Xəbərlər

Seçilməyən seçmə fənn

Seçilməyən seçmə fənn
Universitetlərimizdə tələbələr üçün “seçmə fənlər” anlayışı var. Amma bu anlayış, adətən, kağız üzərində qalır. Tələbələrlə söhbət etdikcə görürəm ki, bir çoxu bu fənlərin nə olduğunu belə bilmir. Soruşuram: “Seçmə fənniniz olurmu? Özünüz seçirsinizmi?” Cavablar təəssüf doğurur — ya bu haqda məlumatları yoxdur, ya da açıq şəkildə etiraf edirlər ki, onların əvəzindən artıq “seçilib”, onlar sadəcə təqdim olunan siyahıya qol çəkiblər.
Aydındır ki, universitetlər əllərində olan müəllim heyətinə uyğun olaraq fənləri “uyğunlaşdırır”. Bu isə seçmə fənn prinsipinin mahiyyətinə ziddir. Seçmək hüququ tələbənin əlində olmalıdır — səs çoxluğu ilə, maraq və ehtiyaclarına uyğun şəkildə.
Amma məsələ bununla da bitmir. Seçmək üçün tələbəni seçə biləcək səviyyəyə çatdırmaq da lazımdır. Yəni tələbəni o qədər maarifləndirməli, dünyagörüşünü, maraq dairəsini inkişaf etdirməlisən ki, o özü bilsin nəyə ehtiyacı var, hansı fənni niyə seçməlidir. Əks halda, bu “seçmə fənn” anlayışı sadəcə formal bir bənd kimi qalacaq – nə müəllim öyrədəcək həvəsində olacaq, nə tələbə öyrənmək marağında.
P.S. İstisna Universitetlərimiz və ya fakültələrimiz hökmən ki var!

Oxşar yazılar