Xəbərlər

Fəlsəfə, psixologiya, etika, məntiq…

Fəlsəfə, psixologiya, etika, məntiq…
Kağız üzərində elə gözəl səslənir ki, bir az da romantik desək, sanki ağlımızın, ruhumuzun vitaminləri! Amma ali məktəbdə bu fənlərə elə müəllimlər tapşırıldı ki, adamın sual verməyə belə canı çıxırdı. Sokrat sual verməklə öldü, bizsə sual vermədən ölməyi seçdik!
Müəllimlər o qədər əzazil və düşməncəsinə yanaşırdılar ki, sanki biz Platonun “Dövlət”ini oxumamış devirmişdik. Əslində isə problem bizim bu gözəl fənlərlə deyil, onları “qeyri-ixtisas” adıyla kiçildib, “rüşvətlik fənni” kimi yanaşan sistemdə idi. Bəziləri üçün fəlsəfə dərsi — indeksə düşməmək üçün alınan “haqq” qədər əhəmiyyətli idi. Yəni Aristotelin “orta yol” fəlsəfəsi, qiymətin ortalamasında təzahür edirdi.
İndi tələbələr bu fənlərə necə baxır, bilmirəm. Bəlkə də yenə də auditoriyaya girib, müəllimin dərs əvəzinə taleyə yazılmış “tərcümeyi-hal”ını dinləyirlər. Amma bizim dövrdə biz candərdi girib, təqvimə baxıb dua edirdik ki, tez bitə!
O müəllimləri biz bağışlasaq da…
Sokrat öz zəhərini yenidən içər, amma onları bağışlamaz.
Platon “İdeyalar aləmi”ndə onların adını çəkməz.
Aristotel isə onların şərəfinə “məntiqsizliyin zirvəsi” adlı yeni bir əsər yazardı!

Oxşar yazılar