(“Ustad” dərgisi, 9-cu say)
O, bir övlad böyütmüşdü, cüssəli, boylu-buxunlu. Bir ana kimi borcunu həmişə yerinə yetirmişdi. Oğlunun gülüşü ilə gülmüş, kədəri ilə kədərlənmişdi. Xadimə işləyib oğlunun dost-tanışdan geri qalmaması üçün hər nə vardısa etmişdi. Hətta aylıq maaşı 200 manat olsa da, oğluna “Ayfon 5” də almışdı ki, dostlarının yanında başıaşağı olmasın. Gün gəlir Fəridə xala onu vətənin keşiyində durmaq üçün əsgərə göndərir.
Özü də bilmədən hicaba bürünmüşdü Xeyrənsənin təsiri ilə. Xeyrənsə bir gün ona demişdi: “Vallah hicaba keçəndən elə rahat olmuşam ki… Əvvəllər hara gedirdimsə, kişi sorğu-sual edər, toy-düyündə zəhləmi tökərdi. Hicabdan sonra heç belə dərdim yoxdur”.
Bundan sonra Fəridə xala da hicaba keçmişdi. Hətta bir dəfə Xeyrənsə ilə müqəddəs ocağa – Kərbəlaya ziyarətə də getmişdi. Oğlunun əsgər yola salandan sonra bir dəfə də məhəllə qadınları ilə bu əzablı yolu getmiş, qəlbi və ruhunu dincəltmişdi.
Oğlunun əsgərdən qayıtmasına 2-3 ay qalırdı ki, ermənilərin işğal atlındakı torpaqlarımıza yenidən hücuma keçməsi nəticəsində kiçik bir müharibə başlamışdı. Bu həmin müharibə idi ki, xalq arasında “Aprel döyüşləri” adı ilə anılırdı. Bir çox ana oğlunu şəhid deyə bağrına basmışdı həmin o acılı günlərdə.
Bu ərəfələrdə Fəridənin də yuxuları qaçmış, sərhəd xəttində olan oğlunun sağ-salamat evə qayıtması üçün Allahdan başqa bütün imamlara dua etmiş, Əlinin zülfüqarından kömək istəmişdi, Həzrət Abbası köməyə çağırmışdı, həm də “ey qolsuz Əbəlfəz”, – deyərək.
Bir gecə qəribə bir yuxu görüb oyanmış, elə ordaca niyyət etmişdi ki, oğlu sağ-salamat gəlsin, onu İmam Hüseynin məzarını ziyarət etmək üçün Kərbəla ziyarətinə aparacaq. Yuxuda görmüşdü ki, qeybdən bir səda gəlir: “Ey bəni adəm, bütün mələklər İmam Hüseyn faciəsinə gözyaşı tökərkən, onların gözündən axan bir damcı yaşın cənnəti nura qərq etdiyini bilərkən, sən hələ də İmamdan feyzini almamısan!”
Səhər tez-tələsik bu yuxusunu kərbəlayi Xeyrənsəyə danışmışdı. İkisi bir yerdə məşədi Zeynəbin yanına gedib yozmasını xahiş etmişdilər. Məşədi Zeynəb də ona demişdi ki, “bu, İmamın lütfüdür. Onun xətrinə oğlun sağ-salamat qayıdacaq əsgərlikdən. Amma hökmən onu ağanın ziyarətinə apar və məhəcərlərindən opdür… Yoxsa bunu sənə bağışlamaz”.
Günlər keçmiş, oğlu evə dönmüşdü. Fəridə xala verdiyi vədə xilaf çıxmamaq üçün oğlunu apar-topar Kərbəlaya aparmaq istəmişdi. Oğlundan aldığı sərt cavab onu məyus etsə də, arzusundan əl çəkməmişdi.
– Ay oğul, sən nə danışırsan?! Milyonlarla insan axışır hər gün ora, deyirsən, yəni onların hamısı
ağılsızdır, savadsızdır?
– Ay ana, incimə, bu dünyada sənin kimi o qədər savadsız var ki…
– Qınından çıxıb qınını bəyənmirsən… Qurban olduğum sənin xilasın üçün yezidlə döyüşüb şəhid olub.
– Nə danışırsan sən? Mənim üçün döyüşüb şəhid olan dostum Oğuzdur ki, qollarımda can verib. Mənim üçün şəhid olan əsgər yoldaşım Elnurdur ki, iki qıçını itirib, indi də xəstəxanada canı ilə əlləşir. İstəyirsən, gəl gedək onları ziyarət edək.
– Oğul, il yarımdır yolunu gözləyirəm ki, ananı belə biabır edəsən el içində? Mən bütün bacılara demişəm ki, gələn qrupda oğlum da gedəcək. Ziyarətin pulunu da ödəmişəm. Gəl gedək, çoxdandır xaricə getmək istəyirdin, həm də gəzmiş olarsan.
Bunu eşidəndə tarixə marağı olduğundan gedib görmək fikri beyninə batdı. Anasını xar etməmək üçün onunla Kərbəlanı ziyarət etdi, qurban kəsdi, imamlara təşəkkürlərini də bildirdi. Lakin dönüşdə baş verən hadisə bir cavanı İmam Hüseyn şəhidinə çevirdi… Qəfil yağan güllə yağışı bir neçə zəvvarla bərabər ananın oğlunu da əlindən aldı.
İşidin tələsinə düşən avtobusda 8 nəfər həlak olmuşdu. Əslində, Fəridə xalanın düşüncəsinə görə, şəhid olmuşdular. Fəridə isə boz səhrada canı çıxmış oğlunu dizlərinin üstünə qoyub üzünü göylərə tutmuşdu… Amma heç nə deyə bilməmişdi. Çünki “Allah bilən məsləhətdir” ifadəsinə qəlbinin dərinliyndə üsyan etsə də, üzdə buna əməl etmişdi. Yeganə təsəllisi İmamlara verdiyi vədi, nəzirini yerinə yetirməsi və oğlunun məhz onun üçün müqəddəs olan torpaqlarda şəhid olması idi. Yaxşı ki, oğlu Kərbəlada şəhid olmuşdu, yoxsa Qarabağda döyüşərkən şəhid olsa idi, ana o qədər adamı günahlandıracaqdı ki… Dövləti, məmurları, lap belə Allahı da. Amma indi yaxasından yapışacaq günahkar belə yox idi. O inancına çox sadiq idi… İmam sevgisi onun dilini-ağzını bağlamışdı. Bir də ki, başqa çarəsi də yox idi, axı oğlunun bura gəlməsinə o səbəb olmuşdu.
Oğlunun başını dizlərinin üstünə alıb başını göylərə belə qaldırmağa cəsarət etməyən qadının artıq edəcəyi niyyət yox idi.
