Aylıq arxivlər

İyul 2023

Ustad Dərgisi

İmam Hüseyn şəhidi

(“Ustad” dərgisi, 9-cu say)

O, bir övlad böyütmüşdü, cüssəli, boylu-buxunlu. Bir ana kimi borcunu həmişə yerinə yetirmişdi. Oğlunun gülüşü ilə gülmüş, kədəri ilə kədərlənmişdi. Xadimə işləyib oğlunun dost-tanışdan geri qalmaması üçün hər nə vardısa etmişdi. Hətta aylıq maaşı 200 manat olsa da, oğluna “Ayfon 5” də almışdı ki, dostlarının yanında başıaşağı olmasın. Gün gəlir Fəridə xala onu vətənin keşiyində durmaq üçün əsgərə göndərir.

Özü də bilmədən hicaba bürünmüşdü Xeyrənsənin təsiri ilə. Xeyrənsə bir gün ona demişdi: “Vallah hicaba keçəndən elə rahat olmuşam ki… Əvvəllər hara gedirdimsə, kişi sorğu-sual edər, toy-düyündə zəhləmi tökərdi. Hicabdan sonra heç belə dərdim yoxdur”.

Bundan sonra Fəridə xala da hicaba keçmişdi. Hətta bir dəfə Xeyrənsə ilə müqəddəs ocağa – Kərbəlaya ziyarətə də getmişdi. Oğlunun əsgər yola salandan sonra bir dəfə də məhəllə qadınları ilə bu əzablı yolu getmiş, qəlbi və ruhunu dincəltmişdi.

Oğlunun əsgərdən qayıtmasına 2-3 ay qalırdı ki, ermənilərin işğal atlındakı torpaqlarımıza yenidən hücuma keçməsi nəticəsində kiçik bir müharibə başlamışdı. Bu həmin müharibə idi ki, xalq arasında “Aprel döyüşləri” adı ilə anılırdı. Bir çox ana oğlunu şəhid deyə bağrına basmışdı həmin o acılı günlərdə.

Bu ərəfələrdə Fəridənin də yuxuları qaçmış, sərhəd xəttində olan oğlunun sağ-salamat evə qayıtması üçün Allahdan başqa bütün imamlara dua etmiş, Əlinin zülfüqarından kömək istəmişdi, Həzrət Abbası köməyə çağırmışdı, həm də “ey qolsuz Əbəlfəz”, – deyərək.

Bir gecə qəribə bir yuxu görüb oyanmış, elə ordaca niyyət etmişdi ki, oğlu sağ-salamat gəlsin, onu İmam Hüseynin məzarını ziyarət etmək üçün Kərbəla ziyarətinə aparacaq. Yuxuda görmüşdü ki, qeybdən bir səda gəlir: “Ey bəni adəm, bütün mələklər İmam Hüseyn faciəsinə gözyaşı tökərkən, onların gözündən axan bir damcı yaşın cənnəti nura qərq etdiyini bilərkən, sən hələ də İmamdan feyzini almamısan!”

Səhər tez-tələsik bu yuxusunu kərbəlayi Xeyrənsəyə danışmışdı. İkisi bir yerdə məşədi Zeynəbin yanına gedib yozmasını xahiş etmişdilər. Məşədi Zeynəb də ona demişdi ki, “bu, İmamın lütfüdür. Onun xətrinə oğlun sağ-salamat qayıdacaq əsgərlikdən. Amma hökmən onu ağanın ziyarətinə apar və məhəcərlərindən opdür… Yoxsa bunu sənə bağışlamaz”.

Günlər keçmiş, oğlu evə dönmüşdü. Fəridə xala verdiyi vədə xilaf çıxmamaq üçün oğlunu apar-topar Kərbəlaya aparmaq istəmişdi. Oğlundan aldığı sərt cavab onu məyus etsə də, arzusundan əl çəkməmişdi.

– Ay oğul, sən nə danışırsan?! Milyonlarla insan axışır hər gün ora, deyirsən, yəni onların hamısı

ağılsızdır, savadsızdır?

– Ay ana, incimə, bu dünyada sənin kimi o qədər savadsız var ki…

– Qınından çıxıb qınını bəyənmirsən… Qurban olduğum sənin xilasın üçün yezidlə döyüşüb şəhid olub.

– Nə danışırsan sən? Mənim üçün döyüşüb şəhid olan dostum Oğuzdur ki, qollarımda can verib. Mənim üçün şəhid olan əsgər yoldaşım Elnurdur ki, iki qıçını itirib, indi də xəstəxanada canı ilə əlləşir. İstəyirsən, gəl gedək onları ziyarət edək.

– Oğul, il yarımdır yolunu gözləyirəm ki, ananı belə biabır edəsən el içində? Mən bütün bacılara demişəm ki, gələn qrupda oğlum da gedəcək. Ziyarətin pulunu da ödəmişəm. Gəl gedək, çoxdandır xaricə getmək istəyirdin, həm də gəzmiş olarsan.

Bunu eşidəndə tarixə marağı olduğundan gedib görmək fikri beyninə batdı. Anasını xar etməmək üçün onunla Kərbəlanı ziyarət etdi, qurban kəsdi, imamlara təşəkkürlərini də bildirdi. Lakin dönüşdə baş verən hadisə bir cavanı İmam Hüseyn şəhidinə çevirdi… Qəfil yağan güllə yağışı bir neçə zəvvarla bərabər ananın oğlunu da əlindən aldı.

İşidin tələsinə düşən avtobusda 8 nəfər həlak olmuşdu. Əslində, Fəridə xalanın düşüncəsinə görə, şəhid olmuşdular. Fəridə isə boz səhrada canı çıxmış oğlunu dizlərinin üstünə qoyub üzünü göylərə tutmuşdu… Amma heç nə deyə bilməmişdi. Çünki “Allah bilən məsləhətdir” ifadəsinə qəlbinin dərinliyndə üsyan etsə də, üzdə buna əməl etmişdi. Yeganə təsəllisi İmamlara verdiyi vədi, nəzirini yerinə yetirməsi və oğlunun məhz onun üçün müqəddəs olan torpaqlarda şəhid olması idi. Yaxşı ki, oğlu Kərbəlada şəhid olmuşdu, yoxsa Qarabağda döyüşərkən şəhid olsa idi, ana o qədər adamı günahlandıracaqdı ki… Dövləti, məmurları, lap belə Allahı da. Amma indi yaxasından yapışacaq günahkar belə yox idi. O inancına çox sadiq idi… İmam sevgisi onun dilini-ağzını bağlamışdı. Bir də ki, başqa çarəsi də yox idi, axı oğlunun bura gəlməsinə o səbəb olmuşdu.

Oğlunun başını dizlərinin üstünə alıb başını göylərə belə qaldırmağa cəsarət etməyən qadının artıq edəcəyi niyyət yox idi.

 

Xəbərlər

“Təbiətdə STEAM”

Hədəf daha bir ilkə imza atdı. Azərbaycanda ilk STEAM məktəbi olan Hədəf STEAM Liseyi davamlı olaraq hər il müəllimlər üçün STEAM təlimləri təşkil edir və bu təlimlər sayəsində yüzlərlə müəllim STEAM əsaslı dərslərin keçirməsində təcrübə qazanır.

 

Bu dəfə də ilk dəfə təbiət qoynunda, gözəl Balakən rayonunda “Təbiətdə STEAM” adlı 3 günlük təlim-treninq keçirildi.

Gördüyümüz işlərin davamı olaraq da Hədəf Liseyi, STEAM Eğitimcileri Derneği və Manisa Celal Bayar Universitetinin təşkilatçılığı ilə Azərbaycanda dəfə təşkil olunan “Təbiətdə STEAM” adlı təlimlərində müxtəlif ixtisaslı 20-dən çox müəllim iştirak etmişdir.

Təlimçi STEM Educators Association Chairman of the Board-Mehmet Nuri Ögüt “STREAM Nedir?” “Doğada STEM örenekleri”
“STREAM temel eğitimin dünü,bugünü,yarını” və “Ahəng Psixologiya Reabilitasiya Mərkəzi” nin rəhbəri, psixoloq-təlimçi Vüsalə Əmiraslanova
”Emosiyaların idarə olunması”, “Stress Menecment” mövzularında maraqlı və yada qalan təlim-treninqilər keçdilər.

Ustad Dərgisi

Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir…

(“Ustad” dərgisi, 8-ci say)

2006-cı illdə kurikulum layihəsinin müzakirələri idi. Layihə ətrafında gedən söhbətlərdə mütəxəssislərdən biri yeni yazılacaq dərsliklərdə Azərbaycan dili və ədəbiyyat fənlərinin bir yerdə tədrisini təklif etdi. Bütün ruhu ilə ədəbiyyat müəllimi olan Firəngiz müəllimə (20 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Binəqədi rayonundakı yanan binada faciəli şəkildə həlak oldu) bu fikrə qəti etirazını bildirdi və ağladı. “İndi siz deyirsiniz ki, Cavid kimi dühanı, Müşfiq kimi nakam şairi uşaqlarımıza keçməyək?” – deyərək bir növ fəryad etdi.

Bu cür etirazlar olduğu üçün müzakirələr dayandırıldı və ənənəvi prinsiplə – Azərbaycan dili və ədəbiyyat fənləri ayrıca tədris edilməsi üçün yeni kurikulumların hazırlanmasına başlandı. Bu hadisədən 10 il keçir və indi kurikulum əsasında dərsə başlayan şagirdlər 9-cu sinifdə oxuyur. Bu il isə 10-cu siniflər üçün dərsliklərin yazılması ilə bağlı elan edilən tender bitmək üzrədir.

Bunları xatırlamaqda, əlbəttə ki, məqsədim var. Dərsliklərin və proqramların yazılmasının nə qədər vacib bir şey olduğunu deməyə cəhd etməyim yersiz olar, çünki bütün təhsil ictimaiyyəti bunun nə qədər önəmli hadisə olduğunu çox yaxşı bilir.

Fikrimi orta məktəblərimizdə tədris olunan ədəbiyyat dərslərinə gətirmək istəyirəm. Bu gün hazırlanan 10-cu sinif ədəbiyyat dərsliyini görməmişəm hələ. Hazırda Təhsil Nazirliyində Qiymətləndirmə mərhələsindədir. Məhz onun üçün də vaxt var ikən dərslik müəlliflərinin işinə yaraya biləcəyini düşünərək bu yazını qeydə alıram.

Məni buna vadar edən 2006-cı ildə yenidən nəşr olunan 10-cu sinif ədəbiyyat dərsliyinin müəlliflərindən biri ilə olan söhbətdir… O zaman orta məktəbdə müəllim işləyirdim. Dərsliklər təzəcə dəyişmişdi. Dəyişiklik isə sadəcə şairlərin və yazıçıların əsərlərində, təhlillər isə professor Əliyar Səfərlinin deyil, başqa müəlliflərin idi. Məsələn, Nəsiminin “Sığmazam” qəzəli proqramdan çıxarılıb, yerinə “Səndən İraq, ey sənəm, şamu səhər yanaram”, Məhəmməd Füzulinin “Usanmazmı” qəzəlinin yerinə “Əql yar olsaydı” qəzəli salınmışdı. Bir müəllim olaraq o zaman bunun fəlsəfəsini anlaya bilmirdim. Sözsüz ki, təsəlli olaraq, “böyüklərimiz nəsə bilir”, – deyib susurduq. Çünki müəllimin mayasında azadlıq olmalı olsa da, biz müəllimlər, adətən, “yuxarılar daha dəqiq bilir” , – deyərək səsimizi çıxarmamağı üstün tuturuq. Mən də bu durumda olmağıma baxmayaraq, aspiranturada oxuduğum üçün həmin həmmüəlliflə tez-tez ünsiyyətdə olurdum. Məktəbdə bu sual tez-tez çıxdığından mən də o suallardan birini eynilə ona yönəltdim: “Bu şeirləri dəyişməkdə məqsəd nə idi?” Cavabı belə olmuşdu: “Mən ədəbiyyatda nə edə bilərəm, nazirlik qarşımızda yeni tələb qoydu ki, dərslik dəyişilməlidir. Biz də Nəsimini çıxarası deyildik ki, proqramdan, bunun ən yaxşı yolu müəlliflərin əsərlərini dəyişməklə yeni dərslik yaratmaq idi ki, biz də onu etdik”.

Əminəm ki, bu izahı heç bir müəllim qəbul etməz. Çünki “Sığmazam” qəzəlinin istər bədii, istərsə də nəzəri yükü dəyişdirilən qəzəldən qat-qat güclüdür. “Dərsliklər dəyişilməlidir” deyiləndə də hansısa şeirin, hansısa hekayənin dəyişilməsi vacib deyil, məncə, ən önəmli olan yanaşmanın dəyişilməsidir. Çünki bunu zaman tələb edir. Düzdür, həmin adını çəkdiyim dərslik nəşr ediləndə Milli Kurikulum təsdiq edilməmişdi. Və bütün dərsliklər müstəqil dövlət olandan sonra ikinci dəfə idi ki, yenidən əsaslı şəkildə yenilənirdi. Ənənəvi metodla dərs keçən müəllimlər haradasa bütün fənlərdə olduğu kimi ədəbiyyatı da mühazirə üsulu ilə keçirdi, adətən. Bunun da nəticəsi olaraq şagirdlərimiz həmişə konkret etalonları əzbərləyir, dərslikdə hansısa bir müəllifin verdiyi təhlili əsas tutaraq nə dərslikdəki müəllifə, nə əsərə, nə də əsər qəhrəmanlarına fərqli baxış sərgiləyə bilmirdi. Təəssüflər olsun ki, bu indi də belədir. Belə ki “Ölülər” əsərində bütün obrazlar mənfi, İskəndər müsbət obraz, Vaqif xalqın şairi, Nizami, Sabir kasıb bir sənət adamı və sair kimi təbliğ və təhlil edilir, şagirdlər də bunları əzbərləyib bizə danışır, verilmiş bütün şeirlər hərfinə qədər əzbərlənib artist kimi ifadəli deyilib qiymət alınır. Hansısa bir şagird M.Ə. Sabirin ərəb-fars izafətləri ilə zəngin olan “Səttarxana” şeirinin bir misrasını unudarsa, qiyməti aşağı salınır. Hətta müəllimlər arasında bir zarafata çevrilən şablon suallar da var: “Koroğlunun hansı atının, hansı qıçına nə batmışdı, Yusif Sərracın evi Göy məscidin hansı tərəfində idi… Və sairə”. Bu, yaddaş məktəbinin qalıntılarıdır, bugünkü təhsil isə sırf təfəkkür məktəbinə keçidi dəstəkləyir ki, bunu da təhsil ekspertləri düz on ildir uca səslə ifadə edirlər. Bir şeyi də qeyd edim ki, Dövlət İmtahan Mərkəzinin universitetlərə qəbul formatı dəyişməsə, bu cür də gedəcək. Universitetə qəbulda şagirddən dünyagörüş, təfəkkür, məntiq, sərbəst düşüncə qiymətləndirmə meyarı olmadıqca, bilik yönümlü tədrisdən qaça bilməyəcəyimiz qənaətindəyəm.

Diqqətinizə çatdırım ki, bu gün təhsili ilə öndə olan ölkələrin heç birində şeirin əzbərlənməsi bir tələb kimi qoyulmur. Mahiyyət və məzmun önəmlidir. Daha önəmlidir və insan institutları buna istiqamətlənib. Hansısa bir poemanı əzbər bilməklə yaxşı adam olmaq hec cür mümkün deyil.

Sovet ideoloji maşınının bizə sırıdığı “Şair xalq” meyarından hələ də çıxa bilməməyimiz bu faciənin indi də davam etməsini göstərir. Hətta xalq arasında da bir şeiri belə əzbər bilməyən adamı savadsız kimi qəbul edirik. Halbuki türk milləti sözü də, qılıncı da bir yerdə sevənlərdəndir. Buna sərkərdə Tonyukukun yazılarını, hökmdar Qazi Bürhanəddinin, Şah İsmayıl Xətainin şeirlərini misal göstərmək olar. Hətta əfsanəvi xalq qəhrəmanı olan Koroğlunun da qılıncını sözləri itiləyirdi. Mövzudan yayınmaq istəmirəm. Buna “türk hökmdarlarının sözü və qılıncı” məqaləmdə ayrıca toxunmuşam.

Deməyim odur ki, bizim indiyə qədərki təhsilimizdə şagirdə düşünməyə, fərqli fikir sərgiləməyə şərait yaradılmayıb, əksinə olaraq şablon fikirlər ifadə etməyi öyrətmişik. Təhsilin qarşısında duran müasir tələblərdən birincisi öyrənmək yox, öyrənməyi öyrətməkdir.

2006-cı ildə təsdiqlənən Milli Kurikulumda Ədəbiyyat fənninin məqsədinə və gözlənilən nəticələrə uyğun olaraq məzmun xətləri aşağıdakı şəkildə müəyyənləşdirilmişdir.

– ədəbiyyat və həyat həqiqətləri;

– şifahi nitq;

– yazılı nitq.

Bu məzmun xətti onu göstərir ki, bütün dərsliklər bu ana xətt üzrə yazılmalı, dərslər də bu ana xətlər üzrə tədris edilməlidir. Gördüyünüz kimi, bu məzmun xətlərində nəzəri biliklər də minumuma endirilib. Çünki orta məktəbdə şagirdə nə ədəbiyyat tarixi, nə də ədəbiyyat nəzəriyyəsi vacibdir. Bir vətəndaş kimi ona ədəbiyyatın nəzəri və tarixi materialları yox, ədəbi yolla təqdim edilən həyat həqiqətlərinin öyrənilib dərs çıxarması vacibdir. Və bu məzmun xətlərinin izahında da bu aydın görünür. Milli Kurikulumdan çıxarış edərək onu da sizə təqdim edirəm.

“Ədəbiyyat” fənni üzrə şagird:

– oxuduğu ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir;

– ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar təqdim edir;

– mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi baxımından ədəbi nümunələr üzərində araşdırmalar aparır;

– ədəbi nümunələri mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;

– ədəbi əsərin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;

– ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə münasibət bildirir; mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplayır, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlayır. (Milli Kurikulum 2006)

Ədəbiyyat fənninin qarşısında bir nömrəli məqsəd kimi qoyulan fikirlərin vurğulu sözlərini seçərək ayrıca təqdim edirəm ki, fikrimin izahında anlaşılmazlıq qalmasın.

“nümayiş etdirir”, “təqdim edir”, “araşdırmalar aparır”, “qiymət verir”, “münasibət bildirir”, “təqdimatlar hazırlayır”…

Ümid edirəm ki, yeni hazırlanan dərsliklər alimlərin öz prizmasından etdiyi təhlillərlə doldurulmayacaq, müəllimlər də bu mətnləri şagirdlərə əzbərlətməyəcək. Sadəcə, verilən mətnlər müzakirə ediləcək, öz fikrini ifadə etmək imkanı tapacaq şagirdlər gələcəyimizi xilas edəcək. Çünki hörmətli alimlərin gəldiyi qənaəti kor-koranə qəbul etmək, o çərçivədən kənara çıxa bilməmək müti insan yetişdirməkdən başqa bir şey deyil. Bir sinfin gəldiyi qənaət daha önəmlidir, nəinki bizim onlara sırıdığımız fikirlər. Çünki dünya dəyişdiyi kimi, düşüncələr də dəyişir. Qoy şagirdlərimiz ədəbiyyatımızın Allahı hesab etdiyimiz Nizamini belə tənqid edə bilmə cürətinə sahib olsunlar. “Hamı Nizami Gəncəvini sevməlidir” prinsipindən “hamı Nizamini anlamalıdır” prinsipinə keçməsək, ədəbiyyat bizim üçün, sadəcə, ədəbiyyat tarixi olaraq qalacaqdır. Bizim millətə xas olan bütləşdirmə düşüncəsi onu xristian dünyasından geri salan ən birinci amildir. Xristian dünyası XV-XVI əsrdən İsa Peyğəmbəri də, onun təqdim etdiyi Allahı da müzakirə etməkdən çəkinmədiyi üçün bu gün bizə örnək halına gəlmişdir.

Bir şagirdim orta məktəbdə “Ölülər” əsərinin müzakirəsi zamanı mənə dediyi kimi: “müəllim, İskəndər obrazını az tərifləyin”. Dedim: “Niyə?” Dedi: “O kişi deyil. Kişi olsaydı, Şeyx Nəsrullahı öldürərdi. Gözünün qabağında az qalır ki, bacısını ələ keçirsin, bu isə boş-boş danışır”.

O vaxt şagirdimə ciddi bir cavab verə bilmədim. Cavan idim, səriştəsiz idim. Birtəhər yola verdim. Amma sonralar o uşağın o fikri həmişə məni narahat etdi.

Bunun cavabını isə əsərdə Kefli İskəndərin özü verir: “Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Yox, yox, o mənim işim deyil. O igid işidir. Siz tək camaatın da igidi mən tək olar”.

 

Xəbərlər

“Təbiətdə STEAM” təlimi

 

Hədəf Liseyi, Beynəlxalq STEAM dərnəyi və Manisa Cəlal Bayar Universitetinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan “Təbiətdə STEAM” adlı təlimlər baş tutub. Azərbaycan müəllimləri ilk dəfə olaraq STREAM nədir adlı məruzə dinləyiblər.

Müsahibələr Xəbərlər

Repetitorluq təhsilimizi niyə ağuşuna alıb?

 

Repetitorluq mövzusu bu gün təhsilimizdə ən çox danışılan sahələrdəndir. Həmişə də sual o qədər sərt qoyulur ki, hansısa həllə nail olmaq mümkün olmur. Əslində, repetitorluq deyəndə bizim cəmiyyətdə ən çox 9,10,11-ci siniflərin universitetlərə məktəbdənkənar hazırlıq prosesi assosiasiya olunur. Etiraf edək ki, cəmiyyət bunu normal qəbul edib, uyğunlaşıb, belə də olmalı imiş kimi düşünür. Lakin məktəbdənkənar dərslərin nəinki 9,10,11-ci siniflərdə, hətta məktəbəqədər hazırlığına qədər enməsi cəmiyyətimizdə məktəbdənkənar repetitor məktəblərinin ciddi şəkildə fəaliyyət göstərməsinə gətirib çıxarır. Repetitorlara böyük hörmət, təşəkkür borcu hiss edən cəmiyyətimiz çox maraqlıdır ki, repetitorluğu təhsilin üz qarası da adlandırır. Yəni məhz repetitorluq məktəblərimizin durumunun ən aşağı olduğunu göstərir, amma sağ olsun repetitorlar, onlar olmasa idi, təhsilimiz məhv olardı, onların sayəsində bu gün uşaqlar universitetlərə qəbul olunur kimi fikirlər deyir. Bu mövzuda çox yazmaq olar, amma düşünürəm ki, repetitorluğun yaranma və genişlənmə səbəblərini, həmçinin qarşısının qismən də olsa, necə alınmasından yazım.

Repetitorluğun yaranma səbəbləri:

1. Test tipli tapşırıqlarla ölçmə-dəyərləndirmə mexanizmi qurulandan sonra abituriyentlər xüsusi hazırlıqlara yön aldı, yəni 1992-ci ildən. Niyəsi odur ki, təhsilin məzmunu, dərsliklər, tapşırıqlar, tamam başqa formatda, sonda yoxlama başqa formatda oldu. Yəni sovet dövrünün təfəkkür məktəbini oxuyan şagirdlər birdən-birə yaddaş məktəbinin tələbləri ilə imtahan edildilər. Məktəbdə keçirilən dərslər və öyrədilən metodlarla qəbul imtahanına düşən sual formatları fərqli oldu, bütün müəllimlər də bu prosesə ayaq uydura bilmirdi. Məsələn, mən 1994-cü ildə hazırlaşırdım, kəndimizdə tanıdığım xeyli yaxşı müəllim var idi ki, yeni sistemi bəyənmir və qəbul etmir, bunun bir gün dəyişəcəyini deyir və bu tip testlərlə məşğul olmurdu. Yenə öz dərslərini klassik metodla keçirdi və bu halda həmin şagirdlər universitetdə uğur əldə edə bilmirdi, onun üçün də bu tələbə cavab verən xüsusi müəllimlər formalaşmağa başladı. Təəssüf ki, bu proses məktəbdən kənarda gedirdi. Sanki məktəbə heç bir dəxli yox idi. Məhz bu amil ilk olaraq repetitorluğun təhsilin ayrıca bir qolu kimi formalaşmasına gətirib çıxardı.

Hə, burada qətiyyən yanlış anlamayın ki, testlə qəbul imtahanının əleyhinəyəm. Çünki çürümüş sovet qəbul imtahanı ancaq və ancaq bu yolla yenilənə bilərdi və yeniləndi. Lakin məktəblər və tədris bu yeniliklərdən geri qaldı. Uzun illərdir ki, ədalətli və şəffaf qəbul sisteminin şahidiyik. Amma müəyyən ilaclar kimi repetitorluğun bir tərəfdən faydası olsa da, zərərli tərəfləri də var.

2. Repetitorluğun inkişaf etməsinin əsas səbəblərindən bir də heç bir zaman qəbul prosesini aparan qurum tərəfindən qəbul edilməyən proqram və test nümunələrinin məktəb proqramından fərqli olması idi. İş o yerə gəlib çatdı ki, testlərin çətinliyindən, yeni tələblərə cavab verməsindən şikayətlənən müəllim və şagirdləri razı salmaq üçün DİM (ovaxtkı TQDK) test kitabları, hazırlıq vəsaitləri çap etməyə başladı. Və biz müəllimlər dərslikləri kənara qoyub TQDK-nın hazırladığı vəsaitləri oxutmağa, tapşırıq modelləri işlətməyə başladıq. Bu da bir həqiqətdir ki, TQDK-nın bu cür inkişaf prosesi, yeni modellər təqdim etməsi qarşısında Təhsil Nazirliyi çox geridə qalırdı. Yəni dərsliyində bir dənə də olsun, sxem test nümunəsi görməyən şagird məktəbdə keçdikləri faydasız olduğundan üzünü TQDK-nın işığına tuturdu. Bu prosesdə isə bir az gözüaçıq, üzərində işləməyi bacaran müəllimlər önə çıxmağa başladılar, TQDK-nın proqramlarını izlədilər, test nümunələrindən məzmuna qayıtdılar, yeni test texnologiyaları öyrəndilər və bunun da qarşılığında ödənişli dərslər verməyə başladılar. Burada əlavə gəlirin daha çox olduğunu görən müəllimlər məktəblərdən uzaqlaşdılar.

3. Üçüncü səbəb isə bir az da başqa idi. Bir az keçdi, bu dəfə nazirlik yeni sistem – bu gün “kurikulum” adlandırdığımız formanı tətbiq etməyə başladı, kurikuluma görə şagird 11-ci sinifdə bütün fənlərdən buraxılış imtahanı verməli idi. 2006-cı ildən birinci siniflərdə başlanan kurikulumu bir-iki il sonra nazirlik tələm-tələsik bütün məktəblərə elan etdi ki, bütün fənlərdən hamı imtahana girəcək. Düşünün, indiyə qədər sadəcə ixtisas qrupu üzrə imtahana hazırlaşan, digər fənlərin qiyməti də bu fənlərə nisbətən yazılan şagird birdən-birə düşdü yeddi-səkkiz fənnin qaynar qazanına. Qoymahaqoyma, repetitorluq bir də burada qızışdı, yolunu tapanlar tapdı, tapmayanlar yenə üz tutdular biçarə repetitorların üstünə ki, elə et, heç olmasa, övladım bir-iki sual yazsın. Beləcə, bir partiyada belə qızışdıq repetitorluq hazırlıqlarına. O zaman nazirlik bu addımı atmaqla bir növ TQDK-nın əlindəki təhsil rıçaqını almağa çalışırdı və özünü sübut etmək istəyirdi. Amma sonda necə oldusa, buraxılış imtahanı da keçdi TQDK-nın, indiki DİM-in balansına.

4. Dördüncü bir məsələ isə kurikulumdan doğdu. Məktəb əl-ayağa düşdü, testlər, nümunələr, iş dəftərləri və s. çap edildi, şagirdlərə test formaları öyrədildi və beləcə, təhsili idarə edən Təhsil Nazirliyi ilə TQDK bir balaca yaxınlaşdılar. Birdən-birə yeddi yüz (700) bal toplayan şagird sayı pik həddə çatdı, ballar yüksəldi. Məktəb TQDK-nın sirrini çözməyə yaxın idi, əzbərləyib testləri yazmağa nə vardı ki, hələ çıxdaş falan da olduğu halda. Burada yeddi yüz (700) bal toplayan şagirdlərin beş-altı illik statistikasına diqqət edək:

On beş ildən sonra ilk dəfə 2007-ci ildə qəbul imtahanında üç nəfər şagird maksimum balı –yeddi yüz (700) balı toplayıb.Gördüyünüz kimi düz on beş il sonra.

2008-ci ildəaltı abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2009-cu ildə iki abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2010-cu ildə yeddi abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2011-ci ildə dörd abituriyent yeddi yüz (700) bal toplayabilib.

2012-ci ildə beş abituriyent yeddi yüz (700) bal toplayabilib.

2013-cü ildə isə altı nəfər yeddi yüz (700) bal toplayıb.

2014-cü ildə doqquz abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2015-ciildə on beş abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2016-cı ildə isə on abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2017-ci ildə on beş abituriyent yeddi yüz (700) bal toplayıb.

2018-ciildə iyirmi doqquz abituriyent yeddi yüz (700) bal toplaya bilib.

2019-cu ildən sonra isə birdən-birə bu yüksək bal toplayan şagirdlər qırmızı kitablıq oldu, bu günə qədər bir-iki nəfər. Gördüyünüz kimi statistika da qeyd etdiklərimi faktla sübut edir.

Elə yenicə məktəblilər TQDK-nın qəbul formatını çözür, ona yetişirdi ki, gözünə döndüyüm DİM yenə öz fərqini qoydu ortaya və bu dəfə də başladı təfəkkür məktəbi formatında nazirliyin təqdim etdiyi kurikulumun tələblərinə cavab verən nümunələr təqdim etməyə, mətn, situasiya, açıq, qapalı və s. tipli fərqli testlərlə şagirdləri ölçüb dəyərləndirməyə. Yenə də burada bir zamanlar kurikulumu bəyənməyən repetitorlar fərqləndilər. Biznes belədir, ya yeniliklə ayaqlaşacaqsan, ya da iflas olacaqsan. Repetitor yazıq nə etsin ki, böyük qurum təhlükəni görüb sükanı çevirənəcən vaxt keçəcək, ona görə də qapıdan, pəncərədən düşüb arxasınca gələnləri də daha asan yolla ünvana çatdırır. Məgər müəllimlik də bu deyilmi? Burada mən DİM-in inkişaf prosesini qətiyyən sual altına almaq istəmirəm. Təkcə yeddi yüz (700) balların statistikasına baxsaq, aydın olar ki, aşağı bal həddində də keçid balları yüksəlib. Bu bir növ təhsili inkişafa məcbur edən amil olsa da, milli təhsil sistemini ciddi şəkildə sual altına salır. Axı niyə keçid balı yüz əlli (150) olsun, qoy elə üç yüz (300) olsun, yeddi yüz (700) bal toplayanların da sayı çox olsun, uzaqbaşı beş-on nəfər kasıb balası Prezident təqaüdündən faydalanacaq, məgər o təqaüdü onlar üçün ayırmayıblar? Qoy Elm və Təhsil Nazirliyi də hesabatlarında desin ki, ölkədə təhsilin səviyyəsi yüksəlib. Bu kimi və niyə narahat edir, iyirmi ildir ki, çözə bilmirəm. Bu bizə həm də onu göstərir ki, xaricə tələbə axını başlayır, attestatla xarici univerisitetlərə qəbul genişlənir. Bu, ölkədən ciddi maliyyə axını, özəl universitetlərimizin iflasına gətirib çıxarmırmı?

5. Digər bir səbəbi isə valideynlərimiz yaradır. Universitetə girmək, tələbə olmaq peşə, sənət işindən daha çox dəb işinə çevrildi, ona görə də hamı övladının universitetə girməsini istəyir. Beləcə, valideynlərin xaraxterindən, cibindən asılı olaraq 1-ci sinifdən 11-ci sinifə qədər hazırlıqlara üz tutuldu. Sözsüz ki, burada işbazlar da peyda olmamış deyil. Bir-birinin bəhsinə girən valideynlər, müəllim arayışına çıxdılar, bu məktəbin şagirdləri başqa məktəbin, başqa məktəbin şagirdləri bu məktəbin müəllimlərinin yanına hazırlıqlara gəldilər. Uşaq dedi ki, məktəbdə dərs keçmirlər, valideyn də inandı və çarələr axtarmğa başladı. Quru da yandı yaşın oduna, dərs keçmək istəyən, keçən müəllimlər də, beləcə, yuxarı siniflərdə dərslərini qura bilmədilər, ağızlarını açan kimi, “Müəllim, onsuz da, hazırlıqda keçəcəyik, müəllim evə tapşırıq çox verib, icazə verin, biz onları işləyək, çatdıraq” – deyə şagirdlərin hayqırtısı başladı. Bəziləri vicdandan, bəziləri isə tənbəllikdən razı oldular. Beləcə, bu gün gəldiyimiz nəticə 10-11-ci siniflərdə nazirliyin verdiyi proqram, çap etdiyi vəsaitlər boşuna və lazımsız hala çevrildi, uşaqlar hazırlıq yükündən əziyyət çəkdikləri üçün müəyyən yollarla məktəbdən yayınmağa başladılar, bu da məktəb prosesini pozan ən əsas amillərdən oldu. Düzdür, Elm və Təhsil Nazirliyi son bir neçə ildə bu məsələyə xüsusi diqqət ayırıb, uşaqların məktəbdən yayınma hallarının qarşısını almağa çalışır. Direktorlara bu mövzuda ciddi tənqid edilib, nəzarətə götürülüb. Amma və lakin bu, sadəcə zor durumda olan günü qurtarmağa çalışmaqdan başqa bir şey deyil.

6. Ən vacib elmi məsələ isə nə şagirdin, nə də müəllimin qəbul imtahanına düşəcək suallara cavab vermək üçün biliyi məktəbdə mənimsəməyə və mənimsətməyə yetir. Çünki biz hələ də on iki illik təhsil sisteminə keçməmişik, dərsliklərimiz də son sinifə qədər yeni mövzularla zəngindir. Ona görə 11-ci sinifdə oxuyan şagird həm məktəbin həmin günə olan dərsinə hazırlaşmalı, həm də 5-ci sinifdən başlanan hazırlıqlara. Həmçinin də müəllim, əgər öz dərsini qoyub keçsə aşağı siniflərə, bu dəfə də proqramdan geri qalacaq, tədris prosesini pozacaq. Buna görə məktəbdən birbaşa universitetə qəbul imtahanına hazır olmaq mümkündür. Olsun ki, bir neçə şagird özü hazırlaşaraq qəbul olur, bu o demək deyil ki, o, hazırlaşmır. O da hazırlaşır, sadəcə bir az zəkidir və özü hazırlaşır. Yəni beş fəndən (bəzi qruplarda altı) beş sinifi götürsək, iyirmi beş kitab edir, bunun da iyirmi beş test toplusunu götür, toplam əlli kitab, əllini də vursaq, heç olmasa, üç yüz səhifəyə, edir on beş min səhifə, bu o deməkdir ki, şagird yüz iyirmi suala cavab vermək üçün on beş min səhifəlik materialı əzbərləməlidir. Digər tərəfdən də, hər dəfə fərqli, müasir, tapıntı sual tipləri… Çünki rəqabət var və kim az və ya zəif oxusa, aşağı qiymət alacaq. Məhz buna görə şagirdlər belə sürətli, çevik oxuma və anlama, texniki yollarla daha tez öyrədən müəllimlərə ehtiyac duyur və repetitorluq batan şagirdin əlindən yapışıb qalır. Məktəbdə tədris ən yüksək səviyyədə də qurulsa, məktəb bu işin öhdəsindən gələ bilməz.

Repetitorluğu aradan qaldırmalı, yoxsa repetitorlar?

Əvvəlki hissədə qeyd etdiyimiz kimi, repetitorluğun bu cür vüsət almasının real və qeyri-real səbəbləri var. Bunun aradan qaldırılması üçün ciddi təhsil islahatlarına start verilməli, Elm və Təhsil Nazirliyi ilə DİM ciddi şəkildə birgə işləməyə başlamalı, rəqib qurumlar kimi yox, bir qurum kimi fəaliyyət göstərməlidir. Burada daha çox iş Elm və Təhsil Nazirliyinə düşür. Necə ki kütlənin qarşısına sinə gərib açıq və şəffaf işlər görür. Öz iradəsini ortaya qoyur, eləcə də burada elə olmalıdır. Bu fikrə gəlməyimin əsas səbəbləri var, aşağıda qeyd edəcəyəm. Çünki sifarişçi Elm və Təhsil Nazirliyidir, ona görə də tədris prosesini poazacaq addımların atılmasına qəti etiraz bildirməli və bu prosesi dayandırmalıdır.

Repetitorluğun belə geniş vüsət almaması üçün atılmalı olan vacib addımlar var. Düzdür, heç bir halda əmin olmaq olmaz ki, bu proses kökündən kəsiləcək, amma ən azından el qınağından qurtulmaq, xalqın istəklərinə qismən də olsa, nail olmaq olar. Tez-tez səsləndirdiyimiz məsələ odur ki, dünyanın hər bir ölkəsində repetitorluq var və qarşısını süni yolla almaq mümkün deyil. Amma xeyli zərbə vurmaq, zəiflətmək, yavaş-yavaş aradan qaldırmaq olar. Bunlar hansı addımlardır?

1. İlk olaraq görülməli olan ən birinci iş fənn kurikulumlarına və onlar əsasında hazırlanan dərsliklərə, dərs saatlarına baxılmalıdır. Əgər 10-11-ci siniflərdə sadəcə universitetə hazırlıq proqramı olarsa, dərsliklər 9-cu sinifdə əsas kursu bitirərsə, xeyli irəliləyiş olar. Çünki məhz o siniflərdə müəllimlər yeni dərsi yox, DİM qəbul proqramına uyğun aşağı siniflərdən təkrara başlayar, öhdəsinə düşən saatları hazırlığa sərf edərlər.

2. İkinci əsas məsələ isə 10-11-ci siniflər lap kursların proqramına oxşar qruplar üzrə müəyyənləşdirilsə, 9-cu sinifdən təmayül siniflərin işini düzgün qura bilsək, 10-11-ci sinifdə dərs keçən müəllimlər, məktəb direktorları düzgün dərs bölgüsü ilə apararsa, nəticəsi qəbulda yaxşı olan müəllimlərin maaşı ciddi şəkildə fərqlənərsə, məhz dövlətin ayırdığı büdcə ilə məktəbdə repetitorluq sistemini elə məktəbin öz imkanları hesabına həll etmiş olarıq. Çox da çətin proses deyil, bir müəllimin haqqı olan maaşı qismən də olsa, təmin edəriksə, məsələ həllini tapar. Hamımız yaxşı bilirik, yaxşı repetitorlar məktəbdə işləməkdən boyun qaçırır, bir-iki sinfi də ona görə götürür ki, uşaq yığa bilsin. Bunun mətbəxini bilən adam kimi sizi əmin edirəm. Hə, sözsüz ki, ixtisas quruplarına görə dərs saatlarına da baxılmalıdır ki, ən azından bir fənnə dörd-altı saat arasında saat düşsün. Onsuz da, bu gün məktəblərimizdə 9-dan başlayaraq heç bir məktəb attestata yazılan qeyri-ixtisas fənn qiymətlərini obyektiv yazmır, uşağın ixtisas qrupunda göstərdiyi performansa görə müəyyənləşdirir. Bir-iki istisna varsa da, bu nümunə aid edilə bilməz. Və 9-cu sinifdən peşə məktəblərinə göndərilmə bir növ məcburi olmalı, onsuz da, əksər hallarda uşaq sıxlığından əziyyət çəkən məktəblərin işini yüngülləşdirməliyik.

3. Digər bir məsələ isə buraxılış və qəbul imtahanlarının vaxtı ciddi şəkildə müzakirə olunmalı, ən tez iyun ayından başlanmalıdır. Bildiyimiz kimi, son illər mart ayına qədər gəlib çıxan bu imtahanlar şagirdlərin hazırlıq imkanlarını ciddi şəkildə əlindən alır. Az-az özü, məktəbin köməyi ilə hazırlaşan uşaqlar var idisə də, artıq yoxdur, əmin olun. Çünki beş-altı aya on beş səhifəlik kitabları oxuyub əzbərləmək mümkün deyil, xüsusi tipli suallarla alışdırma etmək şagirdlik deyil, onu çeynəyib şagirdin ağzına qoyacaq müəllimlərə hökmən ehtiyac var. Elə buna görə də şagirdlər və valideynlər narahat olur. İmtahanların əvvəldə verilməsi şagirdlərin məhz müəyyən mövzuları oxumamasına gətirib çıxarır, xeyli mövzu qalır. Məhz buna görə deyirəm ki, imtahanların önə çəkilməsi heç bir halda Elm və Təhsil Nazirliyinin iradəsi ola bilməz!

4. Bütün bunlarla yanaşı 10-11-ci siniflər üzrə hazırlanan dərsliklər DİM-in birbaşa nəzarəti ilə olmalı, məhz proqrama uyğun hazırlanmalıdır ki, şagird dövlətin verdiyi ödənişsiz kitabları qoyub DİM-in və ya digər müəlliflərin kitablarına üz tutmasın. Axı bizə nə lazımdır? Azərbaycanlı gəncin hazırlaşıb, yaxşı bal toplayıb universitetlərə girib savadlı kadr olmasını istəmirik? Əminəm ki, hər iki qurum bunu birmənalı istəyir, o zaman səmimi olub, eqomuzu kənara qoyub, bu prosesi birləşdirək da. İstər elm və təhsil naziri, istərsə də DİM sədri həmişə ictimaiyyətə açıq olub, brifinqlər keçirib, suallara cəsarətlə cavab veriblər. Nə olar ki, bir dəfə də hər ikisi bir yerdə, mütəxəsislərin iştirakı ilə bu mövzunun müzakirəsini təşkil etsinlər. Əminəm ki, daha yaxşı yollar tapılacaq. Kitabları dövlət sifarişi edək əvvəlki kimi, DİM də publik hüquqi şəxs olaraq test toplularını satışa çıxarsın, bundan sadə nə ola bilər ki?! Və qəbul proqramı və test modelləri hər iki qurumun birgə imzası ilə hər ilin avqust ayında dərs bölgüsü elan edilən zaman cəmiyyətə təqdim edilsin. Halbuki ən yaxşı halda DİM bunu yanvar ayında elan edir.

5. Son məsələ isə… DİM sual tiplərinə yeni yanaşma sərgiləsin, əzələ nümayiş etdirib kiməsə sübut etmək ki, təhsilin vəziyyəti ağırdır prinsipindən uzaqlaşsın. Bu nə ölkəmizə, nə də valideynlərimizə stresdən, əsəbdən başqa heç nə vermir. Özəl təhsil sektorunu hər il baltalayır, bir neçə reytinqli universitetdən başqa qalanlarına yüz əlli-iki yüz (150-200) bal aralığında qəbul gedir. Onlar da özlərini əzilmiş, ən zəif uşaqlara sahib kimi hiss edirlər. Şagirdlərimizin isə burada aldığı travma onlarla gəzir. Gəncliyin ən gözəl anlarında həyatı yarış atı kimi  keçirmək sonradan onları məhv edir. Artıq çoxdan sınaqdan çıxıb aşağı bal toplayan uşaqlara, sonradan daha uğurlu insanlara çevrilir. Maraqlı olardı ki, indiyə qədərki yeddi yüz (700) ballıq uşaqların harada və necə işləməsi ilə bağlı yaxşı bir tədqiqat aparılsın və nəticələr ictimaiyyətə açıqlansın. O uşaqlar ömürlərini çürüdürlər o nəticələri əldə etmək üçün. Əgər bu milləti sevir və gələcəyini qurmaq istəyiriksə, ona güvən verməli, özünü doğrultması üçün şərait yaratmalıyıq. Bunun isə yolları çox sadədir: istək, iradə və cəhd!

Bütün bu sadaladıqlarımın kökündən həlli on iki illik təhsilə keçid, vahid təhsil konsepti, təhsildən nə gözlədiyimizi, hədəflərimizi açıq şəkildə ifadə etmək, ali məktəblərimizin təhsil keyfiyyətini yüksəltmək və etibarlı təhsil sistemi qurmaqdan keçir.

Şəmil SADİQ
Filologiya üzrə fəlsəfə doktoru, dosent