Aylıq arxivlər

İyun 2023

Ustad Dərgisi

Kirvəlik ənənəsinin nə türklərə, nə də İslama aidiyyatı var…

(“Ustad” dərgisi, 7-ci say)

Bu günlərdə bir gəncin öz kirvəsinin qızını sevdiyini, qızın da onu sevdiyini eşitdim. Onu da eşitdim ki, qızın atası qızı oğlana verməyəcəyini qətiyyətlə bildirir və bunu adət-ənənəyə zidd addım kimi qiymətləndirir. Çünki ənənəmizdə belə bir fikir varmış ki, kirvə uşaqları bir-biri ilə evlənə bilməzlər. Bunun da səbəbi kirvə uşaqları arasında qan bağının olmasıdır: yəni onlar bacı-qardaş sayılır.

Əslində, bu yazıda “kirvə” kultunun haradan və necə gəldiyini qaynaqların izi ilə araşdırmağı qarşıma məqsəd qoymuşam. Lakin hansı nəticəyə gələcəyimdən asılı olmayaraq, münasibətim oxucuya öncədən bəlli olsun deyə yazıram ki, bu çürük və gülünc ənənənin heç bir dəyərinin qalmadığı düşüncəsindəyəm. Bu, istər milli, istərsə də dini ənənə olsun, lazımsız və gərəksiz bir haldır.

“Kirvə” anlayışının Azərbaycanın Cənub-Qərb regionlarında daha geniş yayıldığını görürük. Hətta böyük Azərbaycan prizmasından baxdıqda isə Cənubi Azərbaycanda və Anadolunun Naxçıvanla sərhəd bölgələrində aktiv ənənə təzahürlərindən biri kimi görünür.

Maraqlısı odur ki, “kirvə-kirvə” oyunu daha çox şiələrdə müşahidə olunsa da, Şimala gəldikcə yoxa çıxır. Məsələn, Bakıda, Lerikdə, Masallıda, Lənkəranda kirvə anlayışı tanış kəlmə olsa da, ənənə yoxdur.

Kirvə sözü birbaşa sünnət mərasimi ilə bağlı olduğu üçün deməliyik ki, sünnət anlayışı dünyaya İbrahim Peyğəmbərdən qalma mirasdır. Sonradan isə yəhudilərdən müsəlmanlara keçmişdir. Deyilənlərə görə, İbrahim peyğəmbər 80 yaşında olarkən Şam vilayətinə bağlı Kaddum kəndində özü-özünü sünnət etmişdir. Bəzən bu adətə “hitan” da deyilir.

Kirvə sözünün bizim izahlı lüğətimizdəki mənası belədir:

  1. Uşaq sünnət olunarkən onu tutan adam. Uşağın kirvəsi.
  2. Yaxın adama kişiyə müraciət məqamında işlədilir.

İndi gələk bizdəki kirvə sözünün ifadə etdiyi və daşıdığı mənaya.

Bəli, kirvə uşaq sünnət olunarkən onu qucağına otuzduran kişiyə deyilir. O, əti kəsilən uşağın çığır-bağır etsə də, hərəkət etməsinin qarşısını almalıdır. İndiki uşaqlar bilməzlər, əvvəllər bu proses qamış və ülgüclə həyata keçirilsə də, indi dəlləyin yerini həkim, kirvənin yerini isə ya tibb bacısı, ya da tibb qardaşı tutur. Kirvə isə simvolik olaraq seçilir. Halbuki kirvəliyin əsas amili sunnət zamanı tökülən qandır ki, bu da qan qohumluğu yaradır. Uşaq sünnət ediləndən sonra dəllək su tökür, kirvə duran kişi əllərini üstdə, uşağın atası isə altda tutaraq yuyurlar.

Naxçıvanda, Qərbi Azərbaycanda, Qarabağda kirvə anlayışı sanki, ştatdankənar əmi, dayı funksiyasını daşıyır. Belə ki, kirvənin seçilməsi çox uzun və ağır prosesdir. Çox böyük önəm verildiyi üçün və gələcəkdə evin adamı olacağı nəzərə alınaraq onun əxlaqı,

 

mənəviyyatı yerində olmasına xüsusi diqət yetirilir. Və düzgün seçilməlidir ki, bu qohumluqda xəta olmasın. Adətən, kirvələr də sülalə formasında dədədən oğula keçə bilir.

Hər kəs kirvəni özünə bab seçməlidir: nə çox varlı, nə çox kasıb. Cibi cibinə, huyu huyuna tay olsun gərək. Yadıma bir lətifə düşür bu məqamda.

Bir gün biri özünə uyğun kirvə axtarır, nə illah edir, qərara gələ bilmir. Həsən müəllimi qoymaq istəyir, amma düşünür ki, bu, çox varlıdır, bunu qoysa deyəcəklər yaltaqlanır, Vəlini qoymaq istəyir, görür onun da həyat tərzi bunlara yaddır, bir sözlə, alınmır ki, alınmır. Allah görür ki, bu adam çətin vəziyyətdədir, adam cildinə düşüb qabağına çıxır. Deyir, gəl məni oğluna kirvə et. Adam deyir, axı sən kimsən, mən səni tanımıram. Deyir, Allaham. Adam düşünmədən cavab verir: mümkün deyil, sən ikiüzlüsən, əgər bu dünyanı sən yaradıb, sən idarə edirsənsə, varlı kasıb məsələsi də sənin günahındır. Allah kor-peşman geri dönür. Sonra Əzrayıla deyir ki, sən get özünü təklif et, görək nə deyir. Adam Əzrayılı qəbul edir. Deyir, səni olar. Çünki sən kasıb – varlı fərqi qoymursan, hamıya eyni gözlə baxırsan.

Bu məsəl bizim kirvə seçməyimizi təqribən olduğu kimi andırır. Çünki bu qədər məsuliyyətli və ağır məsələdir.

Kirvə seçilir, sünnətin bütün anlarında kirvə, kirvədostu, kirvəcanı sünnət ediləcək uşağın yanında olur, hətta uşağın ata, ana, qardaş, bacı, nənələrinə tabaq gətirir, hədiyyələr alır. Sünnətdən sonra uşaq sağalır, bu ənənə olduğu kimi təkrarlanır, indi də digər ailə kirvəgili onlardan da yaxşı tabaqları olması şərti ilə ziyarət edirlər.

Kirvə sözü hardan və necə yaranıb?

Kirvəlik türklüklə bağlı adətdirmi?

Kirvəlik islamla bağlı mərasimdirmi?

Kirvə uşaqları evlənə bilərlərimi?

Necə oldu ki, Azərbaycanın bir hissəsində məşhur olan bu adət, digər bir hissəsində yox dərəcəsindədir.

Fikrim bu dörd suala cavab tapmaqdır. Necə oldu ki, biz kirvəliyə bu qədər aludə olduq?

Sözün mənşəyinə getmədən öncə deyim ki, fars və ərəblərdə bu ənənə yoxdur. Demək ki, İslamla olan bağlılığı sonradan yaranıb.

Heç Orta Asiyadakı özbək, türkmən, qazax, qırğız türklərinin də kirvə sözündən xəbərləri yoxdur. Buradan da göründüyü kimi, kirvəlik ənənəsinin heç türklüklə də əlaqəsi yoxdur. O zaman adam narahat olur, türk və İslam mədəniyyətinə bu ünsür haradan gəldi və necə oldu ki, belə bir önəmli missiya daşıdı özündə?

Region olaraq fikrimizi yekunlaşdırsaq görərik ki, Cənubi Azərbaycanda, Naxçıvanda, Qarabağda, Qərbi Azərbaycanda, Şərq və cənub-şərq Anadoluda daha geniş yayılmış kirvəlik institutu vardır.

Türkiyədə nəşr edilən lüğətlərdə kirvə sözü bu cür izah edilir:

-Kürdcə kirva/kirve çocuğu sünnet ettiren ve yaşam boyu sahip çıkan kişi

-Süryanicə ḳarīvā yakın kişi, akraba, vaftiz babası = Ar ḳarīb yakın kişi, akraba → kurb.

Göründüyü kimi, həm süryanicədə, həm də kürdcədəki mənalar çox yaxındır və bizim izahlı lüğətimizdəki mənalar da eyniyyət daşıyır.

Kirvə sözünün qaynağı haqqında türkiyəli araşdırmacı Orhan Türkdoğan bu kəlmənin mənşəyinin farscadakı “kirov”dan gəldiyi qənaətindədir. Onun fikrinə görə Güney türkcəsinə və kürdcəyə də farscadan keçmişdir. Belə ki, Kir, kiriv, kirov-Farsça’da erkek tenasül organı anlamına gelir. Kürtler penise bu adı verirler. Kumera – Farsça’da tutmak, muhafaza etmek manasını taşır.

(http://turkoloji.cu.edu.tr/ CUKUROVA/sempozyum/semp_2/ koksal.pdf)

Sözün yayılma arealına baxsaq, kürd və ya Süryani mənşəli olduğunu qəbul etməmək mümkün deyil. Düzdür, farscadan bu dillərə keçməsi daha məntiqlidir. Lakin bizim dilimizə farscadan deyil, kurdcədən keçməsi daha düzgün hesab edilər məncə. Farsların ifadə etdiyi “kir” sözü bu gün onlarda kirvə sözü ilə heç bir bağlantı daşımır artıq. Necə keçməsi və yayılması isə, yəqin ki, İslamla bağlıdır.

Digər bir məqam isə kurdlərin əksəriyyəti sünnidir, süryanilər də xristiandır. Sünnilərdə isə kirvə ənənəsi şiə və ələvilərdən daha az yayılmış bir ifadədir. “Kirvə” Ələvi türklərdə, kürdlərdə, yezidilərdə geniş yayılan bir ənənədir.

Tədqiqatçıların fikrincə, kirvəlik institutu qeyrimüsəlmanlarla müsəlmanlar arasında, şiələrlə sünnilər arasında daha geniş yayılıb. Bunun da səbəbi kimi bir yerdə yaşamağa məcbur olan kürdlərlə ermənilər, türklərlə ermənilər, türklərlə süryanilər bir-biriləri ilə yaxınlıq etmək üçün, münasibətlərini dərinləşdirmək məqsədilə bu addımı atırdılar. Əlbəttə ki, müsəlmanlardan gələn təklif idi. Uşağının kirvəsini xristian etməklə onunla gediş-gəlişi rəsmiləşdirir, beləcə, bir-birilərini qorumuş olurdular. Türkiyəli tarixçi Namiq Kamal Dinc “Kürtlərin yaddaşında Kirvəlik ənənəsi” adlı məqaləsində qeyd edir:

“… Bu araştırmaya başladığımızda Diyarbakır’da Kürtler hep Ermenilerle kirve olduklarından bahsettiler. …Ezidiler var, Aleviler var, bugün ismini unuttuğumuz pek çok farklı inanç ve etnik grup var. Diyarbakır’da Yahudi, Rum, Ermeni, Süryani, Alevi, Ezidi, Şemsi, pek çok grup birlikte yaşıyorlardı. Bu karmaşık toplumsal yapı ülkenin doğusunda kirveliğe zemin sunan toplumsal gerçekliktir diye düşünüyorum. Batıda da elbette toplumsal farklılıklar var, ama bu kadar iç içe geçmiş topluluklar değiller”. Bizim də qərb rayonlarımızda ermənilərlə kirvə münasibətlərimiz hamımıza bəllidir. Zənn edirəm ki, bir sualın cavabını tapdım yazının tam burasında. “Kirvə uşaqları evlənə bilməz” fikri məhz ona görə yaranıb ki, müsəlmanla xristian övladlarının evliliyinin qarşısı alınsın. Çünki kirvəni ən yaxın adam kimi qəbul edib onun oğluna qız verməmək, oğul evləndirməmək mümkün deyildi. Digər tərəfdən də o dövrdə müsəlman və xristian övladlarının evlənməsi də mümkün deyildi. Ağıllı babalar ermənini, suryanini kirvə seçərkən onunla ailə bağlılığı olmasın deyə bu qaydanı tətbiq etmişlər. İslamda birbaşa kirvəlik anlayışı olmadığına görə, “Quran”da da kirvə uşaqları ilə evlənmək və ya evlənməmək kimi bir ifadəyə rast gəlmədyimizdən bu gün bu cür çürük adətin yaşadılmasının heç bir əhəmiyyəti qalmır.

“Quran”da, sadəcə, aşağıdakı məqamlarda evlilik qadağan edilir: “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir – öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir” (Nisa, 4/23).

İkinci bir məsələ isə kirvəliyin bu cür geniş yayılması Ələviləri müsaib adını verdiyi ənənəsi ilə çox bağlıdır. Diqqətlə incələyəndə eyni olduğunun da fərqinə varırıq.

“Ələvilik təriqətində vacib məsələlərdən biri də müsaib qardaşlığıdır. Müsaiblik, yəni axirət qardaşlığı ələvi inancında mühüm yerlərdən birini tutur.

Müsaib qardaşlığı necə olur?

Müsaiblik, ələvilərdə yol qardaşlığı (axirət qardaşlığı) mənasında istifadə olunur. Bu qardaşlıq “qan qardaşlığı”ndan tamam kənar bir qohumluqdur. Qan qardaşlığına əsaslanan qohumluq məcburi olduğu halda, müsaiblik qardaşlığında əlaqələr tamamilə könüllülük əsasında olur. Müsaiblik ənənələri geniş yayılıb. Hər Cəmdə salatdan sonra yanaşı olan icma üzvləri uyğun duanın ardınca qucaqlaşıb yanaqlarını bir-birinə vuraraq qardaşlıq əqdi edirlər. Bu hadisənin kökü hicrətin ilk illərində Məkkədən Mədinəyə köçən ilk müsəlmanlar arasında mühacir və ənsar qardaşlığı hadisəsinə söykənir. Tarixi mənbələrə görə, Məhəmməd (s.ə.s) Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsindən az sonra 95 nəfərlik Məkkə sakini müsəlman da Mədinəyə (o zaman Yəsrib) şəhərinə pənah gətirir. Məkkədən gələn mühacirləri yerləşdirmək üçün İslam Peyğəmbəri “mühacir və ənsar” qardaşlığı elan edir. Hər mədinəli bir məkkəlini qardaş olaraq qəbul edib ona yer verirdi. Ən son olaraq Həzrət Əli (ə) yalnız qalır və Həzrət Məhəmməd onu özünə axirət qardaşı olaraq elan edir.

Təbii ki, ələvilik dedikdə, göz önünə gələn ilk kəlmələrdən biri də “cəm” sözüdür. “Cəm”lər, “cəm evlər”i ələvi təriqətində mühüm rol oynayır. Ələvilikdə “cəm” olmadan ibadətlər qəbul olunmaz. Ələvilikdə bir çox cəm evləri, o cümlədən, Qurban cəmləri, Görgü cəmləri, Bayram cəmləri, Abdal Musa cəmləri və təbii ki, inancın sütunu olan “qırxlar cəm”ləri dayanır.

Müsaib qardaşlığı necə olur? İki dost “yol qardaşı” olmağa qərar verdiklərində əvvəlcə ailələrinin və həyat yoldaşlarının bu haqda razılıqlarını almalıdırlar. Müsaiblik tərəflərdən biri ölmədikcə bir dəfə olur. Həyatda sadəcə bir nəfərlə edilir. Müsaiblik qardaşlığında təhsil, sosial-iqtisadi və bir çox amillərin uyğun olması mütləq şərtdir. Bu qeyd olunanlar uyğun olmazsa gələcəkdə böyük problemlər yaşana bilər. Əlbəttə, iki müsaibin və onların həyat yoldaşlarının bir-birinə anlayış göstərməsi mütləq şərtlərdəndir. Müsaibin həyat yoldaşları bir-birilərinin bacısı, övladları da öz övladları sayılır. Qan qohumluğu ilə olan əmi uşaqları, xala, bibi uşaqları bir-biriləri ilə evlənə bildiyi halda, müsaib uşaqları əsla bir-biriləri ilə evlənə bilməzlər. Onlara evlənmək qəti şəkildə olmaz. Müsaiblər arasında həm dini baxımından yol qardaşlığı, həm də cəmiyyətdə yol qardaşlığı vardır. Qan qohumluğu ilə yaranan qardaşlıqda ailələr ayrı evlərdə yaşadıqlarından bir-birilərindən sosial cəhətdən asılı deyillər. Yəni qardaşlar bir-birilərinin günahından və xeyir işlərindən cavabdeh deyillər. Qazancları və xərcləri ayrıdır. Bir-birilərinə kömək edirlər. Ancaq müsaiblik qardaşlığında olduğu kimi deyildir. Müsaiblikdə: hər iki tərəf bir-birinə cavabdehlik daşıyır, onun günahına da, xeyir əməllərinə də. Ailə daxili münasibətlər xaric bütün hər şeyləri eynidir. Yəni bu qardaşlıq, cəmiyyətdə birlik və bərabərlik baxımından çox üstün rola sahibdir. Qan qardaşları arasındakı münasibətlərdə büdcələr (gəlirlər) ayrıdır. Ancaq müsaiblikdə gəlirlər birgədir. Ayrı düşünmək ən böyük xəta hesab olunur. Bütün bunları heç bir kənar təsir altında qalmadan könüllü qəbul edən iki müsaib qardaş babalarına – mürşidlərinə müraciət edirlər. Niyyətlərini açıq şəkildə ifadə edirlər. Babaları da onlara müsaib olmağın şərtlərini bir daha izah edir və onlardan buna hazır olub-olmadıqlarını soruşur. Baba onların müsaiblik şərtlərini uyğun görəcəyi təqdirdə onlar üçün dua oxuyur. Daha sonra da onlara müsaib olmağın çətinlikləri haqqında danışır.

Xüsusilə;

  1. Bir-birinizə ölənə qədər köməklik göstərəcəksiniz.
  2. Yalan danışmayacaq, haram yeməyəcəksiniz.
  3. Əlinizə, dilinizə, belinizə sahib çıxacaqsınız.
  4. Birinizin günahından digəriniz cavabdehlik daşıyacaqsınız. Buna görə də bir-birinizin günah etməyinə mane olmalısınız.

Daha sonra baba bu könüllü müsaiblərə bir il möhlət verərək “bu qardaşlığın davam edib etməyəcəyini həyatınızda tətbiq edin”, – söyləyir. Əgər verilən müddət ərzində müsaiblik qardaşlığının şərtlərini yerinə yetirə biləcəkləri təqdirdə onlar yenidən müraciət edirlər. Bu dəfə baba bir axşam Cəm məclisi təşkil edər. Cəm məclisinə müsaib olmaq istəyən qardaşlar həyat yoldaşları ilə birlikdə iştirak edirlər. Ağ tikişsiz, bəzəksiz geyimlər geyinərlər. Həyata keçirilən ayinlə müsaib olurlar.“(http://www.aleviforum.net/ Konu-alevilikte-musahiplik-nedir-yol-kardesligi-nedir.html)

Ələvilərdəki bu müsahibliyin də kökü türklərdəki “and içmə” mərasiminin qalığıdır, yəqin ki, formalaşaraq bu günümüzə çatmışdır.

“Türk adət-ənənəsində “and içmək” anlayışı çox böyük bir məna ifadə edir. Bu anlayışın içərisində keçən “içmək” feili, həqiqətən, bir nəyisə içmək, udmaq mənasında istifadə edilməkdədir. Əski türk ənənəsində bir neçə nəfərin bir söz və ya davranış üzərində Tanrını şahid tutaraq razılaşdıqları “and içmək” ənənəsi olmuşdur. Ən azı iki türk, bir şey üzərinə söz verəcəkləri zaman “and” deyilən bir içki qabının içərisinə qımız doldurulur, and içərək söz verəcək şəxslər qılınclarını çəkərək biləklərini kəsir və o qabın içərisindəki qımıza bir neçə damcı qan axıdırmış. Bu müqəddəs and daxil olan hamının qanı qabın içərisinə axdıqdan sonra and deyilən bu cam qabdan hamı içir və beləliklə geri dönülməz bir razılıq üzərinə and içmiş olurlar. Bu şəkildə həyata keçirilən razılaşmaya “and içmək” deyilir. And içən şəxslər “anda” olaraq adlandırılır və türk ənənəsində içilən bu “and” üzərindən əsla geri dönmək olmaz” (Orkun KUTLU).

Kiçik araşdırmadan sonra gəldiyimiz qənaət belədir ki, kirvə və kirvəliyin nə türk, nə də İslam düşüncəsinə dəxli var.

Kirvə sözü də nə türk, nə də ərəbcədir. Mənası da çox biabırçı bir ifadədir.

Kirvə uşaqlarının evlənə bilməməsi qanunu da dövrü üçün xristian və müsəlman uşaqlarının evlənməsinin qarşısını almaq məqsədi ilə yaradılıb və buna görə də bu cür düşüncə sahibi millətinə və dininə xəyanət etmiş olur.

Gördüyümüz kimi, tarixi üçün bəlkə də böyük önəmi olan bu törən, bu gün puç və lazımsız bir hadisəyə çevrilmişdir. Dünyanın tələblərindən çox geridə qalır və heç bir əhəmiyyət kəsb etmir. Olsa-olsa, köhnə zehniyyətçilərin əlində özlərinin də mənasını bilmədiyi bir hadisənin əsiri olması rolunu oynayır və qurulacaq ailələrin, gənclərin sağlam sevgisinin buxovudur.

Ənənələr zaman-zaman dəyişir. Dəyişməsi də labüddür. Bu günün orta statistik insanı bilgisi, informasiyaya ulaşması 1000 il bundan qabaqkı alimdən qat-qat üstündür. Onun üçün də “atalar həmişə düz deyir” prinsipi də öz qüvvəsini itirməkdədir.

Əgər kirvə uşaqlarının evlənməsi qadağandırsa, Adəmin övladlarının evlənməsinə nə deyək. Əlbəttə ki, o rəvayətlə bu gün yaşam tərzi qurmaq mümkün deyil, elə isə gəlin, düşünək və bu gülünc adətdən əl çəkək bəlkə!

 

 

 

Ustad Dərgisi

Gəlin,Vaqif Ucataya nifrət edək!

(“Ustad” dərgisi, 6-cı say)

“Türk insanı çağdaş sanata İŞİD kadar değer vermiyor”. Tanınmış Türkiyəli rəssam Bədri Baykan bu fikri “Sözcü” qəzetinə müsahibəsində demişdir. İlk dəfə oxuduqda “çox sərt bir ifadə”, – deyib keçə bilərik. Hətta müəllifi daha sərt sözlərlə təhqir də etmək mümkündür. Amma sonrakı izahı adamın ürəyini elə sıxır ki, geniş bir mənzərə axtarırsan: baxıb dərindən nəfəs alasan. Sənətkar deyir ki, İŞİD sənətin dəyərini bildiyi üçün ona nifrət edir, onu məhv etməyə çalışır. Amma Türk insanı sənətin dəyərindən xəbərsiz olduğu üçün buna laqeyd qalır. Nə sevir, nə də məhv edir. Sadəcə, görmür və lazımsız bir şey kimi yanaşır, daha doğrusu, yanaşmır. Fikir o qədər ağırdır ki… Düzdür, bu, subyektiv münasibətdir. Amma bu işin içində olan insan kimi fikrin həqiqiliyini qəbul edir və ürək ağrısı ilə yaşayıram. Bu gün bizdə də sənətin bütün sahələrinə ögey münasibət var. Sənət baxımsız, sənətkar diqqətsizdir. Nəmişlik basmış zirzəmilərdə yatan nə qədər əsərlər var, bir bilsək… Birini mən xatırlayım… Vaqif Ucatay adlı rəssamımız var. Onun “Əziz Şərif” portreti o qədər qiymətli əsərdir ki, Luvrda, Ermitajda sərgilənməyə layiqdir. Görürsünüz, mən də misal çəkəndə gavurun muzeyini dedim. Çünki dünyanın ən dəyərli əsərlərinin saxlandığı yerlər məhz oralardadır. Bizdə yox… Vaqif Ucatayın o əsəri isə İçəri şəhərdə Qoşa qala qapısından girəndə sağdakı döngədə – bir şəxsin ona əsərlərini saxlamaq üçün verdiyi uçuq-sökük, kif basmış, onlarla əsərin üst-üstə yığıldığı 10 kvadratlıq otaqdadır. Hələ üstündə 30 ildən çoxdur ki, işlədiyi “Azərbaycan toyu”, “Dədə Qorqud” kimi onlarla qiymətli əsəri, o tərəf-bu tərəf edilməkdən məhv olub getməkdə olan sənət nümunələrini demirəm. Vaqif müəllim xasiyyətcə bir az çətin adamdır. Hətta məndən belə bu gün incikdir. Elə mən də ondan. Amma sənətkardır və işinin ustasıdır. Bu yaxınlarda onu ziyarət edib, soyuq münasibətlərimizi istiləşdirmək arzusu ilə emalatxanasına getdim. Vaqif müəllim yox idi… Həmin emalatxana isə çörək bişirilən təndir kimi fəaliyyət göstərirdi… İçəri şəhərdə… Qoşa qala qapısından girən kimi…

Bütün xarici qonaqlarımızı apardığımız bu tarixi məkanda sənətimizi qarnımızla dəyişdik… Dəyişmək məcburiyyətində idik. Çünki sənət qarın doyurmur. O yerin sahibi də, yəqin ki, ailəsini dolandırmaq üçün belə edib… Amma bir gecəyə on minlər xərcləməyi bacaran heç bir iş adamı (əslində, bu “iş adamı” ifadəsinin özündə bir ironiya var. “Başıma iş gəlib”, “işbaz” deyimlərindəki mənalara baxanda heç də işgüzar anlamı vermədiyini görürük. Bu “İş adamı” ifadəsindəki mənanı “işbaz” sözünün ifadə etdiyi məna ilə eyniləşdirsək, dediyimin həqiqət olduğunun fərqinə vararıq) bu kimi portretlərə qiymət vermir və verə bilmir. Halbuki mental dəyərlərini bəyənmədiyimiz Qərbin işbaz iş adamları bu cür əsərləri çox baha qiymətə alıb başlarının üstündən asırlar ki, cəmiyyətdə ziyalı kimi qəbul edilsinlər. Bu məsələ bir az da xislətimizdə olan amillə bağlıdır. Məsələn, beş dostla bir yerdə yemək yeyirik, hesabdan sonra bir 5-10 manat da ofisianta bəxşiş veririk. Amma gedirik pomidor almağa, əgər satıcı 70 qəpik deyirsə, onu 50 qəpiyə verməyə çağırırıq. Biz sənətə də bu cür yanaşırıq. Vaqif müəllimlə bir ilə yaxın bir layihə işlədiyimə görə onu tanıyan biriyəm. Kiminsə ona yazığının gəlməsinə çox əsəbiləşir. Amma əminəm ki, sənətinin məhv edilməsinə baxıb yazığı gələnlərə əsəbiləşməz. Kazimir Maleviçin “Qara kvadrat” (“Qara kvadrat” Versiyalardan birinə görə Maleviç bu əsəri futurist rəssamların “0.10” sərgisində salonun boş qalan yerini doldurmaq üçün çəkmişdir. Qara Kvadrat– kətan üzərində yağlı boya, 79.6 x 79.5 sm çəkilmişdir, hazırda Moskva Tretyakov Dövlət Qalereyasında saxlanılır) adlı əsərinə heyran olan dünya insanı ilə bizim insanı müqayisə etməyi belə ağlımdan keçirmək istəmirəm. Bu böyük sənətkarın 1988-ci ildə başlayıb, 2000-ci ildə tamamladığı “Əziz Şərif” portreti hər dəfə yadıma düşəndə yuxum qaçır. O qədər mükəmməl işlənmiş əsərdir ki, saatlarla qarşısında durub baxasan, hərdən gözün seçmədiyi yerləri lupa ilə incələyəsən, yenə də yorulmazsan. Yeni smart telefonlarda bir funksiya var, çəkdiyin şəklin üstündə basdıqda çəkilmə anını video kimi görürsən. Mən də bu rəsmə baxdıqda sanki o videonu görürəm. Vaqif müəllimin lent.aza verdiyi müsahibəsində bu əsərin çəkildiyi dövr haqqında fikirləri prosesi daha yaxşı ifadə edir: “1987-ci ildə, akademiyanı bitirəndə istədim ordan Moskvaya gedib görüşəm, portretini işləyəm. Amma alınmadı. Mənim həmişə axsayan tərəfim pul olub. Haradasa 50 rubl lazım idi. Olmadı, dedim eybi yox, qayıdım Bakıya, bir sifariş tapım, ilk qazancımla gedərəm. Elə də oldu, ilk qazancımla min manat əldə etdim, evdəkilərə vermədim ki, Moskvada bir alimimiz ölür, gedirəm onu çəkməyə. Ömrünün son iyirmi gününə çatdım… Qəribə saqqalı var idi, Azərbaycan türkündən daha çox uzaq şərqlilərə oxşayırdı. Ziyalı adam idi, başa düşdü ki, onun siması məni tutmadı, dedi: “Oğul, düz gəlmisən? Sonradan soruşdum ki, niyə bu cür saqqal saxlamısız? Dedi: “Daha üzümün o biri hissələrində tük çıxmır” (Gülür). Deməli, gözünə döndüyüm iki dəfə evlənib ikisində də erməni ilə… Bəs qədər eskiz elədim, hətta gördüm saatbasaat məndən uzaqlaşıb, ölümə doğru gedir. Ona görə fotoqraf çağırıb, 70 rublluq da foto çəkdirdim – əllərini, barmaqlarını – tək-tək. Artıq bilirdim ki, bu əsəri qayıdandan sonra işləyəcəm. Əsər on iki ilə başa gəldi. Birinci sərgimdə var idi, heç kim maraqlanmadı ki, belə bir adam var, ya yox. Ən azından uğurlu bir portretdir. … Əvvəl inanmadı ki, məni heç kim göndərməyib, sonradan inandı. Ancaq onu deyirdi ki, “Kaş yoldaşımın bir az canı sulu olardı, bir yaxşı pirojkilər bişirərdi ki…” Deyirdim: Əziz müəllim, siz narahat olmayın, üzrxahlıq eləyirdim ki, onu incidirəm. O səbirlə otururdu, taqətsiz idi, yerindən qalxanda əvvəlcə üç-dörd dəfə cəhd edirdi. Bir gün ona istirahət verdim ki, dincəlsin. Səhəri günü getməzdən əvvəl zəng elədim görüm özünü necə hiss edir, xidmətçi dedi ki, “Əziz müəllim artıq yoxdur”… … Bir gün dördüncü dəfə idi eyni eskizə qayıdırdım. Soruşdu ki, Vaqif, evlisən? Dedim: “yox”. Dedi: “elə evlənməsən yaxşıdır. Dördüncü dəfədir eyni eskizə qayıdırsan, axı nə görmüsən bu qoca Əziz Şərifdə?” Dedim: “Şərif müəllim, sizi də, məni də yetirən təbiət 94 il gecə-gündüz çalışıb ki, sizi bu gözəlliyə, bu simaya salsın, siz də heç olmasa imkan verin mən dörd seans işləyim”. Güldü, əllərini qaldırdı:“Ağıllı oğlansan, nə qədər istəyirsən, işlə”. Bütün o müddəti bircə kəlmə rus sözü işlətdi. O da “xolodelnik”. Ana dilimizdə tərtəmiz danışırdı”.

Bu gün Vaqif Ucataya heç bir beynəlxalq titul verilmir, heç bir yerdə anılmır. Çünki o, Papanın yox, Dədə Qorqudun rəsmini çəkir. Çünki o millidir, ona görə də millət tərəfindən dəyər almır. Əgər yad bir ideologiyanın daşıyıcısı olsa idi, xarici qüvvələr tərəfindən seviləcək və bizə bəh-bəhlə təqdim ediləcəkdi və biz də ağzı açıq şəkildə onu baş tacımız edəcəkdik. Vaqif Ucatay timsalında sənətkarların yaratdığı sənət nümunələri vecsizliyimiz üzündən itib-batmaqdadır. Bədri Baykanın sözünə haqq verərək deyirəm ki, Vaqif Ucatayı sevib dəyər vermirik, gəlin heç olmasa, ona nifrət edək, qapısına gedək daşlayaq, əsərlərini cıraq, yandıraq, məhv edək ki, heç olmasa, sənətkar öz varlığının və yaratdıqlarının görüldüyünü bilsin. Bəlkə onda stimul alar, yenidən yaradar, ona nifrət edənlərlə mübarizə aparar. Amma bu cür laqeyd qalmağımız o cür çılğın, üsyankar ruha sahib olan bir adama yaraşmır. P.S. Vaqif Ucatayla tələbə yoldaşı olmuş Sakit Məmmədov kimi dünyaca çox tanınmış rəssamımız var və ona dünyada böyük dəyər verilir. O incəsənət sahəsində gördüyü böyük uğurlarının tanınması əlaməti olaraq Vatikan Zadəgan Heraldika Akademiyasının Qraf titulunu daşıyır. Sakit Məmmədov Roma Papası II İohann Pavelin portretini çəkmiş və Papaya hədiyyə etmişdir. Bununla yanaşı Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi qeyd olunarkən Sakit Məmmədov “Cıdır düzü” əsərini Vindzor qəsrində kraliçaya təqdim etmişdir. Bu nümunəni ona görə çəkdim ki, bizim sənətkar yetişdirmək kimi dərdimiz yoxdur, Tanrı bu millətə sənət ruhunu sevə-sevə bəxş etmişdir. Amma təəssüflər olsun ki, həmin Tanrı bizi sənəti dəyərləndirmə qabiliyyətindən ya məhrum etmişdir, ya da başımıza gələnlər bu hissi bizə yadırğatmışdır.

 

Xəbərlər

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Qalib Azərbaycan Ordusunun 105 illiyini qeyd edirik.

Yaşasın güclü və qalib Azərbaycan ordusu!


 

Sən qalibsən, bütün dünya qələbəndən danışır,

Odlar yurdum, ana Vətən, zəfər sənə yaraşır,

Eşq olsun igidlərə, yaşasın Azərbaycan!

Var olsun mərd millətim, yaşasın Azərbaycan!

 

#Azərbaycan

#MüzəffərOrdu

Ustad Dərgisi

Dinlərin yaranma səbəbləri və fəsadları…

(“Ustad” dərgisi, 5-ci say)

Bu gün dünyanı bürümüş müharibələr və çaxnaşmaların əksəriyyətinin dini zəmində yaranan münaqişələrdən doğduğunu hamımız yaxşı bilirik. İnancsız bəşər ola bilməz. Mehmet Dikicinin dili ilə desək, «Din bir inancdır, lakin hər inanc bir din deyil» (1, 24). Amma bu inanclar ideologiya halına gəldikdə, dinə çevrildikdə böyük bir təhlükə mənbəyi olur. Bir halda ki bu təhlükə mənbəyinin pultu bir qrup insanın, imperialistin, dövlətin, xüsusən şər qüvvələrin əlində ola, o zaman o, daha böyük təhlükəyə çevrilir. Düzdür, bu pultun kütlənin öz əlində olması da, az təhlükə saçmır. Lakin planlı şəkildə yaradılan ideologiyalar elə planlaşdırıldığı üçün də insanlığa daha böyük zərbə vurmağa qadirdirlər.

Türkiyə yazıçısı Cemil Meriç dediyi kimi, «həqiqət tərif edildikcə, təhrif edilir». Təhrif isə insanlığı yanlış istiqamətlərə aparır.

Əgər tarixə nəzər salsaq, insanların kürəsəl dini ayrı-seçkiliyinin hardasa səngidiyi bir vaxtda – erkən orta əsrlərdə dindaxili münasibətlərin qızışdığını görərik. Bu, sonradan yaradılmış məzhəblər, təriqətlər əsasında özünü göstərdi. Maraqlıdır, əgər bütün dinləri insanlara tək Tanrı göndərmişdisə, tək Tanrının çoxdinli sistem yaratmaqda məqsədi nə idi? Belə çıxır ki, ya hər dini yaradan bir başqa allahdır, ya da Tolstoy demiş «yerdəki dinlərin Tanrıya heç bir aidiyyatı yoxdur». Və ya tutalım ki, dinin dediyi kimi, dinləri Tanrı insanlara mərhələ-mərhələ göndərib, onları düzgün yola səsləyib. O zaman sual yaranır: Aristotel kimi bir dahini görən dünyaya Xristianlıq və İslam kimi din gərək idimi?

Lap təqdim ediləni gerçək kimi qəbul edib düşünək ki, İslam Tanrının insanlara göndərdiyi sonuncu dindir. Əgər belədirsə və dinlərin gəlişi sona çatmışdısa – sonuncu din gəlmişdisə, elə sonuncu dinin içindən təriqətlərin yaranmasına nə ehtiyac var idi? Məhz ona görə təriqətlər deyirik ki, bütün kitablı dinlər özündən sonra gələnləri ya ümumiyyətlə din adlandırmır, ya da uydurma din adlandırırlar. Necə ki Xristianlığın yaradılışında Musəviliyin, İslamın yaradılışında Musəvilik və Xristianlığın əlamətləri var, eləcə də, sonradan yaradılmasına cəhd edilən saxta dinlərin hamısı hansısa dinin təməlləri üzərində qurulduğundan təriqətlər kimi meydana çıxmışlar. Marks və Engels bu barədə yazırdılar: “İslam dinin ideya mənbələri iudaizm və xristianlıq, zərdüştilik, Qədim Şərq, xüsusilə ərəb mifologiyası olmuşdur. (Marks K. Və Engels F., Din haqqında, Bakı. 1965. S. 99)

Üç böyük dinin təriqət və məzhəblərinin sayına diqqət edək:

İslamda Sünnilikdə Hənbəlilik, Hənəfilik, Malikilik, Mötəzilik, Mövlavilik, Nurçuluq, Qadirilik, Rüfailik, Sələfilik, Şafeilik, Şiəlikdə Babilik, Bəhailik, Bədailik, Bənanilik, Bəktaşilik, Carudilik, Cəfərilik, Cənahilik, Dəruzilik, Haşimilik, Keysanilik, İmamilik, İsmaililik,

 

Kamililik, Mənsurilik, Mehdiyyə, Müfavvizə, Muğabrilik, Nemətullahilik, Nəsriyyə, Nəzarilik, Numanilik, Nüsayrilik, Qurabilik, Salihilik, Səbailik, Süleymanilik, Ulyanilik, Vaqifilik, Xətabilik, Yunusilik, Zərramilik, Zərrarilik, Zeydilik.

Xristianlıqda Adopsiyanizm, Albigeosler, Antoinizm, Arianizm, Barnabasçılar, Benediktinlər, Boqomilizm, Cizvitlik, Eukhitailər, Flagellanti, Fransiskenlər, Hieronymus, Karmalitler, Katarlar, Maniseizm, Markionculuq, Maruniler, Meczuplar, Molinosçuluq, Montanosçuluq, Mormonlar, Nasturiler, Paulusçuluk, Pietizm, Presbiteryanizm, Prutenlik, Quakerler, Sabilik, Shakerler, Valdoculuq, Valentinizm.

Yəhudi-musəvilikdəki təriqət və məzhəblər: Ortodoks Yəhudilik, Modern Ortodoks Yəhudilik, Haredi Yəhudiliyi, Hasidik Yəhudilik, Yenidən formalaşmış Yəhudilik, Humanist Yəhudilik…

Hələ hamısını təqdim etmədiyimiz bu qədər dinin və ya təriqətin yaranma səbəbləri insanı düşündürməyə bilmir. Fikrimizcə, bu gün dünya insanlarını yönləndirən bu fikir silahları müxtəlif səbəblərdən meydana çıxmış və inkişaf etmişdir.

Tədqiqatçıların dinləri təsnifi müxtəlif cürdür. Bunlardan diqqət çəkən bölgü aşağıdakı kimidir:

1. İlk dinlər. Bəzilərinin dinin inkişafının ilk addımı olaraq düşündükləri animizm, naturizm, totemizm, fetişizm kimi sadəcə bir kult olaraq düşünülən nəzəriyyələr, ilk qəbilə dinləri (Nuer, Dinka dinlər);

  1. Milli dinlər. Əsasən bir qurucusundan söz edilməyən, sadəcə bir millətə aid olan ənənələr çərçivəsindəki fəaliyyət göstərən dinlər (Yunan, Misir, Roman, Türk dinləri kimi);
  2. Dünya dinləri: İslam, Xristianlıq, Musəvilik kimi. (1, 26)

Bu bölgüyə diqqət etsək və dinlərin bugünkü vəziyyətinə baxsaq, daha çox cəhalət və ayrıseçkiliyi Dünya dinləri adlandırılan müəllifli dinlərdə görə bilərik. Bugünkü bəşəri fəlakətlərin əsas baiskarı elə məhz müəllifli dinlərdir.

Müəllifli dinlərin daxilindəki parçalanmaların təzahürü kimi Ərəstun Həbibbəyli sufi cərəyanların yaranma səbəblərini dörd amillə qeyd edir:

“1. Sufizm, xüsusilə, islamın ilkin dövrlərində bu dinin yeni ərazilərə yayılmasına xidmət etmişdir.

  1. Müsəlman dünyası daxilində baş verən siyasi hadisələrə əks-reaksiya.
  2. İslamdan əvvəlki elmi dünyagörüşün dinin imkan verdiyi çərçivədə əksi.
  3. Ərəb işğalı hesabına vahid ümmətə çevrilən müsəlman dünyasında ayrı-ayrı milli-etnik, teoloji xüsusiyyətlərin təzahürü». (2.66-1167).

Prof. dr. Neşet ÇAĞATAY prof. dr. İbrahim Agiih Çubukçu “İslam məzhəbləri tarixi» kitabında İslam dinindəki məzhəblərin yaranma səbəbinin dörd olduğu qənaətindədirlər: «Siyasət, İslam dövlətinin sərhədlərinin genişlənməsi, mənfəət, savadsızlıq». (Ankara Universiteti basımevi – Ankara 1985)

Dinlərin və ya məzhəblərin yaranma səbəblərini isə biz bu cür ümumiləşdirə bilərik:

  1. Kamil insanın həqiqət axtarışı:

İnsanın dünyanı dərki yolundakı mübarizəsi şəraitində inanclar sistemi formalaşmağa başladı. Bu inanclar zaman-zaman böyük kütlələri əhatə etdi və beləcə tayfa və qəbilələr bu inanc sisteminin gətirdiyi qaydalarla idarə edilməyə başlandı. Sonralar isə həmin sistemin yetişdirdiyi sonrakı nəsil Kamil insanlar inandıqları dinin naqisliyi qənaətinə gəldilər və yeni ideya axtarışına çıxdılar. Əldə olanın əsasında yeni və saf ideologiya yaratmağa cəhdlər etdilər ki, sirli dünyanı olduğu kimi anlaya bilsinlər və yaşam tərzini qaydaya salsınlar.

Bu inanclar, dinlər sistemi seçilmiş, haqq uğrunda yola çıxan kamil insanların arzusu idi. Onlar inanclarının batininə endikcə təhriflərin, gizlədilmiş sirlərin olduğu qənaətinə gəldilər, inandıqları dinin əsasları üzərində yeni konsepsiyalar irəli sürdülər, zaman-zaman haqq səslərini insanlara çatdırmağa başladılar və təşkilatlandılar.

  1. Zamanın yaratdığı dinlər və ya dinlərin zamanla ayaqlaşdırılması;

İnsan şüurunun, elm-texnikanın inkişafı nəticəsində dəyişən dünyaya uyğunlaşdırılmış dini yaşam tərzi yaratmaq arzusu. Bu gün istər din xadimləri, istərsə də hər hansı bir dinə mənsub olan insanlar təqdim olunan dini olduğu kimi yaşaya bilmirlər, çünki insan ruhu çərçivə sevmir və daima azaddır – lap Tanrısı kimi. Biz tarixdən, bədii əsərlərdən də görürük ki, dinlərin qoyduğu qadağaları ilk pozan elə din keşikçilərinin özləri olmuşlar. Belə halda ortalığa digərlərindən daha geniş düşünməyi bacaran dahilər çıxmış, zaman və şəraitə uyğun olaraq özlərinin başa düşdüyü dini dünyagörüşü sistemə salmışlar. Bu fikirlərlə razılaşanlar onun ətrafına toplaşandan sonra isə artıq müəyyən cəmiyyət yaranmış və bu ideologiyaya inanıb onu geniş kütlələrə yayanlar meydana çıxmışlar. Bu isə artıq dinləri, təriqətləri meydana gətirmişdir. Və beləcə parçalanmağa və savaşmağa başlamışdır insan. Mövlanə Cəlaləddinin dediyi kimi, «təriqət qanlı yoldur. Orda can vermək də hər adamın bacardığı iş deyil. Əldən düşənə qədər savaşmış, zəiflər məğlub olmuşdur. Amma ideyaları məğlub olmamış, insanlar öz ideyalarını bəzən heç kimə açmadan onu yaşamışlar».

Əslində, din bir yaşam tərzidir. Hər kəsin özünəməxsus yaşam tərzi başqalarına görə düzgün ola bilmədiyi üçün ideologiyaların nəzarəti altında da yaşam tərzlərinin çərçivəyə salınma cəhdləri olmuşdur. Bu isə heç bir zaman azad insanı qane edə bilməzdi. Dininə sadiq insan birdən oxuyur ki, sən örtünməlisən və ya gündə bir neçə dəfə ibadət etməlisən, əgər örtünməsən və ya ibadətlərini yerinə yetirməsən bu dini olduğu kimi yaşamırsan, əsl mömin hesab edilmirsən. Və ya Sibirin soyuq dağlarında sərt şaxtadan qorunan kimsə yağlı yemək üçün donuz ətinə müraciət edir və yaşadığı dinə xəyanət etmiş olur və s. Bu cür hallar bütün dinlərdə mövcuddur. Bu gün ən mömin müsəlman belə rəsm çəkdirir. Bu isə islamın qaydalarına ziddir. Deməli, dinə yeni yanaşma lazımdır və belə olan halda, həmin dövrün üləmaları başlayırlar ayələrə günün tələbi çərçivəsindən baxmağa. Və beləcə yeni dinlər, təriqətlər meydana çıxmış olur.

  1. Layihələndirilmiş dinlər:

İnsanın inam hissinin qalib gələ bilməyəcəyi güc yoxdur. Tibbin, psixologiyanın da əldə etdiyi nəticələr onu göstərir ki, insan inansa hər şeyə qadirdir. Hətta el arasında səslənən «qara daşa inansan şəfa taparsan» fikri də bunun sübutudur.

Türklərin eramızdan əvvəl yaratdığı imperiyaların əsas gücü də elm sahibi, insanları inandıraraq arxasınca apara bilən liderlərin varlığı idi. «Türklər və Hindular bütün dinləri insanlığa miras buraxdılar. Onlar təkcə bir yerdə oturub Tanrıya tapınma yolları icad etmədilər. İnsanın etiqadları bütün insanlığın ruhlarının ən dərinlərində yaşayar. Bədənlərimizin, ruhlarımızın, davranışlarımızın və ağlımızın bir üzvü kimidir. Əslində, onlar bizim öz bədənlərimiz, ruhlarımız, davranışlarımız və ağıllarımızdır» (3, 29) Türk təfəkküründə inancın güclü olduğu dövr türk dünyaya hakim olub, inanc sistemi dağıldıqda və ya zəiflədiyi təqdirdə türk də gücünü itirib. Bununla əlaqədar Cəlal Bəydili yazır ki, «Tarix boyu dağınıqmış kimi bir təəssürat oyadacaq qədər geniş coğrafi məkanda yayılan türk etnosu ayrı-ayrı dinlərlə, dini inanış sistemləri ilə təmasda olmuşdur. Türk düşüncəsinə buddizmin, manixeizmin, xristianlığın və ya islamın hansı ölçüdə təsir göstərdiyini söyləmək çətindir. Lakin həmin təsir nə dərəcədə olursa-olsun, türk etnik-mədəni ənənəsinə və onun da bünövrəsində dayanan dini-mifoloji düşüncə sisteminin təməlinə əsla onu sarsıdacaq dərəcədə toxuna bilməmişdir. Ona görə ki, türk etnik mədəni ənənəsi öz təbii halıyla yaşayan sistem kimi olduqca stabil və mühafizəkar deyiləcək qədər dayanıqlıdır» (4,17). Bunun fərqinə ilk olaraq Avropalılar vardı. Türkün ideologiyasından yararlanaraq yeni konsept yaratdı və ona siyasətdə güc gəlməyə başladı. Bu o qədər ciddi məsələyə çevrildi ki, dünyanın əbədiyyətə qədər idarə edilməsi arzusu müxtəlif qrupları birləşdirdi və bu gün də haqqında danışılan gizlin güclərə çevrildilər. Beləcə, müxtəlif inanclardan yararlanaraq, onları təqib edərək yeni və əsaslı konseptual dinlər yaratdılar. Bunlar zaman-zaman bir-birini əvəzləməyə başladı. Fikirlər köhnəldikcə yeni din yaratmaq zərurəti yarandı. Bu zərurətdən bir-birinin demək olar ki, təkmilləşdirilmış variantları, kitablı dinlər meydana gəldi və bu dini ideologiyanın əsirinə çevrilmiş insanları isə idarə etmək daha asan, daha sadə oldu. Çünki mayasında qorxu və təlatüm vardı. Beləcə, gizli güclər dinlərin ideyasına söykənən dövlətlər yaradıb bu layihəni davam etdirdilər. Mükəmməl layihələr əsasında yaradılan dinlər (və ya təriqətlər) yüksək nəticələr əldə etdi. Amma bu layihə sahibləri unutdular ki, insan öz-özlüyündə inkişaf edən varlıqdır. Və bu konsepsiyanı həzmi-rabedən keçirəndən sonra düşünməyə başlayacaq. Əlbəttə ki, düşündü də. Amma layihə sahibləri peyğəmbərlər institutu yaratdıqları kimi, yeni modeldə keşişlər, imamlar da hazırladılar. Diqqət etsək görərik ki, dünyanın iki böyük dini İslam və Xristianlıq arasındakı çəkişmələrin bitməyə doğru getdiyi erkən orta əsrdə hər iki dinin daxilində parçalanmalar başladı və bu parçalanmalar dərinləşdirildi.

Təriqət başçılarının güclənməsi üçün hər şeyi etdilər (Bu hər şeyi edən gizlin güclərin milli mənsubiyyəti yoxdur məncə. Onlar da çox yaxşı bilirlər ki, dünya insanları vahid kökdəndir). Və bir neçə əsrdə insanları bir-birinə qırdıraraq var-dövlət topladılar, yaradılışın əsl sirrini axtarmağa vaxt qazandılar. İnsanlar yenə özlərini dərk yolunun işığını görəndə isə artıq milli kimlik məsələsi ortaya atıldı və böyük xəyalların qızışdırılması mexanizmi işlənildi. Bu gün də dünya insanını qorxu idarə edən masonları, xaş-xaşiləri, sələfi, Əl-qaidə, İŞİD (İraq Şam İslam dövləti) kimi qruplaşmalar var. Və bəşəriyyətin qan gölündə üzməsinə səbəb dini düşüncə sisteminin fərqliliyidir. Əgər bu fikri qəbul etməyənlər varsa, Yaponiya modelinə diqqət etsinlər. Çünki Yaponların dini dünyagörüş sistemində ərəb, türk xalqlarındakı kimi ciddi parçalanmalar yoxdur. Və insanlar bir-birini düşüncəsinə görə qırmır. Düşüncə sisteminə görə bir-birinə düşmən kəsilmir. Lakin hansı ölkələrdə dini-dünyagörüş sistemi rəngarəngdirsə, hətta bu rəngarənglik bir sistemin içində özünü göstərirsə, insanlar arasında bir o qədər də bölünmə və təfriqəçilik var.

Ustad Dərgisi

Tarixi roman yazarı qonağımızdırsa…

(“Ustad” dərgisi, 4-cü say)

Təxminən iki il əvvəl dəyərli dostlarımdan olan Ali Devrim ailəsi mənə Ahmet Haldun Terzioğlu haqqında danışdılar. Milli düşüncəmə bələd olan dostlarım Ahmet bəylə məni “feysbuk”da tanış etdilər. Bir neçə dəfə yazışdıq, kitablarını əldə etdim. Əsərləri ilə tanış olduqca gördüm ki, bir türk tarixçisi kimi ədəbiyyat yaratmağı qarşısına məqsəd qoyan bu sənətkar tarixi romanlaşdıraraq gəncləri oyandırmağa, milli kimlikləri ilə tanış etməyə çox böyük əmək sərf edir.
Məhz bu səbəbdən daha yaxından tanış olmaq, incə ruhundan süzülüb gələn əsərləri Azərbaycandakı oxuculara da təqdim etmək üçün əlaqələrimizi inkişaf etdirdim.

 

Ahmet Haldun Terzioğlu Kitapları ve Eserleri - idefix
İlk oxuduğum əsəri “Həsən Sabbah” romanı oldu. Romanın axıcı dili, türkcənin itirdiyi sözlərə yenidən can verməsi, Səlcuqlu tarixinə, Nizamül- Mülkün fəaliyyətinə fərqli yanaşmasını gördükdə yazarın özünəməxsusluğu məni heyran etdi.
Azərbaycan oxucuları üçün də doğma olan “Tomris xan” əsərinin dilimizə uyğunlaşdırılıb nəşr edilməsini isə özümüzə vəzifə borcu bildik. Və 2016-cı ilin aprel ayında romanın müəllifini Azərbaycana dəvət etdik. “Oxu günü-2” layihəsi çərçivəsində ölkəmizə gələn Ahmet bəylə dostluğumuz dərinləşdi. Onun türk ruhuna sədaqəti, birmənalı sevgisi “İçəri şəhər”i gəzdikcə tariximizə olan diqqətindən bir daha aydın oldu. “İçəri şəhər”də “Qız qalası”nda olduğumuz zaman bəzən bələdçini dayandırıb, “Qız qalası” ilə bağlı öz şərhlərini verməsi, qalanın tarixinə öz baxışını sərgiləməsi Ahmet bəyin sıradan bir yazıçı olmadığını mənim üçün bir daha sübut etdi.

 

 

Tomris Xan, Ahmet Haldun Terzioğlu | Kitabevim.az
Türkiyə ədəbiyyatşünasları bu yazar haqqında danışarkən deyirlər ki, fərqli süjet qurur, detektivçilik edib oxucu ilə oynamır, o sadəcə “Tarixi roman yazmağı deyil, tarixi romanlaşdırmağı” qarşısına məqsəd qoyub. Əsərlərinə diqqət etdikcə bu fikrin təsadüf olmadığını görürük.
Söhbətlərimiz həmişə tarixdən, tarixə yanaşılarkən yol verilən yanlışlardan olurdu. Ona görə də ustad yazarla “Ustad” dərgisi üçün söhbət etmək üçün razılaşdıq. Gecə saat 03:00-a qədər dərdləşdik, söhbətləşdik. Etiraf edim ki, birinci dəfə idi hansısa Türkiyəli dostumla söhbət edərkən, özümü Türkiyə türkcəsində danışmağa borclu hiss etmirdim. Çox rahatca anladığını gözləri ilə təsdiqləyirdi. Elə bunun üçün də onunla söhbətimizdə mən Azərbaycan türkcəsi, Ahmet bəy isə Türkiyə türkcəsi ilə danışdı. Ortaq türkcəyə gedən bir yol kimi qəbul edərək dərgimizdə də bunu olduğu kimi sizə təqdim edirik. Lakin yazının türkcənin qrammatik qaydaları ilə deyil, Azərbaycan dilinin qrammatik qaydaları ilə yayımlanmasını daha məqbul hesab etdik.
Müəllifin avtobioqrafiyası haqqında bir neçə söz deməyi də lazım bilirik:
1960-cı ildə Trabzonun Takazlı kəndində anadan olub. Bir çox idman növləri ilə məşğul olub. Bir müddət Universitetin boks və taykvando komandalarının üzvü olub. Uzun illər dövlət idarələrində çalışan Ahmet Haldun Tərzioğlu 2006-cı ildə öz istəyi ilə təqaüdə çıxıb və özünü sadəcə yazmağa həsr edib.Əsas diqqətini türk tarixi və mifologiyası üzərində cəmləşdirən yazıçının kitabları 2004-cü ildən etibarən nəşr olunmağa başlayıb. Siyasi romanlarında isə yaşadığı dövrü təsvir etməyi üstün tutan yazıçı bu mövzuda da obyektiv olmağa çalışır. Olanlara birtərəfli deyil, yuxarıdan baxma səbəbi, yaşananların daha yaxşı başa düşülməsini təmin etmək üçündür. Əlbəttə, öz siyasi düşüncəsi vardır və inandıqlarını qorumaqdan geri çəkilmir. Zamana, yerə, insanlara və iqtidara görə dəyişməyi, hansısa komandanın azarkeşi olmaq kimi partiya tərəfdarı olmağı da rədd edir. Mühakimə etmək, müxalif çıxmaq və həmişə inandığı həqiqətləri müdafiə etmək yazarın hədəfidir.
2007-ci ildə Mustafa Necati Sepetçioğlu tarixi roman yarışmasında, “Alp Ər Tonqa” adlı tarixi romanı ilə “Birincilik mükafatı” qazanan yazarın ayrıca teatr, hekayə və məqalə yarışlarından çox sayda mükafatları var. Bu günə qədər qırx bir əsəri kitab kimi çap olunmuşdur.

Ustad Dərgisi

Sonuncu marşa ehtiyacımız var!

(“Ustad” dərgisi, 3-cü say)

“Allah bu millətə bir daha İstiqlal marşı yazdırmasın”, – demişdir böyük türk şairi Mehmet Akif Ərsoy. Bu cümləni niyə dediyini və nə zaman dediyini yazmazdan əvvəl Türkiyənin “İstiqlal” marşının necə və hansı şərtlərlə yazıldığını deyim, sonra mətləbə keçək.

Türkiyə 1920-ci ilin sonlarında yunan ordusu ilə ağır bir döyüşün astanasında idi. Tarixçilər deyirlər ki, o dövrdə ölkənin sadəcə silaha deyil, millətin ümidlərini yaşadacaq mənəvi dəstəyə də böyük ehtiyacı var idi. Hər bir millət kimi…

Bunun üçün isə Qərb cəbhəsinin quzey bölgəsinin komandanı miralay İsmət paşa Maarif vəkili doktor Rza Nuru bəyi ziyarət edir. Bu ziyarətdən qısa bir zaman sonra “Hakimiyyətimilliyə” qəzetində “Türk şairlərinin nəzərinə! Maarif Vəkalətindən” başlıqlı bir şeir yarışmasının elanı verilir. Müsabiqənin tələbi milli marşın yazılması idi və qalib 500 lirə qazanacaqdı. Ancaq bir şərtlə: şeirlər milli mücadilə ruhunu ifadə etməli idi. Sonra isə şeirə musiqi bəstələnməsi üçün növbəti bir yarışma elan ediləcəkdi.

Ümumi elandan başqa, Maarif vəkili adından o zamanın tanınmış yazıçılarına xüsusi məktub da göndərilmişdi. Maarif vəkili Həmdullah Sübhinin sözlərinə görə, qısa bir zamanda 724 şeir qəbul edildi. Lakin Həmdullah Sübhi bəy onların arasında milli mucadiləni əks etdirən, ruhları ümidləndirən heç bir nümunə tapa bilmədi. Yazılanlar nə onun, nə də münsiflərin ürəyincə idi. Bu qupquru şeirlərin heç birindən milli marş ola bilməzdi.

Amma Sübhi bəyə ümid verən tək bir amil var idi. O da Mehmet Akif bəyin imzası ilə qəbul edilən heç bir şeirin olmaması…

Onun düşüncəsinə görə, milli marşı yalnız bir nəfər yaza bilərdi. O da Mehmet Akif Ərsoy idi! Çünki istər Balkan müharibəsində, istər Birinci Dünya Müharibəsində yaşananların ən güclü və heyrət doğuran ifadəsini onun misralarında görmüşdü:

Azacıq kurcala toprakları, seyr et ne çıkar;

Dipçik altında ezilmiş, parçalanmış kafalar!

Bereden reng-i hüviyetleri uçmuş yüzler.

Kim bilir hangi şenaatle oyulmuş gözler.

Medeniyet denilen vahşete lanetler eder,

Niçe yekpare kesilmiş de sırıtmış dişler.

Süngülenmiş, kanı donmuş niçe binlerle beden

Niçe başlar, niçe kollar ki, cüda cisminden!

 

Bir gün Türkiyə Böyük Millət Məclisində Mehmet Akifin yaxın dostlarından Balıkesir millət vəkili Həsən bəylə qarşılaşan Sübhi bəy xoş-beşdən sonra müsabiqəyə gələn şeirlərin heç birindən razı qalmadığını deyir. Sonra Mehmet Akifi bu marşı yazmağa razı salmasını ondan xahiş edir. Həsən Basri də Mehmet Akifin bu cür bir vəzifə üçün mükafat qoyulmasının əleyhinə olduğunu, bundan yaman narahatlıq keçirdiyini bildirir. Əminliklə deyir ki, mükafat olduğu üçün o buna razı olmayacaq. Sübhi bəy də şairə başqa bir məktub yazaraq onun son çarə olduğunu bildirir. Narahatlığını başa düşdüyünü və necə istəyirsə, o cür də davranılacağını qeyd edir.

Məktubunmu, yoxsa Həsən Basrininmi şairi razı salması bir az mübahisəli olsa da, Mehmet Akif şeiri yazmağa başlayır. Hətta bəzi qaynaqlarda deyilir ki, Mehmet Akif məktubdan da, Həsən Basridən də qabaq şeiri yazmağa başlamışdır. Bu təklifdən sonra isə o, Tacəddin Dərgahına qapanıb “İstiqlal” marşını yazır. Deyilənlərə görə, hissə o qədər qapılır ki, bir gecə yadına düşən “bən əzəldən bəridir hür yaşadım, hür yaşarım” misrasını kağız tapa bilmədiyi üçün divara yazır.

Şair şeiri bitirən kimi, yəni 1921-ci il 7 fevral tarixində “Qəhrəman ordumuza ithaf” adı ilə imzasız şəkildə Maarif Vəkilliyinə göndərir. “İstiqlal” marşı ilk dəfə 17 fevralda, “Hakimiyyəti milliyə” qəzetində yayımlanır.

Beləcə, yarışmaya göndərilən 725- ci şeir Türkiyə Böyük Millət Məclisində böyük alqışlarla qəbul edilir. Sübhi bəyin ürək yanğısı ilə şeiri Böyük Millət Məclisində səsləndirdiyi zaman şair zaldan sakitcə çıxmışdır.

Şair ona verilən 500 lirəni isə müsəlman qadın və uşaqlara yardım məqsədilə fəaliyyət göstərən Darülmesai dərnəyinə bağışlayır. Halbuki həmin dövrdə o, çox böyük ehtiyac içərisində yaşayırdı.

Deyilənlərə görə, Ankaraya getdiyində paltosu belə yox imiş. Soyuq günlərdə məclisə qatılmaq üçün tez-tez paltosunu geyindiyi yaxın dostu Neyzen Tevfikin qardaşı Baytar Şefik bəy bir gün, – “Akif bəy, bu mükafatı rədd etməyib, bir palto alsaydınız, yaxşı olmazdımı?” – demişdi. Əşrəf Edipin dediyinə görə, o anda Şairin hansı vəziyyətə düşdüyünü təsəvvür etmək çox çətindir. O məhz bu sözə görə düz iki ay Şefik bəylə danışmamışdı.

Məhmet Akif bir dəfə jurnalistlərlə söhbətində demişdir ki, “İstiqlal” marşı bir daha yazıla bilməz, kimsə bir daha “İstiqlal” marşı yaza bilməz, mən də yaza bilmərəm!” Bu sözləri nə qədər əsəbi şəkildə demişdisə, bir o qədər də sakit və hüznlə, – “Allah bu millətə bir daha “İstiqlal” marşı yazdırmasın”, – deyə əlavə etmiş və susmuşdu.

Bəli, ümid edirik ki, Türkiyə.ustad sənətkarın dediyi kimi, bir daha marş yazılacaq duruma düşməyəcək. Marşların nə məqsədlə və hansı şəraitdə yazıldığı hamımıza bəllidir. Amma bu misranın tərsinə, mən arzu edirəm ki, Tanrı bizə, Azərbaycan türklərinə bir dəfə də marş yazmağı nəsib etsin.

Mehmet Akif bəyin “Allah bu millətə bir daha “İstiqlal” marşı yazdırmasın” fikrinin səsləndiyi anı mən çox yaxşı təsəvvür edə bilirəm. Bir xalq dünya qarşısında dimdik durub, öz müqəddəratını həll etmişdir. Türkiyə Cümhuriyyətinin qurulması üçün xalqın birlik olub, mübarizə aparmasını bütün dünya görmüş və buna qibtə etmişdir. Məhz “İstiqlal” marşının yazılmasını şərtləndirən həmin zaman, həmin şərait idi. Mücadilə və mübarizə yoxdursa, marşlara da heç bir ehtiyac qalmır. Marşların yerini serenadalar, balladalar tutur. Ustad sənətkar məhz xalqının ağır vəziyyətini göz önünə gətirərək o məşhur kəlməni ifadə etmişdir. Hətta “Kimsə bir daha “İstiqlal” marşı yaza bilməz, mən də yaza bilmərəm!” deməsi belə içdən gələn bir inancın ifadəsi idi. Çünki Çanaqqala kimi savaşı dünya tarixi nə görüb, nə də ki görəcəkdir. Çanaqqala mücadiləsini gözləri ilə görməyən şair “İstiqlal” marşı kimi bir marş yaza bilməz.

Bu məqamdan çıxış edərək Azərbaycanımızın himni haqqında demək olar: Allah Azərbaycan xalqına bir daha himn yazdırmasın! Amma bir az ciddi düşünəndə, adamın ağlından keçir ki, Bütöv Azərbaycanın yeni himnə ehtiyacı olacaqmı? Yəqin ki bəli! Ya iki himnimiz olacaq, ya da o birliyi görəndə böyük bir şairi Tanrı bu himni yazmağa məsul edəcək!

Bu gün müəllifinin tam dəqiq olmaması haqqında gedən polemikalar, sətirlərində döyüşə, müharibəyə səslənişin olmasını tənqid edib, himninin dəyişməsini ifadə edən fikirlərin mahiyyətində zərrə qədər də olsa, həqiqətin olması belə bu cür yanaşmaların səsləndirilməsinə haqq qazandırmır. Müəllifin kim olmasından asılı olmayaraq, himnimiz gözəldir, döyüşkəndir, əzmkardır, mübarizə ruhunu ifadə edir. Çünki bunu çar Rusiyasının 100 illik buxovundan canını qurtaran bir millətin qeyrətli oğlu yazmışdır. O zaman da müəllifin ruh halı Mehmet Akifin marş yazdığı zaman yaşadığı ruh halı ilə eyni idi, məncə. Digər bir tərəfdən isə himnimizin humanistləşdirilməsini istəyən “yemlənmişlər” Azərbaycanı Fransa ilə, İsveçlə müqayisə etməmişdən əvvəl ölkənin vəziyyətini gözləri önünə gətirsinlər. “Marselyoza”nın redaktə olunduğunu nümunə gətirərək, bizim də bu addımı atmağımızı istəyənlər də həmçinin… Etiraf edək ki, bugünün Avropası öz insanı üçün çox iş görüb, bəlkə də görməyə bir iş qalmadığı üçün himnin dəyişməsinə əl atır.

Amma biz hələ bəzi məqamlarda çox geridəyik. O qədər geridəyik ki, öz halal torpağımızın kiçik bir təpəsini alarkən sevinc gözyaşlarımızda boğuluruq. Yəni biz hələ bir kiçik təpənin alınmasına sevinəcək durumdaykən, qisas hissinin yaşamalı olduğu vəziyyətdəykən mübarizə ruhlu himnimizi humansitləşdirməyə heç bir ethiyac yoxdur.

Bu gün ehtiyacımız olan tək şey marşların yazılmasıdır. Həm də hər misrasında Bozkırdakı atın ayaqlarının səsini, hər kəlməsində Tanrı dağının əriyərək şırıldayan saf suyunun qoxusunu duymalıyıq! Aprelin 2-5-də üç günlük müharibə şəraiti bizə göstərdi ki, hələ də qələbə marşına ehtiyacımız var. O marşa ki, əsgərimizi oddan, alovdan, qardan, borandan anaların laylası, uluların duası, Tanrının sədası kimi qorusun. Qələbədən qələbəyə səsləsin.

Birinci Qarabağ Müharibəsi illərində yaranmış marşların təzələnməsinə, yenidən aranjımanına ehtiyac var. Bu marşlar o vaxta qədər yazılmalıdır ki, Təbrizdə “Marş irəli!” dedikdə Borçalıda atlar şahə qalxsın…

 

Babalardan aldıq öyüd,

Hər birimiz qorxmaz igid,

Vətən bizə bəslər ümid,

Bizik ölməz, canlı ordu,

Arş irəli, şanlı ordu!

 

Azərbaycan, Azərbaycan!

Ucaldacaq səsin hər an,

Bayrağını zaman-zaman,

Ay ulduz nişanlı ordu.

Arş irəli, Şanlı ordu!

 

Qeyd: Üç günlük (2-5 aprel 2016) Qarabağ müharibəsində şəhid olan qardaşlarımızın ruhu qarşısında baş əyir, sayğı ilə anırıq!

Ustad Dərgisi

Ədəbiyyatın Onları

(“Ustad” dərgisi, 2-ci say)

Onlar çoxdan var idilər. Və elə bilirdilər ki, onlardan başqa heç kim yoxdur, heç vaxt olmayacaq da. Amma bir gün Bunlar gəldilər. Çox uzaqdan yox, elə Onların öz yanından, düzünə qalsa, “şinellərinin altından”… Amma eyni şineldən çıxmalarına baxmayaraq, çox keçmədi ki, başladılar Onlara daş atmağa, tənqid etməyə, hətta məqamı gəldikdə üz döndərməyə.

Onlarsa əvvəl bu səs-küyə əhəmiyyətsiz yanaşdılar. Kreslolarından, şanlarından, şöhrətlərindən, uğurlarından, titullarından, nüfuzlarından elə möhkəm yapışdılar ki, durduqları yerdən bu “dimdiyi sarılar” heç görünmədilər də. Amma dimdiklərinin sarılığına niyə baxırsınız ki? Bunlar Onların qabırğasına döşəməkdən yorulmur, tərifbazlıqda, məddahlıqda, çərçivəli olmaqda, nüfuzlarından suiistifadə etməkdə, kimlərinsə hesabına yazıb yaratmaqda, şablonçuluqda, bir tikə çörək üçün onun-bunun qoltuğunda gəzməkdə, 50 qrama palaz-palaz məqalələr yazmaqda qınayırdılar.

Bu civiltiləri əslində haqqın səsi də hesab etmək olardı. Çünki dediklərində haqq söz az deyildi. Amma nə fayda ki, Onlar bu sözləri ya eşitmir, ya da ciddcəhdlə özlərini eşitməzliyə vururdular.

Beləcə, Bunlar boğazları yırtılana qədər civildədilər, beçə xoruzlar kimi banladılar, hətta bülbül kimi cəh-cəh də vurdular. Və… Bir gün nəhayət ki, bu səsi dinləyənlər tapıldı. Hətta az qaldı desinlər ki, Bunlar Allahın elçiləriymiş, bu dünyaya başqa bir şey üçün deyil, elə Onları başa salmaq üçün gəliblərmiş.

Sonra qəribə bir şey oldu… Onların öz içlərindən bir neçəsi dəstədən qopub Bunlara dəstək verməyə başladı. Qabaqlarına o qədər dən tökdülər ki, gəl görəsən… Ye ki yeyəsən…

Elə qazan da bu zaman qaynamağa başladı. Ac qalan Bunlar o qədər fərqli səslər çıxardılar ki, adamlar az qaldılar lap valeh olsunlar… Və… bu zaman da başqa bir problem çıxdı ortaya. Məlum oldu ki, artıq Bunlar da böyüyüb Onlara oxşamağa başlayıblar. Hətta artıq kimlər üçünsə birmənalı şəkildə Onlar kimi görünürlər. Hətta camaat artıq Bunları dinləyir, Bunları eşidir, Bunların sözünü söz sayır…

Bir gün isə… Onlar bir də onda ayıldılar ki, vay dədəm vay, sən demə, Bunlar o qədər də balaca deyillərmiş. Bunları görməzdən gəlmək də yanlış iş olub… Beləcə… Günlər keçdi, ay

dolandı, Bunlar Onların bəzilərindən aldıqları dəstək nəticəsində yaxşıyaxşı böyüdülər. Və başladılar prosesi özləri yönləndirməyə. Həm də Onlara bənzəməyə. Onlar da bəyənmədiklərini daha modern, postmodern, nyupostmodern, ən nyupostmodern kimi metodlarla özləri həyata keçirməyə başladılar. İlk öncə, yalançı şöhrətlərinə büründülər, sonra dəstə yaratdılar, sonra 150 qrama məqalələr yazdılar, sonra nBunların ardınca gələnləri bəyənməməyə, araya-bərəyə qoymamağa çalışdılar. Sonra da özləri-özlərini təriflədilər. Bir sözlə, Onların etdiklərini “ananın dalınca budaq-budaq gəzən bala kimi” daha qəşəng, dünya və Avropa standartlarına daha uyğun, texnologiyalardan daha çox bəhrələnərək təkrarladılar. Və beləcə Onların qocalmış şir kimi uzanıb Bunlara baxmaqdan başqa çarəsi qalmadı. Hətta iş o yerə çatdı ki, Onlar bəyənmədikləri Bunlara müsahibə vermək üçün ciddiciddi növbəyə də durdular. Amma öz aramızdır, bunu da deməsək olmaz: Onların verdiyi müsahibələr Bunların hesabına yaxşı-yaxşı oxundu da, maraqla

qarşılandı da… Hətta heyrətlə əldən-ələ, gözdən-gözə ötürüldü də…

Bunu görənlər isə dərk etdilər ki, Onlar və Bunlar arasında fərq əslində bir hərfin yaratdığı fərq qədər imiş… Bircə hərfin…

Xəbərlər

Hədəf STEAM Liseyində IV Məzun Günü

                                   Hədəf STEAM Liseyində IV Məzun Günü keçirilib.

Liseydən  verilən məlumata görə, tədbir Heydər Əliyevin 100, Hədəf Liseyinin isə 5 illik yubileyinə həsr olunub.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında baş tutan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, deputatlar Musa Quliyev, Vüqar İsgəndərov, Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov, AMEA Folklor İnstitutunun baş direktoru Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli, Mətbuat Şurasının sədri Rəşad Məcid, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, Azərbaycan Respublikası KOBİA İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev, elm və mədəniyyət xadimləri, iş adamları, valideynlər iştirak ediblər.

 

Əvvəlcə qonaqlara “Heydər Əliyev – 100” rəsm sərgisi və “Heydər Əliyev – 100” STEAM sərgisi təqdim edilib. Hər iki sərgi liseydə təhsil alan balabilgələrin müəllimlərin dəstəyi ilə hazırladığı əl işləri və STEAM layihələrindən ibarət olub.
Tədbirin açılışı lisey balabilgələrinin və Xalq artisti Natiq Şirinovun ifasında “Azərbaycan” kompozisiyası ilə baş tutub. Kompozisiyada milli ruhda musiqilər, rəqslər, idman nömrələri göstərilib, Natiq Şirinovun qaval daşında ifası isə səhnəyə xüsusi rəng qatıb.
Ardınca quruluşçu rejissoru və ssenari müəllifi Hədəf Liseyinin dram müəllimi Cavad Nur olan və lisey balabilgələrinin ifasında hazırlanan “Hədəf məzunları Saturnda” adlı tamaşa təqdim olunub. Balabilgələrin səhnə bacarıqları və ifaçılıq qabiliyyətləri qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Daha sonra məzunların təltifetmə mərasimi baş tutub. Təhsil aldıqları müddətdə fərqləndiyi istiqamətlər üzrə məzunlara diplomlar təqdim edilib, milli geyim və milli papaq hədiyyə olunub.

Məzunları təbrik edən Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiq bildirib ki, “Hədəf” balabilgələri Məzun Günü üçün nəzərdə tutulan ənənəvi mantiyadan imtina edərək milli ornamentli bilgə geyimindən istifadə edirlər. Məzun baş geyimi isə milli papaq və araqçınla əvəz olunur. Sonda papaq və araqçınlar Məzun Günü ənənəsinə uyğun şəkildə göyə atılmaq əvəzinə qol üstünə qoyulur.

Daha sonra məzunlar Hədəf Liseyinin marşını səsləndirib, ardınca balabilgə andını içiblər. Bu andla onlar milli duyğularını itirməyən, vətəninə, millətinə sədaqətli, təbiəti və insanlığı sevən, dəyərlərə hörmət edən bilgə insan olacaqlarına söz veriblər.
Tədbirdə çıxış edən İsa Həbibbəyli Hədəf Liseyinin keçdiyi yolu yüksək dəyərləndirib. O, səhnədə təqdim olunan hər bir kompozisiya və çıxışı ayrı-ayrılıqda təhlil edib. İsa Həbibbəyli balabilgələrin hazırladığı tamaşanı istər ssenari və quruluş, istər bədii həll, istərsə də aktyorluq xüsusiyyətinə görə yüksək qiymətləndirib, Hədəf Liseyinin özünəməxsus bilgə andı və “Hədəf” marşını isə digər təhsil müəssisələri üçün nümunə olduğunu qeyd edib. O, tədris ilində fərqləndiyi üçün lisey bilgəsinə verilən “Bilgə papağı”nı liseyin məzunu Emin Məcidliyə təqdim edib.
İdris İsayev məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qulu Novruzov məzunların hazırladığı kompozisiyaları yüksək qiymətləndirib, Hədəf Liseyinin özünəməxsus xüsusiyyətləri haqqında danışıb.
Daha sonra lisey məzunları çıxış edərək lisey xatirələrini bölüşüb, müəllimlərə və valideynlərə təşəkkür ediblər.
Məzun Günü balabilgələrin və müəllimlərin ifasında “Ey vətən” kompozisiyası ilə başa çatıb.

Xəbərlər

Dürmək, işıq, dəyirman daşı və HƏDƏF

Elmlə məşğul olan adamlar iki cür olur. Bir qismi çox sakit, işində gücündə, digər qisim isə səs-küylü, amma yenə də işində gücündə. Nəticə etibarı ilə, istər sakitcənə, istərsə də hay-küynən edilən kəşflər həmişə bəşəriyyətə xidmət edib. Biz insanları yox, onların etdiklərini, elmə verdiyi töhfələri görmüşük həmişə. Di gəl, şəxsi həyatları da az maraqlı olmayıb.
Konkret misallar verək deyirsizsə, buyurun.
Həcm qanununu tapan Arximed, sevindiyindən hamam vannasından çılpaq çıxıb koridorlarda “Evrika” deyə, bağıra-bağıra qaçırmış. Deyəcəksiz ki, kişi evdə tək imiş, əsla. Tək olsa, biz bu hadisəni haradan bilərdik? Yerin cazibə qanununu kəşf edən Nyuton isə təbiətcə çox sakit adam imiş. Kişini min zülümlə senata seçibmişlər, di gəl, üzv olduğu bütün müddət boyunca bircə dəfə ağzını açıb, müzakirələrdə iştirak etməyib. Dediyi tək bir cümlə olub, o da nəzarətçiyə “pəncərəni bağla, hava cərəyan etməsin” cümləsi imiş. (Yazının bu yerində, şeytan gəlir gəlib deyir ki, yazım və mən də öz təklifimi verim ki, bəlkə Nyutona bizim Milli Məclisin qarşısında heykəl qoyulsun. İllərdir Milli Məclisdə oturub susan xeyli deputatımız var, hər işə gələndə qarşısında təzim edib gül qoyarlar. Amma mövzumuz bu deyil, kənara çıxmayaq.)
Hətta deyilənə görə, o alma ağacdan Nyutonun başına düşəndə, ağacın altında neçə saat imiş ki, oturubmuş, tənbəlliyindən!
Mənim qəhramanımda Arximeddən də, Nyutondan da parçalar var. Bəzən susar, bəzən hay-küy salar. İllərlə sakitcə öz işi ilə məşğul ikən, bir anda səsindən qulaq tutular. “Alması oğurlananda” (yenə də alma!) Məlikməmmədə dönər, divlərlə döyüşər. Quyulara girər, ağ qoçdan, qara qoça, qara qoçdan simurq quşuna… Bir də görərsən yenə işıqlı dünyadadı!
Arada bütün dostlara dürmək paylayar. Yağa bərabər, “Nehrəm pendiri” dürməyi. Bax buna şəxsən şahid olmuşam. Birlikdə Naxçıvana, kitab bayramına uçuruq. Təyyarənin yarısı “bizimkilər”di, hələ əvvəldən gedənlər də var. Enər-enməz hamı bir yerə yığışır. Bir çay içib qafiə ilə “Əshabi-Kəhf” ziyarətinə yollanırıq. Sıldırımlı dağlarda gəzib yorulan dostları aşağıda çox dadlı bir sürpriz gözləyir. Pendir-pomidor dürməyi! Üstəgəl, ana əlləri ilə, obaşdan qalxılıb xüsusi sevgiylə, qayğıyla hazırlanan dürməklər. Yeyənlərin demək olar ki, hamısı pendirin də pomidorun da dadından doya bilmədiyni deyir. Qəhramanımız məmnuniyyətlə gülür, gözlərindən “Mən sizə demişdim axı…” oxunur.
O anda Arximed, Nyuton, Məlikməmməd obrazları ikinci plana keçir, ağlıma nağıl tariximizin ən müsbət qəhramanı Cırtdan gəlir. Dostlarını divdən qurtarıb zülmətdən işığa doğru aparan qəhraman! İndilik bu nağılın sadəcə “dürmək” hissəsində qəhramanlarımız üst-üstə düşür. Üç günlük səfərimiz boyunca bütün şəkillərdə onu mərkəzdə durmağa dəvət edirəm. Yarı zarafat, yarı ciddi. Hadisələrəin tam mərkəzində olan adamlar, fotolarda kənarda qalmamalıdır məncə. Üstəlik, axı o bizə “pendir-pomidor dürməyi” verib.
İllərdir ki, zəm ilə, zəhmət ilə “dağ yarır.” Əlindəki külüng təsis etdiyi şirkətidir. Biz onu gah kitab nəşr edən naşir görürük, gah kitab mağazası açan sahibkar, gah da elə o nəşriyyatda nəşr edilib, o mağazada satılacaq kitabı yazan müəllif. Adına “Hədəf” deyib, hədəfini də məramını da açıqca ortaya qoyub. Hədəf illər öncədən həm nəşriyyat, həm də hazırlıq kursu idi. Və artıq neçə ildir ki, həm də liseydir. Naxçıvan səfərimizdə mənim “hədəfçilər”i daha yaxından tanımaq imkanım oldu. Kurs rəhbərləri ilə yığışdığımız gözəl bir axşam məclisində, onları bir -bir dinləmək, eşitmək imkanım oldu. Burda artıq sevimli nağılımızın bir hissəsi də tamamlandı. Bu adamlar “it hürən tərəfin” yox, işıq gələn tərəfin adamları idi. Ziyalı sözünün birbaşa mənasındakı işığı “Hədəf kursları”nın müəllimlərinin üzündə də, nitqində də aydınca görmək olurdu. Və mənim yazımın qəhramanı hər dəfə söz deməkçün qalxan müəllimlərdən hansı bölgədən olduğunu deməyini də xahiş edirdi. Müəllimlər öz bölgələrini dedikcə, mənim gözüm önündə bu gözəl ölkəmiz bölgə-bölgə, yer-yer işıqlanırdı. “İt hürən tərəflərin sayı azaldıqca, işıq gələn tərəflər” artırdı.
Dünən “Hədəf” liseyinin məzun günü ilə bağlı tədbiri idi. “Hədəf” dostu olaraq mən də dəvətliydim. Törən boyunca edilən çıxışlar, hazırlanan səhnəciklər bütün tamaşaçılar tərəfindən maraqla qarşılanır, zaman-zaman duyğulandırırdı. Bəzən zala çökən qaranlıq, bəzənsə gur işıqlar yenə mənim yadıma dostlarını divdən qurtaran sevimli nağıl qəhrəmanımızı salırdı. Və öz-özümə düşünürdüm. O nağıldakı div əslində qaranlıq dünyadı, cəhalətdi, elmsizlik, savadsızlıqdı. Nağılın qəhramanı cəhaləti məhv edib, ətrafındakı adamları işığa, elmə qovuşdurur. Divi, yəni cəhaləti məhv eləməkçünsə, onun boynuna dəyirman daşı salır.
Mənim qəhrəmanım da illərdir belə edir. Minlərlə övladımızı cəhalətdən, qaranlıqdan, “divdən” xilas etməkçün öz “dəyirman daşını” yəni “Hədəf” şirkətlər qrupunu divin boynundan asıb neçə illərdir ki. Divlər öldükcə, dostlar qurtulur, dünya gözəlləşir. Arada zal işıqlandıqca, “balabilgələr” adlandırdığı şagirdlərin nur tökülən üzləri səhnədən göründükcə mən bir daha əmin olurdum- divlərin hamısı gec-tez zəbun olacaq!
Elm-təhsil adamları iki cür olmur, min cür olur, bəlkə də çox. Amma hamısının bir amalı, bir fikri olur. Cəhalətə qalib gəlmək! Mənim qəhramanımın da, amalı, hədəfi məhz budur. O öz hədəfinə doğru, “Hədəf”lə gedir! Yolu uğurlu olsun!
Sizə hələ də mənim qəhrəmanımın adı maraqlı gəlirsə, qoy deyim. Əslində mənim qəhrəmanım bir şəxs deyil, böyük bir komandadır. Rəhbərindən- mühafizəçisinə, təsisçilərindən birinci sinif balabilgələrinə qədər, böyük bir komanda! Və əlbəttə ki, bu komandanın “kapitanı”, dəyərli, əziz və sevimli Şəmil müəllim- Şəmil Sadiq!
Çingiz Özgür
Xəbərlər

Naxçıvanda bağlı qapılar açılır

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə giririk. Bakıdan “I Naxçıvan Kitab Sərgisi” üçün gəlmiş heyətin bəzi üzvlərini Prezidentin Səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli qəbul edəcək. Bu binada ilk və son dəfə, yəni cəmi bircə dəfə, illər öncə olmuşam. Qapıdan girər- girməz, qarışıq hisslər içində olmağıma baxmayaraq, beynim xatirələr səhifəsini açıb 29 il əvvəli, 1994-cü ilin martını səhifələyir.

 

 

Birinci kursda oxuyan tələbə, bir məsələ ilə bağlı Ali Məclisə görüşə gəlmiş kəndçilərinin içində, sıxıla-sıxıla elə məhz bu qapıdan içəri girir. Eyni qapıdır, eyni girişdir, eyni dəhlizlərdir. O vaxt bizi bu uzun dəhlizlərdən içəri keçirib, bir zala yığmışdılar. Ali Məclisin o vaxtkı sədri gəlmişdi. Əvvəl camaatı dinləmişdi, sonra uzun uzadı çıxış eləmişdi, sonra çəkiliş kameralarını çıxarıb görüşə gələnləri xeyli “danlamışdı”… Amma əsas olan o idi ki, girmişdik binaya. Binanın qapıları açılmışdı, bizi içəri buraxmışdılar.

 

Sonra qara yellər əsdi, qara buludlardan qırmızı ildırımlar çaxdı, rəngli dolular, rəngsiz yağışlar yağdı. Və o binanın qapısı bir dəfəlik bağlandı. Xalq o qapının açıq olduğunu bir daha görmədi. Bircə nəfər sadə insan o qapıdan içəri girmədi. İllərlə Naxçıvan şəhərində, Ordubadda kənddə yaşadım, bircə dəfə o qapını açıq görmədim, açıq olduğunu eşitmədim. Heç o qapıdan içəri girməyə cəhd edəni də eşidib görmədim. İndi isə qapı taybatay açıq idi. Biz də bu taybatay açıq qapıdan içəri girib, yuxarıya, görüş otağına qalxırdıq…

Əziz oxucular, dostlar, həmvətənlər! Başlığın ikinci hissəsini əbəs yerə yazmamışam. Bu yazıda mən sadəcə gördüklərimi yazıram. Bir görüşün məndə buraxdığı təəssüratı qələmə almağa çalışıram. Bir az da çəkinə- çəkinə. Ətrafımda, sosial şəbəkələrdə  məndən tənqid gözləyən, şikayət gözləyən xeyli tanıdığım var. Səmimi danışırıqsa, qoy deyim. Əvvəl düşündüm ki, görüş olmayacaq, heç bizi qəbul etməyəcəklər. Di gəl, elə sərginin ilk günü xəbər gəldi ki, şənbə günü olmasına baxmayaraq, görüşə razılıq verilib. Bir ara düşündüm ki, mənim adım görüş üçün verilmiş siyahıdan silinər, o da olmadı. Görüş üçün verilən tam siyahı təsdiq olundu. Dedim, bəlkə Ali Məclisin qapılarından girəndə tək-tək yoxlanarıq, girişdə binanı mühafizə edən polislərin hərbi salam verib dayandığını görəndə bu “arzu”mun da baş tutmadığına əmin oldum. Ən son iclas otağında bir neçə dəqiqə gözlədiləcəyimizi, handan-gecdən Səlahiyyətli Nümayəndənin gələcəyini, hamımızın ayağa qalxıb salamlaşacağımızı “xəyal edirdim”, xeyr, Fuad Nəcəfli bizi qapıda qarşıladı. Bir-bir hamımızla mehribanlıqla görüşdü və bizi içəri dəvət etdi. Donub qalmışdım. Mənim yuxarıdakı “arzularım”  illərlə Naxçıvanda şahid olduğum rejimin  yaşatdıqlarından irəli gəlirdi. Amma bir fərqlə. Mən bu hallar olacaq təqdirdə şikayət statusları yazacağımı, tənqid edəcəyimi düşünürdüm. Amma bundan əvvəl bir şikayət etməyi, tənqidi heç yuxumuzda belə görə bilmirdik. Demək ki, hər şey bir yana, şikayət və tənqidi düşünə biliriksə, çox şey dəyişib…

 

 

 

Qayıdaq görüşə. Otağa girər-girməz protokol qaydalarını pozmağı təklif edir, Fuad Nəcəfli: “O tərəf- bu tərəf yoxdur. Keçin əyləşin, tərəfləri birləşdirmişik daha”.

İlk kəlmədən yumor hissini nitqinə qatıb, vəziyyəti bir kəlmə ilə izah edir. Daha sonra aram-aram, rəvan nitqlə xoşgəldin edib, bəzilərimizi tanıdığını, tanımadıqlarını da tanımaqdan şad olacağını söyləyir. Heyətin başçısı Şəmil Sadiq bizi bir-bir tanış edir və görüşün əsas hissəsi başlayır.

Səmimidir. Vəziyyəti izah edir, olan-keçənlərə ekskurs edir. Naxçıvana təyinatından, ilk gəlişindən danışır. Naxçıvandan lap çoxdan, orta məktəbi bitirdikdən çıxdığını deyəndə Rəşad Məcid təəccübünü gizlətmir:

– Siz orta məktəbi burada oxumusunuz?

– Bəli, kənddə bitirmişəm. Kolanıda.

– Bunu çox adam bilmir, demək-yazmaq lazımdı, bilinsin.

“- Əksinə, hamı bilir”, – deyib gülümsünür. Davam edir: “Qohumlarıma, məktəb yoldaşlarıma hamısına xəbər vermişəm ki, qətiyyən başqa fikirlərə düşməsinlər. Mənim üçün qohumluq, tanışlıq amili yoxdur. Üç müavinim var, heç biri naxçıvanlı deyil”.

Problemləri sadalayır, çoxluğunu və miqyasını bircə kəlməylə çatdırır: “Üzərimizə buraxılan “miras” o qədər böyükdür ki, qısa zamanda həll mümkün deyil” deyir. Problemlərin həlli yolunda görüləcək işlərdən, Naxçıvan üçün nəzərdə tutulan layihələrdən danışır.

Məlumatlıdır. Rəşad Məcidin İstanbuldakı “Naxçıvan məhəlləsi” haqqındakı dediklərinə tam ayrıntılı cavab verir, insanları vətənlərinə qaytarmaq yolunda görüləcək işlərdən, məsələnin həlli yolunda görünən və görünməyən xeyli problemdən danışır. Rüstəm Behrudinin “Vaxti ilə Azərbaycanda ikinci ən böyük kitab mağazası Naxçıvan şəhərindəydi…” fikirlərinə kitab satışındakı problemlərdən, gəncliyin kitab oxumağa təşviqindən danışaraq cavab verir. “Kitab mağazası üç ay sonra zərərə görə bağlanacaqsa, indidən açmağın nə adı var? Əvvəl kitabı oxuyanları yetişdirək, sonra mağazanı açarıq” deyir. Yazıçı Varis Yolçuyevin tarixi serial olan “Atabəylər”in ssenari qrupunun rəhbəri olduğunu eşidəndə, filmlərlə bağlı məlumatları, film sənayesinin vəziyyətini və seriallarımızdakı “copy-past xəstəliyini” əks elətdirən fikirlər səsləndirir. Əhməd Qəşəmoğlu məktub göndərdiyini deyəndə, yazdığı məktubçün, təkliflər üçün təşəkkür edir, məktubu oxuduğunu bildirir.

Naxçıvanın tarixi abidələrindən söz düşür, heyfslənərək “Tarixi abidələrimizin vəziyyəti heç yaxşı deyil” deyir.

Pozitiv və ümidlidir. Dövlət başçısının tapşırıqlarını yerinə yetirdiyini və sona qədər də yerinə yetirəcəyini deyir. Mərkəzi hökumət ilə inteqrasiyadan, struktur yeniləşmələrinin labüdlüyündən danışır. İş adamlarına yaradılan imkanlardan, “azad iqtisadi zona” yolunda görülən işlərdən söhbət açır. Gələcəklə bağlı planlardan ağızdolusu söhbət edir. Bunları danışarkən üzündə əminlik ifadəsi və ümid hiss olunur.

Beləcə qarşılıqlı söhbət və dinləmə şəraitində keçən görüş yekunlaşır, hamımız bərabər aşağı düşürük. Gözüm o məşhur qapıdadır. Taybatay açıqdır yenə. O qapını bağlayanlar minlərlə adamı bu torpaqlardan didərgin salmışdılar. Gedin, bir daha gəlməyin demişdilər. Bura qonaq kimi gəlmək istəyən minlərlə insana “Naxçıvana gəlməyin” demişdilər.

Qapıdan çıxıb pilləkənlərdə dayanırıq, xatirə şəkli çəkdirməkçün. Şəklin ardından sağollaşarkən yoldaşlardan kimsə Naxçıvan üçün bizim nə edə biləcəyimizi soruşur. Bir kəlmə ilə cavab verir:

–  Naxçıvana tez-tez gəlin!

Günün sonunda bir daha rastlaşırıq Fuad Nəcəfli ilə. Naxçıvan Dram teatrı tamaşaya dəvət edib. Günün yorğunluğu ilə teatra son dəqiqədə çatırıq. Sən demə Səlahiyyətli Nümayəndə də teatra dəvətlilər arasındadır. Və yenə də, əvvəllər belə hallarda yüz yerdən kilidlənən qapılar ardına qədər açıqdır. İçəri girərkən tələskənlikdən “protokol cərgəsi”nə yaxınlaşırıq, səhv etdiyimizi gördükdə başqa sıraya keçmək istəyirik, başı ilə “əyləşin” işarəsi verir. Beləcə gün ərzində ikinci dəfə protokolu pozur, hörmətli Fuad müəllim.

Açıq qapılar, protokoldan uzaq, səmimi söhbətlər, gələcəyə inam, işıqlı və gözəl bir Naxçıvan uğrunda görülən, görüləcək işlər. Mənim görüş təssüratlarım bunlardır.

Mən bunları gördüm!

Ümidliyəm!

 

Ustad Dərgisi

Bacarıqlı şagird mütləq bir gün ustad olacaq

 

(“Ustad” dərgisi, 1-ci say)

Ədəbiyyat və mədəniyyətimizin qarmaqarışıq bir durumunda dərgi çıxarmaq arzumuz axır ki, gerçəkliklə görüşdü. Əgər bu görüşdən zövq alan mədəniyyət olarsa, gerçəkliyin övladları arzuların övladları kimi daha böyük, daha yaraşıqlı, daha kamil olarlar.

Həsən bəy Zərdabi ilə bir daha işıqlanan mətbuatımızın oğul-uşaqları: Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə XX əsrin əvvəllərində elə bir toy-düyün qurmuşdu ki, dünya durduqca onun sədaları qulaqlarımızda cingildəyəcək. Cingildədikcə də ürəyimiz riqqətə gələcək, sevinc göz yaşlarından feyziyab olacağıq.

Dərgimizin adını “Ustad” qoyduq. Ünlərə inananları əmin edə bilərəm ki, adı biz qoymadıq, Ustad İsa Muğanna demiş, sanki “Göydən özləri dedi”.

Ustad sözünün izahlı lüğətdə verilmiş mənası elm və ya sənət sahəsində geniş, dərin biliyi və qabiliyyəti olan şəxsdir. Əlbəttə, bu ad çox böyükdür, çox ağırdır, çox zəngindir. Hətta o dərəcədə ki, müridlər kimi əllərimiz dizimizin üstündə saatlarla qarşısında oturub nəfəsimizi dərmədən dinləmək, razılığımızı ancaq baxışlarımızla bildirmək boynumuzun borcudur. Əgər dərginin də adqoyma mərasimi, taleyi insanlardakı kimi olsaydı, yəqin ki “Şagird” qoyacaqdıq. Böyüdükcə, özümüzü göstərdikcə, sevgiləri qazandıqca, bacarıqlarımızı sübut etdikcə oxucu özü bizə “Ustad” adı versin deyə. Amma “adı da elə Ustadlar qoyar”, – deyib ortaq bir qənaətlə “Ustad”la razılaşdıq.

Ustadlardan biri olan Əziz Nesin öz soyadı ilə bağlı deyirdi ki, 1934-cü ildə soyad qanunu çıxanda insanların xarakteri açılmağa başladı: “Dünyanın ən xəsisləri özlərinə “Əliaçıq”, ən qorxaqları “Ürəkli”, ən tənbəlləri “Çalışqan” soyadını götürdülər. Hər yağmalamada həmişə sona qaldığım üçün soyad yağmasında da sona qaldım. Özümə uyğun soyad tapa bilmədiyim üçün “Nəsin” (Nesin) soyadını seçdim. Seçdim ki, “Nəsin” deyə çağırıldıqca nə olduğumu hər addımda düşünüb özümə gəlim”.

Əziz Nesinin bu təvazökarlıq priyomu çox maraqlıdır. Bu anlamda hər dəfə “Ustad” adı çəkildikcə qulaqlarımızda ustadlarımızın pıçıltısı səslənəcək, bu ada layiq olmamız üçün bizə yol göstərəcək, ruhlandıracaq və əminəm ki, biz də bu adın haqqını verəcəyik.

“Ustad” gəlməmişdən əvvəl qarşımıza bir sıra şərtlər qoydu:

Sağçı və solçuların birliyini və barışığını təmin edib onları səhifələrimizdə qonaq etmək;

Milli başları namilli başlardan fərqləndirərək gözləri, şüurları sadəcə milli başlara yönləndirmək

Yolunu yanlış gedənlərə yol göstərmək;

Gəncliyi ağsaqqalların səhvindən nəticə çıxarmağa, düzündən yararlanmağa yönləndirmək;

Sabahları dünənin cahil, mövhumatçı qoynundan alıb, bu günün həqiqətləri ilə tanış etmək;

Ədəbi həqiqətlə əbədi həqiqəti təcəssüm etdirmək;

Bacarıqlı şagirdləri Ustad etmək…

Ustad ulu və amiranə səslə bir də onu dedi ki, əgər bunlara əməl etməyi bacaracaqsınızsa, adımı tutub işə başlayın, yox bacarmayacaqsınızsa, gedin özünüzə başqa ustad tapın.

Ustad Ustaddır, onun bütün fikirləri birmənalı qəbul edilməli, şərtləri yerinə yetirilməlidir. Biz də and içdik ki, Ustadımızın yolundan zərrə qədər də olsun yayınmayıb, Bilgə Kağandan, Dədəm Qorquddan, Şeyx Nizamidən, Nəimidən, Nəsimidən, Xətayidən, Axundzadədən, Zərdabidən, Mirzə Cəlildən, Hüseyn Caviddən, Üzeyir Hacıbəyovdan, Şəhriyardan, Muğannadan bu günə ötürülən ışığı özümüzlə gələcəyə daşıyacağıq. Hədəfimiz budur!