Xəbərlər
Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub
Dekabrın 5-də Bakıda “Turan Balabilgə Akademiyası”nın təsis iclası keçirilib. Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları şagirdlərin hazırladığı bədii proqramla qarşılandıqdan sonra Hədəf Liseyində “Turan çadırı”nın açılışını ediblər.
Ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya, Moldovadan olan nümayəndələrin də qatıldığı təsis yığıncağının iştirakçılarını səmimi salamlayan Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, mühüm tarixi missiyanı yerinə yetirən Türk Dövlətləri Təşkilatı ortaq tarixi və etnik kökləri, müştərək milli-mənəvi dəyərləri birləşdirir və yaşadır. Prezident İlham Əliyevin liderliyində Azərbaycan təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayır, Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsinə öz dəyərli töhfələrini verir. İctimai təşkilatlar, elm-təhsil, mədəniyyət ocaqları da ortaq tarixi və etnik köklərə söykənən qardaşlıq əlaqələrinin möhkəmlənməsində yaxından iştirak edirlər.
Natiq vurğulayıb ki, 2025-ci il oktyabrın 8-də Qazaxıstanın Almatı şəhərində yerləşən Turan Universitetində təsis edilən “Turan Akademiyası” da bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Akademiyanın ilk toplantısında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisi əsas götürülərək təşəbbüsümüzlə Bakı Hədəf Liseyində “Turan Balabilgə Akademiyası”nın yaradılması qərara alınıb. Qısa zaman ərzində təşkilati işlər başa çatdırılaraq təsis yığıncağına ciddi hazırlıq görülüb.
Yığıncaqda “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvlərindən Qazaxıstanın Turan Universitetinin rektoru Rahman Alışanov, türkoloq alim Firudin Cəlilov çıxış edərək “Turan Balabilgə Akademiyasının” fəaliyyətinə uğurlar arzulayıb, türk tarixi və mədəniyyəti ilə bağlı müəllifi olduqları kitabları Hədəf liseyinə hədiyyə ediblər.
Milli Məclisin deputatı Cavanşir Feyziyev, şair Rüstəm Behrudi, Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi Mahmud Oral, Turan Universiteti rektorunun köməkçisi Gülzhanat Tayauva, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun direktoru Hikmət Quliyev, Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Fariz Yunisli və digərləri çıxış edərək bildiriblər ki, Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar davamlı xarakter daşıyır. “Turan Balabilgə Akademiyası”nın yaradılması da ortaq Türk mədəniyyəti, tarixi, dil və elmi ənənələrinin araşdırılması və təbliği, Türkdilli ölkələrdə və icmalarda elm, təhsil və innovasiyaların inkişafına yönəlmiş tədbirlərin keçirilməsi, Türk xalqları məktəbliləri arasında əməkdaşlıq və akademik-mədəni əlaqələrə töhfə vermək baxımından əhəmiyyətlidir. Akademiyada ideyası milli kimliyə və müdrikliyə əsaslanan, həm texnoloji, həm də mənəvi dəyərlərlə zəngin, gələcəyə fikirlə yön verən türk gənci modeli yaradılmalıdır. Bu gənclər həm tarixini bilən, həm gələcəyi quran, həm də bəşəri elmə inteqrasiya olunmağı bacaran nəsil olmalıdır.
İclasda Şəmil Sadiq “Turan Balabilgə Akademiyasının prezidenti, Mirkan Aydın vitse-prezidenti, Elvin Əliyev isə katibi seçiliblər.
Çıxışlardan sonra “Turan Balabilgə Akademiyası”nın nizamnaməsi və loqotipi təsdiq edilib. Bildirilib ki, akademiya fəaliyyətini könüllülük, bərabərlik, özünüidarəetmə, akademik azadlıq, mədəni ənənələrə hörmət və Azərbaycan respublikası qanunvericiliyinə riayət prinsipləri əsasında, “Turan Balabilgə Akademiyası”nın nizamnaməsinə uyğun şəkildə həyata keçirir. Hüquqi şəxs statusuna malik olmayan akademiyanın fəaliyyətinə dair təşkilati və metodiki dəstəyi Bakı Hədəf Liseyi təmin edir.
Sonra fəxri və qurucu üzvlərə diplom və plaketlər, “Turan Balabilgə Akademiyası”nın ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub.
TÜRKSOY-un baş katibi Sultan Raev, Turan Universitetinin rektoru və Turan akademiyasının prezidenti Rahman Alşanov və tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş Turan Balabilgə Akademiyasının ilk mükafatına – “Turan bilgəsi” nominasiyasına layiq görülüblər. Digər qonaqlara da xatirə hədiyyələri, Türk tarixi və Türk birliyindən bəhs edən kitablar verilib, xatirə fotosu çəkdirilib, Sumqayıt kitab sərgisi ilə tanışlıq olub.
Təsis yığıncağının iştirakçıları səfər proqramı çərçivəsində Bakı şəhərinin tarixi məkanlarında olub, Şəhidlər xiyabanını və Zəfər muzeyini ziyarət ediblər.
Turan Balabilgə Akademiyasının fəxri üzvləri
- Rahman Alşanov – Turan Universitetinin rektoru, Turan Akademiyasının rektoru (Qazaxıstan)
- Mahmut Oral – Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi (Türkiyə)
- Gülcanat Tayauova – Turan Universiteti rektorunun köməkçisi (Qazaxıstan)
- Sultan Raev – TÜRKSOY-un Baş katibi
- Mahirə Hüseynova – ADPU prorektoru (Azərbaycan)
- Nizami Cəfərov – Atatürk Mərkəzinin direktoru (Azərbaycan)
- Cavanşir Feyziyev – Millət vəkili (Azərbaycan)
- Fazil Mustafa – Millət vəkili (Azərbaycan)
- Rasul Ahmetov – Qazaxıstan Xalqları Assambleyası direktorunun köməkçisi (Qazaxıstan)
- Almaz Toktomamatov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutunun baş direktoru (Qırğızıstan)
- Tufan Gündüz – Qazi Universiteti (Türkiyə)
- İlbər Ortaylı – Tarixçi, professor, Türk Tarix Qurumunun fəxri üzvü (Türkiyə)
- Nazim Muradov – Lefke Avropa Universiteti (ŞKTC)
- Aktokı Raimkulova – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti (Qazaxıstan)
- İlham Əliyev – Akdeniz Universiteti (Türkiyə)
- Rüstəm Behrudi – Şair (Azərbaycan)
- Yunus Oğuz – “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazar (Azərbaycan)
Turan Balabilgə Akademiyasının qurucu üzvləri
- Şəmil Sadiq – Hədəf Şirkətlər Qrupunun qurucu direktoru (Azərbaycan)
- Mirkan Aydın – Nesibe Aydın Okulları direktoru (Türkiyə)
- Elvin Əliyev – Hədəf Şirkətlər Qrupunun qurucu direktorunun müavini (Azərbaycan)
- Gökhan Yazgan – Atatürk Liseyi, Turan Yazgan Vəqfi (Türkiyə)
- Juliboy Eltazarov – Orta Asiya Dilləri və Mədəniyyətləri İnstitutunun rektoru (Özbəkistan)
- Elçin İbrahimov – Qarabağ Universiteti Elmi Bölmə rəhbəri (Azərbaycan)
- Əkbər Qoşalı (Yolçuyev) – DGTYB başqanı (Azərbaycan)
- Akınbek Ergeşov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutu Beynəlxalq Əlaqələr Şöbəsi (Qırğızıstan)
- Kadir Özer – “Educo” Şirkətlər Qrupunun qurucu direktoru (Türkiyə)
- Orhan Hasanoğlu – Azərbaycan–Kipr Dostluq Dərnəyi başqanı (ŞKTC)
- Bora Karasu – İzbilim Kolleci qurucusu (Türkiyə)
- Alla Büyük – Gənc Qaqauz Yazarlar Birliyinin başqanı (Qaqauziya)
- Murat Toylu – TRT Türkmən şöbəsinin rəhbəri (Türkmənistan)
- Bekjon Adizov Qoçiyeviç – Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti nəzdində Akademik Liseyin müdiri (Özbəkistan)
- Obidjon Şofiyev Baxtiyoroviç – Termiz Dövlət Universiteti rektorunun köməkçisi (Özbəkistan)
- Fahri Karaman – Beynəlxalq Balkan Universiteti (Türkiyə)
- Esra Aslan – İş xanımı, məktəb qurucusu (Türkiyə)
- Məhman Həsənli – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun icraçı direktoru (Azərbaycan)
Repetitorluğun lisenziyalaşdırılması ideyası kökündən yanlış yanaşmadır.
Bir insan illərlə oxuyur, universitet bitirir, diplom alır, bilik və zəhmətinin qarşılığında öyrətmək hüququ qazanır. Belə olan halda, onun öz evində, öz kabinetində, öz şəxsi bilik və təcrübəsinə əsaslanaraq məşğələlər keçməsi üçün əlavə lisenziya tələb etmək nə hüquqa, nə məntiqə, nə də insanın azad seçim haqqına uyğundur. Bu, həm də müəllimlik peşəsinin mahiyyətinə hörmətsiz yanaşmadır.
Sertifikasiya məsələsinin gündəmə gətirilməsi isə daha da təəccüblüdür. Sertifikasiya işəgötürənin öhdəliyidir – o, öz əməkdaşını inkişaf etdirmək üçün daxili testlər aparır, təlimlər təşkil edir, nəticələrə görə qərarlar verir. Bəs repetitoru kim sertifikasiya edəcək? Məşğələyə gələn uşaqların valideyni? Yoxsa tələbənin özü? Axı bu fəaliyyət bazar münasibətidir: razılıq varsa, ödəniş də var, nəticə də var. Kimin harada və necə müəllimlik etməsini dövlət testlə yoxlaya bilməz. Bu fikir ciddiyyətini itirir, gülüş doğurur.
Unutmayaq ki, repetitorluq könüllü əmək münasibətidir. Heç kim heç kimi məcbur etmir ki, “mənim yanımda hazırlaş”. Tələb var, xidmət var – məsələ bu qədər sadədir. Repetitorluğu lisenziyalaşdırmaq o deməkdir ki, dövlət kölgə təhsilini rəsmiləşdirir, ona hüquqi forma verir. Bu isə nə qanunun, nə də sistemin mahiyyətinə uyğun gəlmir. Kölgə fəaliyyət rəsmiləşərsə, artıq kölgə olmur – bu isə açıq-aşkar paradoksdur.
Amma vergi məsələsi tamam başqa söhbətdir. Vergi nəzarəti gücləndirilə bilər, hətta gücləndirilməlidir də. Çünki repetitorluq, istəsək də, istəməsək də, sahibkarlıq fəaliyyətidir. Adam bilik satır – xidmət göstərir və buna görə də gəlir vergisi verməlidir. Mən tanıdığım neçə-neçə repetitor var ki, onlar illərdir vergi ödəyiciləridir. Bu, həm dövlətə hörmətdir, həm də öz fəaliyyətinə məsuliyyətli yanaşmağın göstəricisi. Əsl düzgün mexanizm də elə budur.
Lakin əsas məsələ tam başqadır. Heç bir lisenziya, heç bir sertifikat repetitorluğu aradan qaldıra bilməz. Çünki repetitorluq boşluqdan doğur. Orta məktəbin zəiflədiyi, qəbul sisteminin mürəkkəbləşdiyi, şagirdlərin müəllimdən daha çox “dəstə ilə” test həll etməyə yönəldiyi məqamda repetitorluq ayaqda duran yeganə dayağa çevrilir. Bu, problem deyil, problemin nəticəsidir. Səbəb içəridədir – məktəbdə, sistemdə, mexanizmdə.
Repetitorluq qəzalı bir binaya vurulan müvəqqəti dirək kimidir. O dirəyi götürməklə bina möhkəmlənmir. O binanı sökmək, əsasından düz tikmək lazımdır. Şagird məktəbdə aldığı dərsdən razı olsa, müəllim sinifdə şagirdi inkişaf etdirə bilsə, məktəb proqramı uşağı yormasa, repetitorluq da öz-özünə yox olacaq. Dayağı deyil, binanı düzəltmək lazımdır.
Və mən inanıram ki, Elm və Təhsil Nazirliyinin son illərdə atdığı addımlar – konsept yenilikləri, proqram dəyişikləri, müəllim əməyinə verilən qiymətin artması – bu “binanı” yenidən tikmək cəhdidir. Uzun illərdən qalan çatlar təkcə bir qərarla aradan qalxmır, amma ən azından niyyət görünür. Sistem dəyişdikcə, məktəb gücləndikcə, qəbul mexanizmi sadələşdikcə repetitorluq da təbii şəkildə azalacaq.
Repetitorluqla mübarizə aparmaq yox, təhsilin özünü sağlamlaşdırmaq lazımdır. Çünki bir ölkənin gələcəyi müəllimin gücündən, məktəbin dayanıqlığından, uşağın aldığı təhsilin keyfiyyətindən başlayır. Dayaqları qırmaq asandır; çətin olan binanı yenidən və möhkəm tikməkdir.
Dünən Türküstan şəhərində Xoca Əhməd Yəsəvinin türbəsini və ətrafdakı muzey kompleksini gəzdik.
Tarix: 02/12/2025Dünən Milli Məclisdə çıxışı zamanı elm və təhsil Naziri Emin Əmrullayev bəzi universitetlərə tələbə qəbulunun azaldılacağını bildirib. Nazir qeyd edib ki, bu addım təhsildə keyfiyyətin artırılması məqsədi daşıyır.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq isə ilk növbədə pedaqoji ixtisaslara qəbulun məhdudlaşdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, pedaqoji sahəyə tələbə qəbulu zamanı daha ciddi meyarlar tətbiq olunmalı, keyfiyyət əsas götürülməlidir:
“Ölkəmizdə müəllim sayı çoxdur. Uzun illər universitetlərimizdə müəllimlərin buraxılış sayı həddindən çox olub və bu, cəmiyyətdə işsizliyə təsir edib. Verilən mesajlarda da deyilir ki, bəzi universitetlərdə qəbul sayı azaldılacaq. Bu, ilk olaraq elə pedaqoji fakültələrə şamil edilməlidir. Hətta pedaqoji fakültələri bəzi universitetlərdə yavaş-yavaş azaldıb, daha ixtisaslaşmış universitetlərdə müəllim hazırlasaq, bu, daha yaxşı nəticə verə bilər. Çünki hər filial, yaxud da başqa müəssisə pedaqoji fakültə açıb, universitet məzunu buraxır, sonradan isə gənclər işsiz vəziyyətdə qalır və bu, təhsilimizə yük olur. O baxımdan, məncə, birinci növbədə universitetlərdəki pedaqoji fakültələrdə müəyyən ixtisasların ləğv olunması və qəbul sayının azaldılması lazımdır”.
ANAİB Türküstan Kitab Sərgisində iştirak edəcək
ANAİB İdarə Heyətinin sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq və “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy Qazaxıstanın ən böyük nəşriyyatı olan “Foliant”ın direktoru Nurlan İsabəyovla görüşüb.
Media25 xəbər verir ki, görüşdə iki ölkə arasında nəşriyyat sahəsinin müqayisəli perspektivləri, eləcə də qarşılıqlı həyata keçiriləcək planlar barədə söhbətlər aparılıb. Şəmil Sadiq bildirib ki, Qazaxıstanlı oxucuların Azərbaycanlı müəlliflərlə tanışlığı mühüm məsələdir və bu istiqamətdə düşünülmüş addımlar atılmalıdır. Bunun üçün qardaş ölkələrin nəşriyyatları arasında əməkdaşlıq imkanları qurulmalı və genişlənməlidir.
Qazaxıstanın kitab çapı və nəşriyyat sahəsi barədə geniş məlumat verən Nurlan İsabəyov bildirib ki, Azərbaycan nəşriyyatları ilə əməkdaşlıq imkanlarını araşdırılır. Vurğulayıb ki, Azərbaycana gəlişinin əsas məqsədlərindən biri 26–28 noyabr tarixlərində Qazaxıstanda keçiriləcək Türküstan Kitab Sərgisinə azərbaycanlı naşirləri şəxsən dəvət etməkdir.
Görüşdə səsləndirilən təklif ANAİB rəhbərliyi tərəfindən müsbət qarşılanıb və geniş tərkiblə bu sərgidə iştirak etmək barədə qərar qəbul edilib.
Ermənistanda Azərbaycana qarşı yumşalma siyasəti yürüdülü
Azərbaycan dili hazırda Ermənistanın 3 məktəbində tədris olunur. Ermənistan mediasına istinadən verilən məlumata görə, bunu təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib. Onun sözlərinə görə, Ermənistanda Azərbaycan dilinin öyrənilməsi hökumətin regional dillərin yayılmasının təşviqinə dair proqramı çərçivəsində həyata keçirilir. Ermənistanla sülh sazişi imzalanana qədər bu formatı qorumaqda məqsədi nədir?
Mövzu ilə bağlı filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq Crossmedia.az-a açıqlama verib. O bildirib ki, burada iki məqsəd var: ‘’Birinci məqsəd, son dövrlərdə Azərbaycanın apardığı siyasət və “Dəmir yumruq”un təsiri nəticəsində, Ermənistanda Azərbaycana qarşı yumşalma siyasətinin formalaşdığı mesajını vermək istəməsidir. Yəni guya gələcəkdə əlaqələr qurulacaq, münasibətlər yaranacaq və bu səbəbdən də qonşu dövlətin dilini bilmək vacib sayılır. Azərbaycan artıq Qafqaz regionunda, ümumiyyətlə, dünyada böyük iqtisadi və siyasi nüfuza malik bir dövlətdir. Bu, danılmaz faktdır. Ermənilər bu addımı atmaqla sanki ilk addımı atırmış kimi görünmək istəyirlər’’.
Ekspert vurğulayıb ki, eyni zamanda, Paşinyan öz xalqı qarşısında Azərbaycanın adını hallandırmaqla “qonşuluq münasibətləri” anlayışını yaratmaq niyyətindədir: ‘’Məşhur bir ifadə var: “Düşməninin də dilini bilməlisən’’. Azərbaycan onlara dövlətimizin gücünü bütün istiqamətlərdə göstərdi — həm müharibədə, həm də diplomatik və humanitar sahələrdə. Bu baxımdan düşünürəm ki, bu addım Ermənistan cəmiyyətində münasibətlərin müəyyən qədər yumşalmasına xidmət edir. Mənim baxışıma görə, Ermənistan həm ölkə daxilində, həm də xaricdə bu addımı atmaqla belə bir mesaj verməyə çalışır. Bundan başqa, “Zəngəzur–Azərbaycan” anlayışı da burada təsadüfi deyil. Bu, həm də o mənanı daşıyır ki, həmin torpaqlar Azərbaycan torpaqlarıdır və biz ora qayıdacağıq. Gələcəkdə həmin ərazilərdə azərbaycanlı icmanın yenidən yaşaması üçün, gənc erməni nəslinin Azərbaycan dilini bilməsi onlar üçün vacib hesab olunur’’.
“TəhsildəSƏN 5” forumu
12 oktyabr tarixində ölkəmizdə il ərzində iki dəfə təşkil olunan və bütün təhsil sektorunu əhatə edən “TəhsildəSƏN 5” adlı forum keçirildi. Artıq beşinci dəfə baş tutan forumda həm dövlət, həm də özəl sektoru təmsil edən 15 spiker öz təcrübələrini və yanaşmalarını 250-yə yaxın iştirakçı ilə bölüşdü.
Forumun açılış nitqi ilə Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov çıxış edərək tədbirin əhəmiyyətini və təşkilatçılığın peşəkarlığını vurğuladı. Daha sonra Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Departamentinin Peşə Hazırlığının Təşkili Şöbəsinin müdiri Fərid Həsənov, Hədəf Şirkətlər Qrupunun qurucusu, publisist, naşir, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktoru Şəmil Sadiq çıxış edərək forumun devizi olan “Təhsildə dəyərlər” mövzusuna toxundular və təmsil etdikləri qurumların təhsildə dəyər yaratmaq istiqamətində gördükləri işlər barədə məlumat verdilər.
Forum iki hissədən ibarət olub və əsas məqsədi iştirakçılar arasında sərbəst ünsiyyətin qurulması, yeni əməkdaşlıqların və əlaqələrin yaradılması idi. Spikerlər peşə təhsili, beynəlxalq imtahanlar, ixtisas seçimi, məktəbəqədər və ibtidai təhsil, xaricdə təhsil, xarici dil biliyi, inklüziv təhsil, emosional zəka və digər aktual mövzularla bağlı fikirlərini paylaşdılar.
Tədbirin sonunda forum iştirakçılarına sertifikatlar təqdim olundu.
SƏNƏT, İDMAN VƏ SAVADSIZLIQ
Kiçik bir müşahidə və statistik araşdırma göstərir ki, idman, musiqi, rəssamlıq, teatr və digər yaradıcılıq sahələrində çalışanların böyük qismi ali akademik təhsilə malik olmur. Bu, həmin sahələrin savadlı nümayəndələrinə qarşı ittiham deyil, sadəcə mövcud reallığın sosio-təhsil mənzərəsidir. Məsələn, Azərbaycanda qəbul imtahanlarının nəticələrinə baxdıqda görürük ki, Bədən tərbiyəsi, rəssamlıq, aktyorluq, musiqişünaslıq və sənətşünaslıq kimi ixtisaslara daha çox aşağı bal toplayan abituriyentlər yönəlirlər. Bu məqsədlə hətta xüsusi “5-ci qrup” adlı blok yaradılıb və bu blok illərlə “200 balı keçə bilməyənlərin sığınacağı” kimi təqdim edilib. Bir çox ailələrdə belə bir yanaşma var: “O uşaq oxuya bilmirsə, qoy idmana, musiqiyə, rəssamlığa getsin.”
Halbuki dünyada bu sahələri seçənlərin əksəriyyəti istedadına görə yönləndirilir, bal defisiti olduğuna görə yox. Azərbaycanda 250–300 bal toplayıb bu sahələrə gedən gənclər bəzən ələ salınır: “Bu balla niyə mühəndis, iqtisadçı, hüquqşünas olmadın?” Halbuki hər bir cəmiyyətin sağlam inkişafı üçün intellektual elita ilə yanaşı, yüksək peşəkar musiqiçi, aktyor, idmançı və rəssamlar da lazımdır.
Burada əsas problem ondan ibarətdir ki, ali təhsil sistemi istedad yönümlü sahələr üçün belə eyni qiymətləndirmə mexanizmini tətbiq edir. Bir güləşçinin, balet artistinin, pianoçunun və ya rəssamın müvəffəqiyyəti əsasən istedad, fiziki hazırlıq, məşq və yaradıcılıq potensialıyla ölçülür, test imtahanları ilə yox. Dünyanın inkişaf etmiş təhsil modellərində bu ixtisaslar üçün akademik nəticə deyil, qabiliyyət, portfel, kreativlik və fiziki göstəricilər müəyyənedici rol oynayır.
Məsələn:
Finlandiya və Norveçdə incəsənət və idman fakültələrində qəbulun 70%-i qabiliyyət imtahanlarına əsaslanır;
Almaniyada musiqi akademiyalarına müraciət edənlərin sadəcə 15%-dən diplom tələb olunur;
Türkiyədə konservatoriyaya qəbul üçün bal baryeri yoxdur, əsas seçim dinləmə və ifa üzrə olur;
İtaliyada peşəkar idman liseylərində akademik proqramla məşq cədvəli balanslaşdırılır və attestat yalnız formal sənəd kimi qiymətləndirilir.
Azərbaycanda da uzun illər öncə fəaliyyət göstərən xüsusi musiqi və idman məktəbləri məhz bu məqsədə xidmət edirdi. Ancaq onların böyük hissəsi illər keçdikcə təhsil baxımından zəifləyib. Hazırda bu məktəblər Elm və Təhsil Nazirliyi ilə yanaşı, Mədəniyyət, Gənclər və İdman Nazirliklərinin balansında da fəaliyyət göstərir, amma nəticə göstəriciləri ictimaiyyətin diqqətindən kənardadır.
Etiraf edək ki, bizim qəbul sistemi də qabiliyyət yönümlüdür. Sadaladığımız fakültələrə qəbul olmaq üçün şagirddən 700 baldan 100-150 bal toplaması yetərlidir. Bu bal isə bir növ simvolikdir. Bu fakt yuxarıda dediyimizi bir daha təsdiqləyir, yəni sənətkarın savadlı olub olmaması bir daha sual yaradır. Bu sahənin insanları niyə savadlı olmur və ya savadlı olmaları nə dərəcədə vacibdir?! Təəssüf ki, biz bu gün savadlı adam deyəndə, diplomlu adamları nəzərdə tuturuq. Ona görə də bu cür hallarda idmançıları, müəyyən sənət adamlarını savadsız adlandırırıq. Sual oluna bilər, Yaxşı bir futbolçu üçün, pianoçu üçün, aktyor üçün diplom nə qədər vacibdir? Diplomu olmasa, biz onlara niyə yarımçıq kimi baxırıq ki, onlar da universitetə qəbul olmaq üçün bu cür problemlərlə qarşılaşsınlar? Universitetə qəbul olmaq akademik nəticə tələb edir, amma peşə sahibi isə istedad.
Elə bu məqamda burada daha dərindən toxunmalı olduğumuz məsələ “savad” anlayışının özüdür. Biz illərlə savadlılığı diplomla eyniləşdirmişik. Mədəniyyət tarixinə, leksik semantikaya, UNESCO və OECD kimi qurumların yanaşmasına baxsaq, məsələ tam fərqli görünər.
“Savad” sözü fars mənşəlidir və ərəbcə “qara yazı” (mürekkəb rəngi) mənasından gəlir, Orta əsrlərdə “qara yazını tanımaq” → “oxumaq-yazmaq bacarığı” kimi işlənib, Zamanla “məktəbli olmaq”, “maariflənmək”, “dünyagörüşə sahib olmaq” məzmunu daşımağa başlayıb.
Müasir elmi yanaşmada isə savadlılıq 3 mərhələ ilə ölçülür:
- Funksional savadlılıq – yazmaq, oxumaq, ibtidai hesabı-riyaziyyatı başa düşmək;
- İctimai-intellektual savadlılıq – təhlil etmək, qərar vermək, ünsiyyət bacarıqları;
- Emosional və mədəni savadlılıq – estetika, davranış mədəniyyəti, empatiya və peşəkar bacarıqlar.
UNESCO-nun 2023-cü il hesabatına görə:
– Dünyada 15 yaşdan yuxarı insanların 86%-i oxuyub-yaza bilir;
– Azərbaycanda bu göstərici 99% olaraq göstərilir, lakin funksional və tətbiqi savadlılıq statistikası aparılmır;
– OECD ölkələrində incəsənət və idman sahəsində çalışanların 63%-i ali diplom sahibi deyil, amma 78%-i peşəkar sertifikat, akademiya və ya yaradıcı təhsil keçib.
Məsələnin mahiyyəti nədədir? Bizim “savadlı” dediyimiz adam oxumağı bilən, amma analiz edə bilməyən, dünyagörüşü olmayan, fərdi bacarığı zəif biri də ola bilər. Eynilə diplomu olmayan, amma yüksək intellekt, yaradıcılıq, estetik zövq və ictimai təsir gücünə malik bir rəssam, idmançı və ya aktyor “savadsız” sayıla bilməz.
Əslində isə problem şəxslərdə deyil, sistemdədir, bəli məhz sistemdə…
– Təhsilimizdəki qiymətləndirmə meyarları peşə seçiminə tam uyğun deyil;
– Qabiliyyət mərkəzli məktəblər zəif fəaliyyət göstərir və ya heç göstərmir deyək;
– “Savad” anlayışı hələ də kağız-kuğuzla ölçülür;
– Valideyn, müəllim, media və cəmiyyət bu stereotipi gücləndirir.
Qısacası deyək ki, məsələ idmançıların və ya sənət adamlarının savadsız olması deyil, savadlılığın ölçülmə metodunun köhnə və yanlış olmasıdır. İstedad, praktiki bilik və yaradıcı kapital da savad formasıdır. Məsələn, Messi, Picasso, Charlie Chaplin, Van Qoq və bir çox dünya miqyaslı sənətkar diplomsuz, amma intellektual nüfuz sahibidirlər. Bizdə isə belə şəxslər büdrəyən kimi “təhsilsiz” damğası alır.
Düşünürəm ki, əsl islahat bu suallardan başlamalıdır:
– Diplom savad göstəricisidirmi?
– Qabiliyyətə əsaslanan təhsil niyə zəifdir?
– Peşə məktəblərinin keyfiyyəti niyə aşağıdır?
– Savad yalnız yazı-pozu bilməkdirmi?
Savad yalnız yazıb-oxumağı bilməkdirmi, sualından başlayaq, məncə. Cəmiyyətdə uzun illər formalaşmış ən primitiv yanaşma budur: “Savadlı adam odur ki, oxuyub-yaza bilir.” Bu yanaşma 19-cu əsrin kütləvi savadsızlıq dövrü üçün doğru ola bilərdi, amma müasir dünyada bu anlayış həm məhdud, həm də köhnəlmişdir. Daha açıq desək, yazıb-oxumaq – savadlılığın ən aşağı mərhələsidir.
Bu gün Azərbaycanda əhalinin 99%-i oxuyub-yaza bilir. Amma bu, hamının “savadlı” olduğu anlamına gəlmir. Bir çox adam yazı-pozu bilir, amma:
– Mətnin mənasını qavramır;
– İnformasiyanı analiz edə bilmir;
– Tənqidi düşünmür;
– Duyğu və davranış savadına malik deyil;
– Mədəni və ictimai biliklərdən xəbərsizdir.
Bu insanlar texniki olaraq “oxuyur”, amma funksional olaraq savadlı sayılmır.
Günümüzün dünyasında savad anlayışı necə dəyişib?
Müasir statistika və elmi yanaşma savadlılığı təkcə “əlifbanı tanımaq” kimi yox, aşağıdakı sahələr üzrə qiymətləndirir:
– Rəqəmsal savadlılıq
– Maliyyə savadlılığı
– Hüquqi savadlılıq
– Media və informasiya savadlılığı
– Emosional-psixoloji savadlılıq
– Ekoloji savadlılıq
– Mədəni-intellektual savadlılıq
Məsələn:
– ABŞ-da 2023-cü ildə aparılan tədqiqatda məlum olub ki, əhalinin 52%-i yazıb-oxusa da, hüquqi və maliyyə savadlılığı yoxdur.
– Avropada “oxumağı bacarır” deyə qeyd olunan insanların 26%-i mətnin mənasını başa düşmür.
– Azərbaycanda PISA nəticələrinə əsasən 15 yaşlı şagirdlərin təxminən 38%-i oxuduğu mətndən nəticə çıxara bilmir.
Yazıb-oxuyan, amma savadsız olan nəsil necə yaranır?
Savadlılığın yanlış ölçülməsi belə nəticələr doğurur: Diplom var, amma bacarıq yoxdur, telefon istifadə edir, amma informasiya süzgəcləyə bilmir, rəqəmi yazır, amma plan qura bilmir, Yazır, amma düşünmür, oxuyur, amma dərk etmir.
Bu səbəbdən müasir pedaqogika deyir ki, Oxumaq – texniki bacarıqdır, savadlılıq isə ntellektual və sosial bacarıq.
“Savad yalnız yazı-pozu bilməkdirmi?” – Xeyr.
Savad – insanın dünyanı anlaması, düşünməsi və tətbiq edə bilməsi qabiliyyətidir. Oxumaq bu yolun başlanğıcıdır, sonu yox.
Məncə, mövzumuza qayıdaq, Sənət və təhsil və ya İdman və təhsil, bu iki sahəni peşə kimi adlandıraraq, bundan sonra peşə və təhsil deyək. Peşə və təhsil niyə bir yerdə addımlaya bilmir, biz bunu necə aradan qaldıra bilərik. Peşə bacarığı bir istedad, xobbidirsə, savadlı olmaq yaşam üçün vacib amildir. Biz yuxarıda qeyd etdiklərimizi də nəzərə alaraq demək istəyirik ki, hər bir insanın ümumi savadlılığı olmalıdır. Düşünün bir sənətçi möhtəşəm səsi ilə insanları heyran edirsə, güldürür, ağladır, hiddətləndirirsə, onun hansısa bir televiziya verilişində doğru-düzgün bir nitqi də olmalıdır. ən azından öz sahəsi ilə bağlı müəyyən biliklərə sahib olmalıdır. Və yaxşı bir idmançı qısa zamanda böyük uğur qazanıb baş gicəlləndirən gəlir əldə edirsə, onu idarə etməyi də bacarmalıdır, hansısa beynəlxalq tədbirdə özünü ifadə edə biləcək xarici dil biliklərinə, etik davranış qaydalarına sahib olmalıdır. Elə onun üçün də peşə sahibləri üçün qabiliyyət imtahanları ilə yanaşı savad imtahanı da verməlidir. Mən buna akademik imtahan demirəm ki, elmi ağırlığı olmasın. Onlar üçün təşkil edilən təhsil ölçmə-dəyərləndirməsi də xüsusi olmalı, məhz həyati bacarıqları yoxlayan bir qiymətləndirmə sistemi mənasında. Bizim bugünkü qəbul imtahanlarımızda məhz 5-ci qrup şagirdləri olan bu sahənin insanlarına verilən suallar, digər ixtisaslardan xeyli asandır, amma bu hansısa akademik biliyin asan olması kimi yox, məhz minimal həyati bacarıqları verən bir təhsil sisteminin imtahanı. Məhz bu cür xüsusi məktəblərdə fənlər də, kurikulum da, dərsliklər də tamamən fərqli metodlarla işlənməlidir. Heç təsadüfi deyil ki, sənət, idman sahəsinin adamları elə ya iş həyatına atılandan, ya da sonradan kasıb həyat tərzi ilə üz-üzə qalırlar. Sadəcə istedadlarına güvənirlər və sonda bu istedad bu günün dünyasında dəyərləndirilmir. Yəni insan dünyası elədir ki, quşdan uçmağı, balıqdan üzməyi, atdan qaçmağı istəmir, yeri gəldikdə insanı qaçmağı da, uçmağı da, üzməyi də bilməsini tələb edir. Əgər insan məcazi mənada bunlardan birinə sahib olursa, çörəyi suda olanda və havada olanda, o üzə və ya uça bilmirsə, ac qalır. Biz də bu peşə sahiblərinin istedadı ilə digər sahələrinin inkişafı üçüntəhsil sistemimizi ona uyğunlaşdırmalıyıq.
Bu sahədə dünyada durumlar necədir, bir də onlara göz ataq: Bir tədqiqat göstərir ki, elit idmançılar arasında yalnız **5.5 %-i ali təhsilini tamlayıb** (ingiliscə “higher education”) — yəni böyük hissəsi yalnız orta təhsillə qalır.
(https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC10567102/?utm_source=chatgpt.com)
* Başqa bir araşdırmada qeyd olunur ki, idmançılar “dual career” (idman + təhsil) strategiyası ilə bağlı çətinliklərlə üz-üzədirlər — yəni idman yükü ilə təhsil arasında tarazlıq saxlamaq çətindir. (https://www.sciencedirect.com/science/article/pii/S1473837622000314?utm_source=chatgpt.com)
Ümumi nəticəyə gələ bilərik ki, təkcə bizdə yox, dünyada da idman, sənətlə məşğul olanların təhsil səviyyəsi aşağıdır və onlar ali təhsil almağa çox da maraqlı olmur və ya bu formal olur. Nəzərə alsaq ki, bizim cəmiyyət diplomyönümlü cəmiyyətdir, ona görə də nə valideyn, nə də təhsil sistemimiz onun diplomsuz qalmasını qəbul etmir. Buradan da belə bir sual çıxır, bəs niyə bu sahənin insanlarında təhsil səviyyəsi aşağı olur:
- Qəbul meyarlarının akademik yönümlülüyü
– Dəqiq elm, riyaziyyat, dil bilikləri qəbul kriteriyaları kimi əsas götürülür.
- Resurs çatışmazlığı
– Sənət, musiqi, idman üzrə infrastrukturlar, müəllim heyəti, sahə avadanlığının zəif olması.
– Kiçik şəhərlər və kənd bölgələrində belə sahələrə yetəri qədər dəstək və diqqətin olmaması.
- Mədəni stereotiplər, sosial meyllər
– Valideynlər, cəmiyyət bu kimi sahələrin “lazımsız”, “yan yol” kimi görməsi.
– “İncə sənətlərlə məşğul olmaqla gələcək olmaz” sterotipi.
- Akademik və peşə bacarıqlar arasındakı uçurum
– Bir tələbənin akademik fənlərdə yüksək göstəricisi olmaya bilər, amma kreativ, fiziki və praktiki sahədə çox istedadlı ola bilər.
– Təhsil sistemimiz bu fərqli bacarıqları uyğun qiymətləndirmir.
- Məktəb siyasətləri və yönəltmə sistemi
– Qəbul planları, bölmələr arasında balans, prioritetlər sistemi bu sahələrə yönəlməni ya məhdudlaşdırır, ya da alternativ kimi görür.
Qeyd etdiyimiz problemləri aradan qaldırmaq üçün bu sahələrin aidiyyatl qurumları xüsusi bir strategiya hazırlamalı, ölkəmizdə olan xüsusi təmayüllü lisey, giminaziya, peşə məktəblərinin nüfuzunu artırmalı, infrastrukturunu standartlara uyğun təmin etməli, təhsil səviyəsini yükəltməlidir ki, müsiqi ilə məşğul olan bir uşaq təhsil alması üçün başqa bir məktəbə, məkana üz tutmasın. Və ya əksinə futbolçu olmaq istəyən xüsusi uşaqları futbol məktəbinə, aktyor olmaq istəyini isə sənət məktəbinə getməklə öz istedadını inkişaf etdirməldir. Hazırda isə bu cür məktəblərimiz olsa da, fəaliyyətləri qənaətbəxş deyil, onların yenidən qurulmasına ciddi ehtiyac var.
fil.ü.f.dok. dosent, Şəmil Sadiq







































































