Xəbərlər
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadıqov 2018-ci ildə ədəbiyyatşünaslıq elmi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “İlin Gənc Alimi” adına layiq görülüb. Alimə diplom Nizami Gəncəvi adına Ədəbiyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tərəfindən institutun 85 illik yubileyi münasibətilə keçirilən tədbirdə təqdim olunub. Bu mükafatı 40 illik yubileyi ərəfəsində alan yazıçı bunu gəncliyin son notlarının mukafatı kimi dəyərləndirib. “Bu mənim üçün surpriz oldu. Ədəbiyyat İnstitutunda işləməsəm də, İlin gənc alimi nominasiyasına layiq görülmək bir başqa zövqdür. Hələ ki bu mukafa layiq görülməyim bədii yaradıcılığımın, həyat fəlsəfəmin ustadı İsa Muğanna haqqında yazdığım monoqrafiya və elmi araşdırmalarım da xüsusi vəsilə olması bir başqa aləmdir”.
Hədəf STEM Liseyinin qurucu direktoru Şəmil Sadiq: Biz niyə dərsdə qiymət almaq istəyirik?
Tarix: 13/11/2018Filologiya üzrə fəlsəfə doktoru, dosent, Hədəf STEM Liseyinin qurucu direktoru Şəmil Sadiq.
Tələbələri karyera yolunda maarifləndirmək məqsədilə Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyəti, Polygon klubu və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə “Hədəf” Şirkətlər Qrupunun direktoru f.ü.f.d., dos., Şəmil Sadiq ” Mənim uğur yolum” adlı çıxışında öz uğur hekayəsini danışdı və gənclərə daim öz üzərlərində işləmələrini, iş həyatında səbrli olmalarını və uğursuzluqlara baxmadan hədəflərinə çatmaq üçün daim səylə çalışmalarını məsləhət gördü. Hər bir tələbəyə elm, karyera və həyat yolunda uğurlar arzuladı.
Dəyərli gənclərə üzümü tuturam, bir dəfə də bu mövzuda yazmışdım, bir müəllim olaraq, yenə yazmağı özümə borc bildim. Bu gün ölkəmizdə işə düzəlmə və işdən çıxma məsuliyyəti gənclərdə heç ürəkaçan deyil. Bunun acısını rəhbərlik də çəkir, işçi də. Yəqin ki, daha çox işçinin üzərinə düşür bu əziyyət. Məhz buna görə də bu dəfə işdə və işdən çıxma zamanı nələrə diqqət etməyinizi sadalamaq istəyirəm. Bunların heç biri hansısa kitab məhsulu, ya da “Amerkan alimləri deyir ki” deyil. Yaşadığım, gördüyüm, müşahidə etdiyim anların nəticəsidi. Həm də əksəriyyəti beynəlxalq standartlarda öz əksini tapıb. Bir çox gənc iş etikası bilmədiyindən tez-tez işini itirir və məyus olur.
1. Heç vaxt özünüzdən üstdəki şəxsə qarşı naz, ərköyünlük etməyin, nəzərə alın ki, sizdən üstdəki adam doğmanız da olsa, sizin rəhbərinizdir;
2. Çalışan və şirkətə fayda verən bir insan olaraq başa düşülməyinizi istəmək və gözləmək haqqınızdır (axı siz bir şirkətin inkişafına dəstək verirsiniz), amma bununla yanaşı onu da unutmayın ki, işəgötürənin də bunu sizdən görməyə haqqı var (axı həmişə yaxşılığı böyüklərdən gözləmək düzgün deyil);
3. Haqqınızı tələb edin, amma rəhbər şəxslərinizdən haqqınızı düşməndən istəyirmiş kimi istərsəniz, əmin olun, əlinizdəkini də itirə bilərsiniz. Etik səviyyədə, səbrlə istəməyiniz daha münasibdir. Əmin olun, işini sevən rəhbər şəxslər yaxşı kadrla işləməyə daha çox üstünlük verir;
4. İşə başlayandan bir neçə ay sonra nəsə öyrənib, işlədiyinizi, şirkətə fayda verdiyinizi görürsünüzsə, bu o demək deyil ki, artıq siz vazkeçilməzsiniz. Bu düşüncə sizi düzgün istiqamətləndirə bilməz;
5. Praktikalar sadəcə sizin xeyrinizədir, müxtəlif şirkətlər var ki, praktika belə ödənişlidir. Sizi təcrübəyə qəbul edirlərsə, bunu “Şirkət məndən istifadə edir” kimi dəyərləndirməkdənsə, “Mən şirkətdən istifadə edib, nələrsə öyrənirəm” kimi qəbul etsəniz, onda daha tez uğur qazanarsınız. Ümumiyyətlə, unutmayın ki, ağıllı və imkanı olan şəxslər təcrübə proqramlarına ödənişlə qatılırlar;
6. Rəhbəriniz sizə şirin söz deyə, kefinizi soruşa, motivasiya etmək adına tərifləyə bilər, amma siz buna olduğu kimi qarşılıq verməməli, bundan sui-istifadə etməməlisiniz;
7. İşdə hər hansı bir problem çıxanda özünüzü müdafiə adına başqasının qüsurunu qətiyyən dilə gətirməyin, bəlkə də, siz bunu xoş niyyətlə deyə bilərsiniz, amma əmin olun, rəhbəriniz bunu öz istədiyi kimi qəbul edəcək ki, bu da yaxşı hal deyil – həm sizə, həm də iş yoldaşınıza qarşı;
8. İş yoldaşlarınızın işinə də əl atın, “Bu, mənim işim deyil” deyib kənarda durmaq komanda ruhuna yaddır ki, bu halda siz həmin idarədə uğur qazana bilməzsəniz, amma bu o demək deyil ki, hər vurulan mıxa papaq olasınız. Üstünüzə hər kəsə yaxşılıq etmək kimi bir vəzifə götürsəniz, bir gün peşmanlıq keçirəcəksiniz;
9. Qazandığınız işdə özünüzü təkmilləşdirməsəniz, öz büdcənizdən özünüzün inkişafı üçün xərcləməsəniz, yüksəliş sizdən yan gəzəcək. Əgər rəhbərlikdən sizin inkişafınız üçün maliyə ayrılamsını gözləyirsinizsə, bunun ən az 50%-ni də özünüz etməlisiniz. Azərbaycanda özəl şirkətdə bir işçinin işdən çıxarıla bilmə ehtimalı nə qədər çoxdursa, işçinin də işi bir saatın içində buraxma ehtimalı bir o qədər çoxdur. Bu səbəbdən qazandıqlarınız sadəcə sizindir və bunu hər addımda inkişaf etdirməlisiniz;
10. Bir işdə təşəbbüskarlıq, yaradıcılıq nə qədər çoxdursa, o zaman uğur da sizinlədir. Sadəcə icraçılıq, deyiləni, tapşırılanı eləmək sizin fərqliliyiniz deyil, bəzən deyilməyəni də etməklə risk edə, yeni çözüm təklif edə bilərsiniz və etməlisiniz. Əgər etməsəniz, eyni işin başında qocalacaqsınız;
11. Əgər işdən çıxma və ya çıxarılma məqamı gəlibsə, bunu prosedur qaydasına uyğun etməlisiniz: A) Öhdəliyinizdə olanları rəsmilərə təhvil vermək; B) Rəhbərlikdən bir ay öncədən möhlət istədiyiniz kimi, yerinizə işçi gətirilənə qədər işinizi davam etmək, lazım olarsa yeni işçiyə gördüyünüz işi başa salmaq; C) İşdən çıxma ərizəsi yazmaq və etikdir ki, ərizənizin üstünün yazılmasını gözləyəsiniz; D) Getdiyiniz zaman müdirdən incisəniz belə, heyətlə sağollaşma və vidalaşama etmək; E) Səbrli olun, sizin yerinizə kimsə təyin olunmayıbsa, siz işi qoyub gedirsinizsə, bu, iş vicdanına hörmətsizlikdir.
12. Bir işdən ayrılırsınızsa, başqa bir yerə işə düzəlməyə gedəndə heç vaxt əvvəlki iş yerinizi aşağılacayaq ifadələr işlətməyin, hətta ayrıldığınız iş yerində münasibətlərin müsbət olmasına çalışın, əmin olun ki, bu, məhz sizin xeyrinizədir.
Sözardı:
Dəyərli dostlar, mən bu yazını məhz “mən müdirəm” deyə yazmadım, mən öncə müəlliməm, maksimum yeni kadr yetişdirməyə maraqlı adamam, amma bəzən elə olur ki, illərlə, aylarla zəhmət çəkib yetişdirdiyin bir adamla yol ayrıcına gəlirəm, əmin olun ki, o şəxsdən daha çox mən heyfsilənirəm. Çünki ümumi qaydaları gözləmək hər kəsin borcudur. Ən azından etik qaydaları gözləyənlər ilk yaxşılığı özünə edir.
Bir hadisəni danışım, bitirək. Bu yaxınlarda IT sahəsində çalışan bir gənclə görüşdüm. Gəncin öz saç düzümü və saqqalı sərbəst bir insan təəssüratı yaradırdı. Hiss olunurdu ki, gününü kompüter başında keçirir və qalstuku sevmir. Amma iş görüşməsinə gəldiyi üçün səliqəli bir kostyumda gəlmişdi. Bunu da daha aydın hiss etmək mümkün idi ki, adam bu geyimdə çox sıxılır. Həyəcanlı olduğunu görüb bir az səmimi oldum, məlum oldu ki, yanılmamışam, amma adam iş görüşməsinə gəldiyi üçün qarşı tərəfə hörmət əlaməti olaraq rəsmi geyinib. Və sözsüz ki, işə alınıb, təcrübə mərhələsinə başladı. Sözüm ondadır ki, sevin, seviləsiniz!
Müasir dövrün inkişafının əsasını təşkil edən yüksək texnologiyaların tələbləri, yəni qlobal trendlərin yaratdığı zərurət dünyanın innovativ inkişafını şərtləndirir. Bu, bütün sahələrlə yanaşı, təhsildə də özünü göstərir. Yeni yanaşmalar, dünyada baş verən mütərəqqi yeniliklər, innovasiyalar təhsil sahəsində yüksək keyfiyyət dəyişikliyinə səbəb olur. Bir çox inkişaf etmiş ölkələrin müasir təhsil sistemlərinə nəzər yetirdikdə bunu aydın şəkildə görmək mümkündür.
Təhsilə yeni yanaşma gətirən sistem
Bu gün dünyada STEM əsaslı müasir təhsil sisteminə xüsusi önəm verilir. Çünki bu sistem həqiqətən də təhsilə yeni yanaşma və keyfiyyətli nəticə gətirib.
STEM – Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (Science, Technology, Engineering, Math) sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası, tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır. Bu mütərəqqi təhsil praktikasına əsasən şagirdlər fənn dərsləri ilə bərabər, xüsusi fənn kabinetlərində, laboratoriyalarda və interaktiv sinif otaqlarında bilikləri təkcə nəzəri deyil, müşahidə edərək, əlləri ilə toxunaraq, yəni tətbiq edərək öyrənirlər. Bir sözlə, STEM əsaslı təhsil müasir təfəkkürlü mühəndislər yetişdirir.
Bu sistem hətta bir vaxtlar Amerika Birləşmiş Ştatlarının ciddi problemlərlə üzləşən təhsil sistemini böyük bəladan qurtarıb. Ölkədə müxtəlif sahələr üzrə mühəndis qıtlığının yarandığını görən amerikalı mütəxəssislər təhsil sistemini təhlil etdikdən sonra belə bir qənaətə gəlirlər ki, bir müddətdən sonra mövcud təhsil sistemi çökəcək və ABŞ müxtəlif sahələr üzrə mühəndislər ordusunu kənardan “idxal” edəcək. Ona görə də sabiq ABŞ Prezidenti Barak Obama 2012-ci ildə yeni təhsil proqramının hazırlanması tapşırığını verir və mütəxəssislər tərəfindən təklif olunan STEM təhsil sistemi ən müasir metod kimi tətbiq edilir.
UNESCO-nun müvafiq hesabatında, hazırda dünya miqyasında ixtisaslı mühəndis kadrların çatışmadığı və bu halın yaxın gələcəkdə də davam edəcəyi qeyd olunub. Bildirilir ki, yaxın illərdə dünyada 7 milyon STEM təhsilli mütəxəssisə ehtiyac yaranacaq. Elə bu səbəbdən də qabaqcıl ölkələrdə akademik və rəsmi qurumlar STEM əsaslı təhsilin geniş yayılmasını milli strateji hədəf kimi görür və bu əsaslı təhsil müəssisələrinin sayı sürətlə artır.
Azərbaycanda da STEM təhsil sisteminin tətbiqinə başlanılır
Müstəqilliyin bərpasından sonra Azərbaycanda da elm və təhsil infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının modernləşdirilməsi, informasiya təminatının gücləndirilməsi və bütövlükdə bu sahələrin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Təhsil sahəsində həyata keçirilən mütərəqqi islahatlar, Bolonya prosesi, kurikulum sisteminin tətbiqi təhsilimizə uğurlar qazandırıb.
Bütün bunlarla yanaşı, artıq ölkəmizdə də yeni tədris ilindən STEM təhsil sisteminin tətbiqinə başlanılacaq. Hətta Təhsil Nazirliyi tərəfindən təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi əsasında iki dəfə “STEM Azərbaycanda” müəllim konfransı da təşkil edilib.
Mühəndisliyi sosial, iqtisadi və humanitar inkişafın mühərriki hesab edən STEM əsaslı təhsil sistemi ilə bağlı filologiya üzrə fəlsəfə doktoru, 10 illik STEM təhsili təcrübəsi olan ekspert Şəmil Sadiqə müraciət etdik. Qeyd edək ki, Şəmil Sadiq həm də Azərbaycanda ilk dəfə STEM əsaslı təhsil verəcək “Hədəf” liseyinin qurucusudur.
Yaddaş məktəbindən təfəkkür məktəbinə keçid
Öncə STEM-in yaranma səbəbləri barədə məlumat verən ekspert bildirdi ki, artıq dünya təhsil sistemində yanaşmalar dəyişir. Bu gün dünya təhsil sistemində yeni trend odur ki, artıq tədris müəssisələrində həyati bacarıqlara yönəlik təhsil sistemi tətbiq olunsun. Elə 2006-cı ildən başlayaraq Azərbaycanda da tədris olunmağa başlanılan kurikulum sisteminin əsas istiqaməti yaddaş məktəbindən təfəkkür məktəbinə keçid idi. Təfəkkür məktəbinə keçiddə artıq bir insanın məntiqi təfəkkürü, zəkası, dünyagörüşü və həyata baxışı formalaşır. Bütün bunlar isə dünya təhsil sisteminin yeni trendləridir.
“STEM təhsil də məhz bütün bunları özündə cəmləşdirir. Yəni bu sistem müxtəlif sahələr üzrə mühəndislər (məsələn, təhsil mühəndisi-müəllim, tibb mühəndisi-həkim və s.) yetişdirir. Bir sözlə, STEM təhsilinin məqsədi XXI əsr bacarıqlarına sahib fərdlər yetişdirməkdir” deyən Şəmil Sadiqin fikrincə, müasir təhsil proqramları öyrənmə metodu bir mövzu ətrafında əlaqələri şaxələndirməyə, dünyagörüşünü və məlumatlılıq səviyyəsini yüksəltməyə, təqdimetmə bacarıqlarını inkişaf etdirməyə zəmin yaradır. Ona görə də dünyanın bir çox inkişaf etmiş ölkələri müasir təhsilin yeni trendlərindən sayılan STEM əsaslı təhsil sisteminə keçiblər və hazırda da çox böyük nailiyyətlər, uğurlar əldə edilir.
Ekspertin sözlərinə görə, bu təhsil proqramını yaradanlar bir müddət sonra təkmilləşmə apararaq yenilik etmək qərarına gəliblər və sistem “STEM+A” konseptinə uyğunlaşdırılıb. Yəni sistemə incəsənətin tərkib hissəsi olan yaradıcılıq qabiliyyətini də əlavə ediblər. Mütəxəssislər belə qənaətə gəlirlər ki, elm, texnologiya, mühəndislik və riyazi biliklərlə yanaşı, insanın yaradıcılıq qabiliyyəti də əsas faktorlardan biridir.
Liseyin məqsədi: milli dəyərlərə söykənən müasir təfəkkürlü, çevik zəkalı vətəndaş formalaşdırmaq
2018-2019-cu tədris ilindən, yəni bu ildən başlayaraq “Hədəf” liseyində şagirdlər üçün müasir tələblərə cavab verən STEM əsaslı təhsilin tədrisinə başlanacaq. Lisey təhsil proqramında Prezident İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq STEM konseptini əsas götürür.
Şəmil Sadiq deyir ki, “Hədəf” konseptinin əsas məqsədi milli dəyərlərə söykənərək müasir təfəkkürlü və dövrün tələblərinə cavab verən çevik zəkalı vətəndaş yetişdirməkdir: “Hədəf” konsepti beş əsas prinsipə istinad edir: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik. Konseptin məqsədi yaxın gələcəyin milli və bəşəri dəyərlərini mənimsəmiş sağlam, bacarıqlı, yaradıcı və bilgili insanlar yetişdirməkdir”.
XXI əsr üçün bütün sahələr üzrə bacarıqlı mütəxəssislər yetişdirməyi öz məqsədi hesab edən “Hədəf” liseyində məktəbəqədər, ibtidai sinif, orta və tam orta təhsil STEM konsepti əsasında həyata keçiriləcək. Bir sözlə, “Hədəf” konsepti ilə yola çıxan lisey ölkəmizin STEM əsaslı təhsil verən ilk özəl təhsil müəssisəsidir.
Liseyin rəhbəri deyir ki, tədris prosesi zamanı məktəblilər onlara verilən hansısa bir tapşırığı yerinə yetirmək üçün komanda şəklində yaradıcılıq proseslərində aktiv iştirak edib müxtəlif cihaz, qurğu və mexanizmləri dizayn edə, hazırlaya, proqramla təmin edə biləcəklər. Bununla da onların müxtəlif sahələr üzrə mühəndislik (icad etmək, qurub yaratmaq) bacarıqları üzə çıxır və getdikcə daha da inkişaf edir.
Eyni zamanda burada əksər orta məktəblərdə tez-tez işlənən – “oxuyan-oxumayan şagird” ifadəsi yox, hərənin öz bacarığına görə iş funksiyası əsas götürülür. Şəmil Sadiqin fikrincə, bu, STEM-in dərsə baxışıdır: “Çox zaman həyatda elə proseslər baş verir ki, hər kəsdə heyrət doğurur. Bir şagird imtahanlarda 700 bal toplayır, ancaq həyatda özünü təsdiq edə bilmir. 450 balla hansısa universitetə daxil olan abutiriyent isə sonradan böyük uğurlar qazanır. Yəni həmin şagirdlərin bacarıqları sonradan üzə çıxır. Lakin STEM təhsil uşaqların istedadını, bacarığını ilkin vaxtdan – şagirdkən üzə çıxarır”.
“Hədəf”in yeni hədəfləri
“Hədəf” liseyi qarşısına ölkəmiz və bəşəriyyət üçün dəyər yaradan insanlar yetişdirməyi hədəf qoyur. Dəyər yarada bilmək üçün insan bilgili, bacarıqlı, yaradıcı və müəyyən davranış kodekslərinə və peşə vərdişlərinə sahib olmalıdır. Bu məqsədlə liseyin şagirdləri təhsil ili ərzində müxtəlif fənlərdən nəzəri dərslər keçməklə bərabər, bilgi və bacarıqlarını müxtəlif laboratoriyalarda, atelyelərdə, təcrübə, sənət və idman məşğələlərində inteqrasiya edəcək və zənginləşdirəcəklər.
Şəmil Sadiqin sözlərinə görə, liseyin tətbiq etdiyi STEM mərkəzli təhsilin ən böyük fərqi fənlər, dil və texnologiya təhsili ilə yanaşı, sənəti və dizaynı da təhsil modelinin ayrılmaz və tamamlayıcı bir hissəsi halına gətirməsidir. “Hədəf” bir STEM məktəbi olduğu üçün Təhsil Nazirliyinin təsdiq etdiyi kurikulumlardan əlavə müasir sistem konseptinin tələbinə uyğun yeni kurikulumları da dərs proqramına əlavə edib.
Tədris prosesində STEM-in tələblərinə uyğun olaraq praktik məşğələlərə də ciddi əhəmiyyət verilir, laboratoriyalarda aparılan təcrübələr şagird biliklərinin müşahidəsi üçün başlıca faktor sayılır. Liseyin şagirdləri, STEM mərkəzində layihələr həyata keçirən, problemləri həlletmə iddiasına sahib, xarici dilləri beynəlxalq təhsil proqramlarında iştirak edib üfüqlərini genişləndirəcək qədər bilən, yaradıcı və müasir fərdlər olaraq həyata hazırlıqlı şəkildə başlamağın verdiyi pozitiv hisləri daima hiss edəcəklər.
Bir sözlə, “Hədəf” liseyi nəzəri bilikləri dərindən mənimsəyən, yaradıcı təxəyyülləri ilə qəlibləşmiş düşüncə yollarından kənara çıxa bilən, optimal mühəndislik, proqramlaşdırma və dizayn həlləri təklif edən gələcəyin alim, mühəndis, proqramçı dizaynerlərini yetişdirməyi hədəfləyir.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

25 avqust tarixində “Hədəf Stem Liseyi”ndə Türk dövlətləri ədəbiyyat nümayəndələrinin görüşü baş tutub.
DGTYB tərəfindən icra edilən, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində qardaş türk ölkə və topluluqlarının bir qrup aydın – onlardan bəzisi ilk dəfə olmaq etibarı ilə – respublikamıza gəlib. DGTYB-nin başqanı Əkbər Qoşalının təşkilatçılığı ilə “Hədəf Stem Liseyi”nə baş çəkən qonaqlar bu təhsil müəssisəsi ilə tanış olublar. Qardaş Türkiyədən Qocaeli Bələdiyyəsi Xalqla ilişkilər, basın, informasiya müdiri, Qocaeli Şairlər-Yazarlar Dərnəyi başqanı Alptəkin Cevhərli, Kayseri mərkəzli ANASAN ( Anadolu Sənətçilər, Şairlər, Ozanlar, Elm adamları Birliyi) başqanı, tanınmış ədib Sabit İncə, Qazaxıstan Yazıçılar Birliyinin üzvləri Janar Aylaş, Anar Şəmşəddin, Qırğız Respublikası Yazıçılar Birliyi nəzdindəki “Nur Borbor” gənc yazarlar qurumunun başqan müavini Akjol Doranbekuli, Özbəkistanın “Gənc Yaradıcılar Birliyi”nin eksperti, türkoloq Şahina İbrahim, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti başqanı Orxan Həsənoğlu, habelə, Moskvadakı “Şəhriyar” Ədəbi məclisinin yetkilisi Afaq Şıxlı, Arxangelskdəki Azərbaycan Diaspo Təşkilatı İdarə Heyəti başqanı Tərlan Qasımov, Təbrizdən gənc yazar, araşdırmaçı, “Sancaq” qəzetinin əməkdaşı Ümid Nəccar və başqa nümayəndələrin iştirak etdiyi tədbirin fəxri qonağı Saxa (Yakutiya) Yazıçılar Birliyinin başqanı, Rusiya Yazıçılar Birliyinin katibi, Saxa prezidentinin keçmiş müşaviri, Xalq şairi Natalya xanım olub. Hədəf STEM Liseyinin qurucu direktoru Şəmil Sadiq qonaqları qarşılayaraq liseylə, xüsusilə təhsil ocağının kitabxanası ilə tanış edib, onlara “Hədəf” və “XAN” nəşriyyatının çap etdiyi kitablardan bağışlayıb. Son zamanlar innovativ layihələri ilə yadda qalan “Hədəf Stem Liseyi”ni bəyəndiklərini bəyan edən qonaqlar müəssisənin kitabxanasına dəyərli kitablar hədiyyə ediblər.
Bu yaxınlarda müəllimin şagirdi ilə bağlı yerli-yersiz şikayətləri valideynə etməsinin düzgün olmadığını ifadə edən bir yazı yazmışdım. Əslində, yazının içində bu mövzuda valideynlərin də yanaşmalarında ciddi problemlərin olduğunu qeyd edib, yaxın günlərdə buna toxunacağımı vurğulasam da, müəllim yoldaşlarımın bir çoxu ordakı fikirlərimlə razılaşmayıb xeyli qəzəbləndilər də. Qəzəblərinin əsas səbəbi isə yenə mənim fikirlərimin haqlı olduğunu sübut edirdi. Əksər müəllim sosial şəbəkələrdə gedən müzakirələrdə qeyd etmişdi ki, müəllim nə maaş alır ki, sizin dediklərinizi də eləməyə özündə güc tapsın, min dərdimiz var, gündə ora-bura o qədər qaçırıq ki, hələ bir elin uşağının tərbiyəsi ilə də biz məşğul olmalıyıq? Gördüyünüz kimi? fikri bəyəndiklərini, həyata keçirilməsi üçün normal şəraitin yaradılmasını istəyir dəyərli müəllimlər. Bunun hamısı da maaşa bağlanır. Onlar mənimlə razılaşdıqları kimi, mən də həmkarlarımla razılaşaraq deməliyəm ki, əgər müəllim günün 6-7 saatını məktəbdə keçirmirsə, sadəcə “marşrut” avtobusları kimi məntəqəyə dəyib gedirsə, heç bir halda biz məktəbimizdə ciddi uğur əldə edə bilməyəcəyik. Hər bir insan maddi cəhətdən düzgün təmin edildikdə, başqa qayğısı olmadıqda, işinə daha vicdanla yanaşa bilir, əgər hər şeyin yaxşı olduğu halda da vicdanla yanaşa bilmirsə, bu, artıq vicdan yox, vicdansızlıq məsələsidir.
Gələk mətləbə, əziz valideynlər! Bir daha vurğulayım ki, keçən yazımın mətləbi müəllimlərin valideyni məktəbdən küsdürməsi idi. Bir neçə arqumentlə daha geniş izah etmişdim. (Bu linkdən https://goo.gl/qfw17B köhnə yazını oxuya bilərsiniz.) Deyirdim ki, müəllim şagirdin tərbiyəsi ilə bağlı şikayətləri hər dəfə valideynin üzünə vurmamalı, uşağın problemlərini həll edib, onu ədəbli və mərifətli olmağa dəvət etməli və bunu hökmən bacarmalıdır. Məktəb elm ocağı deyil, həm də təlim-tərbiyə ocağıdır. Bu, ən qədimdən bu cür olub və olacaq da.
İndisə istəyirəm, Azərbaycan məktəblisinin valideyninin problmələrini diqqətinizə çatdırım. Ustad-şagird dövründə bir ata uşağını ustanın yanına qoyub, “əti sənin, sümüyü mənim” deyib gedirdi. Və hər zaman Ustad haqlı idi. Şagird heç vaxt özündə ixtiyar tapmazdı ki, gəlib ustadından atasına şikayət etsin, etsəydi belə, bu dəfə atasından cəza alardı. Bunları yaxşı bilirsiniz əksəriyyətiniz. Son dövrlərə qədər də məktəblərimizdə durum bu cür idi, hətta bu gün bəzi kəndlərimizdə də bu hala şahid olmaq asandır. Amma bu gün belə deyil. Valideynlər var ki, uşağını küncə qoyan müəllimi, elə küncdəcə biabır edib, o quru küncü ona haram edir. Uşağa cəza verərlər və ya verməzlər mövzusuna, bəlkə də, daha sonra geniş şəkildə toxundum. Bu yazımda “Valideynin məktəbdə rolu nədir, məktəblə necə kontakda olmalıdır, uşağına məktəblə bağlı nələri aşılamalıdır?” kimi suallara cavab axtarmağı qarşıma məqsəd qoymuşam. Əgər bacarsam…
Bu gün valideynlərimizin məktəbə qarşı çox ciddi kompleksi var. Sanki məktəblərin hamısı bərbaddır, sanki dərsliklərin hamısı zaydır, sanki bütün müəllimlər rüşvət alır, sanki bütün müəllimlər uşaqları yanında hazırlaşdırmaq üçün yollar arayır.
Məktəb və təhsil mövzusunda hamımızın nələrdənsə narahat olduğunu, narazı olduğunu bilirik. Amma unutmayın ki, təhsilin, məktəbin düzəlməsi üçün ilk addımı valideynlərin atması vacibdir. Ya da hamımız oturub gözləmələyik, məktəblər elə vətəndaş yetişdirsin ki, onlar valideyn olanda problemlərimiz həll edilsin. Yaxşı bilirsiniz, bu da mümkün deyil. “Biz sabah düzələrik” ümidilə yaşamaq yanlışdır, biz düzəlməliyik, elə məhz indi, məhz bu saat, bu an. Onun üçün də məktəblərdən, müəllimlərdən öncə biz valideynlər başlamalıyıq. Övladlarımıza qiymət, diplom arzulamaq, onun üçün çalışmaq, vuruşmaq məqsədyönlü yox, nəticəyönümlü (nəyinsə nətisəcini əldə etmək olar, amma məqsədə xidmət etməyən nəticə, əlbəttə ki, faydasızdır) təhsilin arzusudur. Universitetlərə qəbul imtahanları ərəfəsindəyik. Əslində buna qədər görüləcək işlərdən birincisi, onların hansısa bir peşəyə yönləndirməyimiz olmalı idi. Bilirsinizmi, PİSA adlı beynəlxalq qiymətləndirmədə iştirak edən Azərbaycan son sıralarda olub. Ordakı suallardan xəbəriniz olsa, heç biriniz nə məktəbi, nə də təhsili təndiq edərdiniz. 80-90 faiz sual bir insanın həyatda necə yaşamalı, nəyi bacarmalı olduğunu soruşur. Nə tarixi faktlar, nə elmi məsələ və misallar var, nə də hansısa düsturları əzbər bilmək. Yeganə məqsəd gündəlik həyatımızda qarşımıza çıxan problemlərə yanaşmamız, necə anlamağımızdır. Məsələn, şagirdin qarşısına bir metro sxemi qoyub, ondan necə istifadə etməli olduğu, hardan hara necə getməli olduğu və ya bir telefon dəftəri verib, Orxandan Londondan Azərbaycanın Şəki şəhərinə necə zəng edə biləcəyi ölçülür. Bir düşünün xaricə, tanımadığımız bir yerə gedəndə heç vaxt xəritədən istifadə etmirik, qabağımıza çıxandan filan yerə necə getməli olduğumuzu soruşuruq, amma başımızın üstündəki tabloya baxmırıq, əlimizdə internet ola-ola kimdənsə filan sözün yazılışı necədir, tərcüməsi necədir deyə soruşduğumuz kimi. Müasir təhsil insana hansısa tarixi, elmi məlumatı necə bilməyi yox, onu necə əldə etməyi öyrədir. Yəni bacarıq, bacarıq, bacarıq!
Amma biz zənn edirik ki, övladımız yüksək bal toplayaraq universitetə qəbul olsa, hər şey bitmişdir. Amma düşünmürük ki, o, evlənəndə ailəsini necə idarə edəcək, əlindən ev işləri ilə bağlı nələr gələcək. Lütfən məktəbi ensklopediya kimi görməyin, məktəbin işi vətəndaş, insan yetişdirməkdir. İnsan isə sadəcə elmi ilə deyil, əsasən mərifət, qanacağı, bacarığı ilə fəqlənir. Gəlin övladlarımızı bilik yarışına sürükləyib psixologiyalarını indidən məhv etməyək.
Biz hamımız eyni cəmiyyətin üzvləriyik. Əgər məktəb haqqında məhz dediyim formada düşünürsünüzsə, əmin olun ki, siz özünüz də ondan geri qalmırsınız. Axı, bu gün hər hansı bir qohumu məktəbdə işləməyən neçə ailə ola bilərik?
Valideynlə məktəbin işini düzgün qurmaları üçün bir neçə təklifim var:
1. Hər ilin əvvəlində hər bir məktəb valideynlər üçün təlimlər keçməli, yeni dərs ilində yeniliklərin mahiyyətini izah etməlidir, valideyn də zəhmət çəkib, lap belə əziyyət çəkib o təlimlərdə iştirak etməli, il ərzində onu nələr gözlədiyindən məlumatlı olmalı, yeri gələrsə, müzakirəyə qoşulub iradını bildirməlidir.
Hər bir təkliflə bağlı yaşadığım bir hadisəni danışsam, məncə, düşündüklərimi daha yaxşı izah edə bilərəm. Dərsliklər yeniləndiyi vaxtda valideyn kimi sinif iclasında iştirak edirdim. İclası aparan müəllim yeni dərsliyi əlinə alıb sətiraltı şəkildə dərsliyi pisləyir, əvvəlkilərdən geri qaldığını, sonra da gündəliklərin nazirlik tərəfindən yığışdırıldığını deyərək iclası bitirir. Orda oturan valideynlərin də hamısı yeni kurikuluma, dərsliyə önyarğılı şəkildə nifrət edir, nə proqrama, nə dərsliklərə az da olsa simpatiya duyur. Halbuki, valideynlər işin mahiyyətini bilmir, balaca uşaq kimi müəllimin dediklərinə inanır, beləcə dövlətin milyonlarla qoyduğu sərmayə işini bilməyən müəllimin, maarifsiz valideynin gözündə bir köpüklük olur. Halbuki, müəllim dərsliyi və proqramı düzgün mənimsəsə idi, valideynlərə də mənim kimi ağız dolusu danışsaydı, çox şeyi əvvəlcədən həll etmiş olardı. Nəinki il boyu valideynin “bu nə dərslikdir, əvvəllər daha yaxşı idi, bizim vaxtımızda belə şeylər yox idi filan…” fikirləri qarşısında aciz qalmazdı. Valideynlərimizin yanlışı əsasən ondadır ki, özü maariflənmir, bütün günahı qarşı tərəfdə görüb hücuma keçir.
2. Hər ilin başlanğıcında məktəb psixoloqu şagirdlərin yaş qrupuna görə valideynlərə ciddi şəkildə seminar verməli, uşaqla evdə necə davranmalı olduğunu izah etməlidir.
Valideyn var ki, qəfil şəkildə sinfə girir və övladının dərs danışmasını istəyir müəllimdən, məlum olur ki, uşaq bu gün dərs oxumayıb, həmin valideyn elə sinifdəcə uşağını təhqir edir, cəzalandırır, hələ üstəlik müəllimdən də xahiş edir ki, nə cəza istəyirsən, ver. Həmin sinifdə başqa bir valideyn yenə dərsdə oturur, müəllimin onun uşağına az diqqət yetirdiyi, qərəzli suallar verdiyi üçün elə yerindəcə müəllimi uşaqların yanında biabır edib, özü demişkən, dişinin dibindən çıxanı deyib, gedir. Elə həmin sinifdə oxuyan şagirdlərdən birinin valideyni sinfə gəlir, müəllimin stolunun üstünə və ya cibinə bəxşiş qoyub, hədiyyəmizi qəbul edin deyib, gedir, bir başqa valideyn də dərsdə oturur, öz uşağının qiyməti ilə başqa bir uşağın qiymətini müzakirə edib müəllimi günahlandırıb gedir. Və indi siz müəllimin halını düşünün. Bu, mənim saydığım 5-6 valideyndir. Qalanlarını siz təsəvvür edin. Yeniyetmə uşaqların yanında yaşanan bu cür hallar onların cəmiyyətə münasibətlərinə necə təsir edəcəyini isə psixoloqlar daha yaxşı izah edər.
3. Hər bir məktəb rəhbərliyi uşaqların xarakterini valideyndən öyrənib hər hansı problemini müşahidə etdikdə öncədən müəllimləri məlumatlandırmalıdır. Bu, ən vacib amildir. Bir dəfə bir uşaqdan papağını çıxarmasını istədim. 10-cu sinifdə oxuyurdu. “Yox” – dedi. Bir də dedim, olmadı. Sonda klassik müəllimlər kimi papağı onun başından özüm çıxarmağa cəhd etdim və uşaq əlimdən tutub, “Olmaz” – dedi və sinfi tərk etdi. Uşaqlardan eşitdim ki, onun başında qırmızı bir xal var və həmişə papaq qoyur. Bir dəfə də dərsinə hazır olmayan bir uşaqdan atasının nömrəsini istədim və yerində şikayət edəcəyimi dedim. Uşaq vermədi. Mən istədikcə o, lal kimi üzümə baxırdı. Sonda isə dözmədi və ağladı… “Atam ölüb” – dedi….
Təklifləri genişləndirmək olar. Ən əsası odur ki, valideyn məktəbə inanmalıdır. Yaşı da qurunun oduna yandırmamalıdır.
Əksər valideynimiz qiymət davası edir – savadlısı da, savadsızı da. Uşağını 1-ci sinfə yazdıran valideyn az qala məktəb rəhbərliyindən universitetə qəbul olub-olmayacağı ilə bağlı zəmanət istəyir. Hamımız uşağımızın necə oxuduğunu öyrənmək üçün ona faktoloji suallar veririk. Bilməyəndə “məktəbdə öyrədilmir” deyirik. Halbuki, çağdaş təhsil oyunla qurulur, bizsə bu dərslərə “indi müəllimlər dərs keçir ki, uşağı yığıb başına, səs-küydən ağız deyəni qulaq eşitmir” – deyib müəllimin əməyini yerər vururuq. Hərçənd, bu cür dərslərə görə rəhbərlik müəllimlərə təşəkkür edir. Məktəbəqədər hazırlaqda müəllimlərə demişdim ki, uşaqlara hərf və hesab öyrətməkdənsə onlara mühakimə qabiliyyəti aşılayın, texnoloji biliklər verin, əl matorikasını gücləndirin, “yaradıcılıq bumu” yaradın, tənqidi təfəkkür formalaşdırın. Amma valideynlər şikayət etdi, bizim uşaq 6 yaşındadır, hərf tanımır, hesab bilmir. Mən onları inandıra bilmədim ki, Əlifba dərsi 1-ci sinifdə olur. Burda bəzi məktəblərin 1-ci sinifdə şagirdləri müsabiqə ilə qəbul etməsi və hərf filan soruşması da işi çətinləşdirir. Amma bu cür halda valideynimiz imkan vermir ki, övladını bir vətəndaş kimi doğru-düzgün yetişdirəsən. Hər gün bir ulduz yaz, vurma cədvəlini bilsin, tarixi xronologiyanı əzbərləsin, yaxşı şeir desin, o zaman olacaqsan valideynin gözünün işığı müəllim. Bunu görən müəllim də bezir və yorulur, “Mənə qalıb millətin dərdi” – deyib ideallarından vaz keçir.
Əziz valideynlərimiz, hətta müəllimləri rüşvət almağa belə məcbur edir. Xanımların valideyn votsap qruplarını izləsəniz, hər şeyi özünüz görərsiniz. Bir imkanlı valideyn qrupda filan müəllimə müəllimlər günündə “Neçədən yığaq?” – deyə sual verir, bir imkanlısı da “50 manat” deyir. Hələ başqa biri də “siz nə danışırsınız, məncə, 50 azdır, 100 edək” – deyib məclisi qızışdırır. Bir ziyalı və imkanlısı isə “məncə, bu şəkildə müəllimlərə təşəkkür etmək düzgün deyil, kim istəyir özü ayrıca təbrik etsin, istəməyən də etməsin” – deyirsə, həmin dəqiqə qınaq obyektinə çevrilir. Xəsis və simic damğası vurulur, bundan narahat olan həmin valideyn də kütləyə qoşulub öz imicini qorumağa məcbur olur. Özümüz hər şeyi bərbad edib, sonra da dövlətin üzərinə atmaqda mahir insanlarıq.
Onun üçün də düşünürəm ki, valideynlərə yönəlik xüsusi təlim proqramları, treyninqlər keçirilməli, yeni təhsil sistemi ilə, təhsilin son tələbləri ilə tanış edilməlidir. Hətta bu sahə o qədər acınacaqlıdır ki, məncə, xüsusi təhsil proqramına belə ciddi ehtiyac var. Bir sistem pozuqluğu var. Valideyn məktəbə inanmır, məktəb də valideynə…
P.S. Bütün bunların əsas səbəbi məktəbi bitirən şagird üçün keçirilən qəbul imtahanlarıdır. Sadəcə bilik üzərində, yaddaş üzərində aparılan qəbul proqramı olduqca biz ömrümüzü tərif əzbərlərməklə idarə edəcəyik.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq
Hər birimiz abituriyentlərə inamdolu, ümidsaçan, parlaq gələcəkli – cümlələrlə yoldaşlıq etməliyik,
Ki sonda bizə qalan – dəyər, sevgi və hörmət olsun…
İMTAHAN ÖNCƏSİ QEYDLƏR:
• Oxuma prosesinin sonunda ediləcək 5 dəqiqəlik təkrar məlumatın 1 gün qorunmasını təmin edir.
• Öyrəndikdən 24 saat sonra ediləcək 10 dəqiqəlik təkrar oxuduqlarınızın 1 həftə yaddaşda qalmağına kömək edir.
• 1 həftə sonra edilən 20 dəqiqəlik təkrar öyrənilənlərin 1 ay yaddaşda qalmağına kömək edir.
• Məlumatı öyrəndikdən sonra edilən 30 dəqiqəlik son təkrar, məlumatın uzun müddət yaddaşınızda qalmağına çox təsir edəcək.
Oxumamaq Şagirdin oxumamasına təsir edən amillər:
• Şagirdin qəbul ola bilməyəcəyini düşünməsi;
• Şagirdin imtahana psixoloji olaraq hazır olmaması;
• Şagirdin ətraf mühitdəki hadisələrə çox fikir verməsi və diqqətinin yayınması, yəni, eyni zamanda birdən çox fəaliyyətlə məşğul olması;
• Şagirdin bəlli bir hədəfi və o hədəflə bağlı layihələrinin olmaması;
• Şagirdin imtahan qorxusunu davamlı olaraq yaşaması.
Düzgün hazırlaşmamaq:
Düzgün hazırlaşmamaq, əslində, lazımi zamanda lazımi dərsə hazırlaşmamaq mənasına gəlir. Əvvəlcə istədiyiniz fakültəyə daxil olmaq üçün hansı dərsi nə qədər oxumalı olduğunuzu müəyyənləşdirməlisiniz.
• Məqsədiniz əzbərləmək deyil, öyrənmək olmalıdır;
• Davamlı təkrarların əzbərə yol açacağını unutmayın;
• Test həll etdikdən sonra, əskikliklərinizin nə olduğunu təyin edin və nə cür səhvlər etdiyinizi tapmağa çalışın;
• Hazırlaşarkən və test həll edərkən musiqi dinləməyin, əks təqdirdə imtahan vaxtı da yenə musiqi sədaları altında test həll etmək istəyəcək, ancaq bu mümkün olmadığı üçün çətinlik çəkəcək və diqqətinizin yayınma halı ilə qarşı-qarşıya qalacaqsınız;
• Heç istirahət etmədən oxumaq da səhv oxuma üsuludur. Özünüzü ələ almalısınız və proqramınızı daha yaxşı tətbiq etmək üçün enerjili hala gəlməlisiniz.
Az hazırlaşmaq:
• Vaxt baxımından lazımi qədər hazırlaşmamaq ən vacib əskikliklərdən biridir. Unutmamalısınız ki, hər kəs üçün yetərincə oxumaq vaxtı fərqlidir. Əgər bir dərs sizin üçün çətindirsə və o dərsi qavramaq sizə sıxıntı yaradırsa, siz bu dərsi ətrafınızdakılardan daha çox çalışmalısınız. Başqalarının çalışmaq vaxtı və proqramı sizin çalışmaq vaxtınız və proqramınızla eyni ola bilməz.
• Hər dərs üçün yetərli oxumaq vaxtı da fərqlidir. Bir dərsə hazırlıq vaxtı olaraq ayıracağınız vaxt, o dərslə bağlı nə qədər problemlərinizin olmasından asılıdır.
Əmin olun ki, işinizi yaxşı bilsəniz, sizdən xahiş edəcəklər, siz yox…
Bəzən insanlarımız işsizlikdən və maaş azlığından şikayət edir. Azərbaycana xas olan ən çox yayılmış fikir – “Bacarıqlıyam, əlimdən hər şey gəlir”dir. Bu gözəldi, amma “Peşən nədir, bəs səni hansı işə götürək ki, digər bacarıqlarından da yararlana bilək?” deyəndə, deyir – “Siz şans verin, göstərərəcəyəm”, deyirəm – “Məsələn hansı işə?”, deyir – “Nə iş olarsa”, deyirəm – “Fəhlə ştatı var”, deyir – “Yox”, deyirəm – “Bağban ola bilərsən?”, deyir – “Ay müəllim, mənə yaraşmaz”, deyirəm – “Qaravul ola bilərsən?”, baxır və gözlərindən oxuyuram, mən boyda adam, indi gəlib qaravul işləyəcəm. Bir az da düşünürəm və “Bəlkə, təsərrüfatçı olasan?” deyə soruşuram, deyir – “Məsələn, nə edəcəm?”, bir az izah edirəm, birtəhər razılaşır və “Mən kimə tabe olacağam?” sualını verir, “Mən istəyirəm, sizinlə işləyim”. İzah edirəm, başa salıb, xahiş-minnətlə razılaşdırıram ki, mənimlə olmaz, sənin müdirin filankəs olacaq.
Sonra da maaş soruşur. Təqribən 3-4 yüzdən başlayacağını deyirəm, deyir – “Ay müəllim, bilirsiniz də, ailəliyəm. Axı, bununla dolana bilmərəm”. Bax, Kərəmi burda ağlamaq tutur…
Bu hal bütün sahələrdə belədir. Müəllimdir, deyir, maaş azdır. Deyirəm – “Sən mənim istədiklərimi ver peşənə görə, mən də sənə istədiyini verə bilim”. Deyir – “Nə?” Deyirəm – “Axırıncı oxuduğun pedaqoji jurnal, məqalə, istifadə etdiyin internet resursu, özünü inkişaf etdirmək üçün girdiyin seminar və s. hansılardır?” Allahın müəllim üçün vəsaitini oxumayıb, heç tanış da deyil, deyir, maaş azdır. Hələ bir kurikulumu da bəyənmir. Deyir – “Elə 25 testdən 24-nü yazmışam. Deyirəm ki…. day demirəm…
Gənclər, qurban olum sizə, başınıza dönüm, özünüzü bir sahə üzrə inkişaf etdirin, bir yerə də gedəndə ünvanlı gedəsiniz, özünüzü təqdim edə biləsiniz. Ya da təcrübəyə-filana dəvət edəndə yaxşı istifadə edin. Özünü inkişaf öz üzrərində işləməkdən keçir. Sadəcə özünüzə güvənin və əmin olun ki, bu gün ölkəmizdə olan ən böyük dərd kadr qıtlığıdır. Burda dövlət qurumları da, özəl müəssisələr də əziyyət çəkir. Süpürgəçi olsanız belə, süpürgənin növlərini bilməlisiniz. Çünki o da bir peşədir. Əmin olun ki, işinizi yaxşı bilsəniz, sizdən xahiş edəcəklər, siz yox…
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyəti Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq edib. UABD-dən verilən məlumata görə, Tədbirlər planı Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil olunacaq.
UABD İdarə Heyəti ilk olaraq “ADR 100” yubiley ordeninin təsis edilməsi haqqında qərar verib. “ADR 100” yubley ordeni UABD ilə uzun illərdir əməkdaşlıq şəraitində Azərbaycan dövlətinin tanıdılması, onun uğurlarının təbliği istiqamətində birgə çalışan siyasət, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat, incəsənət, mətbuat, idman sahəsində fərqlənən ictimai və siyasi xadimlərə təqdim olunacaq. Ordenin konkret hansı şəxslərə verilməsi barədə qərarı da UABD İdarə Heyəti verəcək.
Bir dəfə hazırlanan orden 100 ədəd olacaq və eyni sayda fərqlənən həm yerli, həm də xarici vətəndaşlara təqdim olunacaq. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyəti filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiqi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı və həmçinin, elmi-ictimai fəaliyyətində fərqləndiyinə görə Cümhuriyyət ordeni ilə təltif edib.
Ordenin 100-cü nömrəsi xatirə kimi saxlanılması üçün Kiyev şəhərində fəaliyyət göstərən Medal Fonduna təqdim olunacaq.
Aprelin 24-27-i tarixlərində Astana Beynəlxalq Kitab Sərgisində iştirak etsəm də, təhsil həmişə məni özünə daha çox cəlb edir. Əslində, kitab və təhsil eyni anlayışlardır. Hər ikisinin ana sütunu maarifçilikdir. Qazaxlarının dili ilə desək, Astanadakı Görmə Ortalığında (elə başa düşdüyünüz kimi, görmə ortalığı. Qazax dili ərəb və fars dilindən az söz aldığından Sərgi Mərkəzini Görmə Ortalığı adlandırır) təşkil edilən sərgidə Azərbaycan adına özəl nəşriyyatlardan “Hədəf Nəşrləri”, “Xan” və “Altun” nəşriyyatı təmsil edirdi. Amma stendi Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli Səfirliyi ilə birgə paylaşırdıq. Müxtəlif ölkələrdə bir-iki dəfə səfirliyimizin soyuq davranışı burdakı səfirliyimizdən çox şey gözləməməyə yönləndirmişdi. Amma Səfirimiz Rəşad Məmmədovun səmimi, mehriban münasibətini görəndən sonra bütün komplekslərimiz alt-üst oldu. Həm özü, həm komandasının vətənpərvərliyi, həm də bizə olan qayğısı unudulmaz oldu. Təşkil etdikləri “Əbədi Ezamiyyət” filminin təqdimatında birgə iştirak etdik, cənab səfir Cümhuriyyətimizin 100 illiyi münasibəti ilə maraqlı çıxış edib, diqqətləri cəlb etdi. Söhbət zamanı Nazarbayev İnternasional Məktəbilə tanış olmaq, Hədəf Liseyi ilə müəyyən əlaqələr yaratmaq istədiyimi dedim, bir gün sonra Səfirliyimizin nümayəndəsi görüşün alındığını və səhər gedəcəyimizi dedi.
Səhər getdik. Bizi məktəblər şəbəkəsinin baş ofisinin menecer direktoru Aygül Mirzəyeva qarşıladı. Düzü, direktorun o olduğunu zənn etsəm də, kiçik tanışlıqdan sonrda uşaqların arasından görünən jilet geyinmiş, sadə görünüşlü Mieram beyi göstərib, “Bu insan məktəbin direktorudur” – dedi. Nəzərinizə onu da çatdırım ki, Nazarbayev Beynəlxalq məktəblərinin hamısının təmayülü fizik-riyaziyyatdır. İlk getdiyimiz sinif “Fizika kabineti” oldu. Sinfə girəndə uşaqların heç nə olmamış kimi dərslərini etməsi ilk diqqət çəkən amil idi. Fizika müəllimi ilə tanış olandan sonra sinfin yüksək səviyyədə təmin edilən avadanlıqları ilə tanış olduq. Dil ilə deyiləsi deyil, inanın. Avadanlıqlar tam bir möcüzə idi. Sinifdən çıxanda geniş koridorda açıq laboratoriya ilə rastlaşdıq. İzahatdan məlum oldu ki, müxtəlif dəhlizlərdə bu cür sərbəst iş masaları var və uşaqlar mütəmadi olaraq nəsə işləyir, hazırlayır labarantların köməyi ilə. Bu, bizim Hədəf Liseyinin İnteqrativ Elm Muzeyinin kiçik variantı idi. Direktor Mieram Zəkanov məktəbi o qədər səmimi, o qədər həvəslə izah edirdi ki, adamın ağzı açaq qalmaya bilmirdi. Beləcə məktəblə tanış olduq, diqqətimi çəkən bir-iki məqamı da sizinlə bölüşmək istəyirəm. Deməli, məktəbin içində parnik var idi, daha doğrusu, qapalı botanika bağı. Uşaqların biologiya fənnindən müxtəlif təcrübələri burda aparması göz qabağında idi. Məktəbin kitabxanası isə bir başqa aləm idi. Xüsusi layihələri olan 100 kitab diqqətimi cəlb etdi. Hər şagirdin oxumalı olduğu 100 kitab seçilmiş və oxumağa təşviq edilirdi. Məktəbdə musiqi dərsi yoxdur, amma dombra otağı var idi. Məlum oldu ki, hər bir qazağın dombra çalmasını vacib hesab edir və məhz buna görə dombra dərsini keçirlər. Ayrıca Şahmat mərkəzinin olması və bu mərkəzin hansısa qapalı məkanda yox, dəhlizdə təşkil edilməsi uşaqlar üçün mükəmməl bir mativasiya idi. Ümumiyyətlə, məktəbi tam gəzdik, kitabxanaya kitab hədiyəmizi verdik.
Biz ayrılmağa hazırlaşırdıq ki, direktorun otağına dəvət edilib açılan Qazax süfrəsində oturduq. Mieram müəllimin təhsil adamı olması, Qazaxların inkişafının yeganə yolunun texnologiya və mühəndislikdə görməsi düşüncələrimizin nə qədər yaxın olduğunu sübut edirdi. Ümumiyyətlə, Nazarbayev adına bir məktəbin ödənişsiz təhsillə qazax balalarını elm və texnologiya mənimsətməsi qürurverici addımdır.
Çox maraqlıdır, məktəbdəki şagirdlər özlərini lap universitet tələbələri kimi aparır – sakit, təmkinli, hay-küysüz. Hiss edilir ki, tədrislə bərabər, təlim-tərbiyəyə böyük önəm verilir.
Hədəf Liseyi haqqında danışdım, bu möhtəşəm binanın, ən bahalı avadanlıqların yanında bizim kiçik liseyimizi təqdim etmək məni zərrə qədər qorxutmadı. Çünki bizim də dilimizə görə dilçəyimizin olduğunu bilirdim. Kataloqumuzda Elmi İnteraktiv Muzeyini, Linqafon otağı, Dədə Qorqud otağını görüb, koseptimizi eşitdikcə münasibətlərimizin dərinləşməsi üçün hər iki tərəfin maraqlı olduğu göz qabağında idi. Liseylər arasında qardaşlaşmanın vacibliyini vurğuladıq, yazışmalara başlamaq qərarına gəldik. Sonra isə protokol qaydasına görə bir-birimizə hədiyyələrimizi verdik və vidalaşdıq.
Çıxışda mənim də Hədəf Lsieyinin girişində hazırlamaq istədiyim planetləri gördüm.
Gəzinti boyunca Səfirliyin nümayəndəsi Musa bəyin və Ağa bəyin müşayiəti, əlbəttə ki, məmnun etdi məni.
Məktəb rəhbərliyinin bu cür qonaqpərvərliklə bizi qarşılaması, sözsüz ki, Səfirə olan hörmətdən irəli gəlirdi.
Bir daha əminəm ki, türk xalqları yaxın gələcəkdə öz alim gəncləri ilə dünya elmində ciddi yeniliklərə imza atacaq.
Aprelin 10-da Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
































