Bölmə baxışı

Köşə

Köşə

Yaradanamı inanaq, Allahamı?

İnsan gərək o qədər axmaq olsun ki, bir insanın fətvasına gedəcək duruma düşsün! Elmli insan heç bir zaman kiminsə fətvasını qeyri-insani varlığın çağırışı kimi qəbul edə bilməz. Ona görə qeyri-insani deyirəm ki, hamımız insanıqsa, şüurumuz varsa, ağıllı sözə xub, amma kiminsə sükan olub birini təkər kimi döndərməsi qəbul edilməz və başa düşülməzdir. Lakin qeybdən səs gələrsə, onun qaynağın, yaranma səbəbin, kimə aid olduğunu bilmirik. Ona görə də bilmədiyimizin əsiri ola bilərik, amma bildiyimizin yox.

Davamına bax

Köşə

Millət kimi adam

ŞAİR RÜSTƏM BEHRUDİNİN 60 YAŞINA

Azərbaycan ədəbiyyatı min illərdir müxtəlif söz ustaları ilə birgə yol gəlir.
Bizə məlum olan ilk inancımız tenqriçilikdir. Sonradan şamanizmlə birgə addımlayıb söz sahibləri. Lap sonralarsa xristianlıq və islam dini ilə tanış olub. Əlbəttə ki, hər bir inancın, dinin ədəbiyyata ciddi təsiri olub. Türklər islamla tanışlıqdan sonra onu öz törələrincə yaşamağa başlayıb və hər dəfə alt şüurunda gizlənən türk törəsini islamla çuğlaşdırıb, onu zənginləşdirib. Bütün xalqlar belədir, qəbul etdiyi dini öz ənənəsi ilə yaşayıb. Fars da, ərəb də özü kimi yaşayır dinini, həmçinin də, türklər. Davamına bax

Köşə

SAVADSIZ MOLLANIN “YÖNLƏNDİRDİYİ” AYDINLAR

Millətimizin durumunu daha yaxından duyub dərk etmək üçün şəhər və ya kəndlərimizdə olan yas və toy məclislərimizi müşahidə etmək yetərlidir. Bəs edər ki, oturub özümüzə diri-diri ağlayaq, ağı deyib hay çəkək. Toy məclislərimizi bir kənara qoyaq, deyək ki, şad günümüz olur, yeyib-içib şənlənirik, bu zaman hər şey eləmək olar. Burdakı yanlışlarımızı bağışlamaq bu baxımdan çox asandır. Amma yas məclislərimizdə adam özünün kimliyindən utanır, xəcalət çəkir, ölüb yerə girir.

Hamımızın ailəsində kimsə rəhmətə gedir zamanla. Və hamımız məcburuq ki, el adətincə, əslində din adətincə dəfn mərasimi keçirək. Bunun birinci şərti ölünü götürəcək mollanı tapmaqdır. Hələ mən bu dehadehdə hansısa bir yarımağsaqqalın çıxıb ölü sahibinə çadırı harda və necə qurması, heyvanı kimdən alması, yəni evə gələcək qonaqların necə qarşılanması kimi tövsiyə mərasimini demirəm.

Məni daha çox narahat edən bu yas mərasimlərində mollaların nitqi, kəllə-mayallaq nağılları, rəvayətləri adamı dindən də, elindən də diksindirir. Və düşünürsən ki, ilahi niyə neçə yüz illərdir bu gülünc nağıllara qulaq asmışam, eyni şeyi təkrar-təkrar dinləmişəm.

Bir dəfə alim yoldaşlarımızdan birinin anasının yas mərasimində idik. AMEA-da işləyən bir çox alim iştirak edirdi. Təsadüfən məclisdə mənim o vaxtlar böyük hörmət bəslədiyim Vasim Məmmədəliyev də var idi. Molla əmi də İbrahim peyğəmbərdən rəvayət danışırdı. Və deyirdi ki, bilirsinizmi, niyə kişilər bığını və dırnağını kəsir, niyə sünnət olunur? Cavabın da özü verirdi, əlbəttə. Sən demə, İbrahim Peyğəmbərin Həcərdən uşağı olandan sonra Sara bunu həzm edə bilmir və İbrahimi məcbur edir ki, onları uzaq bir yerə aparsın. İbrahim də elə edir. Amma üstündən bir neçə il keçəndən sonra İbrahimin peyğəmbər ürəyi dözmür və kimsəsiz, susuz çöllərdə təkbaşına buraxıb gəlmiş arvadı Həcəri görməyə gedir. Sara xanım isə İbrahimə müəyyən şeyləri qadağan edir, sonra icazə verir. Şərt də bu imiş ki, İbrahimin Həcərə toxunan yerini kəsəcəkmiş. İbrahim qayıdanda Sara soruşur əlin dəyibmi Həcərə? Peyğəmbər necə yalan danışsın, olmaz axı. Ona yaraşmaz, Allahın elçisi yalan deyə bilməz. Ona görə də utana-utana “bəli” deyir. Sara görür ki, vədinə əməl etsə, bu zaman İbrahimin əlini kəsməlidir. Ona görə də şərtini bir az yumşaldıb, peyğəmbərin dırnaqların kəsir, sonra deyir, öpdünmü, peyğəmbər yenə etiraz etmir, axı uzun illərdir görmürdü, necə ola bilərdi ki, öpməsin. Bu zaman Sara yenə güzəştə gedir və peyğəmbərin bığının ucunu kəsir. Hikkədən dözməyən Sara Həcərlə yatağa girib-girmədiyini də soruşur. Peyğəmbər yenə yalan danışa bilmir. Bu dəfə isə durum çox ağır olduğundan, Sara Peyğəmbəri sünnət etməklə onu yenə bağışlayır. Və o gündən də Allah bizə dərs vermiş olur, dırnağın tutulması, bığların kəsilməsi və sünnət hadisəsi yaranır. Ona görə də deyirlər “sünnət İbrahimdən gəlir.” Bu isə Allahın insanlara lütfüdür.

Molla bu rəvayəti danışıb, Allahın və peyğəmbərin böyüklüyünə misal çəkir, yaranışın və ənənələrin ibtidai formasını sübut edirmiş kimi özü ilə fəxr də edirdi. Bəli, siz də, mən də rəvayətin belə olmadığını yaxşı bilirik. Sözüm onda yox, onsuz da orijinalının belə bügünkü insan üçün gərəksiz olduğunu bütün məntiq sahibləri yaxşı bilir. Məni üzən nə bu rəvayət, nə də bunu danışan adamdır. Məni üzən bu nağıla el adətinə görə səsini çıxarmadan, dinləmək məcburiyyətində olan biz ziyalılarıq…

Ən böyük din alimimiz hesab edilən akademikin yanında hansısa gopçu bir molla həvəslə danışır, alimlər də susur. Ona görə susur ki, yas məclisidir, mübahisəyə ehtiyac yoxdur, ölü sahibindən ayıbdır. O nə qədər sərsəmləsə də, biz susub ona və onun kimilərə hörmət etməliyik, səsimizi çıxarmamalıyıq. Beləcə 1500 ildir ki, Şərq insanı gününü yola verir. Heç bir elmi, mənəvi dəyəri olmayan söhbətlərə məcburi şəkildə qulaq asıb, susa-susa da yol gəlirik. Bu da bizim faciəmizin nüvəsini təşkil edir. Sivil cəmiyyətlərdə bu mollanı da, onun sertifikat aldığı qurumu da sivil insanlar şeytanı daşa basdıqları kimi daşa basardı, amma görünməyən şeytanı özü üçün uydurub daşa basan cəmiyyət onu sarsaq yerinə qoyan əbləhi daşa basmır ki basmır. Mənə görə gərək idi ki, Vasim Məmmədəliyev durardı və mollanı məclisdən qovardı. Çünki həmin an mən qarışıq hamının nəzəri onda idi ki, görək reaksiya necə olacaq. Heç nə… Vasim müəllim də dodaqaltı qımışdı, sakitcə “maraqlı nağıldır” deməklə yola verdi. Necə ki, xətir üçün xəstə yatmaqla günlərimizi yola veririk.

Ən böyük faciəmiz də odur ki, bu cür nağıllara inanan kütlə var və günü-gündən böyüməkdədir. Bu cür “həyat eşqi” ilə tərbiyə alanlar cəmiyyətimizin aparıcı qüvvəsinə çevirilir zamanla.

Digər bir məclisdə isə bir molla deyir: Quranda yazılıb ki, İmam Hüseyni sevməyənlərin yeri cənnət ola bilməz. Biz Zeynəbin, Fatimənin balalarıyıq və s. Başqa bir sünni məclisində Ayişə ananın balaları oluruq… Dözə bilməyib deyirəm ki, molla əmi axı mən sünniyəm (sünni falan da deyiləm ha, sadəcə, digər müsəlmanların haqqı üçün sualı belə qoydum) və İmam Hüseyni sevməyə bilərəm, niyə mən cəhənnəmə getməliyəm? Sualıma cavab olmur və kiçik mübahisə edirik, yerdən məni qınayırlar ki, sən cavan uşağın yas məclisini niyə qarışdırırsan, ayıbdır, belə olmaz. Deyirəm axı, mənim anam Sonadır, mən niyə Zeynəbin balası olmalıyam? Niyə imam sevgim olmadığı üçün cəhənnəmə getməliyəm? Hamı başını bulayıb, bura yeri deyil, deyir. Ay qardaşlar bəs yeri haradır?! Mən getmişəm, ölü sahibinə təsəlli verməyə. Vaxtımı bu cəfəng şeylərlə niyə öldürməliyəm. Niyə dözməliyəm bu cəfəng söhbətlərə?! Bəli, məcbur olub, “dəyərli” şəxsiyyətdən üzr istəyib susuram. Mən susuram, sən susursan, o susur, sonra da akademikim çıxıb deyir ki, insanlar cinlə əlaqəyə girib evlənirlər. Sonra da başlayırıq allahsız yaponun, kafir koreyalının, xristian almanın, gavur yəhudinin gətirdiyi yeniliklərə ağzı əyri şəkildə baxmağa. Ağzımızın suyu isə abrımızı yumur ki, yumur.

Bir müddət öncə Naxçıvanda Milli Məclisin sədri Vasif Talıbovun tapşırığı ilə mollalara Qurandan savayı, başqa şey danışmağı şifahi də olsa yasaqlanmışdı. Mollalar məclisdə sadəcə başa düşmədiyimiz allah dilində yazılan kitabı oxuyub gedirlər. Vallah səy-səy danışmalardansa, mən razıyam ki, başa düşmədiyimiz dildə avazla nəsə oxunsun. Heç olmasa əsəblərimiz korlanmaz. Çünki Vasif müəllim çox yaxşı bilir ki, İran ağzı ilə danışan bu adamları susdurmağın ən yaxşı yolu budur. İslam Universiteti bu gün tələbə qəbul edir, etmir bilmirəm. Əslində, bu Universitetin məqsədi Azərbaycan təfəkkürlü molla yetişdirmək idi, təəssüflər olsun ki, on illərdir, rüşvət alıb savadsız insanlara molla diplomu verməkdən başqa heç nə etmədilər. İran ağızlı, suriya düşüncəli savadsız kütlədən başqa heç nə istehsal etmədilər və bu gün həmin mollalar savadsız kütləyə yol göstərib məclis aparırlar.

Bu yaxınlarda bibimin yasında iştirak etdim. Molla başa düşülməyən ləhcəsi ilə yenə nəsə oxuyurdu. Vasif müəllimin canına dua oxuyurdum ki, nə yaxşı edib, bunların Qum iyindən yaxamızı qurtarıb, birdən val dəyişdi. Daha hörmətli bir molla öz səsgücləndiricisi ilə gəlib imam Hüseyn və Zeynəb faciələrini guya ağlaya-ağlaya uca səslə danışdı. Ha fikirləşdim ki, bunun mənim bibimə nə dəxli, yenə bir şey anlaya bilmədim. Bu nağılları doğulan gündən eşidənlər isə bezib öz qayğılarını pıçhapıçla danışanda molla əmi səsini kəsib, uca səslə “Fatihə” deyir, sakitlik təmin olunan kimi özünə xoş gələn səsi, irançı təfəkkürü və üslubu ilə yenə davam edirdi. İnanın imkanım olsaydı, rəhbərliyə xəbər verərdim. Onda imkan olmasa da, bu imkanımdan istifadə etməyi özümə borc bildim.

Bir az da atamdan qorxaraq… Çünki hamı düşünəcək ki, Kamilin oğlu gedib Bakıda bir-iki kitab oxuyub gəlib kəndini bəyənmir. Bir az mübahisə edib haqlı olduğumu sübut etmək istəsəm, atam məni Mirzə Kazım bəyin dədəsi kimi rədd edəcək. Sonra da onun kimi hər şeyi rədd etdiyimi bəyan edib gedib qoşularam gavurlara-zada… El içində adımız batar. Susuram, ya səbr deyib, məclisi sakitcə tərk edib, gedirəm gizlin otaqların birində dincəlim. Və bu zaman məni yuxu aparır. Ayılanda sanki əsəbdən müalicə olmuşdum. Özümdə bayaqkı stresdən əsər-əlamət belə yox idi.

Yuxuda görürəm ki, bir yas məclisindəyəm. Amma bir gözümdə də görürəm ki, mən özüm ölmüşəm. Camaat yığışdı, məni aparıb basdırdılar torpağa. Bir də nurani bir kişi Azərbaycan dilində mənim haqqımda bir-iki cümlə danışdı, o qədər pis adam olmadığımı dedi. Əməllərimin ziyansız olduğu vurğuladı. Sonra da camaat Tanrı evinə yığışdı. Həmin nurani kişi mənim alimliyimdən danışdı və söhbəti apardı elmə, texnikaya. Sonra da dedi ki, bu gün mərhumun bir dostu gəlib bura. O xaricdə işləyir, sözü verək ona. O da başladı, kəndiizdə gördüyü problemlərdən, təsərrüfatdakı yeniliklərdən, susuz torpaqlarda əkib-becərməyin yollarından danışmağa. Hətta dedi ki, Nehrəm pendirini markalaşdırıb dünyaya çıxarmaq lazımdır. Bəyənmədiyiniz bulamanın əhəmiyyətindən məlumat verdi. Necə qiymətli bir şey olduğunu izah etdi. Elə pisimə gəlirdi ki, elə bil burda adam ölməyib, camaat elmi konfransa yığışıb.

Evimizdə anam, bacım və bir-iki də yaxın qohumumuz anamla oturub şəkillərimə baxır, uşaqlığımdan danışırdı. Az qalırdım sevindiyimdən uçum, birdən yadıma düşdü, ilahi gör mən nə gündə adamam ki, nə dana kəsdilər, nə 300 litrlik samovar qaynadıldı, nə də imamlarımızın faciəli tarixinin üstünə beş qat da qoyub car çəkirlər, evimizə dəstə-dəstə qadınlar gəlmir, Əliəsgərdən, qolsuz Əbəlfəzlidən danışıb camaatı ağlatmadı. Bu dəm məni oyatdılar ki, bəs uzaq kənddə olan qonaqların gəlib, gəl otur onların yanında…

Bir ilahi əl arzu edirəm ki, yas mərasimlərimizə əl gəzdirsin, bizi bu günə qoyan saxta adətləri silib süpürsün həyatımızdan. Cinlə, şeytanla oynamağa son qoysun. Çünki biz sadəcə susmağı bacarırıq, cahil mollanın qabağında oturub üzünə püskürdülən yalanları dinləyən və buna eldən ayıbdır deyib susan ziyalı olduqca bizim fövqəlbəşər ələ ehtiyacımız var. Görürsünüzmü, çarəsiz və alt şüuru zəhərlənmiş ziyalı da qeyri-insanı varlıqlara ümid bağlayır. Savadsız kütlə adlandırdığı insanların Həzrət Abbasa yazdığı məktubdan heç bir fərqi olmadan, yenə də ümidsiz göylərə bel bağlayır.

f.ü.f.d., dos. Şəmil Sadiq

Köşə

Məhəmməd Füzulimi, Mirzə Fətəli Axundzadəmi ağıllı adam idi?

Bu yaxınlarda qohumlardan biri ilə kiçik mübahisəmiz oldu. Deməli, o, 10 yaşlı qızını qapandırır, yəni qız uşağı örtünür. Buna etiraz edəndə və yanlış addım olduğunu deyəndə söylədim ki, o hələ qanmır axı, uşaqdır, din isə şüurlu şəkildə qəbul edilməli ideologiyadır. Uzun sözün qısası, qohumu bir az tənqid etdim!

Adam qəfil elə bir sual verdi ki, hələ də lakonik cavab tapmaqda çətinlik çəkirəm. Dedi ki, uşaqlarını niyə 6 yaşından məktəbə qoyursan, özü getmir. Mən dili qafil də debat bacarığımı unudaraq dedim ki, o nə qanır, onu yönləndirmək lazımdır. Dedi ki, bəs indi bu da belədir də, bu nə qanır ki, din yaxşı şeydi, ya pis, örtünmək lazımdır, ya yox. Bunu da yönləndirmək lazımdır. Kənd arvadları demiş, əlim ağzımda qaldı. Açığı, cavab üçün gərək xeyli mübahisə edərdik və etdik də, amma adam beynində cavabını tapdığı suala digər cavab eşitmək istəmədiyində dediklərin bihudə gedər. Məktəblə örtünməni, dini bu cür müqayisə etməyin özü belə çox şeydən xəbər verir.

Söhbətimiz uzandı, mübahisə oldu, sonra incikliyə qədər gedib çıxdı ki, bunu qohumluqda birtəhər ört-basdır etmək mümkündür.

Qohumumun bir sualı da oldu, sən Füzulidən ağıllısan (şiə olduğunu anlarsınız yəqin)? Bu sualı ona görə verirdi ki, Məhəmməd Füzuli vəsiyyət edibmiş, öləndən sonra məni İmam Hüseynin ayaqları altında dəfn edin. Adam bunu deməklə mənə çatdırmaq istəyir ki, Füzuli İmam Hüseyni sevirmiş və bütün insanlar da sevməli imiş. Amma əmin olun ki, Füzulinin Kərbəla müsibətinə ifadə edən “Rövzətüş-şühəda”, “Məqatilit-talibin” və “Hədiqətüs-süəda” kimi iri həcmli əsərlər yazmasından xəbəri belə yox idi. Hətta Sabirin mərsiyələrinin olduğunu da deyib, mövzuya ədəbiyyat damarımdan girirdi. Mərsiyələrin adlarını soruşmadım, çünki bilirəm ki, təkyələrdə gecə-gündüz sinə vurub, başını süni şəkildə o tərəf bu tərəfə fırladaraq kədərləndiyini, təəccübləndiyi və ağlamsındığını göstərdiyi mərsiyələrin adını bilməmiş olmazdı?

Bu cür sualları yəqin ki tez-tez eşidirsiniz, hətta savadlı dindarlar olanda bu mövzuda daha dərindən üzürlər. Məsələn Fərabi, ibn Sina, Şəbüstəri, Sührəverdi, Nəsimi, Xətai kimi büyük zatları da misal gətirərlər, hətta bir az da milli damarı yaxşı işləsə, Mahmud Kaşğarinin Divani-Lüğət-Ət Türk əsərindən də nümunə gətirib İslamı təbliğ etməyə cəhd göstərərlər, öz aləmlərində. Sənin o böyük zatlara xüsusi rəğbətin olsa, hətta həmin zatları kumirlərindən biri kimi görsən, onda gəl səsini çıxart da… Məsələn, mən Şah İsmayılı İmperatorumuz kimi çox sevirəm, hətta idealım da hesab edirəm. Amma bu din məsələsi gələndə, lap misralarından birində özünü ”seyid” adlandırmasını oxuyanda ikilikdən əziyyət çəkirəm. Amma tez də onun dini məsələsinə baxmadan digər tərəflərini göz önünə gətirib, daxilimdəki çəkişməni yatırıram.

Bunları danışmaqda bir məqsədim var. Ona görə girişi belə əhvalat xarakterli etməyə çalışdım. Əslində, insan oğlu meyarsız, qaydasız yaşaya bilmədiyindən bu cür hallar doğur. Özü-özünü çərçivəyə salmaq, idarə olunmaq, inandırılmaq, yönləndirilmək istəyir. Bu xislət ona elə hopmuş ki, onu bundan ayırmaq olmur. Adəmin özü belə o qadağan olunmuş meyvəni yemək üçün, babalı Həvvanın boynuna deyib, yedi. Bir-birilərinə dəstək olmasa idilər, tək yeməkdən qorxardılar.

Örtünmə ilə bağlı verilən sualı cahilcə hesab etdiyimdən cavab axtarmağa baş sındırmadım. Amma ikinci məsələdə dözmədim. Ona dediyim və demək istədiyim bir neçə fikri yazmaq istəyirəm və savadlıların da bu sualı verməsinə heyrət edirəm.

Mənə görə ağlı başında olan insan öz cinsindən olan heç bir insanın izi ilə getməyi özünə xüsusi vəzifə bilməməlidir. Qəbul etdiyi fikri ola bilər, fikrinə hörmət edə bilər, ağıllı fikirlərindən yararlana bilər, amma onun fətvası ilə canını belə qıya biləcəyi dərəcəyə qalxmasını heyvani hiss hesab edirəm. Heç bir insan heç bir insana nə Allah, nə peyğəmbər, nə imam, nə də alim ola bilməz.

Məhəmməd Füzuli mənim üçün yaxşı şairdən başqa bir kimsə deyil. Hətta lirik şair desəm, daha düzgün səslənər. Maraqlı fikirləri də ola bilər, bəyənərəm də, bəyənmərəm də. İmam Hüseynə olan sevgisini də anlayışla qarşılaram. Ona görə ki, əgər həmin Məhəmməd Füzuli sovetin qılıncının dalı da, qabağı da kəsən vaxtı Azərbaycanda yaşasaydı, onda Səməd Vurğun kimi, Süleyman Rəhimov kimi düşüncə sahibi olmayacağına kim zəmanət verərdi? Və ya Atillanın dövründə o istedad ilə yaşasaydı, kim zəmanət verərdi ki, Şaman olub ocaq başında dualar oxumayacaqdı?!

İnsan dövr və şəraitə, düşdüyü təsirə görə formalaşır.

Suala sualla cavab da vermək olar. Mirzə Fətəli, Mirzə Kazım bəy, İsa Muğanna, Hüseyn Cavid ağılsız adamlar idimi? Dinin içindən çıxıb, hətta daha böyük formada da sual vermək olar. Enşteyn, Freyd, Nitsşe, Viktor Hüqo, Engels, Marks, hətta bu gün elmi kəşfləri ilə dünyanı lərzəyə salan müasirlərimiz kimilər də mi ağılsız idi ki, müsəlman yox, xristian, yəhudi, buddist olmuşdular?

Və ya demək olardı ki, sənin dədən sovet dövründə yaşayıb, dinə biganə idi və gecə- gündüz yeyib içirdi, necə oldu ki, onun yolu ilə yox, Səid Nursinin, Sistaninin, Xomeyninin yolu ilə gedirsən?!

Savadsızı başa düşmək olur ki, eşitdiyini danışır, bəs savadlısı necə?

Gəldiyim nəticə budur ki, bir inancı kiməsə təqdim etmək üçün hansısa tanınmış şəxsin düşüncəsini, əməlini göstərməklə effektli etmək deyil. Tanrı bizə şüur deyilən bir şey verib ki, həmin şüur işləyirsə, onun yanacağı məntiqdir, məntiq nəyisə qəbul edirsə, əgər min üləma, min övliya gələ səni yoldan döndərə bilməz.

Bu tarixən belə olub, xalqın bir tərəfinə görə sayıb seçdiyi, hörmət etdiyi şəxsləri düzənbazlar həmişə təbliğat aləti kimi istifadə edib. Sən Füzulini böyük adam hesab edirsən, mən Axundzadəni. Bunları tərəziyə qoyub dartmaq isə ən böyük yanlışdır, hər ikisinin xətası ola bilər, hər ikisi kiməsə görə ideal, kiməsə görə heç kimsə ola bilər. Onları müqayisə etmək və birtərəfli yanaşmaq yanlışdır, amma onları müzakirə, təhlil etmək, bəyənib bəyənməmək isə fərdin düşüncəsidir.

Bu gün bizim Şərqin müxtəlif mövzularda Qərbdən geri qalmasının əsas amillərindən biri də şəxsiyyətləri ehkamlaşdırmasıdır. Qərb İsa peyğəmbəri tənqid edə-edə inkişafını təmin etdi, halbuki xristianlıq mövqeyindən baxsaq, İsa Tanrının oğlu, Məhəmməd peyğəmbərsə elçisi idi. O, Allahın oğlu dediyi şəxsi müzakirə obyekti etdiyi halda, bizə imamı, hansısa bir şairi nəinki müzakirə etməyi, hətta sevməməyi, elə əsrlərlə qadağan edən ənənələri sırıdılar. Onlara sadəcə gözü bağlı şəkildə inanmağı, sevməyi, ideal bilməyi öyrətdilər, məhz bu səbəbdən, durub desəm ki, Məhəmməd Füzuli İmam Hüseyndən böyük adam olub və buna görə də onun ayaqları altında basdırılmağını deməsi özünü kiçiltməyidir, çoxları tənqid edər ki, sən kimsən ki, Məhəmməd Füzuliyə bu sözü deyirsən?! Mən də el qınağından qorxaraq, susacağam və yalançı təvazökarlıqla, əlbəttə o böyük adam idi, mən onu müzakirə edə bilmərəm deyəcəm və səmimi olmayacağam. Səmimi olmayan bir cəmiyyətdə isə hər şey yalan üzərində qurulur və hamı bir-birini aldadır, necə ki edirik də.

Dərindən düşünəndə görürük ki, İslam Şərqi sadəcə görüntüdə bütləri yıxıb, daxilində isə bunu heç bir zaman bacarmayıb. Bütləşdirmək prinsipindən uzaq ola bilmədiyimiz üçün büt kultunun ən ağır formasını yaşayırıq.

Əgər insan məntiqlə düşünsə, cavabı müəmmalı məsələləri həmişə sorğular, araşdırar və ən düzgün qərara gələr. Məntiq isə vicdanla dost-doğmaca qardaşdır. Sadəcə vicdanın və məntiqin işləmə mexanizmini öyrənmək, dərk etmək lazımdır.

P.S. “Məhəmməd Füzulimi, Mirzə Fətəli Axundzadəmi ağıllı adam idi” sualına hökmən iki cavab var. Mənə görə, bu, kimin hansı tərəfdən baxmasından asılıdır. Amma əsas odur ki, hər ikisini ağıllı hesab etdiyin qədər də, hər ikisinin yanlışını görüb dilə gətirə biləsən. Bunu edə bildiyin zaman Yaradanın məzhəbindənsən, əks təqdirdə təriqətçisən ki, bu da bölücülük yaradır…

Köşə

“Azərbaycan” jurnalının çap etmədiyi məqalə… – Sirli kitab

Azərbaycan ədəbiyyatında magik realizmin yaradıcısı filosof yazar İsa Muğanna yaşasa idi, iyunun 12-si 89 yaşı olurdu və onun 90 illiyinə birgə hazırlaşacaqdıq. Etiraf edək ki, 86 il ömür sürmək hər kişininin işi deyil. Buna baxmayaraq, bu cür insanların ölümü həmişə kədər və təəssüf hissi yaşadır insanlara. Çünki İsa Muğanna kimi dahilər bir ailənin yox, mühitinin sevimlisinə və dəyərlisinə çevrilməyi bacaranlardır.

İsa Muğannanın “Məhşər” romanından sonra yaradıcılığında başlayan yeni era “Türfə” romanı kimi böyük bir əsəri ilə yekunlaşmışdı. Ədəbiyyatımız İsa Hüseynov yaradıcılığında Cəlil Məmmədquluzadə təsirini qeyd edirdilər və bununla Muğannanın özü də razı idi. Amma İsa Muğanna kimi yazdığı əsərləri bütün ədəbi-bədii tərəfləri ilə Cəlil realizmindən uzaqlaşmış, Nəsimi, Cavid romantikasını qucaqlaşmışdı. Yəqin ustad sənətkarın gəldiyi qərar da belə idi ki, bəşəriyyəti realizm yox, romantika qurtara bilər.

Böyük ustad sənətkar İsa Muğanna “Türfə” romanının əlyazma variantının sonunda romanın yazılma tarixini 20.02.2009 qeyd etmişdi, amma 2015-ci ilə qədər çap olunmayan bu mistik romanı – ƏsƏri-“Türfə”ni çapa hazırlayıb oxuculara təqdim etməyin mənim qismətimə düşməsinin misilsiz sevincini yaşamışam. Bir zamanlar müsahibələrinin birində ömür-gün yoldaşı Firuzə xanımın “bəlkə də, bu romanın çapını görməyə İsa Hüseynovun ömrü çatmayacaqfikrinə yazıçının “Mənim sağlığımda çap olunmalıdır”, – deməsi ilk baxışda baş tutmamış görünə bilər, lakin söhbətlərimizin birində Firuzə xanımın “kaş Allah mənə o qədər ömür verəydi ki, İsa ölənə qədər ona özüm qulluq edərdim” fikrinə “o, mümkün deyil, çünki mən əbədi yaşayacağam”, – deyib gülümsəməsi onu ifadə edir ki, bəli, Muğanna ölməyib, əbədi yaşayır və bu gün də ƏsƏrinin çapını görüb sevinir.

“Ədəbiyyat gözü ilə baxanda “İdeal” mücərrəd görünür. Lakin “İdeal” romanı çap olunduqdan sonrakı şəxsi həyatı və yaradıcılığı göstərdi ki, İsa Hüseynov bu qəbildən olan əsərlərində inandığı və hətta yaşadığı dünyanı təsvir edir”.

Akademik İsa Həbibbəylinin İsa Muğanna haqqındakı yuxarıdakı fikrini onun “Türfə” romanına da aid edə bilərik. Çünki bütün əsərlərində olduğu kimi çap olunma problemi yaşayan bu əsər “İdeal”dan sonrakı yaradıcılığında ideyalarının təqdimatı baxımından çox önəmlidir.

“Türfə” ƏsƏrinin Muğannanın cismani sağlığında çap edə bilməməyimin yeganə səbəbi ƏsƏrin əlyazmasının özündə də qalmaması idi. Bir gün mənə dedi ki, İntiqam Qasımzadəyə (“Azərbaycan” Jurnalının baş redaktoru) veridiyim nüsxə Nizamidədir (AMEA-nın müxbir üzvü Nizami Cəfərovu nəzərdə tuturdu.). Nizami müəllimlə görüşüb romanı istədim. İsa Muğannaya olan rəğbətimi bilən Nizami müəllim sorğu-sualsız verdi. Nadir bir tapıntı əldə etdiyimin fərqində idim. Onun bütün oxucuları kimi, SafAğ elmi konsepsiyasında yazılan yeganə əsəri idi ki, oxumamışdım. Ətrafında o qədər söz-söhbət gəzirdi ki, sanki bunu tapıb oxumaq bir həyatı məsələyə çevrilmişdi. Müsahibələrinin birində “Amma əsərlərimin hamısı çap olunmayıb. Bir povestim çap edilməyib. Orda çox ciddi məsələlər qaldırmışam. O povest çap olunsa, bizim həyatımızda böyük dəyişiklik ola bilər. “Azərbaycan” jurnalına təqdim etdim, İntiqam Qasımzadə bildirdi ki, sən bu əsərlə inqilab edirsən, bunu çap etsək, başım bəla çəkər. Bu əsəri bir alimə oxumaq üçün verdim. O alim də Dövlət Təhlükəsizlik orqanında işləyirmiş, aparıb verib ora. Onlar da mənə deyirlər ki, əsərin çap olunacaq. Nə vaxt çap olunacaq, bilmirəm. Ancaq özlərinin işçiləri var ki, ədəbiyyatla maraqlanırlar, elmli adamlar kimi tanınırlar, onlar hamısı bunu oxuyublar” deməsi xalq şairi Zəlimxan Yaqub demiş, “sirr qoxuyan” kişinin sirr qoxuyan əsərinin dəyərini bir daha artırırdı.

Sonra əlbəttə ki, həyat yoldaşı Firuzə xanımla, qızı Sevinc Muğanna ilə məsləhətləşdim. Firuzə xanımın sevinclə qarşılaması və bunu hökmən etməli olduğumuzu deməsi ilə əsəri 2015-ci ildə oxuculara təqdim etdik.

Roman ətrafında çoxlu söz-söhbət gəzir indiyə qədər. Çap edilməməsində də səbəb cəmiyyətimizin həssaslığını nəzərə almaq idi. Çox maraqlıdır ki, romanın məndə olan əlyazmasının üzərində bir parça kağızda Qocaman yazıçımız İsa Muğannanın bu əsəri redaksiyamızda böyük mübahisə doğurdu. Buna baxmayaraq, ədibin çoxillik yaradıcılığını nəzərə aldıq və əsəri olduğu kimi çap edib oxucuların müzakirəsinə verməyi lazım bildik. (redaktor)”,- yazılıb. Azərbaycan jurnalına verildiyi üçün yəqin ki, bu qeyd Azərbaycan jurnalının ozamankı redaktoru, İsa Muğannaya böyük hörməti olan İntiqam Qasımzadəyə aid idi. Amma nədənsə roman jurnalda çap edilmədən akademik Nizami Cəfərova qaytarılmışdı.

ƏsƏrin əlyazmasının üstündə iki qeyd daha var idi: Biri İsa Muğannaya, biri isə Firuzə Muğannaya id idi.

İsa Muğannanın “Nizamiyə” adlı kiçik qeydi belədir: Əzizim! Mən bütün aydınlığı ilə dərk edirəm ki, bu əsərin çapı çox çətindir. Bununla belə, sənin şəxsiyyətini, imkanlarını bildiyimə görə nə isə dumanlı bir ümidlə əsəri sənə göndərirəm. Oxu, görək başımıza nələr gəlir.

İsa.

P.S. Bu kiçik əsərin çapı inqilaba bərabərdir.

Ehtimal etmək olar ki, bu kiçik qeyd əsər Nizami Cəfərova ilk dəfə göndərəndə yazılıb. Əsərin çapının geçikdiyini görən Firuzə xanımın Akademik Nizami Cəfərova yazdığı məktub isə çox mətləblərdən xəbər verir. Məktub adamı heyrətə gətirir. Çünki Firuzə xanım həyat yoldaşına nə qədər rəğbətlə və heyranlıqla inanırdı, bunu hamımız yaxşı bilirik. Məhz bu olmalı idi İsa Hüseynovu Muğannana edən böyük amillərdən biri də.

İsa Muğannaya aid qeydlər

İsa nə qədər böyük yazıçıdırsa, bir o qədər də böyük insandır. Altmış illik birgə həyatımızda ondan bir kəlmə də acı söz eşitməmişəm.

Atalarımız dünyalarını çox erkən dəyişdilər. Altı uşaq İsanın anası Xədicənin, altı uşaq da mənim anam İnşanın yanında qaldı. Böyük məhrumiyyətlər, dəhşətli kasıblıq içində on iki uşaq böyütdük. Təhsil verdik, evli-eşikli elədik.

Uşaqlar haqqında danışmağımın səbəbi var.

1968-ci ildə alihəzrət Dəmirəlin zamanı başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi: “Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş edib.)

Hotelə qayıtdıq. Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Sonra isə birdən-birə ruhi xəstəliyə bənzər bir cür anlaşılmaz xəstəliyə tutuldu. Daha sonra xəstəlik qurtaranda yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey Uca” deməkdir. “Sar” – hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Bu Od – Həqiqət qədim türk dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan. “Türfə” əsəri də bu qəbildəndir.

Bu əsərdə “axırıncı peyğəmbər”, “Muhamməd – Məhəmməd”, İslam peyğəmbəri adlandırılan, OdƏrcə rütbəsi BağHəmOd (Vahid həqiqət bağı) olan nadir insan haqqında həqiqət verilib. İsa şahiddir ki, EySar İşıq gəmisində Yer planetinin üzərində gəzib müşahidələr aparır. Tezliklə vaxt yetişəcək, EySar, BağHəmOdla və rütbəli OdƏrlərlə birlikdə Yerə enəcək. Mən o günün gələcəyinə inanıram və həyat yoldaşım İsa Muğannanın yazdığı əsərləri təqdir edirəm.

Firuzə Muğanna. 03.VII.2009.

Məktubdan da görünür ki, İsa Muğanna əsəri 2009-cu il fevralın 20-də bitirib və həmişəki kimi Firuzə Xanım oxuyandan sonra aprelin 7-də çapa təqdim edilib. Bu məktub bir də onu sübut edir ki, Firuzə xanım Muğanna yaradıcılığını izləyir, oxuyur və tövsiyələrini həmişə verirdi. Bir çox təqdiqatçılar, oxuculardan fərqli olaraq həyat yoldaşı olan Firuzə xanımın da ustad sənətkarı İsa Muğanna kimi qəbul etmiş, “Hüseynov” təxəllüsündən imtinasını da anlayışla qarşılamışdı.

Romanı oxudum və “İdeal” kimi bir roman müəllifinin ikinci bir dalğa yaradacaq əsəri hesab etdim. Əzizə Cəfərzadə hələ 1978-ci ildə “Məşhər” romanına yazdığı ön sözdə dediyi kimi “Oxucu özü üçün romanın səhifələrində böyük bir ziddiyyətlər aləmi kəşf edəcək, ictimai fikir və mübarizə tariximizin ən gərgin anları, görkəmli şəxsiyyətləri ilə tanış olacaq”.

İsa Muğanna bir yazar idi. Heç bir zaman birbaşa tarixçi, araşdırmaçı olması iddiasına düşməmişdi. Ədəbiyyat nümayəndəsi isə öz fikirlərini deməkdə azad və və sərbəstdir. Qulu Ağsəsin dili ilə desək: “Muğannanın SafAğ və OdAğÜz planetlərinə səfərindən arxayınam; o, gedir və qayıdır. Hətta bəzən gündə 2-3 dəfə. Ancaq geri qayıdanda Muğannanın ayaqları YERƏ DƏYMİR. Yəqin ona görə dedikləri havadan asılı qalır”.

Düşüncə inqilabını da, məhz bu cür böyük sənətkarlar yaradırlar. Əminəm ki, oxucular intellektual şəkildə ƏsƏrə yanaşacaq və müəllifin subyektiv (düşünürəm ki, yazarın böyüklüyü məhz onun subyektivliyindədir) fikirlərinə hörmət edəcəklər. İsa Muğannanın dinin batininə enməsi, onu cahil “mollalar”ın əlindən alması və Saf Ağı bir elm kimi təqdim etməsi çox maraqla qarşılanacaq, əgər əsər oxunsa…

2015-ci il aprelin 1-də Azərbaycan ədəbiyyatının özünəməxsusluğu ilə seçilən sənətkarı, magik realizm məktəbinin yaradıcısı İsa Muğannanın dünyasını dəyişməsinin bir ili tamam olurdu. Ən böyük, ən yaşlı, ən müdrik, ən sehrli, ən səmimi dostumdan ayrılmaq mənə çətin olmuşdu həmin gün. Əruz elmini mənə öyrədən ustadım Zülfəli Zülfəliyev rəhmətə gedəndən sonra İsa Muğanna ilə tanışlıq həyatımın ədəbiyyatına, fəlsəfəsinə, gündəminə sehrli bir rəng qatmışdı. Bu elə bir sehrli rəng idi ki, dünyanı o rənglə boyasaydılar, gözlərimiz yalnız Ağ görərdi. Həm də Saf Ağ işığı. Elə İsa Muğannanı da mənə bir yazıçı kimi Zülfəli müəllim tanıtmış, “İdeal” əsərini oxumamışdan öncə o danışmışdı İsa Muğannanın sehrli gerçəkliyindən. Sanki onunla bir gün tanış olacağımı da bilirdi.

İsa Muğannasız keçirdiyimiz bir neçə il ərzində müxtəlif səviyyələrdə yazıçı haqqında yazılar yazıldı, müzakirələr edildi. Muğannadan danışanlar ya onu anlamayıb, sadəcə böyüklüyünü etiraf edə bildilər, anlayanlar da bu böyüklüyü ifadə edəcək söz və cümlələr tapmaqda çətinlik çəkdilər. Zənn edirəm ki, Muğanna yaradıcılığı üçün ən böyük hadisə “Türfə” romanının çapı idi ki, ona da nail ola bildik.

Onunla tanış olduğum bir neçə il müddətində ən az ayda bir dəfə görüşər, dərdləşər, kefin soruşar, yanında olmağa çalışardım. Bütün bu məqamlarda isə İsa-Firuzə bötüvlüyü ilə bir yerdə olurduq. Lakin İsa Muğannanın gedişindən sonra o evə getmək mənim üçün çox çətin oldu. Düzdür, Firuzə xanım, da sanki İsa müəllimin missiyasını üzərinə götürmüşdü, o da mənimlə maraqlanırdı. Bu da o müqəddəs ocağa gedib-gəlməyimi asanlaşdırırdı. Amma hər dəfə Firuzə xanımı görməyə gedəndə sözlərin xirtdəyimdə asılıb qaldığını, tıxandığını hiss edirdim. Bu müdrik Azərbaycan qadınının böyüklüyünü gördüyüm halda, onun İsa Muğanna üçün necə darıxdığının şahidi olub ona necə təsəlliedici nəsə deyərdim?! 60 ildən çox ömrü bir başa vuran bütövun yarısına necə dəstək ola bilərdim. Tək gücüm dinməz, söyləməz, hər dəfə də gözlərinin içinə baxıb yeni çap etdiyimiz kitabı verib, tez də sağollaşıb getmək olurdu vəzifəm. Əvvəlki vaxtlardakı kimi daha yeni nəşrlərə həvəslə baxmadığını, sadəcə “sağ ol, bala” deyib kitabı kənara qoymasını, sonra da əlini çənəsinə qoyub gözünün görə bilmədiyi, beyninin isə çox uzaqlara qədər baxdığı ənginliklərə zilləndiyini hiss edirdim.

Firuzə xanım Əhməd Cavadın Şükriyyəsi, Hüseyn Cavidin Müşkünazı kimi İsa Muğannanın Muğanna olmasında sevgi ilə fədakarlıq göstərib. İsa Muğannanın bəşəri mübarizəsində yanında olan bu böyük insanın Muğannaya olan sevgisini bircə kəlmə “İsa” sözünü eşidənlər daha yaxşı anlayar, məncə.

60 ildən çox bir zamanda bir evi, bir açarı, bir işığı, bir havanı, bir təbəssümü, bir kədəri bölüşən bu ailə insanlıq tarixi üçün bir örnəkdir. Çünki İsa Muğannanın Muğanna olmasında Firuzə xanımın rolu, əməyi, səyi, səbri danılmazdır. Əslində, bu saydıqlarım birtərəfli olmayıb. Firuzə xanımın son illərin ən böyük arzusu İsa Muğannadan sonra vəfat etməsi idi. Belə də oldu. Deyirdi, ay Allah, sən məni İsadan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq edim. Bu sözləri deyəndə, bəlkə, Firuzə xanım fərqində deyildi ki, onsuz yastığa baş qoymaq, divanda tək-tənha oturub ağı qaradan çətinliklə seçən gözlərini gah bir nöqtəyə zilləmək, gah da xatirələr yağmurunda islanan gözlərini silmək dünyanın ən çətin zindanı olacaqdı ona. Firuzə xanım böyük məhəbbətini ifadə edirdi: “Ay Allah, sən məni İsadan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq edim” cümləsi. Atası, əri, qardaşı, oğlu kimi sevib əzizlədiyi İsaya kiminsə qulluq etməsinə razı ola bilmirdi. Amma onsuz yaşamağın bu qədər çətin olduğunu bilsəydi, bəlkə də, o, həyata keçmiş duasını geri çağırardı. Elə Muğannasını da. “Şəmil…. İsa üçün darıxıram” deyib qəhərlənmələrini görərək deyə biləyəcəyin bir tikə sözün belə tapılmaması nə qədər soyuq və qan donduran imiş, ay Allah!

Muğannası haqqında xatirələrinin səs yazısını yazmağı təklif etdim, razılaşsaq da, bacarmadı. Ürək getdi, gəldi dəfələrlə. Bir gün zəng edib dedi: “Şəmil, bacarmayacağam”.

Romanın çap olunması ailəsinin sevincinə səbəb oldu. Ustad sənətkarın qızı Sevinc Muğanna romanın ön sözündə sevincini bu cür izhar edir:

“Sənin də gözün aydın, Göylərdən bizə baxıb gülümsəyən canım Muğannam”, “Türfə”n mübarək!”

Onu da qeyd edim ki, “Türfə” romanı müəllifin yeganə əsəridir ki, Muğanna ikinci dəfə üstündə işləməyə vaxt və imkan tapmayıb. Muğannanın əsərlərinə yenidən qayıdaraq düzəlişlər etməsi və ya ümumiyyətlə dəyişdirməsi hamımıza məlumdur. Sadəcə, bir variantının qalması və o da əlində olmaması üçün heç nə edə bilməmişdi. Əminəm ki, roman əlində olsa idi, biz yenidən çapa verəndə hökmən yeni əlavələr edəcək və ya nələrisə dəyişdirəcəkdi.

“Türfə” romanı Muğannanın ölümündən iki il sonra 2015-ci ildə redaktorluğumla Hədəf Nəşrləri tərəfindən çap olunmasına baxmayaraq, dostluq və qruplaşmalara başı qarışmış ədəbi tənqidimiz tərəfindən öz layiqli qiymətini almayıb, indiyə qədər heç bir tənqidi yazı yazılmayıb. Sanki heç nə baş verməmiş kimi susur ədəbi tənqid və ədəbiyyatsevərlər…


Davamına bax

Köşə Layihələr

“İsa Muğanna yaradıcılığı “İdeal” işığında”

12 iyun 2017-ci il Hədəf nəşrləri və Qazax Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə böyük yazıçı İsa Muğannanın doğum günü ilə əlaqədar Fəxri Xiyabanında yazıçının məzarı başında anım günü və həmçinin yazıçı Şamil Sadiqin İsa Muğannaya həsr etdiyi “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı monoqrafiyasının təqdimatı keçirildi. Davamına bax

Köşə Layihələr

“QIZILBAŞ” Beynəlxalq Tarixi Hekayə Müsabiqəsi elan olundu!

NİZAMNAMƏ

1. Ümumi müddəalar

1.1. “QIZILBAŞ” Beynəlxalq Tarixi Hekayə Müsabiqəsi

Yazıçılar Birliyinin 2017-ci ildən fəaliyyət göstərən Şah İsmayıl Xətai Komissiyası tərəfindən təsis edilmişdir.
1.2. Bu müsabiqənin keçirilməsində məqsəd Şah İsmayıl Xətainin adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi, gənc qələm sahibləri arasında ədəbiyyata diqqətin artırılması və dövlətçilik ənənələrininə söykənərək Azərbaycan mədəniyyətini, tarixini tanıtmaq, Şah İsmayıla sahib çıxmaqdır. Davamına bax

Haqqında yazılanlar Köşə

Oxu günü – 3

Aprelin 29-da Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə “Oxu günü” adlı tədbir keçirilib. “Oxu günü” yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq məqsədi daşıyır. Davamına bax

Bədii yaradıcılıq Köşə

“Dəli şeytan”azadlığın özüdür…

 

Son zamanlar yadıma düşən bir ifadə diqqətimi yaman çəkir – “Dəli şeytan”… Nədənsə hər dəfə ürəyimizin dərinliyində, özümüzün özümüzə etiraf edə bilmədiyimiz hissləri, duyğuları, adətən, “dəli şeytan”ın üstünə yıxırıq. Halbuki dəli şeytanın dedikləri, istədikləri bəzən ədalət naminə yerinə yetirilməsi vacib bir işdir. Davamına bax

Köşə Manşet

Erməni qadın və Səməd Vurğun

İnsanların qövmlərə ayrılması ilə başladı insanlığın faciəsi… Elə başladı ki, gülmək, ağlamaq, hiss etmək, sevmək, nifrət etmək duyğusu eyni olan şüurlu canlı varlıq bir-birinə düşmən kəsildi. Davamına bax

Köşə

Adlıq halın acınacaqlı halı

Adlıq hal müvazinətini itirmədən uca bir dağ başında oturub öz keçmiş halını xatırlayırdı. Gözünün önünə dünyanın, kainatın olmadığı bir dövr gəlirdi. O zaman hələ Tanrı da yox idi. O zaman hər şey təkdi və saf idi. Sonralar özü də xəbəri olmadan hallanmağa, parçalanmaya, bölünməyə başlamışdı.

Davamına bax

Köşə

Kefli İskənder kişi olsaydı…

İyunun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun da dəstəyi ilə böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin ilk tamaşasının 100 illiyinə həsr edilmiş tədbir keçirildi və tragikomediya yeni quruluşda nümayiş olundu.

Davamına bax