Aylıq arxivlər

May 2025

Xəbərlər

Şəmil Sadiq Qırğızıstanın Təhsil Naziri ilə görüşüb!

Şəmil Sadiq Qırğızıstanın Təhsil Naziri ilə görüşüb!

Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olan Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq Qırğızıstanın Təhsil naziri Doqdurgül Kendirbayev və nazir müavini Lira Samikbayevlə görüş keçirib.

Görüşdə Şəmil Sadiq Hədəf Şirkətlər Qrupunun fəaliyyəti, Hədəf Konsepti və təhsil sahəsindəki yenilikçi yanaşmalar barədə ətraflı məlumat verib. O, 2025-ci ilin yanvar ayında Bakıda keçirilmiş Hədəfdə STEAM–7 beynəlxalq təlimində Qırğızıstanlı müəllimlərin aktiv iştirakını vurğulayaraq, STEAM yanaşmasına göstərilən maraqdan məmnunluğunu ifadə edib.

Dosent Şəmil Sadiq ehtiyac olduğu halda bu sahədə ortaq layihələrin hazırlanması və ikitərəfli əməkdaşlığın qurulması üçün lazımı dəstəyi verə biləcəyini bildirib. Təhsil naziri Doqdurgül Kendirbayev Bişkekdəki Heydər Əliyev adına məktəbin STEAM istiqamətində təcrübələrə malik olduğunu qeyd edib və belə layihələrin pedaqoji bacarıqların bölüşülməsi baxımından faydalı olacağını vurğulayıb.

Görüş zamanı müasir təhsilin çağırışları, innovativ yanaşmalar və Qırğızıstanda özəl təhsil müəssisələrinə dövlət dəstəyi məsələləri müzakirə olunub.

Sonda Şəmil Sadiq nazirə və müavinə onu qəbul etdiklərinə görə təşəkkürünü bildirərək müəllifi olduğu “Hədəf Konsepti” və “İnsan mühəndisi” adlı kitabları hədiyyə edib

Xəbərlər

Tündüyün Altında – Qurdun İzində

Tündüyün Altında – Qurdun İzində

Bişkekdə keçirilən Dünya Xalqlarının Dastanları Festivalından qeydlər.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “Dünya Xalqlarının Dastanları” VIII Beynəlxalq Festival bu il xüsusi bir anlam daşıyırdı. Tədbir, böyük qırğız manasçısı Sayakbay Karalayevin 130 illik yubileyinə həsr edilmişdi. Festival təkcə mədəniyyətlərarası bir qovuşma nöqtəsi deyil, həm də türk xalqlarının ortaq yaddaşını dirçəldən bir mədəni hadisə idi. Elmi konfransda mən də “Türk epik təfəkküründə Qurd simvolu” adlı çıxışımla iştirak edirəm. Həmçinin Azərbaycandan Yazıçı, publisist Yunus Oğuz və tədqiqatçı alim, ozan Fəxrəddin Salim də iştirak edir.

Festivalın ilk günü zəngin və simvolik məqamlarla yadda qaldı. Tədbirdə 30-a yaxın ölkənin nümayəndəsi iştirak edir və Qırğızıstan öz qonaqpərvərliyi və təşkilatçılığı ilə doğrudan da yüksək səviyyə nümayiş etdirir. Mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi, dastan irsinin qloballaşan dünyada qorunması kimi dəyərlər bu tədbirin əsas məqsədləri sırasındadlr.

Açılış mərasimi qədim türklərin müqəddəs ayini olan “Tündük qaldırma” mərasimi ilə baş tutdu. Tündük – yurtanın günbəzi – dörd əsas istiqamətdən gəlmiş nümayəndələrin iştirakı ilə birlik rəmzi olaraq ucaldıldı. Bu ayin, dünyanın müxtəlif guşələrindən gəlmiş qonaqlar üçün dərin mənəvi təəssürat yaratdı və ortaq türk yaddaşının simvolik qovşağına çevrildi.

Daha sonra mədəni müxtəliflik paradı, “Qırğız köçü” etnoqrafik kəndinin rəsmi açılışı, xalq sənətləri və dekorativ-tətbiqi incəsənət sərgisi ilə proqram davam etdi. Hər xalq öz əl işlərini, naxışlarını, bəzək və geyimlərini təqdim edərək, öz köklərinə necə bağlı olduqlarını nümayiş etdirdi.

Xüsusi qeyd olunası məqamlardan biri isə qədim qırğız adətinə əsaslanan “Tuşoo kəsmə” mərasimi idi. Bu ayin uşağın ilk addımlarına həsr olunur və mərasim zamanı oğlan uşaqları, daha sonra qızlar və nəhayət qonaqlar arasında dostluq xarakterli qaçış yarışları keçirildi. Mən də bu yarışa qatıldım, hətta hədiyyə ilə təltif də olundum!

Tədbirin digər hissəsində iştirakçılar yurta şəraitində, ənənəvi qırğız üsulunda bardaş quraraq yemək yedilər. Bu sadə, lakin dərin mənəviyyat daşıyan məqam, mədəniyyəti yaşamaq üçün ən yaxşı yollardan biri idi.

Axşam saatlarında Manas adına Qırğız Milli Teatrında “Taytoru” tamaşasına, ardınca isə “Alatau” (qırğızlar Tanrı dağlarlna “Alatau” deyir) kino evində “Ağacın nəğməsi” adlı müasir qırğız filminə baxış keçirildi. Film məzmun və texniki baxımdan olduqca yüksək səviyyəli idi və Qırğızıstanda kino sənətinin yüksəlişə doğru inkişaf etdiyini açıq şəkildə göstərirdi.

Günün son akkordu isə ənənəvi qırğız axşam yeməyi oldu. Bütün bu zəngin proqram və dolğun təəssüratlar içərisində yuxusuzluq, uzun yol yorğunluğu unudulmuşdu.

Bu festival təkcə bir tədbir deyil, mədəniyyətin, ortaq köklərin və mənəvi dəyərlərin təntənəsi idi. Türk dastan düşüncəsinin simvolu olan qurd kimi, bu tədbir də bizə istiqamət göstərdi, yaddaşımızı oyatdı, bizi bir daha ortaq mədəni xəritəmizlə bağladı. Bu kimi tədbirlər bir daha sübut edir ki, keçmiş yalnız xatırlanacaq bir tarix deyil, eyni zamanda gələcəyə gedən yolumuzda işıq salan mənəvi mayakdır.

Şəmil Sadiq

Xəbərlər

Seçilməyən seçmə fənn

Seçilməyən seçmə fənn
Universitetlərimizdə tələbələr üçün “seçmə fənlər” anlayışı var. Amma bu anlayış, adətən, kağız üzərində qalır. Tələbələrlə söhbət etdikcə görürəm ki, bir çoxu bu fənlərin nə olduğunu belə bilmir. Soruşuram: “Seçmə fənniniz olurmu? Özünüz seçirsinizmi?” Cavablar təəssüf doğurur — ya bu haqda məlumatları yoxdur, ya da açıq şəkildə etiraf edirlər ki, onların əvəzindən artıq “seçilib”, onlar sadəcə təqdim olunan siyahıya qol çəkiblər.
Aydındır ki, universitetlər əllərində olan müəllim heyətinə uyğun olaraq fənləri “uyğunlaşdırır”. Bu isə seçmə fənn prinsipinin mahiyyətinə ziddir. Seçmək hüququ tələbənin əlində olmalıdır — səs çoxluğu ilə, maraq və ehtiyaclarına uyğun şəkildə.
Amma məsələ bununla da bitmir. Seçmək üçün tələbəni seçə biləcək səviyyəyə çatdırmaq da lazımdır. Yəni tələbəni o qədər maarifləndirməli, dünyagörüşünü, maraq dairəsini inkişaf etdirməlisən ki, o özü bilsin nəyə ehtiyacı var, hansı fənni niyə seçməlidir. Əks halda, bu “seçmə fənn” anlayışı sadəcə formal bir bənd kimi qalacaq – nə müəllim öyrədəcək həvəsində olacaq, nə tələbə öyrənmək marağında.
P.S. İstisna Universitetlərimiz və ya fakültələrimiz hökmən ki var!
Xəbərlər

Səriştəli və səriştəsiz müəllim – 2

Səriştəli və səriştəsiz müəllim – 2
Əgər bir müəllim tədris ili bitmədən dərs keçdiyi sinifdən ayrılmalı olursa (səbəbi nə olur-olsun), bu vəziyyəti səriştə ilə idarə etməlidir. Səriştəli müəllim elə etməlidir ki, ciddi, təxirəsalınmaz bir həyat məsələsi olmadıqca, dərsini yarımçıq qoymasın. Əgər ayrılmaq zərurəti qaçılmazdırsa – məsələn, iş yeri dəyişir, köçür, ailəvi məsələdir və s. – bu zaman da o, bu keçidi planlı və peşəkar şəkildə etməlidir.
Səriştəsiz müəllim:
Qərar verən kimi sinfə girir, heç bir hazırlıq, mərhələ, yumşaq keçid olmadan uşaqlara ani şəkildə elan edir:
– Uşaqlar, mən gedirəm…
Və sanki arxada fon musiqisi çalır: “Elvida, məktəb illəri…”
Əslində isə məqsəd birdir – uşaqların necə kədərləndiyini görmək. Onların göz yaşları ilə öz eqosunu sulamaq. Ən sentimental uşaqların üzünə baxıb qürurla düşünmək:
– Deməli, sevilirmişəm…
Kədər, göz yaşı, ağlaşma – hamısı səhnənin bir parçasına çevrilir. Uşaqların psixoloji hazırlığı vecinə deyil. Düşünmür ki, bu yaşda bağlanma travması gələcəkdə müəllim obrazına qarşı etimadsızlıq da yarada bilər. Düşünmür ki, müəllim təkcə bilik ötürən deyil, həm də dayaq, nümunə, sabitlik rəmzidir.
Səriştəli müəllim:
O, ayrılmaq qərarını əvvəlcə özü ilə aydınlaşdırır, sonra məktəb rəhbərliyi ilə paylaşır, tədris prosesini təhvil vermə planı hazırlayır. Əgər mümkün olarsa, yerinə gələcək müəllimi əvvəlcədən sinfə tanıdır. Uşaqlara da bu dəyişikliyi mərhələli şəkildə, yaş və psixoloji xüsusiyyətlərinə uyğun dillə izah edir.
O, uşaqları kədərlə deyil, minnətdarlıqla yola salır. Yaddaqalan bir dərs, simvolik bir vida, gələcək üçün ilham verici mesajlarla sinifdən ayrılır. Onun izi sinifdə acı xatirə kimi yox, səmimi bir təşəkkür kimi qalır.
Xəbərlər

Fəlsəfə, psixologiya, etika, məntiq…

Fəlsəfə, psixologiya, etika, məntiq…
Kağız üzərində elə gözəl səslənir ki, bir az da romantik desək, sanki ağlımızın, ruhumuzun vitaminləri! Amma ali məktəbdə bu fənlərə elə müəllimlər tapşırıldı ki, adamın sual verməyə belə canı çıxırdı. Sokrat sual verməklə öldü, bizsə sual vermədən ölməyi seçdik!
Müəllimlər o qədər əzazil və düşməncəsinə yanaşırdılar ki, sanki biz Platonun “Dövlət”ini oxumamış devirmişdik. Əslində isə problem bizim bu gözəl fənlərlə deyil, onları “qeyri-ixtisas” adıyla kiçildib, “rüşvətlik fənni” kimi yanaşan sistemdə idi. Bəziləri üçün fəlsəfə dərsi — indeksə düşməmək üçün alınan “haqq” qədər əhəmiyyətli idi. Yəni Aristotelin “orta yol” fəlsəfəsi, qiymətin ortalamasında təzahür edirdi.
İndi tələbələr bu fənlərə necə baxır, bilmirəm. Bəlkə də yenə də auditoriyaya girib, müəllimin dərs əvəzinə taleyə yazılmış “tərcümeyi-hal”ını dinləyirlər. Amma bizim dövrdə biz candərdi girib, təqvimə baxıb dua edirdik ki, tez bitə!
O müəllimləri biz bağışlasaq da…
Sokrat öz zəhərini yenidən içər, amma onları bağışlamaz.
Platon “İdeyalar aləmi”ndə onların adını çəkməz.
Aristotel isə onların şərəfinə “məntiqsizliyin zirvəsi” adlı yeni bir əsər yazardı!
Xəbərlər

Hədəf Liseyi Stars Campus açıldı

Hədəf Liseyi Stars Campus açıldı

Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Liseyi 2025 – 2026-cı tədris ili üçün yeni və fərqli formatda “Stars Campus”unu təqdim edir.

Burada təhsil “bilingual” yanaşma ilə (Azərbaycan-ingilis, rus-ingilis) ingilis dilli tədris isə IB (International Baccalaureate – beynəlxalq bakalavriat) əsaslıdır. Təhsildə “bilingual” yanaşma (ikidilli yanaşma) tədrisin iki dildə: əsas tədris dili və xarici dildə aparılması metodudur. Bu yanaşmanın məqsədi həm mövzu üzrə biliklərin, həm də dil bacarıqlarının paralel şəkildə inkişaf etdirilməsidir. “Bilingual” yanaşmanın məqsədi şagirdlərə çoxdilli dünyada uğurlu olmaq üçün zəmin yaratmaq, ikinci dildə sərbəst danışmaq, yazmaq, oxumaq və anlamaq bacarıqlarını inkişaf etdirmək, mədəniyyətlərarası anlayış, tolerantlıq formalaşdırmaqdır. Burada məqsəd həm də bölmə anlayışına “yox” deməkdir. Şagird hansısa bölmədə yox, ikidilli təhsilin köməyi ilə həm Azərbaycan və rus dilinə, həm də beynəlxalq ingilis dilinə hakim olacaq.

Hədəf Liseyi “Stars Campus”unda məktəbəqədər və “bilingual” yanaşma ilə (Azərbaycan, rus, ingilis) 1 – 8-ci sinif şagirdləri təhsil ala bilərlər.

İngilisdilli təhsil IB əsaslı olacaq və ilkin mərhələdə 3 – 12 yaşlı şagirdləri əhatə edəcək. Bu proqram şagirdlərin akademik, sosial və emosional baxımdan balanslı inkişafını hədəfləyir. Dünyanın bir çox ölkəsində universitetlər tərəfindən yüksək səviyyədə tanınır və qəbul olunur.

Hədəf Liseyi Stars Campusunun əsas üstünlükləri rəhbər və komanda heyətinin 20 ildən artıq tədris təcrübəsinə malik olması, innovativ yanaşma, təhsilanlara fərdi münasibət, onlayn idarəetmə sistemi, təhsilalanların davamlı analitik və akademik müşahidəsidir. Buradakı siniflərdə maksimum 16 şagird qruplaşdırılır, valideynlərə günlük, həftəlik, aylıq məlumatlar LMS və SMLS sistemləri vasitəsi ilə göndərilir. Hədəf  Liseyi “Stars Campus”u “Hədəf konsepti” əsasında idarə olunur.

Hədəf Liseyi “Stars Campus”u bir çox xidmətlər təklif edir. Burada təhsil milli və beynəlxalq kurikulumlara əsaslanır, üstəlik, şagirdlər iki dildə təhsil alırlar.

Xatırladaq ki, Hədəf Liseyi Azərbaycanın ilk və hələ ki yeganə STEAM əsaslı məktəbidir. Hədəf Liseyi STEAM akreditasiyasına sahibdir. STEAM əsaslı yanaşma “Stars Campus”unda da davam etdirilir. Yüksək texnologiyalarla təchiz olunmuş STEAM, Texnologiya, İnformatika kabinetləri bu yanaşmanı həyata keçirmək üçün şərait yaradır.

Əlavə olaraq aşağıdakı xidmətlər də təmin edilir:

– Məktəbli geyimləri – tam dəst olaraq bütün məktəblilər yay-qış geyimləri ilə təmin olunurlar.

– Qidalanma – məktəbəqədər siniflərdə oxuyanlar gündə 5 dəfə, 1-8-ci siniflərdə oxuyanlar isə gündə 3 dəfə qidalanırlar.

– Dərsliklər – bütün dərsliklər, əlavə çalışma kitabları və tapşırıq topluları məktəb tərəfindən verilir.

Bundan əlavə, ödənişsiz dərnəklər, klublar fəaliyyət göstərir.

Həmçinin sınaq imtahanları, monitorinqlər, psixoloji dəstək, konsultasiyalar, görüşlər, olimpiadalarda, yarışlarda iştirak və s. lisey tərəfindən təşkil olunur.

Hədəf Stars Campusunda tam təmirli və təchizatlı sinif otaqları ilə yanaşı STEAM otağı, aerokosmik dərs otağı, robot müəllim sinfi, informatika, kimya, biologiya, fizika kabinetləri, Dədə Qorqud çadırı, geniş futbol stadionu, üzgüçülük hovuzu, uşaqlar üçün əyləncə parkı və s. var.

Hədəf Liseyi “Stars Campus”u, STEAM akreditasiya, Cambridge Assessment International Education (CIE), International Baccalaureate, College Board, Nesibe Aydın Okulları, Harper Collins Publishers, European Schoolnet, Fisherteknik, Serçe akademi, Eschool, ELTA, Naturagiyim, Skool21 kimi qabaqcıl və qlobal şirkətlərlə əməkdaşlıq edir.

Qeyd edək ki, Hədəf Liseyi “Stars Campus”unun açılışına özəl olaraq 1 iyun tarixinə qədər qeydiyyatdan keçənlərə 20 % güzəşt tətbiq ediləcək.

Əlaqə: +994 12 311 15 20

Ünvan: Bakıxanov qəs., Bəşir Bünyadov küç., 3 ( “Koroğlu” m/s yaxınlığı)

Xəbərlər

Qızmar günəş və kitab – Şəmil Sadiq II Naxçıvan Kitab Sərgisindən yazır

9, 10, 11 may günləri… Üç gün üç gecə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illliyinə həsr edilən II Naxçıvan Kitab Sərgisində olduq. 23 nəşriyyat, 30-dan çox yazıçı, şair, naşir…
Məncə, hərə özünü, öz xislətini, xarakterini yaxşı bilir. Hətta bir addım atanda da içindəki “mən” onu nəyin gözlədiyini pıçıldayır. Bunu duymaq çətin deyil. Mən də qonaqları Naxçıvana dəvət edəndə bizi nəyin gözlədiyini yaxşı bilir və heç tərəddüd etmədən gəlmələrini istəyirdim. Artıq ikinci dəfə idi…
Həm torpağımızın, həm havamızın, həm suyumuzun, həm duzumuzun, həm də bunlardan yoğurulan camaatımızın qonaqları necə qarşılayacağını öncədən bilirdim. Bura tanıdığım və tanımadığım bütün camaatımız daxildir.
Hər şey elə başdan yaxşı getdi. İlk dəfə idi, dövlət qurumu ANAİB-i kitab sərgisinə dəvət edirdi. İndiyəqədərki 21 sərgidə biz təşəbbüs göstərmiş, məktub yazmış, şəxsi əlaqələrimizdən istifadə etmişdik. Bu dəfə isə Naxçıvan şəhər İcra Hakimiyyəti dəvət etdi. Əsas təşkilati işləri də öz üzərinə götürdü. Əslində, elə belə də olmalıdır, amma biz o qədər az görürük ki, təəccüblənməmək əldə deyil. Prosesə icra başçısının müavini səviyyəsində nəzarət edilirdi.
Bəli, sərgi başladı, rəsmilər gəldilər, stendləri bir-bir gəzib kitablarla tanış oldular. Buna qədər isə Naxçıvanın özünəməxsus idarəetməsi ilə üz-üzə qaldıq. Kəskin və kontinental… Stendlərin pərdəsinin necə olmasından başlamış, masaların eyni sıra ilə düzülməsinə qədər tövsiyələr eşidirdik. Bir az ləng tərpənəndə özləri də işə əl atırdılar. Axı naşir və yazıçılar bir az əhli-kef olur, rahat davranırlar. Məsələn, “Stendlər saat 09:30-da hazır olmalıdır” deyilibsə, elə də olmalıdır. Bir sözlə, hər detal düşünülmüşdü.
… Müasir karvansaraları xatırladan Saat meydanı.
Buludlar yerlə süzür sanki. Yerə o qədər yaxındır, elə bilirsən, bir azdan sarmaş-dolaş olacaq. Yer göyə, göy yerə sevgi tərənnümü edir.
Elə naşirlərlə kitablar da yerlə göy kimi idi. Stendin gözəlliyi üçün o kitabı bura, bu kitabı ora qoyur, sonra bəyənmir və yenə yerini dəyişir.
Naxçıvanda onu da gördüm ki, sərgiyə sadəcə kitab, yaxud imza almaq istəyənlər gəlirlər. Yəni “Yoldan keçirdim, bikar idim, boş vaxtım vardı” yox, “Kitab almaq istədiyim üçün gəlmişəm” deyirdilər iştirakçılar.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini bir neçə məktəblinin kitab seçdiyini görüb: “İcazə verin, sizin kitabların pulunu mən ödəyim”, – deyir. Uşaqların üzü gülür və hamısı seçdikləri kitabdan əlavə bir kitab da götürürlər…
Qonaqlardan bir yazıçı deyir ki, taksidən düşəndə sürücü məni tanıdı, ödənişi götürmədi…
Bir qonaqsa deyir ki, Naxçıvanı və naxçıvanlıları belə təsəvvür etmirdim…
Bir naşir deyir ki, oxucular çox intellektualdırlar, kitabla bağlı xeyli müzakirə aparmışıq…
Bir satıcı deyir ki, digər sərgilərdən fərqli olaraq heç kim hədiyyə kitab istəmir…
Biri də deyir ki, filan restoranda yediyim toy bozbaşı, daş küftə ləzzət elədi…
Biri də qayıdır ki, hər şey yaxşıdır, amma restoranlarda xidmət səviyyəsi çox pisdir. Xoş sözləri eşidəndə zövq alan və qürurlanan mən tez Atatürklə ingilis lordunun söhbətini misal çəkib bunu da yaxşı yerə yozuram: Atatürklə lorda xidmət edən bir xidmətçi çayı dağıdır, ingilis lordu bunu ironiya ilə qarşılayır. Bu zaman Atatürk deyir ki, bu millətə hər şeyi öyrətdim, bircə qulluqçuluqdan başqa.
Hə, yeri gəlmişkən, Naxçıvan havası da öz sözünü deyir, qızmar günəş, şıdırğı yağış, sərin hava tez-tez növbələşir.
Bəli, Naxçıvan tarixində ikinci möhtəşəm kitab sərgisi – Bookfest baş tutdu. Həm təşkilatçılar, həm iştirakçılar razı qaldılar. Özü də, sərgi qızmar günəş altında könüllülərin yallısı ilə bitdi. Geriyə xoş təəssüratlar və gələnilki sərgiyə daha yaxşı hazırlaşmaq arzusu qaldı.
Həm maairfçi, həm təşkilatçı, həm də naxçıvanlı kimi elimdən başıuca ayrıldım. Çünki hansısa problem ANAİB-in və doğma torpağımın adına xələl gətirmədi.
Bu sərgi bizə nə qazandırdı:
1. Azərbaycan nəşriyyatçılığının əvvəlki illərə nisbətən inkişaf etdiyini göstərə bildik.
2. Oxucular yerli müəlliflərlə tanış oldular.
3. Oxucular Azərbaycan kitabçılığının bir-iki nəşriyyatdan ibarət olmadığını anladılar, fədakar gənclərin inkişaf etdirdiyi çoxsaylı yayım evləri ilə tanış oldular;
4. Anladıq ki, sərgidən əvvəl bölgənin xarakter və tələbatını araşdırmalı, mövcud statistika ilə tanış olmalıyıq.
5. Bütün sərgilərə eyni şövqlə hazırlaşmalı, təşkilatlanmalıyıq.
6. Bölgə sərgilərinin keçirilməsini ən az üç ay öncədən elan etməli və təbliğat-təşviqat işləri aparmalıyıq.
7. Məktəb və universitetlərin bu prosesə cəlb edilməsi üçün aidiyyəti qrumlarla ciddi işləməliyik.
Bu gözəl təşkilatçılığa və təşəbbüsə görə Prezidentin Naxçıvan Nümayəndəliyinə, Naxçıvan şəhər İcra Hakimiyyətinə təşəkkürümü bildirirəm. Ümid edirəm, digər bölgələrimiz də Naxçıvandan nümunə götürərlər. Elə biz də kəm-kəsirlərimizi aradan qaldırarıq.

Şəmil SADİQ
ANAİB idarə heyətinin sədri

Xəbərlər

TESAM Qurucu Başqanı İlyas Bozkurt Hədəf Şirkətlər Qrupunu Ziyarət Etdi

TESAM Qurucu Başqanı İlyas Bozkurt Hədəf Şirkətlər Qrupunu Ziyarət Etdi
Bu gün Türkiyənin strateji araşdırmalar sahəsində tanınmış qurumu olan TESAM-ın qurucu başqanı İlyas Bozkurt Hədəf Şirkətlər Qrupuna rəsmi ziyarət edib. Ziyarət çərçivəsində İlyas Bozkurt, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Dos. Şəmil Sadiq ilə görüşüb.
Görüş zamanı iki tərəf arasında əməkdaşlıq imkanları müzakirə olunub. Hədəf Şirkətlər Qrupunun milli və mənəvi dəyərləri əsas tutaraq həyata keçirdiyi layihələr, gənc nəsillərin inkişafı yönündə atdığı addımlar və gələcək hədəfləri haqqında ətraflı məlumat verilib.
İlyas Bozkurt Hədəf Şirkətlər Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək Azərbaycanın təhsil və maarifləndirmə sahəsində gördüyü işləri təqdir etdiyini bildirib.

Xəbərlər

 Türk İnteqrasiya Olimpiadasının final mərhələsi uğurla baş tutdu!

Türk İnteqrasiya Olimpiadasının final mərhələsi uğurla baş tutdu!

3 may tarixində baş tutan final imtahanında türk dünyasının müxtəlif ölkələrindən seçilmiş iştirakçılar biliklərini sınadılar.

Suallar tarix, coğrafiya, ədəbiyyat və mədəniyyətin inteqrasiyasına əsaslanan formatda hazırlandı.
60 dəqiqəlik imtahan müddətində şagirdlər həm fənlərarası düşünmə qabiliyyətlərini, həm də ortaq türk irsini nə qədər dərindən mənimsədiklərini nümayiş etdirdilər.

Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparıldı və maksimum 100 bal üzərindən hesablandı.

Bu mərhələ yalnız bir yarış deyil, bilgi, mədəniyyət və ortaq dəyərlərin bir bayramı oldu!

Xəbərlər

Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib

Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirilib.

Tədbiri giriş sözü ilə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq açıb. O qeyd edib ki, cənab Prezident İlham Əliyevin andiçmə mərasimində: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”, – kimi tarixi fikirləri Türk İnteqrasiya Olimpiadasının mayakı oldu.

Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçısı Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq Türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi barədədir”.

Ş.Sadiq diqqətə çatdırıb ki, dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir: “Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir.

300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə almaqla bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə çıxdığımız yolda dörd əsas məqsəd var:

– türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;

– Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

– türk xalqları yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

– türk xalqlarının “işdə, dildə, əməldə birliy”i dərk etmələri və ortaq mədəniyyətə sahib olduqlarını əyani göstərmələri”.

Şəmil Sadiq nəzərə çatdırıb ki, olimpiadanın 2025-ci il buraxılışında – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Qaqauz elindən 13-16 yaş aralığında olan şagirdlər iştirak ediblər.

İdeya müəllifi onu da bildirib ki, ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur: “Bu kimi addımlarla sözügedən prosesi daha da sürətləndirə bilərik. Niyə Türk dünyasına elm günəşi Azərbaycandan doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!”

Şəmil Sadiq əlavə edib ki, hazırda Bakıda final turu – Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçirilir: “Olimpiadanın filan turunda 8 ölkədən 100-dən çox şagird iştirak edir”.

Mükafatlandırma tədbirindən əvvəl təşkilat komitəsi üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Mükafatlandırma mərasimində Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Bahar Muradova, Millət Vəkilləri Vuqar Rəhimzadə, Ceyhun Məmmədov, Türkiyədən Nəsibə Aydın Okullarının qurucusu Nəsibə Aydın xanım, TESAM başqanı dr.İlyas Bozkurt, elm xadimləri, təhsil müəssisələri rəhbərləri, ictaimiyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak etmişdir.

2-ci Türk İnteqrasiya Olimpiadasının ölkə seçim mərhələsi aprel ayı, online formada təşkil olunmuşdur. Olimpiadanın 1-ci mərhələsində 8 ölkədən, 1741 məktəbdən, 3000 nəfərdən çox şagird iştirak edib. Bu iştirakçılardan 170 nəfər şagird final mərhələsində iştirak üçün haqq qazanıb.

Final mərhələsində biliklərini sınayan şagirdlərdən 20 nəfər qızıl medal, 20 nəfər gümüş, 20 nəfər bürünc medalla təltif ediləcək.

Bundan əlavə ən yüksək nəticə göstərən 3 nəfər şagird Doğu Akdeniz Universitetindən 100 faiz təqaüd əldə edəcək.

Mükafatlandırma

Xəbərlər

Türk İnteqrasiya Olimpiadasının finalçıları Bakının qonağı oldular!

Türk İnteqrasiya Olimpiadasının finalçıları Bakının qonağı oldular!

Final mərhələsindən əvvəl iştirakçılar Bakı şəhərinin tarixi, mədəni və müasir siması ilə tanış olmaq fürsəti qazandılar. Türk dünyasının müxtəlif bölgələrindən gələn şagirdlər yalnız bir yarış üçün deyil, birlik və qardaşlıq üçün Bakıda bir araya gəldilər.

Gənclərimiz Bakının memarlığına heyranlıqla tamaşa etdilər. Həm qədim İçərişəhəri, həm də müasir Alov qüllələri kompleksini görərək şəhərin keçmişlə gələcəyi birləşdirən ruhunu yaşadılar.

Şəhidlər Xiyabanına səfər zamanı iştirakçılar Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad etdilər. Bu səfər gənclərə azadlıq, birlik və qardaşlıq dəyərlərinin nə qədər qiymətli olduğunu bir daha xatırlatdı.

Daha sonra Türk Şəhidliyi, dənizkənarı bulvar, Qız Qalası, Heydər Əliyev Mərkəzi kimi mühüm ünvanlarda dayanan gənclər Bakı turunun yaddaqalan anlarını şəkillərlə, videolarla və yeni dostluqlarla yaddaşlarına həkk etdilər.

Finalçılar səfərdən sonra bildiriblər ki, Bakı onları təkcə gözəlliyi ilə deyil, həm də xalqımızın qonaqpərvərliyi və isti münasibəti ilə valeh etdi.

İndi isə bizi böyük gün – Türk İnteqrasiya Olimpiadasının final mərhələsi gözləyir! Qardaş xalqların övladları elm və birlik yolunda biliklərini bir daha sınayacaqlar.

Bakı sizi sevir türk dünyası!