualın cavabı aydın olandan sonra, ikinci suala cavab axtarılmalıdır. Bu da hansı dildə tədrisə yönləndirək? Gəlin, valideynlərimizin “Biz övladımızı xarici dildə tədrisə niyə yönləndiririk?” sualına çoxunun verəcəyi cavablara diqqət edək:

1. Məhz xaricdə təhsil alması üçün;

2. Ana dilindən başqa, başqa bir dil də bilməsi üçün;

3. Rus və ya İngilis bölmələrində tədris və şəxsiyyətə fərdi yanaşma daha yaxşıdır;

4. Ailə rusdilli və ya ingilisdillidir ona görə.

Deyim ki, əgər məhz bir və ikinciyə görə hansısa başqa dildə tədris planlaşdırılırsa, buna heç bir ehtiyac yoxdur. Yəni Azərbaycan bölməsini yaxşı qiymətlərlə bitirən şagirdlər həm dünyanın ən yaxşı universitetlərinə qəbul ola bilir, həm də istədiyi dili bir-iki ilə öyrənib, ingilisdilli tədris ala bilir. Yəni tək bu səbəblər sadəcə övladlarımızı başqa bölmələrdə oxutmaq üçün şərt olmamalıdır. Digər iki səbəbdən isə 4-cü tutarlı səbəb ola bilər, 3-cü səbəb də bizim qonağa, yada özümüzdən daha çox qiymət verməyimizin nəticəsidir. Balabilgələrin (Şagirdlərin) gələcək fəaliyyətlərində tədris aldığı dil yox, ailə tərbiyəsi, yaxşı təhsil daha önəmlidir. Bunu da istənilən bölmədə əldə etmək mümkündür.

Mən isə yuxarıda qeyd etdiyim kimi, istərdim rus və ya ingilis bölmələri arasında seçim etməkd çətinlik çəkən valideynlərimizi qarşılaşacağı problemlərlə tanış edim.

Əgər övladınız rus bölməsində təhsil alırsa, bu o deməkdir ki, sonda Azərbaycan dövlətinin attestatını alacaq, həm yerli, həm də xarici universitetlərdə təhsilini davam etmə şansı olacaq. Çünki rus bölməsinin şagirdləri Azərbaycan bölməsi ilə eyni hüquqa malikdir, eyni kurikulumla təhsil alır, burada sadəcə tədris dili fərqlidir. Üstəgəl Azərbaycanda dövlət məktəblərində də rəsmi olaraq rus bölməsi var ki, bu da onların əlavə xərc çəkmədən övladlarının ikinci bir dili öyrənməsinə imkan verir. Bu baxımdan rus bölməsinin avantajı əlbəttə ki, ingilis dilindən çox görünür.

Ölkəmizdə İngilis bölmələrində isə durum fərqlidir. Bu bölmədə özəl liseylər tədrisi beynəlxalq kurikulumla keçir və sonda balabilgələrə (şagirdə) Azərbaycan attestatı verilmir. Çünki ölkəmizdə daha çox IB və Kembric proqramları ilə ingilisdilli tədris verilir ki, bu zaman Azərbaycan kurikulumu tədris edilmədiyi üçün balabilgələrin attestat imtahanına girmə şansları yoxdur. Onu da nəzərə alsaq ki, ölkəmizdə hələlik sadəcə ADA univetsiteti SAT və ya digər beynəlxalq imtahanlarla şagird qəbul edir, deməli, bu balabilgələrin digər universitetlərimizə qəbul olması mümkün deyil. Hətta şagird 9-cu sinifdə ingilis (bura digər dildəki bölmələr də daxildir: türk, alman, fransız) bölməsindən Azərbaycan bölməsinə keçid etmək istəyən zaman, bir sinif geri düşür. Əslində isə geri düşmür, çünki beynəlxalq proqramlarda təhsil 12, bizdə 11 illikdir. Ona görə də valideynlərimiz bunu geri düşmək kimi qəbul edir.

Valideynlərimiz bunları dəqiqliyi ilə bilmədiyi üçün bəzən beynəlxalq proqramlara üz tutur. Çünki heç də övladını ingilis bölməsinə yönləndirən valideynlərin hamısı onların təhsilini gələcəkdə xaricdə davam edəcəyini planlaşdırmır, və ya planlaşdırsa da, qabaqda duran 11 illik dönəmin fərqinə varmır və yuxarı siniflərdə qərar dəyişikliyi olanda ciddi sıxıntılar yaşanır. Ona görə də valideynlərimiz övladları üçün bölmə seçərkən bunu çox ciddi araşdırmalı, sonra qərar verməlidir.

Görünən odur ki, Təhsil Nazirliyi də bu sahədə ciddi addımlar atmalıdır. Birinci və ən asanı odur ki, beynəlxalq attestatı alan şagirdlərə, bizim attestat imtahanına giriş şansı verilsin. Çünki hazırda 9-cu sinif buraxılış imtahanına girə bilməyən balabilgələr, DİM tərəfindən keçirilən 11-ci sinif buraxılış və qəbul imtahanına da buraxılmır.

İkinci variant isə İngilis bölməsinin rəsmiləşdirilməsi, dərsliklərimizin ingilis dilinə çevrilməsi, ya da rəsmi olaraq bir qrumla razılaşıb proqramı Azərbaycan təhsilinə uyğunlaşdıraraq təhsil verilməsidir.

Üçüncü və ən rahatı isə bütün universitetlərimizə qəbul proqramına İELTS, SAT, TOEFL kimi beynəlxalq qiymətləndirmələr də daxil edilsin.

Sözsüz ki, burda qarşıya çıxacaq problemlər öncədən nəzərə alınmalıdır. Əgər birinci varianta qərar verilsə, ciddi fəsad yaşamarıq. Azərbaycan dili, Riyaziyyat və İngilis dilindən Azərbaycan kurikulumu əsasında imtahana girib, keçid balı toplaya bilənlərin haqqı niyə əllərindən alınmalıdır? Hətta, İngilis dilinin yerinə Azərbaycan tarixinin tədrisi milli ideologiya baxımından daha tutarlı olardı. Bu bir növ İngilis bölmələrində təhsil alan şagirdləri də qazanmaq deməkdir.

İkinci varianta gəldikdə, dərsliklərin tərcüməsi və ya Kembric kimi bir proqramı tətbiq edib, şagirdlərin sonda beynəlxalq diplom proqramı ilə hazırlaşaraq, həm beynəlxalq, həm də yerli attestatı almaq çox çətin və uzun bir prosesdir, amma faydalıdır. Burda ciddi maliyə tələb edilir, üçdilli təhsil bir növ rəsmiləşir. Halbuki Azərbaycan Təhsil Qanununda ölkədə dövlətin verdiyi təhsil Azərbaycan dilində olmalıdır, yazılıb. Amma bu bizə siyasi olaraq onu qazandıracaq ki, birbaşa “Rus bölmələrini bağlayırıq”, demək kimi təhlükəli addımı atmağa imkan verməyəcək, rus bölməsi anlayışı təbii yolla aradan çıxacaq. Çünki valideynlərimiz çox yaxşı bilir ki, dünyaya çıxış baxımından ingilis dilinin imkanları, rus dilinin imkanlarından qat-qat çoxdur və yaxşıdır. Hətta Rusiya və MBD ölkələrinə də çıxış üçün bu gün ingilis dili daha uğurludur.

Əgər üçüncü varianta gedilərsə, bu zaman DİM-in Universitetlərə qəbul intahanı birmənalı olaraq öz funksiyasını itirəcək. Çünki balabilgələr sadəcə ingilis dili və riyaziyyatdan imtahan verməyi qoyub, niyə 5-6 fəndən hazırlaşmağı seçsinlər ki? Bir halda ki, bu cür rahat və sadə yol var. Onu da nəzərə çatdırım ki, xarici universitetlərə qəbul olmaq üçün balabilgəyə sadəcə xarici dil bilgisi yetərli olur. Bəzən də xaricə üz tutan balabilgələr məhz bu səbəbi əsas tuturlar. Bir daha qeyd edim ki, beynəlxalq qiymətləndirmələrlə yerli universitetlərimizə qəbul olmaq mümkün deyil.

Hazırkı durumda isə özəl liseylərdə beynəlxalq proqramlarla təhsil alan şagirdlərimizi birmənalı şəkildə xaricdə təhsil almağa yönləndiririk. Halbuki 12 ilin sonunda onların da əksəriyyəti ölkəmizdə təhsil almaq istəyir, amma şansları olmur. Ona görə də yerli universitetlərdə qəbul planının dolmamasına, rəqabətin azalmasına şahid oluruq. Son bir neçə ildə isə bunun yeganə səbəbi budur. Çünki valideynlərin tələbi ilə özəl liseylər, hətta bir neçə dövlət məktəbləri də bu sıraya qoşularaq ingilisdilli bölmələr açırlar ki, onların məzunu da birbaşa xaric ölkələr üçün hazırlanır. Valideynlərimizin bilməsi olan vacib məqamlardan biri də İB sistemi ilə şagird qəbul edən universitetlərin əksəriyyətinin ödəniş səviyyəsinin çox yüksək olmasıdır.

Bütün bunlara aydınlıq gətirilmədən, sondakı nəticədən məlumatsız olan valideynlər arasında xaos daima olacaq, övladını düzgün istiqamətləndirmək üçün əziyyət çəkəcəklər.

Hə, gələk mənim şəxsi fikrimə…

Azərbaycan Respublikasında dövlət hesabına təhsil birmənalı olaraq Azərbaycan dilində olmalıdır.

Lakin ildırım sürəti ilə inkişaf etməkdə olan dünya ilə ayaqlaşmaq, istedadlarımızı dünyaya rahat çıxarmaq üşün ingilis dilinin saatlarını artırmaq, texniki və dəqiq elmləri ingilis dilində tədris etməklə, ölkəmizdəki milli təhsili inkişaf etdirə, dilimizi, tariximizi, ədəbiyyatımızı övladlarımıza öyrədə, dil bilgimizi də yüksək edə bilərik. Ən azından pilot məktəblərlə buna başlamağın vaxtıdır.

Bu zaman isə başqa bölmələrə maraq azalar, Azərbaycan gənci öz milli ideologiyası ilə böyüyər, elinə, obasına sadiq olar və bununla bərabər dünya ilə ayaqlaşmaqda da çətinlik çəkməz.

Təhsil texnoloqu, dosent. Şəmil Sadiq

Köşə Xəbərlər

Məktəblər təcrübi bacarıqların formalaşdırıldığı mərkəzlərə çevrilir – Şəmil Sadiq

 

Həmsöhbətimiz Azərbaycanda ilk dəfə STEAM təhsil sistemini tətbiq edən “Hədəf STEAM” liseyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir. Şəmil Sadiqlə liseyin yaranma ideyası, hazırkı təhsil sistemi, eləcə də bu işin incəlikləri ilə bağlı söhbətləşmişik.

“Məktəbim olsaydı, hansı işlər görər, hansı sistem tətbiq edərdim deyə, planlar qururdum”

“2001-ci ildə 20 nömrəli məktəbdə pedaqoji fəaliyyətə başlamışam. Lisey yaratmaq ideyam isə haradasa 2008-ci ildən var idi. Məktəbim olsaydı, hansı işlər görər, hansı sistem tətbiq edərdim deyə, planlar qururdum. Hansısa direktorun, məktəbin idarəetmə konsepsiyasını gördükcə, kurikulum sistemilə tanış olduqca müəyyən ideyalarım formalaşırdı. 2010-cu ildən sözügedən istiqamətdə addımlar atmağa başlamışam. Buna qədər isə artıq “Hədəf” kursları fəaliyyətə başlamışdı. Hətta bir müddət kursu da məktəb kimi işlətmişəm. Məsələn, heç bir kurs olimpiada, dərgi təsis etməyib, dərs vəsaitləri hazırlamayıb, tədbirlər həyata keçirməyib. Hansı xarici ölkəyə gedirdim, hansı vəsaiti oxuyurdumsa, gələcəkdə yaradacağım məktəb barədə müəyyən məsələləri əxz etməyə çalışırdım”.

“Dünyanın sabahı texnologiya üzərində qurulub”

Şəmil Sadiq deyir ki, ixtisasca filoloqdur. Amma həqiqət budur ki, dünyanın sabahı texnologiya üzərində qurulub, mühəndislik artıq çox vacib peşəyə çevrilib: “İnkişaf etmiş ölkələr sırasına yüksəlmək, söz sahibi olmaq üçün ilkin şərtlərdən biri təhsildir. Diqqət edilməli olan məqamlardan biri də hazırda texnologiya sahəsində lider ölkələrin bir növ “əsirinə çevrilməyimizdir”. Çünki məişətdə istifadə olunan avadanlıqlardan tutmuş, yaşam tərzimizə qədər hər şey texnologiya ilə bağlıdır. Bu asılılığı aradan qaldırmaq üçün ilk növbədə özüldən – təhsildən başlamaq lazımdır. Beləcə, qərara gəldim ki, yaradacağım məktəb mühəndislik üzrə ixtisaslaşmalıdır”.

“Biz – azərbaycanlı valideynlər daha çox diplom aşinasıyıq”

Ş.Sadiq qeyd edir ki, ümumiyyətlə, bu tendensiya bütün dünyada yayılmaqdadır: əksər məktəblər peşəyönümlüdür: “Məktəblər nəzəriyyənin yox, təcrübi bacarıqların formalaşdırıldığı mərkəzlərə çevrilir. Əslində, bu, müəyyən mənada sovet təhsil sistemində də vardı, amma tam şəkildə həyata keçirilmədi. Yaxud Atatürk ötən əsrin 30-cu illərində Köy institutlarını qurdu. Biz – azərbaycanlı valideynlər daha çox diplom aşinasıyıq. Amma müasir dünyada diplom yox, praktika önəmlidir. Yəni insanlar diplom olmadan da uğur qazana, karyera qura bilərlər. Tədqiqatlar göstərir ki, təxminən 2050-ci ildə hətta brend universitetlərin diplomuna ehtiyac olmayacaq. İnsanlar müəyyən kursların sertifikatı vasitəsilə istənilən böyük şirkətdə fəaliyyət göstərə biləcəklər. Hazırda “Google”, “Facebook”, “SpaceX” kimi şirkətlər belə, kadrın diplomuna yox, sertifikatına baxır. Ona görə də düşünürəm ki, məktəb şagirdi vətəndaş olaraq yetişdirməklə yanaşı, bir peşə də verməlidir. Sabahı gün tələbə olanda özünü, təhsil xərclərini təmin etməsi baxımından, bu, çox vacibdir. Bu gün dünyada sərbəst iş qrafiki xeyli geniş yayılıb. Sən bir işi ofis şəraitində 8 saatlıq rejimdə görə bilirsənsə, evdən, yaxud hansısa yerdən daha sərbəst qrafiklə də öhdəsindən gələ bilərsən. Xüsusən, son yeddi ayda – pandemiya dövründə bu məsələ özünü qabarıq şəkildə büruzə verdi. Ona görə də peşə seçimi məktəbdən başlanmaldır. Hazırda bizdə necədir? Universiteti bitiririk, o qapı sənin, bu qapı mənim iş axtarırıq, hansısa peşəyə yönəlirik. Axırda da məlum olur ki, ixtisasımızla gördüyümüz iş tamam ayrı sahədir. Halbuki peşə seçimi məktəbdən başlasa, tədris bu istiqamətdə qurulsa, karyera imkanı, iş tapmaq daha asan olar”.

“Mühəndisliyin, kompüter elmlərinin giriş balı 200-300 olur, hüququn, politologiyanın, tarixin, tibbin, filologiyanın isə 500-dən yuxarı”

Lisey direktorunun sözlərinə görə, bütün bunları nəzərə alıb peşəyönümlü STEAM (Science Technology Engineering And Mathematics – elm, texnologiya, mühəndislik və riyaziyyat) təhsil verən bir məktəb yaratmağa çalışıblar: “Əksər valideyn istəyir ki, övladları həkim, hüquqşünas, prokuror olsun. Daha çox humanitar sahəyə yönəlirlər. Diqqət etsək, görərik ki, mühəndisliyin, kompüter elmlərinin giriş balı 200-300 olur, hüququn, politologiyanın, tarixin, tibbin, filologiyanın isə 500-dən yuxarı. Buna baxmayaraq israr etdim ki, yaradacağımız müəssisə STEAM sistemli lisey olacaq. İdarə Heyətimizlə müzakirə apardıq. Çoxlu etiraz oldu ki, uşaq gəlməyəcək, diqqət az olacaq, yaxud biz bunu bacarmarıq. Burada kodlaşdırma, süni intellekt, robototexnika, bahalı avadanlıqlar var və s. Çətin, amma eyni zamanda, maraqlı oldu. Beləcə, Azərbaycanda ilk STEAM əsaslı liseyin əsasını qoyduq. 2019-cu ildə isə STEAM-lə bağlı dövlət layihəsinə start verildi. Müəllimlər müxtəlif xarici ölkələrə seminarlara göndərildilər, məktəblərə müəyyən STEAM əsaslı vəsaitlər verildi, yönləndirilmələr aparıldı. Beləcə, aydın oldu ki, biz düzgün yoldayıq”.

“Ən böyük çətinlik valideynlərlə dil tapmaq idi”

Həmsöhbətimiz proses zamanı qarşıya çıxan problemləri təbəssümlə xatırlayır: “Əsas çətinlik inzibati məsələlərlə bağlı oldu. Ən böyüyü isə valideynlərlə dil tapmaq idi (gülür). Çünki konsept fərqlidir. “Hədəf” konsepti qurmuşuq. Dünyanın öndə gedən təhsil konseptlərinin əsasında yeni konsepsiya formalaşdırmışıq. Sadə dillə desək, öncül təhsil sistemlərinin ən yaxşı tərəflərini götürüb milliləşdirmişik. Reallıqla barışmayan, yaxud reallığın gətirdiyi çətinliklərlə barışmayan valideynlər həmişə olur. Şagirdlərin xoşbəxtliyi bizim üçün birinci pillədə dayanır. Liseyin şagirdləri özlərini sərbəst, xoşbəxt, öz mühitində hiss etməlidirlər. Onları ev tapşırıqları ilə sıxmaq, əzmək istəmirik. Qiymətləndirmə meyarları ilə yükləmirik. Müəllimin ciddiliyi, inzibatçılığı ilə qarşılaşmamalarına çalışırıq. Əyləncə, öyrənmə və dostluq şəraiti qurmağa önəm veririk. Amma bizim valideynlər daha çox Dövlət İmtahan Mərkəzinin proqramını izləyir, bizdən bu proqramın hərfiyyən tətbiqini gözləyirlər. Ona görə də konseptimizə öyrəşənə qədər əziyyət çəkməli oluruq. Hələ də bunu qəbul etməyənlər var. Evə tapşırıq verməməyimizə, kitabların məktəbdə qalmasına etiraz edənlər tapılır. Bəzən 8-ci sinfə qədər qiymət yazılmamasında israrımızı anlayışla qarşılamırlar. Əlbəttə, valideynlərin tələbinə uyğun müəyyən korrektələr olur. Çünki lisey həm də biznes strukturudur. Gəlir olmasa, müəssisə də olmaz”.

“Belə fikir formalaşıb ki, kimsə vurma cədvəlini əzbər bilmirsə, deməli, savadsızdır”

Şəmil Sadiq hesab edir ki, bizdə əsas çatışmazlıq yanaşma tərzidir: “Düşüncə mütləq şəkildə dəyişməlidir. Belə fikir formalaşıb ki, kimsə vurma cədvəlini əzbər bilmirsə, deməli, savadsızdır. Yaxud tarixdən bir neçə xronoloji suala cavab verməyən şagirdə deyirlər ki, bəs sən neçə vaxtdır, nə oxuyursan? Niyə məktəbə gedirsən? Soruşanda ki, yaxşı, uşağınızda nə dəyişiklik görürsünüz? Cavab verirlər ki, artıq sərbəst fikirlidir, mövqeyi formalaşıb, məktəbdən heç qayıtmaq istəmir. Əslində, məktəbin işi elə budur. Uşaq məktəbi sevirsə, xoşbəxtdirsə, özünü rahat hiss edirsə, məktəbə qaça-qaça gəlirsə, komanda işində uğurludursa, seçilən yol doğrudur. Əlbəttə, təlim-tərbiyə, əxlaqi dəyərlər, milli şüurun formalaşması çox önəmlidir. Məsələn, bizdə hər həftənin öz adı var. “Sevgi”, “Hörmət”, “Sayğı”, “Dostluq”, “Vətənpərvərlik”, “Bayraqsevərlik”… Bütün bunlar çox önəmlidir və məktəbdə formalaşdırılmalıdır. Etiraf edim ki, 2000-ci illərdən bəriki gəncliyin davranış qaydalarında, kütləvi olmasa da, gözardı edilməyəcək qədərində müəyyən sıxıntılar var. Çünki əzbərçiliyi qayda kimi qəbul edirlər. Hədəfləri ən yüksək bal toplamaqdır. Düşünürlər ki, universitetdən sonra maksimum bal, qırmızı diplom onların işə düzəlməsində önəmli rol oynayacaq. Amma məsələ burasındadır ki, artıq meyarlar dəyişib. Şirkətlər qırmızı diplom, yüksək göstərici yox, davranış qaydaları, ünsiyyət bacarığı, komanda ilə iş praktikası, emosional zəka göstəricisi tələb edirlər. Heç birimizə universitetdə əldə olunan biliklər 100 faiz lazım olmur. Bəlkə 5, bəlkə 20 faiz – ixtisasa görə dəyişə bilər. Bizə qalan aldığımız tərbiyədir. Ədəb-ərkan, ünsiyyət bacarığı, tənqidi fikri incitmədən demək bacarığı bura daxildir”.

“Google” az qala bütün suallarımıza cavab verə bilir, amma…”

Ş.Sadiq deyir ki, biz valideynlər məktəbi akademiya səviyyəsində görmək istəyirik: mütləq bilik verməlidir: “Robot da, kompüter də böyük informasiya bazasına sahibdir. Amma heç vaxt bir insanı əvəz edə bilməz. “Google” az qala bütün suallarımıza cavab verə bilir. Amma mən “Google”u sevə, onunla duyğulana, onunla ağlaya bilərəmmi? Hiss-həyəcan yalnız insana məxsusdur. Yaxud elə sual verə bilərsən ki, süni intellekt aciz qalar. Amma insan elə çevik zəkaya malik olmalıdır ki, operativ, yerində, şəraitə uyğun cavab verə, fikir yürüdə bilsin. Valideynlər məktəbin funksiyasını fərqli gördüklərinə görə, çətinliklərimiz olur.

Bir məsələni də diqqətinizə çatdırım. Bu il bizim məzunlarımız universitetə qəbul olundular. Yetərincə də yaxşı göstəriciləri var. Digər məktəblərin, liseylərin məzunları da həmçinin. Amma əsas fərq bundan ibarətdir ki, bizim şagirdlər bu mərhələyə əyləncəli, pozitiv mühitdə, xoşbəxt şəkildə çatıblar. Digərləri isə valideyn, yaxud müəllimin qılıncının altında çalışmaqla”.

Cavid QƏDİR

Köşə Xəbərlər

Bir neçə xarici ölkələrin yeni tədrsi ili ilə bağlı verdikləri qərar

Təhsil Texnoloqu, f.ü.f.d., dos. Şəmil Sadiqin araşdırması.
Bir neçə xarici ölkələrin yeni tədrsi ili ilə bağlı verdikləri qərar:

BÖYÜK BRİTANİYA
“Uşaqların məktəblərə qayıtmamağı, onlara koronovirusdan daha çox zərər verə bilər.” Bu sözləri Böyük Britaniyanın Baş həkimi professor Kris Uitti söyləmişdir. O, həmçinin qeyd etmişdir ki, uşaqların bu virusdan həyatlarını itirmə şansı olduqca kiçikdir, amma dərsləri davam etməmələri onlara daha uzunmüddətli ziyan yetirmiş ola bilər. Yaxın həftələrdə milyonlarla İngiltərə, Uels, Şimali İrlandiya şagirdləri məktəblərinə qayıdaraq, dərslərə başlayacaq. Böyük Britaniya höküməti bütün yaş qrupları üzrə şagirdlərin məktəbə gəlməsini nəzərdə tutub. Şotlandiyada isə artıq məktəblər açılıb. Məktəblərdə bu qaydalara əməl olunması şərtdir:
– Covid-19 simptomları olan şagird və müəllimlərin məktəbə buraxılmaması
– əllərin tez-tez yuyulması
– asqıran və öskürən zaman kağız salfetlərdən istifadə olunması və digər gigiyena qaydalarına əməl etmək üçün ehtiyac olan vasitələrin təmin edilməsi
– təmizlik və gigiyena prosedurlarının sayının artırılması
– mümkün qədər sosial məsafənin azaldılması
– 11 yaşdan yuxarı şagirdlərdən maska taxılmasının tələbi (qeyd edək ki, maska yalnız şagirdlərin tənəffüs zamanı, və ya otaq dəyişikliyi zamanı tələb olunur, sinifdə dərs zamanı taxılmasına tələb yoxdur)

LİTVA
Litva Radio və Televiziya qurumunun verdiyi məlumata görə, bağçalar may ayının 18-dən etibarən açılmışdır. Qeyd edək ki, “Reuters”in verdiyi məlumata əsasən Litva höküməti məktəb və baxçaları martın 12-dən bağlamışdı. Sentyabrın 1-dən siniflərdə dərslər başlayacaq. Lakin 100 000 nəfər əhali sayına görə 16 koronovirus yoluxma halı olan ərazilərdə maska taxılması məcburi, 100 000 nəfər əhali sayına görə koronovirus yoluxma sayı 25-dən artıq olarsa, məsafədən tədris olacaq.

MACARISTAN
Koronovirus pandemiaysı səbəbi ilə Macarıstanda məktəblər mart ayının ortalarından bağlanmışdı. Məktəblərin yenidən açılması iyun ayının 2-dən reallaşmağa başladı. Təhsil kiçik qruplarda aparılırdı və məcburi deyildi. “July Reuters Report”un verdiyi məlumata görə yeni dərs ili siniflərdə sentyabrın 1-dən başlayacaq.

AVSTRİYA
Avstriya müəyyən sosial məsafə gözləməklə buraxılış sinifləri üçün dərsləri siniflərdə təşkil etmişdir. Bəzi məktəblər sinifləri idman zallarına köçürərək sosial məsafəni gözləmişlər. Digərlərində isə siniflər iki yerə bölünərək məsafəni təmin etmişdir.

TAİLAND
Tailand məktəbləri hərarətin ölçülməsi, partalar üçün arakəsmələrin hazırlanması kimi təhlükəsizlik önləmləri alaraq məktəbləri iyulun 2-dən etibarən açmışdır. Blumberqin 7 avqust məlumatına görə gələn həftədən məktəblər heç bir sosial məsafə tələbi olmadan açılacaq, belə ki, ölkədə artıq bir dənə də olsun koronovirus halı aşkarlanmayıb.

BELÇİKA
Ölkədə ibtidai və orta məktəblərin buraxılış sinifləri sosial məsafə qaydalarına əməl etməklə may ayından dərsləri siniflərdən keçmişlər. Siniflərdə şagird sayı 10 nəfər olmalı, 12 yaşdan yuxarılar isə maska taxmalı idilər. İyunda baxçalar açılmış və orta məktəb şagirdləri məktəblərə sosial məsafə gözləmədən gəlmişlər.

TAYVAN
Tayvan rəsmi olaraq məktəblərin bağlanmasını elan etmədi, əvəzində fevral ayında olan qış tətilini 10 gün uzadaraq, bu zamanə virus əleyhinə lazımı tədbirlərin planlaması, ehtiyac olan dərman vasitələri və gigiyena vasitələrinin əldə edilməsinə ayırdı.

Kitablar Köşə Manşet Xəbərlər

Polad Həşimov haqda kitab nəşr edildi

polad həşimov

General Polad Həşimov haqqında xatirələr kitabı nəşr olundu.

“General Polad Həşimov xatirələrdə” kitabı “Hədəf Nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində işıq üzü görüb. Kitab 14 iyul tarixində Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan ordusunun general-mayoru Polad Həşimova həsr olunub. Kitabda ailə üzvlərinin, cəbhə yoldaşları və əsgərlərinin, müxtəlif peşə sahiblərinin Polad Həşimovla bağlı xatirələri yer alıb. Kitabın 60 səhifəsini əhatə edən “Polad Həşimov fotolarda” bölməsində mərhum generalın uşaqlıq illərindən tutmuş həyatının müxtəlif anlarında çəkilmiş şəkillər verilib. “General Polad Həşimov xatirələrdə” – general-mayor Polad Həşimova həsr olunmuş ilk dolğun kitabdır.

“Hədəf Nəşrləri” sözügedən kitabın ilk nəşrini hədiyyə verəcəyini də açıqlayıb. Bu barədə nəşriyyatın təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıqlamasında deyib: ““General Polad Həşimov xatirələrdə” kitabı mənim və “Hədəf Nəşrləri” komandasının mənəvi narahatlığının nəticəsində ərsəyə gəldi. Belə ki, məlum Tovuz hadisələrində hamı kimi biz də daxili narahatlıq keçirdik və iyul şəhidlərimiz qarşısında mənəvi borcumuzu qismən də olsa, ödəmək üçün bu layihəni həyata keçirmək qərarına gəldik. Bu layihə üzərində işləyərkən fərqli yerlərdən dəstək nümayiş etdirənlər çox oldu. Hamımızın vətəni olan Azərbaycanın mərd oğluna bu cür yanaşma, doğrusu, bizi qürurlandırdı və bu prosesdə tək olmadığımızı anladıq. Mən həm öz şəxsim, həm də “Hədəf Nəşrləri” adından “Halal” firmasına, könüllü dəstək verən dostlarımıza minnətdarlığımı bildirirəm. Eyni zamanda bütün işləri çox peşəkarlıqla yerinə yetirən “Hədəf Nəşrləri” komandasına təşəkkür edirəm. Sözügedən layihəni uğurla başa çatdırmaq üçün kitabın 2000 tirajlıq ilk nəşrini ictimaiyyətə hədiyyə edəcəyik”.

“Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy isə bildirib ki, hədiyyə siyahısını müzakirə edərkən kitabın maksimum əhatəli auditoriyaya çatması məsələsini dəqqətdə saxladıq: “Kitabın tərtibat mərhələsinə başladığımız elanından sonra bizə müxtəlif qurum və şəxslərdən çoxsaylı müraciətlər daxil oldu. Biz bunları nəzərə almağa çalışdıq, amma bu müraciətlər nəzərdə tutduğumuz tiraj sayından dəfələrcə çoxdur. Əvvəlcədən söz verdiyimiz kimi, bu kitabı ilk olaraq generalın Anası Səmayə Həşimovaya hədiyyə etdik. Bu layihə üçün yaratdığımız komissiya daxilində aparılan müzakirələrin nəticəsi olaraq hədiyyə siyahısı aşağıdakı kimi qərarlaşdı:

Azərbaycan Respublikası Təhsil Nazirliyi – 150 ədəd

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi – 100 ədəd

Azərbaycan Respublikası Müdafiə Nazirliyi – 100 ədəd

Universitet kitabxanaları və digər kitabxanalar – 150 ədəd

Xaricdəki diaspor təşkilatları – 50 ədəd

İctimai-siyasi şəxslər – 150 ədəd

Siravi oxucular (kitabevim.az mağazası vasitəsilə) – 500 ədəd

Təşkilatçı, dəstəkçi və məqalə sahiblərinə – 200 ədəd

Mətbuat orqanlarına – 50 ədəd

“Hədəf Şirkətlər Qrupu”nun müəllim heyəti və digər personalına – 200 ədəd

Polad Həşimovun qırx mərasimi tədbirinə – 350 ədəd.

Biz əsasən rəsmi qurumlarla bu məsələdə əlaqə saxlamağa çalışacağıq, amma onlar da təyin olunmuş hədiyyələrini götürmək üçün bizimlə əlaqə saxlaya bilərlər. Siravi oxucular isə siyahıda göstərdiyimiz kimi, kitabevim.az mağazasının 28 may filialına yaxınlaşaraq bu kitabı pulsuz əldə edə bilərlər”.

Köşə Xəbərlər

Hədəf STEAM Liseyinin təklifi – Pandemiya dövründə məktəblər necə açıla bilər?

Hədəf Liseyi yeni tədris ili üçün bütün hazırlıqlarını etmiş, müzakirələrdə təklif edilən üç təhsil forması (Ənənəvi, Hibrid, Onlayn) ilə bağlı planlama işlərini yekunlaşdırmışdır. Belə ki, təhsilin hansı formada davam etməsindən asılı olmayaraq, lisey heyəti tam şəkildə yeni tədris ilinə hazırdır. Bu hazırlıqlar zamanı ÜST-ün, Nazirlər Kabineti yanında Operativ Qərargahın, müəyyən Beynəlxalq təcrübənin və Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif etdiyi ilkin qaydalar nəzərə alınmışdır. Sizlərə təqdim etdiyimiz bu video dərslərin ənənəvi və ya hibrid formada keçirilməsi ilə bağlı pandemiya dövründə məktəbin bir gününü ifadə edən sosial çarxdır. Bu sosial çarx pandemiya dövründə məktəblər açılarsa, tədrisin təşkili ilə bağlı Hədəf Liseyinin təklif etdiyi bir formatdır. Sözsüz ki, gələcəkdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tədrisin təşkili, metodiki göstərişləri və valideynlərin təkliflərinə əsasən dəyişiliklər aparıla bilər.
Bu bir video təklifdir və düşünürük ki, bu qaydalara əməl etməklə tədris prosesinə davam edərək həm valideynlər, həm müəllimlər, həm də şagirdlərin narahatlıqlarını aradan qaldıra bilərik!
Əziz Valideynlər, Hədəfiniz Hədəfimizdir!

Köşə Manşet

Rus bölmələrində Azərbaycan dilinin saatı artırılmalıdır

Azərbaycan istər coğrafi məkan olaraq, istər xalqın dünyagörüşündə, istərsə də dövlət idarəetməsində həmişə dünyada gedən innovativ proseslərə, yeniliklərə açıq davranış sərgiləyib. Bu yüz illərdir belədir və indi də bunu yaşamaqdayıq.

Azərbaycanda dini, irqi və dil mövzusunda həmişə tolerantlıq hökm sürüb, bu gün də davam etməkdədir. Ölkəmizdə digər xalqlar rahat yaşamaqda, öz dillərində danışmaqda, müxtəlif dini inancları olan insanlar öz dinlərini yaşamaqdadır.

Ölkəmiz demokratik və hüquqi dövlətdir. Burada beynəlxlaq şirkətlərin minlərlə nümayəndəsi işləyir və yaşayır. Ona görə də Təhsil qanunumuzda qeyd edilir ki, “Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.” (I fəsil, 7. 2. 2019).

Bu da ölkəmizdə müxtəlif dillərdə tədris aparan məktəblərin olmasına şərait yaradır.Bu gün türk, rus, ingilis, fransız, alman və s. kimi dillərdə və həmin ölkələrin proqramları ilə fəaliyyət göstərən məktəblər və ya bölmələr var. Burda çoxluq rus, ingilis, türk dilli məktəblər arasında ardıcıl olaraq paylanılır.

Etiraf edək ki, ingilis dili dünya dilidir və bundan qaçmaq mümkün deyil, Qazaxıstan kimi Şərq ölkəsi belə tədris dilini üç dildə, qazax, rus, ingilis dillərində aparması üzərində çalışır. Çünki ingilis dilində oxumaq üçün material yetərincədir və bu dil dünyaya çıxışı daha rahat təmin edir.

Türkiyə qardaş ölkəmizdir, ölkəmizdə yaşayan minlərlə Türkiyə vətəndaşı var, son 20-30 ildir ki, övladlarımız ali təhsil almaq üçün daha çox Türkiyə universitetlərinə üz tutur, təhsil baxımından bizdən öndədirlər və bu dildə də tədrisin olması vacibdir, buna da etiraz etməyə haqqımız yoxdur.

Rusiya da qonşu ölkədir, gücdür, elm-texnologiya baxımından da geridə qalmır, uzun illər birgə, bir bayraq altında yaşamışıq taleyin məcburiyyəti ilə, buna görə də ölkəmizdə həm rus xalqından, həm də bizim azərbaycanlı ailələrdən də yetərincə rusdillilər var, buna görə də rus bölməsinin də olması labüddür.

Bu yazıda toxunmaq istəydiyim mətləbAzərbaycanda olan xarici dilli məktəblərindən problemindən deyil, digər bunun bizim qanunlara cavab verib-verməməyindən, bizim dilə və mədəniyyətinə vurduğu zərbədəndir. Narahat olduğumuz ən əsas məqam, şagirdlərimiz bu məktəblərdə təhsil alarkən başqa öz dilimizi unudur və yad təfəkkürdə böyüyür.

2019-cu ildə qəbul edilən Təhsil Qanununun birinci fəslinin Tədris dili maddəsində deyilir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.

… Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır.

Qanun müzakirə olunanda da demişdim, indi də deyirəm ki, sonuncu bəndə hökmən “Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası Azərbaycan dilində tədris оlunmalıdır” yazılmalı idi. Buna baxmayaraq Təhsil Nazirliyinin indi də haqqı və gücü var ki, tədris planlarını təsdiq edəndə bu cür edə bilər.

“Kurikulumu ləğv edək, yoxsa yox?”dilemması qarşısında qaldığımız bir dövrdə diqqəti başqa bir yönə çəkməkyə qəsdim yoxdur. Yeni kurikulumu çağdaş təhsilin fəlsəfəsi kimi idrak etdiyimdən qəbul edənlərdənəm. Amma bəzi fənn kurikulumlarına, tədris planına (bu da kurikulumun tərkib hissəsidir) təkliflərim var.

Birinci təklif: təhsil qanununa söykənərək digər bölmələrdə təhsil verən məktəblərin qarşısına şərt qoyulmalıdır ki, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi hökmən Azərbaycan dilində aparılsın. Bunun nəticəsi o olacaq ki, azərbaycanlı uşaqlar digər dildə təhsil alarkən öz dillərinə yad olmayacaq, öyrənəcək, dilimizin imkanlarına bələd olaraq azərbaycanlı təfəkkürü ilə böyüyərək bəşəri insan olacaqlar. Hal-hazırda başqa dillərdə təhsil verən məktəblərin heç birində Azərbaycan dilindən başqa, adını çəkdiyim digər fənlər Azərbaycan dilində tədris edilmir. HəttabəzixariciməktəblərdəisəheçAzərbaycan dili dətədrisedilmir. HəttaTəhsilNazirliyinin rus bölmələri üçün təsdiq etdiyi dərsliklər də elə rus dilindədir. Bu proses Sovetİttifaqı dağılandan sonra bu cür davam edir və təəssüf ki, bu gündə olduğu kimi davam etməkdədir. Axı niyə bir azərbaycanlıuşaqAzərbaycanədəbiyyatınıvətarixinibaşqadildəöyrənməlidir?Ədəbiyyat bədii mətnlərdən öyrənilir, niyəbir azərbaycanlı uşaq öz dilindən, orijinaldan o mətnləri oxumamalıdır? Axı dili mənimsəməyin və onun incəliklərini bilməyin yeganə və əsas yolu mətnlərdir. Təklifim budur ki, yeni tədris ili üçün keçiriləcək pedaqoji iclaslarda bu məsələ müzakirə olunaraq uyğun bir yol tapılsın. Azərbaycan dövləti müstəqil dövlətdir və cənab prezident tərəfindən də həmişə vurğulanır ki, biz öz mədəniyyətimizə, dilimizə sahib çıxmalı və onu qorumalıyıq.

Məsələnin həlli yolu da bir o qədər çətin deyil, lap elə Azərbaycan bölmələrində istifadə edilən tarix və ədəbiyyat dərslikləri üzərində kiçik dəyişiklik etməklə rus bölmələrində istifadə edilə bilər.

İkinci təklif: Bildiyiniz kimi Azərbaycandabu gün rus bölməsinə ciddi maraq var. Buna maraqdan daha çoxkütləviaxın vardesək, daha yaxşıolar. Əlbəttə ki, bu,valideynlərin öz işi, öz seçimidir. Amma bu cür axının qarşısını rəsmi şəkildə ala bilməsək də, öz milli maraqlarımızı da əldən verə bilmərik. Uzun illərdir, (25-30 il) ki, rəsmi tədris planında rus bölmələrində Azərbaycan dilinə cəmi 2 saat ayrılır. Yəni həftədə iki 45 dəqiqə. 20 illik təhsil təcrübəm onu göstərir ki, bu iki saat gərəksiz bir dərs kimi tədris edilir. Dərs saatı az olduğundan şagirdlər bu fənnə qeyri-ciddi yanaşır, müəllimlərdə məsələnin qarşısını almaqda acizdirlər. Digər tərəfdən də İki saata dil öyrətmək mümkün deyil, nəzərə alsaq ki, rus bölmələrində təhsil alan bəzi şagirdlər var ki, ana dilində bir kəlmədə bilmir, deməli vəziyyət daha acınacaqlıdır.

Nəticədəisə öz ana dilini bilməyən minlərlə gənc Azərbaycan dövlətinin ayırdığı maliyyə ilə məktəbi bitirir.

Zənnimcə, yeni tədris planı hazırlanarkən 2 saat bütün siniflərüzrə minimum 6 saataqədərqaldırılmalıvə həmin məktəblərə buna əməl edilməsi üçün nəzarət artırılmalıdır. Bəlkə də, bu tez bir zamanda mümkün deyil, çünki tədris proqramı dəyişərsə, dərslik məsələsi ortaya çıxacaq. Amma bunu ilk mərhələdə Azərbaycan bölməsində istifadə edilən dərsliklərlə həll etmək mümkündür.

Sonrakı mərhələdə Azərbaycan dili və Ədəbiyyat üçün vahid bir dərslik hazırlamaq mümkündür.

Qeyd etdiyim iki problem də 30 ildir ki, bizimlə gəlib və heç kimi də narahat etməyib. Əminəm, bu günyönü dəyişdirmək mümkündür.

Bu bizim milli borcumuzdur, bu dövlətin çörəyini yeyən hər kəs, bunun qədrini bilməli və borcunu da qaytarmalıdır.

f.ü.f.d.,dos. Şəmil Sadiq

Köşə

Bu gün AZƏRBAYCAN DİLİ və ƏLİFBASI günüdür. Dilimizi sevmək və qorumaq bizim ən vacib borcumuzdur. Müstəqil dilimiz və əlifbamız olduğu üçün xoşbəxtik! Sizləri təbrik edirik!

Bu gün AZƏRBAYCAN DİLİ və ƏLİFBASI günüdür. Dilimizi sevmək və qorumaq bizim ən vacib borcumuzdur. Müstəqil dilimiz və əlifbamız olduğu üçün xoşbəxtik! Sizləri təbrik edirik!

Məhz bu günə özəl olaraq Şəmil Sadiqin C.Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırldığı kiçik hekayəni paylaşırıq.

Sadə bir azərbaycanlı ailəsində uç qardaş, bir bacı vardı. Ataları isə xeyli zaman əvvəl rəhmətə getmişidi. Bu qardaşların hərəsi bir xarici ölkədə təhsil alıb, Azərbaycana qayıtdıqdan sonra öz dillərini unudub, başlayırlar rus, fars, osmanlıca danışmağa və təbliğ etməyə. Bu da qardaşlar arasında mübahisələrə, dava-dalaşa səbəb olurdu. Çünki onlar bir-birlərinin dilini başa düşmür, hərərsi öz bildiyi dilin daha yaxşı olduğunu deyirdi. Oğlanlarının bu halına dözməyən anaları Zəhra xanım dünyasını dəyişir. Üç qardaşın bir bacısı olan Gülbahar qardaşlarının bu cür satqınlıqlarına qarşı dözə bilmir və hər üçünü atalarının onlara yazdığı vəsiyyət əsasında danlayır. Qardaşlarının rus, fars, osmanlı dilindəki kitablarına od vurub yandıran Gülbahar deyir: – Qaldı bircә kitab: bu da Anamın kitabı!
-Atam bu məktubu öz əlləri ilə yazıb, sizlərə vəsiyyət edib. Ey öz anasını-Vətənini bəyənməyənlər, görün sizi boya-başa çatdıran, xarici ölkələrə oxumağa göndərən öz doğmaca atanız sizə nə deyib. Üzünü Böyük qardaşı Rüstəmə tutub ürək ağrısı ilə vəsiyyətnaməni oxuyur.
-Gün o gün oldu ki, sübh tezdən dünyalar qədər sevdiyim, həyat yoldaşım Zəhranın cismindən bir parça qopub ayrıldı ki, adını Rüstəm qoydum.
Sonra Gülbahar üzünü ortancıl qardaşı Mirzə Məhəmmədəliyə tutub yenə oxyur:
-Bir neçə il sonra axşam saatlarında biçarə həyat yoldaşımın qalan cismindən bir parça da qopub ayrıldı, bu da həmin gün dünyaya gələn oğlum Məhəmmədəli idi.
Sonra Gülbahar üzünü kiçik qardaşı Səməd Vahidə tutaraq gözlərinin içinə bir neçə saniyə baxandan sonra məktubu oxudu.
-Yazıq Zəhranın qalan cismindən bir parça da qopub ayrıldı. Bu da üçüncü oğlum Səməddir. Ondan sonra isə bəxti-qara arvadımın bədənindən bir can da ayrıldı ki, bu da qızım Gülbahar oldu.
Mənim balalarım, Yer, göy, aylar vә ulduzlar göylәrdә seyr edib gәzә-gәzә әvvәl-axır Günün başına dolanırlar, bilirsiniz niyə, çünki bütün kainat əvvəllər bir idi. Sonra bir-bir günəşdən ayrıldılar, amma uzağa getmədilər, daima onun başına dolandılar.
Mәn əminəm ki, mәnim dә balalarım dünyada hәr yanı gәzsələr də, әvvәl-axır qayıdıb anaları Zәhranın әtrafında dolanacaqlar. Çünki ay vә ulduzlar Günəşin parçaları olduğu kimi, sizlər da ananızın ayı vә ulduzlarısınız. Vay o kәsin halına ki, tәbiәtin hәmin qanununu pozmaq istәyә! Onun insafı vә vicdanı həmişə ona əziyyət edər, balalarım. Mən isə sizlərin dilinizi, millətinizi unudaraq yaşayıb vicdan əzabə çəkməyinizi istəmərəm. Əgər bir gün sizlər Ananızı, elinizi, dilinizi, kimliyinizi unutsanız, haqqımı sizə halal etmərəm! Siz bir Ananın-Azərbaycanının kiçik parçalarısınız, öz dilinizə, elinizə sahib çıxın, onun başına dolanın, onu qoruyun!
Gülbahar məktubun son cümlələrini oxuyanda özündən xəbərsiz, anası Zəhranın yanında diz çökmüş, məktubu bağrına basmış, ağlayırdı. Bunu görən qardaşlar da ölümş analarının başına yığışıb, bacılarını qucaqlayıb ondan üzr istədilər!

Köşə

Bir yazıçının düşüncəsinə görə kitabını yandırmaqla, onu sosial şəbəkədə lənətləmək, bloka atmaq, öz jurnalına yaxın buraxmamaq arasındakı fərq nədir?

Bir yazıçının düşüncəsinə görə kitabını yandırmaqla, onu sosial şəbəkədə lənətləmək, bloka atmaq, öz jurnalına yaxın buraxmamaq arasındakı fərq nədir?

Kitab bir odun parçasından hazırlanır, sonra hazırlanmış vərəqlərin üzərində fikirlər yazılır. Bir zamanlar daşın, dəmirin, taxtanın, dərinin üzərində fikirlər yazılan əşyalara da kitab deyirdilər və saxlayırdılar. Bu gün isə hansısa fikirləri elektron formada yazırlar ki, bu da elektron kitab adlanır. Və ya qədimdə yazıçılar, filosoflar fikirlərini yazıb yaymaq üçün kitabın kiçik vahidi olan vərəqdən istifadə edirdi. İndi isə bunun yerinə, yəni yazıçılar, düşünürlər fikirlərini yaymaq, təbliğ etmək üçün sosial profil və ya səhifələrindən və ya saytlardan edir. O zaman kimsə yayılan vərəqi bəyənməyəndə, qəbul etməyəndə cırıb atırdı, indi isə öz sosial şəbəkəsindəki dostluğundan çıxarır və ya bloklayır. Deməli, kitab fikirlərin yayılması üçün bir vasitədir. Bu da o deməkdir ki, fiziki şəkildə var olan fikirlər məcmusu ilə, elektron şəkildə var olan fikirlər məcmusu mahiyyətcə eynidir. Bir az da aydın olsun deyə, mesajla məktubu müqayisə edin. Bəyəndiyimiz, xoşumuza gələn, ürəyimizcə olan məktubu saxladığımız kimi, mesajı da skrin edib saxlaya bilirik.
Kiminsə, sənin statusuna yazdığı rəyi ondan icazəsiz silməklə və ya onun səninlə eyni fikirdə olmadığını gördüyün üçün bloka atmaqla, onun yazısını öz saytında verməməklə, kitabı yandırmaq eyni əxlaq səviyyəsindədir, məncə, bu da heç yaxşı hal deyil.
Bu bir ayrı məsələ… ikinci məsələ, düşünək ki, kitab almışıq və o kitabı bəyənmirik. Çünki fikirlər zərərli, mənasız, müəllifinin şəxsiyyəti ilə zidd təşkil edir və düşünürsən ki, mən bu kitabı öz rəfimdə görmək istəmirəm və ya kiməsə oxumağa tövsiyə etmirəm. Və ya belə bur şey düşünək, bir kitabı siz oxumusunuz, amma düşünürsünüz ki, heyif zamanımdan… və o kitab haqqında səndən soruşanlara kitab haqqında xoş sözlər və ya müsbət fikirlər səsləndirmirsən və deyirsən ki, məsləhət görməzdim. İndi gələk bizim bir neçə gün öncəki statusumuza və reaksiyalara. Birinin öz maliyyəsi ilə açdığı bir mağazada hansısa kitabı satıb, satmaq istəməməyinə kim qərar verir? Əlbəttə ki, mağaza sahibi. Əgər mağaza sahibi üçün məqsəd sadəcə pul qazanmaqdırsa, orda hər şeyi satar, lap belə alan olsa zibili də satar. Amma bu sahibkar düşünür ki, mənim konkret mövqeyim var, ideologiyam var və buna zidd olan bir şey milyon qazandırsa da, onu təbliğ etmək istəmirəm və satmıram. Yəni belə deyək, biri açıq-aşkar milli düşüncəyə zidd və zərərli təbliğat aparırsa, onun kitabı ilə erməninin kitabı arasında nə fərqi var ki? Bəli, əsər başqa şeydi, müəllifi nə qədər, şəxsiyyətsiz, nə qədər açlaq, nə qədər vicdansız olursa, olsun, yaratdığı möhtəşəm əsərlər ola bilər ki, bu gün bizim öz ədəbiyyatımızda da, xarici ədəbiyyatda da bu cür əsərlər çoxdur və hamımız da ona məhəl qoymadan oxuyuruq. Əsər yandırmaqla, kimisə blok etmək, öz saytında ona yer verməmək eyni düşsncənin məhsuludur. Amma hansısa kitabı evindəki rəfdə görmək istəməməklə, oxumaq istəməməklə, o kitabı satmaq istəməməksə eyni düşüncənin məhsulu.
Gələk, mətləbə, elə şeylər var ki, ona etiraz, özünü yuxarıda göstərmək çox asandır. Çünki kütlənin küyə gedənlərinə bu məqamda xoşa gəlməkdən asan nə var ki? Adını fikir azadlığlna qarşıyıq, kitab dəyərdi, mədəniyyətdir qoyanlara, dədəsi, anası haqqında yazılan həcvlərdən ibarət bir kitab versən, yandırar da, zibil qabına da atar. Çünki öz dədəsidir axı. Adama deyərlər ki, axı bə fikir azadlığı harda qaldı, bunu gələn nəsillər oxumalıdır, bilməlidir. Gör qəbul edər? Məhz bu məqamda, soruşsanız hökmən, qəbul edəcək, çünki sərf etmir cavab.
Bir iki kitab oxuyub, lap belə tonlarla oxusun, durub özünü mədəni və intelegent kimi göstərərək, məsləhət verməsi, teatrda komediyaya baxıb özü kimilərin halına ucadan gülməsini xatırladır adam.
Kitab dəyər deyil, dəyər fikir olar! O da yaxşı fikir, mədəni fikir, hansısa milləti, dövləti, şəxsi, dövləti, dəyəri aşağılamayan fikir olar.

P.S. Azad fikirləri yandırmayın! Xoşunuz gəlməsə, rəfinizdən çıxarın yetər!

Şəmil Sadiq

Hədəf Şirkətlər Qrupunun qurucusu, Baş Direktor f.ü.f.d. dosent

Köşə Manşet

Yeni tədris ilində məktəblərin taleyi necə olacaq?

Təəssüflər olsun ki, dərslərin başlamasına iki aydan az vaxt qalmasına baxmayaraq, hələ də rəsmi qurumlar bununla bağlı ciddi bir açıqlama verməyib. Bildiyimiz kimi, 2020-ci il 3 mart tarixindən Covid-19 pandemiyası səbəbindən ölkəmizin bütün məktəblərində dərslər dayandırıldı. Etiraf edim ki, dünyanın bir çox ölkələri ilə müqayisədə bu problemə qəfil yaxalanmağımıza baxmayaraq, ölkəmizdə operativlik qənaətbəxş oldu. Çünki gözlənilmirdi, amma operativ şəkildə Teledərslər, qısa müddətdə yaradılan Virtual məktəb layihəsi təhsilimizi nisbətən vəziyyətdən çıxardı və tədris ilini pis-yaxşı başa vurduq. Lakin qarşıda bizi naməlum bir durum hələ də gözləməkdədir. Dərslər əvvəlki kimi olacaq, yoxsa, yeni bir sistem üzərindən gedəcək, bununla bağlı heç bir məlumat yoxdur. Keçən müddətdəki çatışmazlıqları müəllimlər də, valideynlər də anlayışla qarşıladı, lakin bu qədər zaman varkən yeni tədris ilinə ciddi şəkildə hazırlaşmamağımızı, yaranacaq problemləri bağışlamaq çətin olar. Dünyanın bir çox ölkələrində Təhsil Qurumları hələ may ayından A, B, hətta C varinatları üzərində işləyir, ictimaiyyətə müəyyən paketlər təqdim edir.

Hazırkı rəsmi durum onu göstərir ki, dərslər ənənəvi şəkildə, yəni siniflərdə əvvəlki qaydada keçiriləcək. Deyək ki, bu “A variantı”dır və qərarlılıq göstərib bu cür edəcəyik. Sual olunur, buna xalqımız hazırdımı, bunu qəbul edəcəyikmi? Çünki təhlükənin il sonuna qədər davam edəcəyi danılmaz fakt olaraq qalmaqdadır və belə olan halda az da olsa, bir qism valideyn övladlarını məktəbə göndərməkdən imtina edəcək. Onların bu mövzuda olan narahatlıqları da anlaşılandır. Belə olacağı təqdirdə, 30 faiz şagird məktəbə gəlməzsə, bu zaman nə baş verəcək? Heç düşünürükmü? O zaman yenə iki yerə bölünüb qanadı sınıq quşlar kimi doğru dürüst uça bilməyəcəyik. Əgər bu cür olacaqsa belə, Təhsil Nazirliyi indidən maariflənmə işləri aparmalı, təlimatlar hazırlamalı, məktəb rəhbərlərinə təlimlər keçirilməli, valideynlər və şagirdlər üçün yaddaş kitabçaları hazırlanmalı, mütəmadi şəkildə məlumatlandırılmalı, valideynlər inandırılmalıdır ki, “biz sizin övladınızı sizin qədər sevir və qoruya biləcəyik!”. Əgər bu inam olmayacaqsa, ciddi problemlər yaşanacaq, söz-söhbətlər yayılacaq. Hər xırda problem sosial şəbəkələrdə qabardılacaq və təhsil idarəçiləri qınanacaqdır, yenə müəllimlər ortada qalacaq.

Bildiyimiz kimi, məktəb sadəcə bilik mərkəzi deyil. Məktəb sosial həyatdır, ailədir, dostluq, insanlıq, vətəndaşlıq mərkəzidir. Evdə oturub psixoloji gərginlik yaşamaq, monoton həyata məcbur olmaq, virusdan daha təhlükəlidir bəzən. Oturaq həyat tərzinin fəsadları isə daha çoxdur ki, bu gün bütün uşaqlarımız bunun əzabını çəkir. Onun üçün də məktəblərdə şərait yaradıb onları doğru düzgün qarşılaya bilsək, əlbəttə ki, yaxşı olar. Lakin yuxarıda da dediyim kimi, bunun üçün sistem qurulmalı, planlama aparılmalıdır. Bəlkə də, Bakı şəhəri ilə rayonlarımız arasında bir fərqli sistem də qurmaq olar. Çünki təhlükənin daha çox Bakıda olması göz önündədir. Bunun üçün də ola bilər ki, hansısa rayonlarda normal qaydada dərslər keçirilsin, digər şəhər və rayonlarda 3 günlük və siniflərin bölünməsi variantına gedilsin.

Bir çox ölkələr sinifləri 10-15 nəfərdən təşkil etməklə məsafəni qoruyub dərsləri keçməyi planlaşdırır. Düşünürəm ki, bizim də bu cür imkanımız olar. Bir növbəli məktəblərdə sinifləri iki yerə bölməklə sayı müəyyən səviyyəyə endirmək mümkündür. Bütün bu dediklərim əlbəttə ki, orda-burda səslənən təkliflərdir ki, sosial şəbəkələrdə rəsmi məlumat kimi tez-tez müzakirə olunur. “A variantı” hesab edilən bu variantla bağlı Təhsil Nazirliyinin ictimaiyyətin müzakirə üçün paket halında təklifinə böyük ehtiyac var. Necə qardaş Türkiyə, qonşu Rusiya edir.

Gələk “B variantı”na. Bu da açıq qalan məsələdir. Çünki dərslər onlayn şəkildə və teledərslərlə davam etməsi planlaşdırılırsa, yenə də öncədən əsaslandırılmalı, cəmiyyət məlumatlandırılmalıdır. Keçən zaman kəsiyində etiraf edək ki, böyük şəhərlərimizin bəzi məktəbləri onlayn dərsləri öz təşəbbüsləri və imkanları ilə qursalar da, kənd və rayon məktəblərindəki texniki problemlər buna imkan vermədi. Evlərdə çatışmayan bilgisayar problemi, internet problemi bunun bariz sübutudur. Burda müəllimlərin də onlayn dərs keçmə bacarığının mütləq olmadığını da nəzərə almalıyıq. Teledərslər isə, düşünürəm ki, sadəcə köməkçi variantdır, əksəriyyət şagirdin məzmunu teledərslərdən mənimsəyə bilmədiyi göz önündədir. Bu variant sadəcə keçilən dərsləri təkrarlamaq, əlavə bilik əldə etmək üçün faydalıdır. Bunun üçün də dərslər onlayn proqramlar vasitəsi ilə keçiləcəksə belə, indidən rəsmi onlayn tədris planı hazırlanmalı, dərslərin müddəti müəyyənləşdirilməli, hansı fənlərin zəruri olacağı vurğulanmalıdır. Yoxsa ki, bir müəllim dərsi 20 dəqiqə, bir müəllim 40 dəqiqə, bir müəllim hansısa fənni həftədə 4 saat, hansısa müəllim 2 saat keçəcəksə vahid təhsil sistemindən söhbət gedə bilməz. Bunun qiymətləndirməsi, tələbkarlığı, onlayn təhsilin təşkili və idarə edilməsi isə bir başqa və böyük problemdir.

Ən böyük problem də birinci, doqquzuncu, onbirinci siniflərdə yaşanacaq. Çünki birinicilər dərsə yeni başlayır, əgər onlayn dərs olacaqsa, onlara nə keçiriləcək və necə keçiriləcək? Məlumdur ki, birinci siniflər üçün Azərbaycan dilində internet resursları yox dərəcəsindədir. Yuxarı siniflər isə buraxılış və qəbul imtahanı verəcəklər, onların isə ciddi hazırlığına ehtiyac var. Yaxşı, qeyri-rəsmi razılaşaq ki, 9,10-11-lər onsuz da kurslara və repetitorlara üz tutur, adətən. Axı o da rəsmi şəkildə olmalıdır. Kurslar rəsmi vergi ödəyicisi və qeydiyyatda olan şirkətlər olduğu üçün hər hasnı bir rəsmi icazə olmasa dərslərə başlamayacaq, repetitorlar isə min bir əziyyətlə gizlənpaç oynayaraq, gizlənə-gizlənə dərs keçirlər.

Bütün bunlar onu göstərir ki, ciddi bir qərarsızlıq bizi gözləyir, qısa zamanda müzakirələrə və təkliflərə başlanılmasa, sentyabrda ciddi bir xaos yaşanacaq təhsil mühitində. Ümid edirəm və inanıram ki, Təhsil Nazirliyinin məsul şəxsləri bunları müzakirə edir, yaxın zamanda isə Operativ Qərargaha təkliflər paketi təqdim edəcək və sabit bir qərar çıxarılıb elan ediləcək.
1 600 000-a yaxın şagirdin, 150 000-ə yaxın müəllimin intizarla gözlədiyi yeni tədris ilində bizi nələrin gözlədiyini öncədən bilmək və hazırlaşmaq günümüzün ən ümdə vəzifəsi olmalıdır. Hələ ali təhsil müəssisələrini də nəzərə alsaq, demək olar ki, bu gün ölkənin düşünməli olduğu ən vacib məsələdir bu!

Şəmil Sadiq

Hədəf Şirkətlər Qrupunun qurucusu, Baş Direktor f.ü.f.d. dosent

Köşə

İki əks qütb – Cənubi Koreya və Finlandiya təhsilində qiymətləndirmə və məzmun

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

 

 

Bu gün dünya təhsil sistemində danışılan ən önəmli amillərdən biri də şagirdin biliyinə verilən qiymətdir. Yəni, qiymətləndirmə sistemi. Düzü, araşdırsaq da, ilk dəfə şagird biliyinə qiymətin hansı ölkədə, harada verildiyi haqqında heç bir qaynaq tapa bilmədik. Bəli, verilən tapşırığı yerinə yetirməyənə cəzalar çox olub, lakin onu yaxşı yerinə yetirənə nəsə bir qiymət verilməsinin tarixini biz bilə bilmədik. Ancaq onu bilirik ki, bu qiymət məsələsi bizim ölkədə də çox problemli mövzulardan biri olmaqda qalır. Valideynlər uşaqlarının inkişafını görmək üçün müəllimdən şagirdə hər gün qiymət verməyi tələb edirlər. Müəllimlər də sinifdə olan 25-30 uşağın hamısını, bəzən yarısını, bəzən də heç 30 faizini hər gün qiymətləndirmənin mümkün olmadığını sübut etməyə çalışırlar. Hələ Milli Kurikulum layihəsi yeni təsdiqlənəndə məhz ənənəvi üsulla qiymətin yazılmayacağı söhbəti narahatlığa səbəb olmuşdu. Bu proses bir neçə il gizlin şəkildə aparıldı. Belə ki, Təhsil Nazirliyinin tələblərini yerinə yetirməklə yanaşı, bir çox müəllim gizlicə uşaqlara gündəlik aldırıb, ənənəvi 5 ballıq sistemlə qiymətləri yazdı və bu gün bütün məktəblərdə şagirdlərimiz həmin 5 ballıq sistemlə qiymətləndirilir. Təəssüflər olsun ki, bu gün də ölkəmizdə valideynlərin əksəriyyəti şagirdin öyrənib-öyrənməməsinə, mənimsəyib-mənimsəməməsinə fikir vermir, qiymət onun üçün daha vacibdir. Düşünün ki, bir müəllimi valideyn 11 il müddətində ona hər gün yazılan yalançı 5-ə görə sevə və alqışlaya, yaxud əksinə, yazılmış aşağı qiymətə görə ona düşmən kəsilə bilər. Sözsüz ki, bunun əsasında inamsızlıq dayanır. Davamına bax

Köşə

STEAM bir trend kimi

Niyə STEAM?

 

Mənə görə, STEAM-a bir təhsil fəlsəfəsi kimi baxılmalıdır, nəinki bir proqram kimi… Çünki 5 illik araşdırmalarımda gördüm ki, bu sahədə heç bir dəqiq standart yoxdur və bu termini hər bir ölkə və ya məktəblərin kurikulumunu yazanlar öz istədiyi kimi başa düşür.

Bu, 2012-ci ildə Amerikada Obama tərəfindən ölkənin gələcək mühəndis ehtiyaclarını qarşılamaq üçün ortaya atılan bir konseptdir. Çünki dünya artıq dərk etməkdədir ki, bəşəriyyətin inkişafının ana sütunu mühəndislərdir. Amerika da dərk etməkdədir ki, rəqibləri güclənir, onun siyasətini davam edərək, onu öz silahları ilə vura bilərlər, yəni ölkəyə beyin axını cəlb etməklə. Onun üçün də Amerikanın özü bu mühəndisləri yetişdirməlidir ki, bir gün bu axının qarşısı kəsilsə, çətin duruma düşməsinlər. Bizə qəribə gələ bilər bu düşüncə, amma daima uzaqgörən siyasət yürüdən Amerika yenə bunu dərk etməkdədir. Çünki iqtisadi güclə Amerika ilə ayaqlaşan böyük Çin var… Artıq biz müasir texnologiyada Çin-Amerika arasında soyuq müharibənin şahidiyik.

Amerikalı professor Con Vunun Hindistanla Amerikanı müqayisə etməsi də buna bir sübutdur: “Gəlin Hindistanda proqram təminatı sənayesinin inkişafına nəzər salaq. 1985-ci ildə Hindistan 24 milyon dollar dəyərində proqram ixrac etmişdir. 2000-ci ildə onlar 350 milyon dollarlıq ixrac etsələr də, 2009-cu ildə bu rəqəm 85 milyard dollar oldu, bu il isə maliyyə böhranına baxmayaraq, Hindistanda proqram ixracatının ilin sonunadək xalis 100 milyard dollar olacağını ehtimal edirlər. Bu sənayenin ixrac potensialının və onun “arxaik” təhsil sisteminin tanınması prosesi olduqca zəifdir. Hindistanın əksər proqram şirkətləri öz xalqının inkişaf edən texnologiya ilə ayaqlaşmasını təmin etmək üçün təhsil proqramlarına külli miqdarda investisiyalar yatırıblar. Hindistanın böyük şirkətləri təlimlər üzrə ABŞ və Avropadan qat-qat çox, öz illik gəlirlərinin 8 faizi qədər böyük bir məbləğ xərcləyirlər. Wall Street Jurnalı məlumat verir ki, Yaponiya və Avropa şirkətləri işçilərin maarifləndirilməsi istiqamətində öz fəaliyyət büdcələrinin 4 faizi həcmində maddiyyat sərf etdikləri halda ABŞ şirkətləri bunun üçün yalnız 2.5 faiz xərcləyir”.

Yəni mühəndis ixrac etməkdənsə, özün yetişdir prinsipi ilə düşünür Amerika. Mühəndislər isə həmişə sabahların qurucuları olublar.

STEAM-ı mən necə başa düşürəm? İlk olaraq onu deyim ki, mənim STEAM düşüncəm hədəfsayağıdır. Lakin onu da vurğulayım ki, bu termini ilk eşidən “hamı getdi, biz qaldıq” deyərək dünyanın digər təhsil sistemləri hərəsi öz istədiyi kimi bu mövzuya baş vurub, nələrsə etməyə çalışır. Çünki ümumi vahid bir konsept yoxdur, sadəcə ana məzmun xətləri var: Edərək-yaşayaraq öyrənmə var. Bu anlayışı kim necə anlayır, kim necə öyrədir, kim necə sərgiləyir, artıq onun yaradıcılığına bağlıdır. Hərdən elə qorxuram ki, bu STEAM termini də kurikulum kimi gözdən düşə və sonradan onu gözə qaldırmaq çətin olar. Necə ki bir zamanlar kurikulum sözünü yad bir ünsür görüb, içindən xəbəri olmadan top atəşinə tutanlar var idi. Kimsə demir ki, biz bu kurikulumu bəyənmirik, elə deyir ki, kurikulum nə sistemdir? Bu, o demək idi ki, cəmiyyət ümumiyyətlə, sözün mənasını bilmirdi. Hansısa beynəlxalq bir təşkilat ümumdünya üçün vahid STEAM konsepti hazırlayaraq təqdim etməyib. Bunu edəcək kimsə olduğunu axtarmaq da yanlışdır. Çünki bu günün dünyasında, xüsusən də elmdə belə bir ehkam yoxdur və obyektiv elmdə ola da bilməz.

Amerikadan başlanan bu trend hər gün tərkibinə yeni bir dəyər qataraq genişlənməkdədir. Bəlkə də, hansısa ölkənin və ya bir təhsil müəssisəsinin STEAM kurikulumu Amerikadan yaxşıdır, amma əksəriyyət bunu sadəcə robotiks kimi başa düşüb, robot otaqları qurmaqla bizdə də STEAM var, deyə car çəkirlər. Qorxulusu odur ki, biz bunu daha çox göstərib, şou kimi başa düşək. Necə ki, bir zamanlar hamı istəyirdi övladı savadlı olsun, diplomlu olsun, indi isə başa düşür ki, diplomlu olmaq savadlı və bacarıqlı olmaq deyil, STEAM da belə olub. Hər kəs nəsə edir, bunun üzərindən reklamını qurur. İlk olaraq onu deyim ki, STEAM robot-texnologiya otağı qurub mən də STEAM tədris edirəm demək deyil. Bu abreviaturanın baş hərflərinin açılışına diqqət etsək STEAM Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat (Sience, Technology, Engineering, Art, Math) sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası və tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır) görərik ki, elmlə açılıb, riyaziyyatla bağlanır. Yəni robot, kodlaşdırma işin əsas tərəfi deyil, əsas tərəfi riyaziyyat və elm, yəni fizika, kimya, biologiyadır. Konstruktor tipli oyuncaqlar qurulan bir oyun deyil STEAM, elmin dərinliklərini riyazi təfəkkürlə dərk etməkdir, Komanda işidir, görüb, toxunub, edib öyrənməkdir STEAM.

 

Bir STEAM liseyinin qurucusuyam. Bu termini eşidən, azdan çoxdan tanış olan valideynlərimizin təqdirini qazandıq ki, övladlarını bizə əmanət etdilər. Lakin hər dəfə verilən sual bu olur ki, bizim uşaqlar nə vaxt STEAM keçəcək, yəni robot quracaq, kodlaşdırma ilə məşğul olacaq? Əslində isə STEAM yanaşması bütün dərslərdə özünü göstərir və inteqrativ dərslərlə bu proses həyata keçirilir. Yanlış reklamın nəticəsidir ki, valideynlərimiz də, bəzən bu sahə ilə məşğul olanlar da, zənn edirlər ki, övladları bir butulka qapağını təkər etməklə, kağızdan pər düzəltməklə, hazır robotları hazırlayıb idarə etməklə STEAM-çı olacaqlar. STEAM kəlməsi bizi məcbur edir ki, bütün fənlərə konseptual baxaq, onu tam olaraq dərk edək. Riyaziyyatsız robotu, elmsiz vertolyotu, yaradıcılıqsız maşını, texnologiyasız həyatı qəbul etməyək. STEAM terminini yaradanlar sonradan bu kəlmədə sənətin olmadığının fərqinə varıb, bir A da əlavə etdilər ki, bu da art-sənət deməkdir. Bir müddətdən sonra kimsə bura İ-İnformasiya, bir ədəbiyyatçısı da çıxıb bir əlavə S-Sosial kəlməsində əvəz etsə, olacaq İSTEAMS – Information, Sience, Technologu, Engineering, Art, Mathematice, Sosial… Deməli, mənəviyyatsız mühəndisin, informasiyasız texnoloqun, zövqsüz mühəndisin, sosiallığı olmayan riyaziyyatçının bu dünyaya faydası çox az olar.

 

Axı hər kəs bilməlidir ki, hər şey reklam edildiyi və sərgiləndiyi qədər asan deyil. Övladının robot düzəltməyini gözləyən valideyn əmin olmalıdır ki, bunun üçün nəzəri və praktiki bilgi şərtdir.

 

BİLGİ nədir bəs?

 

Bilgi həyat var olduğu gündən bəri insanlığa yön verən və insanın qazanmağa çalışdığı ən dəyərli meyardır. İnsanlıq və sivilizasiyalar bilgi ilə yeni üfüqlərə yelkən açmış, bilgiylə həyat və təbiət insanın xidmətində duraraq ona faydalı olmuş, bilgi ilə insanlar təbiətin onlara verdikləri maraqla yanaşmış və həyatın axarını dəyişə biləcək gücə sahib ixtiralar etmişlər. Tarix boyu bilgiyə sahib olan gücü əldə etmiş, bilgiyə sahib olan idarə edən, bilgiyə sahib olan qərar verən tərəf olmuşdur. Bilgi paylaşdıqca, öyrədildikcə böyüyən məfhum olduğu üçün hazırkı dünya insanının əsas araşdırma sahələrindən biri bilginin asanlıqla ötürülməsi və qarşı tərəfin də bunu sevə-sevə qəbul edə bilməsi məsələsidir. Bu işdə əsas amil xalqların mentaliteti və həmin mentaliteti formalaşdıran dəyərlərdir, yəni öyrətmək hansısa metodu götürüb eynisini tətbiq etmək deyil. Həmin metod sınanmış və uğur əldə edilmiş təcrübənin məhsuludursa, onu tətbiq etməzdən əvvəl özününküləşdirməliyik. Çünki nailiyyət müxtəlif səbəblərə görə dəyişən məfhumdur və götürülən metod hər yerdə uğurlu olacaq deyə bir anlayış yoxdur. Nəticə etibarı ilə bilgi alış-verişi sadəcə müəllim-şagird arasındakı bağ deyil, həm də eyni təbii imkanlara sahib olmayan uşaqların bilinməyən yönlərinin ortaya çıxarıldığı və qabiliyyətlərinin kəşf edildiyi prosesdir. Bu yönləri gün üzünə çıxardan, təbii ki, müəllimdir. Məhz bu səbəbdən gələcək nəsli formalaşdıran güc kimi müəllimlərin əsas vəzifəsi bacarıqların ortaya çıxması üçün uyğun sinif mühitini təşkil etmək olmalıdır. Qalileo Qalileyin dediyi kimi, “heç kimə bir şey öyrədə bilməzsiniz, edə biləcəyiniz tək şey içlərindəki öyrənmə istəyini kəşf etmələrinə yardımçı olmaqdır”-sırf burda STEAM əsaslı təhsil modeli əlimizdən tutur.

 

Ona görə də, STEAM kəlməsi olmasa da, onun ucundan, bucağından bildiyimiz elə təhsilin özüdür. Hansı ki, biz o təhsili istəyirik, sadəcə bu termin və yozumu ürəyimizdən keçən ifadələrlə edirlər və deyirik ki, bax, elə mən də bunu istəyirdim, övladım bu təhsili almalıdır. Düzgün təhsil və tərbiyə elə STEAM-ın özüdür. Əgər bir müəllim həyati bacarıqlara uyğun dərs keçirsə, sinifdə uşaqları darıxmırsa, birgə bir işin qulpundan yapışırsa, ideyaları gerçəkliyə çevirə bilirsə və ən əsası o innovativdir və yeni texnologiyaları mənimsəyib, onu dərsinə qata bilirsə, fərdi bacarıqları nəzərə alırsa, bu, elə STEAM-ın özüdür. Sadəcə müasir dövrün tələbləri ilə ayaqlaşmağı bacaran müəssisə və məktəb STEAM yönümlü ola bilər.

 

Dünya təhsilinin yeganə problemi sorğulayan, düşünən, bacaran, yaradan, sağlam, məntiqi təfəkkürü yerində olan bir insan yetişdirməkdir.

 

STEAM ilk növbədə layihə əsaslı komanda bacarıqlarının formalaşdırdığı bir təhsil sistemidir, məncə. Biri durub ideya verəcək, biri bu ideyanın mühəndis həllini tapacaq, biri onun dizaynını təklif edəcək, biri isə bunun satışını təşkil edəcək. Bu birgəlik olan yerdə bir gücə çevrilmək, yeni bir ideyanı gerçəkləşdirmək mümkündür. Məsələn, bir humanitar yönümlü adam nə qədər süni intellektdən danışsa da, yeni maşınlar təklif etsə də, bir proqramçı olmazsa, bu ideyanın gerçəkləşməsi mümkün deyil. Ona görə də məktəbdə şagirdlərin hər birinə fərd kimi yanaşılsa, onun uğurunu görə bilərik. Dünyanın ən yaxşı futbolçusu nə qədər desə də, elə bir şey olsun ki, ən mübahisəli qolları qeydə alsın, bunu bir proqramçı həll etməsə, onun sözü söz olaraq qalacaq və ya bir proqramçı futbolçudan, hakimdən onun qaydalarını öyrənməzsə, bunu həll edə bilməz. STEAM bizə onu da deyir ki, şagirdlərə fərdi yanaşın, onlar itib-batmasın.

Təhsil və təlim-tərbiyə zaman-zaman geriyə dönüb, nələrisə götürüb yoluna davam etməlidir və edir də. Bir zamanlar şagird-usta yanaşması hökm sürürdü təhsildə. 19-cu əsrə qədər bu model davam etdi və qəfil elmi partlayış oldu dünya elmində. Ondan sonra isə təhsilə yeni dizayn verilməyə başlandı və 20-ci əsr bu sahədə çoxlu nəzəriyyələrlə, yanaşmalarla yadda qaldı. Sənaye inqilabı yerini informasiya inqilabına verdi. Amma bu proses bizi robotlara oxşamağa yönləndirir, yavaş-yavaş biz öz yaratdıqlarımıza oxşayır, konkret bir istiqamətdə inkişaf edirik. Bu isə bir insan üçün ciddi problemdir. Əgər bir zamanlar öz məişət işlərinin əksəriyyətini özü edən insan indi hər bir sahənin öz mütəxəssisini axtarır, ondan yardım alırsa, bu sosioloqları narahat etməyə bilməz. Axı insan robot deyil ki, bir istiqamətdə irəliləsin. Bu baxımdan STEAM adlı terminin üzərindən bacarıqlı insan yetişdirməyin yolları araşdırılır.

Bir çoxları isə bunu robotiks kimi anlayaraq, digər bütün məsələləri kənara atıb, robot döyüşdürmə yarışına meyillənirlər. Halbuki, bizə bu robotları döyüşdürməyi öyrənmək yox, robotları düzəldənlərlə yarışmaq daha çox lazımdır. Bunun başlanğıcı isə ELMdən, Riyaziyyatdan keçir. Bunlar isə vəhdətdədir. Əgər bir insana desən ki, özünə ev tik, ilk olaraq öz torpağını, ora salınacaq evin ölçüsünü hesablamalı, ora xərclənəcək maliyyəni müəyyənləşdirməlidir. Amma bu maliyyəni çıxarmaq üçün lazım olan ilk şey evin sxeminin, dizaynının olmasıdır. Bu isə planlama deməkdir. Layihə hazırlamaq, layihə üzərində işləməyi bacarmaq deməkdir. Bütün bunlar isə bacarıq tələb edir…

Bacarıqmı, bilikmi?

Bacarıqlar isə nəzəriyyələrlə verilmir təkcə, yaşayaraq öyrənilir. Bu baxımdan təhsildə bacarıqmı, bilikmi mübahisəsini bir daha xatırladır bizə. Təhsilin gəlməli olduğu qənaətlərdən biri isə nəzəriyyələr dövrünün bitib, praktik zəka dövrünün başlamasını qəbul etməkdir ki, bunu da STEAM-la etməyə başlayıblar. Nəzəriyyələrin öyrədilməsi, onların üzərində köklənilməsi insanı bilgi yüklü robota çevirir. Nəzəriyyələrin çöküş dövrünü yaşayırıq desək, yanılmarıq. Artıq praktik zəkanın hökm sürdüyü bir dövrdəyik, dünya insanı texnologiyanın təsirindən meyxoş olub, xumarlanır. İndi onu silkələmək, özünə qaytarmaq şərti dayanır qarşımızda. Ona görə də elmin öyrədilməsini nəzəriyyələrlə yox, praktika ilə öyrətməyə ehtiyac var. Günümüzün şagirdi sadəcə qulaq asmaqla nəsə əldə edə bilmir, çünki onun sakitcə oturub qulaq asması, baxması və öyrənməsi üçün radiolar, televiziyalar, internet var… O internet ki, bəzən ən təcrübəli müəllimin öyrədə bilmədiyini öyrədir insana. İnsanın isə ehtiyacı olan şey, öyrənəcəyini özü edərək öyrənməsidir. Əgər bir kimya müəllimi maddənin sıxlığını düsturlarla, formullarla izah etməyə çalışarsa, o sadəcə mücərrəd şəkildə havada qalar və əksər uşağa maraqlı olmaz. Amma nənələrimizin nişan çayındakı çayın rəngli hissəsi ilə, ağ hissəsinin necə qarışmadığı üzərindən yola çıxılsa, Evrikadan daha maraqlı və yadda qalan olmazmı?!

Niyə STEAM?

Bizə görə həyat sanki humanitar, sosiologiya, ədəbiyyat üzərində qurulub. Hətta bizə “şair xalq” da deyirlər. Amma dünya bu günə gəlib çatmasına görə texnologiyaya borcludur. Yəni təkərin düzədilməsindən maşının istehsalına qədər – hamısı texnologiyalar üzərindədir. Şərq texnoloji biliklərdən uzaqlaşıb və ya yayınıb. Avropa hardan başladı? XV əsrdə çap maşını istehsal olunub və bu gün həmin sürətlə irəliləyir. İstəsə də, istəməsə də bu mexanizm işləyir. Həyatımızın hər sahəsi üçün texnoloji avadanlıqlar hardan gəlir? Avropadan. Almaniya daha çox üstünlük təşkil edir.

Amerikada Obama tərəfindən başlanılmış STEAM siyasətində deyilirdi ki, bir neçə ildən sonra bu ölkədə yetişən mühəndislər bizi uçuruma aparacaq, iflasa gətirib çıxaracaqlar. Ona görə də bütün ölkəyə mühəndislik adı ilə “Science, technology, engineering and mathematics” proqramını təklif etdi ki, toxunaraq, görərək öyrənən mühəndislər yetişsin.

Gəlin iki böyük ölkə arasında bir müqayisə aparaq. Türkiyə 33-cü illərdə nə ilə başladı? Atatürk “Köy İnstitutları” deyə bir tədris proqramı təsis etdi. Təsərrüfatı, ağır metallurgiyanı inkişaf etdirdi. Bu Köy İnstitutları bugünkü Türkiyənin təməl dirəkləridir. Obama da bunu görürdü və mühəndislik sistemi ilə bağlı bütün məktəblərdə xüsusi proqram yazdırdı. Nəzəriyyə yox, təcrübəyə üstünlük verdi: əllə işləmək, zehni işlətmək, yaradıcılığın ortaya çıxması.

Bu işin əsas mahiyyəti nədir?

Komanda işi. Bizim məktəblərdə problem nədir? 10 uşaqdan biri futbola, biri musiqiyə, biri rəssamlığa meyillidir, biri riyaziyyatı, biri ədəbiyyatı, biri tarixi yaxşı oxuyur, yəni istənilən anda hərə bir tərəfə meyilli olur. Bizdə nə olur? Tutaq ki, bu idmançıdır, gələcəyi parlaqdır və ona Azərbaycan dili, tarix, riyaziyyat fənlərindən iki yazılmalıdır. Dərsini yaxşı oxumadı deyə, sinifdə qalmalıdır.

Komanda işi, layihə əsaslı dərs isə tamam başqa şey deyir. Məsələn: Bir ideya var, gəlin komanda formasında iş görək. Məsələn, biz bir beyin fırtınası keçiririk, bir ideya var ortalıqda, uşaqlar, gəlin bunun üzərində işləyək. Bir uşaq çıxıb deyir ki, mən at düzəltmək istəyirəm. Deməli, ideyanı verdi bir nəfər, mühəndis bunu düzəltdi, zövqlü adam buna dizayn verdi. Başqa biri çıxıb deyir ki, buna təkər qoyaraq, proqramlaşdıraraq, əmr verərək hərəkət etdirərəm. Beləliklə, belə bir layihə çıxır ortalığa. Sonrakı mərhələdə marketinq işin içinə girir və marketoloq deyir ki, mənsə bunu ən yüksək səviyyədə cəmiyyətə təqdim edə bilərəm. Deməli, komanda bir məhsul istehsal etdi, bir ideya ətrafında formalaşdı. Nə qiymətə ehtiyacı var, nə ev tapşırığına. Artıq bunlar ortalığa bir iş çıxartdılar. Heç kim də geri qalmadı, ən passivi də, ən aktivi də bir qulpundan tutur, nəyisə düzəldib ortalığa çıxardırlar.

STEAM-ın da mahiyyəti budur: DGTE – DÜŞÜN, GÖR, TOXUN, ET!

Nəticədə komanda şəklində fərqli maraqlara sahib olan uşaqları idarə edən müəllimdir. İdarəçilikdə qızıl orta sırf çağdaş müəllim peşəsinə uyğun gəlir: “Əsl idarəçi fərqli maraqları olan insanları eyni məqsəd ətrafında bənzər hərəkət şəkli ilə çalışdırandır”.

Şəmil SADİQ,

filologiya üzrə fəlsəfə doktoru, dosent

(“Azərbaycan müəllimi” qəzeti)

Köşə

Şagirdə qiymət yazılmasa…

 

Qiymət…

Bu gün dünya təhsil sistemində danışılan ən önəmli amillərdən biri də şagirdin biliyinə verilən qiymətdir. Yəni qiymətləndirmə sistemi. Düzü, araşdırsaq da, elə bir qaynaq tapa bilmədik ki, ilk dəfə şagird biliyinə qiyməti hansı ölkədə, harda veriblər. Verilən tapşırığı yerinə yetirməyəndə cəzalar çox olub, amma yaxşı yerinə yetirənə nəsə bir qiymət verilməsinin tarixini biz bilə bilmədik. Amma onu bilirik ki, bu qiymət bizim ölkədə də çox problemli məsələ olmaqda qalır. Valideynlər uşaqlarının inkişafını görmək üçün müəllimdən şagirdə hər gün qiymət verməyi tələb edirlər hardasa. Müəllimlər də sinifdə olan 25-30 uşağın hamısının hər gün qiymətləndirməyin mümkün olmadığını sübut etməyə çalışırlar. Hələ Milli Kurikulum yeni təsdiqlənəndə məhz ənənəvi üsulla qiymətin yazılmayacağı söhbəti bütün aləmi qatmışdı bir-birinə. Bu proses bir neçə il gizlin şəkildə aparıldı. Belə ki, Təhsil Nazirliyinin tələblərini yerinə yetirməklə yanaşı, bir çox müəllim gizlincə uşaqlara gündəlik aldırıb, ənənəvi 5 ballıq sistemlə qiymətləri yazdılar və bu gün bütün məktəblərdə şagirdlərimiz həmin 5 ballıq sistemlə qiymətləndirilir.

Təəssüflər olsun ki, bu gün də ölkəmizdə valideynlərin əksəriyyəti şagirdin öyrənib, öyrənməməsinə, mənimsəyib, mənimsəməməsinə fikir vermir, qiymət onun üçün daha vacibdir. Düşünün ki, bir müəllimi valideyn 11 il müddətində ona hər gün yazılan yalançı 5-ə görə sevə və alqışlaya bilər və ya əksinə yazılmış aşağı qiymətə görə düşmən kəsilə bilər.

Bir əsas problem də odur ki, valideynlərimizin əksəriyyətinin düşüncəsi belədir ki, əgər müəllim şagirdə aşağı qiymət yazırsa, ya prinsip aparır, nəsə qərəzi var, nəsə gözləntisi var. Yəni rüşvət istəyir. Bu nə qədər acınacaqlı vəziyyətdir, təsəvvür edin. Müəllim, ağzında müəllim deyirsən, necə olur ki, şagirdlə prinsip aparır? Axı müəllim sözünün altında o qədər mənalar var ki, heç bir halda bu hərəkət ona yaraşmır.

İkinci bir tərəfdən də bu qiymət anlayışı subyektivdir və adətən, ayrıseçkilik yaradır. Belə ki, istənilən müəllimin qiyməti subyektivdir. Bu subyektivliyin obyektivliyə yaxınlığı nə qədərdir, ona da müəllimin vicdanı qərar verir.

Amma hamı yaxşı bilir və deyir ki, qiymət əsas deyil, bilik əsasdır. Əgər dediyimiz “bilik əsasdır” prinsipinə əməl etsək, işlərimiz mükəmmə olar. Təəssüflər olsun ki. Etmirik, edə bilmirik…

Şagird biliyinin ölçülməsi üçün yazılan qiymətlə bağlı bütün müəllimlər əziyyət çəkir. Zənn edirəm ki, ölkəmizdə əksər müəllim qiymət yazmadan dərs keçməyi daha üstün tutar. Çünki qiymətləndirmə prosesi bu gün məktəblərimizdə ən çox problem yaradan məsələdir.

Bir neçə ölkədə qiymətləndirmənin necə keçirildiyi ilə bağlı məlumatlara diqqət edək:

Uruqvay: köhnə sistem və ədalətli sifariş

Bu inkişaf sistemi 1879-cu ildən bəri istifadə olunub və az dəyişib. Şagirdlər may ayının birinci mərhələsindən keçərək qiymətləndirilirlər. Amma bu proses Latın Amerikasının cənub yarımkürəsində mart ayında başlanır.

Proses qısaca belədir: tələbələr ibtidai məktəbdən 11-ci sinfə qədər 2 ayda bir dəfə imtahan olunurlar. Qiymət S və R hərfləri ilə göstərilir. Həmçinin 1-dən 12-ə qədər rəqəmlər istifadə olunur.

Bu sistem tələbələrin dərsə daha çox önəm verməsinə gətirib çıxarır. Ancaq bəzən vəziyyət monoton halına gəlir. Tələbələr bəzən qiymət xətrinə oxumağa başlayırlar.

Uruqvay universitetlərində 1-dən 12-ə qədər olan bu qiymətləndirmə üsulu hələ də istifadə olunur. Kredit sistemi də var. 10 il bundan əvvəl Avropa Kredit Transfer Sistemi istifadə olunmağa başlandı.

Danimarka: imtahanın sonu əhəmiyyətsizdir. Yalnız öyrən!

Danimarka təhsil sistemində təxminən 40 ildir ki, 13 yaşından az şagirdlər qiymətləndirilmir. Ən başından riyaziyyat və ingilis dilindən başqa, uşaqlara özünəinamın davranış nümunələri və cəmiyyətdə düzgün qərar qəbul edilməsi öyrədilir. Bu dəyərlər Danimarka icması üçün çox vacibdir və bu davranışları qiymətləndirmək çətindir.

Bu üsulla tələbələr məzmuna daha çox diqqət göstərə bilirlər. Beləliklə, onlar gördüklərini daha yaxşı başa düşürlər. Danimarkanın Folkeskole sistemi imtahan mərkəzli deyil. Bu səbəbdən, tələbələr dərslərin nəticələrindən asılı olmayaraq, birbaşa yuxarı sinfə keçirlər.

Bu üsul yaxşı görünür. Ancaq bu sistemdə də mənfi cəhətlər var. Çünki şagird işləsə də, işləməsə də sinifdən-sinfə keçir. Beləliklə, bu, tənbəlliyə yol aça bilər.

Fransa: qiymətləndirmək və ya qiymətləndirməmək

Lion Universitetinin professoru Philippe Meirieu və OECD-nin İdarə Heyətinin üzvü Andreas Schleicher, həm qiymət vermək, həm də qiymət verməmək metodlarını araşdırdı və ən yaxşı üsulun hər ikisini də bir arada istifadə etmək olduğunu iddia etdi.

Andreas Schleicher OECD: “Müəllimin tələbələri üçün ətraflı bir izahat verməsi lazım gəldiyini düşünürəm. Bu, xüsusilə vacibdir. Tələbələr yaxşı nəticələr əldə etmirsə belə, onlara çox gözəl olacağını söyləmək doğru deyil”.

Lieun Universitetinin müəllimi Meirieu: “Təəssüf ki, valideynlər, müəllimlər və tələbələr hələ də imtahan səviyyəsinə üstünlük verirlər. Tələbələri bu şəkildə təsnifləşdirməməlisiniz. Eyni şəkildə, bütün müsabiqələrdə, bunlar statistik rəqəmlərdə tətbiq olunur. Niyə biz hələ də ucuz bir şəkildə insanları qiymətləndirməyə çalışırıq?”

Finlandiya

Son dövrlər bütün dünya təhsil ictimaiyyəti tərəfindən diqqətlə izlənilən, bir çox beynəlxalq qiymətləndirmələrdə ön sırada olan Finlandiyada şagirdə ilk 6 ildə heç bir qiymət, qeyd şəkilli qiymətləndirmə yazılmır, yəni 8-ci sinfin sonuna qədər qiymət yazılma məcburiyyəti yoxdur və dövlət tərəfindən heç bir məcburi imtahan keçirilmir. Sadəcə 16 yaşlarında vahid imtahana girirlər.

Bir çox ölkənin qiymətləndirmə sistemini araşdırandan sonra yeni bir qiymətləndirmə modeli təklif edir və həyata keçməsi üçün bütün dəstəyi verməyə hazıram. Bu da bizim model olaraq dünya təhsil sisteminə girəcəyinə əminik.

Şagirdin inkişafının müşahidəsi adlı qiymətləndirmə modelini ilk dəfə Hədəf Liseyində istifadə etməyi planlaşdırırıq.

Hədəf Liseyi öz yeni konseptinə sadiq qalaraq, qiymətləndirmədə yeni model tətbiq edir. HK (Hədəf konsepti) beynəlxalq təhsildə qiymətləndirmə kimi tanınan ifadədən yox, ŞİM (Şagirdin İnkişafının Müşahidəsi) terminindən istifadə edəcəkdir. Bir çox dünya ölkələri şagirdləri imtahanlarla yükləməkdən vaz keçmiş, öyrənməyin sadəcə insanın özü üçün faydalı olduğunu dərk etdirirlər. Lakin dünyanın bir çox ölkəsində hələ də uşaqlar imtahan yarışına sürüklənir, aldığı qiymətlərlə birinin digərindən ağıllı və bacarıqlı olması psixologiyası ilə yaşayırlar ki, bu da insanlar arasında yersiz rəqabətə meyil yaradır. Təhsil mütəxəssisləri müəyyənləşdiriblər ki, hər insan bacarıqlıdır və ya hər bir insanın müəyyən bacarığı var. Onun üçün də məndə olan səndə yoxdursa, sən zəif, səndə olan məndə yoxdursa, mən zəifəm prinsipindən uzaq, hər kəsdə özünəməxsus nəsə var və o kəs onunla öyünməli, inkişaf etdirməlidir.

Onun üçün də biz liseyimizdə şagirdlərimizin öyrənmə prosesindəki inkişafını izləmə ilə yetinəcəyik ki, valideynlərimizə də bu izləmə prosesinin məhz qiymətlərlə olmadığını inandıracağımıza iddialıyıq.

Qiymət olmazsa olmaz deyən insanlarımız bir anlıq özünə sual versin: ilk dəfə yeriməyi bacaranda, ilk kitabı oxuyub bitirəndə, yeni smart telefonu əlimə alıb bilmədiklərimi öyrəndikcə kim mənə hansı qiyməti vermişdi? Əlbəttə ki, qiymət yox idi, amma ətrafındakılar bu dediklərimi öyrənəndə sənə sevgi vermişdilər, özün isə özünlə fəxr etmişdin. Bax biz də məhz şagirdimizin öyrəndiyini görəndə ona sevgi verib özü ilə fəxr etmək hissini yaşadacağıq.

HK-da ŞİM 3 formada aparılacaqdır:

1. Məktəbəqədər və ibtidai siniflərdə, ümumiyyətlə, heç bir yazılı imtahan olmayacaq. Sadəcə müəllimlər şagirdlərinin inkişaf prosesini izləyəcəkdir, kimsəyə hesabat vermədən, çünki bizim müəllimlərimizin müəllimliyinə özümüz qədər inanırıq. Əylənərək öyrədiləcək bilgilər əyani formalarda valideynlərimizə göstəriləcəkdir. Valideynlər şagirdlərin hazırladığı elmi və bədii əl işləri, debatlardakı fəaliyyəti, özünə və ətrafa dəyər verməsini görərək övladlarının inkişafına şahid olacaqlar.

2. 5-8-ci siniflərdə təhsil ilində sadəcə 2 dəfə KİQ (Kiçik İnteqrativ Qiymətləndirmə), 2 dəfə də BİQ (Böyük İnteqrativ Qiymətləndirmə) keçiriləcəkdir. Bu qiymətləndirmə növü isə məhz Hədəf Konseptinə məxsusdur. Belə ki, şagirdlər iki aydan bir 50 suala cavab verəcəkdir ki, bu da bir sualda bir neçə fənnin inteqrasiyası əsasında hazırlanacaq. Bir suala cavab yazan şagirdin biliyi bir neçə fənn tərəfindən müəyyənləşdiriləcəkdir. Sonda aldığı maksimum bal 50 olacaqdır. Bu 50 bal üzərindən müəyyənləşdirilən ŞİM bütün bilik və bacarıqlara şamil ediləcəkdir. Bizim İnteqrativ qiymətləndirmə nəzəriyyəmizə əsaslanan ŞİM hazırlanarkən şagirdə dərs tədris edən bütün müəllimlər birgə fəaliyyət göstərəcəklər ki, bu da həm müəllimlərin bir-biri ilə əlaqəsini möhkəmləndirəcək, həm də həmin müəllimlərin birgə olaraq şagirdlərin inkişafını, psixoloji durumunu nəzərə almalı olacağına zəmin yaradacaqdır.

3. 9-11-ci sinif şagirdləri üçün keçirilən ŞİM isə ənənəvi üsullara söykənərək 700 ballıq sistem üzərindən aparılacaq. 9-cu siniflərdə 2 MQT, 2 ÜQT, 10-cu siniflərdə 4 MQT, 2 ÜQT, 11-ci siniflərdə 6 MQT, 2 ÜQT keçiriləcəkdir. Bu mərhələnin şagirdlərin inteqrasiyanı mənimsədikləri və şəxsiyyətlərinin formalaşdığı mərhələsi olduğu üçün differensiasiya prosesini izləyəcəyik. Hər fəndən ayrıca keçiriləcək ŞİM Buraxılış və qəbul imtahanını izləyəcəkdir.

QEYD: Sual oluna bilər ki, niyə sona qədər qiymətləndirmə olmadan getmirik? Düşünürük ki, 10 yaşa qədər uşaqlarda inkişaf prosesi sürətlə getdiyi, təməlin qoyulduğu dövrlər olduğu üçün onların həm fiziki, həm də ruhi sağlamlığını qorumaq daha vacibdir. Sağlam bədən, sağlam düşüncənin bünövrəsi düzgün və möhkəm qoyulduqda isə sonrakı mərhələlərdə keçiriləcək ŞİM-lər şagirdlərdə yarış duyğusu yaratmayacaq, psixoloji gərginliklər gətirməyəcəkdir.

 

 

 

 

 

Köşə Manşet

Müəllim yoxsa bəy?

Müəllim… Türkiyə türkcəsində “öyrətmən” kimi ifadə edilir. Elə bizim türkcəmizdə də müəllim “öyrədən” mənasını daşıyır. Müəllim sənətini iki yerə bölsək, biri bu sənətin sahibi, öyrəndiyi ixtisas və ya peşəni kimlərəsə öyrətməyi özünə məqsəd seçən və bundan zövq alanlar, digəri isə sadəcə situasiyaya görə kiməsə nəyisə öyrədən, amma tamamilə başqa bir peşənin adamı olanlar. Bu nəzəriyyə ilə götürsək, hamıda bir müəllimlik var. Davamına bax