Təhsilin bu qədər problemi var, siz bundan danışırsınız?
Uzun illərdir təhsillə bağlı yazılarımı, düşüncələrimi, tövsiyələrimi bölüşürəm. Amma nədən yazıramsa yazım, altında mütləq bu məzmunda bir şərh olur: “Təhsilin bu qədər problemi var, siz bundan danışırsınız?”
Məktəblə valideynin münasibətindən yazırsan: “Təhsilin problemləri qurtardı, qaldı valideyn?” Müəllimə hansısa tövsiyəni verirsən: “Başqa problem yoxdur, ancaq müəllimdir günahkar?” Məktəbli formasından, məktəbin qaydalarına əməl etməkdən danışırsan: “Təhsilin dərdi qurtardı, qaldı uşağın geyimi?”
Ay qardaşlar, ay bacılar, bəs bunlar nəyin problemidir? Müəllim, şagird, valideyn, məktəb mühiti, nizam-intizam, təlim-tərbiyə təhsilin mövzusu deyilsə, onda təhsil deyəndə nəyi nəzərdə tuturuq?
Təhsil yalnız dərslik, imtahan və qəbul balından ibarət deyil. Uşağın məktəbdə özünü necə aparması da, müəllimin şagirdlə necə danışması da, valideynin məktəblə necə münasibət qurması da təhsilin içindədir. Bunlardan birini müzakirə etmək digərlərini unutmaq demək deyil. Bir statusda bütün təhsil sisteminin problemlərini həll etmək mümkün olsaydı, indiyə çoxdan həll etmişdik!
Bəzən illərdir yazdıqlarımı izləməyən biri qarşısına çıxan tək bir cümlədən belə qənaətə gəlir ki, mən təhsilin bütün problemlərini unudub yalnız həmin məsələyə ilişib qalmışam. Halbuki bu gün müəllimdən danışıram, sabah valideyndən, o biri gün dərsliyin məzmunundan, idarəetmədən, qiymətləndirmədən. Hər yazının öz mövzusu, hər müzakirənin öz sualı var.
Məktəbdə sağlam təhsil mühitinin əsas şərtlərindən biri nizam-intizamdır. Qarşılıqlı hörmətin, məsuliyyətin, davranış qaydalarının olmadığı yerdə təlim-tərbiyəni necə təşkil edək? Nizam-intizam deyəndə uşağı susdurmağı, qorxutmağı nəzərdə tutmuram. Söhbət şagirdin də, müəllimin də, valideynin də hüququnu və məsuliyyətini bildiyi, qaydaların aydın və ədalətli olduğu mühitdən gedir.
Məktəbin geyim qaydasına əməl olunmasını müzakirə etmək də bu mövzunun bir hissəsidir. Əlbəttə, geyimə baxıb uşağın ağlını, xarakterini, gələcəyini qiymətləndirmək olmaz. Amma ortaq qaydalara münasibəti də əhəmiyyətsiz saya bilmərik. Qaydanın özünü müzakirə etmək, dəyişməsini təklif etmək mümkündür. Bunun yolu “başqa problem yoxdurmu?” deyib söhbətin üstündən xətt çəkmək deyil.
Məktəb siyasi və dini təzyiqdən, ayrı-seçkilikdən uzaq, təhlükəsiz bir mühit olmalıdır. Təhsil haqqında danışanda bu mühiti yaradan və ya pozan bütün amillərdən danışmalıyıq.
Müəllimin peşə hazırlığındakı çatışmazlıqdan da danışmalıyıq. Etiraf edək ki, məktəblərimizdə işini lazımi səviyyədə bilməyən müəllimlər də var. Müəllimin sertifikasiya və işə qəbul məsələlərini, iş şəraitini, qarşılaşdığı çətinlikləri müzakirə etdiyimiz kimi, onun peşə məsuliyyətini də müzakirə etməliyik.
Valideynin məktəb həyatında iştirakını vacib saydığımız kimi, pedaqoji prosesə əsassız müdaxiləsini də sorğulamalıyıq. Övladının təhsili ilə maraqlanmaq, sual vermək, izahat istəmək valideynin haqqıdır. Amma müəllimin metodunu, qiymətləndirməsini, məktəbin hər qərarını şəxsi istəyinə uyğunlaşdırmağa çalışmaq əməkdaşlığı çətinləşdirir. Məktəb də öz növbəsində “müdaxilə etməyin” deyib valideyn qarşısında qapını bağlaya bilməz.
Bunların hər biri təhsilin problemidir. Birinin mövcudluğu o birini əhəmiyyətsiz etmir.
Təhsil hamımızın həyatından keçir. Birimizin övladı, birimizin nəvəsi məktəbdə oxuyur, birimiz dərs deyirik, birimizin yaxını bu sahədə çalışır. Məktəbdə baş verən hadisənin cəmiyyətdə bu qədər geniş müzakirə olunması da təsadüfi deyil. Hamımız bu prosesin bir yerindəyik.
Məktəb cəmiyyətin aynasıdır, eyni zamanda onun gələcəyini formalaşdıran yerdir. Ailədə, küçədə, ictimai münasibətlərdə gördüyümüz davranışlar məktəbə də gəlir. Məktəbdə qazanılan vərdişlər isə yenidən cəmiyyətə qayıdır. Ona görə məktəbi cəmiyyətdən ayırıb bütün məsuliyyəti təkcə müəllimin, valideynin və ya direktorun üzərinə qoymaqla irəli gedə bilmərik.
Uşaq gününün mühüm hissəsini məktəbdə keçirir. Orada yalnız riyaziyyat, dil, tarix öyrənmir; ünsiyyət qurmağı, birgə yaşamağı, məsuliyyət daşımağı, başqasının haqqına hörmət etməyi də öyrənir. Məktəbin işi akademik bilik verməklə bitmir. Ailə ilə məktəbin təlim-tərbiyə məsuliyyəti bir-birini tamamlayır.
Təhsildə problemlər olacaq. Çünki cəmiyyət dəyişir, uşaqların ehtiyacları dəyişir, yeni suallar yaranır. Əsas məsələ problemlərin mövcudluğu qədər, bizim onlara necə yanaşmağımızdır.
Mən də gördüyüm, düşündüyüm, məni narahat edən məsələlər haqqında yazıram. Fikrimlə razılaşmaya bilərsiniz, arqument gətirə bilərsiniz, yanlışımı göstərə bilərsiniz. Belə müzakirənin faydası var. Amma hər mövzunun qarşısına “daha böyük problemlər var” səddini çəksək, heç bir məsələni axıradək danışa bilməyəcəyik.



