Bölmə baxışı

Xəbərlər

Xəbərlər

Şəmil Sadiq Turan Akademiyasının Qurucu üzvü seçildi

Şəmil Sadiq Turan Akademiyasının Qurucu üzvü seçildi
8 oktyabr 2025-ci ildə Qazaxıstanın Almatı şəhərində yerləşən “Turan” Universitetində Turan Akademiyasının təntənəli təsis konfransı keçirildi. Mərasimdə Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və İrandan tanınmış alimlər, ictimai-mədəniyyət xadimləri, diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.

Akademiyanın missiyası türk ölkələrinin alim və ictimai xadimlərini birləşdirərək ortaq elmi-mədəni məkan formalaşdırmaq, türk sivilizasiyasının zəngin irsinin tədqiq və təbliğini gücləndirmək, eləcə də gənc tədqiqatçıların elmi potensialını artırmaqdır.

Tədbirin moderatoru “Turan” Universitetinin beynəlxalq əlaqələr və doktorantura üzrə prorektoru, PhD, dosent, Turan Akademiyasının vitse-prezidenti Gülcanat Yubatqanqızı Tayauova olub. Açılışı Turan Akademiyasının prezidenti, iqtisad elmləri doktoru, professor, “Turan” Universitetinin rektoru, Qazaxıstanın Əməkdar xadimi Rahman Alşanov və Akademiyanın həmsədri, Türk Xalqları Şurasının sədri, ictimai xadim Mahmut Oral elan ediblər. Mərasim çərçivəsində Akademiyanın yeni üzvlərinə diplomlar təqdim olunub, iştirakçı ölkələrin rəsmi nümayəndələri, alimlər və ictimai xadimlər təbrik çıxışları ediblər.

Turan Akademiyasının Azərbaycandan olan qurucu üzvü — Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq mərasimdə çıxış edərək, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Azərbaycanda toplaşdığı bir vaxtda Qazaxıstanda, məhz “Turan” Universitetində Turan Akademiyasının təsisini önəmli hadisə hesab etdiyini vurğulayaraq və alqışladığını bildirib. O, Turan Akademiyasının nəzdində “Turan Uşaq Akademiyası”nın Azərbaycanda Hədəf Şirkətlər Qrupu tərəfindən qurulmasını təklif edib: məqsəd məktəbdən başlayaraq gənclər arasında elmi marağı gücləndirmək, şagirdlər arasında elmi əlaqələri və dostluqları genişləndirməkdir. Təklif Akademiya üzvləri tərəfindən müsbət qarşılanıb. Sonda Şəmil Sadiq böyük filosof-şair Hüseyn Cavidə həsr etdiyi “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası” adlı monoqrafiyanı universitetin rektoruna təqdim edib.

Turan Akademiyasının tam üzvləri seçilən şəxslər aşağıdakılardır:

• Raxman Alşanov – Turan Akademiyasının prezidenti, iqtisad elmləri doktoru, professor, “Turan” Universitetinin rektoru, Qazaxıstan Respublikasının Əməkdar xadimi;

• Mahmut Oral – Turan Akademiyasının həmsədri, Türk Xalqları Şurasının Baş sədri (Türkiyə);

• Güljanat Jubatqanqızı Tayauova – Turan Akademiyasının vitse-prezidenti, “Turan” Universitetinin beynəlxalq əlaqələr və doktorantura üzrə prorektoru, fəlsəfə üzrə PhD, dosent, Qazaxıstan Respublikası İqtisadi Elmlər Akademiyasının akademiki;

• Ali Kılıç – yazıçı, jurnalist, ictimai və siyasi xadim, “Turan” Universitetinin Müşahidə Şurasının üzvü (Türkiyə);

• Adil Axmetov – filologiya elmləri doktoru, professor, siyasətçi, diplomat, Qazaxıstanın Əməkdar xadimi;

• Vedat Köle – Qədim Türk Akademiyasının prezidenti (Türkiyə);

• Abdıldajan Akmataliev – filologiya elmləri doktoru, professor, Qırğızıstan Milli Elmlər Akademiyasının akademiki;

• Şəmil Kamil oğlu Sadıqov – PhD, dosent, Hedef Şirkətlər Qrupunun qurucu direktoru (Azərbaycan);

• Almasbek Maulenov – filologiya elmləri doktoru, professor, türkoloq, Jambıl adına Filoloji Tədqiqatlar Mərkəzinin direktoru (Qazaxıstan);

• Asan Turabayev – akademik Ə. Kuatbekov adına Xalqlar Dostluğu Universitetinin professoru, Qazaxıstan Jurnalistlər İttifaqının üzvü, “Əməkdə fərqlənməyə görə” medalı laureatı (Qazaxıstan);

• İlesbek Bayjanov – mühəndis, iqtisadçı, jurnalist, yazıçı, “Aqyqat – 1” İctimai Birliyinin sədri (Qazaxıstan);

• Ulıqbek Yesdəulet – şair, ədəbiyyatşünas, publisist, Qazaxıstanın Əməkdar xadimi;

• Yüksel Yalova – Türk-Fransız Mədəniyyət Cəmiyyətinin sədri, Okan Universitetinin Müşahidə Şurasının üzvü, Türkiyə Böyük Millət Məclisinin sabiq sədr müavini (Türkiyə);

• Semih Güneri – arxeoloq, professor, akademik, yazıçı (Türkiyə);

• Sacid Turanlı – PhD, professor, Qazi Universitetinin Ortopediya və Travmatologiya kafedrasının sabiq müdiri (Türkiyə);

• Osman Karatay – tarix elmləri professoru, akademik, Egey Universiteti (Türkiyə);

• Nedjati Demir – filologiya elmləri professoru, türk dili və ədəbiyyatı üzrə mütəxəssis, Qazi Universitetinin kafedra müdiri (Türkiyə);

• Hilmi Özden – tibb elmləri doktoru, professor, Eskişehir Osmangazi Universiteti Türk Dünyası Tədqiqat və Tətbiqetmə Mərkəzinin rəhbəri (Türkiyə);

• Ekrem Memiş – professor, tarixçi, tədqiqatçı və yazıçı, Türkiyə və Yaxın Şərq tarixi üzrə mütəxəssis (Türkiyə);

• Berdi Sarıyev – filologiya elmləri doktoru, professor, Ankara Universitetinin Müasir Türk Dilləri kafedrasının müəllimi, Atatürkün “Nutuk” əsərini türkmən dilinə tərcümə edən alim (Türkmənistan);

• Mehmet Ali Esmer – Trakya Universitetinin Memarlıq fakültəsinin professoru, Mimar Sinan Fondunun sədri (Türkiyə);

• Babək Cavanshir – dosent, tarixçi, türkoloq, İran türklərinin tarixi və mədəniyyəti üzrə tədqiqatçı (İran);

• Rasul Axmetov – Qazaxıstan Xalqları Assambleyası sədrinin müavini, İctimai Diplomatiya Fondunun prezidenti, “Ahıska” türk etnomədəni birliyinin sədr müavini (Qazaxıstan);

• Feruza Cumaniazova – tarix elmləri doktoru, türkoloq, Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi (Özbəkistan);

• Nurettin Çakır – PhD, tarix və coğrafiya müəllimi, türk dili tədrisi və tərcümə sahəsi üzrə tədqiqatçı (Türkiyə).

Mərasimdə Akademiyanın loqotipi də təqdim olunub. Loqotipin İdeya müəllifi Raxman Alşanov, qrafik dizayneri Murat Çevikdir. Loqotipin bədii həlli qədim türk qayaüstü təsvirlərindən ilhamlanır və Turan coğrafiyasının sakral rəmzlərini əks etdirir.

Turan Akademiyası türk xalqlarının elmi və mədəni əməkdaşlığını dərinləşdirməyi hədəfləyən beynəlxalq platformadır. Açılış mərasimi gələcək birgə tədqiqat layihələri, konfranslar və gənclər üçün elmi proqramların həyata keçirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Xəbərlər

Şəmil Sadiq Kuala Lumpurdə keçirilən “Smart City Expo Kuala Lumpur 2025” sərgisində iştirak edib

Şəmil Sadiq Kuala Lumpurdə keçirilən “Smart City Expo Kuala Lumpur 2025” sərgisində iştirak edib

17–19 sentyabr tarixlərində Kuala Lumpur Konqres Mərkəzində keçirilən “Smart City Expo Kuala Lumpur 2025” sərgisi bu il də “AI Cities: Shaping Our Digital Future” (“Süni intellekt şəhərləri: Rəqəmsal gələcəyimizi formalaşdırmaq”) şüarı ilə dünyanın müxtəlif ölkələrindən texnologiya mütəxəssislərini, startapları, dövlət nümayəndələrini və investorları bir araya gətirdi. Tədbirdə Hədəf Şirkətlər Qrupunu təmsil edən təhsil texnoloqu və iş adamı Şəmil Sadiq də iştirak edərək təqdim olunan yeniliklərlə tanış olub.

Qeyd edək ki, “Smart City Expo Kuala Lumpur” Barselonada keçirilən beynəlxalq “Smart City Expo World Congress” platformasının Asiya versiyası sayılır və regionda şəhərsalma, dayanıqlılıq, rəqəmsal transformasiya və süni intellekt tətbiqlərinə dair ən nüfuzlu tədbirlərdən biridir. Bu il sərgidə:

  • Tesla, Huawei, Western Robot, Malaysia Digital Economy Corporation (MDEC), ASEAN Smart City Network kimi tanınmış şirkətlər stendlərlə çıxış etdilər;
  • Startap zonasında gənc ixtiraçılar və innovativ layihələr nümayiş etdirildi;
  • “Live Theatre” səhnəsində süni intellektin şəhər idarəçiliyində rolu, robot texnologiyaları, yaşıl enerji və “ağıllı nəqliyyat” mövzularında müzakirələr aparıldı.

Sərgidə ziyarətçilərin diqqətini ən çox cəlb edən ekspozisiyalar arasında müxtəlif növ robotlar yer aldı:

  • Tesla Optimus humanoid robotu,
  • Western Robot şirkətinin ikiayaqlı servisiya robotları,
  • Neft və qaz kəmərlərini yoxlaya bilən robot itlər,
  • Həmçinin “Sophia” kimi insana bənzər humanoid robotlar interaktiv təqdimatlar nümayiş etdirdilər.

Robotların sərgi iştirakçıları ilə foto çəkdirməsi, suallara cavab verməsi və bəzi hallarda səhnədə çıxış etməsi tədbirə rəng qatdı.

Şəmil Sadiq sərgidə həm innovativ texnologiyalarla yaxından tanış olub, həm də onların təhsil sahəsində tətbiqi ilə bağlı müzakirələr aparıb. O, xüsusilə süni intellektin məktəb idarəetməsi, dərs prosesinin avtomatlaşdırılması və şagirdlərin yaradıcı bacarıqlarının inkişafında rolu barədə maraqlı fikir mübadilələri aparıb.

Bu cür beynəlxalq tədbirlər təhsil liderləri üçün yeni texnologiyaları öyrənmək, beynəlxalq şəbəkələr qurmaq və Azərbaycanda tətbiq edilə biləcək innovativ həlləri araşdırmaq baxımından mühüm platforma hesab olunur.

Xəbərlər

Ev tapşırığı

Ev tapşırığı

Təhsildə ev tapşırığı anlayışı uzun illərdir, müzakirə olunan və bəzən də problematik qəbul edilən mövzulardan biridir. Müasir dövrdə valideyn, müəllim və şagirdlərin gündəlik həyatında ev tapşırıqlarının yaratdığı gərginlik təhsil sistemində daha geniş strateji suallar doğurur: “Ev tapşırığının məqsədi nədir, hansı yaş səviyyəsində və miqdarda tətbiq edilməlidir, beynəlxalq təcrübədə bu məsələyə yanaşmalar necədir?”

Ev tapşırıqlarının mənşəyi XIX əsrin sonlarında Avropa və ABŞ məktəblərinə gedib çıxır. Əvvəlcə sadə məşqlər kimi təqdim edilən tapşırıqlar XX əsrdə daha geniş ölçü alıb, xüsusən də standartlaşdırılmış qiymətləndirmə modellərinin  yayılması ilə yükü artıb. Tarixə nəzər yetirsək, ustad-şagird təhsili dövründə biz ev tapşırıqları görmərik. OECD və UNESCO-nun araşdırmalarına görə, 2018-ci ildən etibarən bir çox ölkə ibtidai siniflərdə ev tapşırıqlarını məhdudlaşdırmağa başlayıb.

Müasir təcrübələr, araşdırmalar və beynəlxalq müqayisələr göstərir ki, ev tapşırığı ilə şagird nailiyyəti arasında birbaşa müsbət əlaqə yalnız yuxarı siniflərdə müşahidə olunur. OECD-nin PISA hesabatları ibtidai siniflərdə həddindən artıq tapşırığın şagirdlərin motivasiyasına və rifahına mənfi təsir göstərdiyini vurğulayır. Finlandiya, Danimarka, Kanada kimi ölkələr 1 – 6-cı siniflərdə ev tapşırıqlarını minimuma endirərək dərs zamanı aktiv öyrənməyə üstünlük verirlər.

Azərbaycan təhsil mühitində ev tapşırıqları əsasən test formatında təqdim edilir və bu, sözsüz ki, yaradıcı bacarıqların inkişafına mane olur.  Hədəf Liseylərində 2018-ci ildən ibtidai siniflərdə ev tapşırıqlarının ləğv edilməsi təcrübəsi göstərir ki, dərs vaxtının effektiv təşkili və müəllimlərin metodik hazırlığı bu yükü əvəz edə bilər.

Məhz bunun üçün də bu mövzuya geniş toxunmaq istədim. Etiraf edək ki, bu gün ev tapşırığı məsələsi ciddi kabusa çevrilib. Göründüyü kimi, bu kabus son yüz ildir, davam edir və hər keçən gün bir az da ağırlaşmaqdadır. Yadıma gəlir ki, mən uşaq olanda da ev tapşırığı problem idi, amma indi bu problem o qədər böyüyüb ki, idarə etmək mümkün deyil.

Bugünkü anlamda ev tapşırığının hansı səbəblərdən problem yaratdığını bir neçə başlıqla ifadə edib izahını vermək istəyirəm:

  1. Ev tapşırığı ailənin hüzurunu pozur;
  2. Ev tapşırığı mahiyyətini itirib, formal xarakter daşıyır;
  3. Ev tapşırığı ailələrin büdcəsinə ciddi şəkildə təsir edir;
  4. Ev tapşırığı müəllimlərin yaradıcılıq potensilanı öldürür.

Məncə, ev tapşırığı ailənin hüzurunu pozan, müəllimi düşmənə çevirən, məktəblə şagirdi, ata ilə ananı, ata ilə uşağı üz-üzə qoyan ən böyük amildir. Çünki bu günün şagirdi evə ev tapşırığı yükü ilə gedir, günün ağırlığını təzəcə atıb, nə iləsə məşğul olmaq, əylənmək, öz hücrəsinə çəkilmək istəyən kimi ata və ya ana o dəqiqə qışqırır, dərsləri həll etməyi tapşırır. Və ya ata evə gələn kimi ananın giley-güzarı və atanın gününün qara olmasıdır. Beləcə, qırışığı yenicə açılan uşaq müəlliminə də, məktəbə də qıcıq olur, əsəbi şəkildə o formal tapşırıqları etməyə gedir. Digər məsələ də uşağın evə tapşırıqsız getməsidir. Əgər hansısa innovativ və ya dəstədən geri qalan müəllim ev tapşırığına üstünlük vermirsə, onda da bir ayrı qırğın; “Sən demə, müəllim dərs keçmirmiş…”

Ev tapşırığının bu qədər dəb olması isə özü ilə köçürmələri, formallığı gətirir. Hamımız çox yaxşı bilirik ki, ibtidai siniflərdə adətən analar bu işi həll edir, uşaq yatsa da, çantasına qoyur. Yuxarı siniflərdə də bu “analığı” süni zəka proqramları öz üzərinə götürür. Beləcə, mahiyyətindən uzaqlaşaraq vaxt itkisinə çevrilən gərəksiz iş olur ev tapşırığı.

Axı bu ev tapşırığının mahiyyəti nədir, niyə bu qədər söz-söhbətə, problemə çevrilib dünya təhsilində?

Əslində, ev tapşırığı məktbədə keçirilənlərin möhkəmləndirilməsi məqsədi daşıyır. Yəni dərs keçirilir, bitir, yeni keçirilmiş dərs unudulmasın, möhkəmləndirilsin deyə müəllimlər evdə həll etmək üçün 2-3 tapşırıq verməlidir. Amma bir zamanların çalışma kimi təqdim edilən ev tapşırığı indi hədəqəsindən çıxıb, yüzlərlə testin həll edilməsinə gətirib çıxarıb. Təsəvvür edin, 5 – 8-ci siniflərdə gündə dörd fənn tədris edilərsə, hər fəndən 20 testin həll edilməsi evə tapşırılır (bəzən test sayı 50-100-ə qədər arta bilər). Deməli, uşaq hər gün evdə 80-100 tapşırıq etməli, üstünə ədəbiyyatdan, tarixdən, coğrafiyadan fənləri oxumalıdır və s. Günün əsas hissəsini məktəbdə keçirən şagird gününün digər yarısını da tapşırıq etməklə keçirməlidir. Amma keçirmir, çünki o, tapşırıqları elə qəşəng yola verib məktəbə gəlir ki, müəllim bunu hiss etsə də, üzə vurmur. Ya yaxşı oxuyan bir şagirdin yazdığı testləri digərləri də köçürür, ya da internet üzərindən cavabları tapıb yazır. Biz də buna “təhsil” deyirik. Burda şagirdin əldə etdiyi yeganə bacarıq vəziyyətdən çıxamağın yollarını tapmaqdır. Bəli, burda ironiya ilə deyə bilərik ki, məktəb bizə həyatı öyədir…

Nəzərə alsaq ki, bu gün evə verilən tapşırıqların 90 faizi testdən ibarətdir, yəni yaradıcı, düşündürücü, araşdırıcı deyil, deməli, ev tapşırığı ifadəsi özü kökündən yön dəyişidirib başqa məqsədlərə xidmət edir. Bunun nəticəsidir ki, ev tapşırığı anlayışı dövlət və özəl qurumlar tərəfindən biznes yarışına çevrilib. Niyəsini deyim. Deməli, dövlət büdcəsi ilə dərsliklər çap edilir və şagirdlərə pulsuz verilir. Amma nazirliyin qrifi ilə çap edilən iş dəftərləri müxtəlif nəşriyyatlar tərəfindən çap edilir və satışa çıxarılır. Onun üstünə Dövlət İmtahan Mərkəzi də geri qalmayıb, qiymətləndirmə vəsaiti, iş dəftəri formatında tapşırıqlar toplusu nəşr edib bazara buraxır. Hər iki qurumun nəşrləri daha çox biznes məqsədlidir. Hə, bunun da üstünə özəl sektorun nəşriyyatları, repetitorları müxtəlif rəngdə, formatda, tərtibatda tapşırıqlar toplusu çap edir. Çünki qəbul sistemimiz tərəfindən tələbat yaradılıb. Deməli, hansısa sinifdə bir valideyn hər fəndən ən az iki-üç test tapşırıqları toplusu almağa məhkum olur. İkisi dövlət qurumu, biri də özəl olanda vəziyyəti özünüz düşünün. Bu da sözsüz ki, valideyn büdcəsinə ciddi təsir edir və haqlı narazılıqlar baş alıb gedir.

Digər ağrılı tərəfi isə müəllimlərimizin ev tapşırığı altında, bir növ, gizlənməsidir. Niyəsini yenə izah edim. Əslində, hər bir müəllim dərsinə hazırlaşmalı, hansı sualları, tapşırıqları, oyunları keçməli olduğunu müəyyənləşdirməlidir. Əlimizdə hazır test topluları olduğu üçün əksər müəllim dərsini keçən kimi adama 10 test verib, “Həll edin, gəlirəm”, ya da “Həll edin, gəlin” deyir. Bəzi müəllimlər va ha, qıçın aşırıb qıçının üstünə bütün dərslərini qiraət formasında keçirdi, bu da bir növ, ondandır. Yəni “Sən oxu, indi sən oxu, sonra sən oxu”, axırda da beli ağrıyıb ayağa qalxanda qəfil birinin qulağından tutub: “Harda qalmışdı, niyə izləmirsən?” – deyən müəllim tiplərinin testologiya variantıdır. Sözsüz, bu dediklərim bütün müəllimlərimiz üçün deyil, amma təəssüflər olsun ki, əksər müəllimlərimiz bu metoddan istifadə edir. Tapşırığını edib gələn uşaqdan da, 1a, 2c, 3d, 4b kimi əlifba və rəqəmlər dərsi keçirilir. Bütün bunlar isə yaradıcı mühitin ölməsi, məhv olmasıdır.

Əziz valideynlər, evdə dərs oxumayan uşaq zəif olacaq, dərsindən geri qalacaq deyə ölçü meyarı yoxdur. Əvvəlcə siz buna qarşı çıxmalı, çox tapşırıq yükləyən məktəblə, müəllimlə mübarizə aparmalısınız. Dərs açılmamış müəllimlər kitab siyahısı yazdırır, “Filan nəşrdən filan kitabı, filan nəşrdən filan kitabları alın” deyirlər. Almayın, qoyun müəllim zəhmət çəkib evə yaradıcı tapşırıq versin, siz də zəhmət çəkib uşaqlarınızla vaxt keçirin.

Müəllimlərimiz də bu mövzuda bir az aktivlik göstərməli, uşaqları əzbərçi testlərə yükləməməlidir. Əminəm ki, sınasanız, görərsiniz ki, dərsi dərsdə öyrətmək və möhkəmləndirmək mümkündür. Sadəcə bunun üçün cəhd edilməli, yollar araşdırılmalıdır. Düzdür, fənlərə görə bu dediklərim bir az fərqli ola bilər, amma ümumilikdə ən azı 8-ci sinfə qədər ev tapşırığı olmadan keçinmək mümkündür, xüsusən də sadəcə dərsliklər əsasında…

Ev tapşırığı heç bir halda öyrənmə meyarı deyil, ola da bilməz. Ümumilikdə təhsildə lazımlı olan bu yanaşma öz məcrasından çıxıb, artıq geri dönüş yoxdur və yeganə yolu birdəfəlik qadağan olunmaqla məsələni həll etmək olar. Təhsil sevgi olmalıdır, gestapo yox. Bu cür yolunu azmış metod və yanaşmalar günümüzün məktəblərini dözülməz hala gətirir. Onsuz da, informasiya selində boğulan cəmiyyəti bir də gərəksiz yüklərlə incitməməliyik. Həm mənim, həm də müsir təhsil araşdırmaları və statistikalarının gəldiyi qənaət budur ki, heç olmasa, 1 – 6-cı siniflərdə evə verilən tapşırıqlar sadəcə yaradıcı, ailə birliyini formalaşdıran, əyləncəli, araşdırma və sorğulama qabilliyyəti olan insan yetişdirməldir. Əzbərçi mühiti formalaşdırmamalıdır. “Ev tapşırığı nə qədər çox olarsa, uşaq daha artıq məşğul olar, əlavə məşğuliyyətlərə qurşanmaz, dərslərini yaxşı oxuyar” deyə bir şey yoxdur.

Az qaldı, əminəm, az qaldı! Yaxın zamanlarda yaşadığımız bu məktəb modeli yerlə-yeksan olacaq, bu cür diplom xəstəliyinə yoluxmuş təhsil tamamən yerini başqa modelə verəcək. İvan İliçin “Məktəbsiz cəmiyyət” adlı əsərini oxusanız, məktəblərin cəmiyyətə nə qədər zərbə vurduğunun da şahidi olarsınız. Ona görə də səriştəəsaslı dərsə yön alın. Əmin olun, o uşaqlar çox möhtəşəm olurlar. 20 illik təcrübəsi olan bir müəllim kimi buna əminəm, çünki şahidi olmuşam. Gəlin təhsilə baxışımızı dəyişək. Qoyun  universitetə hazırlaşanda bunları əzbərləsinlər, öyrənsinlər, heç olmasa, məktəbin 8 ilini uşaq kimi yaşasınlar, insanlığı, cəmiyyəti dərk etsinlər, davranışlar formalaşdırsınlar.

Bir neçə yaradıcı ev tapşırığı nümunəsini qeyd edirəm və əminəm ki, müəllimlərimiz daha yaxşı nümunələr taparlar. Bunlar o tapşırıqlardır ki, hansısa kitabları aldırıb, ağaclara ziyan vurdurmayacaq…

Müsahibə

Balabilgə valideynindən onun ixtisasına dair müsahibə götürür.

Nə üçün bu ixtisası seçdi? Bu ixtisasa sahib olan bir insanın xarakterik xüsusiyyətləri, düşünmə tərzi necə olmalıdır? İxtisasını artırmaq, təkmilləşmək tələbi ilə üzləşirmi? İxtisasına dair hansı qaynaqlardan bilgi və bacarıqlarını artırmaq üçün mütəmadi istifadə edir?

Balabilgə müsahibəni yazılı və ya audioqeyd olaraq müəllimə təqdim edir. Müsahibənin əsas tezislərini xülasə halında siniflə bölüşür.

Nəsillərarası təhsil fərqi

Balabilgə ana və ya ata tərəfin yaşlı nümayəndəsindən müsahibə alır.

Onun dövründə təhsil necə idi? Hansı mövzuları keçirdilər? Hansı vasitələrdən istifadə edirdilər? Müəllimlərin balabilgələrlə rəftarı necə idi? Hansı texnologiyalar mövcud idi?

Balabilgə eyni sualları atasına və ya anasına, həm də özünə verir. Üç nəsil (nənə-baba, ana-ata, balabilgə) arasındakı təhsil və texnoloji fərqləri müəyyən edib yazılı halda müəllimə təqdim edir.

Ev iqtisadiyyatı

Balabilgə evin aylıq kommunal xərclərinin siyahısını müəyyənləşdirir.

Qaza, suya, elektrikə ayda nə qədər ödəniş olunur? Kommunal xərcləri azaltmaq, ətraf mühitin çirklənməsinə mane olmaq üçün balabilgənin hansı təklifləri var? İşıq, su, qaz və s. xidmətlərdən necə daha qənaətlə istifadə etmək olar?

Sağlam həyat

Balabilgə valideyni ilə birlikdə sağlam həyat haqqında məsləhətlər siyahısı hazırlayır.

Saat neçədə yatmaq lazımdır? Neçə saat yatmaq lazımdır? Hansı qidalar mineral, vitamin, liflər, mikroelementlər baxımından zəngindir? Şirniyyat yemək norması nə qədər olmalıdır? Stresin əsəb və mədə xəstəliklərinə təsiri nədir? Stres necə azaldıla bilər?

Bədii zövq

Balabilgə valideyni ilə onun ən çox sevdiyi film, aktyor, əsər, qəhrəman haqqında danışır.

Valideyn nə üçün bu film, əsər, aktyor və qəhrəmanları sevir? Onlarda bəyəndiyi cəhət hansıdır? Hansı əsər və obraz ona çox təsir edib?

Balabilgə ilə valideyni parçadan kukla tikirlər və onun hansı canlı növünə aid olduğunu müəyyən edib ad verirlər. O canlının gözündən ekoloji vəziyyəti təsvir edirlər və balabilgə sinifdə bu kukla tamaşasını təqdim edir.

Coğrafiya

Balabilgə valideyni ilə birlikdə yaşadıqları yerin coğrafi koordinatlarını müəyyən edir, hansı cəhətə baxdığını, mərkəzlə arasındakı məsafəni ölçür və minixəritə hazırlayır.

Səyahət

Balabilgə valideyni ilə birlikdə bir ölkəyə səfər planlaşdırır.

Vizanın alınması, nəqliyyat vasitələri, saat qurşağı, pul vahidi, otel qiymətləri, məşhur yerlər və muzeylər. “Google Earth” vasitəsilə gedəcəkləri ölkənin əsas şəhərlərini və aralarındakı məsafəni müəyyən edirlər.

Yemək

Balabilgə valideyni ilə birlikdə xarici ölkənin məşhur yeməyini müəyyən edir və hazırlanma reseptini tapır. Sinif yoldaşlarına yeməyin hazırlanmasını təsvir edir.

Sakit mühit

Balabilgə “sound meter” tətbiqi vasitəsilə evdəki səs şiddətini ölçür. Valideyni ilə birlikdə normal səs səviyyəsini müəyyən edir və səs səviyyəsini normadan çox artıran halları analiz edirlər. Nominal səs səviyyəsini qorumaq üçün tədbirlər müəyyən edirlər.

P.S. Bizim Hədəf Konseptində şagirdə “balabilgə” deyirik, ona görə də bəzi yerlərdə şagird əvəzinə balabilgə sözü işlənib.

Xəbərlər

Uşaqlarla “yaşına görə yox, başına görə” davranın

Uşaqlarla “yaşına görə yox, başına görə” davranın

Təhsilə yanaşma son illərdə o qədər sürətlə dəyişir ki, bəzən həm yeni nəsil, həm də köhnə nəsil baş verənlərin miqyasını dərk etməkdə çətinlik çəkir. Buna görə də hər kəs bir növ özünü çarəsiz hesab edir. Təsəvvür edin, özünüzü 2000-ci illərdən əvvəlki məktəb mühitində görürsünüz: babamız, atamız, biz – hamımız eyni strukturun, oxşar qaydaların yetirməsi idik. Müəyyən yeniliklər olsa da, məktəbin mahiyyəti və müəllim-şagird münasibətləri uzun müddət sabit idi.

İndi isə vəziyyət tam fərqlidir. Son 30 ildə baş verən texnoloji və sosial transformasiya nəticəsində uşaqlarla müəllimlər arasında dərin uçurum yaranıb. UNESCO-nun 2023-cü il hesabatına əsasən, “rəqəmsal nəsil” adlandırılan Z və Alfa nəsli əvvəlki nəsillərlə müqayisədə gündə orta hesabla 6-7 saat ekran qarşısında vaxt keçirir. Bu isə onların öyrənmə tərzini, diqqət intervalını və motivasiyasını tamamilə dəyişib.

Bir vaxtlar məktəblərdə davranış qaydaları müzakirə olunmurdu – məsələn, oğlanların saç uzunluğu və ya üzündə tük olub-olmaması konkret qaydalarla tənzimlənirdi. İndi isə müəllim eyni qaydanı xatırlatsa, dərhal insan hüquqları ilə məktəb intizamı arasında mübahisələr başlayır. Bu, təkcə geyim və görünüş məsələsində deyil, telefon istifadəsi, dərs metodları və hətta qiymətləndirmə formalarında da özünü göstərir.

Məsələn, “məktəbə telefon gətirmək olmaz” qaydası bəzi hallarda müəllimin dərsdə texnologiyadan istifadə edərək layihə hazırlamasına mane olur. OECD-nin “Future of Education and Skills 2030” hesabatı göstərir ki, texnologiyanın tam qadağan edilməsi uşaqların yaradıcılıq və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyi ləngidir. Burada əsas məsələ balansı tapmaqdır.

Valideyn–Müəllim–Uşaq Dinamikası

Uşaqları idarə etmək müəllimlər üçün getdikcə çətinləşir. Valideynlər bəzən müəllimi qınayır, amma unudurlar ki, öz övladlarını idarə etməkdə də çətinlik çəkirlər. Psixoloqlar bildirirlər ki, “valideynlərin övlad davranışına təsiri” mövzusunda aparılan araşdırmalar göstərir ki, ailədə sərhədlər zəif olduqda, məktəbin təkbaşına uşağı istiqamətləndirməsi daha çətin olur.

Digər tərəfdən, müəllim də çətin vəziyyətdədir. Çünki bu gün məktəbə gələn uşaq artıq 6 yaşında YouTube, Roblox, TikTok və cizgi filmləri vasitəsilə formalaşmış bir “virtual sosiallaşma” təcrübəsinə sahib olur. Beynəlxalq PISA tədqiqatları göstərir ki, ekrana uzunmüddətli məruz qalma şagirdlərin diqqətini parçalayır, lakin eyni zamanda onlara çoxsəviyyəli informasiya emalı bacarığı qazandırır. Uşağın real həyata marağı azalır və valideyn də, müəllim də onu başa düşməkdə çətinlik çəkir. Nümunə görmək istəsəniz, ətrafınızdakı uşaqlarla ünsiyyıt qurmağa və bu məsələlərə diqqət etməyiniz yetərlidir.

Əslində problem qarşıdurmadan çox, nəsillərarası “frekans fərqi”ndədir. Bunu qəbul etdikdə, həll yolları görünməyə başlayır. Əks halda, valideynlə müəllim bir-birini ittiham etməyə davam edir, nəticədə uşaq ən mühüm dəstəyini itirir.

Bu gün isə biz özümüzü öldürür, bir-birimiz top atəşinə tutub qınayır, toqquşuruq.  Əslində, fərqinə varsaq ki, bizim qarşımızda daha güclü, daha bilgili, daha zəkalı və daha fərqli dünaynın uşağı var, o zaman nəsə etmək mümkündür. Bəlkə, indiki 6 yaşlı uşaq gəlib müəllim, valideyn olarsa, o zaman bir-birlərini bizdən daha yaxşı başa düşərlər, amma ona da inam yoxdur, çünki hər gün yenilənən texnologiya idarə edilməz bir vəziyyətdədir. Mənim atam mən aşıq oynayanda danlayırdı, mən böyük oğlumu kompyuterdə çox vaxt keçirəndə danlayır, amma kiçik oğlumu planşetlə təmasına görə danlayıram. Kompyuter qarşısında oturmasına az qala sevinirəm ki, deyəsən nəsə ciddi bir işlə məşğul olur. Yəqin ki, 3-5 ildən sonra suni zəkalı oyunlardan uzaq tutmağa çalışacağıq. Buna görə də düşünürəm ki, məktəblər tez bir zamanda kurikulumlarını buna uyğunlaşdırmalı, dəyişimə hazır olmalıdır.

Texnologiya və Kurikulumun Transformasiyası çox önəmlidir.  Texnologiyanın sürətli inkişafı pedaqoji yanaşmaları köklü şəkildə yeniləməyə vadar edir. Dünyanın qabaqcıl məktəbləri (Finlandiya, Sinqapur, Estoniya) artıq süni intellekt və layihə əsaslı təlimi kurikulumlarına inteqrasiya ediblər. Sinqapur Təhsil Nazirliyi 2022-ci ildən AI əsaslı öyrənmə alətlərini ibtidai siniflərdə pilot layihə kimi tətbiq edir. Hətta 2024-cü ildə Sinqapurda olarkən onlar esse yazılarını, inşaları müəyyən texnoloji vasitələrlə qiymətləndirdiklərinin şahidi olmuşdum.

Bəli  gələcəyin məktəbi üçün əsas məqsəd “çevik zəkalı, tənqidi düşünə bilən, adaptasiya qabiliyyətli” şagirdlər yetişdirməkdir. Bilgi əzbərlətmək artıq kifayət deyil; uşaqların analitik, sosial-emossional və etik bacarıqları inkişaf etdirilməlidir. Valideynlər də ənənəvi tərbiyə üsullarını yeniləməli, “uşaqla uşaq, böyüklə böyük kimi” prinsipi ilə yanaşı, empatiya və sərhəd qoyma bacarıqlarını balanslaşdırmalıdır.

Bu gün bizi ən çox qorxudan Suni Zəka proqramlarıdır. Süni zəka hələlik idarəolunan mərhələdədir, lakin gələcəkdə etik nəzarət olmadan onun “qaranlıq tərəfi” cəmiyyət üçün risk yarada bilər. Bu səbəbdən, uşaqları yalnız texnologiyadan uzaq tutmaq yox, həm də onu düzgün istifadə etməyə öyrətmək lazımdır.

Nəsillərarası anlaşmanı gücləndirmək üçün müəllim və valideyn uşağın “yaşına görə yox, başına görə” yanaşmalıdır. Çünki bugünkü altı yaşlı uşaq artıq böyük informasiya selinin içində böyüyür və onu idarə etməyi öyrənmək üçün böyüklərin yeni pedaqoji və emosional alətlərə ehtiyacı var.

Bəli, dəyişən dünyada dəyişməyən yeganə dəyər sağlam ünsiyyət və empatiyadır. Müəllim də, valideyn də uşaqla körpü qurmağı bacarsa, texnologiyanın gətirdiyi bütün çağırışlar fürsətə çevrilə bilər.

Məqaləni bitirəndən sonra, dedim ki, çat gpt-dən bununla bağlı tövsiyələr istəyim, görək o öz dərdinə nə dərman görür? Onun yazdıqlarını da mən redaktə edib, sizinlə paylaşıram:

  Müəllimlər üçün:

  • Rəqəmsal alətlərdən qadağa kimi yox, tədrisin məqsədinə uyğun “pedoqoji körpü” kimi istifadə edin.
  • Şagirdlərin ekran vaxtını izləyin, lakin eyni zamanda onu tədqiqat, layihə və yaradıcı işlər üçün yönləndirməyi öyrədin.
  • Davranış qaydalarını sərt deyil, izah və razılaşma əsasında tətbiq edin — bu, uşağın öz məsuliyyət hissini artırır.

 Valideynlər üçün:

  • Övladlarınızın rəqəmsal dünyasını tanıyın: hansı oyunları oynayır, hansı videoları izləyir, hansı sosial platformalarda vaxt keçirir.
  • Ailə daxilində “ekran – real həyat” balansını nümunəvi davranışla göstərin, yalnız qadağalarla deyil.
  • Müəllimlə əməkdaşlıqda müdafiə mövqeyindən çıxın, uşaq üçün ortaq strategiya yaradın.

 Təhsil rəhbərləri və siyasətçilər üçün:

  • Kurikulumlara texnologiyanın tənqidi istifadəsi, media savadlılığı və sosial-emossional bacarıqlar üçün ayrıca fənn və modul əlavə edin.
  • Müəllim hazırlığında “rəqəmsal pedaqogika” və “AI etikası” üzrə proqramları genişləndirin.
  • Məktəb qaydalarını çevik edin: həm intizamı qoruyun, həm də yeni nəsil bacarıqları təşviq edin.

 Hamı üçün ümumi mesaj:

  • Uşaqlarla ünsiyyətdə “yaşına görə yox, başına görə” yanaşma göstərin; onların maraqlarına hörmətlə yanaşıb, sərhədləri aydın müəyyənləşdirin.
  • Unutmayın: texnologiyanın sürətinə yalnız empatiya, ünsiyyət və müasir tədris bacarıqları ilə cavab vermək mümkündür.

 

Xəbərlər

Sinif rəhbəri məktəbin sütunudur

Sinif rəhbəri məktəbin sütunudur

           Məktəb sadəcə bir təhsil müəssisəsi deyil, böyük bir həyat məktəbidir. Bu məktəbin hər bir divarının, hər bir otağının öz ruhu, öz yükü var. Amma onun ən möhkəm dayaqlarından biri məhz sinif rəhbəridir. Məktəbdarlıq ümumilikdə bir komanda işi sayılsa da, sinif rəhbərinin rolu çox zaman həlledici və yönverici xarakter daşıyır. Təhsil sosioloqlarının araşdırmalarında da göstərilir ki, şagirdin məktəb həyatında ən böyük təsirə malik olan ikinci şəxs anasından sonra məhz sinif rəhbəridir. Bu fakt əslində təsadüfi deyil, çünki sinif rəhbəri uşaq üçün hər gün qarşısında gördüyü, dərdini, sevincini paylaşa bildiyi ən yaxın müəllim fiqurudur.

Ənənəvi yanaşmalarda da bu fikir tez-tez səslənir: “Yaxşı məktəb direktoru ilə tanınır, yaxşı sinif isə sinif rəhbəri ilə.” Əgər sinif rəhbəri öz işinə peşəkar yanaşan, təcrübəli pedaqoq, bacarıqlı təşkilatçı və eyni zamanda motivasiyaedici liderdirsə, həmin sinif məktəbin ən nümunəvi sinfinə çevrilir. Bu, yalnız nəzəri deyil, həm də beynəlxalq təcrübələrlə təsdiqlənmiş bir həqiqətdir. Finlandiya məktəblərində sinif rəhbəri statusu xüsusi olaraq müəllimlik strukturunda ayrıca bir mövqedədir. Onlar üçün əlavə hazırlıq proqramları, psixoloji dəstək kursları təşkil olunur və müəllimlərin sinif rəhbərliyi bacarıqları davamlı şəkildə inkişaf etdirilir. Məhz buna görə də Finlandiya dünyanın ən yüksək təhsil göstəricilərinə malik ölkələrindən biridir.

Yapon təhsil modelində isə sinif rəhbəri anlayışı tamamilə bir institut səviyyəsinə yüksəldilib. Burada sinif rəhbəri yalnız dərslərin təşkili ilə kifayətlənmir. O, həm də şagirdlərin psixoloji rifahı, sosiallaşması, ailə ilə münasibətlərin sağlam təməldə qurulması və uşağın gələcəkdə cəmiyyətin faydalı üzvünə çevrilməsi üçün məsuliyyət daşıyır. Yapon pedaqoqları hesab edirlər ki, sinif rəhbəri şagirdin sadəcə müəllimi deyil, həm də onun həyat yolunda ilk bələdçisidir. Bu yanaşma sinif rəhbərinin əhəmiyyətini daha da artırır və onu məktəb-valideyn-şagird münasibətlərində strateji fiqura çevirir.

Azərbaycan məktəblərində də sinif rəhbəri faktiki olaraq şagirdin psixoloqu, məsləhətçisi, təşkilatçısı, bəzən isə hətta həkimi funksiyasını belə öz üzərinə götürür. Onun otağı şagirdlərin həm şikayətlərini, həm də sevinclərini paylaşa bildiyi bir ünvan olur. Sinif rəhbəri məktəb daxilində körpü rolunu oynayır – şagirdlərlə müəllimlər, valideynlərlə məktəb arasında əlaqələri möhkəmləndirir. Amma təəssüf ki, bu qədər önəmli bir vəzifənin dəyəri yetərincə qiymətləndirilmədiyindən, əlavə ödəniş çox az, məsuliyyət isə sonsuz dərəcədə çox olur. Bu səbəbdən də bir çox müəllim sinif rəhbəri olmaqdan yayınmağa çalışır. Halbuki, məktəb həyatının uğuru və şagirdin gələcək inkişafı üçün bu vəzifə ən önəmli pillələrdən biridir.

Beynəlxalq pedaqoji ədəbiyyat da bu fikri təsdiqləyir. Kanadalı pedaqoq Maykl Fullanın (Fullan, 2014) vurğuladığı kimi, müəllimin əsas rolu yalnız bilik ötürmək deyil, həm də dəyərləri formalaşdırmaqdır. Sinif rəhbəri isə bu missiyanı daha dərindən və daha intensiv şəkildə həyata keçirir. ABŞ-da aparılan bir sorğuya görə, şagirdlərin 68%-i məktəbdə ən çox güvəndikləri şəxsin məhz sinif rəhbəri olduğunu qeyd etmişdir (National Center for Education Statistics, 2019). Digər ölkələrdə də oxşar nəticələr əldə olunub – sinif rəhbərinin uşağın mənəvi inkişafında, özünəinamında və sosial bacarıqlarında əvəzsiz rol oynadığı vurğulanır.

Bu səbəbdən sinif rəhbərinin seçimi heç vaxt təsadüfi olmamalıdır. Əslində bu seçim məktəb direktorunun təyinatı qədər əhəmiyyətlidir. Çünki uşağın həyatında, onun təhsilli və şəxsiyyət kimi formalaşmasında sinif rəhbərinin təsiri illərlə davam edir. Yaxşı bir sinif rəhbəri yalnız öz sinifinin deyil, bütün məktəbin ab-havasını dəyişdirə, ona yeni ruh və motivasiya gətirə bilər. Bu baxımdan, Azərbaycanda da sinif rəhbərliyi institutunun daha da gücləndirilməsinə böyük ehtiyac var. Bunun üçün xüsusi kursların təşkili, təlimlərin keçirilməsi, pedaqoqların peşəkar inkişafı üçün dəstək mexanizmlərinin hazırlanması və əlavə motivasiya sistemlərinin tətbiqi olduqca vacibdir. Buna nəinki tələbə universiteti bitirəndən sonra, hətta universitet proqramlarımızda xüsusi yer ayrılmalıdır.

Nəticə etibarilə, sinif rəhbəri uşağın həyatında anasından sonra ən mühüm şəxsdir. Əgər biz bu peşənin dəyərini bilsək, ona haqq etdiyi hörməti göstərsək və peşəkar inkişafına dəstək versək, məktəblərimizin keyfiyyəti, şagirdlərin gələcəyi daha parlaq olacaqdır. Unutmayaq ki, yaxşı sinif rəhbəri təkcə bir sinfi deyil, gələcək cəmiyyətin bir parçasını yetişdirir. Ona görə də hər bir məktəbin ən böyük sərvəti məhz yaxşı sinif rəhbərləridir.

Şəmil Sadiq

Xəbərlər

Müəllim sinifdə Müəllim olar

Müəllim sinifdə Müəllim olar

Müəllim  sinifdə müəllim olur! Bu, tarixi həqiqətdir və dünyanın istənilən ölkəsində dəyişməz bir qanunauyğunluqdur. Çünki müəllimlik sadəcə nəzəri biliklərin ötürülməsi deyil, həm də canlı həyatın içində qazanılan təcrübə, pedaqoji bacarıq  və sosial adaptasiya tələb edən bir peşədir. Təhsil fəlsəfəsində tez-tez vurğulanır ki, “Müəllim olmaq üçün oxumaq kifayət deyil, onu yaşamaq lazımdır.”

Bu günün universitetləri gənclərə sadəcə bilik verməklə kifayətlənir. Lakin bu biliklərin əksəriyyəti də sürətlə dəyişən dünyada tez köhnəlir. Dünya İqtisadi Forumu (World Economic Forum) 2020-ci ildə dərc etdiyi hesabatda qeyd edir ki, indiki şagirdlərin 65%-i gələcəkdə bu gün mövcud olmayan peşələrdə çalışacaq. Bu o deməkdir ki, sadəcə bilik ötürmək kifayət deyil, müəllim həm də dəyişən dünyaya adaptasiya olunmağı öyrətməlidir. Yəni dünənin müəllimi, bu günə sabahı öyrədə bilməz. Öyrətdiyi də daha çox dünənə bağlı qalacaq. Biz sabahın uşaqlarına çevik düşünməyi, məntiqi zəkanı, riyazi təfəkkürü verməklə, təfəkkür məktəbinin tələblərini yerinə yetirmiş olarıq.

Lakin nəzəri təhsil çox zaman praktikanı əvəz edə bilmir. Təcrübə göstərir ki, yeni məzun müəllimlərin öz peşələrinə adaptasiya etməsi üçün ən azı 3 il vaxt tələb olunur.
ABŞ-da “National Center for Education Statistics”in məlumatına görə, yeni işə başlayan müəllimlərin 44%-i ilk beş ildə peşəni tərk edir.  Bunun əsas səbəblərindən biri nəzəri hazırlığın real sinif təcrübəsi ilə dəstəklənməməsidir. Digər tərəfdən, McKinsey & Company-nin 2017-ci il hesabatına görə, yüksək nəticə göstərən təhsil sistemlərinin ortaq xüsusiyyəti gənc müəllimlərin ilk illərində güclü dəstək mexanizmlərinə malik olmasıdır.  Bu dəstək olmadıqda isə müəllimlər motivasiyasını itirir və sistemi tərk edirlər. Bizdə isə bu bir az fərqlidir, onlar bu işin ağırlığından və aşağı maaş sisteminə görə ümumiyyətlə bu peşənin ardınca getmirlər. Əslində isə onlar praktikada özlərini kəşf edə, müəllimlik peşəsiniz sevə bilərlər.

Beynəlxalq Təcrübəyə diqqət yetirsək, görərik ki, bu problemin həlli üçün bir çox ölkələr müəllim hazırlığında praktik komponenti gücləndiriblər:
Finlandiya – Pedaqoji fakültələrin son ili məcburi şəkildə məktəblərdə praktikaya həsr olunur. Bu model sayəsində  də Finlandiya müəllimləri məktəbə tam hazır başlayır.
OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ) hesabatına görə, Finlandiya müəllimlərinin 90%-i öz peşəsinə uzunmüddətli bağlı qalır. Bu, ölkənin PISA nəticələrində də özünü göstərir: Finlandiya 2000-ci illərdən bəri dünya üzrə ən yüksək göstəricilərə malik ölkələrdən biridir.

Böyük Britaniya – “Teaching Assistant” adlı sistemi ilə gənc müəllimlərin sinifdə köməkçi kimi fəaliyyət göstərməsinə imkan yaradır.  Sözsüz ki, bu, həm müəllimin, həm də şagirdin inkişafına xidmət edir. 2021-ci ildə Britaniya Təhsil Nazirliyi elan edib ki, məktəblərdə 280 minə yaxın “teaching assistant” fəaliyyət göstərir. Bu isə çox ciddi bir rəqəmdir.
Yaponiya – “Lesson Study” metodu ilə müəllimlər bir-birinin dərslərində iştirak edir, müzakirə aparır və öyrənməyə davam edirlər. Bu, pedaqoji icmanın
dinamik saxlanmasına şərait yaradır və müəllimlər arasında ömürlük öyrənmə mədəniyyəti formalaşdırır.
Sinqapur – Müəllim hazırlığına dövlət sərmayəsi yüksəkdir. Gənc müəllimlər üçün həm universitet təhsili, həm də məktəbdə “mentor müəllim” yanında işləmək məcburidir.
Sinqapurun milli təhsil strategiyasında müəllim “millətin memarı” adlandırılır.
Estoniya – Son illərin nümunəvi təhsil modellərindən biri Estoniyadır. Burada müəllim hazırlığında texnologiyanın tətbiqi və innovativ yanaşmalar ön plandadır.
Estoniya 2018-ci il PISA nəticələrində Avropada birinci yerə çıxmışdır.

UNESCO-nun 2023-cü il hesabatında deyilir: “XXI əsrin müəllimi ənənəvi bilik ötürən deyil, öyrənmə prosesini yönləndirən, şagirdlərlə birgə öyrənən və dəyişən dünyaya adaptasiya edən şəxsdir.” Bəli, birgə şagirdlərlə birgə öyrənən. Bu o deməkdir ki, müəllim daim inkişafda olmalı, biliyi ilə yox, bacarığı ilə fərqlənməlidir.

Azərbaycan təhsil sistemində isə pedaqoji fakültələrdə nəzəri dərslərin üstünlük təşkil etməsi gənc müəllimlərin peşəyə adaptasiyasını çətinləşdirir. Həmçinin də etiraf edək ki, universitetlərimizdə təhsil səviyyəsi çox aşağıdır, müasir tələblərə cavab verən təhsili tələbə ala bilmir.  Hazırda dövlət vakansiyalarında “müəllim köməkçisi” vəzifəsi demək olar ki, mövcud deyil. Halbuki belə bir modelin tətbiqi həm pedaqoji təcrübəni artırar, həm də gənclərin müəllimlik peşəsini daha inamla seçməsinə şərait yaradardı.
Düşünürəm ki, biz pedaqoji fakültələrin son bir ilini məktəblərdə assisent müəllim kimi işləməyə yönləndirə və həmin ilin təhsil büdcəsini tələbəyə maaş kimi verməklə, dediyimiz praktiki bacarığı təmin edə bilərik.  Bu yanaşma tələbəyə həm maddi dəstək olar, həm də təcrübə qazandırar. Bundan əlavə, müəllim köməkçisi sistemi təhsil müəssisələrində əlavə məşğələlərin təşkilinə,  şagirdlərin fərdi dəstəklənməsinə və inklüziv təhsilin inkişafına mühüm töhfə verə bilər. Dünya Bankının 2021-ci ildəki tövsiyələrində də göstərilir ki, “inkulizivlik və fərdiləşdirilmiş dəstək yalnız müəllim-assistent modelləri ilə effektiv şəkildə həyata keçirilə bilər.”

Yuxarıda dediklərimizi bir az ümumiləşdirsək, deyə bilərik ki, müəllimlik peşəsi yalnız nəzəri biliklə deyil, sinifdə qazanılan canlı təcrübə ilə yaşadıqca güclənir. Təhsilin keyfiyyətini yüksəltməyin ən təsirli yolu isə pedaqoji təhsili praktik yönümlə zənginləşdirməkdir.  Bu yanaşma həm də müəllimin peşəyə bağlılığını artıracaq, şagirdlərin nailiyyətlərinə birbaşa təsir göstərəcək.

Böyük türk mütəfəkkiri İsmayıl Qaspıralı demişdir: “Məktəblərimiz necədirsə, gələcəyimiz də elə olacaq.” Bu gün müəllim hazırlığına qoyulan sərmayə əslində sabahın cəmiyyətinə qoyulan sərmayədir. Əgər biz müəllimlərimizi gücləndirə bilsək, gələcəyimizi də gücləndirə biləcəyik.

Şəmil Sadiq

Xəbərlər

Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?

Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
Son günlər Elm və Təhsil Nazirliyi, xüsusilə də nazir Emin Əmirullayev cəmiyyətin ən çox müzakirə olunan fiqurlarından biridir. Haqlı və ya haqsız ard-arda gələn tənqidlər artıq gündəlik xəbərlərin bir parçasına çevrilib. Əslində, tənqid yaxşı anlayışdır, çünki ictimai nəzarətin mühüm vasitəsidir. Amma çox vaxt bu tənqidlər sağlam mübahisədən çıxıb emosional hücum və qaraguruh səviyyəsinə enir. Bunu görəndə qeyri-ixtiyari adamın içində münasibət bildirmək hissi də doğur. Bir dəfə yazılarımdan birinə Emin müəllim münasibət bildirərkən, “Müəllim, təhsilimizə sistemsiz deməyək, bəlkə, sistemin problemləri var, deyək” – demişdi. Göründüyü kimi, bugünkü mənzərə sadəcə kampaniya xarakterlidir, bu kampaniyaya qoşulmaq daha asandır, nəinki əksini etmək. Bu dəfə də mən əksini deməyi seçdim, amma bir az fərqli…
Yadınızdadırsa, əvvəllər təhsil sistemini daha çox valideynlər tənqid edirdi, indi isə meydanı əsasən müəllim və ya eks-müəllimlər tutub. Bu, bir tərəfdən təbiidir: təhsili ən yaxşı bilən elə onun içində olanlardır. Tənqidi də elə mütəxəssislər etməlidir. Digər tərəfdən isə aydın görünür ki, bəzən bu tənqidlər şəxsi maraqlardan qaynaqlanır (məsələn, sertifikasiyadan kəsilənlər, MİQ imtahanında uğursuz olanlar və ya sistemdən kənarda qalan keçmiş kadrlar tərəfindən). Amma burada ümumiləşdirmək də düzgün olmaz: çoxlu peşəkar təhsil işçisi var ki, şəxsi maraqdan deyil, sistemin həqiqi problemlərinə görə səsini qaldırır. Lakin bunların heç bir professional şəkildə, statistik, analiz xarakterli yazılar deyil, sadəcə populist çıxışlar səviyyəsindədir.

Elm və Təhsil Naziri Emin Əmirullayev bu vəzifəyə təyin ediləndən sonra ilk mübarizəsini elə təhsil işçilərinin özləri ilə aparmağa başladı. Mənə görə, bu, cəsarətli addım idi, çünki təhsil sırf insan faktoru ilə bağlıdır. İnsan yeniliklə ayaqlaşmırsa, ya dəyişməli, ya da dəyişdirilməlidir. Nazir dəfələrlə jurnalistlərin qarşısında açıq şəkildə sistemi tənqid edib, problemləri qabardıb. Bu haqlı səmimiyyət isə, əlbətə, müəllim ordusunun bir qismini qıcıqlandırdı. Məncə, bunun səbəbi təkcə nazir deyil, çünki bu gün müəllimlər hər kəs tərəfindən ən çox qınaq obyektinə tuş gələn peşə sahibləridir. Təhsilimizin yığışıb qalan problemlərindən əziyyət çəkən müəllimlər hardansa onları müdafiə edəcək dəstək gözlədiyi təqdirdə bir də öz nazirin səni tənqid edirsə, o zaman elə sənin də birnci küsüb inciyəcəyin adam da odur. Amma nazir bu tənqidlərində haqlıdır, çünki o da cəmiyyətin bir fərdi kimi bəzi müəllimlərin bu sistemə kömək etmədiyini görür, onlara görə də yaşın qurunun oduna yandığının daha yaxşı fərqindədir.
Digər tərəfdən bu, əslində, köhnələrlə yenilərin savaşıdır. Çünki 30 ilin yığılıb-qalan problemlərini dilə gətirmək, əlbəttə ki, əvvəlkilərin xoşuna gəlməyəcəkdi. Tənqidə oxşar bütün söz-söhbətlərin mərkəzində isə sertifikasiya, MİQ imtahanları durur. Digər xırda məsələlər bu mövzuları gücləndirmək üçün istifadə edilir. Düşünün ki, serifikasiya edilib. Müəllimlərin kütləvi şəkildə işdən çıxarılması olmasa idi, bu cür mənzərə olardımı? Əlbətə, yox.
Gəlin son zamanlar təhsil sitemimizdə hansı islahatlar, yeni layihələrin həyata keçirildiyinə, hansı problemlərin olduğuna diqqət edək:
1. Müəllimlərin sertifikatlaşdırılması imtahanları.
Sertifikasiya imtahanları, demək olar ki, bütün dünya ölkələrində təhsilin keyfiyyətini artırmaq məqsədi ilə keçirilir. Bu, həm də ona xidmət edir ki, müəllimlər daima öz üzərlərində işləsin, yeniliklərə açıq olsun. Sertifikatlaşdırma Azərbaycanda ilk dəfə 2022 ci ildən başlayıb. Axırıncı dəfə buna bənzər attestasiya başqa formatda ölkəmizdə 1994-cü ildə keçirilmişdi. Bu isə özlüyündə 20 ildən çox yığılıb-qalan problemin həlli və aşkar edilməsi idi. Sertifikasiya imtahanı nəticəsində müəllimlərin maaşı artır, onların direktordan asılılığını aradan qaldırır, müəllimin öz ixtisasını yenidən gözdən keçirməsinə, formada olmasına şərait yaradır. O zaman biz niyə bundan qorxuruq, niyə bunu bu qədər problemə çeviririk? Məgər yaxşı nəticə toplayanlar şikayətçi olarmı? Əlbətə, yox. Deməli, problemin hardan qaynaqlandığının fərqinə varırıq. Məncə, zaman-zaman bu formatın təkmilləşməsinə də ciddi ehtiyac var. Düşünürəm ki, bu imtahan sadəcə biliyin ölçülməsi ilə kifayətlənməli deyil, daha genişmiqyaslı olmalıdır. Çünki bu günün müəllimi sadəcə biliklə sinifdə lider ola bilməz. Digər tərəfdən müəllimlik üçün bilikdən daha vacib dəyərlər var: nitq, ünsiyyət bacarığı, davranış, psixoloji durum, emosional zəka və s.
Bəzən faktoloji biliyi üst səviyyədə olmayan müəllimlər olur ki, həm sevilir, həm də ciddi hörmət sahibidir. Onun digər bacarıqları biliyinin qismən tam olmamasını əvəzləyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək deyil. Bu, bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Çünki bu gün cəmiyyətə bilikli, eyni zamanda vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanların yetişdirilməsi daha çox vacibdir.
Müəllimin illik performansını qiymətləndirib nəticələri toplamaq daha obyektiv prosesdir.
Belə olduqda sadəcə repetitorluqla məşğul olan müəllimlər yaxşı nəticə əldə edir ki, bu da bugünkü kurikulumun fəlsəfəsinə ziddir. Çünki bizi yenidən və sürətlə yaddaş məktəbinə qaytarır.
2. Müəllim və direktorların işə qəbulu.
Son zamanlar Elm və Təhsil Nazirliyi müəllim və direktorların işə qəbul prosesini mərkzələşdirilmiş qaydada aparır. Düzdür, bu proses 2009-cu ildən başlamışdı, amma 2014-cü ildə Mikayıl Cabbarov təhsil naziri olandan sonra elektron formada keçirilməyə başlanıldı. Orta yaşlı nəsil yaxşı xatırlayar ki, bu prosesisin işə düşməməsindən əvvəl məktəblər işə qəbul harda, necə gəldi aparırdı. Ya adamın olmalı idi, ya pulun, ya da bəxtin. Standart bir qaydanın olmaması isə minlərlə savadsız insanın müəllim kimi işə başlamasını, məktəbi baş qatmaq üçün seçilən bir yer etmişdi. İndi isə üzərində işləyən, potensialı olan hər kəs burda uğur qazana, alnı açıq, üzü ağ şəkildə işə düzələ bilir. Buna görə, bu işi görənlərə səmimi qəlbdən təşəkkür etməli, gələcəyin daha daha yaxşı olacağına ümidli olmalıyıq.
Bu prosesdə qüsur varmı? Əlbəttə, var. Məncə, ilk növbədə vakant yerlər ən azı imtahandan 6 ay qabaq açıqlanmalıdır. Suallar imtahandan sonra cəmiyyətə açıqlanmalı, bu, həm də sertifikasiya imtahanları üçün keçərli olmalıdır. Sual hazırlayan qurum DİM formatını yox, pedaqoji bacarıqların yoxlanmasını əsas götürməlidir, universitetlərin tədris proqramına söykənməli, konkret ali məktəb vəsaitləri olmalıdır, sadəcə məktəb dərslikləri yox. Bunun üçün də vahid ədəbiyyat siyahısı açıqlanmalı və ona əməl edilməlidir. Elə bir sistem qurulmalıdır ki, artıq universitetin diplom və ya dövlət imtahanı məktəbə qəbul prosesi üçün keçərli olsun. Bu da, sözsüz ki, universitetlərimizin inkişafından asılıdır.
3. Təmayüllü liseylərin açılması.
Bu addım Elm və Təhsil Nazirliyinin son zamanlar atdığı çox böyük və uğurlu addımdır. Bilməyənlər üçün deyim ki, bu cür xüsusi liseylərin funksiyası xüsusi istedadlı uşaqların üzə çıxarılması və nəzarətə götürüb inkişaf etdirilməsi funksiyasını daşıyır. Sovet dövründə bu cür məktəblərimiz vardı, amma rejim dağılandan sonra bu məktəblər sıradan çıxmış və ya funksiyasını itirmişdi. 2015-16-cı tədris ilində təhsil nazirliyinin pilot layihəsi əsasında müxtəlif təmayüllü məktəblərin açılmasına start verilmişdi. Son illərdə isə bu proses bir az da genişləndirilərək Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Şəki, Quba kimi şəhərlərimizi də əhatə etdi. Bu kimi digər liseylərimizə qəbul üçün vahid imtahan təşkil olunur, mərkəzləşdirilmiş şəkildə qəbul aparılır. Bu məkəblərin varlığı son illər olimpiadalardakı uğuru şərtləndirir və nəticəsini görməkdəyik. Belə ki, bir zamanlar bu işi özəl liseylər görürdü, indi bu cür dövlət məktəbləri özəl liseylərə rəqib olub, tam ödənişsiz formada yüksək təhsil verir. Həmçinin bu məktəblərə ölkəmizin ən yaxşı müəllimləri toplanır. Əlbəttə ki, bu layihə özlüyündə böyük addımdır. Çoxdan edilməli və bu gün barını dərməli idik, amma elə deyil, təəssüf ki. Qazaxıstandan bu cür məktəblər ən az 20 ildir ki, var. Deyilənə görə, Nazarbayev soruşur ki, niyə həmişə uğurlu nəticəsi olan uşaqlar Türk liseylərindən (O zaman Fətullah Gülən məktəbləri idi) çıxır, deyirlər, onlar uşaqları imtahanla seçir, seçilmişlərə ödənişsiz təhsil verir, ona görə də dövlət məktəbindəki istedadlı şagirdlərimiz ora gedir. O da deyir ki, biz onlardan zəifik bəyəm, gedin, nə qədər maliyyə lazımdırsa, ayırın, dövlət də belə məktəbləri açsın. Bu gün Beynəlxalq Nazarbayev məktəbləri bu işi uğurla həyata keçirir. Artıq bizim də təhsilimizdə belə xüsusi liseylər var və dövlət bunlara lazım olan bütün şəraiti yaradır. Həmin məktəblərin nəzdində olimpiada mərkəzlərinin qurulması da sevindirici haldır.
4. Akreditasiya.
Bir neçə ildir ki, universitetlərimizin akreditasiyası başlanılıb. Hətta bəzi universitetlərimiz bu akreditasiyalardan keçə bilməyib, buna görə də müəyyən vaxt verilib. TKTA-nın bu layihəni uğurla və obyektiv şəkildə həyata keçirdiyinin şahidi olan insan kimi deyə bilərəm ki, universitetlərimizdə təhsilin ciddi şəkildə axsadığının qarşısını almaq və ya inkişaf etdirmək üçün alqışlanılası addımdır. Həmçinin 20 ildən çoxdur ki, sistemsiz şəkildə həyata keçirilən ixtisas proqramlarının hazırlanması üçün nazir səviyyəsində komissiyanın yaradılması, hər komissiyaya özəl sektordan, əmək bazarından rektorlarla bərabər həm sədr təyin edilib, səlahiyyət verilməsi özlüyündə təhsilimizin inkişafına xidmət edir. Bunları cəmiyyət yaxından görə bilmir, amma işin içində və mütəxəssisi olanda ciddi işlərin görüldüyünün şahidi olursan.
5. Tələbələrin universitet, ixtisas yerdəyişməsi, köçürülməsi, diplomların tanınması şəffaf və sistemli şəkildə aparılır. Daha bunun üçün kimlərəsə xahiş etməyə, tapşırmağa, qeyri-qanuni yollara əla atmasına ehtiyac yoxdur. Sənədlər qaydasındadırsa, meyarlara cavab veririsə, kreditlər yerindədirsə, kimlərinsə qapısını yağır etmədən onlayn sistem üzərindən bunu çox sadə yolla həyata keçirmək olur. Amma sən xaricdə təhsil alırsan, amma bir dəfə də olsun, əyani oxuduğun universitetə getməmisənsə, xaricdə təhsil aldığın dili bilmirsənsə, sənə “yox” deyilirsə, burda nazirliyi günahlandırmaq, ən azından cahillikdir. Rusiyanın universitetlərinə rüşvətlə qəbul olub rüşvətlə oxuyursansa, dövlət də bunun qarşısını alırsa, deməli, dövlətə alqış və təşəkkür düşür!
6. Dövlət-özəl əməkdaşlığı.
Son illər özəl bağçalarda təhsil almaq istəyən uşaqlara dövlət 250 manata qədər dəstək verir. “Əgər dövlət bağçasını bəyənmirsənsə, get, özəldə təhsil al, onun müəyyən məbləğini mən qarşılayıram” – deyir. Məlumat üçün deyim ki, dövlət bağçalarında bir uşaq üçün dövlət təqribən hər aya 300-500 manat büdcə ayırır. Bu addım həm dövlət büdcəsinə dəstəkdir, həm də bağçaların rəqabət əsaslı inkişafına şərait yaradır. Bunun başqa formatı özəl universitetlərimizdə dövlət sifarişli yerlərdir. Ümid edirəm, bir gün bu proses orta məktəblərə də şamil edilər, fədi maliyyələşmə sistemi tam formalaşar.
7. 5-6 ildir ki, müəllimlərə təhsilə dəstək layihələr üçün qrant ayırılır. Hər il elan edilən bu layihədə mindən çox müəllim qrant alaraq müəyyən layihəni həyata keçirə bilir. Bu müasir standartlara cavab verən gərəkli bir addımdır. Bir neçə dəfə bu qrant layihələrinin münsiflər heyətində olmuşam. İlk dəfə dəvət ediləndə “yox” dedim, “yox”un izahını da verdim ki, mən qeyri-qanuni pul yeyintisinə qol çəkə bilmərəm. İnandırıldı ki, tam müstəqil və şəffaf şəkildə hərəkət edəcəksiniz. 3 il ard-arda işin içində oldum və obyektivliyi gördüm, sevindim, qürurlandım. Amma müəllimlərimizin də bəzilərinin normal cümlə qura bilməməsinin şahidi oldum: həmin müəllimlərin ki, sonradan sosialda haqsızlıqdan şikayətlənirdilər. Bu qrant layihəsi həm müəllimləri yaradıcılığıa sövq edir, həm də məktəb büdcəsindən əldə edə bilmədikləri maliyyəni alıb təhsilimizə xidmət edirlər.
Bu və bu kimi uğurlu layihələrin siyahısını çoxlatmaq olar. Lakin məqsədim təhsil sistemimizin, bu işlə məşğul olan məmurların hər şeyi ideal etdiklərini bağırmaq deyil. Sadəcə köhnə ilə təzəni müqayisə edib bir az optimist olduğumu demək istəyirəm. Dediklərimin hər birində problem var: təkmilləşməlidir, xətalar olur, olacaq da. Amma istənilən layihə və islahatla bağlı analitik təhlil edib təkliflər verilməli, obyektiv şəkildə tənqid edilməldir. Tənqidi eşidənlər də məsələni şəxsiləşdirməməli, düzgün qiymətləndirməldir. Emin Əmurullayev yeni nazir təyin ediləndə ona 10 bəndlik təkliflər yazmış və görüş istəmişdim. Düz iki saat müzakirə etdik, razı olduğu da, olmadığı da oldu. Bəzilərinin sonradan bu və ya digər mənada həyata keçirildiyini də gördüm.
Beləliklə, Təhsil Nazirliyinə qarşı tənqidlərin bir qismi emosional və şəxsi maraqlardan qaynaqlansa da, sistemdə real problemlərin mövcudluğu da faktdır.
Əgər məqsədimiz, həqiqətən, təhsilin yaxşılaşmasıdırsa, nə qərəzli hücum, nə də kor-koranə müdafiə çıxış yolu deyil. Gərək uğurları da görək, problemləri də açıq deməkdən çəkinməyək. Ancaq bu halda tənqid həm faydalı olar, həm də hədəfə dəyər.
Şəmil Sadiq

Xəbərlər

Sabunçu rayonunda Azərbaycanın ilk açıq hava elm mərkəzi açılır.

Sabunçu rayonunda Azərbaycanın ilk açıq hava elm mərkəzi açılır.
Azərbaycanın təhsil mühitində mühüm bir yenilik reallaşır. Sabunçu rayonunda yerləşən Hədəf Liseyi Stars campus ərazisində ölkəmizin ilk Açıq Hava Kamil İnteraktiv Elm Mərkəzi fəaliyyətə başlayır. Layihənin rəhbəri, Hədəf Liseyinin qurucu direktoru, dosent Şəmil Sadiq bildirib ki, mərkəzdə 20-yə yaxın interaktiv elmi eksponat qurulacaq və əsas məqsəd məktəblilərin elmi toxunaraq, edərək və əylənərək öyrənməsini təmin etməkdir. Elm Mərkəzində fizika, kimya, riyaziyyat, biologiya, informatika kimi fənlərə aid böyüdülmüş, real işlək konstruksiyalar təqdim olunacaq. Mərkəz təkcə liseyin balabilgələri üçün deyil, həftə sonları digər məktəblilər və ziyarətçilər üçün də açıq olacaq. Eksponatlar ziyarətçilərə klassik dərs mühitindən kənarda, açıq havada elmin gözəlliyini və prinsiplərini təcrübə yolu ilə öyrənmək imkanı yaradacaq. Burada təqdim ediləcək bəzi nümunələri sizinlə tanış edirik:
• Şaquli momentum – enerji və hərəkət miqdarının qorunması qanunlarını nümayiş etdirən mexaniki qurğu;
• Nyuton beşiyi – təsir və əks-təsir qanununun vizual izahı;
• Maye dinamikası – girdabların əmələgəlmə prosesini əyani göstərən qurğu;
• Səsli borular – akustikanın əsas prinsiplərini izah edən musiqili təcrübə;
• Səsin səyahəti – səsin havada yayılma sürətini hiss etdirən interaktiv model;
• Pifaqor modeli – məşhur riyazi teoremin vizual təqdimatı;
• Avtomobil qaldırıcı – mexaniki üstünlüyün gündəlik həyatda tətbiqini göstərən eksponat;
• Böyük qulaq – səs dalğalarının fokuslanma prinsiplərini nümayiş etdirən parabolik səth;
• DNT modeli – həyatın genetik kodunun ikili spiral quruluşunun təsviri.
Dosent Şəmil Sadiq layihə barədə bildirib: “Elm yalnız kitab səhifələrində deyil, həyatın özündədir. Biz istəyirik ki, uşaqlar sadəcə oxumasın, görsün, toxunsun, hiss etsin. Bu mərkəz elmin əyləncəli və əlçatan olduğunu göstərmək üçün yaradılıb”.
Yeni mərkəz Azərbaycanın elmi maarifləndirmə sahəsində ilk açıq hava konseptli təcrübə məkanı olmaqla yanaşı, həm də regionda məktəblilər üçün innovativ təhsil modelinə nümunə olacaq. Açılış mərasimi sentyabrın 12-də baş tutacaq və ictimaiyyət üçün açıq olacaq.
Ünvan: Hədəf Liseyi Stars campus / Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 3.

Xəbərlər

Qalibiyyətin Ardınca: Siyasətdə və Sülhdə Türkün Səsi

Böyük türkoloq Murad Adcı “Qıpçaq çölünün yövşanı” əsərində yazır ki, türklər həmişə döyüşdə qalib gəlir, amma siyasətdə uduzur. Buna görə də Çinlilərin siyasəti qarşısında tab gətirə bilmədilər.
XXI əsrin başlanğıcında, Zəfərin 5 illiyində Azərbaycanın yürüdüyü nizamlı və ağıllı beynəlxalq siyasət göstərdi ki, artıq biz siyasəti ən az savaş qədər bacarırıq. Bu qədər qarmaqarışıq və geosiyasi gərginliklərin yaşandığı bir zamanda Azərbaycan dövləti heç zaman büdrəmədi, hər dəfə əmin və düşünülmüş addımlarla irəlilədi. Rusiya, İran, Türkiyə, Amerika, Avropa – hər biri öz müstəqil siyasətini yürüdüb, hadisələrə öz maraqları prizmasından yanaşdı. Yalnız Türkiyə dost və qardaş münasibəti ilə daim yanımızda oldu. Amma Azərbaycan bu prosesdə ölkəsini heç bir zərbə altında qoymadan, ağır sınaqlardan uğurla çıxara bildi. Bu, liderinin güclü iradəsi, zəkası və siyasi bacarığı, ordusunun əzmi, xalqının güvəni ilə mümkün oldu. Bu dəfə “başsız atlı” olmadıq – həm atımız var, həm də başımız!
Tarixi anlara şahidlik edirik! Bizdən sonra gələcək nəsillər bizə görə utanmayacaq – başıuca, alnıaçıq, üzüağ olacaq!
Asta-asta, nəyi, nə zaman, necə edəcəyimizi bilərək yürüdük bu yolda. Mən xoşbəxtəm! Mən şadam, sevincliyəm! Arzum odur ki, heç bir zaman savaş olmasın, nə düşmən, nə də dost qanı tökülsün; insanlıq və sevgi qalib gəlsin!
Dünya duysun bu səsi – bu, türkün səsidir! Bu, ədalətin səsidir! Biz qalib dövlətin qalib vətəndaşlarıyıq!
Mən əminəm ki, “Sülhməramlılar buradan nə vaxt gedəcək?” sualının tərəddüdünü dəf etdiyimiz kimi, bir gün o yol da bizim olacaq! Gedib-gəlməsək də, o yol bizim olacaq, çünki bizimdir!
Şəhid ailəsinin, qazinin, köçkünün, qaçqının nə çəkdiyini tam dərk edə bilmədiyimiz kimi, blokadada yaşayan Naxçıvanlıların dərdini də yaşamayan bilməz! Son 100 ildə Naxçıvan həmişə çətinliklərlə üz-üzə qalıb – Sovetin ən ucqarı idi, müharibədə bədəndən ayrı düşmüş qol idi. İndi isə o qol yenidən bədənlə birləşir, canlanır. Yaxın gələcəkdə bu iqtisadi yol açıldıqdan sonra bizim camaat nə bilet dərdi çəkəcək, nə də məcburiyyət qarşısında qalıb İran yolunda hər an sərhədçilərin alçaldıcı davranışına məruz qalacaq. Çünki İran illərdir bizə “əlimizdə təsbeh, ağzımızda saqqız” verərək süni gərginlik yaşadıb!
Rusiya isə öz “ayı gücü” ilə qorxudub. Ümid edirəm ki, bu da bitdi və bitəcək! Qırılmış Turan xətti birləşəcək!
Gözün aydın, Vətən!
Gözün aydın, Millət!
Xəbərlər

Vikipediya, azad ensiklopediya

Şəmil Sadiq (3 sentyabr 1978NehrəmNaxçıvan rayonu) — Azərbaycanlı alim-filoloq, publisist[1]-naşir[2], filologiya üzrə fəlsəfə doktoru[3]-dosent. Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru; Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktorudur.

2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi” mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “İlin Ən Yaxşı müəllimi” seçilmişdir.

2008-ci ildən şəxsi təşəbbüsü və səyi nəticəsində “Hədəf Kursları”nın həmtəsisçisi və baş direktoru, 2009-cu ildə Hədəf Nəşrlərini təsis etmişdir. Hazırda Hüseyn Cavidin Ev Muzeyində Cavidşünaslıq şöbəsinin müdiri, Hədəf Kursları və Hədəf Liseyinin də baş direktoru vəzifəsində çalışır.

Ustad” aylıq ədəbiyyat və sənət jurnalını, hər il keçirilən təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında inteqrasiyaya fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılayan Fənlərin Dostluğu Olimpiadasının (FDO), ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən “Senet.az” saytının, həmçinin, “Hədəf” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasında nəşr olunan kitabların da ideya rəhbəridir.[4]

“Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanın, orta məktəb şagirdləri üçün “Azərbaycan dili”, “Ədəbiyyat”, xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün “Azərbaycan dilini öyrənirəm” dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün “Dədə Qorqud” və “Azərbaycanımızı tanıyaq” adlı layihələrin ideya müəllifi və redaktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi “Oxu Günü” layihəsinin təsisçisi, Xocalı faciəsinə həsr edilmiş “Ümidlərin izilə” tarixi romanının həmmüəllifidir.

“Qana qan qarışdı” pyesi 2010-cu ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Həmin ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Fənlərin Dostluğu Olimpiadasını, 2014-cü ildə “Anamın kitabı” ədəbi mükafatını təsis etmişdir. 2015-ci ildə “Odərlər” romanına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı ilə təltif edilmişdir.[5][6]

Ədəbiyyat525, Ağ yol, Kaspi kimi mətbu orqanlarda, “AzEdu.az”“muallim.edu.az” kimi saytlarda elmi, bədii və publisistik yazıları dərc edilir, əsərləri haqqında tənqidi məqalələr yazılmışdır. Müəllifin bədii əsərləri türk, rus, alman, fars, türkmən dillərində nəşr edilmişdir.

Bir müddət “Vətən Övladı” qəzetinin redaktoru olmuş 33 elmi-metodik, 5 bədii kitabın, 50-yə qədər isə elmi məqalənin müəllifi və ya həmmüəllifi, onlarla kitabın redaktoru və rəyçisidir.

Hədəf Kursları, Hədəf Liseyi, Hədəf Nəşrləri, XAN Nəşrləri, “Kitabevim.az” mağazalar şəbəkəsi, Hədəf Multimedia və Hədəf Global Xaricdə Təhsil Şirkəti və EDUHEK konsultinq MMC-nin daxil olduğu “Hədəf Şirkətlər Qrupu”nun qurucusu və baş direktorudur.[7]

2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.[8][9]

Ailəlidir, iki oğlu, iki qızı var.

Həyatı

Şəmil Kamil oğlu Sadıqov 1978-ci il sentyabrın 3-də Azərbaycan SSRNaxçıvan MSSRBabək rayonunun Nehrəm kəndində anadan olmuşdur.

2001-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavriaturasını, 2003-cü ildə isə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.

2007-ci il may ayında “Hüseyn Cavid yaradıcılığında qəhramanlıq konsepsiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2017-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl Xətai Komissiyasının sədridir.[10][11][12]

2019-cu ildə XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin Bakıda keçirilən iclasında Şəmil Sadiqin “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” kitabı xüsusi diploma layiq görülüb.[13]

2021-ci ildən Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təsisçisi və sədridir.[14][15][16][16][17]

Elmi və pedaqoji əsərləri

  • “Hüseyn Cavid yaradıcılığında sənətkarlıq məsələləri”, monoqrafiya, 2003,
  • “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyasi”, monoqrfiya, 2011,
  • “İsa Muğanna İdeal işığında”, monoqrafiya, 2017,[18]
  • Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər[19][20]
  • Orta məktəb şagirdləri üçün “Ədəbiyyat”, dərs vəsaiti, 2018,
  • Orta məktəb şagirdləri üçün “Azərbaycan dili”, dərs vəsaiti, 2019,
  • Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycandakı xarici vətəndaşlar üçün “Azərbaycan dilini öyrənirəm”, 2012, 2019, dərs vəsaiti,
  • “İnsan mühəndisi”, monoqrafiya, 2020,
  • “Mən bir müəlliməm”, monoqrafiya, 2018.
  • The concept of a common religion in Isa Mughanna’s novels [21][22]

Bədii yaradıcılığı

Şəmil Sadiq bədii yaradıcılıqla hələ uşaq yaşlarında məşğul olmuşdur. 1990-cı ilin 20 Yanvar hadisələri vaxtı ilk şeirini yazıb.[23] İlk mətbu əsəri 2002-ci ildə Yeni Azərbaycan qəzetinin Ədəbiyyat əlavəsində işıq üzü görmüşdür. Əruzşünas alim Zülfəli Zülfəliyevlə tanışlığı onun əruz vəznində şeirlər yazmasına böyük təsir etmişdir. 2003-cü ildə Ağa Laçınlının ön sözü ilə çap edilən “Qəlbin Fəryadı” şeirlər kitabında əruz və heca vəznli şeirlərlə yanaşı “Türkün faciəsi” adlı bir pərdəli pyesi və Hüseyn Cavidin “Azər” poemasının təsiri ilə “Əsrimizin Azəri” adlı poeması da yer almışdır. Sonralar Dədə Qorqud dastanının motivləri əsasında yazılmış “Türkün faciəsi” bir pərdəli səhnəciyinin üzərində işləyərək 4 pərdəli “Qana qan qarışdı” pyesini yazmış və 2005-ci ildə çap edilən eyni adlı kitaba daxil edib. Həmin pyes isə 2010-cu ildə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında səhnələşdirilib. 2005-2012-ci illər arasında daha təhsillə məşğul olmuş, məktəb və universitetdə dərs dediyi və elmi fəaliyyətlə məşğul olduğu bədii yaradıcılığında bir durğunluq hiss edilir.

Lakin 2013-cü ildə çap edilən “Bu türk daha o türk deyil” şeirlər kitabındakı nümunələr baxanda həmin dövrdə ara-sıra şeirlər yazdığı və mətbuatda çap etdirdiyi məlum olur. 2012-ci ildə Müşfiq Xanla birgə yazdığı Xocalı faciəsinə həsr edilmiş “Ümidlərin izi ilə” tarixi romanı[24] 2016-cı ildə rus dilində çap edilmişdir.[25] 2013-cü ildə müəllifin “Bu türk daha o türk deyil” şeirlər, “Qana qan qarışdı” adı ilə pyesləri və hekayələri çap edilmişdir. Elə həmin ilin sonunda çap edilən “Odərlər” romanı müəllifə ən çox şöhrət gətirən roman olub. İsa Muğanna ilə dostluğu “Odərlər“ romanında “Qana Qan qarışdı” pyesindəki xətti bir daha gücləndirib milli ideologiyanı daha qabarıq sərgiləyib. Sonra Türkiyədə türkcə çap edilən “Odərlər” romanı[26][27] 2016-ci ildə Almaniyada çap edilib. “Odərlər” romanının ön sözünü müəllifin özünə ustad hesab etdiyi İsa Muğanna yazmışdır. 2015-ci ildə müəllifin “Arvadsız kişi” hekayələr kitabı çap edilib. 2016-ci ildə isə “Yuxu maşını” adlı uzun hekayəsi işıq üzü görmüşdür. Bu illərdə Ədəbiyyat525, Ağ yol, Kaspi kimi mətbu orqanlarda elmi, bədii və publisistik yazıları dərc edilir, əsərləri haqqında tənqidi məqalələr yazılmışdır. Müəllifin əsərləri türk[28]rus[29]almanfarstürkmən dillərində nəşr edilmişdir.

Əsərləri

  • Bu Türk daha o türk deyil
  • Ümidlərin izi ilə[30][31]
  • Qana qan qarışdı
  • Odərlər[32]
  • Arvadsız kişi

Dövlət təltifləri, fəxri adlar və mükafatları

  • Yasamal Rayon Təhsil Şöbəsi 2004-2005-ci tədris ilində “Təhsil sistemində müasir yanaşmaların təşəkkül ili” çərçivəsində keçirilən müsabiqələrdə iştirakına görə fəxri fərman.
  • Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti. 2005-ci il. “İlin Ən Yaxşı müəllimi” müsabiqəsinin qalibi sertifikatı.
  • 2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi” mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür.[33]
  • 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurrikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir.
  • Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 24.07.2007-10.08.2007 tarixində Türkcə öyrənmək, Türk mədəniyyəti, Türkiyənin milli eğitim sistemi” seminarında iştirakına görə sertifikata layiq görülmüşdür.
  • İQED 2010 I international conference. Certificate of attendance.
  • Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Elmi Şurasının qərarı ilə 2010-cu ildə “Ən yaxşı müəllim” nominasiyası üzrə diplom verilib.
  • Ukrayna Azərbaycanlıları Konqresi – 2012. Azərbaycan dilinin inkişafı üçün göstərdiyi xidmətə görə Fəxri Fəman.
  • 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turzim Nazirliyinin tərəfindən “Odərlər” romanına görə “Nəsr nominasiyası” üzrə “Qızıl Kəlmə” mükafatının qalibi olub.[34][35]
  • Bakı şəhər üzrə Təhsil İdarəsi və “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyi tərəfindən təşkil olunmuş XV Bakı Karl Popper Debat formatı üzrə keçirilən turnirin debat məşqçisi sertifikatı ilə təltif edilmişdir.
  • 2018-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “İlin Gənc Alimi” adına layiq görülüb.[36]
  • “Yuxu maşını” kitabına görə Rusiya Yazıçılar Birliyinin təşkil etdiyi “İlin yazarı-2018” Ədəbiyyat Mükafatına layiq görülüb. “İlin ən yaxşı hekayəsi” nominasiyasına təqdim edilmiş fantastik-qurğu janrında yazılan “Yuxu maşını” 8 milyona yaxın əsər arasından seçilərək ilk pilləyə yüksələ bilib. Əsər Baş Münsiflərin tərtib etdiyi almanaxa salınıb və rusca çap edilib.[37][38][39]
  • 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.[8][9]

İştirak etdiyi layihə və aldığı sertifikatlar

  • Bakı şəhər üzrə Təhsil idarəsi və “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyi tərəfindən təşkil olunmuş XV Bakı Karl Popper Debat formatı üzrə keçirilən turnirin debat məşqçisi sertifikatı ilə təltif edilmişdir.
  • 2006-2007-ci illərdə AR Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurrikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir.
  • Milli Kurlturoloji Mükafat. “2009-cu ilin dərs kitabı”, Filoloq alim Şəmil Sadiqin “Ədəbiyyat” dərs vəsaiti. X-XI siniflərin tədris materiallarını əhatə etməklə, abituriyentlər və ədəbiyyat həvəskarlarına ünvanlanaraq “Hədəf” hazırlıq kurslarının silsilə dərs vəsaitlərindən biri kimi intellektual ədəbiyyat sahəsindəki populyarlığa, üslubi-metodoloji yeniliklərə görə layiq görülür. Yeni yazarlar və sənətçilər qurumu, Bakı, 27 may, 2010-cu il
  • Sertifikat Sadıqov Şəmil Kamil oğluna ondan ötrü verilir ki, o, “İnsan alveri: Təhlükələr və Qabaqlayıcı Təşəbbüslər” üzrə Təlimçilər üçün Təlim kursunu bitirmişdir. İnternational Organization for Migration (İOM), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), 4.10.2011-6.10.2011
  • Fəxri Fərman. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma Azərbaycan dili və Ədəbiyyat kafedrasının dosenti Sadıqov Şəmil Kamil oğlu 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə və təhsil sahəsində əldə etdiyi uğurlara görə təltif olunur. Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Bakı 2014.
  • Təşəkkürnamə. Azərbaycan Respublikası “HƏMRƏY” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi. “Region gənclərinin ictimai fəallığının artırılması” adlı Seminar-Təlimlərin həyata keçirilməsinə göstərdiyi köməyə görə verilir: Fil.f. d., dos., cənab Şəmil Sadiqə. Qəbələ, 27 sentyabr 2013-cü il
  • Təbriknamə. Hörmətli Şəmil müəllim, sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, sizə can sağlığı, xoşbəxtlik, daimi təbəssüm və gələcək həyatınızda uğurlar arzu edirəm. Vətənimizin inkişafı yolunda gördüyünüz bütün işlərdə müvəffəqiyyətlər diləyirəm!!! Tural Qədirxum, 2011-2012
  • Fəxri Fərman. 20 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sadıqov Şəmil Kamil oğlu “İlin ən yaxşı müəllimi” şəhər müsabiqəsində fərqləndiyinə görə təltif olunur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti, 8 sentyabr 2005-ci il
  • Certificate of Attendance. This is to confirm that Şəmil Sadıqov has attended the İnternational Conference of “The Pathfinders of the Turkic World: Mehmet Akif Ersoy And Huseyn Cavid” between 16-18 May 2013. On behalf of the organizing committee, Prof. Dr. AhmetSanic Rector of Qafqaz University. 16-18 May, 2013.
  • Fəxri Fərman. 20 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sadıqov Şəmil Kamil oğlu 2004-2005-ci dərs ilində “Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili” çərçivəsində keçirilən müsabiqələrdə iştirakına görə təltif olunur. Yasamal Rayonu Təhsil Şöbəsi
  • Bakı Dövlət Universitetinin rektorunun 29.06.2002-ci il tarixli 4/138 saylı qərarı ilə oxuduğu müddətdə yüksək təhsil göstəricilərinə, ictimai fəallığına görə və məzun günü münasibətilə Sadıqov Şəmil Kamil oğlu Fəxri Fərmanla təltif edilir. Rektor, prof. A.M.Məhərrəmov, 29 iyun 2002-ci il
  • Certificate of Attendance. This is to certify that Shamil Sadigov has attended the İnternational Conference “İnnovation, Quality of Education and Development” held in Baku, November 9-11, 2010. İQED 2010. Co-chairman Organizing Committee, Rector of Baku İn Service Teachers Training and Re-training İnstitute professor Asaf Zamanov. 10.11.2010
  • Diplom. Bakı Dövlət Universiteti Filologiya fakültəsinin IV kurs tələbəsi Sadıqov Şəmil Kamil oğlu BDU Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi Tələbə Klubu tərəfindən keçirilən “Şahmat Çempionatı” uğrunda 1-ci yeri tutduğuna görə təltif olunur. BDU-nun ATHİK sədri N.Q.Şıxəliyev
  • Ukaryna Azərbaycanlılar Konqresi tərəfindən “Cümhuriyyət-100” medalı ilə təltif edilmişdir. (ГРАМОТА нагороджуеться Шамиль Садиг за вагомийвнесок у розвиток азербайджанськои диаспори в Украини. Конгрес Азербайджанцив Украини (КАУ), Ukrayna Azərbaycanlılar Konqresi (UAK). Киев-2012.)

Layihələri

Həmçinin bax

İstinadlar

  1.  “Şəmil Sadiq etiketinə aid xəbərlər”2021-04-13 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  2.  “Şəmil Sadiq. Bölgələrə kitabla gəlirik…”2022-10-08 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  3.  Məktəblər lazımsızdır, yaşasın repetitorluq!” – Şəmil Sadiq”2022-10-06 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-01.
  4.  “Öz uğurlarının qəhrəmanı və ya mənim tanıdığım Şəmil Sadiq”2022-10-06 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-01.
  5.  “Azərbaycan Milli Kitabxanasında “Qızıl kəlmə” ədəbi mükafatı təqdim edilib”2022-10-06 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  6.  Qızıl kəlmə” ədəbi mükafatının təqdimolunma mərasimi keçirilib”2022-10-05 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  7.  Kitabların İzində” layihəsi – Şəmil Sadiq ilə görüş”2022-10-06 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  8.  “İlham Əliyev təhsil işçilərini təltif edib”2022-10-18 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-16.
  9.  “Şəmil Sadiq “Tərəqqi” medalı ilə təltif edildi”2022-10-16 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-16.
  10.  “Şah İsmayıl Xətai Komissiyasının ilk iclası keçirilib”2017-08-11 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  11.  “Şah İsmayıl Xətainin kitabı nəşr olundu”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  12.  “Şah İsmayıl Xətai Komissiyasının ilk iclası keçirildi –FOTOLAR”2022-10-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  13.  Hədəf” Nəşrlərinin kitabları Beynəlxalq müsabiqədə mükafat qazandı”2022-09-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 2020-03-26.
  14.  Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  15.  “Azərbaycan Nəşriyyatları Assosiasiyası media nümayəndələri ilə görüş keçirib – FOTO – VİDEO”2022-10-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  16.  Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın illik hesabat iclası keçirildi – FOTOLAR”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  17.  Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  18.  “Məzar başında sazla kitab təqdimatı – FOTOLAR”2022-09-22 tarixində arxivləşdirilibİstifadə tarixi: 2020-03-26.
  19.  Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər” kitabında 22 ədəbi-elmi məqalə yer alıb”2019-05-01 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  20.  Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər” kitabı işıq üzü görüb”2022-10-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  21.  “rus.ucf.edu.cu”2022-10-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  22.  “Revista Universidad y Sociedad”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  23.  “Şəmil Sadiq: “Mənim üçün üç böyük şair və yazıçı var” – Müsahibə”2022-10-04 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-01.
  24.  “Mükəmməl roman haqqında xırda qeydlər – Sabir ŞAHTAXTI”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  25.  “Xocalı soyqırımı ilə bağlı “Ümidlərin İzi ilə” adlı roman rusca çap olunub”2022-10-21 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  26.  Od Erler: Mahşer Yolcuları[ölü keçid]
  27.  “Od Erler: Mahşer Yolcuları Paperback – 3 Nov. 2014”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  28.  “Berfin Bahar Aylık Kültür Sanat ve Edebiyat Dergisi Sayı : 218 Nisan 2016”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  29.  “Машина сна. Рассказ”2022-10-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  30.  Ümidlərin izi ilə” kriminal-detektiv romanının təqdimatı keçirilib”2022-10-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  31.  Ümidlərin İzi ilə” kitabı Qazaxıstanda – FOTO”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  32.  “Şəmil Sadıq və Odərlər”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  33.  Gənc yazarların bir qismini ya fələk aparır, ya kələk, ya leylək, ya da ələk” – MÜSAHİBƏ”2022-10-05 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  34.  Qızıl kəlmə” mükafatının bütün qalibləri – SİYAHI”2022-10-07 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  35.  Qızıl Kəlmə” ədəbi mükafatı təqdim edildi”2022-10-07 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  36.  İlin Gənc Alimi” adına layiq görüldü”2022-10-08 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  37.  Yuxu maşını” kitabına görə Rusiyada “İlin yazarı” seçildi”2022-10-05 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  38.  “Rusiyada “İlin yazarı” seçildi”2022-10-02 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  39.  Yuxu maşını” kitabına görə Rusiyada “İlin yazarı” seçildi”2022-10-02 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-02.
  40.  Ustad” ədəbiyyat və sənət dərgisinin ilk sayı çapdan çıxıb”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  41.  Ustad”ın Novruz buraxılışı işıq üzü görüb”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  42.  “Yeni ədəbiyyat jurnalı çıxdı: “Ustad2022-10-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  43.  Ustad” dərgisinin təqdimatı keçiriləcək – Foto”2022-10-16 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  44.  “11-ci “Fənlərin Dostluğu Olimpiadası” keçirildi”2022-10-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  45.  “XI “Fənlərin Dostluğu Olimpiadası”nın mükafatlandırma mərasimi keçirildi”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  46.  “11-ci “Fənlərin Dostluğu Olimpiadası” keçirildi”2022-10-17 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  47.  Oxu günü”ndə “Əsgərə kitab” aksiyası keçiriləcək”2019-03-11 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  48.  “BAKIDA “OXU GÜNÜ” KEÇİRİLİB”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  49.  Oxu Günü-8″ sərgi-festivalı keçirildi”2022-10-16 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  50.  “Xırdalanda “Oxu Günü” keçirilib – FOTOLAR”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  51.  “Xırdalanda “Oxu Günü” keçirilib — FOTOLAR”2022-10-18 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  52.  Anamın Kitabı”nın qalibləri mükafatlandırılacaq”2022-10-16 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  53.  Anamın kitabı” pyes müsabiqəsi”2022-10-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.
  54.  Anamın kitabı”: Ədəbi mükafat”2022-10-15 tarixində arxivləşdirilibİstifadə tarixi: 2022-10-15.

Mənbə

Xarici keçidlər

Xəbərlər

Bakı Slavyan Universitetinin ad və missiyası dəyişməlidir

Bakı Slavyan Universitetinin admissiyası dəyişməlidir

Azərbaycan təhsil sistemi yeni mərhələyə qədəm qoyur. Qloballaşan dünyanın çağırışları, dəyişən nəsil tələbləri və dövlətimizin strateji vizionu bizdən yalnız texniki deyil, həm də ideoloji dəyişikliklər tələb edir. Bu baxımdan, universitetlərimizin yalnız adında və strukturunda deyil, həm də vizion və missiyalarında dərinlikli dəyişikliklərə ehtiyac duyulur.

Bu fikri xüsusilə Bakı Slavyan Universiteti (BSU) kontekstində səsləndirmək istərdim. Tarixə nəzər yetirsək, bu universitet 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu kimi fəaliyyətə başlayıb. Sovet ideoloji sistemində rus dilində müəllim hazırlamaq kimi konkret məqsədlə qurulmuşdu. Bu, həmin dövr üçün rasional və zəruri görünə bilərdi.

Lakin zaman dəyişdi. Dövlət dəyişdi. Cəmiyyət dəyişdi. Müstəqil Azərbaycan dövləti artıq öz milli ideologiyası, dili və mədəniyyət dəyərləri ilə beynəlxalq aləmdə tanınan, hörmət edilən bir ölkədir. Belə olan halda, bir universitetin hələ də “Slavyan” adı ilə fəaliyyət göstərməsi ictimai şüurda təzadlı suallar doğurur.

2000-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə institutun profili genişləndirildi və Bakı Slavyan Universiteti adlandırıldı. O dövr üçün bu addım rus təmayüllülükdən uzaqlaşmaq, milli maraqları qorumaq, amma eyni zamanda mədəni diplomatiyanı pozmamaq baxımından ustalıqla atılmış tarazlaşdırılmış bir qərar idi. “Rus” əvəzinə “Slavyan” ifadəsinin işlənməsi, digər slavyan xalqlarını da daxil etməklə ideoloji yüngülləşdirmə yaratmışdı.

Ancaq bu gün… dünya artıq başqa yerdədir.

Artıq biz Slavyan ideoloji çətiri altında fəaliyyət göstərən universitetə ehtiyac duymuruq. Bu, SSRİ dövründə rus dili və mədəniyyətinin yayılmasını təmin etmək üçün formalaşdırılmış şablonun davamıdır. Slavyan adı ilə fəaliyyət göstərən universitetlər keçmişdə formalaşan ideoloji və yumşaq güc alətlərinin bir parçası idi.

Dünyada bir xalqın adı ilə adlandırılmış ali məktəblər, çox az hallarda və əsasən diaspor, dini təhsil və ya etnik-mədəni qoruma məqsədi ilə yaradılır. Məsələn:

  • Jewish Theological Seminary – yəhudi dini və mədəniyyəti,
  • Minzu University of China – Çindəki etnik azlıqların qorunması və öyrənilməsi,
  • Konfutsi İnstitutları – Çin mədəniyyətinin yumşaq güc vasitəsi kimi tanıdılması.

Bakı Slavyan Universiteti də bir ideologiyanın məhsuludur, açığı sonrakı toxunuşlarımız da köklü deyil, ya adında, ya da hansısa fakültəsində köhnə, hansı ki bizi bizdən alan 70 illik ideologiyanın qalıqlarını görürük.

Yeni ad, yeni istiqamət: Bunu necə edə bilərik?

Məncə, Bu universitetin adı və profili dəyişdirilməlidir. Bu, yalnız kosmetik dəyişiklik deyil — milli təhsil strategiyasının və bəşəri dəyərlərə əsaslanan beynəlxalq imicimizin gücləndirilməsinin bir hissəsi olmalıdır.

Məsələn, universitet bu adlarla fəaliyyət göstərə bilər:

  • Azərbaycan Beynəlxalq Humanitar Universiteti
  • Qafqaz Mədəniyyətləri Universiteti
  • Asiya Humanitar Universiteti
  • Turan Mədəniyyət və Dillər Universiteti və s.

Bu adlar yalnız qlobal arenada daha müasir səslənmir, həm də Azərbaycanın regiondakı tarixi, coğrafi və mədəni mərkəz rolunu vurğulayar.

Yeni istiqamətlər və fakültələr: Humanitar güc mərkəzinə çevrilmək

Bu yeni konsepsiya ilə universitet aşağıdakı sahələr üzrə ixtisaslaşa bilər:

Fakültə, İxtisas, Təsviri

Etnoqrafiya və Antropologiya:       Azərbaycanın və Qafqazın etnik müxtəlifliyini, folklorunu, mədəni kimliyini elmi əsaslarla öyrənmək

Mədəniyyət və İrsin Qorunması:    Tarixi abidələrin və qeyri-maddi irsin qorunması üzrə ixtisaslaşmış mütəxəssis hazırlığı

Fəlsəfə və İnsan Haqları:     Etik, hüquqi və ictimai dəyərlər kontekstində düşüncə formalaşdırmaq

Dinlərarası Dialoq və Teologiya:    Fərqli dini-fəlsəfi dünyagörüşləri arasında empatik körpülər qurmaq

Folklor və Mifologiya Araşdırmaları:       Türk dünyası, Qafqaz və Orta Asiyanın mifoloji sərvətlərini araşdırmaq və yenidən təqdim etmək

Mədəni Diplomatiya və Yumşaq Güc:      Azərbaycanın beynəlxalq nüfuzunu mədəniyyət vasitəsilə təşviq edən kadrlara ehtiyac var

Dil və Tərcüməşünaslıq:      Nadir dillər və strateji region dilləri üzrə mütəxəssislər yetişdirmək

Yaradıcı Yazıçılıq və Sənətşünaslıq:          Ədəbiyyat, dramaturgiya və vizual sənətlərin çağdaş formalarını öyrətmək

Dəyərlərin önə çıxdığı bir dünyada, milli ruhla qidalanan, bəşəri düşüncəyə açıq bir universitet modeli yaratmağımızın zamanıdır.

Bakı Slavyan Universiteti bu gün yeni bir doğuluşun astanasındadır. Bu, sadəcə adın dəyişməsi deyil — bu, təfəkkürün dəyişməsi, yeni ideoloji müstəviyə keçid və Azərbaycanın intellektual diplomatiyasında yerini möhkəmləndirməsi deməkdir.

Tarix dəyişib. Biz dəyişmişik. İndi isə ad və məqsəd də dəyişməlidir.

Xəbərlər

Şəmil Sadiq Şimalı Kipr Türk Respublikası Prezidenti ilə görüşdü

Hədəf Şirkətlər Qrupunun nümayəndə heyəti Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) işgüzar səfər edib. Nümayəndə heyəti qurumun baş direktoru Şəmil Sadiqin başçılığı ilə mühüm görüşlər keçirib.

Səfər çərçivəsində nümyandə heyətini KKTC Prezidenti Ersin Tatar, təhsil naziri Nazim Çavuşoğlu və Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç xüsusi qonaq qismində qəbul ediblər.

Görüşlərdə təhsil sahəsindəki Azərbaycan  Kuzey Kıbrıs əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı tələbəmüəllim mübadiləsi mövzularında ətraflı fikir mübadiləsi aparılıb.

Şəmil Sadiq plaketxatirə hədiyyələri təqdim edib və bu əməkdaşlıq məsələsində Azərbaycan Prezidenti İlham Əliyevin KKTC-yə olan səmimi münasibətindən ilhamlandığını vurğulayıb.

O, reytinq siyahılarında qabaqcıyer tutan Kuzey Kıbrıs universitetlərinin Azərbaycanın “Xaricdə Təhsil” proqramına daxil edilməsinin gənclərə yeni fürsətlər yaradacağını və Kiprdə dövlət hesabına təhsilin mümkünlüyünün vacibliyini xüsusi qeyd vurğulayıb.

“Könlümüzü sevgi ilə dolu gətirmişdik, göstərilən hörmət və isti münasibətlə doldurub geri dönürük” Şəmil Sadiq sonda qeyd edib.

Şəmil Sadiq Doğu Akdeniz Universitetinin Məzun Gününə qatılıb və məzunlara diplomlarını təqdim edib.

Qeyd edək ki, Hədəf Şirkətlər Qrupu Doğu Akdeniz Universitetinin Azərbaycandakı rəsmi təmsilçisidir.

Xəbərlər

Hədəf Şirkətlər Qrupu baş direktoru Şimali Kipr Türk Respublikasından olan bir qrup iş adamını qəbul etmişdir.

Hədəf Şirkətlər Qrupu baş direktoru Şimali Kipr Türk Respublikasından olan bir qrup iş adamını qəbul etmişdir.

4 iyul 2025-ci il tarixində Hədəf Şirkətlər Qrupunun mərkəzi ofisində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq ilə Şimali Kipr Türk Respublikasından olan Kipr Türk İş Adamları Dərnəyinin (İŞAD) nümayəndələri arasında mühüm əməkdaşlıq və tanışlıq görüşü baş tutdu.
Tədbirdə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, baş direktorun müavini Elvin Əliyev, Kipr Türk İş Adamları Dərnəyinin (İŞAD) sədri Ənvər Mamülçü, baş katib Mətin Yılgın, İŞAD-ın Azərbaycan təmsilçisi və eyni zamanda idarə heyətinin sədri İlhami Bilgən, eləcə də idarə heyətinin üzvü Raci Yıldız iştirak etdilər.

Görüş zamanı Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri vurğulanmış, bu əlaqələrin iqtisadi, mədəni və təhsil sahələrində daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunmuşdur.
İŞAD Azərbaycan təmsilçisi İlhami Bilgən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqə “Dostluq və Əməkdaşlıq” adına hazırlanmış zümrüd quşu fiquru və üzərində Kipr, Azərbaycan və Türkiyə bayraqlarının yer aldığı “bir millət üç dövlət” ideyasını simvolizə edən plaket təqdim etmişdir. Simvolik məna daşıyan bu hədiyyə xalqlar arasında sarsılmaz bağlara və ortaq mədəni köklərə işarə edir.
Şəmil Sadiq də öz növbəsində Hədəf loqolu buxara papağı Ənvər Mamülçüyə hədiyyə etmişdir. Bu jest Azərbaycanın milli dəyərlərinə və qonaqpərvərlik ənənələrinə əsaslanan yüksək hörmətin göstəricisi kimi qarşılanmışdır.
Görüş qarşılıqlı anlaşma, əməkdaşlıq niyyəti və ortaq gələcək planlara dair razılıqla başa çatmış, hər iki tərəf yaxın zamanda daha konkret layihələr üzərində birgə fəaliyyətin başlanacağına inam ifadə etmişdir.

Xəbərlər

Sertifikasiya dərdi, yoxsa gələcəyin təhsili?!

Düşünürəm ki, gələcəyin təhsili yalnız elm, bilik ötürmək məqsədi daşımayacaq. Əsas hədəf əxlaqi dəyərlərin, davranış qaydalarının və sosial məsuliyyət hissinin formalaşdırılması olacaq. Çünki müasir dövrün reallıqları göstərir ki, informasiya əldə etmək heç vaxt bu qədər asan, əlçatan olmayıb. Artıq bilik üçün məktəb binasına getməyə ehtiyac yoxdur – smartfon, internet bağlantısı kifayətdir. Statistikalara görə 2024-cü ilin sonunda dünya əhalisinin 66 %-i internetə çıxış əldə edib və bu nisbət gənclər arasında 90 %-ə qədər yüksəlib. Bu gün hər ev, hər kafe, hər park öyrənmək üçün sinif otağına çevrilib.

Bu sürətli və nəzarətsiz informasiya axını bilik əldə etmə imkanlarını artırsa belə, insani və əxlaqi dəyərləri təhdid də edir. Milyonlarla uşaq internetdə həm müsbət, həm də zərərli məzmuna məruz qalır. UNESCO-nun 2023-cü il hesabatına görə məktəblilərin 56 %-i onlayn məkanda zorakılıq və ya neqativ davranış formaları ilə qarşılaşır. Bu, görünən statsitikadır, indi siz təsəvvür edin, görünməyən, şüuraltıda özünə yer tapan nə qədər zərəli məlumatlar vərdişə çevrilir.

Buna görə də təhsil sisteminin yeni prioriteti texniki, elmi-nəzəri bilikdən çox, insani dəyərlərin qorunması və inkişaf etdirilməsi olmalıdır və olacaq da. Gələcəyin məktəbləri uşaqlara nəyi öyrənməkdən daha çox, necə yaşamağı, necə davranmağı və necə insan olmağı öyrədəcək. Bu dəyişikliyi vaxtında qəbul etməsək, texnologiya ailəmizə müdaxilə edəcək, övladlarımızı bizdən alacaq və onların şəxsiyyətini anonim, dəyərlərsiz virtual məkanlar formalaşdıracaq.

Bunun simptomlarını indidən görürürük, arıq məktəblər uşaqlar üçün də, valideynlər üçün vacib təhsil məkanı olmaqdan çıxıb. Onlar təhsili daha rahat, daha əlçatan mühitdə əldə etməyə yönəliblər.

Yazıya bu qədər geniş girişlə başlamağının səbəbi son zamanlar sosial mediada sertifikasiya ilə bağlı gedən söz-söhbət oldu. Görünən odur ki, müəllimlər bal yarışına girib, sertifikasiya balları, etirazları ilə səhifələr gözlərimizi qabar edib. Bu tendensiya heç bir halda düzgün deyil və bizi çox təhlükəli istiqamətə apara bilər. Dünya təhsil sistemi qiymətləndirməni “at yarışı”na bənzədib bundan uzaqlaşmaq istəyir, amma təəssüf ki, uşaqların qəbul balları ilə müəllimlərin sertifikasiya ballarının eyni formada yarışdığını görürük. Bunu biz müəllimlər edirik. Əminəm ki, sertifikasiya xoş niyyətlə, Azərbaycan təhsilinin illərlə yığılıb qalan problemlərini aradan qaldırılması, inkişaf etdirilməsi üçün atılan addımdır.

Hansısa qüvvələr sertifikasiya ilə bağlı elə imic yaradıb, sanki bununla kimsə kiməsə qarşı düşmənçilik edilirr, müəllimi gözdən salmaq istəyirlər. Bunrada bir müqəssir sualları hazırlayan, təşkilatçılığı edən qurumdursa, digər və əsas müqəssir elə müəllimlərdir. Bir neçə ildir, həyata keçirilən sertifikasiya haqqında ilk illər ciddi etiraz dalğası başladı. Nəticəsiz olduğunu görəndə isə ikinci və başqa dalğa hərəkətə keçdi. İndi də fənlər arasında müqayisələr aparıb, “O fənn çətin olub, bu fənn asan olub. “Niyə bu fəndə maksimum bal yoxdur, o fəndə var?” və sairə fikirlərlə yersiz müzakirələr açılır. Onsuz da, valideynlərin təhsilə, məktəbə, müəllimə etibarı yerlə yeksan olub, indi də belə söz-söhbətlər bu etibarsızlığı haqlı çıxarır, od üstünə benzin səpir.

Sertifikasiya vacibdir, lazımlıdır, amma onu belə reklam və antireklam ünsürü kimi istifadə emək tamamilə yanlışdır. Bunu həm aidiyyəti qurumlar, həm də müəllimlər ciddi şəkildə nəzərə almalı, ikrahdoğuran söhbətlərə son qoymalıdırlar.

Bütün bunlarla yanaşı, düşünürəm ki, sertifikasiyanın formatında dəyişiklik edilib, ikinci səviyyəyə keçməyin vaxtıdır. Məncə, bu günə qədər aparılan proses düzgün, faydalı oldu, Elm və Təhsil Nazirliyi öz yanaşması ilə böyük ictimai qüvvə ilə üz-üzə gəlib bu addımı atmaqda haqlı olduğunu sübut edə bildi. Məhz buna görə Elm və Təhsil Nazirinə təşəkkür düşür. Çünki, qınaqdan qorxmadı, bütün dedi-qodulara sinə gərdi və yüksək amallar üçün döyüşdü.

İkinci mərhələyə keçid isə ona görə vacibdir ki, bir müəllimi müəllim edən sadəcə onun biliyi yox, digər səriştə və bacarıqlarıdır. Faktoloji biliyi yaxşı səviyyədə olmayan müəllimlər var ki, həm sevilir, həm ciddi hörmət, həm də yaxşı öyrətmə bacarığına sahibdir. Onun digər bacarıqları biliyinin tam olmamasını pərdələyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək, alim formalaşdırmaq deyil. Bu, bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi-biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Cəmiyyətə robot yox, vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanlar qazandırmaq daha vacibdir.

Yazının əvvəlində də verdiyim giriş məhz bunu ifadə etmək üçün idi. Müəllimin sinifdə sevilməsi, qəbul edilməsi arıq biliyi ilə yox, insani dəyəri ilə ölçülür. Əslində, bu həmişə belə olub, amma XX əsrin bizə bəxş etdiyi müəllim modeli, məktəb formatı hələ də yaxamızdan yapışıb, əziyyət verir. XX əsrə qədər bütün məktəblər, mədrəsələr tədris proqramları əxlaqi və mənəvi dəyərləri aşılamaqda məsul idi. Sonralar bu sadəcə əzbərçiliyə və diplom xəstəliyinə çevrildi.

Təklifim budur ki, müəllimin göstəricilərini dəyərləndirmək üçün məsələyə daha peşəkar yanaşılmalı, birinci mərhələni uğurla baş çatmış hesab edib, ikinci mərhələyə başlamalı, müəllimin biliyi ilə yanaşı, digər səriştə və bacarıqlarını da ölçməliyik. Qiymətləndirməni də bunun əsasında aparmalıyıq. Bu məqamda bir neçə ölkənin serifkasiya ilə bağlı yanaşmasını qeyd etmək istərdim:

– ABŞ və Kanada kimi ölkələr müəllimlərin təlim proqramını bitirdikdən sonra xüsusi testlər vasitəsilə fənn biliyi və pedaqoji bacarıqlarını ölçür.

– Finlandiya, İngiltərə və Sinqapurda isə müəllim hazırlığı o qədər ciddi və keyfiyyətlidir ki, əlavə testlərə, bizim anlayışla desək, sertifikasiyaya ehtiyac qalmır. Bu ölkələrdə təhsil müəssisələrinin özləri ciddi seçim və hazırlıq aparır.

– Ən uğurlu yanaşma İngiltərə və Sinqapurda tətbiq olunur: burada yeni müəllim bir neçə il mentor dəstəyi ilə işləyir, sonda isə qiymətləndirilmə nəticəsinə uyğun şəkildə tamhüquqlu müəllim olur.

– ABŞ və Kanadada müəllim müəyyən illər ərzində yenidən qiymətləndirmədən keçməli, yaxud inkişaf proqramlarında iştirak etməlidir.

– Finlandiya və Sinqapurda isə lisenziya birdəfəlik verilir, çünki müəllim hazırlığı sisteminin özü çox güclüdür.

– Xüsusilə İngiltərə, Kanada və ABŞ-də bu sertifikatın yenilənməsi şərtdir.

– Finlandiyada bu məcburi deyil, amma məktəblər, təhsil idarələri müəllimləri aktiv şəkildə dəstəkləyir və inkişaf mühiti yaradır.

Aşağıdakı cədvəl aydın göstərir ki, dünyanın qabaqcıl təhsil sistemlərində tədrisin keyfiyyətini təmin etməyin müxtəlif yolları var. Bəziləri imtahanlar, rəsmi sertifikatlarla, digərləri isə keyfiyyətli müəllim hazırlığı, güclü praktik təcrübə və etimadla bunu həyata keçirir. Son sütündakı CDP “davamlı peşəkar inkişaf” ifadəsinin abreviaturudur.

Düşünürəm ki, güclü sistem qurub, müəllimlərin göstəricilərinin dəyərləndirilməsini aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə həyata keçirə bilsək, daha uğurlu nəticələr əldə edə bilərik:

1. Şagirdin və valideynin müəllimi dəyərləndirilməsi – 15 bal
2. Şagirdin mənimsəmə faizi – 15 bal
3. Müəllimin özünü qiymətləndirməsi – 10 bal
4. Rəhbərliyin müəllimi qiymətləndirməsi – 10 bal
5.    Müəllimin peşəkar inkişaf portfeli – 20 bal
6. Müəllimin bilik nəticəsi – 30 bal

Hədəf konseptində bu sistemin adını Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi (PKPD) qoymuşuq. Bu sistem düzgün tətbiq edilsə, müəllimi hərtərəfli dəyərləndirmək və haqqı olanı vermək imkanı yaranar. Ətraflı tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: //shamilsadiq.az/pedaqoji-kadrlarin-pergormans-deyerlendirilmesi

Belə hərtərəfli qiymətləndirmə bizə nə verəcək?

1. Müəllimin təkcə biliyini yox, pedaqoji bacarıqlarını da ölçmək;
2. Müəllimlərin yaxşı nəticə toplamaq üçün hazırlıqlara  getməyinin qarşısını almaq və məktəbdəki fəaliyyətini düzgün qurmağa yönləndirmək;
3. Şagirdyönümlü yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi müəllimlərə də tətbiq etmək;
4. Sadəcə yaddaşı yaxşı olan, müəyyən bilikləri əzbərləyib fərqlənən müəllimlərlə fədakarlıqla, gecəsini gündüzünə qatıb insan yetişdirməyə köklənən müəllimlərin fərqini düzgün dəyərləndirmək;
5. Məsuliyyəti sadəcə test hazırlayan qurumun üzərindən götürüb məktəbin, ailənin, şagidin, müəllimin arasında bölüşdürmək.

Bu gün dünya təhsili dönüş nöqtəsindədir. Sadəcə, biliyə əsaslanan sistemlərin iflasa uğradığı, insani və mənəvi dəyərlərin ön plana çıxdığı çağdayıq. Bu çağırışı vaxtında anlamasaq, texnologiya, rəqəmsal dünya uşaqlarımızı bizdən daha tez anlayacaq və onlara öz istədiklərini verəcək. Vaxtında təhsilin ruhunu dəyişsək – sinif otaqlarını mənəvi məktəblərə çevirsək, müəllimi sadəcə bilik ötürücüsü yox, dəyər aşılayan mentor kimi yetişdirsək, gələcək bizim olacaq.

Gələcəyin məktəbi gələcəyin müəllimi ilə qurulacaq. Həm bilikli, həm də dəyərli müəllimlə!

Şəmil SADİQ
Təhsil texnoloqu, dosent

Xəbərlər

“Future of Learning” Forumu: Təhsildə Yenilik və Beynəlxalq Təcrübə Mübadiləsi

“Future of Learning” Forumu: Təhsildə Yenilik və Beynəlxalq Təcrübə Mübadiləsi

21 iyun 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində “Future of Learning” forumu uğurla baş tutdu. Forum Azərbaycan Dillər Universiteti, Hədəf Liseyi – STARS Campus-u, Doğu Akdeniz Universiteti, EDUHEK (Education Technology and Consulting) və ELTA (English Language Teaching Assessment) təşkilatlarının birgə təşkilatçılığı, Hi Languages, e-School və Nəsibə Aydın Yıldızlar Məktəbinin tərəfdaşlığı ilə keçirildi.

Forumda 350-dən çox iştirakçı yer aldı. Təhsil sahəsində baş verən qlobal dəyişikliklər fonunda təşkil olunan bu tədbir müasir təhsil yeniliklərinin təqdimatı və beynəlxalq təcrübələrin paylaşılması baxımından əhəmiyyətli platforma rolunu oynadı.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Himnimizin musiqisini Hədəf Liseyinin balabilgəsi İnci Sadıqzadə ifa etdi. Açılış mərasimində Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıq, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və EDUCO Qrupun rəhbəri Ercüment Özayan salamlama nitqi ilə çıxış etdilər.

Forumun əsas məqsədi iştirakçıları təhsildəki son innovasiyalar, xarici dilin tədrisində tətbiq olunan qabaqcıl metodlar və beynəlxalq proqramlarla bağlı məlumatlandırmaq, eyni zamanda müəllimlərin peşəkar inkişafına dəstək vermək idi. İkidilli tədris yanaşmaları, beynəlxalq imtahanların təşkili və beynəlxalq təhsil standartlarına uyğun metodların tətbiqi mövzularında geniş təcrübə mübadiləsi aparıldı.

Forumun əsas hədəf auditoriyası ingilis dilində dərs deyən müəllimlər olsa da, tədbirdə digər fənn müəllimləri, məktəb rəhbərləri və təhsil sahəsində çalışan mütəxəssislər də fəal iştirak etdilər.

Forum çərçivəsində çıxış edən spikerlər arasında təhsil mütəxəssisi və BMT-nin Qlobal Məktəblər Proqramı üzrə mentor Burcu Önder Gürpınar, Avropa Azərbaycan Məktəbinin icraçı direktoru, Caucasus & Central Asia IB Assosiasiyasının sədri Francesco Banchini , Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov Ed.M., Doğu Akdeniz Universitetinin professoru Cavanşir Şibliyev, Hədəf Stars Campus-un icraçı direktoru və təhsil texnologiyaları üzrə mütəxəssis Şemsettin Beşer, Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Elnarə Tağıyeva, Azərbaycan Dillər Universitetinin baş müəllimi və beynəlxalq sertifikatlı təlimçi Aynur Əsgərzadə və IB təhsili üzrə təlimçi, PYP üzrə mütəxəssis və mentor Ebru Hezen yer aldı.

Forum zamanı “İngilis dilinin tədrisində ikidilli təhsilin sehrli gücü”, “Rethink, Reform, Revolutionise”, “Cambridge Global Perspectives” kurikulumu çərçivəsində mədəniyyətlərarası bacarıqlar”, “Təhsildə süni intellekt”, “Süni intellektin xarici dil öyrənməyə təsiri”, “Beynəlxalq imtahanlar”, “Active Participation as a Catalyst for Effective English Language Acquisition” və “Dünyaya açılan siniflər: IB və beynəlxalq şüur” kimi aktual mövzularda təqdimatlar dinlənildi.
Forum çərçivəsində təlim və təqdimatlar ingilis dilində aparılmış.

Forum çərçivəsində dəyərli spikerlərin və iştirakçıların adından Qarabağ Universitetinin kitabxanasına kitab ianə ediləcəyi elan olundu. Bu mənəvi təşəbbüsə verdikləri töhfəyə görə spikerlərə təşəkkürnamələr təqdim olundu və onlara Qarabağla bağlı xatirə kitabı hədiyyə edildi.

Forum iştirakçılarına Hədəf Nəşrləri və Sinkod tərəfindən ingilis dilinin tədrisinə dair praktik vəsaitlər, metodik materiallar və dərsliklər hədiyyə olundu. Bununla yanaşı, Naxçıvan Universiteti və Qarabağ Universitetinin müəllimləri, həmçinin Qazaxıstan və Qırğızıstandan onlayn formada qoşulan pedaqoji heyətin peşəkar inkişafını dəstəkləmək məqsədilə forumun onlayn iştirak imkanı onlara hədiyyə olaraq təqdim edildi. Bu təşəbbüs, təhsildə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Future of Learning” forumu təhsildə yenilikləri izləmək, beynəlxalq təcrübələri öyrənmək və bu təcrübələri praktikada tətbiq etmək istəyənlər üçün mühüm bir platforma oldu.