Ustad Dərgisi

Ədəbiyyatın Onları

(“Ustad” dərgisi, 2-ci say)

Onlar çoxdan var idilər. Və elə bilirdilər ki, onlardan başqa heç kim yoxdur, heç vaxt olmayacaq da. Amma bir gün Bunlar gəldilər. Çox uzaqdan yox, elə Onların öz yanından, düzünə qalsa, “şinellərinin altından”… Amma eyni şineldən çıxmalarına baxmayaraq, çox keçmədi ki, başladılar Onlara daş atmağa, tənqid etməyə, hətta məqamı gəldikdə üz döndərməyə.

Onlarsa əvvəl bu səs-küyə əhəmiyyətsiz yanaşdılar. Kreslolarından, şanlarından, şöhrətlərindən, uğurlarından, titullarından, nüfuzlarından elə möhkəm yapışdılar ki, durduqları yerdən bu “dimdiyi sarılar” heç görünmədilər də. Amma dimdiklərinin sarılığına niyə baxırsınız ki? Bunlar Onların qabırğasına döşəməkdən yorulmur, tərifbazlıqda, məddahlıqda, çərçivəli olmaqda, nüfuzlarından suiistifadə etməkdə, kimlərinsə hesabına yazıb yaratmaqda, şablonçuluqda, bir tikə çörək üçün onun-bunun qoltuğunda gəzməkdə, 50 qrama palaz-palaz məqalələr yazmaqda qınayırdılar.

Bu civiltiləri əslində haqqın səsi də hesab etmək olardı. Çünki dediklərində haqq söz az deyildi. Amma nə fayda ki, Onlar bu sözləri ya eşitmir, ya da ciddcəhdlə özlərini eşitməzliyə vururdular.

Beləcə, Bunlar boğazları yırtılana qədər civildədilər, beçə xoruzlar kimi banladılar, hətta bülbül kimi cəh-cəh də vurdular. Və… Bir gün nəhayət ki, bu səsi dinləyənlər tapıldı. Hətta az qaldı desinlər ki, Bunlar Allahın elçiləriymiş, bu dünyaya başqa bir şey üçün deyil, elə Onları başa salmaq üçün gəliblərmiş.

Sonra qəribə bir şey oldu… Onların öz içlərindən bir neçəsi dəstədən qopub Bunlara dəstək verməyə başladı. Qabaqlarına o qədər dən tökdülər ki, gəl görəsən… Ye ki yeyəsən…

Elə qazan da bu zaman qaynamağa başladı. Ac qalan Bunlar o qədər fərqli səslər çıxardılar ki, adamlar az qaldılar lap valeh olsunlar… Və… bu zaman da başqa bir problem çıxdı ortaya. Məlum oldu ki, artıq Bunlar da böyüyüb Onlara oxşamağa başlayıblar. Hətta artıq kimlər üçünsə birmənalı şəkildə Onlar kimi görünürlər. Hətta camaat artıq Bunları dinləyir, Bunları eşidir, Bunların sözünü söz sayır…

Bir gün isə… Onlar bir də onda ayıldılar ki, vay dədəm vay, sən demə, Bunlar o qədər də balaca deyillərmiş. Bunları görməzdən gəlmək də yanlış iş olub… Beləcə… Günlər keçdi, ay

dolandı, Bunlar Onların bəzilərindən aldıqları dəstək nəticəsində yaxşıyaxşı böyüdülər. Və başladılar prosesi özləri yönləndirməyə. Həm də Onlara bənzəməyə. Onlar da bəyənmədiklərini daha modern, postmodern, nyupostmodern, ən nyupostmodern kimi metodlarla özləri həyata keçirməyə başladılar. İlk öncə, yalançı şöhrətlərinə büründülər, sonra dəstə yaratdılar, sonra 150 qrama məqalələr yazdılar, sonra nBunların ardınca gələnləri bəyənməməyə, araya-bərəyə qoymamağa çalışdılar. Sonra da özləri-özlərini təriflədilər. Bir sözlə, Onların etdiklərini “ananın dalınca budaq-budaq gəzən bala kimi” daha qəşəng, dünya və Avropa standartlarına daha uyğun, texnologiyalardan daha çox bəhrələnərək təkrarladılar. Və beləcə Onların qocalmış şir kimi uzanıb Bunlara baxmaqdan başqa çarəsi qalmadı. Hətta iş o yerə çatdı ki, Onlar bəyənmədikləri Bunlara müsahibə vermək üçün ciddiciddi növbəyə də durdular. Amma öz aramızdır, bunu da deməsək olmaz: Onların verdiyi müsahibələr Bunların hesabına yaxşı-yaxşı oxundu da, maraqla

qarşılandı da… Hətta heyrətlə əldən-ələ, gözdən-gözə ötürüldü də…

Bunu görənlər isə dərk etdilər ki, Onlar və Bunlar arasında fərq əslində bir hərfin yaratdığı fərq qədər imiş… Bircə hərfin…

Oxşar yazılar