
Elmlə məşğul olan adamlar iki cür olur. Bir qismi çox sakit, işində gücündə, digər qisim isə səs-küylü, amma yenə də işində gücündə. Nəticə etibarı ilə, istər sakitcənə, istərsə də hay-küynən edilən kəşflər həmişə bəşəriyyətə xidmət edib. Biz insanları yox, onların etdiklərini, elmə verdiyi töhfələri görmüşük həmişə. Di gəl, şəxsi həyatları da az maraqlı olmayıb.
Konkret misallar verək deyirsizsə, buyurun.
Həcm qanununu tapan Arximed, sevindiyindən hamam vannasından çılpaq çıxıb koridorlarda “Evrika” deyə, bağıra-bağıra qaçırmış. Deyəcəksiz ki, kişi evdə tək imiş, əsla. Tək olsa, biz bu hadisəni haradan bilərdik? Yerin cazibə qanununu kəşf edən Nyuton isə təbiətcə çox sakit adam imiş. Kişini min zülümlə senata seçibmişlər, di gəl, üzv olduğu bütün müddət boyunca bircə dəfə ağzını açıb, müzakirələrdə iştirak etməyib. Dediyi tək bir cümlə olub, o da nəzarətçiyə “pəncərəni bağla, hava cərəyan etməsin” cümləsi imiş. (Yazının bu yerində, şeytan gəlir gəlib deyir ki, yazım və mən də öz təklifimi verim ki, bəlkə Nyutona bizim Milli Məclisin qarşısında heykəl qoyulsun. İllərdir Milli Məclisdə oturub susan xeyli deputatımız var, hər işə gələndə qarşısında təzim edib gül qoyarlar. Amma mövzumuz bu deyil, kənara çıxmayaq.)
Hətta deyilənə görə, o alma ağacdan Nyutonun başına düşəndə, ağacın altında neçə saat imiş ki, oturubmuş, tənbəlliyindən!
Mənim qəhramanımda Arximeddən də, Nyutondan da parçalar var. Bəzən susar, bəzən hay-küy salar. İllərlə sakitcə öz işi ilə məşğul ikən, bir anda səsindən qulaq tutular. “Alması oğurlananda” (yenə də alma!) Məlikməmmədə dönər, divlərlə döyüşər. Quyulara girər, ağ qoçdan, qara qoça, qara qoçdan simurq quşuna… Bir də görərsən yenə işıqlı dünyadadı!
Arada bütün dostlara dürmək paylayar. Yağa bərabər, “Nehrəm pendiri” dürməyi. Bax buna şəxsən şahid olmuşam. Birlikdə Naxçıvana, kitab bayramına uçuruq. Təyyarənin yarısı “bizimkilər”di, hələ əvvəldən gedənlər də var. Enər-enməz hamı bir yerə yığışır. Bir çay içib qafiə ilə “Əshabi-Kəhf” ziyarətinə yollanırıq. Sıldırımlı dağlarda gəzib yorulan dostları aşağıda çox dadlı bir sürpriz gözləyir. Pendir-pomidor dürməyi! Üstəgəl, ana əlləri ilə, obaşdan qalxılıb xüsusi sevgiylə, qayğıyla hazırlanan dürməklər. Yeyənlərin demək olar ki, hamısı pendirin də pomidorun da dadından doya bilmədiyni deyir. Qəhramanımız məmnuniyyətlə gülür, gözlərindən “Mən sizə demişdim axı…” oxunur.
O anda Arximed, Nyuton, Məlikməmməd obrazları ikinci plana keçir, ağlıma nağıl tariximizin ən müsbət qəhramanı Cırtdan gəlir. Dostlarını divdən qurtarıb zülmətdən işığa doğru aparan qəhraman! İndilik bu nağılın sadəcə “dürmək” hissəsində qəhramanlarımız üst-üstə düşür. Üç günlük səfərimiz boyunca bütün şəkillərdə onu mərkəzdə durmağa dəvət edirəm. Yarı zarafat, yarı ciddi. Hadisələrəin tam mərkəzində olan adamlar, fotolarda kənarda qalmamalıdır məncə. Üstəlik, axı o bizə “pendir-pomidor dürməyi” verib.
İllərdir ki, zəm ilə, zəhmət ilə “dağ yarır.” Əlindəki külüng təsis etdiyi şirkətidir. Biz onu gah kitab nəşr edən naşir görürük, gah kitab mağazası açan sahibkar, gah da elə o nəşriyyatda nəşr edilib, o mağazada satılacaq kitabı yazan müəllif. Adına “Hədəf” deyib, hədəfini də məramını da açıqca ortaya qoyub. Hədəf illər öncədən həm nəşriyyat, həm də hazırlıq kursu idi. Və artıq neçə ildir ki, həm də liseydir. Naxçıvan səfərimizdə mənim “hədəfçilər”i daha yaxından tanımaq imkanım oldu. Kurs rəhbərləri ilə yığışdığımız gözəl bir axşam məclisində, onları bir -bir dinləmək, eşitmək imkanım oldu. Burda artıq sevimli nağılımızın bir hissəsi də tamamlandı. Bu adamlar “it hürən tərəfin” yox, işıq gələn tərəfin adamları idi. Ziyalı sözünün birbaşa mənasındakı işığı “Hədəf kursları”nın müəllimlərinin üzündə də, nitqində də aydınca görmək olurdu. Və mənim yazımın qəhramanı hər dəfə söz deməkçün qalxan müəllimlərdən hansı bölgədən olduğunu deməyini də xahiş edirdi. Müəllimlər öz bölgələrini dedikcə, mənim gözüm önündə bu gözəl ölkəmiz bölgə-bölgə, yer-yer işıqlanırdı. “İt hürən tərəflərin sayı azaldıqca, işıq gələn tərəflər” artırdı.

Dünən “Hədəf” liseyinin məzun günü ilə bağlı tədbiri idi. “Hədəf” dostu olaraq mən də dəvətliydim. Törən boyunca edilən çıxışlar, hazırlanan səhnəciklər bütün tamaşaçılar tərəfindən maraqla qarşılanır, zaman-zaman duyğulandırırdı. Bəzən zala çökən qaranlıq, bəzənsə gur işıqlar yenə mənim yadıma dostlarını divdən qurtaran sevimli nağıl qəhrəmanımızı salırdı. Və öz-özümə düşünürdüm. O nağıldakı div əslində qaranlıq dünyadı, cəhalətdi, elmsizlik, savadsızlıqdı. Nağılın qəhramanı cəhaləti məhv edib, ətrafındakı adamları işığa, elmə qovuşdurur. Divi, yəni cəhaləti məhv eləməkçünsə, onun boynuna dəyirman daşı salır.

Mənim qəhrəmanım da illərdir belə edir. Minlərlə övladımızı cəhalətdən, qaranlıqdan, “divdən” xilas etməkçün öz “dəyirman daşını” yəni “Hədəf” şirkətlər qrupunu divin boynundan asıb neçə illərdir ki. Divlər öldükcə, dostlar qurtulur, dünya gözəlləşir. Arada zal işıqlandıqca, “balabilgələr” adlandırdığı şagirdlərin nur tökülən üzləri səhnədən göründükcə mən bir daha əmin olurdum- divlərin hamısı gec-tez zəbun olacaq!
Elm-təhsil adamları iki cür olmur, min cür olur, bəlkə də çox. Amma hamısının bir amalı, bir fikri olur. Cəhalətə qalib gəlmək! Mənim qəhramanımın da, amalı, hədəfi məhz budur. O öz hədəfinə doğru, “Hədəf”lə gedir! Yolu uğurlu olsun!
Sizə hələ də mənim qəhrəmanımın adı maraqlı gəlirsə, qoy deyim. Əslində mənim qəhrəmanım bir şəxs deyil, böyük bir komandadır. Rəhbərindən- mühafizəçisinə, təsisçilərindən birinci sinif balabilgələrinə qədər, böyük bir komanda! Və əlbəttə ki, bu komandanın “kapitanı”, dəyərli, əziz və sevimli Şəmil müəllim- Şəmil Sadiq!
Çingiz Özgür
