Bölmə baxışı

Xəbərlər

Bədii yaradıcılıq Bölməsiz Haqqında yazılanlar Layihələr Mükafatlar Xəbərlər

Şəmil Sadiq Hədəf Liseyi tərəfindən arxa cəbhənin qəhrəmanlarına verilən mukafatlar barədə Mədəniyyət TV SƏHƏR verlişində çıxış edir.

Şəmil Sadiq Hədəf Liseyi tərəfindən arxa cəbhənin qəhrəmanlarına verilən mukafatlar barədə Mədəniyyət TV SƏHƏR verlişində çıxış edir.
Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində tarixi zəfər çaldı. Biz bu 44 gün ərzində Dövlət və xalq birliyinin təntənəsinin şahidi olduq. Hamımız DƏMİR YUMRUQ ətrafında birləşməyi bacardıq, gücümüzə güc qatdıq və şanlı zəfərə nail olduq. Bu müddətdə ön cəbəhədə canları ilə fədakarlıq edən hərbçilərimizlə yanaşı, arxa cəbhənin də rolu az olmadı. Xalqımız istər mənəvi, istərsə də maddi olaraq Ali Baş Komandanın rəhbərliyi ilə aparılan müharibədə əlindən gələni etdi.
Vətən Müharibəsi başlayan ilk günlərdən dövlətin və ordunun yanında olan Hədəf Şirkətlər Qrupu arxa cəbhənin bir sıra ictimai fəalını “Xarıbülbül” simvolik heykəli ilə təltif edib. Şirkətin rəhbəri Şəmil Sadiqin sözlərinə görə, “Xarıbülbül” simvolik heykəli müharibə vaxtı arxa cəbhədə dəstək çağırışları edib orduya sovqat götürənlər, iş adamları, informasiya cəbhəsində uğurla çalışan jurnalistlər və ictimai fəallara təqdim edilir.

Bölməsiz Köşə Manşet Xəbərlər

Şəmil Sadiq – İngilis bölmələrində təhsil alanlara attestat verilmir…

Hazırda ölkəmizdə rəsmi olaraq tədris iki dildə aparılır, Azərbaycan və Rus. Bundan başqa isə Türk, Fransız dövlətlərinin dəstəyi ilə fəaliyyət göstərən bir neçə məktəb var. Amma görünən odur ki, qeyri-rəsmi də olsa ingilis dilli tədrisə ciddi maraq var və bu da özəl təhsil sektorunda özünü aydın şəkildə göstərməkdədir. Belə ki, İngilis dilində tədris də bir neçə formada həyata keçirilir, ya hansısa beynəlxalq məktəblər, ya da Azərbaycan və Rus bölməsi ilə yanaşı, İngilis dili bölməsində də tədris verən məktəblər. Rus bölməsinə münasibət birmənalı deyil, lakin buna baxmayaraq, valideynlərimiz övladlarının gələcəyini rahat etmək baxımından rus bölməsinə müraciət edir, bunu isə bəzən ödənişsiz ingilis bölməsinin ölmaması ilə əlaqələndirənlər də var. Çünki əmindirlər ki, rus dilini bilən insan üçün ən azından MBD ölkələrinə, müəyyən ədəbiyyata bu vasitə ilə daha tez çıxmaq olur ki, bu da savadlı insan kimi yetişməyin yolunu asanlaşdırmış olur. Əminik ki, rus bölməsi ilə bərabər dövlət məktəblərində ingilisdilli bölmələr olsa, rus bölməsinin reytinqi birdən-birə aşağı düşər. Lakin Rus bölmələrinin olması ideoloji baxımdan nə qədər ürəkaçan olmasa da, Rusiya kimi böyük bir dövlətin qonşususansa, iqtisadi əlaqələr baxımından bu dilə münasibət həmişə yaxşı olacaq. İstənilən halda, bir neçə dil bilməyin heç bir ziyanı yoxdur.

Bizi bu yazıda narahat edən tamam başqa mətləb olduğundan “Rus bölməsi, yoxsa ingilis bölməsi?” kimi suala cavab axtarmağa çalışmayacağıq. Günümüzün problemlərini göstərərək valideynlərimizi bilgiləndirməyə çalışacağıq.

Etiraf edək ki, Bəzən valideynlərimiz bu sual qarşısında qalır, seçim etməkdə çətinlik çəkir. Bunun üçün də valideynin ilk qərar verməli olduğu sual budur, biz övladımızı xarici dildə tədrisə niyə yönləndiririk? Bu sualın cavabı aydın olandan sonra, ikinci suala cavab axtarılmalıdır. Bu da hansı dildə tədrisə yönləndirək? Gəlin, valideynlərimizin “Biz övladımızı xarici dildə tədrisə niyə yönləndiririk?” sualına çoxunun verəcəyi cavablara diqqət edək:

1. Məhz xaricdə təhsil alması üçün;

2. Ana dilindən başqa, başqa bir dil də bilməsi üçün;

3. Rus və ya İngilis bölmələrində tədris və şəxsiyyətə fərdi yanaşma daha yaxşıdır;

4. Ailə rusdilli və ya ingilisdillidir ona görə.

Deyim ki, əgər məhz bir və ikinciyə görə hansısa başqa dildə tədris planlaşdırılırsa, buna heç bir ehtiyac yoxdur. Yəni Azərbaycan bölməsini yaxşı qiymətlərlə bitirən şagirdlər həm dünyanın ən yaxşı universitetlərinə qəbul ola bilir, həm də istədiyi dili bir-iki ilə öyrənib, ingilisdilli tədris ala bilir. Yəni tək bu səbəblər sadəcə övladlarımızı başqa bölmələrdə oxutmaq üçün şərt olmamalıdır. Digər iki səbəbdən isə 4-cü tutarlı səbəb ola bilər, 3-cü səbəb də bizim qonağa, yada özümüzdən daha çox qiymət verməyimizin nəticəsidir. Balabilgələrin (Şagirdlərin) gələcək fəaliyyətlərində tədris aldığı dil yox, ailə tərbiyəsi, yaxşı təhsil daha önəmlidir. Bunu da istənilən bölmədə əldə etmək mümkündür.

Mən isə yuxarıda qeyd etdiyim kimi, istərdim rus və ya ingilis bölmələri arasında seçim etməkd çətinlik çəkən valideynlərimizi qarşılaşacağı problemlərlə tanış edim.

Əgər övladınız rus bölməsində təhsil alırsa, bu o deməkdir ki, sonda Azərbaycan dövlətinin attestatını alacaq, həm yerli, həm də xarici universitetlərdə təhsilini davam etmə şansı olacaq. Çünki rus bölməsinin şagirdləri Azərbaycan bölməsi ilə eyni hüquqa malikdir, eyni kurikulumla təhsil alır, burada sadəcə tədris dili fərqlidir. Üstəgəl Azərbaycanda dövlət məktəblərində də rəsmi olaraq rus bölməsi var ki, bu da onların əlavə xərc çəkmədən övladlarının ikinci bir dili öyrənməsinə imkan verir. Bu baxımdan rus bölməsinin avantajı əlbəttə ki, ingilis dilindən çox görünür.

Ölkəmizdə İngilis bölmələrində isə durum fərqlidir. Bu bölmədə özəl liseylər tədrisi beynəlxalq kurikulumla keçir və sonda balabilgələrə (şagirdə) Azərbaycan attestatı verilmir. Çünki ölkəmizdə daha çox IB və Kembric proqramları ilə ingilisdilli tədris verilir ki, bu zaman Azərbaycan kurikulumu tədris edilmədiyi üçün balabilgələrin attestat imtahanına girmə şansları yoxdur. Onu da nəzərə alsaq ki, ölkəmizdə hələlik sadəcə ADA univetsiteti SAT və ya digər beynəlxalq imtahanlarla şagird qəbul edir, deməli, bu balabilgələrin digər universitetlərimizə qəbul olması mümkün deyil. Hətta şagird 9-cu sinifdə ingilis (bura digər dildəki bölmələr də daxildir: türk, alman, fransız) bölməsindən Azərbaycan bölməsinə keçid etmək istəyən zaman, bir sinif geri düşür. Əslində isə geri düşmür, çünki beynəlxalq proqramlarda təhsil 12, bizdə 11 illikdir. Ona görə də valideynlərimiz bunu geri düşmək kimi qəbul edir.

Valideynlərimiz bunları dəqiqliyi ilə bilmədiyi üçün bəzən beynəlxalq proqramlara üz tutur. Çünki heç də övladını ingilis bölməsinə yönləndirən valideynlərin hamısı onların təhsilini gələcəkdə xaricdə davam edəcəyini planlaşdırmır, və ya planlaşdırsa da, qabaqda duran 11 illik dönəmin fərqinə varmır və yuxarı siniflərdə qərar dəyişikliyi olanda ciddi sıxıntılar yaşanır. Ona görə də valideynlərimiz övladları üçün bölmə seçərkən bunu çox ciddi araşdırmalı, sonra qərar verməlidir.

Görünən odur ki, Təhsil Nazirliyi də bu sahədə ciddi addımlar atmalıdır. Birinci və ən asanı odur ki, beynəlxalq attestatı alan şagirdlərə, bizim attestat imtahanına giriş şansı verilsin. Çünki hazırda 9-cu sinif buraxılış imtahanına girə bilməyən balabilgələr, DİM tərəfindən keçirilən 11-ci sinif buraxılış və qəbul imtahanına da buraxılmır.

İkinci variant isə İngilis bölməsinin rəsmiləşdirilməsi, dərsliklərimizin ingilis dilinə çevrilməsi, ya da rəsmi olaraq bir qrumla razılaşıb proqramı Azərbaycan təhsilinə uyğunlaşdıraraq təhsil verilməsidir.

Üçüncü və ən rahatı isə bütün universitetlərimizə qəbul proqramına İELTS, SAT, TOEFL kimi beynəlxalq qiymətləndirmələr də daxil edilsin.

Sözsüz ki, burda qarşıya çıxacaq problemlər öncədən nəzərə alınmalıdır. Əgər birinci varianta qərar verilsə, ciddi fəsad yaşamarıq. Azərbaycan dili, Riyaziyyat və İngilis dilindən Azərbaycan kurikulumu əsasında imtahana girib, keçid balı toplaya bilənlərin haqqı niyə əllərindən alınmalıdır? Hətta, İngilis dilinin yerinə Azərbaycan tarixinin tədrisi milli ideologiya baxımından daha tutarlı olardı. Bu bir növ İngilis bölmələrində təhsil alan şagirdləri də qazanmaq deməkdir.

İkinci varianta gəldikdə, dərsliklərin tərcüməsi və ya Kembric kimi bir proqramı tətbiq edib, şagirdlərin sonda beynəlxalq diplom proqramı ilə hazırlaşaraq, həm beynəlxalq, həm də yerli attestatı almaq çox çətin və uzun bir prosesdir, amma faydalıdır. Burda ciddi maliyə tələb edilir, üçdilli təhsil bir növ rəsmiləşir. Halbuki Azərbaycan Təhsil Qanununda ölkədə dövlətin verdiyi təhsil Azərbaycan dilində olmalıdır, yazılıb. Amma bu bizə siyasi olaraq onu qazandıracaq ki, birbaşa “Rus bölmələrini bağlayırıq”, demək kimi təhlükəli addımı atmağa imkan verməyəcək, rus bölməsi anlayışı təbii yolla aradan çıxacaq. Çünki valideynlərimiz çox yaxşı bilir ki, dünyaya çıxış baxımından ingilis dilinin imkanları, rus dilinin imkanlarından qat-qat çoxdur və yaxşıdır. Hətta Rusiya və MBD ölkələrinə də çıxış üçün bu gün ingilis dili daha uğurludur.

Əgər üçüncü varianta gedilərsə, bu zaman DİM-in Universitetlərə qəbul intahanı birmənalı olaraq öz funksiyasını itirəcək. Çünki balabilgələr sadəcə ingilis dili və riyaziyyatdan imtahan verməyi qoyub, niyə 5-6 fəndən hazırlaşmağı seçsinlər ki? Bir halda ki, bu cür rahat və sadə yol var. Onu da nəzərə çatdırım ki, xarici universitetlərə qəbul olmaq üçün balabilgəyə sadəcə xarici dil bilgisi yetərli olur. Bəzən də xaricə üz tutan balabilgələr məhz bu səbəbi əsas tuturlar. Bir daha qeyd edim ki, beynəlxalq qiymətləndirmələrlə yerli universitetlərimizə qəbul olmaq mümkün deyil.

Hazırkı durumda isə özəl liseylərdə beynəlxalq proqramlarla təhsil alan şagirdlərimizi birmənalı şəkildə xaricdə təhsil almağa yönləndiririk. Halbuki 12 ilin sonunda onların da əksəriyyəti ölkəmizdə təhsil almaq istəyir, amma şansları olmur. Ona görə də yerli universitetlərdə qəbul planının dolmamasına, rəqabətin azalmasına şahid oluruq. Son bir neçə ildə isə bunun yeganə səbəbi budur. Çünki valideynlərin tələbi ilə özəl liseylər, hətta bir neçə dövlət məktəbləri də bu sıraya qoşularaq ingilisdilli bölmələr açırlar ki, onların məzunu da birbaşa xaric ölkələr üçün hazırlanır. Valideynlərimizin bilməsi olan vacib məqamlardan biri də İB sistemi ilə şagird qəbul edən universitetlərin əksəriyyətinin ödəniş səviyyəsinin çox yüksək olmasıdır.

Bütün bunlara aydınlıq gətirilmədən, sondakı nəticədən məlumatsız olan valideynlər arasında xaos daima olacaq, övladını düzgün istiqamətləndirmək üçün əziyyət çəkəcəklər.

Hə, gələk mənim şəxsi fikrimə…

Azərbaycan Respublikasında dövlət hesabına təhsil birmənalı olaraq Azərbaycan dilində olmalıdır.

Lakin ildırım sürəti ilə inkişaf etməkdə olan dünya ilə ayaqlaşmaq, istedadlarımızı dünyaya rahat çıxarmaq üşün ingilis dilinin saatlarını artırmaq, texniki və dəqiq elmləri ingilis dilində tədris etməklə, ölkəmizdəki milli təhsili inkişaf etdirə, dilimizi, tariximizi, ədəbiyyatımızı övladlarımıza öyrədə, dil bilgimizi də yüksək edə bilərik. Ən azından pilot məktəblərlə buna başlamağın vaxtıdır.

Bu zaman isə başqa bölmələrə maraq azalar, Azərbaycan gənci öz milli ideologiyası ilə böyüyər, elinə, obasına sadiq olar və bununla bərabər dünya ilə ayaqlaşmaqda da çətinlik çəkməz.

Təhsil texnoloqu, dosent. Şəmil Sadiq

Köşə Xəbərlər

Məktəblər təcrübi bacarıqların formalaşdırıldığı mərkəzlərə çevrilir – Şəmil Sadiq

 

Həmsöhbətimiz Azərbaycanda ilk dəfə STEAM təhsil sistemini tətbiq edən “Hədəf STEAM” liseyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir. Şəmil Sadiqlə liseyin yaranma ideyası, hazırkı təhsil sistemi, eləcə də bu işin incəlikləri ilə bağlı söhbətləşmişik.

“Məktəbim olsaydı, hansı işlər görər, hansı sistem tətbiq edərdim deyə, planlar qururdum”

“2001-ci ildə 20 nömrəli məktəbdə pedaqoji fəaliyyətə başlamışam. Lisey yaratmaq ideyam isə haradasa 2008-ci ildən var idi. Məktəbim olsaydı, hansı işlər görər, hansı sistem tətbiq edərdim deyə, planlar qururdum. Hansısa direktorun, məktəbin idarəetmə konsepsiyasını gördükcə, kurikulum sistemilə tanış olduqca müəyyən ideyalarım formalaşırdı. 2010-cu ildən sözügedən istiqamətdə addımlar atmağa başlamışam. Buna qədər isə artıq “Hədəf” kursları fəaliyyətə başlamışdı. Hətta bir müddət kursu da məktəb kimi işlətmişəm. Məsələn, heç bir kurs olimpiada, dərgi təsis etməyib, dərs vəsaitləri hazırlamayıb, tədbirlər həyata keçirməyib. Hansı xarici ölkəyə gedirdim, hansı vəsaiti oxuyurdumsa, gələcəkdə yaradacağım məktəb barədə müəyyən məsələləri əxz etməyə çalışırdım”.

“Dünyanın sabahı texnologiya üzərində qurulub”

Şəmil Sadiq deyir ki, ixtisasca filoloqdur. Amma həqiqət budur ki, dünyanın sabahı texnologiya üzərində qurulub, mühəndislik artıq çox vacib peşəyə çevrilib: “İnkişaf etmiş ölkələr sırasına yüksəlmək, söz sahibi olmaq üçün ilkin şərtlərdən biri təhsildir. Diqqət edilməli olan məqamlardan biri də hazırda texnologiya sahəsində lider ölkələrin bir növ “əsirinə çevrilməyimizdir”. Çünki məişətdə istifadə olunan avadanlıqlardan tutmuş, yaşam tərzimizə qədər hər şey texnologiya ilə bağlıdır. Bu asılılığı aradan qaldırmaq üçün ilk növbədə özüldən – təhsildən başlamaq lazımdır. Beləcə, qərara gəldim ki, yaradacağım məktəb mühəndislik üzrə ixtisaslaşmalıdır”.

“Biz – azərbaycanlı valideynlər daha çox diplom aşinasıyıq”

Ş.Sadiq qeyd edir ki, ümumiyyətlə, bu tendensiya bütün dünyada yayılmaqdadır: əksər məktəblər peşəyönümlüdür: “Məktəblər nəzəriyyənin yox, təcrübi bacarıqların formalaşdırıldığı mərkəzlərə çevrilir. Əslində, bu, müəyyən mənada sovet təhsil sistemində də vardı, amma tam şəkildə həyata keçirilmədi. Yaxud Atatürk ötən əsrin 30-cu illərində Köy institutlarını qurdu. Biz – azərbaycanlı valideynlər daha çox diplom aşinasıyıq. Amma müasir dünyada diplom yox, praktika önəmlidir. Yəni insanlar diplom olmadan da uğur qazana, karyera qura bilərlər. Tədqiqatlar göstərir ki, təxminən 2050-ci ildə hətta brend universitetlərin diplomuna ehtiyac olmayacaq. İnsanlar müəyyən kursların sertifikatı vasitəsilə istənilən böyük şirkətdə fəaliyyət göstərə biləcəklər. Hazırda “Google”, “Facebook”, “SpaceX” kimi şirkətlər belə, kadrın diplomuna yox, sertifikatına baxır. Ona görə də düşünürəm ki, məktəb şagirdi vətəndaş olaraq yetişdirməklə yanaşı, bir peşə də verməlidir. Sabahı gün tələbə olanda özünü, təhsil xərclərini təmin etməsi baxımından, bu, çox vacibdir. Bu gün dünyada sərbəst iş qrafiki xeyli geniş yayılıb. Sən bir işi ofis şəraitində 8 saatlıq rejimdə görə bilirsənsə, evdən, yaxud hansısa yerdən daha sərbəst qrafiklə də öhdəsindən gələ bilərsən. Xüsusən, son yeddi ayda – pandemiya dövründə bu məsələ özünü qabarıq şəkildə büruzə verdi. Ona görə də peşə seçimi məktəbdən başlanmaldır. Hazırda bizdə necədir? Universiteti bitiririk, o qapı sənin, bu qapı mənim iş axtarırıq, hansısa peşəyə yönəlirik. Axırda da məlum olur ki, ixtisasımızla gördüyümüz iş tamam ayrı sahədir. Halbuki peşə seçimi məktəbdən başlasa, tədris bu istiqamətdə qurulsa, karyera imkanı, iş tapmaq daha asan olar”.

“Mühəndisliyin, kompüter elmlərinin giriş balı 200-300 olur, hüququn, politologiyanın, tarixin, tibbin, filologiyanın isə 500-dən yuxarı”

Lisey direktorunun sözlərinə görə, bütün bunları nəzərə alıb peşəyönümlü STEAM (Science Technology Engineering And Mathematics – elm, texnologiya, mühəndislik və riyaziyyat) təhsil verən bir məktəb yaratmağa çalışıblar: “Əksər valideyn istəyir ki, övladları həkim, hüquqşünas, prokuror olsun. Daha çox humanitar sahəyə yönəlirlər. Diqqət etsək, görərik ki, mühəndisliyin, kompüter elmlərinin giriş balı 200-300 olur, hüququn, politologiyanın, tarixin, tibbin, filologiyanın isə 500-dən yuxarı. Buna baxmayaraq israr etdim ki, yaradacağımız müəssisə STEAM sistemli lisey olacaq. İdarə Heyətimizlə müzakirə apardıq. Çoxlu etiraz oldu ki, uşaq gəlməyəcək, diqqət az olacaq, yaxud biz bunu bacarmarıq. Burada kodlaşdırma, süni intellekt, robototexnika, bahalı avadanlıqlar var və s. Çətin, amma eyni zamanda, maraqlı oldu. Beləcə, Azərbaycanda ilk STEAM əsaslı liseyin əsasını qoyduq. 2019-cu ildə isə STEAM-lə bağlı dövlət layihəsinə start verildi. Müəllimlər müxtəlif xarici ölkələrə seminarlara göndərildilər, məktəblərə müəyyən STEAM əsaslı vəsaitlər verildi, yönləndirilmələr aparıldı. Beləcə, aydın oldu ki, biz düzgün yoldayıq”.

“Ən böyük çətinlik valideynlərlə dil tapmaq idi”

Həmsöhbətimiz proses zamanı qarşıya çıxan problemləri təbəssümlə xatırlayır: “Əsas çətinlik inzibati məsələlərlə bağlı oldu. Ən böyüyü isə valideynlərlə dil tapmaq idi (gülür). Çünki konsept fərqlidir. “Hədəf” konsepti qurmuşuq. Dünyanın öndə gedən təhsil konseptlərinin əsasında yeni konsepsiya formalaşdırmışıq. Sadə dillə desək, öncül təhsil sistemlərinin ən yaxşı tərəflərini götürüb milliləşdirmişik. Reallıqla barışmayan, yaxud reallığın gətirdiyi çətinliklərlə barışmayan valideynlər həmişə olur. Şagirdlərin xoşbəxtliyi bizim üçün birinci pillədə dayanır. Liseyin şagirdləri özlərini sərbəst, xoşbəxt, öz mühitində hiss etməlidirlər. Onları ev tapşırıqları ilə sıxmaq, əzmək istəmirik. Qiymətləndirmə meyarları ilə yükləmirik. Müəllimin ciddiliyi, inzibatçılığı ilə qarşılaşmamalarına çalışırıq. Əyləncə, öyrənmə və dostluq şəraiti qurmağa önəm veririk. Amma bizim valideynlər daha çox Dövlət İmtahan Mərkəzinin proqramını izləyir, bizdən bu proqramın hərfiyyən tətbiqini gözləyirlər. Ona görə də konseptimizə öyrəşənə qədər əziyyət çəkməli oluruq. Hələ də bunu qəbul etməyənlər var. Evə tapşırıq verməməyimizə, kitabların məktəbdə qalmasına etiraz edənlər tapılır. Bəzən 8-ci sinfə qədər qiymət yazılmamasında israrımızı anlayışla qarşılamırlar. Əlbəttə, valideynlərin tələbinə uyğun müəyyən korrektələr olur. Çünki lisey həm də biznes strukturudur. Gəlir olmasa, müəssisə də olmaz”.

“Belə fikir formalaşıb ki, kimsə vurma cədvəlini əzbər bilmirsə, deməli, savadsızdır”

Şəmil Sadiq hesab edir ki, bizdə əsas çatışmazlıq yanaşma tərzidir: “Düşüncə mütləq şəkildə dəyişməlidir. Belə fikir formalaşıb ki, kimsə vurma cədvəlini əzbər bilmirsə, deməli, savadsızdır. Yaxud tarixdən bir neçə xronoloji suala cavab verməyən şagirdə deyirlər ki, bəs sən neçə vaxtdır, nə oxuyursan? Niyə məktəbə gedirsən? Soruşanda ki, yaxşı, uşağınızda nə dəyişiklik görürsünüz? Cavab verirlər ki, artıq sərbəst fikirlidir, mövqeyi formalaşıb, məktəbdən heç qayıtmaq istəmir. Əslində, məktəbin işi elə budur. Uşaq məktəbi sevirsə, xoşbəxtdirsə, özünü rahat hiss edirsə, məktəbə qaça-qaça gəlirsə, komanda işində uğurludursa, seçilən yol doğrudur. Əlbəttə, təlim-tərbiyə, əxlaqi dəyərlər, milli şüurun formalaşması çox önəmlidir. Məsələn, bizdə hər həftənin öz adı var. “Sevgi”, “Hörmət”, “Sayğı”, “Dostluq”, “Vətənpərvərlik”, “Bayraqsevərlik”… Bütün bunlar çox önəmlidir və məktəbdə formalaşdırılmalıdır. Etiraf edim ki, 2000-ci illərdən bəriki gəncliyin davranış qaydalarında, kütləvi olmasa da, gözardı edilməyəcək qədərində müəyyən sıxıntılar var. Çünki əzbərçiliyi qayda kimi qəbul edirlər. Hədəfləri ən yüksək bal toplamaqdır. Düşünürlər ki, universitetdən sonra maksimum bal, qırmızı diplom onların işə düzəlməsində önəmli rol oynayacaq. Amma məsələ burasındadır ki, artıq meyarlar dəyişib. Şirkətlər qırmızı diplom, yüksək göstərici yox, davranış qaydaları, ünsiyyət bacarığı, komanda ilə iş praktikası, emosional zəka göstəricisi tələb edirlər. Heç birimizə universitetdə əldə olunan biliklər 100 faiz lazım olmur. Bəlkə 5, bəlkə 20 faiz – ixtisasa görə dəyişə bilər. Bizə qalan aldığımız tərbiyədir. Ədəb-ərkan, ünsiyyət bacarığı, tənqidi fikri incitmədən demək bacarığı bura daxildir”.

“Google” az qala bütün suallarımıza cavab verə bilir, amma…”

Ş.Sadiq deyir ki, biz valideynlər məktəbi akademiya səviyyəsində görmək istəyirik: mütləq bilik verməlidir: “Robot da, kompüter də böyük informasiya bazasına sahibdir. Amma heç vaxt bir insanı əvəz edə bilməz. “Google” az qala bütün suallarımıza cavab verə bilir. Amma mən “Google”u sevə, onunla duyğulana, onunla ağlaya bilərəmmi? Hiss-həyəcan yalnız insana məxsusdur. Yaxud elə sual verə bilərsən ki, süni intellekt aciz qalar. Amma insan elə çevik zəkaya malik olmalıdır ki, operativ, yerində, şəraitə uyğun cavab verə, fikir yürüdə bilsin. Valideynlər məktəbin funksiyasını fərqli gördüklərinə görə, çətinliklərimiz olur.

Bir məsələni də diqqətinizə çatdırım. Bu il bizim məzunlarımız universitetə qəbul olundular. Yetərincə də yaxşı göstəriciləri var. Digər məktəblərin, liseylərin məzunları da həmçinin. Amma əsas fərq bundan ibarətdir ki, bizim şagirdlər bu mərhələyə əyləncəli, pozitiv mühitdə, xoşbəxt şəkildə çatıblar. Digərləri isə valideyn, yaxud müəllimin qılıncının altında çalışmaqla”.

Cavid QƏDİR

Köşə Xəbərlər

Bir neçə xarici ölkələrin yeni tədrsi ili ilə bağlı verdikləri qərar

Təhsil Texnoloqu, f.ü.f.d., dos. Şəmil Sadiqin araşdırması.
Bir neçə xarici ölkələrin yeni tədrsi ili ilə bağlı verdikləri qərar:

BÖYÜK BRİTANİYA
“Uşaqların məktəblərə qayıtmamağı, onlara koronovirusdan daha çox zərər verə bilər.” Bu sözləri Böyük Britaniyanın Baş həkimi professor Kris Uitti söyləmişdir. O, həmçinin qeyd etmişdir ki, uşaqların bu virusdan həyatlarını itirmə şansı olduqca kiçikdir, amma dərsləri davam etməmələri onlara daha uzunmüddətli ziyan yetirmiş ola bilər. Yaxın həftələrdə milyonlarla İngiltərə, Uels, Şimali İrlandiya şagirdləri məktəblərinə qayıdaraq, dərslərə başlayacaq. Böyük Britaniya höküməti bütün yaş qrupları üzrə şagirdlərin məktəbə gəlməsini nəzərdə tutub. Şotlandiyada isə artıq məktəblər açılıb. Məktəblərdə bu qaydalara əməl olunması şərtdir:
– Covid-19 simptomları olan şagird və müəllimlərin məktəbə buraxılmaması
– əllərin tez-tez yuyulması
– asqıran və öskürən zaman kağız salfetlərdən istifadə olunması və digər gigiyena qaydalarına əməl etmək üçün ehtiyac olan vasitələrin təmin edilməsi
– təmizlik və gigiyena prosedurlarının sayının artırılması
– mümkün qədər sosial məsafənin azaldılması
– 11 yaşdan yuxarı şagirdlərdən maska taxılmasının tələbi (qeyd edək ki, maska yalnız şagirdlərin tənəffüs zamanı, və ya otaq dəyişikliyi zamanı tələb olunur, sinifdə dərs zamanı taxılmasına tələb yoxdur)

LİTVA
Litva Radio və Televiziya qurumunun verdiyi məlumata görə, bağçalar may ayının 18-dən etibarən açılmışdır. Qeyd edək ki, “Reuters”in verdiyi məlumata əsasən Litva höküməti məktəb və baxçaları martın 12-dən bağlamışdı. Sentyabrın 1-dən siniflərdə dərslər başlayacaq. Lakin 100 000 nəfər əhali sayına görə 16 koronovirus yoluxma halı olan ərazilərdə maska taxılması məcburi, 100 000 nəfər əhali sayına görə koronovirus yoluxma sayı 25-dən artıq olarsa, məsafədən tədris olacaq.

MACARISTAN
Koronovirus pandemiaysı səbəbi ilə Macarıstanda məktəblər mart ayının ortalarından bağlanmışdı. Məktəblərin yenidən açılması iyun ayının 2-dən reallaşmağa başladı. Təhsil kiçik qruplarda aparılırdı və məcburi deyildi. “July Reuters Report”un verdiyi məlumata görə yeni dərs ili siniflərdə sentyabrın 1-dən başlayacaq.

AVSTRİYA
Avstriya müəyyən sosial məsafə gözləməklə buraxılış sinifləri üçün dərsləri siniflərdə təşkil etmişdir. Bəzi məktəblər sinifləri idman zallarına köçürərək sosial məsafəni gözləmişlər. Digərlərində isə siniflər iki yerə bölünərək məsafəni təmin etmişdir.

TAİLAND
Tailand məktəbləri hərarətin ölçülməsi, partalar üçün arakəsmələrin hazırlanması kimi təhlükəsizlik önləmləri alaraq məktəbləri iyulun 2-dən etibarən açmışdır. Blumberqin 7 avqust məlumatına görə gələn həftədən məktəblər heç bir sosial məsafə tələbi olmadan açılacaq, belə ki, ölkədə artıq bir dənə də olsun koronovirus halı aşkarlanmayıb.

BELÇİKA
Ölkədə ibtidai və orta məktəblərin buraxılış sinifləri sosial məsafə qaydalarına əməl etməklə may ayından dərsləri siniflərdən keçmişlər. Siniflərdə şagird sayı 10 nəfər olmalı, 12 yaşdan yuxarılar isə maska taxmalı idilər. İyunda baxçalar açılmış və orta məktəb şagirdləri məktəblərə sosial məsafə gözləmədən gəlmişlər.

TAYVAN
Tayvan rəsmi olaraq məktəblərin bağlanmasını elan etmədi, əvəzində fevral ayında olan qış tətilini 10 gün uzadaraq, bu zamanə virus əleyhinə lazımı tədbirlərin planlaması, ehtiyac olan dərman vasitələri və gigiyena vasitələrinin əldə edilməsinə ayırdı.

Xəbərlər

“ATAMIN PORTRETİNİ ÇƏKMƏYƏ ƏLİM GƏLMİR…” “General Polad Həşimov xatirələrdə” kitabından

ATAMIN PORTRETİNİ ÇƏKMƏYƏ ƏLİM GƏLMİR…

General Polad Həşimovun qızı Aybəniz Həşimova ilə söhbət

– Aybəniz, neçənci sinifdə oxuyursan?

– 11-ci sinifdə.

– Sənə Aybəniz adını kim qoyub?

– Babam, atamın atası.

– Gələcək planın nədir, hansı ixtisası seçmisən?

– Həkim olmaq istəyirəm, məni ağ xalatda görmək atamın ən böyük arzusu idi. Özümün də marağım var.

– Həkimliyin hansı sahəsi haqda düşünürsən?

– Ümumi terapiya – can həkimi…

– Niyə can həkimi?

– O sahəyə güclü marağım var. İnsan anatomiyası maraq sahəmdir, o da bu sahəylə üst-üstə düşür.

– Həkimliyə maraq hardan yarandı?

– İki xalam həkimdir, belə mühitdə böyümüşəm. Həm də biologiya, kimya, fizika fənlərini çox sevirəm.

– Tibb sahəsi – həkimlik çox çətindir. Tibbə hansısa yenilik gətirə bilmək barədə düşünmüsənmi?

– Bəzi xəstəliklərin müalicəsini tibbə qazandırmaq istəyərdim. Düzdür, mənim sahəmə aid olmasa da, şəkər, parkinson və s. kimi xəstəliklərin köklü müalicəsini tapmaq istəyərdim.

– Başqa yaradıcılıq qabiliyyətin varmı?

– Mən incəsənəti çox sevirəm, rəsm çəkməyi xoşlayıram.

– Atanız da şəkil çəkməyi sevərdi…

– Bəli. O, fotoaparatla şəkillər çəkərdi. Bir neçə dəfə onun təbiət şəkilləri çəkdiyini görmüşəm.

– Onun yaxşı əl yazısı vardı. Atanla məktublaşırdınmı?

– Mən ona heç vaxt məktub yazmamışam, telefonla əlaqə saxlayırdıq.

– Hərbçi qızı olmağın çətinlikləri nələrdir?

– Hərbçi qızları daha çox analarına bağlı olur, məncə. Düzdür, atalarına da sevirlər, amma onu gec-gec gördükləri üçün bütün qayğılarını anaları çəkir.

– Sənin atan indi bizim hamımızın atası olub. İndiyə qədər bircə sən tanıyırdın, bir də qohumlarınız. İndisə bütün gənclər, xalqımız tanıyır. Bu, necə hissdir?

– Atasız qaldığımız üçün üzülürük, bir yandan da fəxr edirik. Yaxşı insanlar dünyadan köçəndə adam özünü haqsızlığa düçar olmuş kimi hiss edir. Belə bir şey çox insana nəsib olmur. İnsanlar yanımızdadır, bizə dəstək verirlər, mən fəxr hissi yaşayıram.

– Atan səni necə çağırırdı?

– “Qara qız” deyə çağırırdı, bəzən də “Qaraca qız” deyərdi.

– Bəs sən atana nə deyərdin?

– Bizdə bir az ciddiyyət vardı. Elə də yaxın olmamışıq. Amma qardaşlarım ona “Babalıq” deyərdi.

– Atanın qardaşlarına daha çox yaxın olması səni qısqandırırdımı?

– Mən ibtidai sinifdə oxuyanda bir aralar elə bilirdim ki, atam qardaşlarımı məndən çox sevir. Qısqanırdım, onun gözünə xoş görünmək istəyirdim, daha çox dərs oxuyurdum, ona çay süzürdüm.

– Bir az böyüdükdən sonra səninlə söhbətlər edirdimi?

– Universitet seçimi haqqında danışmışdıq… Bir də mən tarixi romanlar oxuyurdum və sonra atamla həmin kitabları müzakirə edirdik. Atam həmişə deyirdi ki, kitab oxumaq lazımdır. Kitab oxuduqca insan özü hər şeyi öyrənə bilir. Kitab oxumaqla insanın nitqi də inkişaf edir və fikrini daha aydın çatdıra bilir.

– Hansı kitabları oxumusan?

– Lev Tolstoyun “Hacı Murad”, Fərman Kərimzadənin “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında”… Bundan başqa da xeyli kitab.

– Adətən, tibbə, texniki elm sahələrinə yönələnlərin humanitar elmlərlə arası olmur, sən necə fikirləşirsən?

– Atam bizi buna uyğunlaşdırıb. Biz görürdük ki, o, əlində kitab tutub oxuyur, bizdə də maraq yaranırdı. Anam deyirdi ki, o bununla sizə göstərmək istəyir ki, baxın, mən oxuyuram, siz də oxuyun.

– Axırınıcı görüşünüz nə vaxt olub?

– Axırıncı dəfə bizi Qəbələyə yola saldı, əşyalarımızı yığmağa kömək etdi, bizi maşına oturtdu və “Sağ ol, qızım” – deyib getdi… İşə tələsirdi. Mən həmin gün çox kövrəlmişdim, maşında ağladım, amma o bunu görmədi.

– Uşaq vaxtı xatirələrindən nə yadında qalıb?

– Atamla biz Sumqayıtda parklara, dənizə gedirdik, hətta atam maaşını almağa da mənimlə gedərdi, dostlarıyla görüşə də məni apararadı. Çox xoşuma gəlirdi onunla gəzmək, biz sanki bir-birimizə uyğun idik.

– Atan boylu-buxunlu, enlikürək idmançı bir insan olub, amma deyəsən, sən idmanla məşğul olmursan?

– Atama deyirdim ki, sənin boyun 1,80 sm.-dir, mənimki isə 1,62 sm. Niyə mən qısayam? Deyirdi ki, uzanacaqsan, qızım.

– Tibbə getməyi planlaşdırırsan: yerli, yoxsa xarici universitetləri seçəcəksən?

– İlk dörd il burada oxuyacam, sonra xaricə gedəcəm, bəlkə, Türkiyəyə getdim.

– Fizikanı niyə sevirsən?

– Riyaziyyata yaxın olduğu üçün.

– Doğum günündə atan sənə nə hədiyyə alırdı, yadında qalanı varmı?

– Ən son 16-cı ad günümdə atam təlimdə idi, ad günümə gecikmişdi. Dağdan sünbül yığıb gətirmişdi. Bu mənim üçün çox dəyərli idi, mənəvi dəyəri çox böyükdü.

– Heç olubmu, sizin ad günlərinizdə atanız işdə olub və gələ bilməyib. O anda nə hisslər yaşamısan?

– Uşaq yaşlarımda inciyirdim, amma böyüdükcə anladım ki, atamın boynunda çox böyük məsuliyyət var, o, vətən üçün çalışır. O bizim burada rahat yaşamağımız üçün oradadır. Mən anladım ki, bu onun bizə qarşı laqeydliyi yox, vətənə qarşı sevgisindən irəli gəlir.

– Hərbçi geyimində olan Polad Həşimovla geyimi çıxarandan sonrakı Polad arasında fərq vardımı?

– Uçurum qədər fərq vardı. Hərbçi geyimli atam ciddi, zəhmli idi. Geyimi çıxarandan sonra zarafatcıl və səmimi olurdu.

– Sənin çiyninə çox ağır bir yük düşür: artıq indidən sonra sənin hər bir hərəkətin göz önündə olacaq və nə etsən, deyəcəklər ki, bu, Polad Həşimovun qızıdır. Bunun fərqinə vara bilirsənmi?

– Atam həmişə bizə fikir verirdi: necə hərəkət etməyimizə, necə danışmağımıza, geyimimizə, əlimizdə telefon, yoxsa kitab saxlamağımıza. Atam fiziki cəhətdən yanımızda olmasa da, mənəvi cəhətdən yanımızdadır. İndi özü olmasa da, qoyduğu qaydalar olduğu kimi qalır və mən həmişə bu qaydalara əməl edəcəyəm.

– Qarşıda səni tələbəlik illəri gözləyir… Bir tərəfdən də, sənin rəssamlığa meylin var. Bəs bu sahəni hobbi olaraq davam etdirmək istəyirsənmi?

– Anamla atam demişdi ki, sənin üçün atelye açarıq, orada rahat məşğul olarsan. Əlbəttə, Allahın verdiyi qabiliyyətin üstündən xətt çəkmək olmaz.

– Atanın portretini çəkmisənmi?

– Xeyr… Atamın portretini çəkməyə əlim gəlmir. Amma bir gün mütləq çəkəcəyəm!

– Bu hadisələrdən sonra Azərbaycan xalqına, millətimizə münasibətin, sözün nədi?

– Mən birdən-birə bu qədər gəncin ayağa qalxdığını, coşduğunu görəndə fəxr hissi yaşadım. Bildim ki, bu gənclər bəzilərinin zənn etdiyi kimi, əlində telefon oturan gənclər deyilmiş – onların da saf vətənpərvərlik hissləri var. İstəyərdim ki, bu ruh ölməsin, davam etdirsinlər: axı biz Koroğlunun, Xətainin, Nadir şahın qanını daşıyırıq.

Söhbətləşdi: Şəmil Sadiq
“General Polad Həşimov xatirələrdə” kitabından

Xəbərlər

AZPOLITIKA.INFO-“Biz, bir millət olaraq övladlarımızın təhsil almasında çox maraqlıyıq…” – Şəmil Sadiq

Son vaxtlar cəmiyyətdə və KİV-də müzakirə olunan mövzulardan biri də kurikulumla bağlıdır. Hazırda Azərbaycan özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir. Bu gün dünyanın mütərəqqi təhsil modeli kimi kurikulum ölkəmizdə də uğurla tətbiq edilir.

Mövzu ilə bağlı Hədəf Liseyinin direktoru, f.ü.f.d.,dos. Şəmil Sadiq Sonxeber.az-a danışıb. O, bildirib ki, son vaxtlar kurikulumla bağlı xeyli müzakirələr başlayıb: “Əslində bu çox sevindirici haldır, şəxsən bir müəllim olaraq mən bundan məmnunam. Çünki tənqid olunmayacaq heç nə yoxdur, ola da bilməz. Poztiv tənqid həmişə işin xeyrinə olub. Bu cür açıq tənqidlərin olmasına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təşəkkür düşür. Çünki indiyə qədər təhsil mühitimizdə bu qədər demokratik şərait olmamışdı. İndi isə hər kəsə bu mövzuda öz ürək sözünü deyə bilmə imkanı yaradılıb. Əmin olun ki, 10 ildən çox bir müddətdə Kurikulum-Yeni təhsil sənədləri və fəlsəfəsi bu qədər açıq tənqid edilməmişdi. Əgər bu prosesi izləyib, doğru nəticələrə varılsa, əminəm ki, nəticə olaraq təhsilimiz qazanclı çıxar.

Bəzi müəllimlərimiz ümumilikdə təhsilin hansısa bir yönündən narazılığını ifadə etməsini də kurikulum adı ilə edir və hər bir günah kurikulumun üstündə qalır. Hətta bir az dərinə varsaq, maaşın azlığından da danışanda bunu kurikulumun problemi kimi görənlər var”.

Şəmil Sadiq təhsil sistemimizdə müəyyən boşluqların olduğunu da qeyd edib:
“Bu boşluqlar kadrlardan başlamış, valideynlərimizə, dərsliklərimizə, qiymətləndirməmizə, qəbul imtahanlarımıza qədər uzanır. İnanın mənə, heç bir millət təhsil mövzusunda bu qədər həssas deyil. Lakin hər bir Azərbaycanlı bu mövzuda nəsə demək həvəsindədir. Kimi dindirsən, təhsildən şikayətçidir, halbuki bu hər kəsin yox, mütəxəssislərin rəy bildirməsi ilə düzələ bilər və məhz onların fikri önəmlidir. Lakin bu hal da yaxşıdır, bir daha onu göstərir ki, biz millət olaraq övladlarımızın təhsil almasında çox maraqlıyıq. Ona görə də hər birimiz bu mövzularda həssasıq.

Əlində, Kurkikulumun mahiyyətini dərk edənlər bunun əleyhinə ola bilməzlər. Çünki işini sevən, müəllimliyini dərk edən, millətini sevən, şagirdinə və işinə bağlı olan, dəyərlərini bilən və sahib çıxan müəllim üçün heç nə dəyişmir, istər ənənəvi, istərsə də yeni təlim metodları olsun. Nə qədər çətin olsa da, təhsil daima yeniliklərə açıq olmalı və geriliyə qarşı sinə gərməlidir. Sabahımızı milli-mənəvi dəyərlərə arxa duran, cəsarətli və fədakar müəllimlərimizlə xilas edə bilərik. Hər kəsin yanğısı və etirazı başa düşüləndir”.

Xəbərlər

AZ.EDU.AZ-General Polad Həşimov haqqında xatirələr kitabı nəşr olundu

“General Polad Həşimov xatirələrdə” kitabı “Hədəf Nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində işıq üzü görüb.

Nəşriyyatdan AzEdu.az-a verilən məlumata görə, 268 səhifəlik sözügedən kitab 14 iyul tarixində Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan ordusunun general-mayoru Polad Həşimova həsr olunub. Kitabda ailə üzvlərinin, cəbhə yoldaşları və əsgərlərinin, müxtəlif peşə sahiblərinin Polad Həşimovla bağlı xatirələri yer alıb. Kitabın 60 səhifəsini əhatə edən “Polad Həşimov fotolarda” bölməsində mərhum generalın uşaqlıq illərindən tutmuş həyatının müxtəlif anlarında çəkilmiş şəkillər verilib. “General Polad Həşimov xatirələrdə” – general-mayor Polad Həşimova həsr olunmuş ilk dolğun kitabdır.

“Hədəf Nəşrləri” sözügedən kitabın ilk nəşrini hədiyyə verəcəyini də açıqlayıb. Bu barədə nəşriyyatın təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıqlamasında deyib: ““General Polad Həşimov xatirələrdə” kitabı mənim və “Hədəf Nəşrləri” komandasının mənəvi narahatlığının nəticəsində ərsəyə gəldi. Belə ki, məlum Tovuz hadisələrində hamı kimi biz də daxili narahatlıq keçirdik və iyul şəhidlərimiz qarşısında mənəvi borcumuzu qismən də olsa, ödəmək üçün bu layihəni həyata keçirmək qərarına gəldik. Bu layihə üzərində işləyərkən fərqli yerlərdən dəstək nümayiş etdirənlər çox oldu. Hamımızın vətəni olan Azərbaycanın mərd oğluna bu cür yanaşma, doğrusu, bizi qürurlandırdı və bu prosesdə tək olmadığımızı anladıq. Mən həm öz şəxsim, həm də “Hədəf Nəşrləri” adından “Halal” firmasına, könüllü dəstək verən dostlarımıza minnətdarlığımı bildirirəm. Eyni zamanda bütün işləri çox peşəkarlıqla yerinə yetirən “Hədəf Nəşrləri” komandasına təşəkkür edirəm. Sözügedən layihəni uğurla başa çatdırmaq üçün kitabın 2000 tirajlıq ilk nəşrini ictimaiyyətə hədiyyə edəcəyik”.

“Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy isə bildirib ki, hədiyyə siyahısını müzakirə edərkən kitabın maksimum əhatəli auditoriyaya çatması məsələsini dəqqətdə saxladıq: “Kitabın tərtibat mərhələsinə başladığımız elanından sonra bizə müxtəlif qurum və şəxslərdən çoxsaylı müraciətlər daxil oldu. Biz bunları nəzərə almağa çalışdıq, amma bu müraciətlər nəzərdə tutduğumuz tiraj sayından dəfələrcə çoxdur. Əvvəlcədən söz verdiyimiz kimi, bu kitabı ilk olaraq generalın Anası Səmayə Həşimovaya hədiyyə etdik. Bu layihə üçün yaratdığımız komissiya daxilində aparılan müzakirələrin nəticəsi olaraq hədiyyə siyahısı aşağıdakı kimi qərarlaşdı:

Azərbaycan Respublikası Təhsil Nazirliyi – 150 ədəd

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi – 100 ədəd

Azərbaycan Respublikası Müdafiə Nazirliyi – 100 ədəd

Universitet kitabxanaları və digər kitabxanalar – 150 ədəd

Xaricdəki diaspor təşkilatları – 50 ədəd

İctimai-siyasi şəxslər – 150 ədəd

Siravi oxucular (kitabevim.az mağazası vasitəsilə) – 500 ədəd

Təşkilatçı, dəstəkçi və məqalə sahiblərinə – 200 ədəd

Mətbuat orqanlarına – 50 ədəd

“Hədəf Şirkətlər Qrupu”nun müəllim heyəti və digər personalına – 200 ədəd

Polad Həşimovun qırx mərasimi tədbirinə – 350 ədəd.

Biz əsasən rəsmi qurumlarla bu məsələdə əlaqə saxlamağa çalışacağıq, amma onlar da təyin olunmuş hədiyyələrini götürmək üçün bizimlə əlaqə saxlaya bilərlər. Siravi oxucular isə siyahıda göstərdiyimiz kimi, kitabevim.az mağazasının 28 may filialına yaxınlaşaraq bu kitabı pulsuz əldə edə bilərlər”.

Link:

https://azedu.az/az/news/33496-general-polad-hesimov-haqqinda-xatireler-kitabi-nesr-olundu?fbclid=IwAR2kCH6fCq7M5UAZxC_vs69wMEu-i8jpKQclN6ZCQHfQqArIzphKy-oMogo

Xəbərlər

KULIS.AZ-Polad Həşimov haqda kitab nəşr edildi – Pulsuz paylanacaq

Polad Həşimov haqda kitab nəşr edildi – Pulsuz paylanacaq

General Polad Həşimov haqqında xatirələr kitabı nəşr olundu.

Kulis.az xəbər verir ki, “General Polad Həşimov xatirələrdə” kitabı “Hədəf Nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində işıq üzü görüb. Kitab 14 iyul tarixində Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan ordusunun general-mayoru Polad Həşimova həsr olunub. Kitabda ailə üzvlərinin, cəbhə yoldaşları və əsgərlərinin, müxtəlif peşə sahiblərinin Polad Həşimovla bağlı xatirələri yer alıb. Kitabın 60 səhifəsini əhatə edən “Polad Həşimov fotolarda” bölməsində mərhum generalın uşaqlıq illərindən tutmuş həyatının müxtəlif anlarında çəkilmiş şəkillər verilib. “General Polad Həşimov xatirələrdə” – general-mayor Polad Həşimova həsr olunmuş ilk dolğun kitabdır.

“Hədəf Nəşrləri” sözügedən kitabın ilk nəşrini hədiyyə verəcəyini də açıqlayıb. Bu barədə nəşriyyatın təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıqlamasında deyib: ““General Polad Həşimov xatirələrdə” kitabı mənim və “Hədəf Nəşrləri” komandasının mənəvi narahatlığının nəticəsində ərsəyə gəldi. Belə ki, məlum Tovuz hadisələrində hamı kimi biz də daxili narahatlıq keçirdik və iyul şəhidlərimiz qarşısında mənəvi borcumuzu qismən də olsa, ödəmək üçün bu layihəni həyata keçirmək qərarına gəldik. Bu layihə üzərində işləyərkən fərqli yerlərdən dəstək nümayiş etdirənlər çox oldu. Hamımızın vətəni olan Azərbaycanın mərd oğluna bu cür yanaşma, doğrusu, bizi qürurlandırdı və bu prosesdə tək olmadığımızı anladıq. Mən həm öz şəxsim, həm də “Hədəf Nəşrləri” adından “Halal” firmasına, könüllü dəstək verən dostlarımıza minnətdarlığımı bildirirəm. Eyni zamanda bütün işləri çox peşəkarlıqla yerinə yetirən “Hədəf Nəşrləri” komandasına təşəkkür edirəm. Sözügedən layihəni uğurla başa çatdırmaq üçün kitabın 2000 tirajlıq ilk nəşrini ictimaiyyətə hədiyyə edəcəyik”.

“Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy isə bildirib ki, hədiyyə siyahısını müzakirə edərkən kitabın maksimum əhatəli auditoriyaya çatması məsələsini dəqqətdə saxladıq: “Kitabın tərtibat mərhələsinə başladığımız elanından sonra bizə müxtəlif qurum və şəxslərdən çoxsaylı müraciətlər daxil oldu. Biz bunları nəzərə almağa çalışdıq, amma bu müraciətlər nəzərdə tutduğumuz tiraj sayından dəfələrcə çoxdur. Əvvəlcədən söz verdiyimiz kimi, bu kitabı ilk olaraq generalın Anası Səmayə Həşimovaya hədiyyə etdik. Bu layihə üçün yaratdığımız komissiya daxilində aparılan müzakirələrin nəticəsi olaraq hədiyyə siyahısı aşağıdakı kimi qərarlaşdı:

Azərbaycan Respublikası Təhsil Nazirliyi – 150 ədəd

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi – 100 ədəd

Azərbaycan Respublikası Müdafiə Nazirliyi – 100 ədəd

Universitet kitabxanaları və digər kitabxanalar – 150 ədəd

Xaricdəki diaspor təşkilatları – 50 ədəd

İctimai-siyasi şəxslər – 150 ədəd

Siravi oxucular (kitabevim.az mağazası vasitəsilə) – 500 ədəd

Təşkilatçı, dəstəkçi və məqalə sahiblərinə – 200 ədəd

Mətbuat orqanlarına – 50 ədəd

“Hədəf Şirkətlər Qrupu”nun müəllim heyəti və digər personalına – 200 ədəd

Polad Həşimovun qırx mərasimi tədbirinə – 350 ədəd.

Biz əsasən rəsmi qurumlarla bu məsələdə əlaqə saxlamağa çalışacağıq, amma onlar da təyin olunmuş hədiyyələrini götürmək üçün bizimlə əlaqə saxlaya bilərlər. Siravi oxucular isə siyahıda göstərdiyimiz kimi, kitabevim.az mağazasının 28 may filialına yaxınlaşaraq bu kitabı pulsuz əldə edə bilərlər”.

Link:

https://kulis.az/news/33132?fbclid=IwAR3G-CeOhZGWo6wfj58rhY3buSfbvGSB10Svcwc0ieD8bHWwfWlvjLhDRc0

Kitablar Köşə Manşet Xəbərlər

Polad Həşimov haqda kitab nəşr edildi

polad həşimov

General Polad Həşimov haqqında xatirələr kitabı nəşr olundu.

“General Polad Həşimov xatirələrdə” kitabı “Hədəf Nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində işıq üzü görüb. Kitab 14 iyul tarixində Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan ordusunun general-mayoru Polad Həşimova həsr olunub. Kitabda ailə üzvlərinin, cəbhə yoldaşları və əsgərlərinin, müxtəlif peşə sahiblərinin Polad Həşimovla bağlı xatirələri yer alıb. Kitabın 60 səhifəsini əhatə edən “Polad Həşimov fotolarda” bölməsində mərhum generalın uşaqlıq illərindən tutmuş həyatının müxtəlif anlarında çəkilmiş şəkillər verilib. “General Polad Həşimov xatirələrdə” – general-mayor Polad Həşimova həsr olunmuş ilk dolğun kitabdır.

“Hədəf Nəşrləri” sözügedən kitabın ilk nəşrini hədiyyə verəcəyini də açıqlayıb. Bu barədə nəşriyyatın təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıqlamasında deyib: ““General Polad Həşimov xatirələrdə” kitabı mənim və “Hədəf Nəşrləri” komandasının mənəvi narahatlığının nəticəsində ərsəyə gəldi. Belə ki, məlum Tovuz hadisələrində hamı kimi biz də daxili narahatlıq keçirdik və iyul şəhidlərimiz qarşısında mənəvi borcumuzu qismən də olsa, ödəmək üçün bu layihəni həyata keçirmək qərarına gəldik. Bu layihə üzərində işləyərkən fərqli yerlərdən dəstək nümayiş etdirənlər çox oldu. Hamımızın vətəni olan Azərbaycanın mərd oğluna bu cür yanaşma, doğrusu, bizi qürurlandırdı və bu prosesdə tək olmadığımızı anladıq. Mən həm öz şəxsim, həm də “Hədəf Nəşrləri” adından “Halal” firmasına, könüllü dəstək verən dostlarımıza minnətdarlığımı bildirirəm. Eyni zamanda bütün işləri çox peşəkarlıqla yerinə yetirən “Hədəf Nəşrləri” komandasına təşəkkür edirəm. Sözügedən layihəni uğurla başa çatdırmaq üçün kitabın 2000 tirajlıq ilk nəşrini ictimaiyyətə hədiyyə edəcəyik”.

“Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy isə bildirib ki, hədiyyə siyahısını müzakirə edərkən kitabın maksimum əhatəli auditoriyaya çatması məsələsini dəqqətdə saxladıq: “Kitabın tərtibat mərhələsinə başladığımız elanından sonra bizə müxtəlif qurum və şəxslərdən çoxsaylı müraciətlər daxil oldu. Biz bunları nəzərə almağa çalışdıq, amma bu müraciətlər nəzərdə tutduğumuz tiraj sayından dəfələrcə çoxdur. Əvvəlcədən söz verdiyimiz kimi, bu kitabı ilk olaraq generalın Anası Səmayə Həşimovaya hədiyyə etdik. Bu layihə üçün yaratdığımız komissiya daxilində aparılan müzakirələrin nəticəsi olaraq hədiyyə siyahısı aşağıdakı kimi qərarlaşdı:

Azərbaycan Respublikası Təhsil Nazirliyi – 150 ədəd

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi – 100 ədəd

Azərbaycan Respublikası Müdafiə Nazirliyi – 100 ədəd

Universitet kitabxanaları və digər kitabxanalar – 150 ədəd

Xaricdəki diaspor təşkilatları – 50 ədəd

İctimai-siyasi şəxslər – 150 ədəd

Siravi oxucular (kitabevim.az mağazası vasitəsilə) – 500 ədəd

Təşkilatçı, dəstəkçi və məqalə sahiblərinə – 200 ədəd

Mətbuat orqanlarına – 50 ədəd

“Hədəf Şirkətlər Qrupu”nun müəllim heyəti və digər personalına – 200 ədəd

Polad Həşimovun qırx mərasimi tədbirinə – 350 ədəd.

Biz əsasən rəsmi qurumlarla bu məsələdə əlaqə saxlamağa çalışacağıq, amma onlar da təyin olunmuş hədiyyələrini götürmək üçün bizimlə əlaqə saxlaya bilərlər. Siravi oxucular isə siyahıda göstərdiyimiz kimi, kitabevim.az mağazasının 28 may filialına yaxınlaşaraq bu kitabı pulsuz əldə edə bilərlər”.

Xəbərlər

Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev özəl təhsil müəssisələrin rəhbərləri ilə görüşüb.

Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev özəl təhsil müəssisələrin rəhbərləri ilə görüşüb.
Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.

Görüşdə Hədəf STEAM Liseyinin Direktoru f.ü.f.d., dos. Şəmil Sadiqdə iştirak edib. Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.

Ətraflı: https://edu.gov.az/az/page/9/18794

Köşə Xəbərlər

Hədəf STEAM Liseyinin təklifi – Pandemiya dövründə məktəblər necə açıla bilər?

Hədəf Liseyi yeni tədris ili üçün bütün hazırlıqlarını etmiş, müzakirələrdə təklif edilən üç təhsil forması (Ənənəvi, Hibrid, Onlayn) ilə bağlı planlama işlərini yekunlaşdırmışdır. Belə ki, təhsilin hansı formada davam etməsindən asılı olmayaraq, lisey heyəti tam şəkildə yeni tədris ilinə hazırdır. Bu hazırlıqlar zamanı ÜST-ün, Nazirlər Kabineti yanında Operativ Qərargahın, müəyyən Beynəlxalq təcrübənin və Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif etdiyi ilkin qaydalar nəzərə alınmışdır. Sizlərə təqdim etdiyimiz bu video dərslərin ənənəvi və ya hibrid formada keçirilməsi ilə bağlı pandemiya dövründə məktəbin bir gününü ifadə edən sosial çarxdır. Bu sosial çarx pandemiya dövründə məktəblər açılarsa, tədrisin təşkili ilə bağlı Hədəf Liseyinin təklif etdiyi bir formatdır. Sözsüz ki, gələcəkdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tədrisin təşkili, metodiki göstərişləri və valideynlərin təkliflərinə əsasən dəyişiliklər aparıla bilər.
Bu bir video təklifdir və düşünürük ki, bu qaydalara əməl etməklə tədris prosesinə davam edərək həm valideynlər, həm müəllimlər, həm də şagirdlərin narahatlıqlarını aradan qaldıra bilərik!
Əziz Valideynlər, Hədəfiniz Hədəfimizdir!

Xəbərlər

Şəmil Sadiq: “Nəzəriyyələr önəmlidir, amma praktika zamanı mənimsəniləndə davamlı olur”

“Günümüzün şagirdi çeviklik, praktik zəka və analitik olmağı tələb edir, amma təhsil verənlər buna cavab verə bilməyəndə yazılan bütün qanunların, layihələrin tələbəni ödəyə bilmirik”.

Bu sözləri “Azərbaycan” qəzetinə açıqlamasında Hədəf STEM Liseyinin direktoru, f.ü.f.d., dos., Şəmil Sadiq deyib.

Şəmil Sadiqin fikrincə, universitetlərə qəbul proqramının yaddaş yüklü olması müəllimləri öz müqəddəs funksiyalarını unudub şagirdləri bilik əzbərlətdirməklə məşğul edir ki, bu da heç bir halda ümummilli və bəşəri məqsədləri ifadə etmir.

Şəmil Sadiqin “Fikircəm” layihəsinə verdiyi vide0-müsahibədə səsləndirdiyi fikirlər təhsil ictimaiyyəti arasında böyük müzakirələrə səbəb olub.

Bu müzakirələr əsasında Azərbaycan qəzeti “Dərs yükə çevriləndə” adlı məqalə ilə çıxış edib.

“Azərbaycan” qəzetinin “Dərs yükə çevirləndə” məqaləsini sizə təqdim edirik:

Təhsil proqramının ağırlığından müəllimlər, şagirdlər, valideynlər də şikayətçidirlər, amma problemlər bununla bitmir…

Müasirləşən dünyada yaşam şərtləri demək olar ki, hər gün dəyişir. Bütün sahələrdə ənənəvi dəyərlər yeniləri ilə əvəz olunur və artıq bu, zamanın tələbinə çevrilib. Dəyişən şərtlərə uyğun tədris prosesi də təkmilləşmək məcburiyyətindədir. Bu gün inkişaf etmiş ölkələrin təhsil sistemində şagirdlərin psixoloji inkişafı, dünyagörüşü, tədrisin daha kreativ, modern, əyləncəli üsullarla aparılması əsas sayılır. Təhsilin inkişafı, yeni təlim metodlarının tətbiqi, nəticəyönümlü tədrisə maraq və şəxsiyyət yetişdirilməsi kimi mühüm strateji amillər ilk yerdə durur.

Məsələn, uşaqlar müasir üsullarla bağça və ibtidai siniflərdə əyləncəli zəka oyunları oynayır və yaşa uyğun bilikləri zövq alaraq öyrənirlər. Riyaziyyat və digər dəqiq elmlərdə mücərrəd anlayışları öyrətməyin ən səmərəli yolunun musiqi, dram, ya da idman olduğu düşünülür. Əslində, elmi və elmi olmayan öyrənmə üsulları arasında qurulan bu tarazlıq uşaqların daha yaxşı bilik əldə etməsinə və tətbiq edə bilməsinə yardımçı olur.

Bəs hazırda Azərbaycanda orta təhsil sistemi növbəti pilləyə, özü də inkişaf etmiş ölkələrin ali təhsil proqramına adekvatdırmı? Orta məktəblərdə tədrisin üsul və metodlarına yanaşma tərzində yeniliklər tətbiq olunurmu? Bu istiqamətdə olan çatışmazlıqlar nələrdir? Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində tədrisin modernləşdirilməsi ilə bağlı hansı məsələlər öz əksini tapıb? Bu və buna bənzər suallara təhsil mütəxəssisləri ilə aydınlıq gətirməyə çalışmışıq.

Nəticələrin əldə olunması müəllimin hazırlıq səviyyəsindən asılıdır

İlk həmsöhbətimiz 21 yaşından müəllimlik fəaliyyətinə başlayan və ömrünün 50 ilə yaxın bir dövrünü pedaqoji fəaliyyətə həsr etmiş Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

Ali qanunverici orqan tərəfindən məhz bu yöndə mühüm sənədlərin qəbul olunmasında əhəmiyyətli rolu olan və yüksək pedaqoji təcrübəyə sahib akademik bu sahədəki problemlərə və çatışmazlıqlara dərindən bələddir.

İsa Həbibbəyli deyir ki, Azərbaycan təhsil sistemi son illərdə daha da yeniləşmiş və təkmilləşdirilmişdir. Bu nailiyyətlərin başlıca səbəbi Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət quruculuğu siyasətində elm və təhsilin inkişaf etdirilməsi məsələsinin mühüm yer tutmasıdır. “Təhsil haqqında” qanun və həmin qanuna son vaxtlar edilmiş dəyişikliklər ölkədə təhsilin bütün pillələrinin inkişaf etdirilməsinə stimul verir: ” Dövlət səviyyəsində qəbul edilmiş “Milli təhsil strategiyası” ölkəmizdə təhsilin yeni hədəflərə doğru istiqamətləndirilməsi üçün meydan açır. Son illərdə Milli Məclisdə qəbul edilmiş “Məktəbəqədər təhsil” və “Peşə təhsili haqqında” qanunlar təhsilin bu pillələrinin dünya təcrübəsi və ölkə reallıqları əsasında yenidən qurulmasına təkan verib”.

Hazırda Milli Məclisdə müzakirə prosesində olan “Ümumi təhsil haqqında” qanun layihəsində orta məktəblərin inkişafı ilə əlaqədar əhəmiyyətli müddəalar olduğunu söyləyən İsa Həbibbəyli deyir ki, Təhsil Nazirliyinin təqdim etdiyi və hər il geniş ictimaiyyətlə birlikdə müzakirəsini keçirdiyi illik hesabatlar bu sahədəki dinamik inkişafı ardıcıl olaraq izləməyə imkan verir. Haqqında bəhs olunan qanunvericilik sənədləri və təhsilin idarə olunmasının baş qərargahı olan Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar, akademikin fikrincə, məktəb-müəllim-şagird-valideyn münasibətlərini normal məcrada inkişaf etdirməyə bələdçilik edir: “Hazırda tədris prosesində innovativ imkanlardan geniş istifadə olunur, şəxsiyyətin inkişafına və keyfiyyətə əsaslanan təlimə üstünlük verilir. Bu istiqamətdə nəticələrin əldə olunması isə müəllimin hazırlıq səviyyəsindən və pedaqoji-metodiki bacarıqlarından asılıdır”.

Proqram yeniləşməli və sadələşdirilməlidir

İsa Həbibbəyli də təsdiq edir ki, təhsil proqramlarının ağırlığından müəllimlər, valideynlər, şagirdlər, hər biri şikayət edir və bu halda təhsil proqramları məsələsinə, kurikulumlara yenidən qayıtmağa ciddi ehtiyac var: “Etiraf etmək lazımdır ki, müstəqilliyin başlanğıc illərində və bir qədər sonra hazırlanmış tədris proqramlarında tələskənliyə yol verilmişdir. Təhsil proqramları və buna uyğun olaraq dərsliklər yeniləşdirilməli və sadələşdirilməlidir. Azərbaycançılıq baxımından da təhsil proqramları və dərsliklər müasir tələblərə heç də tam cavab vermir. Yaxşı cəhətdir ki, hazırda Təhsil Nazirliyində təhsil proqramlarının sadələşdirilməsi və millilik zəminində yeniləşdirilməsi istiqamətində iş aparılır. Yaxşı olar ki, yeni hazırlanmış proqramlar geniş təhsil ictimaiyyətinin müzakirəsinə verilsin. Biz həmin yeniləşdirilmiş proqramları və dərslikləri Təhsil Nazirliyi ilə birlikdə Milli Məclisin Elm və təhsil komitəsində deputatların iştirakı ilə müzakirə etməyi faydalı hesab edirik və buna hazırıq”.

Sinif otağında bağçadakından daha çox oyuncaq var idi…

İsa Həbibbəylinin fikrincə, “əzbərləmək bilik qazanmaq deyil və əzbər öyrənilən nə varsa, bir vaxtdan sonra yaddaşlardan silinib gedir, dünyagörüşünə çevrilə bilmir”. Akademik həmçinin qeyd edir ki, dərsdə öyrədilənləri əzbərlətmək yox, dərk olunmuş şəkildə mənimsətmək lazımdır. Tələbkarlıq adı altında yaradılan psixoloji gərginlik şüurlu dərkolunma prosesinə mane olur. Məktəbdə, dərslərdə şagird özünü sərbəst və rahat hiss etməli, diqqətini bilik öyrənməyə yönəltməlidir. Dərk olunmuş təlim şagirdi həm də həyata hazırlayır: “Əlbəttə, dünyada yaş səviyyəsindən asılı olaraq tədris prosesində müxtəlif vasitələrdən istifadə edilir. İbtidai siniflərdə əyləncəli üsullardan istifadə etmək fayda verə bilər. Məsələn, 2005-ci ildə Amerika Birləşmiş Ştatlarında Çikaqo yaxınlığındakı Oyk-Park məktəbində Nobel mükafatı laureatı, yazıçı Ernest Hemenqueyin vaxtilə birinci sinifdə oxuduğu sinif otağına baxmağa getmişdim. Sinif otağında bizim bağçalarda olduğundan da çox oyuncaqlar var idi. Öyrəndim ki, şagirdlər sinifdən-sinfə keçdikcə oyuncaqların sayı azaldılır və onları digər texniki vasitələr, məsələn, kompüterlər əvəz edir. Fikrimcə, yuxarı siniflərdə əyləncəli tədris üsulu fayda verə bilməz. Bu yaş həddi üçün dialoq, müqayisə, təhlil üsulları daha məqbul sayıla bilər”.

Akademik onu da diqqətə çatdırır ki, təhsildə yeni üsul və vasitələrdən istifadə etmədən müasir səviyyəyə gəlib çatmaq mümkün deyil. Müəllim daim tədris üçün yeni üsul və vasitələrin sorağında olmalıdır: ” Bununla belə, təhsil sistemində sınaqlardan çıxmış davamlı ənənələrdən də yaradıcı şəkildə istifadə olunması unudulmamalıdır. Yeniləşmə ilə ənənəvi tədris üsullarının ortaq balansı tapılmalıdır. Ultra yenilikçilik lazımi səmərə vermir”.

Orta təhsil pilləsində sistemli islahatlar aparılacaq

“Ümumi təhsil haqqında” yeni qanun layihəsi artıq parlamentdə birinci oxunuşdan keçib. Qanun layihəsində yuxarıda sadalanan məsələlərin hansı formada əksini tapmasına aydınlıq gətirən Milli Məclisin Elm və təhsil komitəsinin sədri məlumat verir ki, yeni sənəd bu istiqamətdə ölkəmizdə aparılan təhsil siyasətini, məktəbin idarə olunmasını və tədrisin təşkili ilə əlaqədar məsələləri özündə əks etdirir: “Burada dövlət ümumi təhsil müəssisələri ilə yanaşı, özəl təhsilin və bələdiyyə təhsilinin də fəaliyyətini tənzimləyən müddəalar var.

Həmçinin qanun layihəsində təqvim ilinin sonuna qədər 6 yaşı tamam olanların birinci sinfə qəbul edilməsi, 5 yaşından məktəbəhazırlıq qruplarının təşkili, X-XI siniflər üçün tədrisin təmayüllü qruplarda aparılması, məktəblərə yerləşdiyi ərazi prinsipinə görə şagird qəbulunun aparılması, vahid geyimin tətbiqi və digər məsələlər ilk dəfə olaraq öz əksini tapıb.”

İsa Həbibbəyli hesab edir ki, “Ümumi təhsil haqqında” qanunun qəbul edilməsi ilə tam orta təhsil pilləsində sistemli islahatlar aparılacaq və əhəmiyyətli nəticələr əldə olunacaq.

Təhsilin məzmunu, bu günü və gələcəyi

Keyfiyyətli tədris təhsil verənin bilik və bacarığını necə tətbiq etməsi ilə birbaşa bağlıdır. Bu sahədəki üstün təcrübəsi sayəsində sadə müəllimlikdən ən yüksək postlardan birinə qədər yüksələn – təhsil nazirinin müavini, psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyeva təhsilin məzmunu, bu günü və gələcəyi ilə bağlı atılacaq addımlardan məlumat verir.

Məhəbbət Vəliyeva bildirir ki, Azərbaycan Respublikası Prezidetinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nda müəyyən olunmuş istiqamətlər üzrə ciddi islahatlar aparılır. Təhsil alanlarda yeni məzmunlu səriştənin formalaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, məktəblərin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsi, müasir tələblər baxımından təhsil müəssisələrinin idarə olunması, maliyyə sisteminin təkmilləşdirilməsi həyata keçirilir: “Bu gün səriştə əsaslı məzmuna sahib olan hər bir təhsil alan, nəinki nəzəri biliklərlə silahlanmış olmalı, eyni zamanda, onu təcrübədə, həyatda tətbiq etməyi bacarmalıdır. Bu mənada əsas baza hissəni saxlamaqla, təhsilə dünyada sınanılan elmi yenilikləri, rəqəmsal bacarıqları, innovasiyanı tətbiq etməliyik. Hazırda beynəlxalq təcrübəni öyrənib, yerli kontingentə tətbiq etmək Təhsil Nazirliyi qarşısında duran ən zəruri vəzifələrdən biridir”.

Prioritet vəzifə: müasir təhsil verənlərin hazırlanması

Nazir müavini qeyd edir ki, bu gün şagirdlərimizin beynəlxalq elmi yarışlarda daha yaxşı nəticələr əldə etməsi təhsilimizin inkişaf etdiyini göstərir, amma bu o demək deyil ki, hər şeyə nail olunub: “Başa düşürük ki, biz inkişaf etdikcə, inkişaf etmiş ölkələrin təhsil sistemi daha irəli gedir və onlara çatmağa çalışırıq. Bu mənada yeniliklərə daha çox sürətlə yiyələnmək vasitələrindən biri, təhsil sahəsində texnologiyaların tətbiqidir. Son illər məktəblərimizdə yaradılan yeni şərait, infrastruktur, İKT avadanlıqları ilə təchizat işi xeyli yaxşılaşır, amma bununla yanaşı, bütün bu yeniliklərdən istifadə etməyi, onu gündəlik həyatda tətbiq etməyi bacaran təhsil verənlərə və onların hazırlığına ehtiyac var. Qarşıda duran prioritet vəzifələrdən biri də məhz müasir təhsil verənlərin hazırlanmasıdır”.

Təhsil prosesini uşaqlar üçün maraqlı və əhəmiyyətli etməyin yollarından birinin də texnologiyadan bacarıqla istifadə etmək olduğunu söyləyən Məhəbbət Vəliyeva deyir ki, məlumat bolluğu olan dövrdə, heç bir İKT avadanlığı istifadə etmədən, quru dərs keçməklə şagirddə maraq yaratmaq mümkün deyil: “Bugünkü gənclər texnologiyanın ən geniş istifadəçisidir və buna maraq göstərirlər. Bunlar şagird üçün bir öyrənmə vasitəsi olmalıdır. Müəllim məzmunu düşünüb, İKT tətbiq etməklə şagirdlərə ötürməlidir. Artıq bu ilin sentyabr ayından etibarən məktəblərimizdə yeni innovativ yanaşmaların tətbiqinə başlayacağıq. Bunun üçün pilot məktəblər müəyyənləşdiriləcək. Oradakı təcrübə sınaqdan keçdikdən sonra paralel olaraq ölkənin başqa məktəblərinə də ötürüləcək”.

Fərqli düşünən valideyn və şagirdlər…

Məhəbbət Vəliyeva məlumat verir ki, beynəlxalq təcrübədə şagirdlər məktəbdənkənar vaxtda tamamilə müasir və gələcəkdə onlara lazım olacaq bacarıqlara yiyələnirlər. Azərbaycanda da qabaqcıl məktəblərdə təhsil alan şagirdlər dərslərlə yanaşı, beynəlxalq olimpiadalara, idman, yaradıcılıq müsabiqələrinə hazırlaşırlar. Və bilirlər ki, bu bacarıqlara yiyələnmək onların gələcəkdə mütəxəssis kimi formalaşmasında, həyatda öz yerlərini tapmalarında böyük rol oynayır: “Təəssüf ki, fərqli düşünən valideyn və şagirdlər də var ki, onların əsas məqsədi yalnız ali məktəbə hazırlıqdır. Təhsil Nazirliyi olaraq hazırda məktəbin imkanlarından və resurslarından düzgün istifadə etməyin yollarını düşünürük. 11-ci sinfi bitirib həyata atılan gənc, nəzəri biliklərə malik olmasa belə, həyatda ona lazım olan bacarıqlara yiyələnməlidir. Amma bu bacarıqlar yalnız 45 dəqiqə dərs müddətində şagirddə formalaşdırıla bilməz. Bunun üçün dərsdən sonra müxtəlif fəaliyyətlərin mövcud olması lazımdır. Elə bu məqsədlə də nazir Ceyhun Bayramovun əmri ilə bu il məktəblərin reytinq göstəriciləri yalnız buraxılış imtahanlarının nəticəsinə əsasən deyil, o cümlədən də şagirdlərin olimpiadalarda, bilik yarışlarında, müsabiqələrdə iştirakı əsasında gətirilən uğurların ölçülməsi nəticəsində müəyyənləşəcək. Bu il ölkə üzrə müxtəlif yaş qruplarında olan şagirdlər idmanın 4 növü üzrə müsabiqələrdə iştirak edəcəklər. Həmçinin yaradıcılıq müsabiqələrinin, sərgilər, bədii qiraət, teatr tamaşalarının göstərilməsi nəzərdə tutulur. Bunlar şagirdlərin başqa imkanlarının da üzə çıxarılmasına kömək edəcək”.

Müəllim dərsə yaradıcı yanaşmırsa…

“Əgər müəllim dərsə yaradıcı yanaşmırsa, ona vacib, canlı bir proses kimi baxmırsa, o zaman dərs çox quru, sönük keçəcək və bu, uşaqda maraq yaratmayacaq, onda heç bir əqli proseslərin formalaşmasına kömək etməyəcək” – söyləyən nazir müavini vurğulayır ki, 21-ci əsrin vacib bacarıqları arasında, şagirdlərdə başqaları ilə ünsiyyət, vaxtında və düzgün qərar vermə, yeniliklərə açıq olma, texnologiyadan istifadə, müxtəlif mənbələrdən aldığı məlumatı mənimsəyib yenidən təqdim etmə bacarığı formalaşdırılmalıdır. Şagirddə tədqiqatçılıq bacarığı olmalıdır və o, sadəcə bir kitab, nağılla kifayətlənməməlidir ki, bunun üçün müəllimdən böyük yaradıcılıq tələb olunur.

Dərs yükünün ağırlığından şikayət

Nazir müavini bildirir ki, dərs yükünün ağırlığından şikayət edən valideynlər var və onların arasında haqlı olanlar da mövcuddur. Təbii ki, dərs proqramının öhdəliklərini yerinə yetirmək lazımdır, amma proqramın tələblərini hansı müəllimin necə yerinə yetirməsi artıq fərdlərə aiddir. Çünki müəllim dərslikdəki tapşırığı anlaşılan dilə çevirməklə, dərsi yaradıcı qurmaqla, müxtəlif vasitələrdən istifadə etməklə şagirdə çatdırır və bununla da həm keyfiyyətə nail olur, həm də dərslikdən başqa alternativ öyrənmə üsullarını şagirdə təqdim edir. Nəticədə proses ona ağır və yüklü görünmür. İkinci qrup müəllimlər var ki, dərslikdə verilən materialla kifayətlənir və alternativ vasitələr axtarmır. Nə şagird yüklənir, nə də müəllim əlavə əziyyət çəkir, amma şagirdin hansı səviyyədə faydalanmasına gəldikdə, aydın məsələdir ki, bu, birinci ilə müqayisədə çox da yaxşı nümunə deyil. Üçüncü kateqoriya müəllimlər isə nəinki dərsliklə kifayətlənir, eyni zamanda, dərslikdən əlavə lazımsız resurslardan istifadə edir. Bəzən müəllim heç bir mənbədə məlum olmayan, müəllifi tanınmayan, etibarsız mənbələri sinifə gətirməklə şagirdlərin fəaliyyətini “genişləndirir”, başqa tərəfdən də çoxsaylı ev tapşırıqları verməklə onları yükləyir. Bu da müəyyən uşaqlar üçün həm maraqsız, həm də yorucu görünür. Bəzən müşahidə edirik ki, sosial şəbəkələrdə hansısa mətndən bir parça qoyublar və böyük tənqid atəşinə tutulur ki, Təhsil Nazirliyi hara baxır? Günah həmin vəsaiti dərsdə tətbiq edən müəllimdədir”.

Öyrənmə prosesini rəngarəng etmək lazımdır

Əlavə tapşırıqlarla şagirdlərin yüklənməsi məsələsinə də aydınlıq gətirən Məhəbbət Vəliyeva söyləyir ki, birinci sinif şagirdinin yazı yazmaq bacarığı vacibdir: “Digər tərəfdən də rəqəmsal texnologiyanın tətbiqindən danışırıq və başa düşürük ki, orada xəttin gözəlliyi o qədər də önəmli deyil və bu mənada şagirdlərdə vacib bacarıqlar formalaşdırılmalıdır. Müəllimlər şagirdə fərdi yanaşmalıdır, onların maraq dairələrini öyrənib, tədris prosesini hər birinin ehtiyacına uyğun qurmalıdır. Bunun üçün müəllimdən əlavə vaxt, öz üzərində işləmək, yaradıcılıq, öz peşəsinə vurğunluq tələb edilir. Amma təəssüf ki, heç də bütün müəllimlərimiz peşəsinin vurğunu deyil. Belə olduqda müəllimlər şagirdin nəticə əldə etməsinin yeganə yolunu onu yükləməkdə görürlər. Düşünürlər ki, şagird çox yazarsa, eyni tapşırığı bir neçə dəfə yerinə yetirərsə, onda vərdiş formalaşdıracaq və biliyi möhkəmlənəcək. Amma bu, yanlış yoldur. Şagirdin öyrənmə prosesini maraqlı etmək üçün onun rəngarəngliyinə çalışmaq lazımdır”.

Savadsız müəllimi sistemdən kənarlaşdıranda…

Nazir müavini onu da diqqətə çatdırdı ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı məlum oldu ki, bu gün məktəblərimizdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var. Bu müəllimlər zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub və indi də çalışırlar: “Qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər üçün nazirlik əlavə olaraq ixtisasartırma təlimləri təşkil etdi və onlardan bəziləri öz nəticəsini həqiqətən, yaxşılaşdırdı. Elə müəllimlərimiz də var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. Aralarında da elələri var ki, bu yaşdan sonra onları yenidən hazırlamaq mümkün deyil. Bundan sonraki dövr sertifikatlaşdırma mərhələsidir ki, bu da həmin müəllimlərin öz üzərində ciddi çalışmasını tələb edir. Bundan bir ajiotaj, narahatçılıq da yaratmaq lazım deyil. Əlbəttə ki, heç bir valideyn istəməz ki onun övladına savadsız müəllim dərs desin. Bir savadsız müəllimi sistemdən kənarlaşdıranda da, o müəllim harasa şikayət edəndə də, hamı bunu anlayışla qəbul etməlidir”.

Uşaqların psixi inkişafla bağlı yaş dövrləri hökmən nəzərə alınmalıdır

O da həqiqətdir ki, təhsil sisteminin məqsədi gənc nəslə yalnız bu və ya digər fənnə aid biliklərin verilməsi deyil, həm də hərtərəfli şəxsiyyət yetişdirməkdir və burada da psixoloji məqamlara daha çox diqqət yetirilməlidir.

Şəxsiyyətin formalaşması və inkişafı haqqında yeni konseptual model yaratmış, təlim prosesində mənimsəmənin effektivliyini artırmaq üçün öyrənmənin dərketmə modelini irəli sürmüş Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevə bu istiqamətdə suallarımızı ünvanladıq.

36 illik pedaqoji fəaliyyətlə məşğul olan Bəxtiyar Əliyev zəngin təcrübəsinə əsaslanaraq bildirir ki, təhsilin şəxsiyyətyönümlü və humanistləşdirilməsi həyata keçirilən islahatların əsas məzmununu təşkil edən məsələlərdəndir: “Təkcə yüksək bilik, bacarıq, vərdişlərə yiyələnmiş mütəxəssisin deyil, vətəndaş mövqeyində olan, vətənini sevən və öz müstəqil dövləti üçün düşünən, milli dövlətçiliyə töhfəsini verən şəxsiyyətin formalaşdırılması vacib məsələlərdən biri kimi təhsildə qarşıya hədəf qoyulub. Çünki milli identiklik olmadan, milli dövlət qurmaq mümkün deyil. Bu baxımdan bütün ümumi təhsilin səviyyələrində, uşaqların psixi inkişafı ilə bağlı yaş dövrləri və xüsusiyyətləri hökmən nəzərə alınmalıdır. Hər bir yaş dövründə uşağın hafizəsinin, diqqətinin, təfəkkürünün, təxəyyülünün xüsusiyyətləri var. Biz bunları nəzərə almadan, tərbiyə və təlim prosesini düzgün qura bilmərik”.

Müəllimin dərsə, təlim-tərbiyə prosesinə münasibəti dəyişib

“Azərbaycanda təhsil islahatları müvafiq dövlət proqramı əsasında, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq 2013-cü ildən həyata keçirilir və artıq bu istiqamətdə xeyli işlər görülüb”- söyləyən professor Bəxtiyar Əliyev bildirir ki, qarşıya qoyulan hədəflərdən bir çoxuna nail olunub. Artıq 500 baldan çox nəticə göstərən abituriyentlər müəllimlik peşəsini seçirlər. Bu isə o deməkdir ki, ixtisasın məzmunu dəyişdirilib və müəllimin cəmiyyətdə olan nüfuzu geri qaytarılıb. Bununla paralel müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması, məktəb direktorlarının imtahanlarla seçilməsi, ixtisasartırmaların günün tələbləri və müvafiq standartlar əsasında qurulması bütövlükdə məktəbə və müəllimin dərsə, təlim, tərbiyə prosesinə münasibətini dəyişib.

Əksər hallarda uşaqlar təhsilə hazır deyildilər

Deputat deyir ki, söhbət artıq kəmiyyətdən yox, keyfiyyətdən gedir. Real gerçəklikdə təhsilin fasiləsizliyi təmin edilib və 5 yaşlı uşaqların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində və ya ümumtəhsil məktəblərində həyata keçirilir: “Təcrübə göstərirdi ki, əksər hallarda uşaqlar məktəbdə təhsilə hazır deyildilər və bu hazırlığı, uyğunlaşmanı uğurla keçmədən onların təlim nailiyyətləri qazanması, eyni zamanda, əxlaqi normaları mənimsəməsi çətin idi. Hazırda məktəbəqədər təhsilə hazırlıq təqribən 75 faizə yaxın uşaqla əhatə olunub. Halbuki, 10 il əvvəl ölkə üzrə bu göstərici 5 faiz idi və bu, qısa bir müddətdə əldə olunan inqilabi dəyişiklik, yenilikdir”.

Köhnəliklə yeniliyin mübarizəsi

Orta məktəblərdə hazırda istifadə olunan dərsliklərin həddindən çox mürəkkəb olması, bu məsələdə uşaqların yaş səviyyəsinin nəzərə alınmaması ilə bağlı səslənən tənqidlərə münasibət bildirən Bəxtiyar Əliyev nəzərə çatdırır ki, dərsliklər və təlim-tərbiyə prosesi müasir tələblərə uyğunlaşdırılmalıdır. Yəni, hazırlanmış dərsliklər o qədər mürəkkəb olmamalıdır ki, uşağın psixi inkişafını ləngitsin, yaxud da o qədər asan olmamlıdır ki, onun inkişafına təkan verə bilməsin: “Həmçinin dərsliklər şagirdin psixi inkişaf səviyyəsinə uyğun tərtib olunmalı, onların müstəqil və tənqidi düşünmək qabiliyyətini inkişaf etdirməlidir. Biz burada çox informasiya vermək yox, müstəqil düşünmə, qərar qəbul etmə və tənqidi yanaşmanı nəzərdə tuturuq. Belə olduqda həmin şagirdlər müstəqil surətdə materialları oxuya, mənimsəyə və tədqiq edə bilərlər. Bəzən isə informasiya ötürülür. Məsələn, kifayət qədər informasiya var, amma şagirdlər onu qəbul edə, bu bacarıq vərdişinə yiyələnə bilmirlər. Çünki tənqidi və müstəqil düşüncə yoxdur”.

Deputat deyir ki, hazırda təhsildə hədəf hər bir şagird, tələbənin öz potensial yaradıcı imkanlarını özü aşkar etmək və onu gerçəkləşdirməyi bacarmasıdır. Müəllim isə bu işdə ancaq köməkçi olmalıdır. Ona görə də ənənəvi təhsildən fərqli olaraq, hansı ki, şagirdə yalnız biliyin ötürülməsi üçün bir obyekt kimi baxılırdı, bu gün isə artıq təhsil alana təhsilin fəal subyekti kimi baxılır. Belə olan halda müəllim yalnız köməkçidir, istiqamət verəndir. Əsas işi görən, o fəallığı göstərən isə bu prosesin mərkəzində dayanan təhsil alandır. Təhsil sahəsində keçirilən islahat ona gətirib çıxarıb ki, müəllim artıq təhsilalanın özünün fəallığını təmin edir və buna köhnəliklə yeniliyin mübarizəsi kimi də baxmaq olar.

Uşaqların şəxsiyyət kimi formalaşması

Təhsil Nazirliyi tərəfindən “Sağlam təhsil-sağlam millət” adlı pilot proqramın həyata keçirildiyini diqqətə çatdıran AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevbildirir ki, həmin proqramda şagirdin neçə saat dərslə məşğul olması, fasilələrin müddəti, nə qədər fəal olmaları və digər müddəalar nəzərdə tutulub: “Çünki uşaqlarda fizioloji inkişaf prosesi gedir və uzun müddət hərəkətsizlik onların fiziki inkişafına müəyyən problemlər yaradır. Bir tərəfdən bədən, digər tərəfdən də beyin məşq etməlidir. Eyni zamanda, psixoloji xidmət təşkil olunur, təlim fəaliyyəti zamanı yaşanan emosional halların təlim müvəffəqiyyətlərinə təsiri, uşaqların şəxsiyyət kimi formalaşmasına maneə törədəcək halların aradan qaldırılması, sağlam sosial, psixoloji mühitin məktəblərdən ailələrə daşınmasına xidmət etmək əsas götürülür.

Ali məktəblərin məzmun və keyfiyyəti dəyişəcək

Bəxtiyar Əliyev hesab edir ki, “Ali təhsil haqqında” qanun layihəsi yaxın zamanda hazırlanıb təsdiq edilərsə, təhsil sahəsindəki qanunvericilik bazası tam təmin edilmiş olacaq. Artıq tədbirlər planı da hazırlanıb və bunlar ali məktəblərin bütün məzmun və keyfiyyətini dəyişəcək: “Deməliyik ki, hazırda ali məktəblərimizin heç də hamısı beynəlxalq standartlara və tələblərə cavab vermir. Bu isə yüksək ixtisaslı, peşəkar kadrların və vətəndaşın formalaşmasına, hazırlanmasına imkan vermir”.

Deputat deyir ki, təhsil sahəsində müəyyən problemlər də var, amma onların həlli üçün təsirli, ardıcıl bir siyasət həyata keçirilir və 2020-ci ildə bu hədəflərə nail olunacaq. Belə olan halda isə yaxın zamanda Azərbaycan təhsili dünyaya mütərəqqi modellərdən birini təqdim edəcək.

Pedaqoji fakültələrin buraxılışları ürəkaçan deyil

Reallıqdır ki, orta məktəblərdə təhsilin müasir metodlarla tədrisinə daha yaxşı nail olunması üçün müəllimlərin təkmilləşdirilməsinə də böyük ehtiyac var.

Dəfələrlə müxtəlif nominasiyalarda ilin ən yaxşı müəllimi seçilmiş və Azərbaycan dili üzrə kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmiş təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bu sahədə pedaqoji fakültələrin buraxılışlarının ürəkaçan olmadığını vurğulayır.

O deyir ki, məhz bu amil orta məktəblərdə yeniliklərin tətbiq olunmasını ləngidir: “Azərbaycan dinamik inkişaf edən dövlətdir və dünyaya inteqrasiyada heç vaxt ləngimir. 2006-ci ildən yeni kurikulum layihəsinin həyata keçməsi, dərsliklərin yenidən hazırlanması, müəllimlər üçün yüzlərlə treninqin keçirilməsi bunun əyani sübutudur. Lakin etiraf etmək lazımdır ki, müəllimlərin təkmilləşməsi, zamanın tələbinə uyğunlaşdırılması çox ağır prosesdir. İstər “Təhsil haqqında” qanun, istərsə də fənn kurikulumları yetərincə mütərəqqidir, lakin bunun icrasında problemlər hələ də qalmaqdadır. Zənnimcə, bunun əsas amili universitetlərin pedaqoji fakültələrinin buraxılışlarının ürəkaçan olmamasındadır. Bu da Təhsil Nazirliyinin orta məktəblərdə köklü islahatları tam miqyasda aparmaq istəyini həyata keçirməkdə çətinlik yaradır. Bu gün məktəblərimizdə texnoloji imkanlar, infrastruktur çox inkişaf edir, fərdi yanaşma tələbləri daim vurğulanır. Amma bunun müqabilində universitetdən məktəbə gələn gənc kadrlar bu tələblərə demək olar ki, cavab verə bilmirlər”.

Universitet təhsilinin pedaqoji sahədə ümidləri doğrultmadığını və müəllimlərin müəyyən səviyyəyə gəlib çatmasının xeyli zamana və əlavə xərclərə başa gəldiyini söyləyən Şəmil Sadiq bildirir ki, ən mükəmməl tədris modellərindən sayılan Finlandiya təhsilinin birinci uğuru müəllimlərin hazırlanmasındakı düzgün metodlardır: “Bu problemin bir əsas qaynağı da valideynlərdir ki, onlar da zamanın tələblərinə uyğunlaşmasa, biz təhsili istədiyimiz səviyyəyə qaldıra bilmərik. Günümüzün şagirdi çeviklik, praktik zəka və analitik olmağı tələb edir, amma təhsil verənlər buna cavab verə bilməyəndə yazılan bütün qanunların, layihələrin tələbəni ödəyə bilmirik. Onun üçün də düşünürəm ki, qarşıdakı illərdə müəllimlərin təkmilləşdirilməsi üçün ciddi və davamlı layihələrə ehtiyac var”.

Uşaqlar bilgi yüklü robota çevrilə bilər

“Birmənalı şəkildə deyə bilərəm ki, bugünkü orta məktəb tədris proqramı insan yetişdirmək üçün çox ağırdır” – deyən fəlsəfə doktoru izah edir ki, daha çox bilgi yönümlü təhsil sisteminə malik olduğumuzdan şagirdlərin yükünün ağırlığı xüsusi diqqət cəlb edir. Dünya təhsil sistemində yanaşmalar çoxdan dəyişib. Artıq elm, bilik öyrənməyin yeri universitetlər, elm mərkəzləridir. Məktəb isə ilk olaraq tərbiyə müəssisəsi olmalıdır. O tərbiyə ki, içində milli ideologiya, əxlaqi dəyərlər, insani münasibətlər, özünüifadə, bacarıqlar və digər meyarlar daşısın: “Lakin bu gün bizim şagird, valideyn və müəllimi sadəcə, universitet birləşdirir. Hər kəs bu yarışın içindədir. Tədris proqramı vətəndaş yetişdirməyə köklənmədikcə, bu acınacaqlı durumu davamlı yaşayacağıq. Uşaqlar bilgi yüklü bir robota çevriləcək ki, bu da milli dövlətçilik yönündə zərərli addımdır”.

Şagirdi necə yaxşı vətəndaş etməli

Şəmil Sadiq qeyd edir ki, universitetlərə qəbul proqramının yaddaş yüklü olması müəllimləri öz müqəddəs funksiyalarını unudub şagirdlərə bilik əzbərlətdirməklə məşğul edir ki, bu da heç bir halda ümummilli və bəşəri məqsədləri ifadə etmir.

Bugünkü təhsil, toxunaraq öyrənməyi tələb edir, nəzəri biliklərin əzbərlədilməsini yox. Hər bir uğurlu insan məktəbdə əzbərlədiyi tərifə görə deyil, əldə etdiyi bacarığa görə həyatda yaşamını asanlaşdırır və cəmiyyətə də faydalı olur: “Nəzəriyyələr önəmlidir, amma o nəzəriyyələr praktika zamanı mənimsəniləndə daha davamlı olur. Şagird qrammatikanı mənimsəyib, düzgün və səlis danışmırsa, tarixi faktları əzbərləyib millətini tanımırsa, biologiyadan beş alıb bir dostunun qolu çıxdığı zaman ona ilk tibbi yardım göstərmək bacarığı yoxdursa, fizikanın düsturlarını, təriflərini öyrənib bir məftili o birinə bağlaya bilmirsə, riyazi düsturu əzbərləyib, ailə büdcəsini idarə etməyə qadir deyilsə, bütün şair və yazıçılarımızın həyat və yaradıcılığını öyrənib, insani dəyərlərə hörmət etmirsə, sevməyi, sevilməyi bacarmırsa, ünsiyyət problemindən əziyyət çəkirsə, o insan ölkəyə necə yaxşı vətəndaş olacaq?!”.

Qiymət, imtahan, valideyn qorxusu…

Fəlsəfə doktoru söyləyir ki, Təhsil Nazirliyinin son dövrlərdə müəyyənləşdirdiyi ən böyük tələblərdən biri həyati bacarıqlara uyğun tədrisdir. Lakin hələ də müəllimlərimizin əksəriyyəti ya bu yöndə işləyə bilmir, ya da valideynlərimiz tərəfindən buna imkan verilmir: “Bir müəllim dərsini oyun və əyləncə əsasında keçməyə cəhd edəndə təəssüflər olsun valideynlərimiz bunu klassik baxışla qəbul etmir, “bu necə dərsdir, bizim vaxtımızda belə deyildi” deyib, müəllimi kreativ təşəbbüsündən çəkindirməyə cəhd edir. Tədrisə yanaşma çoxdan dəyişilməlidir, şagird məktəbdə xoşbəxt olmalıdır, ola bilmirsə, demək, məktəb işini düzgün qura bilməyib. Bizim şagirdlər bu gün məktəbə çox hallarda getməyə məhkum olduqları yer kimi baxırlar, ona görə də öyrəndikləri ruhlarına hopmur. Bunun yeganə səbəbi ağır düsturların, mühazirə xarakterli çıxışların, məcburi öyrədilmə cəhdlərinin problemidir”.

Araşdırmadan da göründüyü kimi, təkcə orta məktəblərdə təhsilin modern üslubda tədrisi bu sahədəki çatışmazlıqları aradan qaldırmayacaq. Paralel olaraq ali məktəblərə qəbul proqramında da dəyişikliklər mütləqdir. Əks təqdirdə, bilgi yüklü qəbul proqramı, müasir üsulla təhsil almış şagirdin standartları ilə üst-üstə düşməyəcək və o, yenidən əzbər öyrənməyə meyillənəcək.

O da həqiqətdir ki, yaxşı təhsil nə universitet məzunu olmaq, nə də yüksək bilik sahibinə çevrilməklə ölçülür. Burada əsas olan təhsil aldığın, ya da işlədiyin sahədə özünü rahat və xöşbəxt hiss edə bilməndir. Onun üçün də şagirdi qiymət nigarançılığına, imtahan təlaşına, valideyn qorxusuna öyrətməkdən əl çəkilməli, onu maraqlandıracaq yollar aranmalıdır…

Yasəmən MUSAYEVA,

“Azərbaycan” qəzeti

Xəbərlər

“Yuxu maşını” Rusiyanın prestijli ədəbi mükafatına namizəd göstərildi

Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq “Yuxu maşını” əsərinə görə Rusiya Yazıçılar Birliyi tərəfindən təşkil olunan “İlin yazarı 2018” nominasiyası üzrə mükafata namizəd göstərilib.

 

Sözügedən nominasiya birliyin ən prestijli mükafatını alır və əsasən, Rusiyanın milli yazıçılarına verilir. Ş.Sadiqin fantastik-qurğu janrında yazdığı “Yuxu maşını” kitabı 8 milyona yaxın əsər arasından seçilərək qısa siyahıya düşə bilib. Qeyd edək ki, mükafatlandırma mərasimi 2019-cu ilin mart ayında Moskva şəhərində keçiriləcək.