Ustad Dərgisi

Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir…

(“Ustad” dərgisi, 8-ci say)

2006-cı illdə kurikulum layihəsinin müzakirələri idi. Layihə ətrafında gedən söhbətlərdə mütəxəssislərdən biri yeni yazılacaq dərsliklərdə Azərbaycan dili və ədəbiyyat fənlərinin bir yerdə tədrisini təklif etdi. Bütün ruhu ilə ədəbiyyat müəllimi olan Firəngiz müəllimə (20 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi idi. Binəqədi rayonundakı yanan binada faciəli şəkildə həlak oldu) bu fikrə qəti etirazını bildirdi və ağladı. “İndi siz deyirsiniz ki, Cavid kimi dühanı, Müşfiq kimi nakam şairi uşaqlarımıza keçməyək?” – deyərək bir növ fəryad etdi.

Bu cür etirazlar olduğu üçün müzakirələr dayandırıldı və ənənəvi prinsiplə – Azərbaycan dili və ədəbiyyat fənləri ayrıca tədris edilməsi üçün yeni kurikulumların hazırlanmasına başlandı. Bu hadisədən 10 il keçir və indi kurikulum əsasında dərsə başlayan şagirdlər 9-cu sinifdə oxuyur. Bu il isə 10-cu siniflər üçün dərsliklərin yazılması ilə bağlı elan edilən tender bitmək üzrədir.

Bunları xatırlamaqda, əlbəttə ki, məqsədim var. Dərsliklərin və proqramların yazılmasının nə qədər vacib bir şey olduğunu deməyə cəhd etməyim yersiz olar, çünki bütün təhsil ictimaiyyəti bunun nə qədər önəmli hadisə olduğunu çox yaxşı bilir.

Fikrimi orta məktəblərimizdə tədris olunan ədəbiyyat dərslərinə gətirmək istəyirəm. Bu gün hazırlanan 10-cu sinif ədəbiyyat dərsliyini görməmişəm hələ. Hazırda Təhsil Nazirliyində Qiymətləndirmə mərhələsindədir. Məhz onun üçün də vaxt var ikən dərslik müəlliflərinin işinə yaraya biləcəyini düşünərək bu yazını qeydə alıram.

Məni buna vadar edən 2006-cı ildə yenidən nəşr olunan 10-cu sinif ədəbiyyat dərsliyinin müəlliflərindən biri ilə olan söhbətdir… O zaman orta məktəbdə müəllim işləyirdim. Dərsliklər təzəcə dəyişmişdi. Dəyişiklik isə sadəcə şairlərin və yazıçıların əsərlərində, təhlillər isə professor Əliyar Səfərlinin deyil, başqa müəlliflərin idi. Məsələn, Nəsiminin “Sığmazam” qəzəli proqramdan çıxarılıb, yerinə “Səndən İraq, ey sənəm, şamu səhər yanaram”, Məhəmməd Füzulinin “Usanmazmı” qəzəlinin yerinə “Əql yar olsaydı” qəzəli salınmışdı. Bir müəllim olaraq o zaman bunun fəlsəfəsini anlaya bilmirdim. Sözsüz ki, təsəlli olaraq, “böyüklərimiz nəsə bilir”, – deyib susurduq. Çünki müəllimin mayasında azadlıq olmalı olsa da, biz müəllimlər, adətən, “yuxarılar daha dəqiq bilir” , – deyərək səsimizi çıxarmamağı üstün tuturuq. Mən də bu durumda olmağıma baxmayaraq, aspiranturada oxuduğum üçün həmin həmmüəlliflə tez-tez ünsiyyətdə olurdum. Məktəbdə bu sual tez-tez çıxdığından mən də o suallardan birini eynilə ona yönəltdim: “Bu şeirləri dəyişməkdə məqsəd nə idi?” Cavabı belə olmuşdu: “Mən ədəbiyyatda nə edə bilərəm, nazirlik qarşımızda yeni tələb qoydu ki, dərslik dəyişilməlidir. Biz də Nəsimini çıxarası deyildik ki, proqramdan, bunun ən yaxşı yolu müəlliflərin əsərlərini dəyişməklə yeni dərslik yaratmaq idi ki, biz də onu etdik”.

Əminəm ki, bu izahı heç bir müəllim qəbul etməz. Çünki “Sığmazam” qəzəlinin istər bədii, istərsə də nəzəri yükü dəyişdirilən qəzəldən qat-qat güclüdür. “Dərsliklər dəyişilməlidir” deyiləndə də hansısa şeirin, hansısa hekayənin dəyişilməsi vacib deyil, məncə, ən önəmli olan yanaşmanın dəyişilməsidir. Çünki bunu zaman tələb edir. Düzdür, həmin adını çəkdiyim dərslik nəşr ediləndə Milli Kurikulum təsdiq edilməmişdi. Və bütün dərsliklər müstəqil dövlət olandan sonra ikinci dəfə idi ki, yenidən əsaslı şəkildə yenilənirdi. Ənənəvi metodla dərs keçən müəllimlər haradasa bütün fənlərdə olduğu kimi ədəbiyyatı da mühazirə üsulu ilə keçirdi, adətən. Bunun da nəticəsi olaraq şagirdlərimiz həmişə konkret etalonları əzbərləyir, dərslikdə hansısa bir müəllifin verdiyi təhlili əsas tutaraq nə dərslikdəki müəllifə, nə əsərə, nə də əsər qəhrəmanlarına fərqli baxış sərgiləyə bilmirdi. Təəssüflər olsun ki, bu indi də belədir. Belə ki “Ölülər” əsərində bütün obrazlar mənfi, İskəndər müsbət obraz, Vaqif xalqın şairi, Nizami, Sabir kasıb bir sənət adamı və sair kimi təbliğ və təhlil edilir, şagirdlər də bunları əzbərləyib bizə danışır, verilmiş bütün şeirlər hərfinə qədər əzbərlənib artist kimi ifadəli deyilib qiymət alınır. Hansısa bir şagird M.Ə. Sabirin ərəb-fars izafətləri ilə zəngin olan “Səttarxana” şeirinin bir misrasını unudarsa, qiyməti aşağı salınır. Hətta müəllimlər arasında bir zarafata çevrilən şablon suallar da var: “Koroğlunun hansı atının, hansı qıçına nə batmışdı, Yusif Sərracın evi Göy məscidin hansı tərəfində idi… Və sairə”. Bu, yaddaş məktəbinin qalıntılarıdır, bugünkü təhsil isə sırf təfəkkür məktəbinə keçidi dəstəkləyir ki, bunu da təhsil ekspertləri düz on ildir uca səslə ifadə edirlər. Bir şeyi də qeyd edim ki, Dövlət İmtahan Mərkəzinin universitetlərə qəbul formatı dəyişməsə, bu cür də gedəcək. Universitetə qəbulda şagirddən dünyagörüş, təfəkkür, məntiq, sərbəst düşüncə qiymətləndirmə meyarı olmadıqca, bilik yönümlü tədrisdən qaça bilməyəcəyimiz qənaətindəyəm.

Diqqətinizə çatdırım ki, bu gün təhsili ilə öndə olan ölkələrin heç birində şeirin əzbərlənməsi bir tələb kimi qoyulmur. Mahiyyət və məzmun önəmlidir. Daha önəmlidir və insan institutları buna istiqamətlənib. Hansısa bir poemanı əzbər bilməklə yaxşı adam olmaq hec cür mümkün deyil.

Sovet ideoloji maşınının bizə sırıdığı “Şair xalq” meyarından hələ də çıxa bilməməyimiz bu faciənin indi də davam etməsini göstərir. Hətta xalq arasında da bir şeiri belə əzbər bilməyən adamı savadsız kimi qəbul edirik. Halbuki türk milləti sözü də, qılıncı da bir yerdə sevənlərdəndir. Buna sərkərdə Tonyukukun yazılarını, hökmdar Qazi Bürhanəddinin, Şah İsmayıl Xətainin şeirlərini misal göstərmək olar. Hətta əfsanəvi xalq qəhrəmanı olan Koroğlunun da qılıncını sözləri itiləyirdi. Mövzudan yayınmaq istəmirəm. Buna “türk hökmdarlarının sözü və qılıncı” məqaləmdə ayrıca toxunmuşam.

Deməyim odur ki, bizim indiyə qədərki təhsilimizdə şagirdə düşünməyə, fərqli fikir sərgiləməyə şərait yaradılmayıb, əksinə olaraq şablon fikirlər ifadə etməyi öyrətmişik. Təhsilin qarşısında duran müasir tələblərdən birincisi öyrənmək yox, öyrənməyi öyrətməkdir.

2006-cı ildə təsdiqlənən Milli Kurikulumda Ədəbiyyat fənninin məqsədinə və gözlənilən nəticələrə uyğun olaraq məzmun xətləri aşağıdakı şəkildə müəyyənləşdirilmişdir.

– ədəbiyyat və həyat həqiqətləri;

– şifahi nitq;

– yazılı nitq.

Bu məzmun xətti onu göstərir ki, bütün dərsliklər bu ana xətt üzrə yazılmalı, dərslər də bu ana xətlər üzrə tədris edilməlidir. Gördüyünüz kimi, bu məzmun xətlərində nəzəri biliklər də minumuma endirilib. Çünki orta məktəbdə şagirdə nə ədəbiyyat tarixi, nə də ədəbiyyat nəzəriyyəsi vacibdir. Bir vətəndaş kimi ona ədəbiyyatın nəzəri və tarixi materialları yox, ədəbi yolla təqdim edilən həyat həqiqətlərinin öyrənilib dərs çıxarması vacibdir. Və bu məzmun xətlərinin izahında da bu aydın görünür. Milli Kurikulumdan çıxarış edərək onu da sizə təqdim edirəm.

“Ədəbiyyat” fənni üzrə şagird:

– oxuduğu ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir;

– ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar təqdim edir;

– mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi baxımından ədəbi nümunələr üzərində araşdırmalar aparır;

– ədəbi nümunələri mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;

– ədəbi əsərin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;

– ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə münasibət bildirir; mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplayır, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlayır. (Milli Kurikulum 2006)

Ədəbiyyat fənninin qarşısında bir nömrəli məqsəd kimi qoyulan fikirlərin vurğulu sözlərini seçərək ayrıca təqdim edirəm ki, fikrimin izahında anlaşılmazlıq qalmasın.

“nümayiş etdirir”, “təqdim edir”, “araşdırmalar aparır”, “qiymət verir”, “münasibət bildirir”, “təqdimatlar hazırlayır”…

Ümid edirəm ki, yeni hazırlanan dərsliklər alimlərin öz prizmasından etdiyi təhlillərlə doldurulmayacaq, müəllimlər də bu mətnləri şagirdlərə əzbərlətməyəcək. Sadəcə, verilən mətnlər müzakirə ediləcək, öz fikrini ifadə etmək imkanı tapacaq şagirdlər gələcəyimizi xilas edəcək. Çünki hörmətli alimlərin gəldiyi qənaəti kor-koranə qəbul etmək, o çərçivədən kənara çıxa bilməmək müti insan yetişdirməkdən başqa bir şey deyil. Bir sinfin gəldiyi qənaət daha önəmlidir, nəinki bizim onlara sırıdığımız fikirlər. Çünki dünya dəyişdiyi kimi, düşüncələr də dəyişir. Qoy şagirdlərimiz ədəbiyyatımızın Allahı hesab etdiyimiz Nizamini belə tənqid edə bilmə cürətinə sahib olsunlar. “Hamı Nizami Gəncəvini sevməlidir” prinsipindən “hamı Nizamini anlamalıdır” prinsipinə keçməsək, ədəbiyyat bizim üçün, sadəcə, ədəbiyyat tarixi olaraq qalacaqdır. Bizim millətə xas olan bütləşdirmə düşüncəsi onu xristian dünyasından geri salan ən birinci amildir. Xristian dünyası XV-XVI əsrdən İsa Peyğəmbəri də, onun təqdim etdiyi Allahı da müzakirə etməkdən çəkinmədiyi üçün bu gün bizə örnək halına gəlmişdir.

Bir şagirdim orta məktəbdə “Ölülər” əsərinin müzakirəsi zamanı mənə dediyi kimi: “müəllim, İskəndər obrazını az tərifləyin”. Dedim: “Niyə?” Dedi: “O kişi deyil. Kişi olsaydı, Şeyx Nəsrullahı öldürərdi. Gözünün qabağında az qalır ki, bacısını ələ keçirsin, bu isə boş-boş danışır”.

O vaxt şagirdimə ciddi bir cavab verə bilmədim. Cavan idim, səriştəsiz idim. Birtəhər yola verdim. Amma sonralar o uşağın o fikri həmişə məni narahat etdi.

Bunun cavabını isə əsərdə Kefli İskəndərin özü verir: “Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Yox, yox, o mənim işim deyil. O igid işidir. Siz tək camaatın da igidi mən tək olar”.

 

Oxşar yazılar