Səriştəli və səriştəsiz müəllim – 2
Əgər bir müəllim tədris ili bitmədən dərs keçdiyi sinifdən ayrılmalı olursa (səbəbi nə olur-olsun), bu vəziyyəti səriştə ilə idarə etməlidir. Səriştəli müəllim elə etməlidir ki, ciddi, təxirəsalınmaz bir həyat məsələsi olmadıqca, dərsini yarımçıq qoymasın. Əgər ayrılmaq zərurəti qaçılmazdırsa – məsələn, iş yeri dəyişir, köçür, ailəvi məsələdir və s. – bu zaman da o, bu keçidi planlı və peşəkar şəkildə etməlidir.
Səriştəsiz müəllim:
Qərar verən kimi sinfə girir, heç bir hazırlıq, mərhələ, yumşaq keçid olmadan uşaqlara ani şəkildə elan edir:
– Uşaqlar, mən gedirəm…
Və sanki arxada fon musiqisi çalır: “Elvida, məktəb illəri…”
Əslində isə məqsəd birdir – uşaqların necə kədərləndiyini görmək. Onların göz yaşları ilə öz eqosunu sulamaq. Ən sentimental uşaqların üzünə baxıb qürurla düşünmək:
– Deməli, sevilirmişəm…
Kədər, göz yaşı, ağlaşma – hamısı səhnənin bir parçasına çevrilir. Uşaqların psixoloji hazırlığı vecinə deyil. Düşünmür ki, bu yaşda bağlanma travması gələcəkdə müəllim obrazına qarşı etimadsızlıq da yarada bilər. Düşünmür ki, müəllim təkcə bilik ötürən deyil, həm də dayaq, nümunə, sabitlik rəmzidir.
Səriştəli müəllim:
O, ayrılmaq qərarını əvvəlcə özü ilə aydınlaşdırır, sonra məktəb rəhbərliyi ilə paylaşır, tədris prosesini təhvil vermə planı hazırlayır. Əgər mümkün olarsa, yerinə gələcək müəllimi əvvəlcədən sinfə tanıdır. Uşaqlara da bu dəyişikliyi mərhələli şəkildə, yaş və psixoloji xüsusiyyətlərinə uyğun dillə izah edir.
O, uşaqları kədərlə deyil, minnətdarlıqla yola salır. Yaddaqalan bir dərs, simvolik bir vida, gələcək üçün ilham verici mesajlarla sinifdən ayrılır. Onun izi sinifdə acı xatirə kimi yox, səmimi bir təşəkkür kimi qalır.


